Mənəviyyata Açılan Pəncərə

Əbu Talibi İslama Dəvət Cəhdləri

Digər bir tərəfdə qureyşlilər hər gün daha da artan bu cəhdlərdən dolayı keçirdikləri narahatlığı dilə gətirmək üçün yenidən Əbu Talibin yanına gəlirlər:

− Qulaq as, ey Əbu Talib! Şübhəsiz ki, sən həm yaş, həm də təc­rü­bəcə böyüyümüzsən. Mövqe baxımından da hamımızdan üstünsən. Daha əvvəl də sənin yanına gəlib qardaşın oğlunun etdiklərinə son verməsini istəmişdik, amma sən buna razı olmadın! Allaha and olsun ki, tanrılarımıza dil uzadılması, böyüklərimizin zəlalətlə günahlandırılması, dədə-babalarımız haqqında yaxşı sözlərin danışılmaması artıq səbrimizi daşırır. Ona nə vaxt mane olacaqsan? İstəyirsən, məsələni bizim öhdəmizə burax, iki tərəfdən biri həlak olana kimi aramızdakı məsələni özümüz həll edək.

İki gündən bir yanına gələn qüreyşlilərin təzyiqlərindən bezən Əbu Talib qardaşı oğlu Məhəmmədül-Əminə yönəlir:

− Ey qardaşımın oğlu, − deyərək sözə başlayan Əbu Talib qureyşlilərin dediklərini ona danışır. Sözünün axırında sıxılaraq bunları əlavə edir:

−  Nə olar, həm özünü, həm də məni fikirləş! Mənə altından qalxa bilməyəcəyim yükü yükləmə![1]

Əmisi Əbu Talibin bu sözlərindən narahat olan Allah Rəsulu (s.ə.s.) bir anlıq əmisinin fikrini dəyişdiyini, müdafiə etməkdən yorulub çəkindiyini və bundan sonra onu tək qoyacağını güman edir. Qəlbi qırılır və dərindən kədərlənir, için-için göz yaşı axıdır... Tənhalığı zirvədə hiss etməyin təzahürü idi bütün bunlar... Bəlkə də, Allah (c.c.) Özündən başqa açıq qapı buraxmaq istəmirdi Onun qarşısında. Buna görə də Allah Rəsulu (s.ə.s.) əmisi Əbu Talibə belə deyir:

− Ey əziz əmim! Allaha and olsun ki, əgər onlar bu işdən əl çəkməyimin əvəzində günəşi bir əlimə, ayı da o biri əlimə versələr, Allah məni müzəffər və müvəffəq edənə və ya ölənə qədər bu işdə sabit qalacaq və əsla yolumdan dönməyəcəyəm!

Kainatın Fəxri Rəsulullah (s.ə.s.) çox məyus idi... Ayağa durub gedərkən də göz yaşı tökürdü. Ancaq o qədər ürəkdən və səmimi danışmışdı ki, titrəyən səsində belə bu işi axıra kimi davam etdirmək qətiyyəti vardı. Bu sözlər Əbu Talibə çox təsir etmişdi. Heç atası Abdulmuttalibin əmanətini, qardaşı Abdullahın ini ac qurdlara təslim etmək olardımı? Allah Rəsulunun arxasınca:

− Gəl, ey qardaşımın oğlu, gəl,− deyir. Səsinin tonunda bir hərarət  var idi. Məhzun Nəbi (s.ə.s.) gozünün yaşını silərək səsin gəldiyi tərəfə çevrilir. Gözlər dildən əvvəl bir-birini başa düşmüşdü sanki. Əbu Talib qardaşı oğluna bunları deyir:

− Get, ey qardaşımın oğlu, get! Get və istədiyini elə! Allaha and olsun ki, mən Səni heç kimə təslim etməyəcəyəm.[2]

Sonra da şeirləri ilə Ona dəstək olacağını və torpağa tapşırılana kimi qardaşı oğlunun arxasında dayanacağını bildirir.

Əbu Talibin qardaşı oğlunu onlara təslim etmək niyyətinin olmadığını və Onu qorumaq qərarında israr etdiyini görənlər bu dəfə üsullarını dəyişir və başqa bir təkliflə Əbu Talibin hüzuruna gəlirlər. Aralarında Umara ibn Vəlid adlı yaraşıqlı və güclü bir gənc də var idi. Sözə belə başlayırlar:

− Ey Əbu Talib! Bu, Umara ibn Vəliddir. Qureyşin ən güclü və ən yaraşıqlı gəncidir, Bu oğlan sənin köməkçin olsun, onu oğulluğa götür, sənin olsun. Onun əvəzində bizə sənin və dədə-babalarının dinini dəyişdirən, qövmünə müxalif çıxan və böyüklərimiz haqqında “yaxşı düşünməyən” qardaşın oğlunu ver, Onu öldürək. Madam ki, qisas məsələsində sizdən bir adamın əvəzi bizdən bir adamdır, budur, bu gənc də Onun qan əvəzi olsun.

Necə də çirkin və əxlaqsız bir təklif idi! Bir yanda əsrlərdir gəlişi gözlənilən Sonuncu Peyğəmbər, digər tərəfdə isə təkcə zahiri görünüşü etibarilə diqqəti çəkən bir gənc! Bir də ki, kim kimin yerini doldura bilərdi! Buna görə də Əbu Talib tərəddüdsüz:

− Allaha and olsun ki, siz çox çirkin bir təklif irəli sürürsünüz. Məndən öz övladınızı böyük görüb evimə qəbul etməyimi, əvəzində isə öz oğlumu sizə verməyimi və Onu öldürməyinizə göz yummağımı gözləyirsiniz?! Vallah, bu, əsla olmayacaq, − cavabını verir.

Yenə Əbu Talibin güzəştə getmədiyini görən Mutim ibn Adiyy töv­rünü bir az dəyişərək bunları deyir:

− Vallah, ey Əbu Talib! Qövmün bu günə kimi səninlə çox insaflı davrandı və səni xoşuna gəlməyən şeylərə məcbur etmədi. Ancaq görürəm ki, bu gün sən onların heç bir təklifinə razılıq vermirsən!

Bu adamlar Allah Rəsulunu (s.ə.s.) göz gorə-görə öldürmək istəyirdilər və buna razı olmadığı üçün də bu cür hərəkətin adı insafsızlıq olurdu. Bundan da böyük axmaqlıq  ola bilməzdi və onlara başa düşdükləri dillə cavab vermək lazım idi. Əbu Talib onlara cavabını  verir:

− Allaha and olsun ki, siz heç vaxt insaflı olmadınız. İndi sən mənim pərişan olmağımı və insanların əleyhimə çirkin işlər görməsini təklif edirsən! Əlindən gələni et!

Bu danışıq onsuz da yarıya qədər çəkilmiş qılıncların bundan sonra tamamilə qından çıxması mənasına gəlirdi. Bu günə kimi fərdi və yerli xarakter daşıyan düşmənçilik bundan sonra mütəşəkkil olacaq və özünü Məkkənin hər yerində göstərəcəkdi. Bu düşmənçiliyin əsas hədəfi yalnız Rəsulullah (s.ə.s.) da deyildi. Hər bir qəbilə o günə kimi öz aralarında İslamı qəbul edən kim varsa, onu özünə düşmən sayır və onlara ümumi mənada müharibə elan edirdilər. Dinlərindən döndərmək üçün onlara min cür işgəncə verir, ağlagəlməz üsullara əl atırdılar.

Artıq məsələnin insaf ölçülərini aşıb ağılı kənara qoyduğunu  görən Əbu Talib çox keçmədən o biri qardaşlarını məsələdən agah edib qardaşı oğlanlarını qorumaq üçün onların da dəstəyini almaq istəyəcəkdi. Abdulmuttalib və Haşimoğullarının, demək olar ki, hamısı onun bu çağırışına müsbət cavab verdiyi halda, təkcə Əbu Ləhəb buna etiraz edərək qardaşı oğluna qarşı çıxanlarla birlikdə olmağı üstün tutacaqdı. Qəbiləsindən gözlədiyi dəstəyi alan Əbu Talibin əhvalı artıq yerində idi, bu qədər çətin bir mərhələnin axırında yenidən bir yerə yığışıb həmfikir olduqlarına görə şeir dili ilə onları tərifləyəcək və qardaşı oğlu Məhəmmədi mədh edəcəkdi. Artıq qardaşı oğlunun üstünə toz da qonmasına  imkan verməyəcəkdi.[3]

Kürəkənlərə edilən təzyiq

Qureyş məsələyə hiyləgərcəsinə yanaşır, başda Allah Rəsulu (s.ə.s.) olmaqla Hz. Xədicəyə də ağrı-acı vermək üçün hərtərəfli  təzyiq göstərirdilər. Rəsulullahın üç qızı peyğəmbərlikdən əvvəl ailə qurmuşdu. Qureyş Rəsulullahın kürəkənlərinə onları boşamaları üçün təzyiq göstərir və onlara Hz. Məhəmmədin (s.ə.s.) qızlarını boşadıqları təqdirdə istədikləri qızla evləndirəcəklərinə dair zəmanət verirdi. Rəsulullahın (s.ə.s.) qızları Ruqiyyə və Ümmü Gülsüm Əbu Ləhəbin iki oğlu − Utbə və Uteybə ilə ailə həyatı qurmuşdu. Utbə ilə Uteybə bu təzyiqlər qarşısında müqavimət göstərəcək fitrətə malik deyildilər. Onlar istədikləri qızlarla evlənmə zəmanəti alan kimi Ruqiyyə və Ümmü Gülsümü boşayırlar... Dağılan ailələr Allah Rəsulu və həyat yoldaşı Hz. Xədicə üçün ayrı bir dərd olmuşdu...

Adi vaxtlarda yalnız bir övladın ailəsinin dağılması ata-ananı qəm-qüssəyə düçar edirsə, Peyğəmbərimiz və həyat yoldaşı Hz. Xədicə bir anda iki qızının dağılan ailəsi ilə üzləşmişdilər. Həm də heç bir səbəbsiz... Yeganə “səbəb” onların Allah Rəsulunun qızları olması idi.

Təkcə Zeynəb anamızın həyat yoldaşı Əbul-As bu təzyiqlərə boyun əyməmiş və Peyğəmbərimizin qızını boşayıb Allah Rəsuluna olan hücumlara dəstək verməmişdi. Çünki o, qərarını özü verə biləcək qədər şərəfli, ailə işlərinə başqasının müdaxilə etməsinə imkan verməyəcək qədər də izzətli bir həyat yaşayırdı. Ortada bir məsələ var idisə, buna dair qərarı özü verir və sonrakı həyatını da öz iradəsi ilə davam etdirirdi. Onun fikrincə, bir ailədə xoşbəxtlik var idisə, bunu kənardan heç bir güc dağıtmağa cürət etməməli idi. Əbul-Asın xoşbəxt bir ailəsi var idi və həyat yoldaşının fərqli düşünməsi də bu xoşbəxtliyə heç bir mənfi təsir etmir, əksinə, bu xoşbəxtliyin daha da artmasına kömək edirdi. Buna görə də, o, bütün bu təzyiqlərə məhəl qoymur, görüləsi işlərini görür və özünü də boş gurultuya alət etmirdi.

Tər tökmədən nəticə olmaz

Bu biri tərəfdə Quran cəmiyyətdə formalaşan səhv fikir və düşüncələri düzəltməyə davam edir, insanlar arasında danışılan məsələlərin həqiqətini göstərərək fikir aşınmalarının qarşısını alırdı.

Çünki tarixdə olduğu kimi o gün də küfrü təmsil edənlər həmişə özlərini fərqli hesab edir və möminlərə lağ edib onları məsxərəyə qoyurdular. Gələn ayələr əvvəlki peyğəmbərlərin həyatından nümunələr verərək yaşadıqları həyatı örnəkləri ilə xatırladır və beləliklə də, möminlərə “Səbirli olun” deyirdi. Gələn bir ayə Nuhun (ə.s.) qarşılaşdığı çətinliklərdən bəhs etdikdən sonra bəşərin ikinci atası adlandırılan Hz. Nuh və ona inananlara öz tayfasının dediklərini bu ibrətamiz cümlələrlə çatdırırdı:

− Biz səni ancaq özümüz kimi (adi) bir insan sayır, elə ilk baxışda yalnız içimizdəki səfillərin (cütçü, pinəçi, dəmirçi, dərzi və i. a.) sənə uyduğunu görürük. Eyni zamanda, sizin bizdən heç bir şeydə üstün olduğunuzu da görmürük. Əksinə, biz sizi yalançı hesab edirik![4]

Zaman keçib əsr dəyişsə də, küfrün məntiqi dəyişməmişdi, dünən necə reaksiya verirdilərsə, bu gün də eyni cür etiraz səslərini qaldırırdılar. O vaxtın Məkkə şəhərində “Bu gün hansı vəziyyətdə yaşamağımızdan asılı olmayaraq, sabah biz də mütləq bağışlanacağıq və xilas olacağıq”[5] düşüncəsinin şikəst məhsulu olan bu fikir öz mülahizələrini dinlə əsaslandırmaq istəyən müxtəlif fikirlərin əlində forma dəyişdirəcək və onları “cəhənnəm odu bizə bir neçə gündən artıq əzab verməz”[6] nəticəsinə gətirib çıxaracaqdı. Hətta onlar məsələdə daha da irəli gedərək Cənnətə özlərindən başqa heç kimin girməyəcəyini iddia edəcəkdilər. [7]

Sırf kasıb olduqları üçün və onlarla eyni statusda olmadıqlarına görə kimsəsizləri hüzurdan qovmaq istəyinə qədər gedib çıxan bu ədəbsiz davranış[8] indi ölçü dəyişdirmiş və alın təri tökmədən nemətlərə nail olmaq planları hazırlayırdı.

Məkkə müşrikləri tez-tez gəlib Peyğəmbərimizin (s.ə.s.) sözlərinə qulaq asır, oxuduğu Quranı dinləyir və iman məqsədilə təşkil edilən söhbətlərdə iştirak edərək baş verənləri anlamaq istəyirdilər. Ancaq bütün bunlara baxmayaraq, onlar imanla bağlı bircə addım da atmağı fikirləşmir və bütün bunları da iman adına əldə edilən məqamları təsbit edib imansızlıqlarında qala bilmək üçün edirdilər. Dolayısilə, gördüklərinin, qulaq asdıqlarının onlara bir xeyri olmur, yenə inkarçı mövqedə dayanır, müsəlmanlara lağ etməyə, onları ələ salmağa davam edirdilər. Çünki onlar Allah düşüncəsində geridə qalsalar da, bu bəs deyilmiş kimi, bir də özlərinin əsl hidayətdə olduğunu söyləyir və:

− Əgər bunlar cənnətə girəcəklərsə, şübhəsiz ki, orada bizim üçün ayrılan yer daha çox olacaq, − deyir, özlərinə cənnətdə indidən yer ayırırdılar. Çox keçmədən Cəbrail bu məsələ ilə bağlı ayəni gətirir:

− Kafirlərə nə olub ki, boyunlarını qabağa uzadıb Sənə tərəf tələsirlər?

Sağdan və soldan dəstə-dəstə gəlirlər?

Məgər onların hər biri iman etmədən Nəim cənnətlərinəmi daxil olacağına ümid edir?

Xeyr! Heç kəsin başqaları yanında lovğalanmağa haqqı yoxdur. Çünki Biz o biri insanlar kimi onları da bildikləri şeydən, nütfədən yaratdıq![9]

“Əbtər” (Sonsuz insan) demələri

Peyğəmbərimizin (s.ə.s.) ilk övladı Qasımın vəfat etməsinin üstündən illər ötmüşdü. Ondan sonra qızları anadan olmuş, onlar da böyümüş və Fatimə istisna olmaqla digər qızları ailə həyatı qurmuşdu. Hirada peyğəmbərlik verilməsindən sonra dünyaya gələn və buna görə Tayyib və Tahir də adlandırılan ikinci oğlu Abdullah təzəcə iməkləməyə başlamışdı ki, tale onu da atasından ayırmış və əbədi olaraq cənnətə dəvət etmişdi. Peyğəmbərimiz (s.ə.s.) bu dünyada dayağı olan ata-anasının və babasının vəfatından sonra bir də dalbadal iki övladının itkisindən iztirab çəkirdi.

Küfr belədir: kafirlər bu cür ağır günləri də dəyərləndirib, onlardan Peyğəmbərimizin əleyhinə istifadə etmək üçün hərəkətə keçirlər. Bu məsələyə də rəhbərlik edən Peyğəmbərimizin (s.ə.s.) əmisi Əbu Ləhəb idi. Uqbə ibn Əbu Muayt, Kab ibn Əşrəf və As ibn Vail də bu karvana qoşulmuşdu. Onlar Allah Rəsulunun (s.ə.s.) artıq oğul övladının qalmadığını deyir və bununla da nəslinin kəsiləcəyini hər tərəfə yayırdılar. Əbu Ləhəb Abdullahın vəfat etdiyi gecənin səhərisi gün Qureyşin arasında çığırmışdı:

− Bu gecə Məhəmmədin nəsli kəsildi.

Onların fikrincə, nəsil-nəcabət ancaq oğlan uşağı ilə davam edirdisə, bunun bir mənası var idi. Müşriklər nəsli davam etməyən bir adamın adının tezliklə dünyadan silinəcəyinə inanır və buna görə də oğlan uşağına sahib olmaq üçün hər cür üsula əl atırdılar. Qız uşaqlarını adam yerinə qoymayan bir zehniyyətdən, başqa nə gözləmək olardı ki? İnsan ölümündən də istifadə edərək bununla bağlı siyasət aparırdılar. Onlar hər cür hadisəni, hərəkəti öz xeyrinə dəyərləndirib bundan qarşı tərəfə hücum vasitəsi kimi istifadə edirdilər.

Bir müddətdən sonra Allah Rəsuluna (s.ə.s.) “Kövsər” surəsi göndərilir. Bu dəfə də Məkkə müşriklərinin məkrli oyunları alt-üst olur. Çünki gələn ayədə əsl nəsli kəsiləcək olanların və yer üzündə adı yaddan çıxıb gedəcəklərin Allah Rəsuluna (s.ə.s.) qarşı çıxaraq Ona düşmənçilik edənlər olduğu xəbər verilir və Rəsulullaha (s.ə.s.) Kövsər müjdəsi verilərək, Ondan namaz qılıb qurban kəsməyə davam etməsi istənilirdi.[10]

Bədxah qonşular və təhdid halqası

Taleyin başqa bir cilvəsi idi ki, Rəsulullahın (s.ə.s.) ən qatı düşmənləri qonşuları idi. Əbu Ləhəbin evi də Onun evinə bitişik idi. Evi evinə bitişik olan digər qonşuları da Əbu Ləhəbdən fərqli deyildilər: Hakəm ibn Əbil As, Uqbə ibn Əbu Muayt, Adiyy ibn Hamra və ibn Əsda əl-Huzəli də düşmənçilikdə Əbu Ləhəbdən geri qalmır və Ona əziyyət vermək üçün fürsət axtarırdılar.[11]

Bir gün bu adamlardan biri Peyğəmbərimiz (s.ə.s.) namaz qılarkən Onun üstünə qoyunun murdar içalatını atmış, başqa biri də onu götürüb Rəsulullahın (s.ə.s.) dəstəmaz suyunun içinə doldurmuşdu. Bir müddət sonra Peyğəmbərimiz onların şərindən qorunmaq üçün araya divar hörmüşdü. Buna baxmayaraq, bu hərəkətlərindən əl çəkmədiklərini görüb bir gün atdıqları murdar şeyləri bir dəyənəyin ucu ilə götürərək qapının ağzına çıxmış və onlara göstərib belə demişdi:

− Ey Abdimənafoğulları! Bu, necə qonşuluqdur?[12]

Uqbə ibn Əbu Muayt işi daha da böyütmək istəyir və bir axşam vaxtı evinə gələn Əbu Cəhillə Məhəmmədül-Əminə pislik etmək məsələsində sözü bir yerə qoyur.[13] Öz aralarında söhbət edərkən Peyğəmbərimizi (s.ə.s.) göstərib:

− Hansınız filankəsin kəsdiyi dəvənin içalatını gətirib səcdəyə gedəndə Məhəmmədin üstünə atmaq kimi bir qəhrəmanlıq göstərə bilər? − deyirlər.

Aralarında ən yaramaz olanı ayağa durur. Bu, Uqbə idi. Həmin içalatı gətirir və gözləməyə başlayır. Rəsulullah (s.ə.s.) səcdəyə getdiyi əsnada yanına gəlib əlindəki içalatı Onun kürəyinin ortasına atır. Allahın ən sevgili qulu Allaha ən yaxın məqamda − səcdədə qonşuları tərəfindən belə çətin vəziyyətə salınmışdı.

Uqbə və qonaqları etdikləri işdən həzz alır, qarınlarını qaşıya-qaşıya qəhqəhə ilə gülürlər. O qədər gülürlər ki, yıxılmamaq üçün bir-birindən tutur və beləcə ayaq üstə dayanmağa çalışırlar.

Peyğəmbərimiz (s.ə.s.) uzun müddət başını səcdədən qaldıra bilmir. Nəhayət, bu hadisəyə şahid olan Fatimə validəmiz qaça-qaça atasının yanına gəlir. Bir tərəfdən bu işi edənlərə hiddətlənir, digər tərəfdən də atasının üstünü təmizləməyə çalışır. Rəsulullah Allahın ən sevimli qulu idi, istəsə idi, orada düşmənləri yerlə-yeksan olar, layiq olduqları cəhənnəmə gedərdilər. Amma O, həmişə mülayimlik yolunu seçmişdi, bu gün olmasa da, bir gün mütləq başa düşüb haqqa gələcəklərinə ümid edirdi. Ancaq bəlli ki, bu hərəkət Onun heysiyyətinə çox toxunmuşdu. Toxunmayacaq bir hərəkət də deyildi. Başını yuxarı qaldıraraq əllərini açır:

− Allahım! Qureyşi Sənə həvalə edirəm.[14]

Üç dəfə dalbadal bu duanı təkrar edir. Sonra da bir-bir adlarını çəkərək deyir:

− Allahım, Əbu Cəhli də, Utbə ibn Əbu Rabiəni da, Şeybə ibn Əbu Rabianı  da, Vəlid ibn Utbəni də, Umeyyə ibn Xaləfi də, Uqbə ibn Əbi Muaytı da Sənə tapşırıram. Onların öhdəsindən Sən gəl, ey Allahım!

Onları bu qədər səmimi və ürəkdən Allaha həvalə etməsi oradakıları çox qorxutmuşdu. Çünki bilirdilər ki, bu yerdə edilən dualar qəbul olunur və başlarına mütləq nəsə gələcək. Xüsusilə də, bu duanı edən Allahın ən sevgili bəndəsi idisə![15]

 Ümeyyə ibn Xaləfin başqa bir adəti də var idi. O, Rəsulullahla (s.ə.s.) rastlaşanda əl-qol hərəkətləri ilə Peyğəmbərimizi təhqir edir, göz vuraraq və ya ağız-burnunu oynadaraq hər fürsətdə Onu alçaltmağa çalışırdı.[16] Çox keçmədən, onun bu saxtakarlığını meydana çıxaran ayələr gəlir. Gələn ayələr:

− Vay halına qaş və göz hərəkətləri ilə, əl və qol oynadaraq alçaltmağa çalışanların, − deyir və belə bir hərəkətin necə bir nəticəyə gətirib çıxardığını açıq-aşkar göstərirdi.[17]

Ümeyyənin başqa bir qardaşı Übeyy və Üqbə ibn Əbu Muayt bu məsələdə əl-ələ verib müştərək hərəkət edirdilər. Bir gün Allah Rəsulu (s.ə.s.) namaz qılarkən onlar Rəsulullahın yanına yaxınlaşıb oxuduqlarına qulaq asırlar. Elə bu vaxt aralarında razılığa gəlib yerdəki toz-torpağı Peğəmbərimizin üstünə sovururlar. Bu adamlar əziyyət verməkdən zövq alırdılar. Bir dəfə də çürümüş bir sümük tapıb onu ovxalayandan sonra külək tərəfə elə tuturlar ki, Allah Rəsulunun üstünə getsin.[18]

Əbu Cəhil düşmənçilik məsələsində ən peşəkarı idi. Tez-tez gəlib Peğəmbərimizin Quran oxumasına qulaq asar, sonra da gedib öz yoldaşlarının yanında dinlədiklərini lağa qoyardı. Allah Rəsuluna (s.ə.s.) əziyyət verməyi özü üçün bir vəzifəyə çevirən bu şəxs əməllərindən  bir qəhrəmanlıq kimi başqa məclislərdə də fəxrlə danışıb gülərdi.

Əbu Cəhil Allah Rəsulunu namaz qılarkən gördüyü ilk gündən etibarən Ona həmişə mane olmağa çalışır və Allaha yaxınlıq ifadəsi olan bu ibadəti yerinə yetirməsinə əngəl törətmək istəyirdi. Bir gün yenə Onu Məqami-İbrahimdə namaz qılarkən görüb yanına gəlmiş:

− Ey Məhəmməd! Mən Sənə namaz qılmağı qadağan etməmişdimmi? − deyərək təhdid etmişdi. Əbu Cəhil kimi bir adam bu qədər sözlə kifayətlənə bilməzdi. Rəsulullaha cürbəcür təhqirlər yağdırmışdı... Sonra da:

− Ey Məhəmməd! Sənin nəyin var ki, məni təhdid edirsən? Vallah, mən bu əhali arasında ən güclü arxa-dayağı olan adamam, − demişdi. Aydın idi ki, Əbu Cəhil Onun təbliğində mətin dayanmasını da özünə meydan oxumaq kimi başa düşürdü. Həm də onun bu hərəkətlərini təsvir edən ayələr gəlirdi. Ayələr Əbu Cəhilin bu hərəkətləri ilə özünü yazıq etdiyini bildirirdi.[19] Əbu Cəhil bundan daha da əsəbiləşmişdi və inadkarlıqla işi duelə aparmaq istəyirdi:

− Ey Məhəmməd! Havayı yerə özünü yorma! Nə Sənin, nə də Rəbbinin mənə gücü çatmaz, mənə heç bir zərər də verə bilməz. Çünki mən bu dağların arasında ən güclü arxası və ən çox tərəfdarı olan insanam.

Bütün bunlar artıq ədəbsizliyin son həddə çatması demək idi və yenə Cəbrail köməyə çatır. Deyirdi ki:

− Qoy o, özünün bütün tərəfdarlarını çağırsın! Biz də zəbaniləri  (cəhənnəmdəki   əzab   mələklərini) çağıracağıq.[20]

Əbu Cəhil Allah məfkurəsinə düşmənçilik işinə o qədər qapılmışdı ki, bu xəbərdarlıqlardan nəsə başa düşəcək halda deyildi. Hətta bu istiqamətdə kin və ədavəti hər gün daha da artır, iman halqası genişləndikcə ona mane ola bilmədiyi üçün özündən çıxırdı. Bir gün yoldaşlarından:

−  Sizin yanınızda Məhəmməd yenə üzünü torpağa qoyub dayanırmı? − deyə soruşur.

− Bəli, − deyirlər. Əbu Cəhil:

− Lat və Uzzaya and olsun ki, əgər Onu bu şəkildə görsəm, boynundan tutacaq və əlimdəki böyük daşla başını əzəcəyəm, − deyə əhd eləyir. Dəliliyin qayda-qanunu olmaz. Bu fikir başına birdəfəlik girmişdi:

−  Ey Qureyş camaatı! Siz də görürsünüz ki, Məhəmməd dinimizi rüsvay edib dədə-babalarımızı zəlalətlə (Allaha üsyankar olmaq) ittiham edir. Tanrılarımıza söz atıb böyüklərimiz haqqında namünasib sözlər danışır. Əhd edirəm, sabah götürə bildiyim ən böyük daşı Onun səcdə etdiyi yerdə başına vurub Onu məhv edəcəyəm. Mən bu işi gördükdən sonra Onu istəyirsiniz mənə təhvil verin, istəyirsiniz əlimdən tutub mane olmağa çalışın, fərqi yoxdur! Ondan sonra da Abdimənafoğulları nə edirsə-etsin, əllərindən gələni əsirgəməsin, mə­nim üçün heç bir əhəmiyyəti yoxdur!

Həmin dövrün cəmiyyətində belə bir hərəkət açıq-aşkar dəli­lik­ demək idi. Bu cür hərəkətdən sonra qəbilələr arasında bitib-tü­kənməyən qan davaları başlayar və minlərlə adam bu müharibələrdə həlak olardı. Ficar müharibələri hələ də  yaddan çıxmamışdı. Buna görə də, Əbu Cəhlə:

− Vallah, biz sənə heç kimi təslim etmərik. Nə istəyirsən, özün elə, − deyirlər. Əbu Cəhil onların bu sözlərindən əsəbiləşib oradan uzaqlaşır.

Səhərisi gün Əbu Cəhil əhd etdiyi kimi, əlinə böyük bir daş götürüb Kəbəyə tərəf gedir. Kəbəyə çatıb Rəsulullahı (s.ə.s.) gözləməyə başlayır.

Çox keçmədən baş verənlərdən bixəbər olan Allah Rəsulu(s.ə.s.)Kəbəyə gəlir və vaxt itirmədən namaz qılmağa başlayır. Vəziyyətdən xəbərdar olanlar ora yığışmışdılar və Əbu Cəhlin nə edəcəyini maraqla gözləyirdilər.

Bu vaxt Əbu Cəhil hamını şahid tutaraq dünən verdiyi sözü yerinə yetirmək üçün fürsət axtarırdı. Nəhayət, o, hərəkətə gəlib Allah Rəsuluna tərəf getməyə başlayır. Ancaq Əbu Cəhil bir anda heç kimin gözləmədiyi halda geri çəkilir və əli ilə özünü nədənsə qoruya-qoruya qorxub gəldiyi tərəfə qaçır. Bu əsnada əlində-ovcunda nə vardısa, hamısını bir tərəfə tullamış, qorxudan üzünün rəngi qaçmışdı. Diqqətlə baxırdılar, amma onun qorxub qaçmasına səbəb olan heç bir şey görə bilmirdilər. Çünki namaz qılmağa davam edən Məhəmmədül-Əmin heç vəziyyətini də dəyişməmişdi, O baş verən hadisələrdən sanki xəbərsiz idi və səmimi-qəlbdən ibadəti ilə məşğul idi. Məsələnin əsl mahiyyətini öyrənmək üçün soruşurlar:

− Ey Əbal Hakəm, sənə nə olub, niyə qaçırsan?

Qorxudan rəngi qaçmış Əbu Cəhil etdiyinə peşman-peşman cavab verir:

− Eynilə dünən sizə dediklərimi etmək üçün Ona yaxınlaşanda qəfildən qarşıma böyük bir dəvə çıxdı. Onun kimi nəhəng, onun kimi hirsli halda üstümə gələn və onun kimi dırnaqları ilə məni parçalamaq istəyən dəvəni bu günə kimi heç görmədim. Əgər qayıtmasaydım, məni parçalayacaqdı.

Daha sonra bunun əsl mahiyyətini Allah Rəsulundan soruşurlar. Rəsulullah belə buyurur:

−Bu, Cəbrail idi, əgər bir az da yaxınlaşsaydı, onun işini bitirəcəkdi.[21]



[1]. İbn İshak, Sire, 2/135
[2]. İbn Hişam, Sire, 2/101
[3]. Bax: ibn Hişam, Sire, 2/104
[4]. Bax: “Hud” surəsi, 11/27.
[5]. Bax: “Əraf” surəsi, 7/169.
[6]. Bax: “Bəqərə” surəsi, 2/80.
[7]. Bax: “Bəqərə” surəsi, 2/111; “Maidə” surəsi, 5/18.
[8]. Bax: “Ənam” surəsi, 6/52; “Kəhf’ surəsi, 18/28.
[9]. Bax: “Məaric” surəsi, 70/36-39.
[10]. Bax: “Kövsər” surəsi, 108/1-3.
[11]. Sonralar adı çəkilən şəxslərdən yalnız Hakəm ibn Əbil As müsəlman olmuşdu.
[12]. Halebi, Sire, 1/474
[13]. Başqa bir rəvayətdə bu hadisə Kəbədə cərəyan edir və baş rolda Əbu Cəhildir. Bax: Maverdi, A’lamu’n-Nübüvve, 1/142
[14]. Başqa bir rəvayətdə “ Yusuf illəri kimi Mudara qıtlıq və çətin əzabını göndər” şəklində bir əlavə də var. Bax: Ayni, Umdetü’l-Kari, 7/26
[15]. O gün bu hadisəyə şahid olan və əlindən bir şey gəlməyən Abdullah ibn Məsud (r.a.) Peğəmbərimizin bəddua etdiyi yeddinci adı xatırlaya bilmədiyini deyir, and içərək bu adamların hamısının ilk hərbi qarşılaşma olan Bədirdə öldüyünü söyləyir. Bax: Halebi, Sire, 1/470)
[16]. Ayni, Umdetü’l-Kari, 2/175
[17]. Bax: “Huməzə” surəsi, 104/1-9.
[18]. Bax: İbn Kesir, el-Bidaye ve’n-Nihaye, 2/51
[19]. Bax: “Qiyamə” surəsi, 75/33, 34, 35.
[20]. Bax: “Ələq” surəsi, 96/17, 18.
[21]. Bax: İbn Kesir, el-Bidaye ven-Nihaye, 3/43; Kaydı İyaz Şifa, 1/688 və b. Başqa bir rəvayətdə Əbu Cəhil: “Bir anda mənimlə onun arasında içində nəhəng alovlar olan böyük bir xəndək meydana gəldi. Sanki, ağzını açıb məni udacaqdı!” –  deyir. Buna müqabil Peğəmbərimiz də: “Əgər mənə bir az da yaxınlaşsa idi, mələklər onu parça-parça edəcəkdi!” – buyurur və möminlərin mənəvi qüvvələrini daha da möhkəmləndirirdi. Əbu Cəhlin Peğəmbərimizi öldürmək qəsdilə Onun üstünə yeriməsi ilə bağlı fərqli rəvayətlər vardır. Bunlar, çox güman ki, həm müxtəlif zamanlarda, həm də bir dəfə cərəyan etmiş bu hadisəni izləyən hər bir insanın öz müşahidələrinə uyğun danışmasından meydana gəlmişdir. Buna görə də biz mümkün qədər rəvayətləri birləşdirib verməyə çalışdıq.