Mənəviyyata Açılan Pəncərə

Mədinə vəsiqəsi-İlk Konstitutsiya

Paxıllıq və həsəd rüzgarları

O gün sosial məsələlərdə kompleks yanaşmaya əsaslanıb nəticələri də bu şəkildə − ona uyğun dəyərləndirmək mümkün deyildi. Həm mədinəli müşriklər, həm də kitab əhli kimi tanınan yəhudilər və xristianlar arasında Peyğəmbərimizi tanıyıb bilənlər, Ona məhəbbət bəsləyənlər olduğu kimi, bunun tam əksinə, Ona qarşı çıxan, düşməncəsinə intriqalar hazırlayan, fürsət düşən kimi Onu bir qaşıq suda boğmaq istəyənlər də vardı. Amma bunlar Peyğəmbərimizin (s.ə.s.) ehtiramla qarşılandığı Mədinədə ilk illərdə özünü vahid bir müxalifətdən çox, fərdi hadisələr kimi göstərirdi. Məsələni xəbər verən Quran da diqqəti bu məqama cəlb edərkən belə deyəcəkdi:

− Kitab əhlinin hamısı eyni deyildir. Onların içərisində düzgün (sabitqədəm) bir camaat vardır ki, onlar gecənin bir vaxtı Allahın ayələrini oxuyub səcdəyə qapanır, Allahı yeganə ilah bilir və axirət gününü də təsdiq edirlər. İnsanlara yaxşı işlər görməyi əmr edər, onları pis əməllərdən çəkindirər və daim xeyirli işlər görməyə tələsərlər. Məhz onlar əməlisaleh şəxslərdir.[1]

Abdullah ibn Übeyy də Allah Rəsuluna qarşı olan əks cəbhənin başında dayanırdı. O, Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) Mədinəyə təşrifindən əvvəl özünü rəisliyə hazırlamışdı. Dağılan birlik ruhunu bərpa etmək və hökm sürən ixtişaşları nizama salmaq  üçün Mədinə əhli də bunu müsbət qarşılayırdı. Ancaq mühacirlərin Mədinəyə gəlişi ilə onun bütün planları puç olmuş, “yolunu kəsən” Allah Rəsuluna kin bəsləməyə başlamışdı. Çünki insanlar dərdlərinə dərman olacaq Şəxsi görər-görməz yönünü dəyişdirmiş və əsrlərdir üst-üstə yığılan problemlərin həllini tapacağı ümidi ilə həqiqi xilaskar kimi gördükləri bu yeni ünvana üz tutmuşdular.

Bu, Abdullah ibn Übeyy üçün böyük itki idi və “qazandım” dediyi anda ona bu itkini yaşadanlara od püskürürdü. Amma o, içindəki kinini büruzə verə bilmir və ümumun  qəbul etdiyi yerdə özünü qəbul edirmiş kimi göstərmək lüzumunu hiss edirdi. Zahirən müsəlman idi, amma daxilən din düşmənçiliyi aparır və imkan düşən kimi ətrafa fitnə-fəsad, nifaq toxumları səpirdi.

Yuxarıda qeyd edilən ayənin ifadələrindən də göründüyü kimi, müsbət hərəkət edən, əksəriyyətdən ayrı düşən bəzi adamlar yurdlarına, yəni Mədinəyə kənardan gələn bu anlayışa − İslama qarşı yavaş-yavaş hərəkətə keçmiş, planlar qurur və tərəfdar tapmağa çalışırdılar. Bəni Nadr, Bəni Saləbə, Bəni Qaynuqa, Bəni Qureyza, Bəni Ruzeyq, Bəni Harisə, Bəni Amr və Bəni Nəccar qəbilələrinə mənsub olan Huyey ibn Əhtab, Kab ibn Əşrəf, Abdullah ibn Sariya, Finhas, Kab ibn Əsəd və Ləbid ibn Asam kimi eyni düşüncəni paylaşan bu insanlar gecələr bir yerə yığışmağa başlamış və Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) əleyhinə təbliğat aparmağa çalışırdılar. Bunların hamısı da qısqanc və din baxımından Peyğəmbərimizin mövqeyini həzm edə bilməyən yəhudi[2] tipləri idi: Mədinədə fitnə-fəsad törədir və qarışıqlıq salmağa çalışırdılar. Çünki Allah Rəsulu (s.ə.s.), gözlədiklərinin əksinə olaraq onların arasından çıxmamışdı, “bu azmış kimi”, Onun qurduğu iman həlqəsi gündən-günə sürətlə böyüyürdü.

Üslubdakı ilahi istiqamətləndirmə

Bir gün Hz. Əbu Bəkir bunlardan Finhas adlı bir yəhudi ilə rastlaşmış, xeyli söhbətdən sonra aralarında bir yaxınlıq hasil olmuşdu. Hz. Əbu Bəkir də bundan ümidlənmişdi. Çünki Finhas Tövratı və İncili yaxşı bilən bir alim idi; Sinaqoqda (yəhudi məbədi) uşaqlara Hz. Musa hekayətlərini danışır və onların gələcəyin alimləri kimi yetişməsinə çalışırdı. Bu adam müsəlman olsaydı, ətrafındakı bir çox adamlar da İslamla tanış olar və kütləvi şəkildə bu dini qəbul edərdilər. Bir gün Hz. Əbu Bəkir Finhasın yanına gedir və ona iman həqiqətlərindən xeyli danışır. Dəfələrlə axirətdən bəhs edir və həqiqəti bilə-bilə gizlətməyin məsuliyyətinə toxunur. Ardınca da:

− Ey Finhas! Allahdan qorx və gəl müsəlman ol. Sən də bilirsən ki, Məhəmməd Allah tərəfindən haqq ilə göndərilmiş bir elçidir. Üstəlik, bu, əlinizdəki Tövratda və İncildə də yazılmışdır, − deyir.

Finhasın bu işdən xoşu gəlməmişdi. Üstəlik də ən təməl məsələləri məsxərəyə qoymağa başlayır. Onu haqqa dəvət edən Əbu Bəkirə:

− Vallah, ey Əbu Bəkir! Bizim Allaha ehtiyacımız yoxdur! O, bizə möhtacdır! Onun bizə olan tələbləri qədər biz Ondan istəmirik. O, bizdən deyil, biz Ondan varlıyıq. Əgər bizdən imkanlı olsaydı, sahibinizin də dediyi kimi, mallarımızdan borc istəməzdi. O, sizə faizi (sələmçiliyi) qadağan edir, amma bizə faiz verir. Bizdən daha zəngin olsaydı, bizə faiz verməzdi, − deyir.

Bunlar Əbu Bəkir kimi bir adamı özündən çıxarır. Finhas şeytanvari bir ağılla kömürü almaz kimi göstərməyə cəhd göstərir, bu azmış kimi, bir də Allahın Zatını təhqir edirdi. Öz ağlına görə, “gözəl borc”a (qarzı-hasən) təşviq edən ayəni  təhrif edir, “Allah yolunda yaxşı borc vermək”[3] işini “Allaha borc vermək” şəklində məsxərəyə qoymaq istəyirdi.

Hələ sözünü qurtarmamış sifətinə elə bir şillə dəyir ki, nə baş verdiyini anlaya bilmir. Bu, heç gözləmədiyi bir hərəkət idi. Hz. Əbu Bəkir (r.a.) bunları deyir:

− Ey Allahın düşməni! Nəfsim qüdrəti əlində olana and olsun ki, əgər sizinlə bizim aramızda müqavilə olmasaydı, başını bədənindən ayırardım.

Halbuki, Hz. Əbu Bəkir (r.a.) mülayim xarakterli və xoşxasiyyət adam idi. Amma Allaha və Onun Rəsuluna lağ edildiyi bir yerdə susmaq onun kimi adamlara yaraşmazdı. Finhasın sözləri Hz. Ömərin də qulağına çatmış və onu da hövsələdən çıxarmışdı. Qılıncını götürüb qaça-qaça yola düzəlmiş, Finhasın payını verməyə gəlirdi. Hz. Ömərin cavabı Əbu Bəkir kimi olmazdı. O, Allaha və Rəsulullaha uzanan dilləri yerindən qoparar və cızığından çıxanlara həddini bildirərdi. Amma həmin gün şərait bunun üçün əlverişli deyildi.

Bu vaxt Cəbrail də gəlmiş, Allah Rəsulunu məsələdən agah etmişdi. Həmçinin Cəbrail Allah kəlamını əmanət gətirmişdi. Ayədə Uca Allah belə buyururdu:

− İman gətirənlərə de ki, Allah etdiyi əməllərə görə hər hansı bir qövmün cəzasını (Özü) versin deyə, Allahın (əzab) günlərindən qorxmayanları bağışlasınlar. Çünki Allah etdiyi əməllərə görə hər hansı bir qövmün cəzasını verəcəkdir.[4]

Bu ayə açıq-aşkar “səviyyənizi qoruyun, səviyyəsizlərlə vaxt itirməyin, Allah Özü onların hesabına böyük məhkəmədə baxacaqdır. Siz öhdənizə düşəni sizə yaraşan şəkildə yerinə yetirin ki, bunun əvəzini də Allah mütləq verəcəkdir” mənasma gəlirdi.

Amma Hz. Ömər hələ bundan xəbərsiz idi. Buna görə də, Allah Rəsulu (sallallahu əleyhi və səlləm) dərhal bir adam göndərib onu da xəbərdar etmək istəyir. Çox keçmədən də, səhabələrdən biri qəzəblə Finhasın cavabını verməyə gedən Öməri saxlamış və Allah Rəsulunun (s.ə.s.) onu gözlədiyini demişdi. Eyni zamanda məsələ təcili idi.

Haqq qarşısında doğru olanın qulpundan dərhal tutmaqla tanınan Hz. Ömər vaxt itirmədən özünü Allah Rəsulunun hüzuruna  çatdırır. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) əvvəlcə:

− Qılıncını qınına qoy, ey Ömər, − buyurur. Ömər Rəsulullahın istəyinə heç etiraz edərdimi?

− Səni haqla göndərənə and olsun ki, doğru söyləyirsən, ya Rəsulullah!

Sonra da Allah Rəsulu (s.ə.s.):

− Rəbbin buyurur ki, − deyə başlayır, Cəbrailin gətirdiyi ayəni oxuyur.

Artıq cuşa gələn dalğalar çəkilmiş, Hz. Ömərə dərin sükut hakim olmuşdu. Deməli, nəticə etibarilə ümumi məsələlərdə rəhbərdən xəbərsiz təkbaşına hərəkət edilməməli idi. Yoxsa daş-daş hörülən binanın bünövrəsi sarsılar və arzu edilən nəticəni  əldə etmək olmazdı. Ömər Allah Rəsuluna belə deyir:

− Səni haqq ilə göndərənə and olsun ki, bundan belə üzümü turşutmayacaq və qəzəbimi büruzə verməyəcəyəm!

Allah Rəsulunun əhatəsindəki mənəvi ab-hava insanlara necə də dalğa-dalğa sirayət edir və bu sahilə yaxınlaşan hər yolçunu öz təsiri altına salırdı.[5]

Digər tərəfdə isə belə bir mənəvi ab-havadan əsər-əlamət yox idi. Hər kəs öz xarakterinə uyğun hərəkət edirdi. Dilinin bəlası ilə Hz. Əbu Bəkirdən şillə yeyən Finhas daha sonra şikayətə gəlir Peyğəmbərimizin (s.ə.s.) hüzuruna. Şillənin təsiri hər halından hiss olunurdu. Amma o baş verənlərdən ibrət götürüb nəticə çıxarana da oxşamırdı. Allah Rəsuluna (sallallahu əleyhi və səlləm) öz dediklərindən bircə kəlmə də danışmayan Finhas Əbu Bəkir tərəfindən döyüldüyünü söyləyir. Hz. Məhəmməd Əbu Bəkiri hüzuruna çağırıb soruşur:

− Sən niyə belə bir iş gördün?

Əbu Bəkir xəcalət çəkirdi. Amma lap gözünün qabağında dayanan bu alçağa həddi bildirilməli idi. Dedikləri bəs deyilmiş kimi, gəlib əleyhinə danışdığı adamdan hələ bir kömək də istəyirdi. Hz. Əbu Bəkir adi vaxtlarda özünü müdafiə etməyi xoşlamırdı. Amma burada məsələni olduğu kimi çatdırmaq lazım idi. Buna görə, Hz. Əbu Bəkir (r.a.) belə cavab verir:

− Ey Allahın Rəsulu! Allahın düşməni olan bu adam çox böyük günah işlədi; Uca Allahın şəninə yaraşmayan sözlər danışdı, haşa, Allahın kasıb, özünün varlı olduğunu zənn edir. Mən də qəzəbləndim və sözlərinə görə onu Allah naminə vurdum.

Finhas həqiqətin üzə  çıxdığını görüb narahat olmuşdu, amma çarə tapır: Əbu Bəkirin dediklərini inkar etməyə başlayır və:

− Mən bunları deməmişəm, − deyir.

Finhas Allah Rəsulunun da bu hadisədən xəbərdar olduğunu haradan biləcəkdi ki? Nə üzsüz adam idi: etdikləri azmış kimi, bir də Əbu Bəkiri yalançılıqda ittiham edirdi. Deməli, bir dəfə həya pərdəsi yırtılandan sonra, bütün bunlar da mümkün idi.

Çox keçmədən, Siddiqi-Əkbərin sədaqətini elan edən Quran ayələri nazil olmağa başlayır. Səma dilə gəlmiş və Cəbrail Bəşərin Əmini Allah Rəsuluna vəhy gətirirdi:

− “Allah kasıbdır, biz isə dövlətliyik!” − deyənlərin sözlərini Allah, əlbəttə, eşitdi. Biz onların bu dediklərini, peyğəmbərləri haqsız yerə öldürdüklərini əməl dəftərlərinə yazırıq və qiyamət günü onlara: “Dadın atəşin əzabını!” − deyəcəyik.[6]

Göründüyü kimi, gələn ayələrdə eynilə Finhasın dedikləri bildirilir və belə ikiüzlü və saxtakar adamların axirətdə dəhşətli bir əzaba düçar olacaqları xəbər verilirdi.

Mədinə müqaviləsi

Hicrət edilən yeni yurdda problemlər gözdən keçirilir və bir-bir həll olunurdu. Bir məsələ də həllini gözləyirdi: Mədinə əhalisinin sayını, etnik tərkibi və dini müxtəlifliyini nəzərə alaraq bu fərqli toplumlarla birlikdə və müştərək bir həyat yaşamağın şərtlərini formalaşdırmaq. Çünki o vaxtlar on minə qədər əhalisi olan Mədinədə 1500-ə yaxın müsəlmanla yanaşı, 4 min yəhudi, 4500-ə yaxın da ərəb müşriki vardı. Buna görə də, bu müxtəlif toplumlar arasında ortaq məxrəc əsas götürülməli və Mədinə minimum müştərək dəyərlər ətrafında müttəfiq olanların ortaq şəhəri olmalı idi.

Eyni zamanda, Mədinənin buna böyük ehtiyacı vardı, çünki əsrlərdir davam edən müharibələr[7] nəticəsində ictimai münasibətlər zədələnmiş, cəmiyyətin yeni əlavələrlə təkrar qurulması ehtiyacı özünü başqa yerlərə nisbətən burada daha aydın göstərməyə başlamışdı.

Müxtəlif qruplar arasında müharibələr baş verdiyi kimi, qrupların öz daxilində də sabitlik yox idi. Əvs və xazrəc qəbilələri ilə yanaşı, yəhudi qəbilələri Bəni Qaynuqa, Bəni Nadr və Bəni Qurayza arasında da bu cür problemlər yaşanır, ictimai həyatda tam etimadsızlıq hökm sürürdü.

Bu qarışıqlıq və ixtilaflar bəzən ağla gəlməyən ittifaqlar doğururdu: Məsələn, əvs qəbiləsi ilə Bəni Nadr və Bəni Qurayza qəbilələri  Bəni Qaynuqaya qarşı birləşir, eyni şəkildə xazrəc də Bəni Nadr və Bəni Qaynuqaya cavab olaraq Bəni Qurayza ilə ittifaq qururdu.

Mədinədə hökm sürən bu hərc-mərclik, parçalanmalar şəhərin quruluşuna da sirayət etmişdi. Hər bir qəbilə öz təhlükəsizliyini təmin etmək məqsədilə yaşadığı ərazinin  ətrafında qala divarları inşa etmiş və ancaq hasarlar arasında özlərini təhlükəsiz hiss edirdi. Buna görə də, Mədinədə həmin gün on üç möhkəm qala var idi.

Bu qədər problemin bir yerə yığılıb qalması insanlar arasında etibar, etimadı aradan qaldırmış və şəhərdə ticarət yox olmaq həddinə çatmışdı. Bu vəziyyət kənardan gələn tacirləri də narahat edir və zərurət olmayanda Mədinəyə gəlmirdilər.

Hətta Mədinə sakinləri bu üzücü və bezdirici müharibələrə son qoyub onları vahid mərkəzdə birləşdirəcək xarici bir gücün gəlişini arzulayırdılar. Bu arzu Peyğəmbərimiz üçün əlverişli şərait demək idi. Bunlardan bəhs edərkən Hz. Aişə anamız da bu cür hadisələrə diqqət çəkəcək, hicrət ərəfəsində Mədinədə hökm sürən xaosun Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) gəlişinə əlverişli şərait hazırladığını dilə gətirəcəkdi.[8] Allah Rəsulu (s.ə.s.) da bu vəziyyəti yaxşı dəyərləndirəcək, Mədinədə qayda-qanun və əmin-amanlığı təmin etmək üçün tərəfləri bir araya gətirərək minimum müştərək məsələlərdə razılıq əldə edəcəkdi.

Buna görə də, O (sallallahu əleyhi və səlləm), əvvəlcə Mədinə şəhərinin sərhədlərini müəyyənləşdirəcək, sərhədlər  daxilində qalan bölgə bundan sonra “harəm” adlanacaqdı.

Bundan sonra Mədinədə ilk dəfə olaraq əhalinin siyahıya alınması həyata keçirilir. Artıq Mədinə yenidən qurulurdu.

Əlbəttə, bu yeniliklər hamını məmnun etmirdi. Xüsusilə, mədinəli müşrik ərəblər narahatlıq keçirir, mühacir və ənsarı himayə etdiklərinə görə Məkkə müşriklərinin onlara da zərər verəcəyini düşünürdülər. Onsuz da, məkkəlilərin yaxın vaxtlarda Mədinəyə yürüşə çıxacaqlarına və əldən çıxan müsəlmanları burada darmadağın edəcəklərinə dair xəbərlər də eşidilirdi.

Peyğəmbərimizin (s.ə.s.) planı isə bütün bu əndişələri aradan qaldırmağa yönəlmişdi. Məkkədə olduğu kimi “Sizin dininiz sizə, bizim dinimiz də bizə” anlayışını hakim etməyə çalışır və döyüşsüz də Mədinədə müştərək yaşamağın örnəklərini ortaya qoyurdu. Bu anlayışa görə, dilindən, dinindən, irqindən və millətindən asılı olmayaraq hər kəs qarşı tərəfin etiqadına və fikirlərinə hörmətlə yanaşdığı müddətdə eyni havanı tənəffüs edəcək və Mədinədə xoşgörü iqlimi öz-özünə təşəkkül tapacaq, nə kimsə dinini dəyişdirməyə məcbur ediləcək, nə də kimsənin dini həyat tərzi təzyiqlərə məruz qalacaqdı. Bu, eyni zamanda, düşüncənin sərbəst ifadə azadlığını da ehtiva edir, düşüncənin mahiyyətindən asılı olmayaraq fikirlərin təbliğ hüququnu da özü ilə gətirirdi. Deməli, onlara ərz edilən təklif, hakimiyyəti deyil, hamının iştirakını rəhbər tutan müştərək həyatı  nəzərdə tuturdu.

Mədinəyə gəlişindən az vaxt keçməsinə baxamyaraq, Rəsulullahın (sallallahu əleyhi və səlləm) təsis etdiyi güvən və əmin-amanlıq şəraiti özünü hiss etdirmişdi: bütün Mədinə sakinləri də aralarında baş verən narazılıqlarda məsələni həll etmək məqamı kimi Allah Rəsuluna müraciət edilməli olduğunu ortaq tələb olaraq görürdülər.

İlk müqavilə:Əvs və xazrəc qəbilələri arasında

Mədinədəki ilk müqavilə əvs və xazrəc qəbilələri arasında bağlanacaqdı. Bunun üçün məclisdə iştirak edənlər fikirlərini bildirir və uzun müzakirələr nəticəsində verilən hökmə hörmətlə yanaşacaqlarını söyləyirdilər. Beləliklə, yüz illərdən sonra ilk dəfə əvs və xazrəc arasında davamlı müqavilə bağlanır və mədinəli müsəlmanlara, yəni ənsara çevrilən iki qəbilə arasında yüz illərdir sürən müharibələrə son qoyulur. Bu məqsədlə Ənəs ibn Malikin evində bir yerə yığışırlar və yazılı razılaşma imzalanır. Bununla da, müsəlman olan əvs və xazrəc qəbilələri arasında bağlanan bu müqaviləyə müsəlman olmayan ərəblər də “məvali” statusunda daxil edilmiş, əvs və xazrəcə tabe olaraq müqaviləyə qol çəkmişdilər. Hətta bu status sonralar meydana gələn müharibə şəraitində də nəzərə alınacaq və o gün müqaviləyə qol çəkən və buna sadiq qalanlar “Tövbə” surəsində bəhs olunan müharibə ultimatumundan azad olacaqdılar.[9]

Yazılı şəkildə təsdiq edilən müqavilədə bunlar  əksini tapırdı:

Bismilləhir rahmənir rahim.

Bu müqavilə peyğəmbər olan Məhəmməd tərəfindən Qureyş və Yəsribdəki (Mədinədəki) müsəlman və möminlər, onlara tabe statusunda olan başqa insanlarla, daha sonra gəlib eyni şərtləri qəbul edənlər və müştərək müdafiədə ortaq hərəkət edənlər arasında razılaşdırılan bir müqavilədir. Bunların (qeyd olunan iştirakçıların) hamısı başqa insanlar qarşısında vahid bir ümmətdir.

Bu giriş cümləsinin ardınca Peyğəmbərimiz (s.ə.s.) mühacirləri, sonra da Bəni Əvf, Bəni Səidə, Bəni Haris, Bəni Cuşəm, Bəni Nəccar, Bəni Amr, Bəni Nəbit və Bəni Əvs qəbilələrinin adlarını qeyd etdirir: Müqaviləyə görə, hər bir qəbilə öz aralarında adət olduğu şəkildə tökülmüş qanın əvəzini (qanpulu, diyət) ödəməkdə iştirak edəcək, hərbi əsirlərin azad edilməsi üçün verilən fidyələri də möminlər arasındakı yaxşılıq, ədalət və məntiqi prinsiplərə görə ödəməyi qəbul edəcəkdilər. Yenə bütün qəbilələr yaxşı və gözəl olanı cəmiyyətdə yaymağa, pis və çirkin olanları da aradan qaldırmağa birgə səy göstərəcək və beləliklə, cəmiyyətdə fəzilətə və ədalətə əsaslanan, əqidəsindən asılı olmayaraq mənfilikləri gizlətməyən və cinayət törədənlərin cəzalandırılmasında müştərək hərəkət edən bir düşüncə tərzi formalaşacaqdı. Müqavilənin sonunda qeyd olunurdu ki, bir anlaşılmazlıq olacağı təqdirdə məsələ Allahın və Onun Rəsulu Hz. Muhəmmədin hökmü ilə həll olunacaqdı.[10]

İkinci müqavilə: yəhudilərlə

Əvs və xazrəc qəbilələri arasında müqavilə bağlanandan sonra növbə Mədinədəki ən mühüm qəbilələr olan və əhalinin 40 faizindən çoxunu təşkil edən yəhudilərə gəlmişdi. Buna görə də, Allah Rəsulu (sallallahu əleyhi və səlləm) yəhudi qəbilələrinin rəhbərləri ilə Binti Harisin evində bir araya gəlir. Xeyli müzakirələrdən sonra, demək olar ki, hər məsələdə razılıq əldə edilmiş və növbə bunların maddələr şəklində yazılmasına gəlmişdi. Müqavilə mətnində bunlar əksini tapmışdı:

Yəhudilər də müharibə təhlükəsinə qarşı eynilə müsəlmanlar kimi maddi dəstəyi təmin edəcək, Bəni Əvf, Bəni Nəccar, Bəni Saləbə və onların bir qolu olan Cəfnə, Bəni Səidə, Bəni Cuşəm, Bəni Əvs və Bəni Şutaybə qəbilələri dini həyatını sərbəst yaşadığı  kimi, müsəlmanlar da eyni azadlıq şəraitində dinlərini yaşayacaqdılar. Bu vəziyyət hər bir qəbilə və toplumun aşağı qolu olan kiçik qəbilələrə də şamil edilirdi və onların hamısı bu qəbilələrin rəhbərliyi ilə təmsil edilirdilər.

Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) icazəsi olmadan heç bir yəhudi qəbiləsi müsəlmanlarla birlikdə müharibədə iştirak edə bilməyəcək, hər hansı müharibə vəziyyətində qarşılıqlı yardımlaşma əsas olacaq və hər bir toplum öz müharibə xərclərini özü təmin edəcəkdi. Heç kim qarşı tərəfə zərər verə bilməyəcək, tərəflərdən zülmə məruz qalana digərləri yardım edəcəkdi. Nə qureyşlilərə, nə də onlarla ortaq olanlara qapı açılmayacaq, onlardan heç kim himayə edilməyəcəkdi. Mədinə müştərək (birgə) mühafizə ediləcək və müdafiədə yardımlaşmaq bir əsas olacaqdı.

Hər kəsin öz payına düşən hissədə məsuliyyət daşıdığını vurğulayan bu müqaviləyə görə, bu maddələr dinlə bağlı baş vermə ehtimalı olan müharibələrə aid edilmirdi.

Həmçinin bu müqaviləyə görə, yəhudilərə sığınan insanlarla eynilə yerli yəhudilər kimi rəftar ediləcək, ancaq bütün bunlar haqsız yerə bir adamı öldürən və ya yaralayan kimsələrin gizlənməsinə və gizlədilməsinə səbəb olmayacaq, cinayət törədənlər lazımi cəzanı alacaqdı.

Yenə bu müqaviləyə görə, ortaya qoyulan prinsiplərə mütləq riayət ediləcək və müqaviləyə zidd davranışa yol verilməyəcəkdi. Müsəlmanlar Allah kəlamı Quranın hökmləri ilə məsələlərini həll etdiyi kimi, yəhudilər də öz kitabları Tövratın hökmlərinə əsasən aralarında qərar verəcək və heç kim başqasının dini anlayışına müdaxilə etməyəcəkdi. Əgər bütün bunlara baxmayaraq, icraatda bir ixtilaf ortaya çıxardısa, bu məsələ yenə də Allahın əmrləri və Onun Rəsulu Hz. Məhəmmədin hakimliyi ilə  həll olunacaqdı.[11]

Müqavilənin mətnindən də aydın olduğu kimi, o gün Mədinədə irili-xırdalı on bir yəhudi qəbiləsi yaşayırdı və bu qəbilələrin, demək olar ki, hamısı Peyğəmbərimizlə bağlanan müqaviləni imzalamışdı.

Yenicə  gəldiyi bir şəhərdə və əhalinin on beş faizini təşkil etdiyi halda, müsəlmanların və Allah Rəsulunun belə bir mövqe əldə etməsi, şübhəsiz ki, Onun fətanətinin (peyğəmbər məntiqi) göstəricisi və nəticəsi idi. O (sallallahu əleyhi və səlləm), sosial vəziyyəti çox yaxşı dəyərləndirmiş və hakimiyyət əsasını ön plana çəkmək yerinə, onu ortaq məxrəcdə bölüşmək meyarı ilə tərəfləri bir araya gətirib müştərək bir pakt qurmuşdu. Onun bu cəhdi tarixi baxımdan da böyük əhəmiyyət kəsb edir, çünki belə bir miqavilənin ortaya qoyulması və tərəflər arasında hökmlərin bir növ konstitusiya statusunda müəyyənləşdirilməsi həmin dövr üçün  hələ tarixin şahid olmadığı bir irəliləyiş idi.

Ailə üzvlərinin Mədinəyə gətirilməsi

Müsəlmanların yeni şəhəri Mədinədə ehtimal olunan problemlər bir-bir yoluna qoyulmuş, indi isə növbə Məkkədə qalan ailə üzvlərinin də bura gətirilməsinə çatmışdı. Məlum olduğu kimi, məkkəli müsəlmanlar, yəni mühacirlər hicrət edərkən ailələri yanlarında deyildi və bunu da özləri üçün əsla böyük narahatlıq hesab etmirdilər. Onlara yalnız:

− Hicrət edin! − deyilmiş və onlar da bu əmri yerinə yetirmək yarışına girmişdilər. Evləri, mal-mülkləri Məkkədə qalacaq, müşriklər bütün daşınmaz əmlaklarını ələ keçirəcək, uşaqları acından həlak olacaq, ata nəvazişindən məhrum qalacaq, axşam evə gəlməyəndə həyat yoldaşları hüznə bürünəcəkdi... Bu və bu kimi nə qədər səbəb var idisə, bunların heç biri onlar üçün bir bəhanə olmamışdı. Çünki mühacirlər iman məsələsində hər şeyi gözünə alan (qorxmaz) insanlar idi və əmr olduğu yerdə dəmiri əridər, verilən əmri mütləq yerinə yetirərdilər. Məhz bu idi səhabəni səhabə edən fədakarlıq...

Artıq Mədinədə məskən salmış, əmin-amanlıq şəraitində ibadət­lərini əda edirdilər. Məscidi-Nəbəvi də tikilmiş, mühacirlərlə ənsar arasında qardaşlıq telləri qurulmuş, məskunlaşmaq məsələsi, demək olar ki, həll edilmiş, Mədinəyə kənardan gələnlərlə yerli camaat qaynayıb-qarışmış və beləliklə də, ehtimal olunan təməl sosial problemlər öz həllini tapmışdı. Elə isə, bu əmin-amanlıqdan məcburiyyət qarşısında Məkkədə qalan arvad-uşaqları da nəsibini almalı idi: müşriklərin şərindən qorunmaq üçün onlar da təhlükəsiz yerə − Mədinəyə gətirilməli, ailələr ailə olmalı  idi.

Məhz indi Mədinədəki bu firavan həyat və təhlükəsiz mühit Məkkədə qalanların da gətirilməsi zərurətini ortaya qoyur, ailəvi gələ bilməyənlər artıq yavaş-yavaş Mədinədə bir-birinə qovuşurdu.

Rəsulullah (s.ə.s.) və yol yoldaşı Hz. Əbu Bəkir də ailəsini Məkkədə qoyub gəlmişdi. Hz. Xədicənin əmanətləri[12] Hz. Ümmü Gülsüm və Hz. Fatimə ilə Hz. Sevda anamız, Zeyd ibn Harisənin xanımı Ümmü Eymən və oğlu Üsamə Hz. Əbu Bəkir ailəsindən isə qızları Hz. Aişə, Hz. Əsma və oğlu Abdullah da Məkkədə qalanlar arasında idi.

Peyğəmbərimiz (s.ə.s.) Məkkədə qalan ailə üzvlərini Mədinəyə gətirməyi Əbu Rafi ilə Zeyd ibn Harisəyə tapşırır. Onlara iki dəvə və beş yüz dirhəm də pul verir. Bu iki şəxs Məkkəyə gedəcək, orada qalan ailə üzvlərini də götürüb Mədinəyə gətirəcəkdilər.

Qubadan gələn uşaq

Zübeyr ibn Avvam Hz. Əbu Bəkirin qızı Hz. Əsma ilə ailə qurmuşdu. Hz. Əsma da oğlu Abdullaha hamilə idi. Hicrət əmri gələndə o, doğumun yaxınlaşmasına baxmayaraq, yola çıxmış, təxminən 500 kilometrlik yolu qət edərək Qubaya qədər gəlmişdi. Mədinə bir addımlıqda olsa da, doğuş sancıları artdığı üçün orada fasilə vermək məcburiyyətində qalmışdılar. Çox keçmədən də, Hz. Əsma nur kimi bir oğlan uşağı dünyaya gətirmişdi. Həyəcanın həddi-hüdudu yox idi, çünki bu uşaq hicrətin başlanmasından bu yana mühacirlərdən  doğulan ilk uşaq idi.

Eyni zamanda, bu, Allah Rəsulu (sallallahu əleyhi və səlləm) üçün də böyük bir müjdə idi, çünki bu uşaq həm hicrət yolçularının sağ-salamat Mədinəyə gəlməsindən, həm də Hz. Zübeyrin oğlunun anadan olmasından xəbər verirdi. Buna görə də, vaxt itirmədən uşağı Allah Rəsulunun (s.ə.s.) hüzuruna gətirirlər.

Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) mübarək simasında sanki bədrlənmiş ay doğmuşdu. Körpəni əvvəlcə qucağına götürür və adını Abdullah qoyur. Artıq o, Abdullah ibn Zübeyr idi. Sonra da yanında olanlardan bir xurma gətirilməsini istəyir. İstəyi dərhal yerinə yetirilir. Rəsulullah xurmanı götürür və ağzında çeynəyəndən sonra suyunu körpənin ağzına qoyur. Abdullah ibn Zübeyrin mədəsinə gedən ilk qida Peyğəmbərimizin (s.ə.s.) ağzında çeynədiyi xurma suyu olur. Sonra da Peyğəmbərimiz uğur və bərəkət üçün ona dua edir.[13]

Hz. Aişə anamızla izdivac

Hz. Xədicə anamızın vəfatından sonra bir müddət tək yaşayan Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) Osman ibn Mazunun həyat yoldaşı Hz. Havlənin vasitəçiliyi ilə hicrətdən əvvəl Sevda anamızla ailə həyatı qurmuş, eyni zamanda, Aişə anamızla da nişanlanmışdı. Bu nişanlanma işində də əsas vasitəçiliyi yenə Hz. Havlə edirdi.[14] Bəşərin Fəxri Hz. Məhəmməd (s.ə.s.) bu ərəfədə üst-üstə iki dəfə yuxu görmüşdü. Hər dəfə yuxuda Ona ipəklər içində hüzuruna gətirilən Hz. Aişə anamız barədə:

− Bax bu, Sənin həyat yoldaşın olacaq, − deyilmişdi.

Bu nişanlılıq dövrü üç il idi ki, davam edirdi. Bu arada Hz. Aişə anamız da qardaşı Abdullahla birlikdə Mədinəyə gəlmiş və atası Hz. Əbu Bəkirin evində qalırdı.

Hicrətdən sonra Peyğəmbərimizin qızları ilə Sevda anamızı və Ümmü Eymənlə Hz. Üsaməni aparmaq üçün Məkkəyə gələn Zeyd ibn Harisə və Əbu Rafi ilə birlikdə Hz. Əbu Bəkir yol rəhbərləri Abdullah ibn Uraykıtı göndərmiş, yanına iki və ya üç dəvə də qoşaraq bunları oğlu Abdullaha verməyi tapşırmışdı. Hz. Əbu Bəkir bir məktub da göndərmişdi. O, məktubda oğlu Abdullaha anasını, bacıları Aişəni və Hz. Zubeyrin xanımı Əsmanı da götürüb Mədinəyə hicrət etmək zərurətini yazırdı.

Çox keçmədən deyilənlər yerinə yetirilmiş və üç ailənin Məkkədə qalan üzvləri də yola çıxaraq hicrət yolçuluğuna başlamışdılar. Minaya çatanda yolda Talha ibn Ubeydullahla rastlaşırlar. O da hicrət edirdi və birlikdə yollarına davam edirlər.

Bir vaxt Aişə anamızın mindiyi dəvə birdən-birə dəstədən ayrılıb qaçmağa başlayır. Anası Ümmü Ruman təşvişə düşmüş, təlaş içində qışqırır, övlad sevgisini dilə gətirib, qızının xoşbəxtliyi (toyunu görəcəyi) ümidiylə yaşarkən başına belə bir işin gəlməsindən duyduğu kədəri ifadə edirdi. Yaxşı ki, dəvənin arxasınca qaçanlar özlərini dəvəyə çatdırmış və o da digərləri ilə birlikdə Mədinə yolçuluğuna davam etmişdi.

Mədinəyə gəlincə atası Hz. Əbu Bəkirin evinə yerləşirlər. Bu vaxt Cəbrail də gəlmiş, Hz. Aişə anamızı nəzərdə tutaraq:

− Onunla evlən, çünki o, Sənin əhlindir, − deyirdi.

Az sonra da Hz. Əbu Bəkir Rəsulullahın  (sallallahu əleyhi və səlləm) hüzuruna gəlir və:

− Ey Allahın Rəsulu! Əhlinlə eyni damın altında yaşamağınıza mane olan nəsə varmı? − deyə soruşur.

− Sadaq! − buyurur Hz. Məhəmməd (s.ə.s.). Allah Rəsulu evlənmək kimi vacib bir məsələdə qadın tərəfinə kömək kimi verilən maddi dəstəyi fikirləşirdi. Əbu Bəkir (r.a.) üçün bunun nə əhəmiyyəti var idi?! Allah Rəsulu kimi bir dəyər hansı maddə ilə müqayisə edilə bilərdi?! Buna görə də, Hz. Əbu Bəkir öz imkanlarını ortaya qoyacaq və Peyğəmbərimiz üçün balaca bir otağın tikilməsinə kömək edəcəkdi.

Hz. Aişə anamız üçün Məscidi-Nəbəviyə bitişik bir otaq düzəldilir. Bu, yeddi aydır qonaq qaldığı Əba Eyyub əl-Ənsarinin evini tərk etmək demək idi. Buna oxşar bir otaq da Sevda anamız üçün tikilir, ancaq Hz. Sevda anamız çox keçmədən Peyğəmbərimizlə birlikdə olduğu günün haqqını da Hz. Aişə anamıza verəcək və öz haqqından vaz keçəcəkdi.

Hicrətdən səkkiz ay ötmüşdü. Şəvval ayı idi. Halbuki, o dövrdə bəzi insanların inancına görə, iki bayram arasında, yəni Şəvval ayında qurulan ailələrdə ərlə arvad arasında problemlər olurdu və buna görə də, bu aylarda evlənməyi yaxşı hal hesab etmirdilər.[15]

Artıq səadət xanəsində Allah Rəsulunun (s.ə.s.) ailə və şəxsi həyatına, ibadətlərinə şahid olub insanlıq naminə hökmlər verəcək bir zəkalı insan da vardı. Beləliklə, Allah (cəllə cəlaluhu) bütün bəşəriyyətə rəhbər olaraq göndərdiyi Sevgili Peyğəmbərinə fərqli baxışlarla da nəzər saldıracaq və ümmət üçün, xüsusilə də, ailə həyatı ilə bağlı yeni məsələlərə aydınlıq gətirəcəkdi.

Mədinə vəbası

Mühacirlərin Mədinə havasına alışmaqda çətinlik çəkdiyi bir vaxtda bir xəstəlik də yayılmağa başlamış, bəzi mühacirlər ağır xəstələnmişdilər. Hətta candan keçib qıldıqları namazları da oturaraq əda etmək məcburiyyətində qalmışdılar. Bir vaxtlar Məkkə müşriklərinin şiddətli təzyiqlərinə baxmayaraq, güzəştə getmədikləri namazları indi ayaq üstə qıla bilmirdilər. Onları bu vəziyyətdə görən Allah Rəsulu (sallallahu əleyhi və səlləm):

− Bunu yaxşı bilin ki, oturub namaz qılan adam ayaq üstə namaz qılanın aldığı savabın yarısını alır, − buyurmuş və yenə də onları ayaq üstə namaz qılmağa həvəsləndirmışdi.[16]

Xəstələr arasında Hz. Əbu Bəkirlə Hz. Bilal və Amir ibn Fuheyrə də var idi. Üçü də eyni yerdə qalır, xəstəlik vaxtlarını birlikdə, dərdlərini bölüşərək keçirməyə çalışırdılar.

 Hələ hicab ayələri nazil olmamışdı. Hz. Aişə anamız bir gün atasına baş çəkməyə gəlir:

− Ey əziz atam! Özünü necə hiss edirsən? Halın necədir? − deyə əhvalını soruşur. Düzü, onların halı göz qabağında idi, çünki qızdırmalı adamlar kimi hərarət içində qovrulur, Məkkə həsrətini dilə gətirib sayıqlayırdılar. Hz. Aişə bir az da diqqətlə dinləyəndə atası Hz. Əbu Bəkirin belə dediyini eşidir:

− Evində və ailəsi içində səhəri açan hər kəsə ölüm ayaqqabısının bağından daha yaxındır!

Atasının halını soruşurdu, amma o, nə qızını tanımış, nə də dediklərini eşitmişdi. Öz-özünə:

− Allaha and olsun, atam nə dediyini bilmir, − deyərək Amir ibn Fuheyrəyə tərəf dönür və eyni sualı bu dəfə də ona verir:

− Özünü necə hiss edirsən, ey Amir? Necəsən?

O da özündə deyildi, bağ və əkin sahələrindən danışır, onları bir daha dünya gözü ilə görmədən ölümlə tanışlıqdan bəhs edirdi.

− Vallah, Amir də nə dediyini bilmir, − deyir Hz. Aişə.

 Həm atası Hz. Əbu Bəkirdən, həm də onun xidmətçisi Amir ibn Fuheyrədən bir cavab ala bilməyən Hz. Aişə bir ümid deyib Hz. Bilala üz tutur. Amma onun vəziyyəti daha pis görünürdü: xəstəliyin hərarətindən yerə uzanmış, başını zorla qaldırmağa çalışır:

− Vay halıma! Görəsən, mənə ətrafımda İzhir və Cəlil otları olduğu halda, bir də filan vadidə gecələmək nəsib olacaqmı? Əcəba, təkrar Micənnə suyunun başına gəlib, bulaqlarından içib, Şamə və Tafıl dağlarını görə bilərəmmi?− deyə təəssüflənirdi.

Çox kədərli bir mənzərə idi. Aydın idi ki, hər dağında, hər daşında xatirələr yatan bir məkanın − öz el-obalarının həsrəti qovururdu ürəklərini... Dağlarındakı hava, çiçəklərindəki ətir, bulaqlarındakı sərinlik, hətta otlarındakı sadəlik üçün burunlarının ucu göynəyir, xəstəliyin də təsiri ilə vətən Məkkənin həsrəti bir az da artırdı.

Onları bu halda görüb həsrət dolu sözlərinə şahid olan Hz. Aişə anamız Rəsulullahın (s.ə.s.) yanına gedir, Onu gördüklərindən xəbərdar edir. Çünki hər məsələnin həlli ancaq bu cür mümkün ola bilərdi... Belə deyir:

− Onlar hərarətin təsirindən ağıllarını itirmiş adamlar kimidir və nə danışdıqlarını da bilmirlər.

Allah Rəsulu (sallallahu əleyhi və səlləm) çox kədərlənmişdi. Əllərini səmaya qaldırır və əvvəlcə mühacirlərin bu hala düşməsinə səbəb olanlar üçün:

−  Allahım! Utbə ibn Rəbianı, Şeybə ibn Rəbianı və Ümeyyə ibn Haləfi Sənə tapşırıram. Onlar necə ki, bizi öz yurdumuzdan çıxarıb bu vəbalı yerə gəlməyə məcbur etmişlərsə, Sən də onların öhdəsindən gəl, − deyə Rəbbinə yalvarır.

Bu, işin bir tərəfi idi. Sonra da ümməti üçün dua etməyə başlayır. Rəsulullah (s.ə.s.) belə deyirdi:

− Allahım! Bizə Məkkəni sevdirdiyindən daha çox Mədinəni sevdir. Bu yeri sağlamlıq yurdu et və ölçü-tərəzilərinə bərəkət bəxş et! Sonra da bu xəstəliyi götür və Cuhfə tərəflərə sovur![17]

Allahın ən sevimli bəndəsi Ondan bir şey xahiş edər, Allah (c.c.) da Onun bu istəyini qəbul etməzdimi? Həmin gecə Allah Rəsulu (s.ə.s.) bir yuxu görür. Saçı-başı dağınıq olan qara bir qadın Mədinədən çıxıb Məhəya da adlanan Cuhfəyə tərəf gedirdi. Bəlli ki, Mədinədəki bu xəstəlik bundan sonra şəhəri tərk edəcək və özünü Cuhfə tərəflərdə göstərəcəkdi. Həmin gündən sonra mühacirlər şiddətli qızdırmadan xilas olmuş və onların Mədinədə qalmağı ilə bağlı heç bir problem qalmamışdı.[18]

Amma hamı Hz. Əbu Bəkir və Hz. Bilal kimi iradəli deyildi. Bu xəstəliyə mübtəla olan bir ərəb Allah Rəsulunun hüzuruna gəlib deyir:

−  Ey Məhəmməd! Mənim beyətimi ləğv et!

Xitabındakı sərtlik nəticənin nə olacağını bəri başdan göstərirdi. İstədiyi şeyə isə ağlı başında olan bir adam əsla “bəli” deməzdi. Peyğəmbərimiz (s.ə.s.) öz iradəsi ilə çıxılmaz vəziyyətə sürüklənməyi seçən bu adama:

− Xeyr, bunu edə bilmərəm, − deyə cavab verir. Çünki burada Peyğəmbərimizlə (s.ə.s.) əlaqələrini kəsən bir adam o biri tərəfdə xilas ola bilməzdi. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) isə ümmətindən bir nəfər də olsa, heç kimin hədər olmasını istəmirdi. Amma qarşısındakı adam israr edirdi. İkinci, üçüncü dəfə sözünü təkrarlayan ərəb istədiyi cavabı Allah Rəsulundan ala bilmədiyini görüb salam-kəlamsız Mədinəni tərk edir və gəldiyi yerə qayıdır. Bunu eşidən Hz. Məhəmməd:

− Şübhəsiz ki, alov gümüşdəki kiri-pası təmizlədiyi kimi, Mədinə də öz kir-pasını təmizləyir, − deyə buyurur.[19]

Abdullah ibn Salamdakı təbliğ həyəcanı

Abdullah ibn Salam müsəlman olmuşdu, amma qəbiləsinin bundan hələ xəbəri yox idi. O, ailə üzvlərinin yanına qayıdıb gələndə onların da müsəlman olmasını istəmiş və bu istəyinə müsbət cavab da almışdı. Amma onun hədəfində daha böyük kütlələr var idi. Həmçinin yetişdiyi cəmiyyətin ümumi xarakterini də ortaya qoyaraq rəhbərini məlumatlandırmaq istəyirdi. Hazırladığı bir planla Allah Rəsulunun (s.ə.s.) hüzuruna gəlir və:

− Ey Allahın Rəsulu! Mənim qövmüm olan bu İsrail oğulları − inadkar və dönük bir millətdir. Onlar hələ mənim müsəlman olduğumu bilmirlər. İstəyirəm ki, onlar Sənin hüzuruna gələndə məni bir tərəfdə gizlədəsən və onlara mən və ata-babalarım haqqında suallar verəsən. Şübhəsiz ki, məni də, ata-babalarımı da tərifləyəcəklər. Bu əsnada mən gizləndiyim yerdən çıxıb müsəlman olduğumu elan edəcəyəm. Görəcəksən ki, həm mənim, həm də əcdadlarımın ünvanına ağızlarına gələni deyəcək və müxtəlif böhtanlar ataraq cürbəcür qüsur tapmaqda bir-biri ilə yarışacaqlar, − deyir.

Abdullah ibn Salamın planına əsasən Peyğəmbərimiz onlardan həm də söz (vəd) alacaqdı: Əgər Abdullah iman gətirsə, onlar da inanacaq və daha əvvəl onlara göndərilən Tövratda yazılan məsələləri təsdiq edəcəkdilər. Dolayısilə, burada müəyyən bir məqsəd nəzərdə tutulurdu və Abdullahın təklifi qəbul edilir. Plan eynilə Hz. Abdullahın dediyi kimi icra edilir. Bu vaxt adamlar da gəlmişdilər. Peyğəmbərimiz (s.ə.s.) salam-kəlamdan sonra sözü Hz. AbdulIaha və əcdadına gətirir:

− Sizin aranızdakı Husayn ibn Salam necə adamdır? − deyə soruşur.

Nə şübhələri ola bilərdi? Təkcə Husaynı yox, onun bütün ailəsini uzun illər idi ki, yeganə rəhbərləri kimi qəbul etmiş və bir böyük kimi həmişə onlara müraciət etmişdilər:

− Həm böyüyümüz, həm də böyüyümüzün oğludur... Həm ən xeyirli, həm də ən bilikli adamımızdır. Fəzilət və Allahın kitabını ən yaxşı bilən də odur.

Onların özlərinə arxayın şəkildə dediyi bu sözlərindən sonra Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm):

− Əgər Abdullah mənim Allahın Rəsulu olduğuma və Mənə göndərilən kitaba iman və şəhadət gətirsə, siz də iman gətirərsinizmi? − deyə soruşur.

Şübhələnsələr də, bu, mümkün deyildi. Husayn kimi bir yəhudi alimi bunu etməzdi, etməməli idi!.. Belə bir sualın altından nə çıxacağını gözləyirdilər. Amma bu məclisdə daha mətin olmaq lazım idi  və sözlərində şübhə hiss edilməməli idi:

− Bəli, − deyə cavab verirlər. Ancaq hallarındakı qəribəlik və qəlblərindəki narahatlıq üzlərindən oxunurdu. Nə üçün gəlmişdilər, indi nə ilə qarşılaşırdılar?!

Bu vaxt Allah Rəsulu (s.ə.s.) Abdullahı çağırır, o da gizləndiyi yerdən çıxıb hüzura gəlir. Onu görənlərin gözlərindən kin və nifrət yağmağa, üzləri saralmağa başlamışdı. Necə ola bilərdi ki, Husayn kimi bir adam gəlib öz qəbiləsinin mötəbərliyinə və nüfuzuna etiraz edərək başqasının arxasında səf tutar, Onu peyğəmbər kimi qəbul edərdi? Hələ inanmaq istəmirdilər. Bu, bir zarafat və ya bir yuxu olmalı idi.

Amma hər şey həqiqət idi və Allah Rəsulu (sallallahu əleyhi və səlləm) Abdullahdan soruşur:

− Ey Salam oğlu Abdullah! Sən mənim haqqımda Tövratda və İncildə yazılı olaraq tapdığınız, mənə iman gətirməyiniz məsələsində hamınızdan vədi alınmış, xəbərim sizə çatdığı andan etibarən mənə tabe olmaq üçün əmr edildiyiniz Allahın Rəsulu olduğumu bilib mənə inanır və iman gətirirsənmi?

Məclisdə heç kimdən səs çıxmırdı. Bu vaxt Abdullah suala:

− Əlbəttə, ey Allahın Rəsulu,− deyə cavab verir. Bu, mümkün olan şey deyildi!.. Heç belə pis vəziyyətə düşmək olardı? Dərhal buradan bir çıxış yolu tapmaq lazım idi. Hamısı bir ağızdan:

− Sənin Allahın Rəsulu olduğunu bilmir və tanımırıq, − deyir.

Halbuki, onlar Onun Allahın Peyğəmbəri olduğunu çox yaxşı bilirdilər və Ona nazil edilənin haqq olması məsələsində mütləq məlumata malik idilər. Bir az əvvəl “Husayn iman gətirərsə, biz də inanarıq” deyənlər də elə onlar deyildimi? Artıq sözə nə hacət? Bütün bunlar həmin adamların səbatsızlığını, dönüklüyünü göstərirdi.

Bu dəfə üzlərini Abdullah ibn Salama tutub:

− Sən bizim ən şər adamımızsan və ən şər adamımızın da oğlusan, − deyə ona böhtan atmağa başlayırlar. Amma günəşi palçıqla suvamaq olmazdı... Günəşin şüalarına qarşı gözlərini bağlayanlar ancaq özlərinə zülmət hazırlarlar...

Bu hadisələrin bir mütləq şahidi də vardı: Allah! Bunlardan sonra Uca Allah bu ayələri göndərir:

– De: “Bir deyin görək, əgər (bu Quran) Allah dərgahından olsa, siz onu inkar etsəniz, İsrail oğullarından da bir şahid (Quranın həqiqiliyinə) onun özü kimisi (Tövrat) ilə şəhadət verib iman gətirsə və siz (yenə ona qarşı) təkəbbür göstərsəniz (zalım olmazsınızmı)? Allah zalımları doğru yola müvəffəq etməz!”[20]

Ayədə bəhs olunan İsrail oğullarından iman gətirən şəxs Abdullah ibn Salam, inkar yolunu seçənlər isə həqiqəti gördükləri halda, sözlərində durmayan elitar təbəqə idi.

Bütün bunları hələ məsələnin başlanğıcında təxmin edən və gümanları doğrulan Abdullah ibn Salam bir həqiqəti ortaya çıxarmağın həzzi ilə üzünü yəhudi böyüklərinə tutub belə deyir:

− Ey yəhudi camaatı! Allahdan qorxun və sizə gələni qəbul edin. Vallah, siz də bilirsiniz ki, bu, xüsusiyyətlərini Tövratda oxuduğunuz, adını-sanını bildiyiniz, Allahın gözlənilən və müjdələnən Rəsuludur. Mən şəhadətlə iman gətirirəm, bilirəm və təsdiq edirəm ki, o, Allahın Peyğəmbəridir.

Artıq onların sifətlərinin rəngi də dəyişmişdi... Pərdə bir dəfə yırtılmış və cəbhələr də müəyyənləşmişdi. İşin ən asan yolu inkar etmək idi və onlar da bunu seçirlər.

− Yalan danışırsan, − deyirlər.

Artıq bu yəhudilərdən yaxşı heç nə gözləmək olmazdı. Buna görə də, Abdullah Rəsulullaha (sallallahu əleyhi və səlləm) deyir:

− Budur, ey Allahın Rəsulu! Vəziyyət gördüyün kimidir.  Mən bunların yalançı, ikiüzlü, dönük və böhtançı adamlar olduğunu əvvəlcədən demişdim.

Cəbrail də gəlmiş və özü ilə bu ayəni gətirmişdi:

– Kitab (Tövrat və İncil) verdiyimiz şəxslər onu (Muhəmmədi) öz oğullarını tanıdıqları kimi tanıyırlar. (Buna baxmayaraq) onların bir qismi, şübhəsiz ki, həqiqəti bilə-bilə gizlədir.[21]

Ayədə şəxsən Allah Rəsulunun adının qeyd edilməyərək “Onu” kimi göstərilməsi işarə edir ki, əhli-kitab tamamilə ən sonda gələcək peyğəmbər nəzərdə tutularaq “O” deyiləndə həmişə Tövratda və İncildə adı qeyd edilən Şəxsi başa düşürdü. O da, şübhəsiz ki, Hz. Məhəmməd (sallallahu əleyhi və səlləm) idi. Onu öz övladlarından daha yaxşı tanıyırdılar.

Bir gün Hz. Ömər (r.a.) Abdullah ibn Salamdan soruşur:

− Allahın Rəsulunu öz övladın kimi tanıyırdınmı?

Abdullah tərəddüdsüz cavab verir:

− Öz övladımdan da yaxşı tanıyırdım.

Necə ola bilərdi? Bir insan bu qədər qəti danışa bilərdimi? Amma Abdullah haqqı təmsilin timsalı idi və heç yerdə bunu deməkdən çəkinmirdi. Hz. Ömər isə onun qənaətindəki qətiyyəti ayrıca təsdiq etdirmək istəyirdi. İkinci dəfə soruşur:

− Necə yəni?

Yenə polad kimi möhkəm səslə arxayın bir cavab gəlir:

− Övladımla bağlı şübhə edə bilərəm. Bəlkə, xanımım məni aldatmışdır. Amma Allah Rəsulunun sonuncu Peyğəmbər olmasına zərrə qədər şübhəm yoxdur.

Bu cavab Hz. Öməri elə sevindirir ki, ayağa durub Abdullah ibn Salamın başından öpür.[22]

Din təəssübkeşliyi

Tayfasının təzyiqləri Abdullah ibn Salamı göz açmağa qoymurdu. Əvvəllər birlikdə olduğu yəhudi alimlərinin təzyiqlərindən xilas ola bilməmişdi və hər dəfə onun beynini qarışdırmaq üçün ağlagəlməz oyunlar qururdular. Xüsusilə də, Huyey ibn Əhtab, Kab ibn Əsəd, Əbu Rafi, Eşya və Şəmvil ibn Zeyd kimi yəhudi əyanlar Abdullah ibn Salamı bir küncə sıxışdırmaq üçün çox ciddi səy göstərirdilər. Göz görə-görə həqiqəti ört-basdır etməsini istəyir və bunu etməyəcəyi təqdirdə baş verəcək işlərə görə məsuliyyət daşımayacaqlarını deyərək ondan imandan əl çəkməyi tələb edirdilər.

Bir gün onu yenə sıxışdırmışdılar. Husayn bildiklərini onlara xatırlatmasına cavab olaraq:

− Peyğəmbərliyin ərəblərin arasında olması mümkün deyil. Sənin sahibin ancaq hökmdar ola bilər, − demişdilər. Əslində, onlar bu sözləri ilə Allah Rəsulunun gözlənən Peyğəmbər olduğunu qəbul edirdilər, amma içində olduqları qatı qəbilə təəssübkeşliyini sındırıb Peyğəmbərin onlardan kənar bir yerdən zühur etməsini heç cür həzm edə bilmirdilər.

Uzun-uzadı söhbət bir nəticə verməmiş və ara qızışmışdı. Sanki “nə olacaqsa, olsun” deyirdilər. Bunun üçün də özləri Allah Rəsulu ilə görüşüb Abdullaha da haqlı olduqlarını sübut etmək üçün bir ssenari axtarışına başlayırlar. Abdullahın heç bir tərəddüdü yox idi. Dərhal özlərini Hz. Məhəmmədin  (s.ə.s.) hüzuruna çatdırırlar.

Ondan (sallallahu əleyhi və səlləm) əvvəlcə Zülqərneyn haqqında soruşurlar. Bilməyəcəyinə arxayın idilər. Bununla da Abdullah kimi fikirləşənlərə özlərinin doğru (!) olduğunu isbat edəcəkdilər.

Rəsulullah Allahın nazil etdiyini onlara danışır; eynilə Qureyşə danışdığı kimi... Çünki onlar Nadr ibn Haris və Ukbə ibn Əbi Muayt kömək istəməyə gələndə qureyşlilərə yol göstərmiş, Peyğəmbəri fikrindən daşındırmaq üçün bir neçə sual öyrətmişdilər...

Eyni cavabı almışdılar və deyəcəkləri heç nə qalmamışdı. Ancaq qayıdıb getmək fikirləri də yox idi. “Mən olmadığım yerdə başqası da yaşamasın!”məntiqi ilə hərəkət edirdilər və tükürpədici bir sual verirlər:

−Ey Məhəmməd! Bax, bu Allah bütün məxluqatı yaratdı, bəs Allahı kim yaratdı?

Allahı tanıyıb Ona qulluq etdiklərini deyən adamların belə bir sual verməyi qədər də axmaqlıq ola bilməzdi. Haşa, Allahın yaradılmağa nə ehtiyacı vardı ki! Həm də sonradan yaradılanın Tanrı olması mümkün idimi? Yəni bunlar Onun qüdrətindən o qədər xəbərsiz idilər? Sanki Hz. Musa da daxil olmaqla əvvəlki peyğəmbərlər və ümmətləri arasında baş verənləri bilənlər bunlar deyildilər. Görünür, Tövratı da oxumurdular.

Allah Rəsulu çox mütəəssir olmuş, üzünün rəngi dəyişmişdi, yerində dayana bilmirdi. Necə olurdu ki, Uca Allaha belə dil uzadılırdı? Həm də Onu tanıdığını söyləyənlər tərəfindən... Onlar aləmlərin Rəbbini nə hesab edirdilər ki, məhdud ağılları ilə Ona libas biçməyə çalışır və öz düşüncələrinə görə, bununla qarşılarındakı insanı çətin vəziyyətdə qoyurdular!..

Ona (s.ə.s.) təskinlik vermək üçün Cəbrail özünü çatdırır və:

− Təmkinlə, ey Məhəmməd, − deyərək yol və üslub tövsiyə edirdi. Soruşduqlarının cavabını “İxlas” surəsi verirdi və onu oxuyur:

− De: “O Allahdır və Birdir...”

Gələnlər yalnız özlərini təmsil etmirdi. Əsrlər boyunca davam edəcək imanla inkarın mübarizəsində sonrakıların qarşısına da bu cür uyğunsuzluqlar çıxacaqdı və Onun bu vəziyyətdə davranışı sonrakılara da nümunə olmalı idi. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) belə buyuracaqdı:

− Çox keçməz ki, insanlar öz aralarında mühakimə aparmağa başlayar və işi o həddə çatdırarlar ki, bəziləri “Allah varlığı yaratdı, bəs Allahı kim yaratdı?” deməyə başlayar.

Belə suallarla qarşılaşanlar üçün də Allah Rəsulu “İxlas” surəsini oxumağı və həmin gün Cəbrailin ona dediyi kimi təmkinli olmağı ümmətinə tövsiyə edəcəkdi. Çünki bu, şeytana xas bir fikir idi və belə bir vəziyyətdə şeytandan Allaha sığınmaq üçün iradə və dəyanət nümayiş etdirilməli idi.

Bəni Qaynuqalılar hədlərini aşıb bu çirkin hərəkətlərinə davam edirdilər:

− Ey Məhəmməd! Bizə de görək, O, necə yaradılmışdır? Qolları, ayaqları necədir?

Məclis buz kimi olmuşdu. Görünür, bu adamlar deyilənlərə qulaqlarını tıxamışdılar və heç nə eşitmək istəmirdilər. Gör, nədən bəhs edirdilər? Allahı, haşa, qonşuluqdakı bir adam kimi görürdülər, yoxsa Allah Rəsulunu qəzəbləndirmək niyyəti ilə səs-küy salırdılar?..

Hz. Məhəmməd (s.ə.s.) artıq yerində dayana bilmirdi. Hirsindən damarları şişmişdi, üzündən qəzəb oxunurdu. Onun ürəyi Allaha həqarət edilməsinə dözə bilməzdi. Cəbrail yenə yanında idi. Eyni tövsiyələrini təkrar edir, ardınca da bu ayələri gətirir:

 – (Müşriklər) Allahı lazımınca qiymətləndirmədilər (uca tutmadılar). Halbuki qiyamət günü yer bütünlüklə Onun ovcunun içində olacaq, göylər isə Onun sağ əli ilə büküləcəkdir (yerin də, göyün də hökmü ancaq Allahın əlindədir, bütün kainat Allahın qüdrətinə tabedir). (Allah müşriklərin Ona) aid etdikləri sifətlərdən tamamilə uzaq və ucadır![23]

Hər yeniliyə etiraz edib qarşı çıxmaq ilk olmadığı kimi, son da deyildi. Bəzən Abdullah ibn Salam buna bənzər münaqişələrdən sonra Hz. Məhəmmədin hüzuruna gəlir və Onun verdiyi cavablarla müxatəblərini razı salmağı düşünürdü. Çünki qarşısındakı adamlar da bilirdi ki, bu sualların cavablarını ancaq bir Peyğəmbər verə bilər.

Abdullah ibn Salam bir heyətlə yenə də Rəsulullahın (sallallahu əleyhi və səlləm) hüzuruna gəlmişdi. İman gətirdiyi Peyğəmbərinə sual verəcək və aldığı cavabla həmsöhbətlərini razı salmağa çalışacaqdı. Boynunu bükür və:

− Mən Səndən üç sual soruşacağam ki, onları ancaq bir Peyğəmbər bilər, − deyir. Bu, öyrənmək üçün soruşulan suallar idi və Allah Rəsulu (s.ə.s.) da cavab verməyə hazır idi:

− Qiyamətin ilk əlaməti nədir? Cənnət əhli ilk dəfə nə yeyəcək? Uşaq hansı vəziyyətdə valideynlərinə oxşayar?

Bu əsnada Cəbrail də gəlmişdi, Abdullahın soruşacağı sualların cavabını pıçıldayırdı. Allah Rəsulu (s.ə.s.):

−Cəbrail bir az əvvəl mənə bunları xəbər verdi, − deyə sözə başlayır. Məclis heyrətə düşür:

− Cəbrail? − deyə eşitdikləri ünvanı dəqiqləşdirmək istəyirlər əvvəlcə. Cavab yenə eyni idi:

− Bəli, Cəbrail.

Elə bil yaralarının üstünə köz basılır. Necə ola bilər ki, mələk vəhyi onlardan başqasına gətirir?.. Onlar Cəbrailə düşmən münasibət bəsləyirdilər. Adını eşidən kimi:

− Bu, mələklərin arasında yəhudilərin düşmənidir, − deyirlər.

Cəbrailə düşmənçilik etmək həm də Allaha və Onun Rəsuluna kin bəsləmək mənasına gəlirdi. Peyğəmbərimiz də bunu ifadə edən bu ayələri oxuyaraq cavab verir:

– Cəbrailə düşmən olan kimsəyə de ki, onu (Quranı) özündən əvvəlkiləri (Tövratı və İncili) təsdiqləyici, möminlər üçün isə hidayət və müjdəçi olaraq Allahın izni ilə sənin qəlbinə O nazil etmişdir.[24]

Sonra da Allah Rəsulu (s.ə.s.) verilən sualları cavablandırmağa başlayır:

− Qiyamətin ilk əlaməti elə bir atəşdir ki, şərqdən qərbə kimi bütün insanları yandırıb qovurar.

Cənnət əhlinin ilk qidası balıq ciyərinin artığıdır.

Kişinin suyu qadınınkına qalib gələrsə, uşaq oğlan, qadının suyu qalib gələrsə, qız olar.

Gözlədikləri cavabları almışdılar... Əksini fikirləşmək mümkün deyildi. Abdullah ibn Salam bundan sonra yenə kəlmeyi-şəhadət gətirərək yanındakılar üçün də yol açmaq istəyir:

− Mən şəhadət gətirirəm ki, Allahdan başqa tanrı yoxdur və sən də Onun Rəsulusan.[25]

Amma Hz. Məhəmmədin qarşısındakı bu adamlarda belə bir ruh incəliyinə rast gəlməyə imkan və ehtimal da yox idi. Yenə hər kəs gəldiyi yerə qayıdıb gedirdi.

Amma hamı bu yəhudilər kimi inadkar deyildi. Abdullah ibn Salam tək həqiqət axtarışında olan və tapdığı almazın qiymətini bilən fəzilətli insanlar da var idi. Bu adamlar da Allah Rəsulunun (s.ə.s.) hüzurunda Hz. Musanın (ə.s.) vəsiyyətinə əməl edərək İslamı qəbul edirlər. Onlar Saləbə ibn Sayə, Üseyd ibn Sayə və Əsəd ibn Übeyd kimi əyan-əşrəf idi. Öz qəbilələri onlara da bir qulp qoyacaq, onlar isə buna əhəmiyyət verməyəcəkdilər. Bu adamlar haqqında belə deyirdilər:

− Məhəmmədə inanıb arxasınca gedənlər, onsuz da, bizim ən şərlilərimizdir. Əgər xeyirli adamlarımız olsaydılar, dədə-babalarının dinini dəyişib başqasının arxasınca düşməzdilər.

Başlarını quma soxmaqla özlərini təhlükədən uzaq sanırdılar. Halbuki, kənarda həqiqi bir dünya var idi və buna biganə qalmaq həqiqəti qətiyyən əks etdirmirdi.

Əsasən, Allaha ürəkdən bağlılıqlarını ifadə edərək Allah Rəsulu ilə eyni  səfdə, olanlarla ikiüzlü hərəkət edib gözünü həqiqətə bağlayanlar bərabər tutula bilməzdi. Əvvəlkilər fəzilətin üstünə fəzilət gəlməsi yarışına girişdikləri halda, digərləri bilə-bilə  haqqın üstünü örtməyin məsuliyyəti ilə hesab gününə gedəcəkdilər. Bu yanlış düşüncə, nazil olan bir ayə ilə belə qeyd edilirdi:

− Kitab əhli içərisində gecə boyunca Allahın ayələrini oxuyan və Ona səcdə ilə itaət edən ümmətlə onlar əsla bərabər ola bilməz.

Əhli-kitaba müraciət

Mədinə əhalisinin əksəriyyətini yəhudilər təşkil etsə də, müəyyən sayda xristian əhali də var idi. Hər iki zümrə ilə bir yerə yığışanda istər-istəməz mövzu dini məsələlərə gəlir və qarşılıqlı müzakirələr başlayırdı. İşin bu yerində başqa din mənsubları ilə əlaqələri tənzimləyən ilahi rəhbərlik diqqət çəkirdi. Çünki Allah (c.c.), əsasən, Sevimli Peyğəmbərinə səslənərək onlarla necə danışıb anlaşmaq lazım olduğunu belə buyururdu:

− Ey kitab əhli, sizinlə bizim aramızda müştərək olan bir kəlməyə tərəf gəlin! Gəlin, Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq. Allahdan başqa heç kimi Rəbb yerinə qoyub dost olaraq görməyək![26]

Bir gün Nəcranın yəhudi və xristian alimləri yığışaraq Peyğəmbərimizi ziyarət etməyə gəlmişdi. Təbii ki, məsələ yenə Allahın arzu və istəklərinə gələndə Rəsulullah (sallallahu əleyhi və səlləm) İslamdan danışıb onları Haqqa dəvət edir. Onlar:

− Ey Məhəmməd! Yoxsa sən xristianlar İsaya ibadət etdikləri kimi bizim də Sənə sitayiş etməyimizi istəyirsən? − deyə narazılıq edirlər. Düşüncə tərzi qəribə idi. Bir olan Allaha ibadətə dəvət edildikləri halda, sözün məcrasını dəyişir və öz düşüncələrinə görə söz oyunu ilə vəziyyətdən çıxmağa çalışırdılar. Çünki onlar tarix boyu əqidələrini dəyişmiş və öz aralarından çıxanlara Rəbb kimi ibadət etməyə başlamışdılar.[27]

Bu vaxt Rəis adlandırdıqları bir xristian alimi qabağa çıxır və:

− Sənin bizi Ona dəvət edərkən, həqiqətən də, belə bir istəyin varmı? − deyə soruşaraq əvvəlkilərdən fərqli düşünmədiyini göstərir. Allah Rəsulu (s.ə.s.) əvvəlcə:

− Allaha sığınıram, − deyir. Sonra da:

− Allahdan başqa bir gücə ibadət etməkdən və yenə Ondan başqasına ibadət etməyə çağırmaqdan Allaha sığınıram! Çünki O (cəllə cəlaluhu) nə məni bunun üçün göndərmişdir, nə də vəzifəm budur, − buyurur. Başa düşmək çox çətin idi. Allah adamı olduqlarını deyən bu insanlar, necə ola bilər ki, onları Allaha ibadətə dəvət edən bir insana belə sözlər deyirdilər? Cəbrail yenə görünmüşdü, gələn ayələr də onların cavabını verirdi:

– Heç bir kəsə yaraşmaz ki,  Allah ona kitab, hikmət və peyğəmbərlik bəxş etdikdən sonra o, insanlara: “Allahı buraxıb mənə qul olun!” – desin.[28]

Müsəlmanlıq kimi qiymətli bir nemətə qovuşan bir peyğəmbər və ya başqa bir Haqq dostu insanları yenidən heç küfrə dəvət edərdimi?

Məclisin ağırlığını bir az yüngülləşdirmək üçün Adiyy ibn Hatəm Peyğəmbərimizə belə deyir:

−  Ey Allahın Rəsulu! Bu adamlar onlara ibadət etmirlər ki...

Hz. Məhəmməd (s.ə.s.) isə:

− Əlbəttə, onlara ibadət etmirlər! Ancaq onlar halalı haram, haramı da halal hesab edir və insanlara öz istəklərini söyləyirlər. İnsanlar da onların dediklərini qəbul edib sözlərinə tabe olur. Bu, onlara ibadət etmək mənasına gəlir, − buyurur.[29]



[1]. Bax: “Ali-İmran” surəsi, 3/113, 114
[2]. Əslində Mədinədə yaşayan yəhudilər yerli xalq sayılmırdı. Əsl-kökcə İbrani olan bu adamlar vaxtilə xüsusilə romalıların təzyiqindən qaçıb Mədinəyə sığınmış, başqa yerlərdə dağılıb yox olmaqdansa, burada qalmağı üstün tutmuşdular. Hər qəbilənin alt qolları olsa da, əsas etibarilə Bəni Qaynuqa, Bəni Nadr və Bəni Qurayza adlı üç qəbilədə birləşmişdilər. Vaxt ötdükcə ərəblərlə ailə həyatı qurmağa başlamış, ərəb dilində danışmış, uşaqlarına yaşadıqları cəmiyyətdə istifadə edilən adları qoymuşdular. Buna baxmayaraq, nəsil-nəcabət məsələsindən söz açılan kimi, dərhal irəli atılar, özlərini hamıdan üstün tutmağa çalışardılar. Buna görə də, başqa ərəblərə yuxarıdan-aşağı baxır, qeyri-yəhudilərin vəzifəsinin onlara xidmət etmək olduğunu fikirləşir və iqtisadi həyatın əsaslarını əllərində saxlayaraq yaşadıqları yerdə hakim güc olmağa çalışırdılar. Zaman-zaman aralarında baş verən müharibələrin əsasında da bu hakimiyyət anlayışı və dünyəvi mənfəətə ehtiras amili əsas rol oynayırdı. Sehrbazlıq, fal və magiya kimi başqalarının bilmədiyi sahələrdə söz sahibi olan bu adamlar bu  biliklərdən də istifadə edərək üstün olduqları fikrini yaymağa çalışır və digərlərinin  məlumatsızlığından istifadə edərək cəmiyyətdə fərqlənirdilər. Bax: Mübarekfuri, er-Rahikul Mahtum, səh. 171.
[3]. Bax: “Bəqərə” surəsi, 2/245  (Allah yolunda (könül xoşluğu ilə halal maldan) yaxşı borc verən kimdir ki, (Allah da) onun mükafatını (əvəzini) qat-qat artırsın?! Allah (kimisini) sıxıntıya salar (ruzisini azaldar), (kimisinin də) ürəyini açar (bol ruzi verər). Siz (dünyada gördüyünüz işlərin əvəzini almaq üçün) Onun hüzuruna qaytarılacaqsınız)
[4]. Bax: “Casiyə” surəsi, 45/14
[5]. Bax: Vahidi, Esbabu Nuzuli’l-Kur’an, s. 394
[6]. Bax: “Ali-İmran”surəsi, 3/181
[7]. Əvs və Xazrəc qəbilələri arasında baş verən Buas müharibələri yüz iyirmi il davam etmişdir. Halbuki, bu iki qəbilə Bənu Qaylə kökündə birləşirdi və əslində, bir-biri ilə qohum idi.
[8]. Bax: Buhari, Sahih, 3/1377 (3566)
[9]. Bax: “Tövbə” surəsi, 9/4
[10]. Bu müqavilənin türk dilindəki mətni və həmin dövrün sosial şərtləri baxımından daşıdığı əhəmiyyət üçün bax: Bulaç, Ali, “Medine Vesikası”, “Yeni Ümit” jurnalı, il 17, sayı 68, səh. 47 və b.
[11]. Bax: ibn Hişam, Sire, 3/31-35; M. Hamidullah, İslam Peygamberi, 1/206 və b.
[12]. Bu vaxt Ruqiyyə anamız Hz. Osmanla, Zeynəb anamız da Əbul As ilə evli idi. Ümmü Gülsüm anamız isə Əbu Ləhəbin oğlu ilə evli olduğu halda, məkkəlilərin təzyiqinə boyun əyən Utbə sırf Allah Rəsulunun və Xədicə anamızın qəlblərinə dağ çəkmək məqsədilə onu boşamış və bununla da bu ailə dağılmışdı.
[13]. Bax: ibn Hibban, Sikat, 3/212 (707)
[14]. Həm Mutim ibn Adiyyin oğlu Cübeyr üçün Aişə anamızı istəməsi, həm də Hz. Havlənin Peyğəmbərimizlə evləndirmək üzrə onun adını çəkməsi ərəblər arasında mövcud olan bu adət-ənənəni açıq-aşkar göstərir.
[15]. Bu anlayışın formalaşmasında əvvəllər şəvval ayında baş vermiş böyük taun xəstəliyinin də müəyyən rol oynadığını ehtimal etmək olar. Bu inancın yanlış  olduğunu göstərmək üçün Hz. Aişə anamız: “Hansı ailə bizdən xoşbəxt idi ki?” − demiş və öz vəziyyətlərinin bu fikri felən təkzib etdiyini bildirmişdi. Bax: Müslim, Sahih, 2/1039 (1423); Tirmizi, el-Camius-Sahih, 3/401 (1093); Ahmed ibn Hanbel, Müsned, 6/54 (24317).
[16]. Bax: ibn Kesir, el-Bidaye ve’n-Nihaye, 3/224
[17]. Buhari, Sahih, 2/667 (1790)
[18]. Bax: Buhari, Sahih, 5/2148 (5353)
[19]. Bax: Muslim, Sahih, 2/1006 (1382-1384)
[20]. Bax: “Əhqaf” surəsi,  46/10
[21]. Bax: “Bəqərə” surəsi, 2/146
[22]. Suyuti, ed-Dürrü’l-Mensur, 1/357
[23]. Bax: “Zumər” surəsi, 39/67
[24]. Bax: “Bəqərə” surəsi, 2/97
[25]. Bax: İsfehani, Delail, 1/152
[26]. “Ali−İmran” surəsi, 3/64. Bu ayənin Hüdeybiyyə müqaviləsindən əvvəl nazil olduğu, Məkkənin fəthindən sonra isə təkrar göndərildiyi bildirilir. Bax: ibn-Kesir, Tefsir, 13/143.
[27]. Bir ayədə bu cəhət “Onlar Allahı qoyub alimlərini və rahiblərini, Məryəm oğlu Məsihi özlərinə tanrılar (rəblər) qəbul etdilər,” − ifadələri ilə təqdim edilir. Bax: “Tövbə” surəsi, 9/31.
[28]. “Ali-İmran” surəsi, 3/81.
[29]. Bax: ibn Kesir, Tefsir, 1/378