Mənəviyyata Açılan Pəncərə

Əqabə Beyətləri

Zaman dayanmaq zamanı deyildi. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) yenidən üzünü kənardan Məkkəyə gələnlərə tutmuş, başqa bölgələrdə yeni axtarışlara başlamışdı. Peyğəmbərlik vəzifəsinin verilməsindən artıq on iki il keçmişdi. Yenə bir həcc mövsümü idi. Ötən il gəlib müsəlman olan altı ənsarın yaşadığı məkandan − Mədinədən təzə xəbərlər gözləyirdi Peyğəmbərimiz.

Birinci Əqabə

Gözlənilən vaxt gəlib çatır və Peyğəmbərimiz gələnləri qarşılamaq və onlara İslamı çatdırmaq üçün yenə də Minaya gedir. Qərargahını sanki burada qurur, qarşısına çıxan hər bir adama ümidlə yaxınlaşır və onu Allaha iman gətirməyə dəvət edir. Bu izdihamın arasında Onu axtaranlar da var idi. Uzaqdan görən kimi qaça-qaça hüzuruna gəlirlər. Bunlar keçən il burada müsəlman olan mədinəli gənclər idi. Görüş yeri Minada Əqabə adlı məkan idi. Amma bu dəfə on iki nəfər idilər. Keçən il burada olan Cabir ibn Abdullah bu il gələ bilməmişdi. Ötən il gələnlərdən başqa, bu dəfə Muaz ibn Haris, Zəkvan ibn Abdulqeys, Übadə ibn Samit, Yəzid ibn Saləbə, Abbas ibn Übadə, Əbul Heysəm ət-Teyyihani və Uveymir ibn Saidə müsəlman olmuş və əbədi bir vüslət üçün Məkkəyə gəlmişdilər.

Bu görüş İslamla bağlı yeni açılım mənasına gəlirdi. Məkkədə daralan məngənə bundan sonra Mədinəyə tərəf genişlənəcək və Allah məfkurəsi zühur etdiyi yerdən köçüb başqa bir məkanda yerləşəcəkdi. Qısası, təqdirdə olan həyata keçir və Varaqa ibn Nəvfəlin dediyi də baş verirdi!

Xeyli söhbətdən sonra Allah Rəsulu (s.ə.s.) onları beyətə dəvət edərək belə deyir:

− Gəlin, Allahdan başqasını Ona şərik qoşmamaq, oğurluq və zina etməmək, övladlarınızı öldürməmək, əl və ayaqlarınıza hakim olub aranızda böhtan toxumları əkməmək, yaxşı və gözəl olan hər şeydə Mənə itaət etmək məsələsində beyət edin! Bundan sonra sizdən kim əhdinə sadiq qalaraq vəfalı davranarsa, bilsin ki, onun mükafatını şəxsən Allah verəcək. Kim bundan sonra bir çətinliyə məruz qalar və təqib edilərsə, bu da onun üçün bir kəffarədir. Günahlarını örtüb gizli saxlayanın hökmünü Allah verəcəkdir. İstəyərsə, bağışlayar, istəyərsə, cəzasını verər.

Qarşılarında Bəşərin Əmini Allah Rəsulu dayanmışdı. Onları fəzilətə dəvət edirdi. Onların bu günə kimi başına nə gəlmişdisə, dəvət edildikləri məsələləri qulaqardına vurduqları üçün gəlmişdi. İndi isə qarşılarında Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) fəzilətə dəvətini qəbul edərək arzuladıqları keyfiyyəti əldə etmək fürsəti var idi.

Bütün məsələlər danışılmış və artıq ayrılıq vaxtı gəlib çatmışdı. Ancaq mədinəli ənsarı dərindən düşündürən başqa bir xüsus var idi. Onlar Rəsulullahla (s.ə.s.) bir yerdə olduqları vaxt ərzində İslama aid bəzi hökmləri öyrənmişdilər. Lakin bu, daim yenilənən və ehtiyac olduqca hər gün yeni bəyanla gələn bir din idi. Bundan başqa, Xazrəc və Evs qəbilələri arasında hələ də sülh və ittifaq təsis edilməmişdi. Aralarından bir nəfərin çıxıb onlara rəhbərlik etməsini digərləri qəbul etməkdə çətinlik çəkər və bu mövzu da aralarında yeni bir problemin əsasını qoya bilərdi. Onlar Allah Rəsulu (sallallahu əleyhi və səlləm) ilə birlikdə olduqları birinci görüşdə  o günəcən  gələn ayələrə də vaqif ola bilməmişdilər. Deməli, onlara bir mürşid lazım idi. Ayrılmamışdan əvvəl fikirlərini Allah Rəsuluna bildirdilər. Hz. Məhəmmədin gözləri mədinəli müsəlmanlarla Mədinəyə qayıdacaq və hicrətdən əvvəl buranı mədəni bir şəhər halına gətirəcək bir adamı axtarmağa başlayır:

− Musab, − deyir Allah Rəsulu (s.ə.s.).

Bəlli idi ki, bu mürşid, dünən varlı ikən sırf müsəlman olduğu üçün evindən qovulan və hər cür imkandan məhrum edilən Musab ibn Umeyr olacaqdı.

Mədinəyə qığılcım düşmüşdü

Bu, əslində Musab üçün kədərli ayrılıq idi, o, sevimli Peyğəm­bərindən ayrı qalacaqdı. Amma vəzifə hər şeydən üstün idi. Musab Mədinəyə tərəf gedən həyəcan tufanı ilə birlikdə tərəddüdsüz yola çıxır. Mədinədə Rəsulullahı (sallallahu əleyhi və səlləm) o təmsil edəcək, Mədinəlilərə İslamı o öyrədəcəkdi. Necə şərəfli bir vəzifə idi ki, Musab hicrətdən əvvəl Mədinəni “müqəddəs köç”ə hazırlayacaq, bununla da mədəni Mədinənin bünövrəsini qoyacaqdı. Tək idi, amma təmsil etdiyi dinin gücü ilə birlikdə gedirdi.

Mədinədə Əsad ibn Zürarə qapısını onun üzünə açır. Evinə qəbul edir Musabı və birlikdə könüldəki gözəllikləri Mədinəyə yaymağın dərdinə dalırlar. Onlar gündəlik beş vaxt namazlarını burada qılır, hər gün yeni bir adama Allahın ayələrini oxuyur, dində kamilləşmək üçün mübarizə aparırdılar. Artıq Mədinəyə Allah adına bir qığılcım düşmüş və imanla bağlı yeni bir ocaq tutuşdurulmuşdu.

Musabın o qədər gözəl təmsil etmə qabiliyyəti var idi ki... Görənlər heyran olurdu. İxlası, səmimiyyəti, təvazökarlığı və gözəl əxlaqı ilə qısa müddətdə mədinəlilərin diqqətini cəlb etmişdi... Hər gün Mədinə əyanlarından biri Musabın yanına gəlir və o da onlara dinin incəliklərini başa salırdı. Himmətini (səy və cəhdlərini) Mədinəyə həsr etmiş, sanki təkbaşına bir ümmət halına gəlmişdi.

Əlbəttə, bu yolda çətinliklərlə də üzləşirdi... Bütün bunlar tanış hadisələr idi. Şəxsən Məkkədə ən çox əziyyət çəkən Allah Rəsulu (s.ə.s.) deyildimi? Çünki heç kim asanlıqla “təslim” olmaq istəmirdi. Amma Musabın yanına əlində qılıncla gələnlər imanla qayıdırdılar. Hz. Musab onun üstünə qəzəblə gələn yaxın gələcəyin böyük səhabələrinə qarşı elə mülayim davranırdı ki, ən qaba adam da onun bu yumşaq hərəkətlərinə uzun müddət tab gətirə bilmir və çox keçmədən gəlib təslim olurdu.

− Əvvəlcə gəl mənə qulaq as. Sonra istəyirsən, boynumu vur. Allaha and olsun ki, sənə qarşı çıxmayacağam, − deyirdi Musab. Bəli, dünya həyatına əhəmiyyət verməyən və bütün məqsədi insanlara həqiqəti çatdırmaq olan bu cür şəxsiyyətin qarşısında buzlar yavaş-yavaş əriyir və Hz. Musabın ətrafındakı iman həlqəsi gündən-günə bir az da genişlənirdi.

Bir gün Əsad ibn Zürarə onu qohumlarının yaşadığı məhəlləyə aparır. Bir quyunun yanına gəlib orada otururlar. Onların gəldiyini eşidən əyanlardan Sad ibn Muaz və Üseyd ibn Hudayr baş verən hadisələrdən narahat olur və öz aralarında bu məsələni müzakirə etməyə başlayırlar. Sad Üseyddən hər ikisini şəhərdən dərhal qovmağını istəyir.

Üseyd də nizəsini götürüb birbaşa onların yanına gəlir. Onun gəldiyini görən Əsadla Musab nələrin baş verə biləcəyini təxmin etmişdi. Amma onların dərdi başqa idi, çünki bir könüldə iman yer eləyibsə, həmin adam onu öldürmək istəyənlərə də həyat suyu verməli, imanın fərqli olduğunu göstərməli idi. Əsad Musabın qulağına əyilərək Üseydin kim olduğunu bildirir. Çünki təbliğdə qarşındakı adamı tanımaq çox vacib idi. Üseyd öz tayfasının böyüyü idi və Musab da bunu nəzərə alaraq danışmalı idi.

Üseyd onların yanına gələndə qəzəbli idi:

− Niyə buraya gəlib zəiflərin ağlını qarışdırırsınız? Əgər sağ qalmaq istəyirsinizsə, buradan uzaqlaşıb gedin, − deyir Üseyd.

Musab mülayim səslə:

− Bir az oturub qulaq asarsanmı? Əgər xoşuna gəlsə, qəbul edərsən. Xoşuna gəlməsə, biz sənin dediyini edərik, − cavabını verir.

Məntiqli cavab idi... Bu sözdən sonra insaflı hərəkət etmək lazım gəlirdi. Çünki Üseyd mühakimə qabiliyyətinə malik adam idi. Nəticəsi məlum idi; qulaq assa da, heç nə dəyişməyəcəkdi. Elə isə, nə zərəri ola bilərdi? Xoşuna gəlsə, lap yaxşı... Xoşuna gəlməsə, onsuz da,  çıxıb gedəcəkdilər. Nizəsini bir kənara qoyur və oturub Musaba qulaq asmağa başlayır.

Hikmət çağlayırdı Musabın dodaqlarından. Üseyd çox təsirlən­mişdi. Artıq təslim olmaq üzrə idi. Ürəyindəki daşqına mane ola bilmirdi. Üzündəki ifadələr qəlbindəki dəyişikliyi çoxdan müjdələmişdi. Musab hələ sözünü qurtarmamış müdaxilə edir və belə deyir:

− Bunlar nə möhtəşəm şeylərdir... Nə gözəl sözlərdir...

Sonra da əlavə edir:

− Bu dini qəbul etmək istəyən nə etməlidir?

Musab əvvəlcə qüslü öyrədir. Paltarlarının təmiz olmasından, tövhid kəlməsindən və namazdan danışır.

Üseyd bir andaca oradan uzaqlaşır... Bir müddətdən sonra qayıdarkən islanmış saçlarından su damcılayırdı. Üseyd inanmışdı və orada ürəyindən gələ-gələ kəlmeyi-tövhidi də söyləyir. İman onu çox sürətlə dəyişdirmiş, Musabın keçirdiyi  təlaşı o da yaşayırdı:

− Bir nəfər də var. Əgər o iman gətirsə, onun arxasında inanmayan adam qalmaz. Gözləyin, mən onu yanınıza göndərəcəyəm, − deyir.

Üseyd birbaşa Sad ibn Muazın yanına gedir. Onlar da yığışıb Üseydin gəlişini gözləyirdilər. Onu görən kimi:

− And olsun ki, getdiyi kimi gəlmir, − deyir Sad. Sad vəziyyətin nə yerdə olduğunu artıq başa düşmüşdü. Gələr-gəlməz:“Nə etdin?”− deyə soruşur. Üseyd əvvəlcə heç bir problem olmadığını bildirir:

− Allaha and olsun ki, həmin iki adamla danışdım. Narahatçılığa heç bir səbəb yoxdur. Mən əvvəlcə onları qovdum, onlar isə mənə “İstədiyini edərik” cavabını verdilər.

Üseydin məqsədi Sadı Musabla görüşdürə bilmək idi. “İplərı bizim əlimizdədir, istəyirsən, bir sən də dinlə” demək istəyirdi. Çünki gözəlliyi bütün aydınlığı ilə görə bilmək ücün vasitəsiz görüşə ehtiyac vardı.

Vəziyyətin bu qədər yumşalması, əlbəttə ki, hamının ürəyincə deyildi. Aranı qatmaq istəyənlər də var idi. Üseyd elə oradaca Sadın zəif damarına toxunan sözlər işlədir. Sözdə iş cızığından çıxırdı və buna mütləq müdaxilə edilməli və son qoyulmalı idi.

Sad qövmünün böyüyü idi. Belə bir qarışıqlığa imkan verə bilməzdi. Əsəbindən damarları şişmiş, az qala partlayacaqdı. Üseydə də acığı tutmuşdu; Onu məsələni kökündən həll etməyə göndərmişdi! Amma o təslim olub qayıtmışdı. Bir də gəlib eşitdiyi gözəlliklərdən bəhs edirdi. Artıq məsələni özü həll etməli idi. Nizəsini götürüb birbaşa Musabın yanına gedir. Hiddətlənmişdi. O qədər acıqlı idi ki, agzına gələni danışırdı. Əvvəlcə Musabı aralarına gətirən xalası oğlu Əsada yönəlib qəzəblə:

− Qohum olmasaydıq, canını əlimdən qurtara bilməzdin, − deyir. Musaba təhdidlər yağdırandan sonra ətrafdakılara qışqırırdı. Tufanlı dünyasında dalğalar sakitləşmək bilmirdi.

Musabda isə heç bir dəyişiklik hiss olunmurdu... Yenə təmkinini qoruyub saxlayırdı. Çünki ölumdən qorxusu yox idi. Onu öldürməyə gələnlərə də həyat bəxş etmək üçün bir fürsət axtarırdı:

− Nə olar, bir az qulaq as! Əgər bəyənsən, qəbul edərsən. Xoşuna gəlməsə, onda istədiyini edərsən, − deyir əvvəlki mülayimliklə...

Həqiqətən də, heç nə dəyişməyəcəkdi. Qərar yenə Sadın özünə aid idi:

− Düz deyirsən, − deyir. Çünki istəmədiyini ona zorla qəbul etdirəcək adam hələ anadan olmamışdı. Nizəsini bir kənara qoyub oturur və Musaba qulaq asmağa başlayır. Elə Musabın “Bismillah”ına vurulmuş, sözün başında məftun olmuşdu. Üzü nur saçırdı. Söz qurtarmamış o da Üseyd kimi soruşur:

− Bu dini qəbul edib təslim olmaq istədiyiniz vaxt nə edirsiniz?

Musab (r.a.) eyni şeyləri ona da başa salır. Qüsl, təmizlik, kəlmeyi-tövhid və namaz!...

Məhz haqpərəstlik, haqqa arxa olmaq bu idi. Hər şey ortada idi və həqiqəti olduğu yerdə qəbul etmək ayrı bir məziyyət idi. Çünki küfrün bəhanə gətirəcək bir məntiqi yox idi... Qalmamışdı, ola da bilməzdi... Artıq o da Musabın dizinin dibində qövmünün qapalı qəlbinə yol axtarmaq barədə düşünəcəkdi.

O da qövmünün yanına getdiyi kimi qayıtmırdı... Onun da bu dəyişikliyini çoxdan başa düşmüşdülər. Eyni təlaşı o da keçirməyə başlamışdı. O günə kimi fərqinə varmadığı bir sərvəti tapmışdı və bunu, tanıdığı bütün insanlarla bölüşməli idi!..

Onun gəlişini maraqla gözləyənlərə nəsə demək lazım idi. Qəbiləsindən bir nəfər də olsa, itki vermək istəmirdi. Əvvəlcə onlardan soruşur:

− Məni aranızda necə tanıyırsınız?

Hamı bir ağızdan onun pak və təmiz olduğunu deyir. Sad bu mövqeyini təzə tanış olduğu imanı üçün bir vasitəyə çevirmək istəyirdi. Mənbəyindən aldıqlarını onlara da söyləyir və sonra da oradakıları iman gətirməyə dəvət edir. Hər şeyini ortalığa qoyur və sonra da əlavə edir:

− Əgər Allah və Rəsuluna inanmasanız, istər qadın, istər kişi, hamınızla danışmaq mənə haram olsun. Üseyd və Sad kimi böyüklər İslamı qəbul etdiyi halda, qalanları bunu heç qəbul etməyə bilərdimi? Mədinə əhli bir-birinə baxırdı. Bu günə kimi onlara başçılıq edənlər gedib təslim olmuşdularsa, onlara da geridə qalmaq yaraşmazdı:

− Gəlin, birlikdə Musabın yanına gedək, biz də müsəlman olaq, − səsləri yüksəlirdi Mədinədə.[1]

Mədinə çox bərəkətli idi. Hər gün bu gün kimi səmərəli bir hal almışdı. Musabın xəbəri işıq sürəti ilə yayılırdı. Qısa müddətdə Mədinədə bir neçə qəbiləni çıxmaq şərtilə, içində müsəlman olmayan ev qalmamışdı. Musab (r.a.) bu evlərə bir-bir baş çəkir və könlünün zənginliklərini onlarla bölüşüb insanları “ənsar” olmağa hazırlayırdı. Mədinə sürətlə mədəni bir havaya bürünürdü.

Nur artıq Mədinədən kənara da yayılırdı. Hz. Musab ətrafdakı qəbilələrə də baş çəkir, onlara da eyni gözəllikləri aparırdı. Çünki Peyğəmbərimiz də eyni cür hərəkət etmiş, bir tərəfdən məkkəlilərə dini təbliğ edərkən, digər tərəfdən də ətrafdakı qəbilələrə İslamı çatdırmışdı. Onu (sallallahu əleyhi və səlləm) təmsil edən Musab (r.a.) da fərqli hərəkət etməməli idi və etmirdi də...

Bir gün Musab (r.a.) Allah Rəsuluna (s.ə.s.) məktub yazaraq bir tələblə bağlı necə hərəkət etməyi soruşur. Peyğəmbərimiz ona göndərdiyi cavabında cümə namazını başa salır və onlar da Sad ibn Heysəmənin evinə yığışıb ilk dəfə cümə namazını qılırlar. Bu, Mədinədə qılınan ilk cümə namazı idi.

Mədinəli müsəlmanların Əqabədə Rəsulullaha (sallallahu əleyhi və səlləm) söz vermələrinin üstündən artıq bir il ötmüşdü. İndi mədinəli müsəlmanlar bir yerə yığışanda böyük bir izdiham əmələ gəlirdi. Bunların hamısı çox gözəl hadisələr idi. Amma ayrılığa dözmək də mümkün deyildi. Rəsulullahın (s.ə.s.) Məkkədə qatlaşdığı çətinlikləri də bilirdilər və:

− Məkkə dağlarının arasında zülmə məruz qalmasına, sıxıntılı günlər yaşamasına daha nə vaxta kimi göz yumacağıq? − deyirdilər. Halbuki, Mədinə daha munis və daha səmimi idi, Allah Rəsuluna (sallallahu əleyhi və səlləm) qucağını açmışdı. Bu cür olmazdı. Necə olursa-olsun, yollar birləşməli və bu həsrət sona çatmalı idi. Bunun üçün ortada iki alternativ var idi: ya onlar Məkkəyə gedib orada Ona camaat olacaq, ya da Onu Mədinəyə dəvət edərək başlarının tacı edəcəkdilər. Hər iki yolda müəyyən çətinliklər var idi. Amma bütün sıxıntılar nəzərə alınaraq məsələ aydınlaşdırılmalı və bu ayrılıq mütləq qurtarmalı idi.

Mədinədən dəvət var

Yenə həcc mövsümü çatmış, Məkkə istiqamətində bir hərəkət başlamışdı. Həcc ibadəti üçün Kəbəyə gələnlərin arasında mədinəli müsəlmanlar da var idi. Onlar ikisi qadın olmaqla cəmi yetmiş beş nəfər idi. Uzun və yorucu səfərdən sonra artıq Məkkəyə çatmışdılar. Müsəlmanlar birlikdə bayram günlərini yaşayırdılar. Amma məkkəlilərin bu qədər adamın Kəbəyə gəlib Peyğəmbərimizlə (sallallahu əleyhi və səlləm) görüşməsinə tab gətirməsi mümkün deyildi. Buna görə də, başqa bir çarə tapılmalı və maneəsiz bir görüş təşkil edilməli idi. Bu məqsədlə aralarından Kab ibn Maliki və Bəra ibn Maruru seçib Kəbəyə göndərdilər. Həmçinin Hz. Bəra gördüyü bir yuxunun təsirinə qapılaraq yol boyunca namazlarını Kəbəyə tərəf qılırdı. Yoldaşları onun bu davranışını qınamışdılar. Çünki bu, Peyğəmbərimizin (s.ə.s.) tətbiqatına müxalif olmaq mənasına gəlirdi. O da işin əslini Allah Rəsulundan soruşmağa tələsirdi.

İşin maraqlı tərəfi onda idi ki, bu iki nəfərin heç biri əvvəllər Hz. Məhəmmədi (sallallahu əleyhi və səlləm) görməmişdi: Allah Rəsulunu üzdən tanımırdılar. Yolda gedərkən aralarında danışmağa başlayırlar. Onu necə tanımağı götür-qoy edirlər. Qabaqlarına çıxan bir məkkəlidən soruşurlar. Məkkəli də:

− Siz Onun əmisi Abbas ibn Abdulmuttalibi[2] tanıyırsınızmı?

Onlar ticarət məqsədilə Mədinəyə gələn Hz. Abbası tanıyırdı. Buna görə də:

− Bəli, − deyirlər.

Məkkəli:

− Elə isə, işiniz asandır! Çünki O, Kəbədə Abbasın yanında oturan şəxsdir! Ora gedəndə görəcəksiniz, − deyir.

Artıq tərəddüdsüz gedirdilər. Kəbəyə çatırlar. Hz. Abbas diz çöküb oturmuşdu, yanında da Bəşərin Əmini vardı. Yaxınlaşıb salam verirlər. Səmimi duruşlarını görən Allah Rəsulu (sallallahu əleyhi və səlləm) üzünü Hz. Abbasa tutub:

−  Bu adamları tanıyırsanmı, ey Əba Fadl? − deyə soruşur.

Hz. Abbas:

− Bəli. Bu, tayfasının böyüyü olan Bəra ibn Marurdur, o birisi də Kab ibn Malikdir, − deyir.

Peyğəmbərimizin (s.ə.s.) üzündə sevinc əlamətləri var idi, çünki bunlar təkcə özlərini təmsil etmirdilər. Onların arxalarında yetmişdən çox adam var idi və o yetmişdən çox insanı təmsil edirdilər. Necə görüşə biləcəklərini soruşurlar. Yeni ünvan da yenə Mina və əvvəlki illərdə olduğu kimi Əqabə deyilən yer idi. Onlar yoldaşlarının yanına gəlib hamını vəziyyətdən xəbərdar edirlər.

Ancaq onlarla Mədinədən gələn digər  insanlar bunu bilmirdilər. Buna görə də, ilk gecəni bir yerdə qalırlar və digər adamlardan xəlvət, gecədən xeyli keçmiş görüşürlər. Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) yanında yenə əmisi Hz. Abbas var idi. Bir anda qarşısında yetmiş beş nəfəri görən Allah Rəsulu çox sevinmişdi. Məkkə on üç ildir qapılarını belə ürəklə açıb imana “buyur” deməmişdi. Bəlkə də, Məkkədəki çətinliklər Mədinədə mərhəmətə çevrilib yağmağa başlamışdı.

Bir ilin səmərəsi müzakirə edilmiş və bu səviyyəyə gələnə kimi baş verənlər danışılmışdı. Hz. Musabın Onu daha çox sevindirəcək bir başqa müjdəsi var idi... Bu, eyni zamanda, hər bir mömindən gözlənilən bir müjdə idi...

Musab nemətə şükür edə-edə bunları söylərkən çox duyğulanır:

− Ey Allahın Rəsulu! Mədinədə İslamın danışılmadığı heç bir ev qalmadı, − deyir utancaqlıqla. Çünki bir yerdə inanan bir könülün olması artıq din adına o məkanın fəth edilməsi demək idi. Rəsulullah (s.ə.s.) hədəf göstərmiş, Musab da vəzifəsini başa düşmüşdü... Dolayısilə, atdığı addımlara cavab verilmiş və əkdiyi səmimiyyətin səmərəsini dərib bura gətirmişdi...

Mədinəli müsəlmanların müştərək bir tələbi var idi. Könüllərinin Gülü Hz. Məhəmmədi Mədinəyə dəvət edirdilər. Mənzərə onsuz da göz qabağında idi. Mədinə İslamı yaşamaq üçün daha əlverişli görünürdü. Həm də insanları da daha istiqanlı və dini həyat üçün daha uyğun idi.

Bəli, Allah Rəsulu dəvət edilirdi, amma bu dəvəti qəbul etmək özü ilə bir bədəl gətirəcəkdi. Məsələ təkcə Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) hicrət etməsi ilə həll edilə bilməzdi, iman gətirənlərin hər biri Mədinəyə getməli idi. Çünki Qureyş burada qalanlara hər cür tələ qurar, onlara nəfəs almağa imkan verməz və həyatı zəhər edərdi. Bu isə öz-özlüyündə bir problem demək idi. Çünki ev, mal-mülk burada qalacaq, yaxınlar və qohumlar arxada buraxılacaq, hətta bəziləri ata-analarından, bir qismi arvad-uşağından ayrı düşəcək, bağ-bostanları qureyşlilərin əlinə keçəcəkdi. Qısası, buradan qəbir evinə gedən, dünya həyatına aid hər şeyi bir kənara ataraq gedəcəkdi. İşin digər bir tərəfi də vardı. Əldə-ovucda heç bir imkan olmadan Mədinədə yeni həyat qurulmalı, iş tapılmalı və dini həyata aid mənəvi rahatlıq  əldə edilərkən, həm də arvad-uşaq aclıq və səfil vəziyyətdə qalmamalı idi. Burada isə söhbət bir neçə yox, düz 180 ailədən gedirdi. Bütün bunlar vaxtında həll edilməsə, ciddi sosial problemlər meydana gələr və çox insan əziyyət çəkərdi.

Bəlli ki, Rəsulullahın (s.ə.s.) Məkkəni tərk etmək qərarı qəti idi. On üç il idi ki, yalnız onların imanı üçün mübarizə aparmış, amma bunun müqabilində həmişə təzyiq və zorakılıq görmüşdü. İndi isə qarşısında daha fəal və bu işə ürəkdən dəstək verən adamlar var idi. Gedişatı seyr edən Hz. Abbas qardaşı oğlu Hz. Məhəmmədi öz məmləkətinə dəvət edənlərə nə isə demək ehtiyacı hiss edir. Araya girir və:

− Ey Xazrəc camaatı![3]  Bildiyiniz kimi, Məhəmməd, hər şeyə rəğmən, bizim aramızdadır. Bütün maneələrə baxmayaraq,  biz də Onu qoruyuruq.

Amma bu anda O, sizin aranıza qatılmaq və sizinlə birlikdə gəldiyiniz yerə getmək üzrədir. Əgər Onu dəvət etdiyiniz məsələdə vəfa göstərə biləcəksinizsə, bu işə “bəli!“ deyin. Sabah Rəsulullaha dəstək olub Onu düşmənlərindən canlarınız və mallarınız kimi qoruyacaqsınızsa, heç bir şey demirəm. Amma buranı tərk etdikdən sonra Onu tək qoyacaq, düşmənlərinə təslim edəcək  və incidəcəksinizsə, indidən bu işdən əl çəkin və qoyun yenə O, bizimlə qalsın. Çünki O, hər cür çətinliyə rəğmən, öz qövmünün arasında şərəf və ləyaqətlə yaşayıb təbliğ vəzifəsini yerinə yetirir, − deyir.

Hz. Abbas bu çıxışı ilə belə bir dəvətin nə mənaya gəldiyini xatırladırdı. Məqsəd Ənsarın bu dəvətin mahiyyətini dərk etməsinə nail olmaq və hər şeyə rəğmən, onların iradə göstərib qardaşı oğluna sahib çıxmağını təmin etmək idi. Çünki irəlidə qardaşı oğlu Məhəmmədül-Əminlə ayrılıq görünürdü. Əlbəttə ki, Rəsulullahın qorunması ilə bağlı qətiyyət görmədən Onu başqalarına əmanət etmək olmazdı.

Ancaq Mədinəlilərin gözləri qorxmaz, qərarları qəti idi. Əvvəlcə Hz. Abbasa tərəf dönüb belə deyirlər:

− Dediklərini dinləyib  məqsədini başa düşdük. Sonra da üzlərini Allah Rəsuluna (s.ə.s.) tutub:

−  Ey Allahın Rəsulu! Mövzu ilə bağlı həm Rəbbin üçün, həm də Özün üçün bizdən nə istəyirsən?

Bu dəfə Bəşərin Əmini danışmağa başlayır. Əvvəlcə Allaha həmd edib Qurandan ayələr oxuyur. Sonra da İslama aid ümumi məsələlərdən danışır və dünənlə bu günün müqayisəsini aparır. Ardınca da:

− Xoş günlərinizdə də, çətin vaxtlarınızda da sizdən mütləq itaət istəyirəm. Həm qıtlıq, həm də bolluq dövrlərində Allah üçün mallarınızdan xərcləyəcəksiniz. Ona heç bir şeyi şərik və ortaq qoşmadan ibadət edəcək, namazınızı qılıb zəkatınızı verəcəksiniz. Yaxşılıqları əmr edəcək və pisliklərdən həmişə çəkindirəcəksiniz! Daima Allah üçün addım atacaq və başqalarının qınağından da narahat olmayacaqsınız. Sizin aranıza gəldiyimdə uşaqlarınızı və həyat yoldaşlarınızı qoruyub himayə etdiyiniz kimi, Məni də qoruyacaq və kömək edəcəksiniz, − deyə buyurur.

Bəra ibn Marur Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) əlindən tutur və:

− Bəli, Səni Haqq ilə göndərənə and olsun ki, qadınlarımızı qoruduğumuz kimi, Səni də qoruyacağıq. Sənə söz verir və beyət edirik, ey Allahın Rəsulu! Allaha and olsun ki, biz hərbi  bilən, əli silah tutan bir tayfayıq və bu, bizə əsrlərdir müharibə meydanlarında çarpışan atalarımızdan miras qalıb.

Bu vaxt Əbul-Heysəm irəli çıxır. Onun da sözü vardı:

− Ya Rəsulullah! Bizimlə oradakı bir tayfa arasında problem var və onlarla tez-tez müharibələr edirik. Əgər biz onlarla döyüşməyə davam edərkən Allah Sizə qələbə bəxş etsə və bu işi artıq hər kəs qəbul etməyə başlasa, o vaxt Sən bizi qoyub yenidən Məkkəyə dönərsənmi?

Peyğəmbərimizin simasında  təbəssüm çiçəkləri açır. Və sonra bunları deyir:

− Xeyr, əksinə! Qana qanla, himayəyə himayə ilə cavab verilər. Artıq Mən sizin bir parçanızam, siz də Mənim bir parçamsınız. Sizin döyüşdüklərinizlə Mən də döyüşər, sülh bağladıqlarınızla Mən də sülh içində yaşayaram.

İndi məsələ daha da aydınlaşmışdı. Əsad ibn Zürarə də gəlib Peyğəmbərimizin (s.ə.s.) əlindən tutur və o da eyni sözləri deyir. Artıq məsələ yekunlaşmışdı. Hətta Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) əlini buraxmayan Hz. Əsadı qövmü xəbərdar edib “Burax əlini, beyət edək!” demək istəyirdi. Bundan sonra Rəsulullah (sallallahu əleyhi və səlləm) onların öz aralarından on iki nəfərlik bir təmsilçi heyəti seçməsini istəyir. Bunu tələb edərkən də Hz. Musa və Hz. İsaya istinad edir və hər Peyğəmbərin də qövmləri arasından bəzi adamları seçib onlar vasitəsilə məsələləri idarə etdiyini ifadə edirdi. Hər biri bir qəbiləni təmsil edən bu təmsilçilər burada yoldaşlarını təşkilatlandıracaq, həmçinin  Mədinədə öz tayfaları arasında bir özək olacaq və bununla da Mədinədə İslamın daha sürətlə yayılmasını təmin edəcəkdilər. Onlar da Əsad ibn Zürarə, Sad ibn Rəbi, Abdullah ibn Rəvaha, Rafi ibn Malik, Bəra ibn Marur, Abdullah ibn Amr, Übadə ibn Samit, Sad ibn Übadə və Münzir ibn Amr olmaq üzrə doqquz xazrəclini, Üseyd ibn Hudayr, Sad ibn Haysəmə və Rifaa ibn Abdulmünzir olmaqla üç esvlini, yəni on iki nəfərlik heyəti özlərini təmsil etmək üçün seçirlər. Məkkəli müsəlmanları şəxsən Allah Rəsulu (sallallahu əleyhi və səlləm) təmsil edirdi.

Artıq məsələnin son nöqtəsi qoyulurdu ki, bu vaxt Abbas ibn Üba­də adlı biri irəli çıxır və öz yoldaşlarına belə səslənir:

− Ey Xazrəc camaatı! Siz bu adama beyət edərkən nə etdiyinizi bilir­sinizmi?

− Bəli, − deyirlər. Abbas ibn Übadənin məqsədi insanların Allah Rəsuluna daha möhkəm arxa olmasını təmin etmək idi və sözlərinə davam edir:

− Siz ağ və qara hər kəsi gözünüzə alır və bununla onlara müharibə elan etmiş olursunuz! Əgər siz mal-mülkünüz hədər gedib əyan-əşrəfiniz də müsibətlərə düçar olanda sözünüzün üstündə dura biləcəksinizsə, heç bir problem yoxdur. O vaxt dünya və axirət səa­dəti, demək ki, sizin olacaq. Amma sabah bir çətinliyə düşən kimi əhdinizə sadiq olmasanız, o vaxt həm bu dünyada, həm də axirətdə məhrumiyyətlərlə üzləşəcəksiniz.

− Biz mallarımızın hədər getməyi və böyüklərin müsibətlərə düçar olmağı bahasına olsa da, bu işə girir və  Allah Rəsulunu buna görə dəvət edirik.

Sonra Peyğəmbərimizə üz tutub:

− Əgər biz əhdimizə vəfa göstərsək, bunun əvəzində nə əldə edəcəyik, ey Allahın Rəsulu?− deyə soruşanda, Rəsulullah (sallallahu əleyhi və səlləm) tərəddüdsüz:

− Cənnət!− buyurur. Növbə son həmləyə gəlmişdi. Buna görə də böyük ehtiramla:

− Ey Allahın Rəsulu, uzat əllərini, Sənə beyət edəcəyik, − deyirlər.[4]

Bundan sonra da bir-bir gəlib Peyğəmbərimizin əlini sıxır, beyətlərini yekunlaşdırırlar. Təkcə Mədinədən bura kimi gələn iki qadın − Ümmü Uməra kimi tanınan Nəsibə binti Kab və Əsma binti Amr uzaqdan işarə etmiş və bununla da Peyğəmbərimizin əlini sıxmadan beyət etmişdilər.[5]

Minadakı səs və Peyğəmbərimizin davranışı

Artıq məsələ həll edilmişdi və Peyğəmbərimizi (sallallahu əleyhi və səlləm) Mədinəyə dəvət edənlər məqsədlərinə nail olmuş və sevinclə geri qayıdırdılar. Bu işin davamı üçün  mədinəli müsəlmanlar yurdlarına gələcək, məkkəli müsəlmanları, yəni mühacirləri gözləməyə və onlara Mədinədə necə sahib çıxmağı düşünməyə başlayacaqdılar.

Bu vaxt Minada:

− Ey Cəbacib (Mina) əhalisi,− deyə bir səs eşidilir. Məkkəlilərə səslənirdi: “Məhəmməd və Onunla bırlikdə hərəkət edən bu sabilər sizə qarşı döyüşmək üzrə əl sıxıb razılaşdılar,” − deyə çığırırdı. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) bu haqda  buyurur:

− Bu, Əqabənin  şeytanı Əzəbbdir.

Sonra da:

− Allaha and olsun ki, ey Allahın düşməni, sənə də vaxt ayıracaq, səninlə də məşğul olacağam,− deyir. Və üzünü ümmətinə tutub  hamının dərhal axşam qaldığı yerə qayıtmasını əmr edir. Peyğəmbərimizin az da olsa təlaşını görən Abbas ibn Übadə yenə irəli atılır və Ənsarın vəzifəsinin bu andan başladığını göstərir:

− Ey Allahın Rəsulu! Səni Haqq ilə göndərən Allaha and olsun ki, əgər istəsən, dan yerinin ilk işıqları ilə Minaya gələr və etiraz edəni məhv edərik.

Mərhəmət Peyğəmbəri baş verənlərin təsirinə qapılıb hərəkət etmir və Allahın əmri olmadan addım atmırdı. Buna görə də, əvvəlcə Hz. Abbasa:

− Buna bizim icazəmiz yoxdur, biz bu məsələ ilə bağlı əmr almamışıq, − deyir. Sonra da bütün müsəlmanlara səslənərək:

−  Allahın izni və bərəkətiylə öz yurdunuza qayıdın, − buyurur.[6]

Bir gecədə bu qədər hadisə yaşanmış, amma məkkəlilərin ruhu belə xəbərsiz qalmışdı. Onsuz da eşitməməli idilər. Buna görə də, çox diqqətli hərəkət edilmiş, kimsənin xəbər tutmaması üçün böyük səy göstərilmişdi. Əks təqdirdə, hücum etməyə bəhanə axtaran Qureyş yenidən yollarını kəsər və yeni qərarlaşdırılan strategiyanı həyata keçirməyə əsla imkan  verməzdi.


[1]. Bax: ibn Hişam, Sirə, 2/283 və b.
[2]. Hz. Abbasın nə vaxt müsəlman olması barədə müxtəlif fikirlər var. Bəziləri onun Bədirdən sonra müsəlman olduğunu söylədiyi halda, bir qisim tarixçilər onun Məkkədə ikən müsəlman olduğunu və bunu gizləyərək qardaşı oğlu Muhəmmədul-Əminə daxildən dəstək olduğunu qeyd edirlər. Müəyyən hadisələrdəki çıxışlarına nəzər yetirilərsə, bu fikir digərlərindən daha məntiqli görünür. Çünki hicrət əsnasında Hz. Abbas da izn istəmişdi. Peyğəmbərimiz (s.ə.s.) “Sənin Məkkədə qalmağın daha xeyirlidir” deyərək ona hicrət izni verməmişdi. Hətta onun hicrəti ilə bərabər bu məsələnin də artıq sona çatacağını müjdələmiş və Hz. Abbas  eynilə müjdəsi verildiyi kimi, Məkkənin fəthindən bir az əvvəl Mədinəyə gələrək bu işə son nöqtəni qoymuşdu. Müşriklərin məcburiyyət və təzyiqləri ilə Bədir döyüşünə gələn Abbasa kimsənin toxunmamasını elan edən Peyğəmbərimizin bununla da onu Məkkədə strateji niyyətlə saxladığı aydın olur. Bax: ibn Əsir, Usdul-Ğabə, 3/163,164)
[3]. Xazrəc qəbiləsi digərlərindən daha güclü olduğu üçün o dövrdə Mədinə deyiləndə ağıla onlar gəlirdi. Və Hz. Abbas Xazrəc deyəndə bütün mədinəliləri nəzərdə tuturdu.
[4]. Bax: ibn Hişam, Sirə, 2/287 və b.
[5]. Bax: ibn Hişam, Sirə, 2/287 və b. əl-Mısri, Siratur-Rəsul, s. 179 və b.
[6]. İbn Hişam, Sirə, 2/296, 297