Mənəviyyata Açılan Pəncərə

Həbəşistan Hicrətləri

İlk vəhyin nazil olmasından beş il ötmüşdü. Rəcəb ayı idi. İbn Ərkamın evi problemləri qismən də olsa, həll etmiş, imanla bağlı məsələlərin daha sakit şəraitdə müzakirə edilməsinə zəmin hazırlamışdı. Ancaq bu, sadəcə sözügedən evlə məhdudlaşırdı, buradan çıxan  insanlar yenidən təqib edilir, xüsusilə, zəif və himayəsiz olanlar getdikcə artan zorakılığa məruz qalırdılar. Hər ötən gün məkkəlilər daha da qəddarlaşır və möminlərin müsəlman kimi yaşamaq haqqını tanımırdılar. Buna görə də, məsələnin birdəfəlik həll edilməsi lazım idi. Bu vaxt Uca Allah (cəllə cəlaluhu) Cəbrail vasitəsilə möminlərə yeni bir yol göstərmişdi: − Ey Mənim iman gətirən bəndələrim! Rəbbinizdən qorxun. Bu dünyada yaxşılıq edənlərə axirətdə yaxşılıq vardır. Allahın yaratdığı yer üzü genişdir. Yalnız dünyada Allah yolunda çətinliklərə səbir edənlərə axirətdə saysız-hesabsız mükafat veriləcəkdir!”[1] Ayə hər kəsə açıq şəkildə hicrət əmri verməməklə yanaşı, belə bir səfərin dini həyatı yaşamaqda gətirəcəyi rahatlıqdan bəhs edirdi. Madam ki, yer üzü genişdir, o zaman bu genişlikdən istifadə etmək lazım idi. Buna görə də Allah Rəsulu (s.ə.s.) belə istiqamət verir: − Kaş Həbəşistana gedə biləydiniz... Çünki ora etibarlı bir yerdir. Həm də orada bir məlik var ki, yanında heç kimə zülm edilməz! Həbəşistan Məkkə üçün tanış yer idi, çünki ticarət məqsədilə tez-tez oraya gedir və müəyyən ehtiyaclarını orada təmin edirdilər. Bu gediş-gəliş nəticəsində xeyli məlumat əldə etmişdilər. Buna görə də möminlər Nəcaşinin ölkəsinə sövq edilirdi. Birinci hicrət Peyğəmbərimizin (s.ə.s. ) bir işarəsi belə kütlələri hərəkətə gətirərdi. O ki qaldı, açıq-aşkar Həbəşistana getməyin daha təhlükəsiz olduğunu buyurur və möminləri buna təşviq edirdi. Buna görə də, səfər hazırlıqları başlayır və Məkkədəki zülmə hədəf olmaqdan qurtulub dini daha yaxşı yaşamaq üçün dördü qadın olmaqla cəmi on beş[2] nəfərlik bir dəstə yola düzəlir. Başlarında Peyğəmbərimizin (s.ə.s.) kürəkəni Hz. Osman da var idi. Təbii ki, bu hicrət fürsət axtaran qureyşlilərdən gizli ediləcəkdi. Gecənin qaranlığında və heç kimə xəbər vermədən Məkkədən yeni dünyaya hicrət başlayırdı. Bu, ilk hicrət idi; sonunda nələr olacağı məlum deyildi, amma nə əhəmiyyəti var idi?! İstiqamət verən O idisə, kədərlənməyə nə hacət?! Bəziləri piyada, bəziləri də miniklə sahilə qədər gəlib çatmışdılar. Allah yollarını açmışdı; Onları sahildə gözləyən gəmi görürlər. Yarım dinara razılaşır və hamısı bu gəmilərlə  Həbəşistanın yolunu tuturlar. Qısa müddət sonra Məkkədə Hz. Osman və həyat yoldaşı Ruqiyyə anamız, Musab ibn Umeyr, Abdurrəhman ibn Avf, Əbu Sələmə və xanımı Ümmü Sələmə anamız[3] və Osman ibn Məzun kimi tanınmış insanlar da daxil olmaqla bu adamların yoxluğu bəlli olmuş, onları axtarıb tapmaq üçün Qureyşin elçiləri arxalarınca getmişdilər. Amma çox gecikmişdilər, çünki onlar sahilə çatanda gəmilər çoxdan getmiş və möminlər sağ-salamat yelkən açmışdılar. Nəhayət, müsəlmanlar Həbəşistana gəlib çatırlar. Artıq burada nə Əbu Cəhillə Əbu Ləhəbin qoluzorluları, nə Utbə və Şeybənin həqarətləri, nə də Ukbə ilə Ümeyyənin kinayəli atmacaları var idi. Məkkədə ikən ancaq dinlərini yaşamaq üçün atdıqları hər addımda qarşılarına çıxan bütün maneələr bir anda yox olmuşdu. İndi onlar namazlarını rahatlıqla qılmaq və səmimi şəkildə Quran oxumaq fürsəti əldə etmişdilər.[4] Peyğəmbərimiz Həbəşistana gedənlərdən xeyli vaxt xəbər tuta bilməmişdi. Başlarına nə gəldiyindən məlumatı yox idi. Nəhayət, o tərəflərdən gələn bir qadın Rəsulullahın (s.ə.s.) hüzuruna gəlib Hz. Osmanı və Hz. Ruqiyyəni gördüyünü bildirir. Bu xəbərdən sevinən Allah Rəsulu: − Şübhəsiz ki, Osman və xanımı, İbrahim və Lutdan sonra ailəliklə hicrət edən ilk evin sahibidir,[5] − buyuracaqdı. Geriyə qayıdış Bu ilk hicrət Rəcəb ayında başlamışdı. Aradan iki ay keçmişdi. Ramazan ayının bir günündə Allah Rəsulu (s.ə.s.) yenə Kəbəyə gəlib Allaha ibadət edirdi. Yenə ətrafına adamlar yığışmışdı, Onun nə etdiyinə tamaşa edirdilər. Bir ara Rəsulullah (s.ə.s.) bütün varlığı ilə Quran oxumağa başlayır. “Nəcm” surəsini oxuyurdu. Eşitdikləri bu kəlam insanların  marağına səbəb olmuşdu. Onu diqqətlə dinləyirdilər. Çünki əvvəllər həmişə qalmaqal salmış və yanlarında Quran oxunarkən hay-küy qopararaq insanların Allahın kəlamından yararlanmasına mane olmaq istəmişdilər.[6] Bəlkə də, ilk dəfə bu qədər aydın eşitmiş, ilahi kəlamın ağırlığını ilk dəfə bu qədər maneəsiz duymağa fürsət tapmışdılar. Ora yığışanlar əsl məqsədlərini unutmuş, Quranın sehrli dünyasına qapılmışdılar. Ürəkləri oxşayan o ilahi bəyan, sanki, zehinlərdəki bütün kiri, pası silib-süpürmüş, onları başqa insanlara çevirmişdi. Nəhayət, Peyğəmbərimiz (s.ə.s.) surənin axırındakı səcdə ayəsini oxuyandan sonra səcdə edir. Bu nə idi? Qurana qulaq asanların hamısı nə etdiklərinin fərqinə varmadan Allah Rəsulunu təqlid edib Onunla birlikdə səcdəyə gedir. Bu kəlama və onu insanlara çatdıran Rəsulullaha (s.ə.s.) müharibə elan edənlər sanki onlar deyildi! Kəbənin Rəbbi sanki gələcək günlərin pərdəsini aralamış, bu günlərdən birini məkkəlilərə göstərirdi! Təbii olaraq bu mənzərəni kənardan görənlər də var idi; amma çox yaxın olmayan bu adamlar gördükləri mənzərəyə bir məna verə bilməmişdilər; Peyğəmbərimizlə birlikdə səcdə edən məkkəliləri qınayırdılar. Bu qınaq onları yenidən küfrə çağırırdı. Və çox keçməmiş onlar ovsunlandıqları  iddiası ilə oradan uzaqlaşırlar. Bu hadisə Həbəşistana çatana kimi ağızdan-ağıza keçərək müxtəlif təhrif və dəyişikliklərə məruz qalmışdı və həmin hadisənin təkcə zahiri tərəfləri danışılırdı. Həmin xəbərə görə, artıq bütün məkkəlilər müsəlman olmuşdu. Belə idisə, Rəsulullahdan (s.ə.s.) ayrı qalmağa nə hacət vardı?! Məkkəlilər müsəlman olubsa, deməli, artıq orada işgəncə və zülm də qalmayıb. Həqiqətən də, Həbəşistandakı müsəlmanlar bu xəbərə çox sevinmişdilər. Amma digər tərəfdən də heyrət edirdilər: bu qədər kin-küdurət, inadkarlıq iki ay ərzində necə dəyişə bilərdi, daş qəlblər necə yumşalıb Haqq qarşısında səcdəyə gedə bilərdi? Deməli, Allah istəyincə hər şey olurdu... Dərhal Məkkəyə qayıtmağa qərar verdilər. Yenə də gəmi ilə qarşı sahilə çatmışdılar. Artıq Peyğəmbərimizə, Məkkəyə, Kəbəyə, digər mömin qardaşlarına, övladlarına, mal-mülklərinə qovuşmağın həyəcanı ilə gəlirdilər. Nəhayət, Məkkəyə bir saatlıq yol qalanda işin gerçək tərəfini başa düşmüşdülər. Bir yanlışlığın qurbanı olmuşdular! Həqiqətən də, çox çətin vəziyyət idi, bir müddət iki fikir arasında qaldılar; yenidən Həbəşistana qayıtmaq, yoxsa  Məkkəyə daxil olmaq? Sonra bir hissəsi Həbəşistana qayıtmaq, digər hissəsi isə gecənin qaranlığında Məkkəyə girmək qərarını verir. Bəli, Həbəşistana qayıdanlar yenə xilas olmuşdular; düz­dür, bu qədər yaxına gəldikləri halda, Rəsulullahla (s.ə.s.) görüşə bilməmiş, Kəbəni ziyarət edib doğmaları ilə hal-əhval tutmadan geri dönmüşdülər. Amma heç olmasa, özlərini Məkkənin kin-küdurət və nifrətindən qorumuş, ibadətlərini rahatlıqla etdikləri bir şəraitə qovuşmuşdular. Məkkəyə gələnlər arasında isə özlərinə hami tapanlar, bir müddət də olsa, işgəncələrdən xilas ola bilmişdi. Lakin digərləri yenə keçmiş günlərinə geri qayıtmış və əzab-əziyyətin  daha betərinə düçar olmuşdular. Bu dəfə müşriklər əvvəlki köçü bildikləri üçün işi ehtimala buraxmır və harda rastlaşsalar, sözlə və hərəkətlə onlara işgəncə verirdilər. Musab ibn Umeyrin vəziyyəti Musab ibn Umeyr Məkkəli bir qisim müsəlmanların Həbəşistana hicrət xəbərini alan kimi, ümidlənmiş və bir yol tapıb həbs edildiyi yerdən qaçaraq Həbəşistana hicrət etmişdi. Allah yolunda hicrət edən ilk mühacirlərin arasında artıq o da var idi. Daha nə anasının zülm və tənəsi, nə də atasının qəzəbli baxışları qalmışdı! İndi isə şaxtalı günlərdə çıxan Günəş kimi Həbəşistan dövrü bitmiş, yenidən Məkkəyə qayıtmışdılar. Bu, anası üçün ələdüşməz fürsət idi və qayıdan kimi Musabı yenə həbs etmək istəyir. İkisi də qərarlı idi və ikisi də ağlayırdı; anası “bir xəyal uğruna” itirdiyi oğluna ağlayır, oğlu isə qəlbinin qapılarını Haqqa qıfıllamış anasının lüzumsuz inadkarlığına yanırdı. Ürəyi imanla dolub-daşan bir gəncin imana qarşı od püskürən bir ana ilə imtahanı küfrdə inadla imanda israrın bir mübarizəsi idi! Bu vəziyyət valideynləri Musabı evdən qovana kimi davam edəcəkdi. Hünas binti Malik ona qulaq asmayan bir övlada “oğul” nəzəri ilə baxmaq istəmirdi. Bir gün Musabın anası əməlli-başlı əsəbiləşmişdi. Təkidlə tələb etmişdi, amma Musab Allahını inkar edib heç cür bütlərə sitayiş etmirdi. Ananın içindəki kin övlad sevgisini kölgədə qoyurdu: − Nə istəyirsən, elə. Daha mən sənin anan deyiləm, − deyir. Musabı hər şeydən məhrum etmişdi. Oğlunu evindən qovub qapını bağlayarkən eyni zamanda qəlb qapılarını imanın üzünə tamamilə bağlamış olurdu. Bir ananın övladından qopması nə qədər çətin idisə, qəlbi imanla dolu bir övladın anasını “əbədi yoxluq” içində öz halı ilə baş-başa buraxması eyni dərəcədə dözülməz idi. Ancaq Musab dünyadakı vəzifəsində nöqsana yol vermək istəmirdi. Onun mal-mülkdə, dünya nemətlərində gözü yox idi. Başda anası olmaqla onun gözlərini bütün insanlığın imanı doldurmuşdu və bu, bir sevda olmuşdu onun üçün... Anasına yalvarırdı: − Əziz anam! Nə olar, bir mənə qulaq as! Gəl sən də yeganə ilahın Allaha, Məhəmmədin Onun qulu və Rəsulu olduğuna inan. Bu dəvət nə qədər şirin və mülayim idisə, ona gələn cavab da bir o qədər sərt və güzəştsiz idi: − Ulduzlara and olsun ki, əsla! Sənin dinini qəbul edəcək qədər nə ağlımı itirmişəm, nə də dərrakəmi! Heç bir səyi nəticə vermirdi və əlacsız qalan Musab vidalaşıb evdən uzaqlaşır. İsti bir evdən qovulmuşdu, amma dünyanın ən isti bir könlündə qurdu otağını. Rəsulullahın (s.ə.s.) hüzuruna gəldi və bir daha Ondan ayrılmadı! Artıq Musab da başqa səhabələr kimi, tapa bildiyi köhnə paltarlar geyinən, bəzən qarnı doyan, bəzən də aclıqdan qıvrılan sadə bir insan idi. O, artıq Həbbabların, Bilalların sırasına daxil olmuşdu. Gözəl ətirlər vurmağa öyrəşmiş mübarək dərisi aclıqdan və sıxıntıdan yazda qabığını dəyişən ilan dərisi kimi qabarmışdı, pul-pul olub tökülürdü. Bir gün uzaqdan Rəsulullahın (s.ə.s.) məclisinə gəlirdi. Allah Rəsulu (s.ə.s.) da ətrafındakı səhabələrlə birlikdə Musabın gəlişinə tamaşa edirdi. Musabı yorğun, amma mənəvi rahatlıq içində görənlərin gözlərindən yaş süzülürdü, başları aşağı əyilmişdi... Hamısı kədərlənmişdi... Çünki Musab tamamilə köhnəlib haldan düşmüş bir paltarda idi. Bu, onun İslamdan əvvəlki vəziyyətini bilənlərə çox toxunmuşdu. Bilal, onsuz da kasıb idi. Habbab və Ammarın da imkanları yaxşı deyildi, onlar yoxluğa öyrəşmişdilər. Amma Musab da o cür idimi? Rəsulullah (s.ə.s.) özünü saxlaya bilməyib bunları deyir: − Mən Musabı əvvəllər də görmüşdüm. Ata-anasının yanında Məkkədə ondan qiymətli heç kim yox idi. O, bunların hamısını Allah və Rəsulu üçün tərk etdi və buraya gəldi! O isə başına gələnlərə fikir vermirdi. Çünki paltar insana mənəvi rahatlıq gətirmirdi! Əgər qəlbdə iman yox idisə, qəlib bədəni sıxan daimi işgəncə idi. Onun bir hədəfi vardı; imanla bağlı göylərdən də o tərəfə uzanan bir vəsilədən yapışmış, gündən-günə dərinləşir və daim zirvəyə doğru addımlayırdı. Hər gün gələn ayələri əzbərləyir, Kamil Mürşidindən dininin incəliklərini öyrənir və imanını layiqincə yaşamağa çalışırdı. Abdullah ibn Süheylin gəlişi Hz. Abdullah Qureyşdə təsirli sözləri və şeirləri ilə tanınan, natiqliyi dillərdə dastan olan və hər məsələdə Qureyşə müəllimlik edən Süheyl ibn Amrın oğlu idi. Peyğəmbərimiz (s.ə.s.) haqqında ilk dəfə əmisi Səlid ibn Amrdan eşitmişdi. Hz. Səlidin səyləri nəticəsində müsəlman olan digər əmiləri Xatib və Səkranın tərifli sözləri onun da qulağına çatmış və bir müddətdən sonra Rəsulullahın (s.ə.s.) hüzuruna gedib müsəlman olan yeznəsi Əbu Səbrə və böyük bacısı Ümmü Gülsümdəki dəyişikliyi hiss etmiş, içində İslama ciddi maraq oyanmışdı. Görünür, Məkkədə yeni şirin “su bulağı” var idi və deməli, bunun fərqinə varan hər kəs bir-bir oraya  qaçır və bulaqlardan doya-doya abi-həyat içirdi. Atası Süheyl baş verənlərdən nə qədər narahat olub onlara həcv qoşsa da, Hz. Abdullah əmilərinə olan etibar və etimadı  ilə atasının bu məsələdə haqsız olduğu qənaətinə gəlir və bu səbəblə də ənənə olaraq miras qalan bütün anlayışları bir-bir sorğu-suala çəkirdi. Bir gün o da bu şirin suyun mənbəyinə tərəf qaçmaq və həyat bəxş edən bulaqdan doyunca içmək qərarına gəlmişdi. Əmilərinin şəfqət dolu nəzərləri altında Allah Rəsulunun (s.ə.s.) hüzuruna gəlir və atasına inadla tövhid kəlməsini ucadan söyləyib müsəlman olur. Ancaq atası Süheyl bu məsələni  elə də asan həzm edənə oxşamırdı. Oğlu Abdullahın da gedib müsəlman olduğunu eşidən kimi, cin atına minir və onu köhnə inancına qaytarmaq üçün hər vasitəyə əl atacağını deyirdi. Həqiqətən də, dediyini edir və oğlunu görən kimi, tutub zəncirləyir. Hər saat yediyi kötəklər artıq onun qidasına çevrilmişdi; min bir təhqir və həqarətlər də ədviyyatı və salatı olmuşdu. Bütün bunlar Hz. Abdullah üçün dözülməz ağrılar idi. Süheyl oğlunun üstünə o qədər inad və hiddətlə gedirdi ki, imanla bağlı bircə kəlmə də eşitmək istəmir, hər dəfə sözünü ağzında qoyur, bircə cümlə də deməsinə imkan vermirdi. Abdullahın vəziyyəti Ammarın başına gələnlərə çox oxşayırdı. Yalnız Ammarın başının üstünü alıb ona zülm edənlər başqaları olduğu halda, Abdullaha işgəncə verən öz atası idi. Abdullah zəncirlər arasında Həbəşistana hicrət xəbərini eşitmişdi. Əmisi Səkran da Həbəşistana köçənlərin arasında idi. Bir ömür boyu bu cür zəncirlərə bağlı qalıb hər an atasından kötək yeməyə halı qalmamışdı və artıq qərara gəlmişdi; fürsət tapan kimi Həbəşistana qaçacaqdı. Hz. Abdullah düşündüyü kimi də edir. Digər tərəfdə isə qəzəbli atası Süheyl oğlunun onun əlindən xilas olub Həbəşistana getdiyini eşidəndə dəli olmuşdu. Onun arxasınca təhdidlər yağdırır, bir gün yenə əlinə düşsə, ona edəcəklərini bir-bir söyləyirdi. Məkkəlilərin müsəlman olması xəbərinə sevinən və atasının da artıq yumşaldığını zənn edən Hz. Abdullah Həbəşistandan qayıdırdı. Oğlunun gəlməsi xəbərini eşidən Süheyl onun haqqında düşündüklərini həyata keçirməyi səbirsizliklə gözləyirdi. Nəhayət, Hz. Abdullah Məkkəyə girən kimi onun üstünə atılmış və əl-qolunu bağlamışdı. Artıq yenə Hz. Abdullahı fasiləsiz işgəncələr gözləyirdi. Bir zirzəmidə təkbaşına acından qıvrılırdı. Ona bütün günü işgəncə verən atasının zülm və təhqirlərinə artıq dözə bilmirdi. Hz. Ammarın başına gələnləri eşitmişdi və belə bir vəziyyətdə Allahın ona verdiyi rüsxətin də fərqində idi. İşgəncələr artıq dözülməz həddə çatanda bu rüsxətdən istifadə etməyə qərar verir. Beləliklə, o da atasının dediklərinə “hə” deyəcək və bir az da olsa, rahat nəfəs alacaqdı. Həqiqətən də, belə olur, oğlunun “ağıllanıb tərbiyələndiyini” görən Süheyl Hz. Abdullaha təzyiqlərini yavaş-yavaş azaltmağa başlayır. Ancaq yenə ehtiyatı əldən buraxmır, kənardan onun hərəkətlərinə nəzarət edir və səmimi olub-olmadığını yoxlamağa çalışırdı. Bir müddət sonra artıq oğluna heç bir şübhəsi qalmamış və Abdullaha əvvəlki kimi etibar etməyə başlamışdı. Bu vəziyyət Bədr döyüşünə kimi davam edəcəkdi... İkinci hicrət Sıxıntılar hər gün daha da artırdı. Nəhayət, Rəsulullah (s.ə.s.) çıxış yolunu yenə Həbəşistana getməkdə görür, yenə Həbəşistanı göstərirdi. Çünki əvvəl gedənlərin orada hansı şəraitdə qaldığını eşitmişdi və buna görə də Allah Rəsıılu (s.ə.s.) hələ Məkkədə bərqərar olmayan bir rahatlığı daha çox insanın əldə edə bilməsi üçün ümmətinə Həbəşistana getməyi məsləhət görürdü. Ancaq Allah Rəsulunu da (s.ə.s.) öz aralarında görmək istəyirdilər. Buna görə də Hz. Osman Allah Rəsuluna (s.ə.s.) bunları  deyəcək və onların arasında belə bir dialoq olacaqdı: − Ya Rəsulallah! Birinci dəfə biz getdik. İkinci dəfə yenə Nəcaşinin yanına gedəcəyik! Kaş Sən də bizimlə birlikdə olaydın! − Siz həm Allaha, həm də Mənə hicrət etmiş olursunuz! Başqa sözlə, sizə iki hicrət savabı var! − Bizə bu da kifayətdir, ey Allahın Rəsulu! Artıq yola çıxmaq vaxtı gəlib çatmışdı. Amma bu, müşriklərin də bildiyi bir yol idi; əvvəlcədən öz tədbirlərini görmüşdülər və möminləri bir daha əldən qaçırmamaq üçün daha sayıq hərəkət edirdilər. Həm də bu dəfə daha çox adam gedəcəkdi. Elə isə daha artıq diqqətli olmaq və bunu heç kimə hiss etdirməmək üçün daha çox tədbir görmək, işi ehtimala buraxmadan daha planlı hərəkət etmək lazım idi. Beləcə, bir gecə yenə yola düşmüşdülər. Sahilə tərəf yeni bir səfər başlamışdı. Bu dəfə on səkkizi qadın olmaqla cəmi yüz bir nəfər idilər.[7] Bütün tədbirlərə baxmayaraq, yenə də müsəlmanların getdiklərini eşidən Qureyş böyük təlaş yaşayırdı. Əvvəlki hicrətin nəticəsini və Nəcaşinin müsəlmanlarla olan rəftarını da bilirdilər. İndi gedənlərin sayı isə əvvəlkinə nisbətən daha çox idi. Böyük bir problemlə qarşılaşmışdılar; öz ovuclarının içində olarkən həll edə bilmədikləri bu məsələnin öhdəsindən ölkələrarası səviyyəyə çatandan sonra necə gələ biləcəkdilər? Həqiqətən də, məsələ artıq onların nəzarətindən çıxmaq üzrə idi! Həmzə ilə Öməri itirməyin dərdi bellərini bükmüşdü. Bu, düşmən kimi qəbul etdikləri cəbhəyə − müsəlman cəbhəsinə böyük güc vermişdi. İndi isə məsələ tamamilə onların  nəzarəti xaricində cərəyan etməyə başlamışdı. Dərhal yığışıb bu məsələni birdəfəlik həll etmək üçün uzun-uzadı müzakirə apardılar. Nəticə olaraq bu qərara gəldilər: nəyin bahasına olursa-olsun, Nəcaşini inandırmaq və əllərindən qaçan müsəlmanları geri təslim almaq... Bu məqsədlə işin öhdəsindən gələ biləcək iki adam seçirlər. Bunlar Amr ibnul As və Abdullah ibn Əbi Rəbia idi.[8] Onların ikisi də hökmdarlar hüzurunda danışmağı bacaran, həmçinin Nəcaşi ilə tanışlığı olan adamlar idi. Qureyş işi bəxtə buraxmaq istəmirdi. Buna görə də hər iki elçini dönə-dönə təlimatlandırır və necə hərəkət etmələri ilə bağlı yol göstərirdi. Bundan başqa, başda Nəcaşi olmaqla hökmdarın ətrafındakı sözü keçən adamlara xüsusi hədiyyələr hazırlamışdılar. Hətta bu hədiyyələri necə verəcəkləri məsələsini də bütün təfərrüatı ilə elçilərinə başa salırdılar; hökmdardan əvvəl onun yaxın adamlarını razı salmaq, sonra da Nəcaşiyə hədiyyəsini təqdim edərək gedənlərin qaytarılmasını xahiş etmək... Plana görə, əvvəlcə bol hədiyyələrlə razı salınan, pərdə arxasında öz fikirləri çərçivəsində istiqamətləndirilən vəzir və din adamları da məkkəlilərin elçilərini dəstəkləyəcək, beləliklə, Nəcaşi də hamının razı olduğu bir məsələyə qarşı çıxmayacaq və müsəlmanları onlara təhvil verəcəkdi! Nəcaşiyə göndərilən məktub və Nəcaşinin cavabı Bu arada Allah Rəsulu (s.ə.s.) Amr ibn Ümeyyə vasitəsilə Nəcaşiyə bir məktub göndərərək onun ölkəsinə gələn Cəfər ibn Əbi Talibi və yoldaşlarını himayə etməyini istəyirdi. Deməli, məsələ yalnız eşidilən məlumatlara əsaslanmır, əlaqələr dərin bilgilər üstündə qurulurdu. Hətta yalnız bu məlumatları da yetərli saymır, baş verən hadisələrlə bağlı xəbərləşərək vəziyyətin risk altına düşməsinin qarşısını almağa çalışırdılar. Rəsulullah (s.ə.s.) məktubunda bunları söyləyirdi: “Bismilləhir-rahmənir-rahim! Allahın Rəsulu Məhəmməddən Nəcaşiyyil-Əshama. Allahın salamı sənin üzərinə olsun! Səni vəsilə edərək Mən Məlik, Quddus, Mumin və Müheymin olan Allaha həmd edirəm. Mən şəhadət gətirirəm ki, Məryəm oğlu İsa Allahın Bətul (namuslu), Tayyibə (təmiz, saf) və iffətli Məryəmə bəxş etdiyi bir ruh və kəlməsidir. O (cəllə cəlaluhu), Məryəm oğlu İsanı da Adəmi (ə.s.) yaratdığı kimi yaratmışdır. Mən səni tək və tayı-bərabəri olmayan Allaha və Onun dostluğuna, Mənə tabe olub, Haqdan gətirdiklərimlə Mənə iman gətirməyə dəvət edirəm. Çünki mən Allahın Rəsuluyam! Mən sənə əmim oğlu olan Cəfər ibn Əbi Talibi və onunla birlikdə müsəlmanlardan ibarət bir qrup göndərdim. Yanına gələndə onlara qonaqpərvərliyini göstərib ölkəndə qalmalarına imkan ver və onlara çətinlik törətmə! Əlbəttə, mən səni və ordunu Allaha dəvət edirəm. Mən üstümə düşən təbliğ vəzifəmi yerinə yetirib nəsihətimi etdim, siz də bunu məndən qəbul edin! Salam hidayət yolunu seçib ona tabe olanların üzərinə olsun!” Peyğəmbərimizin məktubunu alıb oxuyan Nəcaşi bir məktub yazıb cavab olaraq Məkkəyə göndərir. Məktubda bunlar yazılmışdı: “Allahın Rəsulu Məhəmmədə Nəcaşiyyil-Əsham ibnil Əbcərdən... Allahın salamı, bərəkəti və mərhəməti Sənin üzərinə olsun, ey Allahın Nəbisi! O Allah ki, Ondan başqa ilah yoxdur və məni də O, İslamla hidayətə çatdırmışdır! Sənin məktubun və İsa haqqında zikr etdiklərin mənə çatdı, ey Allahın Elçisi! Yerin və göyün Rəbbinə and olsun ki, İsa Sənin zikr etdiklərindən artıq bir şey söyləməmişdir. Sənin bizə göndərdiklərindən və əmin oğlu ilə yoldaşlarının danışdıqlarından çox şey öyrənib mərifət sahibi olduq. Mən şəhadət gətirirəm ki, Sən sadiq və təsdiqlənmiş Allah Rəsulusan. Mən də Sənə tabe oldum və əmin oğluna beyət edib, yanında aləmlərin Rəbbi üçün iman gətirib müsəlman oldum. Sənə oğlum Əriha ibn Əsham ibn Əbcəri göndərirəm. Mən də ancaq özümə malikəm. Əgər hüzuruna gəlməyimi əmr etsən, onu da edərəm, ey Allahın Rəsulu! Çünki mən bilirəm ki, Sənin söylədiklərinin hamısı haqdır”.[9] Nəcaşinin məktubundan da göründüyü kimi, o, Peyğəmbərimizin (s.ə.s.) dəvətini qəbul edir və öz ölkəsinə gələn müsəlmanları himayə edəcəyini söyləyirdi. Hətta Nəcaşi bundan da başqa, əgər istəsə, səltənəti və hakimiyyəti də tərk edib Onun hüzuruna gələcəyini bildirir və buna görə də, bir işarəsinin kifayət edəcəyini deyirdi. Öz-özlüyündə bu məktublaşma bu gün də eyni yolda irəliləməyə çalışanlar üçün çoxşaxəli strategiya örnəyi kimi mühüm əhəmiyyət kəsb edir. Əbu Talibin səyi Həqiqətən də, bu, Qureyşin öz lehinə ictimai rəy formalaşdırmaq üçün hazırladığı bugünkü mənada informasiya vasitələrinə əsaslanan bir plan idi və bununla nəticə əldə etmək o dövrün şərtlərində də daha  real kimi görünürdü. Onların bu planından xəbər tutan Əbu Talibin əmi şəfqəti − həm də bu dəfə təkcə qardaşı oğlu üçün yox, aralarında öz oğlu Cəfərin də olduğu Həbəşistandakı Məhəmməd əmanətləri üçün − yenə də araya girəcək, dənizin o tayındakı Nəcaşiyə şeirlə belə səslənəcəkdi: – Kaş biləydim ki, uzaqda Cəfər, Amr və qohum olduğu halda düşmənçilik karvanını çəkənlər nələr edir? Görəsən, Nəcaşi Cəfəri və onun yoldaşlarını lütflə qucaqlayacaqmı, yoxsa şərə təhrik edən bir şey buna mane olacaq? Ey Məlik! Bil ki, sən pislik qarşısında gözüaçıq, şərəfli və mərd bir adamsan! Yanına sığınan adamlar sənin ölkəndə rahatlıq tapırlar. Bil ki, Allah sənə böyük maddi-mənəvi imkan vermişdir. Həmçinin sən yaxşılıq və xeyir yollarının hamısına da maliksən. Və sən səxavətli və ehsan sahibi olan bir adamsan, əsla bu ehsan və əliaçıqlıqdan   o düşmən olan qohumlar da faydalanıb səni bir pisliyə sövq etməsinlər! Göründüyü kimi, Əbu Talib təkcə qardaşı oğlu Məhəmmədül-Əmini qorumaqla kifayətlənmir, həmçinin Onun əmanətlərinə də sahib çıxaraq səsini dənizin o biri sahilindəki ölkələrə eşitdirməyə çalışırdı. Qorumaq istədiyi qəriblər arasında öz oğlu Cəfər də var idi. Məkkə gedənləri qaytarmaq təlaşında olduğu halda, Əbu Talib, oğlu da olsa, Həbəşistanın daha təhlükəsiz olduğunu fikirləşir, ata şəfqətini və mərhəmətini bir tərəfə qoyub övladının da orada qalmasını istəyirdi. Bu tələbini də o dövrün ən təsirli ünsiyyət vasitəsi olan şeirlə dilə gətirir, qərarını verməmişdən əvvəl Nəcaşini fikirləşməyə sövq etmək istəyirdi. Elçilər və Nəcaşi Nəhayət, müsəlmanlar təkrarən Həbəşistana gəlmiş və yenə burada namazlarını rahat qılmağa, Quranı da maneəsiz oxumağa başlamışdılar. Çox keçməmiş, onların ardınca Qureyşin iki elçisi də qucaq dolusu hədiyyələrlə Həbəşistana gəlir. Məkkə böyüklərinin onlara başa saldıqları kimi, əvvəlcə bir-bir bütün din adamlarının və sarayda sözü keçən hər bir şəxsin yanına gedərək hədiyyələrini təqdim edirlər. Hədiyyə verdikləri hər bir adamdan hökmdarın hüzurunda onlara dəstək olmağı və bu ölkəyə gələn müsəlmanları vətənlərinə qaytarmaq məsələsində kömək etməyi xahiş edirdilər. Buna görə də, onlara belə deyirdilər: − Bizim qaçqın və səfeh gənclərimiz hazırda məlikin ölkəsinə sığınmışlar. Bunlar öz dinlərini tərk edən, amma sizin dininizi də qəbul etməyən, həm bizim, həm də sizin bilmədiyiniz yeni dinlə ortaya çıxan insanlardır. Biz hökmdarın da yanına gedib onları bizə təhvil verməsini xahiş edəcəyik. Sizdən rica edirik ki, bu məsələni onun hüzurunda açarkən bizi dəstəkləyib hökmdarın onlarla danışmasına imkan vermədən hamısını bizə təhvil verməsini təmin edəsiniz! Çünki Məkkənin gözü və qulağı bu hadisənin intizarındadır! Bu, hiyləgər bir yanaşma və özlərinə görə tələbləri də çox məsum idi. Hətta: “Öz ölkələrini bir-birinə qatıb ayrı-seçkilik saldıqları kifayət etmirmiş kimi, bir də gəlmiş, sizin ölkənizdə anarxiya törədəcəklər, övladlarınızı aldadıb dininizi pozmağa çalışacaq və nəticədə, sizin də hakimiyyətinizi sarsıdacaqlar” kimi ifadələrlə əsassız yalanları arxa-arxaya düzür və özlərini ürəyi yanan şəxslər kimi göstərməyə çalışırdılar. Buna görə də, kimə baş çəkirdilərsə: “Yaxşı, oldu. Kömək edərik!” − deyirdilər. Nəhayət, lazımi adamlarla görüşülmüş və növbə Nəcaşinin hədiyyələrini verib məsələni onun hüzurunda açmağa çatmışdı. Görüş üçün vaxt təyin edilir və həmin gün Nəcaşi Məkkə elçilərini qəbul edir. Salam və ehtiramdan sonra, Məkkə elçiləri Amr ibnül-As və Abdullah ibn Əbi Rəbia sözü əsas məsələyə gətirir. Onlar belə deyirlər: − Ey hökmdar! Eşitdik ki, aramızdan bəzi səfeh və nə etdiyini bilməyən gənclərimiz öz qövmlərinin dinini tərk edib sizin ölkənizə sığınmışlar. Halbuki onlar sizin dininizi də qəbul etməmiş, bizim də, sizin də bilmədiyiniz yeni din ortaya çıxarmışlar. Ulu babalarımızın və şərəf sahibi atalarımızın hörmətinə onları bizə təhvil verməyinizi tələb edirik. Çünki onların gözü bu gənclərin üstündədir, onlar nə etdiklərini də bilirlər və bu işin axırının hara kimi getdiyini də görürlər! Bunu Nəcaşiyə deyərkən Amr və Abdullahın gözləri bir tərəfdən də üzlərdəki ifadələri süzür və sonrakı gedişatı müəyyənləşdirməyə çalışırdı. Nəcaşinin simasındakı ifadələr elə də xoşlarına gəlməmiş­di: onları yetərincə dinləmədiyini və məsələyə qərəzlə baxdığını düşünürdülər. Ancaq məsələni bura qədər gətirdikləri halda bir nəticə əldə etməmiş geri qayıtmaq da istəmirdilər. Buna görə də ətrafda dayanmış din adamları və əyan-əşrəflə göz-gözə gəlməyə çalışır və onların da dəstəyini alaraq hökmdar “xeyr” demədən ağzından çıxacaq sözü “bəli”yə çevirməyə cəhd göstərirdilər. Bununla yanaşı, Nəcaşinin müsəlmanları hüzuruna çağırma ehtimalını da nəzərə alıb onlar haqqında əvvəlcədən bəzi məlumatlar verməyi və hökmdara bu şəkildə təsir etməyi də unutmamışdılar; müsəlmanların hər kəs kimi salam vermədiyini və hökmdarın hakimiyyətini qəbul etməyib ona səcdə etməyəcəklərini bildirirdilər. Məsələnin bu yerində əvvəlcədən görüşüb hədiyyə verdikləri adamlardan dəstək gəlməli idi və nəhayət, bir keşiş qabağa çıxıb: − Ey Məlik! Bu elçilər düz deyirlər! Qövmlərinin gözü bunların üstündədir. Ən yaxşısı, öz məsələlərini özləri həll etmələri üçün bu adamları təhvil verək, aparsınlar! − deyir. Bu vaxta qədər deyilənlərə sakitcə  qulaq asan Nəcaşi qəzəblənmişdi. Dövlət işi ciddiyyət tələb edirdi. Belə ki, iki dodaq arasından çıxan bir neçə cümlə ilə və sözügedən şəxsləri dinləmədən kiminsə haqqında hökm vermək ədalət prinsiplərinə uyğun gələ bilməzdi. Əgər belə olsa idi, məsum insanlar onun ölkəsini seçməz, başqa bir diyara sığınardılar. Ani bir reflekslə bunları deyir Nəcaşi: − Xeyr, vallah, olmaz! Bunları o adamlara əsla təslim edə bilmərəm! Bəzi insanlar başqa ölkələri deyil, gəlib mənim ölkəmdə qalmağı və mənim ədalətimi seçəcək,  mən də bu iki adamın sözü ilə onları təslim edəcəyəm? Mümkün deyil! Onları dinləməliyəm, əgər həqiqətən, bu iki adamın dediyi kimi bir vəziyyət varsa, o halda təslim edərəm. Amma vəziyyət zənn edildiyindən fərqlidirsə, belə olan təqdirdə mən onları qətiyyən təslim etmərəm və ölkəmdə rahatlıqla qalmaları üçün onlara daha çox imkan verər, öz inanclarını yaşamaq məsələsində  əlimdən gələn köməyi edərəm. Bir anda hər tərəf buza dönmüşdü. Məkkənin nümayəndələri nə niyyətlə gəlmiş, Nəcaşiyə təzyiq göstərmək üçün necə oyunlar oynamışdılar, amma bunların heç biri nəticə verməmişdi və hökmdar yenə də öz bildiyi kimi hərəkət edirdi. Amma dərhal geri çəkilmək də olmazdı. Bu arada Nəcaşi ölkəsinə sığınan müsəlmanları da hüzuruna dəvət etmiş və onları da dinləmək istəmişdi. Onsuz da baş verənlərdən xəbərdar olan möminlər Nəcaşinin dəvətini eşidincə öz aralarında danışmağa başlamışdılar: − Hüzuruna gedəndə ona nə deyəcəyik? − Allaha and olsun ki, bildiklərimizi və Rəsulullahın nələr olacağını əvvəlcədən görüb bizə dediklərini söyləyəcəyik! Müsəlmanlar artıq sarayda idilər və hər kəs nə olacağını gözləmə­yə başlamışdı. Gəlişlərində bir fərq vardı və bu, oradakıların da diqqətindən yayınmamışdı; müsəlmanlar salam verdilər, amma başqaları kimi hökmdarın hüzurunda baş əymədilər. Nəcaşi üzünü onlara tutur və bunları soruşmağa başlayır: − Ey camaat, deyin görüm, bura niyə gəlmisiniz? Vəziyyətiniz necədir və nəyə görə məni seçmisiniz? Halbuki siz nə ticarət əhlisiniz, nə də ölkəniz üçün məndən bir tələbiniz olub!  Zühur edən Nəbiniz kimdir və bu məsələnin əsli nədir? Həm də siz niyə mənə başqa adamlar kimi salam vermədiniz? Bir də Məryəm oğlu İsa haqqında siz nə düşünürsünüz? Həmçinin söyləyin görək, öz qövmünüzün dinini tərk edərək mənim və bu yerlərdəki hər hansı bir toplumun dininə daxil olmayan bu dini anlayışınız nədir? Cəfər ibn Əbi Talibin çıxışı Bu vaxt Nəcaşi din xadimlərini də hüzuruna çağırmış və əsas kitablarını açıb qarşısına qoydurmuşdu. Görünür, dinlə bağlı İslamın gətirdiyi yeniliklərlə öz dini anlayışlarını müqayisə edəcək və bir nəticə əldə etməyə çalışacaqdı. Buna görə də, elə cavab verilməli idi ki, məsələni tamamilə əhatə etsin! Qısa sükutdan sonra Cəfər ibn Əbi Talib müsəlmanların arasından irəli atılır və əvvəlcə: − Ey Məlik! Biz səni Allah Rəsulunun salamı ilə salamladıq ki, bu salam həmçinin cənnət əhlinin salamıdır. Biz bununla mənəvi aləmimizdə yeni həyat tapırıq. Baş əymək məsələsinə gəlincə, biz ancaq Allaha səcdə edər, Ondan başqasına səcdə etməkdən yenə Ona sığınarıq, − deyərək iki əsas məsələyə aydınlıq gətirir. Sonra sözün məcrasını dəyişərək Məlikdən: − Bu elçilərdən üç sual soruşmağınızı istəyirəm, − xahişini edir. − Elə isə söyləyin, − deyir Nəcaşi. − Biz sahiblərinin əlindən qaçmış qullarıq ki, bunlar bizi sahib­lərimizə təslim etmək üçün gəlmişlər? Bu, gözlənilməz çıxış idi və Nəcaşi elçilərə tərəf dönərək: − Ey Amr, bunlar qullar idimi? − deyə soruşur. Öldürmək istəsələr də, igidin haqqını vermək lazım idi. İstəməsələr də cavab verirlər: − Xeyr, əksinə, onlar izzətli və şərəfli adamlardır, − deyirlər. Birinci mərhələ yerinə düşmüşdü. Hz. Cəfər ikinci sualını verir: − Ey Məlik, ondan soruşa bilərsinizmi ki, biz haqsız yerə qan töküb qisasdan qaçmış adamlarıq ki, bunlar ədaləti təmin etmək üçün bizi geri qaytarmaq istəyirlər? Görünür, Hz. Cəfər ər meydanında sözləri silaha çevirmiş, bir cəng alovu yandırmışdı. Necə olsa da, sözün sehrli bir gücü vardı və bundan istifadə etmək istəyirdi. Sözlər qarşısıalınmaz silaha çevrilir və küfrlə qurulan qalaları bir-bir dağıdırdı. Nəcaşi yenə elçilərə tərəf dönüb soruşur: − Bunlar nahaq yerə bir canamı qıydılar? − Xeyr, bircə damla da qan axıtmayıblar, − deyir Amr. Əsl fəzilət düşmənin belə təqdir etmək məcburiyyətində qaldığı fəzilət deyildimi? İndi növbə axırıncı suala çatmışdı: − Ey Məlik, bunlara deyərsinizmi, biz insanların mallarını qəsb etmiş adamlarıq ki, onlar gəlib bizdən bunların hesabını soruşur, “ələ keçirdiyimiz” malları tələb edirlər? Məlikin gözləri yenə elçilərə zillənmişdi. Heç kimə qıymamış, namusa göz dikməmiş və sahiblərinə üsyan etməmiş bu adamlardan nə istəyirdilər? Buna görə də Nəcaşi Cəfərin axırıncı sualını Amra istiqamətləndirərkən üslubunu dəyişdirir və belə deyir: − Əgər bunların sizə bir borcu varsa, onu mən öz öhdəmə götürürəm! Elçilər üçün iş hələ başlanğıcda nəzarətdən çıxırdı. Buna görə ye­nə doğru danışmaq lazım idi və Amr: − Heç bir borcları yoxdur, − deyə cavab verir. Bu dəfə sual vermək növbəsi məlikdə idi: − Elə isə siz bu adamlardan nə istəyirsiniz? Bu sual hüzurdakı sükutu daha da dərinləşdirir. Bir cavab var idi, Amr da onu dilə gətirir: − Əvvəllər biz eyni dinə inanır və bir inanc ətrafında bütünləşirdik. İndi isə onlar bu birliyi tərk etdilər və biz də onların ardınca düşdük. Növbə indi əsas məsələyə gəlib çatmışdı. Hökmdar Hz. Cəfərə tərəf dönüb: − Bu günə kimi inandığınız dini anlayış nə idi və indi necə bir dinə inanırsınız?− deyə soruşur. Hz. Cəfər: − Ey Məlik! Biz əvvəllər şeytanın əlində oyuncağa çevrilmiş cahil bir camaat idik, bütlərə sitayiş edər və ölü əti yeyərdik. Hər cür pozğunluğu edər, qohum-əqrəba haqqına riayət etməz, qonşuluq haqlarını da heçə sayardıq. Aramızda kim güclü idisə, o, zəif və gücsüz olanı əzər və yazığı gəlməzdi. Bu vaxt Allah aramızdan nəsil-nəcabətini tanıdığımız, dürüst və etibarlı olduğunu bildiyimiz, əmanətə riayət etməkdə həssaslığını müşahidə etdiyimiz, iffəti dillərə dastan olan bir Peyğəmbər göndərdi; bizi Allaha, Onu bir və tək qəbul etməyə, Ondan başqasına ibadət etməməyə, dədə-babalarımızdan qalan bu adəti davam etdirməməyə, yəni öz əllərimizlə daş və torpaqdan düzəldib  sitayiş etdiyimiz bütlərə ibadət etməməyə çağırdı. Həmçinin O, bizi düz danışmağa, əmanətə riayət edərək verilən sözü yerinə yetirməyə, qohum-əqrəba ilə münasibətləri gücləndirib bir-birimizə baş çəkməyə və qonşularımızla yaxşı keçinib yaxın olmağa dəvət edərək bizə bunları əmr etdi. Bununla birlikdə, bizə hər cür haramdan uzaq olmağı əmr etdi, qan tökməyi, hər cür pozğunluğa bulaşmağı, qeybət edib yalan danışmağı,  malı yeməyi, namusu və iffəti ilə yaşayan qadınlara böhtan atmağı bizə qadağan etdi. Həmçinin bir və tək olan Allaha ibadət etməyimizi, Ona heç bir şeyi şərik qoşmamağımızı, namaz qılıb oruc tutmağımızı və zəkat verməyimizi əmr etdi. Biz də Onun dediklərini qəbul edərək Ona iman gətirib Onu təsdiq etdik. Onun Allahdan bizə gətirdiklərinin ardınca gedib bir olan Allaha ibadət etməyə və heç bir şeyi Ona bərabər tutmamağa başladıq. Artıq biz Onun haram saydı­­ğı­­­­­­nı haram hesab edir, halal elan etdiyini də halal bilirik. Bundan sonra qövmümüz bizə qarşı böyük mübarizəyə, davamlı düşmənçiliyə başladı. Bizi hər cür işgəncələrə məruz qoyub dinimizdən döndərərək  Allaha üz tutmağımıza mane olaraq hər cür harama yenidən başlamağımızı tələb etdi. Bizi yenidən əldəqayırma bütlərin arxasınca aparmaq üçün əllərindən gələn hər cür pisliyi bizə rəva gördülər. Buna görə də daha çox işgəncə verməyə başlayanda, zülm həddini aşanda və dinimizlə aramıza girməyə çalışanda biz də sənin məmləkətinə sığındıq. Başqa ölkələr içindən səni seçdik, bura gəldik. Sənin yurdunda qalmağa üstünlük verdik və sənin hüzurunda zülm görməmək  ümidilə ədalətinə sığındıq, ey Məlik, − deyir. Hz. Cəfərin baş verən hadisələri xülasə edən bu müxtəsər bəyanı­nın ardınca Nəcaşi dərhal: − Onun Allahdan gətirdiklərindən heç yanınızda varmı? − deyə soruşur. Görünür, artıq maya tutmuşdu və Nəcaşi ilk işarəni vermişdi. Hz. Cəfər həyəcanla yenidən irəli çıxıb: − Bəli, var, − deyir. − Ondan mənə də oxuyarsanmı? − deyə soruşanda Hz. Cəfər “Məryəm” surəsinin əvvəlindən oxumağa başlayır. İnsanın iliklərinə işləyən ilahi sözlər idi bunlar... Bu vaxt hamının diqqətini Nəcaşinin yanaqlarından süzülən göz yaşları cəlb edir... Nəcaşi ilə yanaşı, məclisdəki din adamlarının da gözləri yaşarır! Saqqallar göz yaşları ilə islanmış, qarşılarındakı kitabların səhifələrinə göz bulaqlarından damcılar yağmağa başlamışdı. Bir yerə gəlincə Nəcaşi müdaxilə edir: − Vallah, bu sözlər və İsaya gələnlər − hər ikisi eyni aydınlıqdan qaynaqlanan nurun hissələridir və bəlli ki, eyni çıraqdan qaynaqlanır. Dediklərinizin hamısı doğrudur, siz də doğru söyləyirsiniz,  Peyğəmbəriniz də  doğru sözlü və mötəbər insandır. Sonra da Qureyşin o iki elçisinə tərəf dönür: − Haydı,  siz də gəldiyiniz yerə qayıdın! Allaha and olsun ki, bunları sizə qətiyyən təslim etməyəcəyəm, − deyir. Elçilər sarsılmışdı, məclisdəki alim və rahiblər, vəzir-vüzəra heyrət içində idilər. Əlacsız qalan elçilər boynubükük hüzurdan çıxırlar. Ancaq bu qədər asan geri çəkiləsi deyildilər. Dəstək almaq üçün hökmdarın qərarından məmnun olmayan adamlar tapmaq elə də çətin görünmürdü. Vəziyyəti nəzərə alan Amr ibnül-As üzünü yoldaşına tutur: − Vallah, mən sabah ortaya elə şeylər qoyacağam ki, onunla buradakıların kökünü təmizləyəcəyəm, − dedi. Abdullah ibn Əbi Rabia daha ehtiyatlı idi: − Ehtiyac yoxdur! Heç bir şey eləmə! Onlar bizə nə qədər müxalif olsalar da, yenə də bizim qohumlarımızdır, − deyə cavab verir. Bir qədər də öz aralarında danışdıqdan sonra  qərara gəldilər ki, ertəsi gün yenə hökmdarın hüzuruna getsinlər. Ertəsi gün səhər yenə mərasim başlamış, iki elçi Nəcaşinin hüzuruna gəlmişdi. İlk fürsətdə Amr ibnül-As irəli çıxır və: − Ey Məlik! Bu adamlar Məryəm oğlu İsa haqqında çox böyük yalanlar danışır! Onlar üçün ortaya atılan hər bir şübhə yeni bir ümid idi... Bu torpağın sakinləri üçün Hz. İsa hər şey demək idi. Bir anda beyinlərdə suallar doğur; “Görəsən, müsəlmanlar Hz. İsa haqqında nə deyirdilər?” Hamının yanında ortaya atılan bu fikrə elə orada − hər kəsin gözü qarşısında aydınlıq gətirilməli idi. Buna görə də Nəcaşi xəbər göndərib müsəlmanları hüzuruna dəvət edir və saraya daxil olan kimi Nəcaşi soruşur: − Siz Məryəm oğlu İsa haqqında nə deyirsiniz? Məsələni izah etmək vəzifəsi yenə Hz. Cəfər ibn Əbi Talibin üzərinə düşmüşdü. İrəli çıxır və: − Rəsulullahın bizə öyrətdiklərini deyirik; şübhəsiz ki, İsa Allahın qulu və insanlara göndərdiyi elçisi, Öz ruhundan bir hissə, namus və iffət sahibi Hz. Məryəmə bəxş etdiyi bir kəlməsi idi, − deyir. Bu, Nəcaşinin də gözlədiyi bir cavab idi. Həyəcanla yerindən qalxır, əlinə bir əsa götürür və onunla yerdə bir xətt çəkir. Sonra da: − Vallah, Məryəm oğlu İsa haqqında sənin dediklərinlə bizim bildiklərimiz arasında bu xətt qədər də fərq yoxdur, − deyir. Bu sözü hökmdardan eşidən bəzi din adamları yerlərində donquldanmağa və narazılıqlarını dilə gətirməyə başlamışdılar. Buna baxmayaraq, Nəcaşi Hz. Cəfərə və yoldaşlarına tərəf dönüb bunları deyir: − Allaha and olsun ki, sizə tələ qurub sizinlə pis rəftar edənlərin şərindən arxayın olaraq ölkəmdə qala bilərsiniz. Sizə pis gözlə baxan qarşısında məni görəcək! Sizə pis gözlə baxan qarşısında məni görəcək! Sizə pis gözlə baxan qarşısında məni görəcək! And olsun ki, sizlərdən birinin başı ağrıyacaqsa, dağlar qədər qızılım da olsa, yenə onu istəmərəm! Nəcaşi bunları deyib vəzirlərinə tərəf dönür. Görünür, hələ deyiləsi sözləri vardı. Könül toxluğu ilə “Bunlar burada olduğu müddətdə mənə təzyiq göstərər və adil qərar verə bilmərəm” deyirmiş kimi belə dedi: − Bu adamların gətirdiyi hədiyyələri də özlərinə qaytarın, mənim onlara ehtiyacım yoxdur. Vallah, Allah bu səltənəti mənə verərkən rüşvət almadı ki, mən də onlardan bu rüşvəti qəbul edim! Bu, Qureyşə ən böyük zərbə idi. Saraydan çıxarkən elçilərin pərişan halı yerişlərinə də təsir etmiş, qarşılaşdıqları rəftar, sanki, bellərini bükmüşdü. Nə gözləyirdilər – nə ilə qarşılaşmışdılar?! Bundan sonra Həbəşistan müsəlmanlar üçün təhlükəsiz bir diyar idi: namazlarını rahatlıqla qılır, Quranı açıq-aşkar oxuyur və İslamla bağlı gələn yeni bəyanları öz aralarında maneəsiz bölüşə bilirdilər. Hətta bir müddət sonra Nəcaşinin ölkəsinə hücum olacaq və müsəlmanlar da bu hadisədən narahatlıq keçirəcəkdi. Bu vaxt Nəcaşiyə dua üçün əllər açılacaq və onun qalib gəlib yenidən əmin-amanlığı davam etdirə bilməsi üçün mənəvi dəstək təmin olunacaqdı. Nəhayət, bu müharibədə Nəcaşinin qalib gəldiyini eşidən Həbəşistan mühacirləri böyük sevinc yaşayacaq və onlara bu imkanı yenidən nəsib edən Allaha şükür edəcəkdilər.[10] Həbəşistandan gözəl xəbərlər Bəşər səyahəti Həbəşistanda da davam edirdi. Burada vəfat edib əbədi aləmə köçənlər olduğu kimi, dünyaya yeni gələnlər də var idi. Demək olar ki, hər gün orada da yeni hadisələr olur və bunlar Məkkəyə də gəlib çatırdı. Xatib ibn Harisin bu qərib diyarda Məhəmməd və Haris adlı iki övladı olmuşdu. Çox  keçmədən  Xatibin vəfat  xəbəri Məkkəyə çatmışdı.[11] Digər ölüm xəbəri də Muttalib ibn Əzhər və Tuleyb ibn Əzhər qardaşlarından gəlmişdi; Abdurrahman ibn Avfın əmisi oğlanları olan hər iki səhabə Həbəşistanda vəfat etmiş və İslamdan bir nişanə olaraq burada qalmışdılar.[12] Həbəşistan müsəlman ailədən yeni bir nəslin qol-budaq atmasına də şahid olurdu. Xatibdən sonra Səlit ibn Amr və Fatimə binti  Əlqamə ailəsindən həm də atanın adını daşıyan Səlit dünyaya gəlmişdi.[13] İbn Amr ailəsinə ikinci müjdə Səlitin bacısı və Əbu Huzeyfənin həyat yoldaşı olan Səhlədən gəlir, onun da oğlu olmuş və adını da Məhəmməd qoymuşdular.[14] Anadan olanların sayı artırdı. Ayyaş ibn Əbi Rabi ilə Əsma binti Sələmənin də oğlu olmuş və adını Abdullah qoymuşdular.[15] Nə hikmət idisə, burada anadan olan uşaqların, demək olar ki, hamısı oğlan idi. Çox keçmədən Peyğəmbərimizin (s.ə.s.) həm süd qardaşı, həm də bibisi Bərrənin oğlu olan Əbu Sələmənin də Ümmü Sələmədən bir oğlu dünyaya gəlir  və adını Ömər qoyurlar.[16] Qız müjdəsi isə Übeydullah ibn Cahşla Ramlə Binti Əbi Süfyan ailəsindən gəlir. Hz. Ramlə bundan sonra Ümmü Həbibə adlandırılacaq və öz adından çox bu ləqəbi ilə tanınacaqdı. Çünki onlar qızlarının adını Həbibə qoymuşdular. İbn Cahş ailəsi bura böyük külfətlə gəlmişdi. Abdullah Əbu Əhməd və Übeydullah qardaşları, bacıları Zeynəb və Übeydullah ibn Cahşın həyat yoldaşı və Əbu Süfyanın da qızı Ümmü Həbibə ilə Hamnə Binti Cahş Həbəşistana hicrət edənlər arasında idi. Dünya imtahan dünyası idi və İbn Cahş ailəsindən olan Übeydullah ibn Cahş burada tanış olduğu yeni mədəniyyətin cazibəsinə qapılaraq xristian olmuş və hicrət məqsədilə gəldiyi Həbəşistanda dinini dəyişdirmişdi. Ancaq Übeydullahın ömrü qısa olur, bir müddət sonra o, xristian olaraq Həbəşistanda vəfat edir. Hətta Übeydullah ibn Cahş xanımı Ümmü Həbibəni də xristianlığı qəbul etməyə məcbur etmiş, ancaq Ümmü Həbibə bu tələbə müsbət cavab verməmişdi.[17] Kədərli bir vəziyyət idi, amma hər şeydə bir xeyir var. Bəlkə də, Allah (c.c.) Übeydullah ibn Cahşın timsalında göstərirdi ki, aqibət etibarilə heç kim özünü əmniyyətdə hesab etməməlidir. Həmçinin bu, başqa bir mədəniyyətlə əlaqələr qurarkən öz mədəniyyətinə möhkəm sarılmaq zərurətini də ortaya qoyan ibrətamiz hadisə idi. Əlbəttə, hər bir yeni mədəniyyətlə tanışlıq və əlaqələr özündə müəyyən riskləri də ehtiva edirdi; belə bir zəmində kim mədəniyyət və dinini nə qədər yaxşı mənimsəyir və yaşayırdısa, o qazanırdı. Müsəlmanların Übeydullah ibn Cahş kimi itkisi olsa da, vaxt ötdükcə burada İslamı seçən yüzlərlə insan haqqı tapacaq, gəlib müsəlman olacaqdı.[18]

[1]. Bax: “Zumər” surəsi, 39/10.
[2]. Bu rəqəmin on iki kişi və dörd qadın olmaqla cəmi on altı nəfər olması ilə bağlı məlumatlar da var. Bax: Taberi, Tarih, 1/547.
[3] Bax: Müslim, Sahih, 2/631 (918). O, Əbu Sələmənin vəfatından sonra Peğəmbərimizə həyat yoldaşı olma bəxtiyarlığına çatacaq və “möminlərin anası” ünvanını alacaqdı.
[4]. Bax: Taberi, Tarih, 1/547
[5]. Başqa bir rəvayət isə “Şübhəsiz ki, Osman bu ümmət içində ailəsi ilə birlikdə hicrət edənlərin ilkidir” şəklindədir. Bax: ibn Sad, Tabakat, 1/203 vd. Taberi, Tarih, 2/222
[6]. Bax: “Fussilət” surəsi, 39/26.
[7]. Bəzi rəvayətlərdə bu rəqəm haqqında on doqquzu qadın, cəmi yüz iki nəfər olaraq qeyd edilir. Bax: İbn Sa’d, Tabakat, 1/207
[8]. Bəzi rəvayətlərdə bu elçilərin ikincisinin Abdullah ibn Əbi Rabia deyil, Uməra ibnul Vəlid olduğu bildirilir. Bax: İsfehani, Delail, 100 və b.
[9] İbn Kesir, el-Bidaye ve’n-Nihaye, 3/83-84
[10]. Bax: ibn Hişam, Sire, 2/176 vd. İbn Sad Tabakat, 1/207 vd. İsfehani, Delail 100 vd. Hətta bu qarışıqlıqda müsəlmanları qoruya bilməyəcəyini zənn edən Nəcaşi onlar üçün iki gəmi ayıracaq və onlara: “Qalib gəldikləri təqdirdə yenidən ölkəsinə gəlmələrini, əgər məğlub olarlarsa, o halda Mədinəyə qayıtmalarını,” - söyləyəcəkdi. Bax: Hakim, Müstedrek, 2/329 (3175))
[11]. Bax:İbnü’l-Esir, Üsüdü’l-Ğabe, 1/410
[12] . Bax:İbnü’l-Esir, Üsüdü’l-Ğabe, 4/129
[13]. Bax: İbnü’l-Esir, Üsüdü’l-Ğabe, 2/365
[14] . Bax:İbn Abdilberr, İstiab, 4/1431
[15]. Bax: İbnü’l-Esir, Üsüdü’l-Ğabe, 3/434
[16]. Bax: İbnü’l-Esir, Üsüdü’l-Ğabe, 2/567
[17]. Bax: Hakim, Müstedrek, 4/21-24; Taberi, Tarih, 2/213; İbn Hacer, İsabe, 7/651-653; İbn Abdilberr, İstiab, 4/1929-1931; İbn Asakir, Tarih, 45/430; Zübeyr ibn Bekkar, el-Muntehab min Ezvaci’n-Nebi, 1/50/53
[18] . Bax: Taberi, Tarih, 1/547