Mənəviyyata Açılan Pəncərə

Cəmiyyətlə Bütünləşən Nüzul Keyfiyyəti

Artıq Məkkədə hər cəhətdən yeni bir mərhələ yaşanırdı. İnsanın fitrətini nəzərə alaraq hissə-hissə və ehtiyaca uyğun gələn ayələrlə cəmiyyət yenidən inşa edilir və beləliklə də nazil olan ayələrin insanlar tərəfindən mənimsənilərək təmiz fitrətlərdə yaşanan bir Quran halına gəlməsi məqsədi güdülürdü. Sanki, o günkü toplum artıq səma ilə bütünləşmiş  və belə demək mümkünsə, insanlar üzərinə “ilahi nəzarət” qoyulmuş, yaxından izlənilirdi. Müsəlmanların hər addımının cavabı gəlir və işin həqiqəti ortaya qoyularaq gələcəyə istiqamətləndirilirdi.

Allah Rəsulunun (s.ə.s.) hüzuruna  gələrək:

−  Bizə gözəl şeylər danış, − deyənlərin cavabında Cəbrail bu bəyanı  çatdırırdı:

 − Allah sözlərin ən gözəlini nazil etməkdədir. Allahın vəhy yolu ilə endirdiyi bu söz ayə və surələri arasında tutarlı və həqiqətləri xitab olunduğu toplum tərəfindən yaxşı başa düşülsün deyə fərqli üslublarla təkrar-təkrar bəyan edən bir Kitabdır. Rəbbinə təzim edib Ondan qorxanların dəri və vücudları onu (Quranı) oxuyub eşidərkən ürpərər, sonra dəriləri və qəlbləri Allahı anmaqla isinib yumşalar və sükunət (rahatlıq) tapar. Məhz bu, Allahın hidayətidir. O dilədiyinə yol göstərər. Allah yolunu tərk edənləri isə heç kəs doğru yola yönəldə bilməz![1]

Allaha iman və Uluhiyyət (Allahın kainatdakı idarə və hakimiyyəti ilə hər şeyi özünə ibadət və itaət etdirməsi) həqiqəti

İman insan üçün ən mühüm və əvəzedilməz bir əsasdır. Həqiqi imanı əldə edən insan nə Qureyşin təhdidlərinə boyun əyər, nə də başqalarının hədələrindən narahat olardı. Eyni zamanda  gələcək hökmlər iman bünövrəsi üzərində boy atarsa, bir məna ifadə edərdi. Elə isə bu gün ən əsas məsələ iman məsələsi idi; istiqbala doğru gedən addımlar onunla atılar, başa gələn çətinliklər onun vasitəsilə dərhal dəf edilərdi. Buna görə də, əvvəlcə insanların imanla polad kimi möhkəm təmələ malik olması lazım idi. Əks təqdirdə imanla bağlı istənilən keyfiyyəti əldə etməyən bir mömin qarşısına çıxan maneələri aşa bilməz və bir kənarda qalardı. Halbuki, mömindən təkcə özü üçün istiqbala addımlamaq deyil, həmçinin başqalarını da çiyninə alıb gələcəyə aparmaq kimi bir vəzifə gözlənilirdi. Bu səbəbdən Məkkədə bu illərdə nazil olan ayələr, ümumiyyətlə, bu məsələləri əhatə edir və ayələri təbliğ edən  Peyğəmbər Peğəmbərimizin əli altında  yeni nəsil yetişirdi.

Allaha iman məsələsi ilə bağlı nazil olan ayələrin iki hədəfi var idi:

1.  Qədim və köhnəlmiş, yanlış dini görüşləri  aradan qaldırmaq.

2.  Uluhiyyət həqiqətini layiqincə anlatmaq.

Halbuki, məkkəlilər bütpərəstlik düşüncəsinə o qədər qapılmışdılar ki, Allahın tək və bir olduğuna heç cür inana bilmir, hətta bu məsələni öz aralarında müzakirə edib bir naqislik kimi dilə gətirirdilər. Əbu Cəhil və Vəlid ibn Müğirə də daxil olmaqla bir qrup məkkəli Əbu Talibin yanına gələrək bu məsələdən şikayət edəcək və bununla bağlı təəccüblərini bildirəcəkdilər. Buna əsasən yeni ayələr nazil olmağa başlayacaq və onların iç dünyasını belə təsvir edəcəkdi:

− Onlar öz içərilərindən özlərinə Allahın əzabı ilə qorxudan bir peyğəmbər gəlməsinə narahat oldular və  o kafirlər belə dedilər: “Bu, yalançı bir sehrbazdır! Baxın, durub bu qədər ilahı bir ilah etmək istəyir. Bu, həqiqətən, gülünc və təəccüblü bir şeydir.[2]

Qureyşin böyükləri bir yerə yığışaraq məsləhətləşmək üçün Husayn ibn Ubeydin[3] yanına gedirdilər. Məqsəd, təcrübəli və böyük bildikləri Husaynı vasitəçi edib Peyğəmbərimizin yolunu kəsmək idi.

− Bizim üçün bu adamla danış ki, ilahlarımız haqqında danışmaqdan əl çəksin,− deyirlər. Husaynın özü də narahat idi və gələnlərin təklifini qəbul edib evdən çıxır. Digərləri də onun ardınca düşürlər. Nəhayət, gəlib Rəsulullahın (s.ə.s.) qapısı ağzına çatırlar. Birinci Husayn başlayır sözə:

− Ey Məhəmməd! Sən nəyə görə ata-babalarımız əleyhinə  danışırsan? Halbuki, Sənin atan çox yaxşı və xeyirxah bir insan idi!

Müxatəbini tanımaqda Rəsulullahın (s.ə.s.) misli-bərabəri yox idi və Husaynı necə “diz çökdürəcəyini” çox yaxşı bilirdi. Əvvəlcə:

− Ey Husayn! Sən neçə ilaha  ibadət edirsən? − deyə soruşur.

− Yeddisi yerdə, biri də göydə olmaqla səkkizinə!

−  Başına bir iş gələndə hansından kömək istəyirsən?

− Göydəkindən!

− Malın itəndə hansına yalvarırsan?

− Göydəkinə!

− Elə isə çətinə düşərkən kömək dilədiyin Allah təkbaşına sənin bütün ehtiyaclarını təmin etdiyi halda, necə olur ki, başqalarını Ona şərik qoşur, Onunla eyni tutur, yalvararkən heç kimi ortaq qoşmadığın həmin Allaha işin həll olunub şükür məqamı gəlincə başqa ortaqlar düzəldirsən? Ey Husayn! Gəl, sən də bir olan o Allaha təslim ol![4]

Bu qədər səmimi dəvət, təmiz və məntiqli ifadələrin qarşısında nə etmək olardı? Məsələ ilahi həqiqətin özünəxas xüsusiyyət və gözəllikləri ilə birlikdə əlverişli şəraitdə insanlara çatdırılmasında idi və məhz Rəsulullah (s.ə.s.) da o gün Məkkədə bunu edirdi.

Bir gün də gəlib Allah Rəsulundan Rəbbini tərif etməsini istəyirdilər. Əslində məqsədləri Allahı Onun Rəsulundan öyrənmək deyil, mənasız hay-küy salıb deyilənləri məsxərəyə qoymaq idi. Yəni Qureyşin həmişəki adəti qabarmışdı: yenə əylənmək istəyirdi.

Ancaq hər bir görüş Rəsulullah (s.ə.s.) üçün Allahı tanıtmaq naminə yeni bir fürsət idi. Məclis Onun adı ilə açılmışkən, ən azı yenə Onun adı ilə davam etməli və buna görə də O daha geniş kütlələrə anladılmalı idi.

Əlbəttə, Allahı ən gözəl şəklidə anladan yenə Allah Rəsulu idi.  Peyğəmbərimiz (s.ə.s.) də Cəbrailin gətirdiyi ayələri onlara söyləyir:

– Ya Peyğəmbər! Allahın zatı və sifətləri haqqında səndən soruşan müşriklərə de: “(Mənim Rəbbim olan) O Allah birdir (heç bir şəriki yoxdur); Allah (heç kəsə, heç nəyə) möhtac deyildir! (Hamı Ona möhtacdır; O, əzəlidir, əbədidir!) O, nə doğmuş, nə də doğulmuşdur! Onun heç bir tayı-bərabəri (bənzəri) də yoxdur!”[5]

O gün də hər şeyə rəğmən, müşriklər üz döndərib gedəcək, bu ayələri də  heç eşitməmiş kimi davranacaqdılar. Çünki bu məsələdə o dərəcədə qərəzli idilər ki, qızıl və ləl-cəvahiratdan nərdivanlar ucaldıb onlara: “Cənnətə buyurun!” desəydin də, yenə qəbul etməz, gözlərini bağlayıb özlərini zülmət gecənin qoynuna  atardılar.

Məkkə tez-tez müxtəlif mübahisələrə də səhnə olurdu. Bir gün Hz. Əbu Bəkir böyüklərlə oturmuş, Uca Allah haqqında yanlış fikirləri düzəltməyə çalışırdı. Anlayışlar qüsurlu və gülünc idi. Müşriklər:

− Rəbbimiz Allahdır və mələklər də Onun qızlarıdır. Onlar həmçinin bizi Allaha yaxınlaşdıran vasitələrdir, − deyir və başqa fikri heç cür qəbul edə bilmirdilər. Yəhudilər isə:

− Rəbbimiz Allahdır və Üzeyr də Onun oğludur, − deyir və Hz. Məhəmmədin Allahın Rəsulu olduğunu qəbul etmirdilər. Başqa sözlə, onlar Haqq yoldan azmış, doğru istiqaməti tapa bilməmişdilər. Bunlarla həmsöhbət olan  Hz. Əbu Bəkir (r.a.):

− Rəbbimiz Allahdır. O, ikincisi olmayan Təkdir və Onun şəriki də yoxdur. Məhəmməd (s.ə.s.) də Allahın qulu və Rəsuludur,− deyir və iki-üç düşüncə  arasındakı doğrunu müəyyənləşdirirdi. Elə bu əsnada Allah Rəsulu (s.ə.s.) Cəbrailin gətirdiyi bir ayənin müjdəsini verirdi. Bu ayədə Hz. Əbu Bəkirin sözlərinin doğru olduğu açıq-aşkar bildirilir və belə buyrulurdu:

− Şübhəsiz: “Rəbbimiz Allahdır!” – deyən, sonra da doğru yolda irəliləyən kəslərə mələklər gəlib  belə deyəcəklər: “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin![6]

Bir gün Rəsulullahın (s.ə.s.) hüzuruna bir adam gəlir və:

− Ey Əbul-Qasım! (Qasımın atası!) Sənə gələn xəbərlərə görə, Allah bütün məxluqatı bir barmağında, səmanı başqa barmağında, ağacları digər barmağının üstündə, yeri də o biri barmağında saxlayırmış. Sonra da deyirmiş ki: “Mən Məlikəm...” − deyir.

Adam sözünü bitirməmiş Rəsulullahın (s.ə.s.) simasına acı bir tə­bəs­süm qonur. Çünki Zati-Bari (Zati-Bari − Allahın isimlərindən ­bi­­ri; bir qəlibdən tökər kimi, düz, tərtibli və gözəl yaradan. Üzv və cihazatları bir-birinə mütənasib və kainatdakı ümumi nizama və məqsədlərə uyğun və əlaqəli şəkildə  xəlq edən Allah) haqqında belə danışmaq heç kimin həddi deyildi. Ondan bir yerin hökmdarı kimi bəhs edilə bilməzdi. Bu sözlərdən dərhal sonra Cəbrail gəlir:

− Onlar əsla Allahın qüdrət və əzəmətini layiqincə qiy­mət­lən­dirmədilər, Ona layiq olan təzimi ortaya qoymadılar. Halbuki, qiyamət günü bütün dünya Onun ovucunda olacaq, göylər isə Onun sağ əli ilə büküləcəkdir. Əlbəttə, belə bir əzəmət və hakimiyyət sahibi olan Allah  onların uydurduğu şəriklərdən tamamilə uzaq və ucadır![7] − məalındakı ayəni gətirir.[8]

Ölümdən sonrakı həyat

Adiyy ibn Rabia Sultanlar Sultanının (s.ə.s.) hüzuruna gəlir, qi­ya­mət gününün nə zaman olacağını soruşur, qiyamətin əlaməti və onun baş vermə şəkli  ilə maraqlandığını bildirir. Təbii ki, Rəsulullah (s.ə.s.) da Rəbbinin əyan etməsi ilə sualları cavablandırır. Ancaq bu adamın məqsədi suallarına cavab tapmaq yox, Peyğəmbəri guya çətin vəziyyətə salmaq idi.  Buna görə də Adiyy ibn Rabia belə deyir:

− Ey Məhəmməd, həmin günü gözümlə görsəm də, yenə də mən Sənə inanmayacaq və Səni təsdiq etməyəcəyəm.

Adiyy ibn Rabia bu sözləri deyərkən əlindəki çürük bir sümüyü qıraraq:

− Yəni Allah bu dağılmış sümüklərimi birləşdirib canlandıracaq? − deyə istehza edir.

Elə bu əsnada səma qapıları hərəkətə gəlmiş və Cəbrail özünü imdada yetirmişdi:

− Məgər insan elə güman edir ki, qiyamət günü onun sümüklərini bir yerə yığa bilməyəcəyik?![9]

Bunu eşidən Übeyy ibn Xaləf çürümüş bir sümük götürüb Hz. Məhəmmədin  (s.ə.s.) hüzuruna gəlir  və əlindəki sümüyü ovxalayaraq:

− Ey Məhəmməd! Sən demək istəyirsən ki, Allah çürüyüb dağılmış bu sümüyü yenidən dirildəcək? − deyə soruşur. Peyğəmbərimiz (s.ə.s.):

− Bəli, Allah (cəllə cəlaluhu) bunu da yenidən dirildəcək. Əvvəlcə sənin canını alacaq, sonra yenidən dirildəcək və axırda da səni cəhənnəm atəşinə atacaq, − deyə cavab verir.

Bu mənzərəni təsvir edən Quran hadisəni müvafiq ifadələrlə xülasə edəcəkdi:

− Məgər insan onu nütfədən yaratdığımızı görmədimi ki, birdən-birə Rəbbinə açıq bir düşmən kəsilərək, öz yaradılışını unudub: “Çürümüş sümükləri kim dirildə bilər?!” − deyə hələ Bizə bir məsəl də çəkdi. De: “Onları ilk dəfə yoxdan yaradan kimdirsə, yenidən dirildəcək olan da Odur.[10]

Bir gün Abdullah adlı bir səhabə Kəbəyə gəlmiş, ibadət etmək istəyirdi. Kəbəni təvaf edib bir kənarda oturur. Quran oxumaq istərkən uzaqdan bir neçə nəfərin gəldiyini görür. Bunlar Saqif qəbiləsi ilə Qureyşdən olan yekəqarın, dar düşüncəli sirdaşlar idi. Hallarından görünürdü ki, danışmağa gizli yer axtarırlar. Məlum idi ki, söhbətin mövzusu Allah Rəsuluna (s.ə.s.) və Onun səhabələrinə necə pislik etmək idi. Bir yerə çömbəlib  uzun-uzadı müzakirəyə başlayırlar. Biri  pıçıltı ilə deyir:

− Nə fikirləşirsiniz, əcəba, indi Allah bizim bu danışdıqlarımızı da eşidirmi?

− Bəlkə, bəzilərini eşitmişdir, − deyir birisi. Başqası da ortaya atılır və:

− Bəlkə də, ucadan danışdıqlarımızı eşitmişdir. Yavaş danışdıqlarımızı eşitdiyinə inanmıram, − deyir. Bundan sonra içlərindən biri irəli atılır:

− Bir hissəsini eşidən hamısını da eşitmişdir, elə isə bütün danışdıqlarımızdan xəbərdardır!

Sonra dağılışırlar, hərəsi bir tərəfə gedir. Bu vaxt Hz. Abdullah da oradan uzaqlaşıb Allah Rəsulunun hüzuruna gələrək eşitdiklərini danışır. Bundan sonra yenə Cəbrail gəlir. Bu vəhyi gətirmişdi:

− Siz qulaqlarınızın, gözlərinizin və dərilərinizin əleyhinizə şahidlik edəcəklərindən qorxub çəkinmir, etdiyiniz əməllərin çoxunu isə Allahın bilməyəcəyini zənn edirsiniz. Sizin öz Rəbbiniz barəsindəki bu zənniniz sizi məhv etdi və ziyana uğrayanlardan oldunuz![11]

Bundan sonra da ayələr gəlməkdə davam edirdi. Nazil olan ayələrdə xülasə olaraq bunlar vurğulanırdı:

− Göylərin və yerin hökmü Allaha məxsusdur və Allah hər şeyə qadirdir.[12] Göylərdə və yerdə Allahı aciz edə biləcək heç bir şey yoxdur. Həqiqətən, O, hər şeyi biləndir, hər şeyə qadirdir![13] Qiyamətin qopması bir göz qırpımında, yaxud daha tez olar. Allah, həqiqətən, hər şeyə qadirdir![14] Bu insan yaradılışının müxtəlif mərhələləri, ölü torpağın cana gətirilməsi ona görədir ki, Allah haqdır, ölüləri dirildir və O, hər şeyə qadirdir!”[15] Allah axirət həyatını yaradacaqdır. Allah hər şeyə qadirdir![16]

Göründüyü kimi, bu günün insanları üçün mümkün görünməyən hər məsələnin sonunda Allahın gücü və qüdrəti vurğulanır və Onun bütün mülkün sahibi olduğu xatırladılaraq bu gün də qeyri-real görünən hər məsələnin Onun üçün çox asan olduğu bildirilir. [17]Heç bir şey yoxkən kainatı var etmək, havası ilə suyunu tənzimləyib işığı ilə hərarətini tarazlaşdırmaq və beləliklə, canlıların yaşaması üçün bütün zəruri imkanları yaratmaq... Sonra da hər bir canlı, bitki və maddi cisimlərə, cansızlara həyat verib mükəmməl bir sistem qurmaq... Dünən bunu xəlq edən qüdrət bu gün və ya sabah oxşarını yaratmaqda aciz hesab edilə bilərdimi? Halbuki, bir az düşünən insan yaxşı bilir ki, intizamlı ordu qurarkən meydana çıxan çətinliklər, verilən fasilələrdən sonra həmin ordunun toplanmasında yaşanmadığı kimi, ikinci yaradılış da birinciyə nisbətən daha asandır. Cəbrailin gətirdiyi bəyan da eyni şeyləri söyləyəcəkdi:

− Məxluqatı əvvəlcə yoxdan var edən kimdirsə, sonra da yenidən dirildəcək olan Odur. Bu, Onun üçün çox asandır.[18]

Eyni zamanda O (cəllə cəlaluhu), elə bir qüdrət sahibidir ki, Onun üçün ən xırda bir zərrəni yaratmaqla bütün sistemləri var etmək arasında heç bir fərq yoxdur. İnsanların bunu da bilməsi zəruri idi. Bu məqsədlə Quran ölümdən sonra təkrar dirilişdən bəhs edərkən bu ifadələri işlədəcəkdi:

− Ey insanlar! Sizin hamınızı yaratmaq və ya hamınızı öləndən sonra diriltmək, Allah üçün bir nəfəri yaratmaq və diriltmək kimidir. Həqiqətən, Allah hər şeyi eşidəndir, görəndir![19]

Həmçinin, məsələ təkcə nəzəriyyələr əsasında bildirilmirdi. Əslində bu, Quran üslubunun bir hissəsi idi, nəzəriyyə ilə yanaşı təcrübədən də misallar verilir və insanların görüb eşidərək qəbul etməsinə çalışılırdı. Quran yenidən dirilmək həqiqətindən bəhs edərkən düşünən insanlara  belə səslənir:

− Sən Allahın rəhmətinin (yağışının) əsər-əlamətinə bax ki, torpağı öldükdən sonra necə dirildir. Bunu edən qüdrət ölüləri dirildəcəkdir. Çünki  O, hər şeyə qadirdir![20]

Həqiqətən də, hər tərəfdə yeni ölümlər yaşanır, sonra da yenidən dirilişlər baş verir və həyata bir az ibrətlə baxan hər kəs bunları görürdü. Qış fəslində yağan qarın ardınca ağ kəfənini üstündən atıb ayağa qalxan yazın yenidən gəlməsi, bir-iki həftə ərzində bütün bitkilərin yenidən yaradılırmış kimi təzə paltarlarını geyib yarpaq və çiçəklərlə bəzənməsi, milçəklər kimi bəzi canlıların uzun müddət yoxa çıxandan sonra eyni miqdarda yenidən yaradılması kimi insanın gözü qarşısında cərəyan edən neçə-neçə yaradılış (həşr) nümunələri var. Mühüm olan, gözdəki pərdəni qaldırıb bunları görə bilmək, sonra da bu işin arxasındakı qüdrəti dərk edərək Ona iman gətirə bilməkdir.

Amma bunun üçün təkcə baxmaq deyil, həm də baxdığını görmək lazım idi. Camaatını  (müsəlmanları) şüurlu düşüncə ilə yetişdirən Quran əlindən tutduğu insanı fərqli yerlərdə gəzdirir, hər dəfə ona nələrə baxıb nələri görməyi xatırladır və bütün bunların nəticəsi olaraq da mövzunu həşr  məsələsinə bağlayırdı:

− Məgər onlar başlarının üstündəki göyə baxıb onu necə yaratdığımızı, necə bəzədiyimizi və orada heç bir yarıq olmadığını görmürlərmi?!

Eləcə də yeri necə döşədiyimizi (hamarlayıb düzəltdiyimizi), orada möhkəm duran dağlar yaratdığımızı, hər cür gözəl növdən meyvə yetişdirdiyimizi görmürlərmi?!

Bütün bunları Rəbbinə tərəf dönüb qayıdan hər bir bəndə üçün ibrət dərsi və öyüd-nəsihət olsun deyə etdik. Biz göydən bərəkətli su endirdik, sonra onunla bağlar və biçilən taxıl dənələri yetişdirdik.

Həm də tumurcuqları (salxım-salxım) bir-birinin üstünə düzülmüş, hündür xurma ağacları bitirdik. Bütün bunlar bəndələrimizə olan ruzimizi tamamlamaq üçündür!

Ölmüş insanların qəbirlərindən dirilib çıxması da belə olacaqdır.[21]

Bəli, bütün bunlar Rəhmanın təlimlərindən bir hissədir. Bu təlim həyatın artıq hər sahəsində özünü göstərir və beləliklə, baş verən hadisələrə paralel şəkildə gündəmə gətirilən mövzuların insanlar tərəfindən mənimsənilməsi təmin edilirdi.

Artıq onlar − möminlər qorxu və ümidin yoğurduğu tərbiyə ilə­ mum kimi yumşalmış və iştiyaqla Rəhmanın mərhəmətini göz­lə­yir­dilər. Yaradanın hüzuruna qayıtmaq imanı ilə qəlbləri tir-tir titrəyir, fani dünyanı əvəz edəcək əbədi günlər üçün əbədi əməllər və ibadət edir və bu istiqamətdə əllərindən gələni əsirgəmirdilər.[22]

Qədər, təqdir, qüdrət və İlahi murad

Məkkə müşrikləri bəzən bir yerə toplaşır və dini məsələlər ətrafında mübahisələr edirdilər. Halbuki, onlar bu xırmanda bircə buğdaya sahib deyildilər. Yenə bir gün Nəcrandan gələn din adamları ilə qədər mövzusunda mübahisə edirdilər. Mahiyyətinə bələd olmadıqları  halda, hərəsindən bir səs çıxır və taleyi öz fikirləşdikləri kimi yozmağa çalışırdılar. Mövzudan baş çıxarda bilməyib  Məhəmmədül-Əmindən soruşmaq qərarına gəlirlər. Sözə Nəcran müdrikləri başlayır:

− Ya Məhəmməd! Sənə qalarsa, günahlar da bir tale (qədər) daxilində gerçəkləşir, dənizlərlə göylərdə olanlar da. Daha doğrusu, bütün baş verənlər eyni tale çərçivəsində cərəyan edir. Yaxşı, o birilərini başa düşdük, amma günahların da bir tale (qədər) çərçivəsində olması mümkün deyildir.

Allah Rəsulu (s.ə.s.) məsələyə daha geniş aspektdən və bir bütöv şəklində baxa bilməyən bu adamlara əvvəlcə:

− Yoxsa siz Allahın düşmənlərisiniz? − deyir. Sonra da Cəbrailin gətirdiyi bu ayələri oxuyur:

−  Şübhəsiz ki, günahkarlar heyrət, yanlışlıq və dəlilik içindədirlər. O gün onlar üzü üstə cəhənnəmə sürüklənəcək və onlara: “Duyun cəhənnəmin təmasını!” − deyiləcəkdir. Şübhəsiz ki, Biz hər şeyi bir qədər (tale) və ölçü daxilində yaratdıq.[23]

Hər şeyi yaradan və yaratdıqlarının ruzisini verərək həyatlarını davam etdirən Allah bunları buyurandan sonra Məkkə müşrikləri və Nəcran əhalisi nəyi gözləyirdi. Dolayısilə, bu ayə o gün həddini aşanların səsini kəsdiyi kimi, sonralar da ortaya çıxacaq, hər həddini bilməzin payını verəcək və Qüdrəti-İlahinin hər şeyə yetdiyini hər zaman göstərən bir qiblənüma (kompas) olacaqdı.[24]

Yenə bir gün bir nəfər qədər (tale) məsələsini məsxərəyə qoymaq niyyəti ilə gəlmiş, Allah Rəsuluna (s.ə.s.) belə deyirdi:

−  Mən istədiyim kimi durub ibadət edir və namaz qılıram.

Bu adamın məqsədi nə namaz qılmaq, nə də bütün gecəni yatmayıb Allaha qulluq vəzifəsini yerinə yetirmək idi. Bunu və bundan sonra deyəcəyi şeyləri öz iradəsi ilə həyata keçirdiyini söyləməyə çalışır və bunların bir təqdir (qədər) nəticəsində olmadığını söyləmək istəyirdi. Niyyət artıq aydın idi və cavablar da buna görə olacaqdı:

− Deməli, Allah sənin namaz qılmağını təqdir etmişdir.

− Mən həm də otururam.

− Oturmağını da O, müəyyənləşdirmişdir.

−  Bəs bu ağaca tərəf gedir və onu kəsirəmsə, necə?

−  Sənin o ağacı kəsəcəyini də Allah təqdir etmişdir ki, sən də bunu edə bilirsən.

Çox qəribə yanaşma idi. Bu adam kiçicik beyni ilə İlahinin qüdrətini ölçməyə çalışır və bu ağırlığı qaldıra bilməyən tərəzisi ilə Allahın təqdirini mühakimə etmək istəyirdi.

Səma ilə əlaqə  fasiləsiz davam edirdi və Cəbrailin gətirdiyi ayələr dada yetişib işin həqiqi tərəfini ortaya qoyacaqdı.[25] Çünki O istəməsə, bircə yarpaq da tərpənməzdi. Allah nəyi istəyərsə, o olar, olmasını istəmədiyi də olmazdı.[26] Göylərin və yerin hökmü Allahın əlindədir. O, istədiyini yaradır, istədiyinə ancaq qız, istədiyinə də ancaq oğlan verir.[27] Əgər Allah cəza vermək və pislik etmək istəsə, onun qarşısını heç bir güc ala bilməz.[28] Onun göndərdiyi fəlakətin qarşısına keçib mane olmaq kimin həddidir? Əgər Allah sizə bir pislik, yaxud bir yaxşılıq diləsə, Allahın sizin haqqınızda görəcəyi bu işə kim mane ola bilər?![29] Allah bir şeyin olmasını istədiyi zaman buyruğu ona ancaq: “OL!” − deməkdir. O da dərhal olar.[30]

Əbu Cəhil “Sizdən istiqamət sahibi olmaq istəyənlər ona qulaq asarlar” mənasındakı ayəni eşidən kimi öz səviyyəsinə görə məntiqi nəticə çıxaracaq və belə deyəcəkdi:

− Baxın, görürsünüzmü, iş yenə bizim öhdəmizə buraxılıb. İstəsək, istiqaməti seçməyə üstünlük verər, istəməsək bunu etmərik!

Amma bu, istəyin öhdəsinə buraxılacaq bir məsələ deyildi. Çünki onun arxasınca gələn ayə belə izah edəcəkdi:

− Onu da bilin ki, bu, sizin istəyinizə görə deyil, ancaq aləmlərin Rəbbi olan Allahın istəyi ilə olur![31]

Qısası, Əbu Cəhillər nə deyir desin, bütün mülk Allaha məxsusdur! O da mülkünü istədiyi şəxsə verər, istədiyini də ondan məhrum edər. İstədiyi şəxsi yüksəldər və istədiyini də alçaldar. Xeyir yalnız Allahın əlindədir. Həqiqətən də, O (cəllə cəlaluhu), bunların hamısına qadirdir.[32]

Müqavimət təlimi

İnsanların təkcə imanda kamilləşməsi kifayət etmirdi: onların imanla addımlayarkən qarşıya çıxan maneələri dəf etmək üçün göstərdiyi müqavimət də mühüm əhəmiyyət kəsb edirdi. Buna görə də, Quran tez-tez əvvəlki peyğəmbərlərdən və onların ümmətlərindən nümunələr verir və bu yolda necə məşəqqətlərlə üzləşdiklərindən bəhs edərək Məhəmməd ümmətini də gələcək günlərdə ehtimal olunan çətinliklərə hazırlayırdı. Uca Allah Quranda belə xəbər verirdi:

− Əlif, Lam, Mim! Möminlər yalnız: “İman gətirdik!” − demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar? Biz onlardan əvvəlkiləri də imtahana çəkmişdik. Şübhəsiz ki, Allah iman sahiblərini də imtahana çəkib imanda sadiq olanlarla bu məsələdə səmimi olmayanları bir-birindən ayıracaqdır![33]

Demək ki, gələcəyin gözlənilməz çətinliklərinə sinə gərmək üçün təkcə “İman gətirdik” demək kifayət etmirdi. Əlbəttə ki, iman çox vacib bir məsələ idi. Amma imanın da öz içində dərəcələri var idi və bu yolun yolçusu olan bir mömin imanda kamil mərhələyə çatmalı idi ki, Allahın onun üçün təqdir etdiyi sınağa qüsursuz sinə gərə və nicat tapdığı yerdə ilahi rizanın səmərələri ilə təkbaşına qala bilsin.

Bəli, möminləri cənnət, Rəhmanın mərhəməti gözləyirdi, lakin bunun üçün dayanmadan çalışmaq lazım idi. Dünya mükafat yeri olmadığı üçün bütün işlərin səmərəsi, əksəriyyət etibarilə, ölümdən sonrakı əbədi həyatda əksini tapacaq, bunun əvəzindəki əziyyətlər isə burada yaşanacaqdı. Cəhənnəm lüzumsuz və mənasız olmadığı kimi, cənnət də ucuz deyildi. Belə bir neməti qazanmaq üçün dərd, əzab və çətinlik süzgəclərindən keçmək, səbir dəryalarında at sürmək və heç nəyə baxmayaraq, yerində sabitqədəm qaldığını göstərmək lazım idi. Çünki Cəbrailin gətirdiyi ilahi fərman  bunları ifadə edirdi:

− Sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlməmiş behiştə daxil olacağınızımı güman edirsiniz? Onları şiddətli fəlakət və sıxıntı elə bürümüş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və iman gətirənlər birlikdə: “Allahın köməyi nə vaxt gələcək?” − demişdilər. Bilin ki, Allahın köməyi yaxındır![34]

Dan yerinin sökülməsi lap yaxında idi və səhər açılmaq üzrə idi. Günlər şəfəqin söküləcəyi və bahar havasını udacaqları anın həyə­ca­nı­nı yaşayırdı... Ancaq bunun üçün bir Əbu Bəkir, bir Xədicə, bir Əli olmaq lazım idi... Tarixdə sökülən hər yeni şəfəq, hər yeni səhər daima belə iman sahiblərinin çiyinlərində bayraqlaşmışdı.[35] Bu keyfiyyəti daşıyan insanlar yetişəndən sonra dünya bomba olub partlasa, nə dəyişərdi ki? Onsuz da zaman da dəyişmədiyini göstərəcəkdi...

Güc çoxluqda deyil, haqdadır.

O dövrkü Məkkədə hər məsələ zor gücün əsasında formalaşdığı üçün hər kəs özünü ətrafındakı adamların sayına görə güclü hesab edir və bu gücü rəqiblərinə də göstərmək istəyirdi. Hətta bəzən keçmişin  “dəftərlərini vərəqləyir”, dədə-babalar arasında nüfuzlu şəxslər varsa, onlarla öyünərək psixoloji müharibə aparırdılar.

Abdimənafoğulları ilə Səhmoğulları arasında ciddi anlaşılmazlıq və rəqabət hökm sürürdü. Tərəflər bir-birini keçmək üçün ağlagəlməz üsullara əl atır və öz tayfasının daha güclü olduğunu sübut etməyə çalışırdı. İşi o həddə çatdırmışdılar ki, məzarlarda yatan yaxınlarının adları ilə bağlı məşhur mənqəbələri (hadisələri) ağızdolusu danışırdılar. Beləcə, bu çoxluq yarışında Abdimənafoğulları geridə qalacaq və bu psixoloji müharibədə cahiliyyə dövründə sayı daha çox olan Səhmoğulları üstün gələcəkdi.

Məkkədə yeni bir mərhələ də vardı və bunun üzərində də bərqərar ediləcək bir hökm olmalı idi. Çox keçməmiş, Cəbrail gəlir və bu ayələri gətirir:

− Çoxluq (mal-dövlət, oğul-uşaq və qohum-əqrəba çoxluğu) ilə öyünmək sizi o qədər şirnikləndirdi, başınızı o qədər qatdı ki, hətta məzarlarda yatan ölülərinizi sayıb, onların da çoxluğu ilə fəxr etməyiniz üçün qəbirləri ziyarət etdiniz. Yox, belə yaramaz. Siz öləndən sonra bu yaramaz əməllərinizin aqibətini mütləq biləcəksiniz! Xeyr, siz öləndən sonra bu yaramaz əməllərinizin aqibətini mütləq biləcəksiniz![36]

Günlərin bir günü Allah Rəsulunun namaz qıldığını görən Əbu Cəhil qəzəblə Onun hüzuruna gəlmiş və:

− Mən Sənə bunu qadağan etməmişdimmi? − deyə ədəbsizlik etmişdi. Belə bir adama ən yaxşı cavab susmaq idi. Rəsulullah da namazını bitirər-bitirməz oradan uzaqlaşmışdı. Onun gedişini seyr edən Əbu Cəhil yanındakılara bunları söyləyir:

− Allaha and olsun! Sən də bilirsən ki, buralarda məndən daha çox adamı olan yoxdur!

Bu sözləri ilə o “Sənin ətrafına nə qədər adam yığışır-yığışsın, mən hamısının öhdəsindən gələrəm” demək istəyirdi. İlahi qüdrəti nəzərə almadan danışırdı Əbu Cəhil. Halbuki, güc və qüdrət çoxluqda deyil, haqda idi. Məkkə müşriklərinin kimsəsiz gördükləri Allah Rəsulunun Kimsəsi birbaşa Allah-Təala idi və O da Rəsuluna təsəlli üçün nazil etdiyi ayələrlə Onun könlünü  alırdı:

− Məgər bilmir ki, Allah hər şeyi görür?!

Yox, yox! Əgər o, bu əməllərinə son qoymasa, and osun ki, Biz onu kəkilindən yapışıb cəhənnəmə sürükləyərik. Özü də yalançı, günahkar kəkilindən!

Qoy o, özünün bütün tərəfdarlarını  köməyə çağırsın!

Biz də zəbaniləri çağırarıq!

Yox, yox! Sən ona uyma! Sən ancaq Rəbbinə səcdə et və Ona yaxınlaş![37]



[1]. Bax: “Zumər” surəsi, 39/23; Vahidi, Esbabu Nuzuli’l-Kur’an, 383
[2]. Bax: Sad, 38/4, 5; Vahidi, Esbabu Nuzuli’l-Kur’an, s. 380, 381
[3]. İmran ibn Husaynın atasıdır.
[4]. İbn Hacer, İsabe, 1/337; ibnü’l-Esir, Üsüdü’l-Ğabe, 2/34, 35
[5]. Bax: “İxlas”, 112/1-4; Vahidi, Esbabu Nuzuli’l-Kur’an, s. 501
[6]. Bax: “Fussılət” surəsi, 41/30; Vahidi, Esbabu Nuzuli’l-Kur’an, s. 388
[7]. Bax: “Zumər” surəsi, 39/67.
[8]. Bax: Vahidi, Esbabu Nuzuli’l-Kur’an, s. 386
[9]. Bax: “Qiyamət”surəsi, 75/3; Bax: Vahidi, Esbabu Nuzuli’l-Kur’an, s. 469
[10]. Bax: “Yasin”, 36/77-79; Bax: Vahidi, Esbabu Nuzuli’l-Kur’an, s. 379
[11]. Bax: “Fussilət” surəsi, 41/22, 23.
[12]. Bax: “Ali-İmran” surəsi, 3/189.
[13]. Bax: “Fatır” surəsi, 35/44.
[14]. Bax: “Nəhl” surəsi, 16/77.
[15]. Bax: “Həcc” surəsi, 22/6.
[16]. Bax: “Ənkəbut” surəsi, 29/20.
[17]. Bax: “Mülk” surəsi, 67/1.
[18]. Bax: “Rum” surəsi, 30/27.
[19]. Bax: “Loğman” surəsi, 31/28.
[20]. Bax: “Rum” surəsi, 30/50.
[21]. Bax: “Qaf” surəsi, 50/6-11.
[22]. Bax: “Muminun” surəsi, 23/60.
[23]. Bax: “Qəmər” surəsi, 54/47, 48, 49.
[24]. Bax: Vahidi, Esbabu Nuzuli’l-Kur’an, s. 419, 420
[25]. Bax: Haşir, 59/5; Vahidi, Esbabu Nuzuli’l-Kur’an, s. 438
[26]. Bax: Ebu Davud, Edeb, 101
[27]. Bax: “Şura” surəsi, 42/49.
[28]. Bax: “Rəd” surəsi, 13/11; “Fəth” surəsi, 48/11.
[29]. Bax: “Əhzab” sıırəsi, 33/17.
[30]. Bax: “Yasin” surəsi, 36/82.
[31]. Bax: “Təkvir” surəsi,  81/27-29; Vahidi, Esbabu Nuzuli’l-Kur’an, s. 473
[32]. Bax: “Ali-İmran” surəsi, 3/26.
[33]. Bax: “Ənkəbut” surəsi, 29/1-3.
[34]. Bax: “Bəqərə” surəsi, 2/214.
[35]. Bax: “Saffat” surəsi, 37/171-177; “Qəmər” surəsi, 54/45; “Səd” surəsi, 38/110; “Nəhl” surəsi, 16/41; “Yusuf” surəsi, 12/7; “İbrahim” sürəsi, 14/14; “Rum” surəsi, 30/4.
[36]. Bax: “Təkasur” surəsi, 102/1-5; Vahidi, Esbabu Nuzuli’l-Kur’an, s. 490
[37]. Bax: “Ələq” surəsi, 96/14-19.