Mənəviyyata Açılan Pəncərə

Yeni hücum və Xəndək

Təqribən bir il idi Hicazda sülh və əmin-amanlıq hökm sürürdü. Ətrafda kiçik miqyaslı qarşıdurmalar olsa da, Allah Rəsulunun (s.ə.s.) əzmi və bəsirəti sayəsində vaxtında  təsbit edilmiş, hərbi qüvvələrin müdaxiləsi nəticəsində tərki-silah olunmuşdu. Ancaq bu, o demək deyildi ki, düşmən elə həmişə belə kiçik həmlələrlə kifayətlənəcək.

Səlam ibn Əbil-Huqayq, Huyeyy ibn Ahtab, Kinanə ibn Əbil-Huqayq, Həvzə ibn Qeys və Əbi Amir kimi iyirmiyə yaxın nüfuzlu yahudi rəhbərləri oturub yenə plan qururdular. Çox keçmədən bu dəstənin səsi Məkkədən gəlir: Qureyşi Rəsulullaha qarşı müharibəyə təhrik edir:

– Məhəmmədlə savaşda biz sizinlə birlikdəyik və gəlin çiyin-çiyinə verib Onu məhv edək! – deyirdilər.

Təklif Qureyşin ürəyincə olur. Elə neçə il idi ki, bunu gözləyirdilər. Hətta məktub da yazmışdılar, ancaq xahişlərinə heç cür cavab ala bilməmişdilər. İndi özləri gəlmiş, çoxdan  arzuladıqları təklifi gətirmişdilər. Əbu Sufyan:

– Xoş gördük, dostlarım! Xoş gəldiniz! Bizim üçün ən sevimli insan Məhəmmədlə düşmənçilik məsələsində bizimlə birlikdə hərəkət edib bizə kömək edəndir, – deyir. Heç cür unuda bilmədikləri Bədrin intiqamını almaq üçün əllərinə yaxşı fürsət düşmüşdü.

Qureyş Uhuddan sonra meydan oxuyaraq "görüşərik" dediyi ikinci Bədrə də gəlməmişdi. Bu qorxaqlıq da, təbii olaraq, dostların töhməti ilə qarşılanmışdı. Camaat arasında da bu barədə müxtəlif söz-söhbətlər gəzirdi. Ən azından indi sarsılmış etibarı yenidən bərpa etmək imkanı var idi, hələ bir üstəlik Mədinədəki yəhudilər də onlarla birlikdə hərəkət etməyə söz verirdilər. Birlikdə hərəkət etmək hər iki tərəf üçün də ələdüşməz fürsət idi, toplanış vaxtını razılaşıb vidallaşırlar.

Bunun ardınca Əbu Sufyan Qureyşin hər bir qolundan nüfuzlu adamları seçərək əlli nəfərlə birlikdə Kəbəyə gəlir və Kəbə örtüyünün altına girib son damla qanlarına qədər döyüşəcəklərinə and içirlər.

Qureyşdən ayrılan yəhudilər bu dəfə Qatafana gedir, onlara da eyni təklifi edirlər. Xeybərin illik gəlirinin yarısını onlara verəcəklərini söyləyir və Mədinəyə hücum edəcəkləri təqdirdə onları dünya malı ilə qane edəcəklərinə söz verirlər. Eyni zamanda Qureyşin də onlarla birlikdə savaşacağı xəbərini verməklə, sanki, "Hər kəsin birlikdə olduğu yerdə siz də olmalısınız!" deyirlər: qatafanlılar da təklifi qəbul edir.

Plan qurmaqda mahir idilər. Qısa vaxtda Bəni-Süleymə yurduna da gedib onları da razı sala bilirlər. Beləliklə, növbə ilə bütün ərəb qəbilələrini gəzirlər. Razılaşdıqları hər qəbiləyə tarix verir və o zamanadək hazır olmalarını istəyirlər. Demək olar ki, bütün qəbilələri Allah Rəsulu və möminlərə qarşı döyüşməyə razı salırlar. Buna görə də Xəndək döyüşünə bir tərəfin qəbilələrdən yığılma ordu olmasına görə eyni zamanda "Əhzab" da deyiləcəkdi.

Beləcə vaxt gəlib çatır. Təqvim beşinci ilin şəvval ayını göstərirdi. Darun-Nədvə adlı müşavirə məclislərində bayraq bağlayıb Osman ibn Talhaya verirlər. Artıq hər şey hazır idi və Əbu Sufyanın başçılığı ilə dörd min nəfərlik Məkkə ordusu Mədinəyə doğru hərəkətə başlayır. Ordu içində üç yüz at və min beş yüz dəvə var idi.

Bunu eşidən qəbilələr də hərəkətə keçir və axın-axın Əbu Sufyan ordusuna qatılmağa başlayır. Bəni-Süleym yeddi yüz, Bəni-Fəzara min, Əşca qəbiləsi dörd yüz, Bəni-Mürrə də dörd yüz nəfərlik bir dəstə ilə Əbu Sufyanın Mədinə istiqamətində yürüş edən ordusuna qoşulur. Çox keçmədən Məkkə ordusunun sayı on minə çatır. Bu isə demək olar, Mədinənin qadınlı-uşaqlı, xəstəli-qocalı bütün əhalisinə bərabər idi.

Yenə də gəlirdilər, əməllərini, ömürlərini şərə həsr etmiş bu insanların ağıllanmaq niyyəti yox idi. Mədinənin onlara nə ziyanı dəymişdi ki? Ancaq küfrün məntiqi yox! Öldürməyi qarşılarına məqsəd qoymuş, beyinləri də kin və nifrətin əsiri olmuşdu. Öz xarakterlərinə uyğun hərəkət edirdilər.

 Təhlükənin görülməsi və əshabla müşavirə

Bir yandan da Allah Rəsulu (s.ə.s.) Məkkəyə gedən yəhudilərin qəbilə-qəbilə gəzib insanları müsəlmanların əleyhinə təhrik etməsini yaxından izləyirdi. Onun kəşfiyyatı Məkkədəki hər bir hərəkət haqqında məlumat alır, O da addımlarını bu məlumatlara görə atırdı.

Hələ Əbu Sufyan Məkkədən çıxmamışdan dörd gün qabaq onun yola çıxacağı xəbərini alır və məsələni əshabı ilə müzakirə edir. Rəsulullah nə qədər döyüşmək istəməsə də, Qureyş toplanıb gəlirdi, bu müsibətin qarşısını almaq üçün bir yol tapmaq lazım idi.

Hansı strategiyanın seçilməsini təkrar-təkrar əsahabından soruşur. Mədinədə qalıb düşməni küçələrə dağıdıb zəiflətməkmi, yoxsa şəhərdən çıxıb üz-üzə çarpışmaqla düşmənin qarşısını almaq? Hansının daha uyğun olacağını soruşur onlardan. Uhud öncəsi məşvərəti unutmamışdı əshab, buna görə məsələyə ehtiyatla yanaşır.

Hər kəs öz fikrini söyləyir. Təkliflərin hamısı riskli idi. Nəhayət, məclisdə Səlmani-Farisinin səsi eşidilir:

– Ya Rəsulullah, – deyir, – Fars torpaqlarında biz süvari basqını təhlükəsi ilə üz-üzə qalanda ətrafımıza xəndək qazar və beləcə qorunardıq.

Allah Rəsulu elə bunu gözləyirdi. Təklif əshabın da xoşuna gəlir və müzakirədən sonra qəbul edilir.

Qərar verilmişdi, amma məsələnin ciddiyəti yaxşı dərk edilməsə, istənilən nəticəni almaq olmazdı. Bunun üçün Allah Rəsulu buyurur ki, işə səbirlə, təqva ilə yanaşsalar, qələbə onların olacaq. İndi növbə Mədinəni qorumaq üçün xəndəyin qazılmasına gəlmişdi. Zarafat deyildi, Məkkə ətrafındakı bütün qəbilələrlə birləşib Mədinənin üstünə  gəlirdi.

Peyğəmbərimiz əshabı ilə Sel dağının ətəyinə gəlir və çadır yerini müəyyənləşdirir. Mədinənin ətrafı dağlarla əhatəli olduğu üçün düşmən ancaq şimal tərəfdən gələ bilərdi və xəndək də burada qazılacaqdı. Əvvəlcə Şeyxeyn qalalarından Məzada qədər olan bölgəyə bir xətt çəkilir. Sel dağı arxa dayaq hesab olunur. Daha sonra Məzaddan başlayaraq Zübab və Raticə qədər olan məkan əshab arasında bölüşdürülür. Səhabələr on  nəfərlik dəstəlara bölünür və qazmaq üçün hər kəsə qırx zira (Dirsəkdən orta barmaq ucuna qədər olan uzunluq ölçüsü, arşın: 75-90 sm.) məsafə düşür. Kiçik dəstəlar da öz aralarında əlaqəli çalışacaqdı. Belə ki, bölgüdə mühacirlərə Ratic ilə Zübabın, ənsara da Zübab ilə Əbu Ubeydə dağının arası düşmüşdü.

Ənsar ilə mühacir Səlmani Farisi məsələsində razılığa gələ bilmirdilər, hər ikisi də:

– Səlman bizdəndir, – deyib qazma işində onlara kömək etməsini istəyirdi. Çünki o, qolu qüvvətli adam idi. Vəziyyəti anlayan Allah Rəsulu (s.ə.s.):

– Səlman Əhli-Beytdəndir, – deyərək məsələni xoşluqla həll edir.

Zamanla yarışırdılar; hər kəs öz payına düşən yeri qazacaq və Məkkə ordusu gəlmədən iş bitəcəkdi. Vaxt itirmədən qazma işinə başlayırlar, Rəsulullah da həmin gün işə qoşulur. Kürəyində torpaq daşıyır. Üst-başı toz-torpaq içində idi. Hətta əmanət olaraq Bəni-Qureyzə yəhudilərindən külüng, kürək və digər qazma alətləri də alır.

 Bəzi insanlar o gün də uzaq gəzirlər. İnandırıcı olmasa da, işdən boyun qaçırmaq üçün cürbəcür bəhanələr uydururlar. Bu da bir həqiqət idi ki, əshab, onsuz da bu adamları heç sayır və bu cür xeyirli bir işə əl atmalarını da gözləmirdi. Onların aradan çıxmaları da gözdən qaçmayacaq və qiyamətə qədər oxunan bir ayə olaraq Allah Rəsuluna bildiriləcəkdi.[1]

Onlar aradan çıxmaqda olsun, hələ yetkinlik yaşına çatmayan uşaqlar gəlib Allah Rəsulu ilə birlikdə xəndək qazma işinə can qoyurdular.[2]

Şəxsən xəndək qazan, torpaq daşıyan Allah Rəsulu (s.ə.s.) yeri gəldikdə səhabələrə süd paylayır, zaman-zaman da onların əhvali-ruhiyyəsini yüksəltmək üçün uca səslə səci (qafiyəli nəsr) deyirdi. Allah Rəsulu xəndək qazan Cuayl ibn Süraqanın şeirini oxuyan əshaba qoşulur, əvvəlcə Cuaylın adını Amr ilə dəyişdirir və ardınca da əshab deyəndə ki:

 Bundan sonra Cuaylı dəyişdirdi Amr ilə,

 Bu gün o, aşiqlər üçün yeganə dəstəkdir!

 Rəsulullah da: "Yeganə dəstəkdir," – deyə rədif tuturdu.

Sanki, onların üstlərinə on minlik ordu gəlmirdi, nəşə ilə qazma işlərinə davam edirdilər. Bir ara dayanıb əshabının ürəkdən işləməsini seyr edən Allah Rəsulu kövrələrək:

– Allahım! Axirət yurdundan başqa yaşanılacaq məkan yoxdur. Sən ənsar və mühacirini əfvinlə bağışla, – deyə dua edir. İşə o qədər bağlanmışdılar ki, yorulmaq nədir, bilmirdilər. Bir tərəfdən də:

– Biz həyatda olduğumuz müddətcə cihad sözu verib Məhəmmədə beyət etmişik, – deyir, əsas qayənin zərrə qədər dəyişmədiyini dilə gətirirdilər.

Var gücləri ilə işləyirdilər, amma xəndək bir neçə günə qazılana oxşamırdı. Artıq ərzaqları da tükənirdi; əsasən, arpa ununu yağla qarışdırır və qarınlarını doydurmaq üçün qırtlaqda ilişib qalan bu qarışığı yeyirdilər. Bütün bunlara baxmayaraq, hallarından şikayətçi deyildilər və böyük bir həvəslə yer qazırdılar. Sanki, bu əzmkarlıqla göstərirdilər ki, uğur qazanmaq üçün hər zaman imkanların mükəmməl olmasını gözləmək gərəkmir.

Ürəklər bir döyünürdü. Başda Rəsulullah işə elə girişmişdilər ki, hətta zəruri ehtiyaclarını ödəmək üçün də Ondan (s.ə.s.) izin istəyir, ehtiyaclarını ödədikdən sonra da gəlib can-başla işə qoşulurdular.

Sabah namazı ilə başladıqları qazma işini axşam vaxtına kimi davam etdirir və gecələr istirahət etmək üçün evlərinə gedirdilər. Hər şeydən göründüyü kimi, xəndək qazılıb qurtarana qədər Mədinə hər gün səhər və axşam Sel dağı ətrafına gedib gəlirdi.

Hər günün sevinci əvvəlkindən daha fərqli idi. Tərənnüm etdikləri ifadələri hər dəfə dəyişdirir və dəyişdirdikcə də ayrı bir həvəslə külüng və kürəklərə sarılırdılar. Mübarək alınlarından puçur-puçur axan təri silir, İbn Rəvahanın bu şeirini tərənnüm edirdilər:

Allaha and olsun ki, əgər O olmasa idi, biz nə hidayətlə şərəflənə bilər, nə tasadduqdan (sədəqə vermək) xəbərdar olar, nə də namaz qıla bilərdik.

Allahım! Sən üzərimizə mənəvi rahatlıq (səkinə) endir, düşmənlə qarşılaşarkən ayaqlarımızı möhkəm, sabit et və onları büdrətmə...

Müşriklər birləşib azğınlıqla üzərimizə gəlir. Əgər bununla bir fitnə çıxarmağı düşünürlərsə, qarşılarında bizi görəcəklər....

Bunları söylədikdən sonra səslərini də yüksəldir:

– Qarşılarında bizi görəcəklər, – cümləsini təkrarlayırdılar.

Sel dağının dörd bir yanı qarışqa yuvasını andırırdı... Bir fərqlə: hər dəstədan şeirlər yüksəlir və qızğın fəaliyyətlərə qarışan bu şeirlər meydanı bayram yerinə bənzədirdi. Bir başqa vaxt da Allah Rəsulunun bu beytləri oxuduğunu eşidirlər:

– Allahın adı ilə başlayıram ki, biz daima birlikdə Onunla doğru yolu tapdıq.

Onsuz da, Ondan başqasının yolu  ilə getmiş olsa idik, bu gün halımız pərişan olmuşdu...

Rəbbimiz olaraq O, nə gözəldir və din olaraq da dinimiz nə möhtəşəmdir!

Camaatına rəhbər olaraq Allah Rəsulu (s.ə.s.) yeri gələndə külünglə xəndək qazır, bəzən  kürəyində torpaq daşıyır, bəzən də əlinə aldığı kürəklə torpaq atırdı. Bir aralıq çox yorulur, bir kənara çəkilib dincini almaq istəyir. Oturmağa bir döşəkcə də yox idi və daşı özünə yastıq edir. O qədər yorğun idi ki, "daş" yastığa başını qoyar-qoymaz yuxu aparır. Bu, Hz. Əbu Bəkirlə Hz. Ömərin gözündən qaçmır. Dərhal yanına gəlirlər və bir qədər dincəlsin deyə ətrafda səs-küy olmamasına çaışırlar. Ancaq Rəsulullahın yuxusu uzun deyildi və çox keçmədən yerindən sıçrayır:

– Məni niyə oyandırmadınız?  Gərək Məni oyada idiniz, – deyir və yenidən külüngü əlinə alıb işə başlayır.

Bir tərəfdən də əshabı üçün dua edir, bu sıxıntıların baisakarlarını da Allaha həvalə edir:

– Allahım! Axirət yurdundan başqa yaşanılacaq məkan yoxdur. Sən ənsar və mühacirinə  mərhəmət edib onları əfv et.

– Allahım! Sən Adal və Qarənin öhdəsindən gəl. Çünki Məni bu daşları daşımağa onlar məcbur etdi!

Hz. Əbu Bəkir ilə Hz. Ömər yığılan torpağı çölə boşaltmaq üçün qum torbası tapa bilməyəndə öz paltarlarının içini torpaqla doldurur və Məkkədən bu yana daim birlikdə olan iki dost burada da çiyin-çiyinə çalışırdı.

Tanınmış xanım səhabələrlə birlikdə Allah Rəsulunun (s.ə.s.) zövcələrindən Hz. Aişə, Ümmü Sələmə və Zeynəb binti Cahş kimi analarımız  da növbə ilə xəndək qazılan yerə gəlir, insanlara su daşıyır, Rəsulullaha xidmət edirdilər.

Sərt qaya və istiqbala açılan pəncərələr

İşlər günbəgün ağırlaşsa da, qazıntı davam edirdi. Dərinə getdikcə iri daşlarla qarşılaşırdılar ki, bunları da qırmaq böyük məharət tələb edirdi. Hz.Səlman ilə Hz.Ömərin qarşısına da belə bir qaya çıxır. Var gücləri ilə vururdular; əllərindəki alətlər parçalansa da, qayadan səs çıxmır. Öhdəsindən gələ bilmədiklərini görüb məsələdən Allah Rəsulunu xəbərdar edirlər. Bu vaxt Allah Rəsulu (s.ə.s.) türk üslulu ilə hazırlanmış çadırda dincəlirdi:

– İndi gəlirəm, – deyir və qayanın olduğu yerə gedir.

 Ona bir az diqqətlə baxanlar aclığını hiss etdirməmək üçün qarnına daş bağladığını görə bilirdilər. Çünki üç gündür ki, boğazlarından bir loğma da keçməmişdi. Daşın yanına gəlir və öncə bir qab su istəyir. Əlinə aldığı qaba xəfifcə tüpürür və sonra da əllərini açıb dua edir. Duasını bitirən kimi suyu daşın üstünə tökür. O sərt qaya yumşalmağa başlayır. Sonra da Səlmandan külüngü alır və: "Bismillah," – deyib  vurmağa başlayır. Elə birinci zərbədən daşın üçdə biri qopur, qoparkən də zərbənin dəydiyi yerdən böyük bir qığılcım parlayır. Ancaq bu qığılcım adi bir qığılcım deyildi. Sanki, Yəmən tərəfdən böyük bir alov yüksəlmiş, qaranlıq gecədə ətrafa işıq saçan ay kimi Mədinəni aydınlatmışdı. Hamının diqqəti baş verənlərdə idi. Allah Rəsulu öncə:

 – Allahu Əkbər, – deyə təkbir gətirir, daha sonra deyir:

– Mənə Yəmən tərəflərin açarları verildi. Bu anda dayandığım yerdən köpək dişləri kimi sıralanmış Sananın qapılarını görürəm.

Sonra əlindəki külüngü dəfə daşın üstünə endirir, yenə daşın üçdə biri qopur və külüng dəyən  böyük bir qığılcım çıxır. Bu dəfə işıq Rum diyarından gəlirdi. Mədinəni nura qərq edən böyük bir işıq idi. Bundan sonra bir daha təkbir gətirən Allah Rəsulu:

– Mənə Şam tərəflərinin açarları verildi. Vallah, bu anda Mən dayandığım yerdən  Şamın qızıl saraylarını görürəm, – buyurur.

Əshabın marağı daha da artır. Rəsulullah, sanki, qapılarına qədər gəlib dayanmış Əhzab ordularını bir kənara qoymuş və qeybin pərdələri arasından onlara gələcəyin müjdəli xəbərlərini verirdi. Görünür, bu xəbərlərin ardı gələcəkdi.

Allah Rəsulu (s.ə.s.) külünglə qayanın qalan hissəsinə də bir zərbə vurur. Bu dəfə daş tamamilə parçalanıb duz kimi olur. Çəkicin endiyi yerdən yenə qığılcım çıxır və bu zərbənin təsiri ilə Fars tərəfi aydınlanır. Bu, gecənin zil qaranlığında Mədinəni aydınladan böyük bir lampa kimi idi. Bunun ardınca Rəsulullah  (sallallahu əleyhi və səlləm):

– Mənə Fars diyarının açarları da verildi, – buyurur, – vallah, Mən bu durduğum yerdən Hirənin sarayları ilə Kisranın şəhərlərini köpək dişləri kimi sıralanmış görürəm! Mənə Cəbrail xəbər verir ki, ümmətim buralara hakim olacaqdır. Elə isə siz sabahkı zəfərin müjdəsi ilə bu gündən sevinin!

Rəsulullahın verdiyi müjdələr qazma işinin bütün yorğunluğunu unutdurur. Hamı yerdən:

– Əlhəmdülillah, – deyir, – Allaha həmd olsun ki, bunlar həqiqət olacağına şübhə edilməyən doğru vədlərdir. Rəsulullah bizə bu qədər təzyiqlərdən  sonra nüsrət, zəfər vəd edir!

Bu əsnada Allah Rəsulu fars diyarından gəlib Mədinədə məskunlaşan Hz. Səlmana dönür, Kisra saraylarının əlamətlərini sayır. Təəccüblü idi, Hz. Səlman heyrətə gəlir. Necə olurdu ki,  Allah Rəsulu heç görmədiyini görmüş kimi təsvir edirdi. Dedikləri də yalnız həqiqəti ifadə edirdi. Hz. Səlman:

–Bəli! Doğru söyləyirsiniz, eynilə təsvir etdiyiniz kimidir, ya Rəsulullah! Mən şəhadət edirəm ki, Sən Allahın Rəsulusan!

Allah Rəsulunun bir müjdəsi də var idi və Hz. Səlmana dönüb deyir:

– Bunlar Məndən sonra Allahın nəsib edəcəyi fəthlərdir, ey Səlman! Şam mütləq fəth ediləcəkdir. Herakl da şahlığının ən ucqar nöqtəsinə qədər qaçacaq! Siz Şama hakim olarkən qarşınızda dayanmağa  bir güc olmayacaq! Və şərq də fəth ediləcək, Kisra öldürüləcək və bundan sonra artıq yeni bir Kisra da olmayacaq![3]

Bunların hər biri öz-özlüyündə bir üfüq idi və o vaxt bu nəticələri görmək qeyri-mümkün  idi. Allahın Rəsulu Xəndəyin başında dayanıb üfüqünü gələcəyə yönəltmiş, qışın ortasında bahar müjdələri verirdi. Üfüqdə belə fəthlər olduğu halda, beş-üç nəfərin bir yerə yığılıb təxribat törətməsinin nə əhəmiyyəti var idi ki!

Bu ifadələr on min nəfərlik bir qüvvə ilə gələnləri gözündə böyüdənlərə ayrı bir mənəvi qüvvə olur. İndi ayaqlarını yerə daha möhkəm basır, sinələr daha məğrur enib qalxırdı.

Hamı eyni cür düşünmür, eyni münasibət sərgiləmirdi. Münafiqlər yenə iş başına keçib Rəsulullahın  verdiyi müjdələri məsxərəyə qoymağa başlamışdılar. Belə deyirdilər:

– Məhəmməd Yəsribdə oturub Hirə sarayları ilə Kisra şəhərlərinin sizin üçün fəth edildiyini gördüyünü söyləyir. Halbuki hal-hazırda siz düşmənlərinizlə üzbəüz döyüşə çıxa bilmədiyiniz üçün xəndək qazır və orada gizlənmək məcburiyyətində qalırsınlz!

Çox keçmədən Cəbrail gələcək və Allah Rəsulunu bundan xəbərdar edəcəkdi.[4]

Xəndək əhlinin bu qədər səmimi səyləri və əzmkarlığı ilahi inayətlə mükafatlandırılır. Belə ki, o gün Hz. Cabirin bişirdiyi oğlaq əti və çörək on nəfərlik dəstəlarla gələn insanların hamısına çatır, Abdullah ibn Rəvaha üçün gətirilən bir neçə xurma bərəkətlənib hər kəsi doyurur. Belə bir bərəkət Ümmü Amirin gətirdiyi xurma əzməsi və Əbu Rafinin bişirdiyi qoyunda da müşahidə olunur.

 Beləcə nəşidə və səcilərlə başlayıb davam edən və ilahi ikramlarla (lütflərlə) şənlənən xəndək qazma işləri tamamlanmaq üzrə idi. İşini erkən bitirənlər geridə qalanlara kömək edir və düşmən qarşısında bütöv, sarsılmaz bir cəbhə olduqlarını göstərirdilər.

Qazma işləri düz altı gün davam edir. Və artıq müşriklərin qarşısında keçilməz bir əngəl var idi. Xəndəyin qazma işləri bitdiyi bir vaxtda Məkkə ordusu da Mədinəyə yaxınlaşır, təxminən  Uhudda dayanır.

Artıq müharibə qapını kəsdirmişdi və Allah Rəsulu (s.ə.s.) da o vaxtadək qazma işində onlara kömək edən qadınlar və uşaqların geri çəkilməsi əmrini verir.

Mövqelər dəqiqləşir

Mədinəyə yenə Abdullah ibn Ümmi Məktumu vəkil qoyur. Qadınlarla uşaqları daha etibarlı yerlərdə yerləşdirir, ehtimal olunan kənar hücumlara qarşı da ətraflarına maneələr qoyurlar.

Müsəlman ordusu üç min nəfər idi. Mühacirin bayrağını Zeyd ibn Harisə, ənsarın bayrağını isə Sad ibn Übadə götürmüşdü. Xəndəyin parolu "Onlar əsla kömək görməyəcəklər" mənasında "Ha Mim; La Yunsarun" idi.

Arxada Sel dağı, öndə də xəndək ayıq-sayıq düşmənlərini gözləyəcəkdilər. Nəzərdə tutulan yerdə Rəsulullah üçün bir çadır qurulur; O (s.ə.s.),  əshabını buradan idarə edəcəkdi.

 İlk təəssürat

 Bütün hazırlıqlar qurtarmış, düşmənin gələcəyi anı gözləyirdilər. Çox keçmir ki, on min nəfərlik Əhzab ordusu kürəyini Sel dağına söykəyən əshabın qarşısına çıxır. Sanki, yer-göy əsgərlə dolu  idi.

Əslində, bu mənzərə ruhlara qorxu salmalı idi, ancaq möminlər bunun xəbərini əvvəlcədən  aldığına görə ruhən hazır vəziyyətdə idi; heç bir əndişəyə qapılmır, əksinə, Allah və Rəsulunun daha öncə vəd etdiyi bir xüsusun həyata keçməsi onların imanını qüvvətləndirirdi. Rəsulullah nə buyurmuşdusa, yenə eynilə baş verirdi. Elə isə xəndəyi qazarkən verdiyi müjdələr də həyata keçəcək və inananlar hər dəfə bir zəfərə imza atıb geri dönəcəkdilər. Aralarında Rəsulullah olandan sonra qəm və kədərin nə mənası vardı?!

Zehinlərində daha öncə Cəbrailin gətirdiyi ayələr canlanırdı. Bu ayələrdə Uca Allah buyururdu: "Ey möminlər! Sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlməmiş behiştə daxil olacağınızımı güman edirsiniz? Onları şiddətli fəlakət və sıxıntı elə bürümüş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və iman gətirənlər birlikdə: "Allahın köməyi nə vaxt gələcək?" – demişdilər. Bilin ki, Allahın köməyi (sizə) yaxındır!"[5]

– İndi belə bir çətin və məşəqqətli yolun astanasında idilər və Rəsulullahla birlikdə: "Allahım! Yardımın nə zaman olacaq?" – deyəcəkləri bir yerə doğru irəliləyir:

– Bu, Allahın və Peyğəmbərinin bizə olan zəfər vədidir. Allah və Peyğəmbəri düz buyurmuşlar!"[6],–deyirdilər

İlk sarsıntı

Müşriklərə gəlincə onlar özlərindən razı halda və əvvəlki məğlubiyyətin də intiqamını almaq əzmi ilə gəlirdilər. Bir də nə görsələr, yaxşıdı? Qarşılarında böyük bir xəndək uzanır. İndiyə qədər belə vəziyyətlə heç vaxt qarşılaşmamışdılar; nə eşitmiş, nə də görmüşdülər. Bir-birlərinə baxıb:

 – Bu, ərəblərin daha əvvəllər əl atmadığı bir hiylə və tələdir, – deyirlər. Bir nəfər irəli çıxır və:

 – Onun dostları arasından bir nəfər fars var, mütləq onun işidir, – deyir.

Nə ümidlərlə gəlmişdilər, amma indi qarşılarında Mədinənin yolunu kəsən bir xəndək uzanıb gedirdi. Xəndəyin ancaq durduqları yerdə qazıldığını zənn edərək sağa-sola dağılışırlar. Sonu görünməyən bir xəndək idi bu! Belə ki, bütün Mədinə girişləri xəndəklə əhatə olunmuş, bağlanmışdı.

Qılınca əl atmadan böyük bir sarsıntı keçirirlər. Halbuki onlar asanlıqla on min insanla Mədinənin bir tərəfindən girib o biri tərəfindən çıxmağı, Rəsulullah da daxil olmaqla möminləri yox edib yer üzündən silməyi düşünürdülər. Buraya da bu niyyətlə gəlmişdilər. Gəlib Mədinəni istila edəcək və qısa müddətdə daş üstə daş qoymayıb geri dönəcəkdilər. İndi isə arzuları ürəklərində qalmış, gözləmədikləri mənzərə ilə qarşılaşmışdılar. Yaxşı, bəs nə edəcəkdilər?

Uzaqdan ox ataraq qarşı tərəfə zərər verməkdən və fürsət gözləyib xəndəyin zəif nöqtələrini aşıb ani basqınlarla məqsədlərinə çatmaqdan başqa bir seçimləri qalmamışdı. Tez yaylarını qapıb müsəlmanlara ox atmağa başlayırlar. Beləliklə, uzun sürəcəyi əvvəlcədən bəlli olan yeni bir mərhələ başlayır.

Xəyanətdə son pərdə: Bəni-Qureyzə

Məkkəyə gəlib Qureyşi hərəkətə gətirən, sonra da ətraf qəbilələri bu işə cəlb etməyə müvəffəq olan şər şəbəkəsi hələ də iş başında idi. Sürgün olunmuş Bəni-Nadirin başçısı Huyeyy ibn Ahtab Mədinədəki son Yəhudi camaatı Bəni-Qureyzənin lideri Kab ibn Əsədin qapısını döyür.[7] Kab hicrətdən sonra gerçəkləşən Mədinə razılaşmasına imza atmaqla bərabər, Bəni-Qaynuqa və Bəni-Nadirin başına gələnlərdən sonra qövmü adından Rəsulullahla yeni bir anlaşma imzalamış və sədaqətini bildirmişdi. Buna görə də qapıdakı adamın Huyeyy ibn Ahtab olduğunu bilən kimi etirazını bildirir və qapını açmır. Ancaq Huyeyy əliboş geri dönmək fikrində deyildi:

– Ey Kab! Qapını aç! – deyir və israr edir.

Kab onun gəliş niyyətini anlamışdı. Öz qövmünün başına gətirdiklərini indi də onun qövmü üçün edəcəyindən narahat idi. Buna görə də:

– Vay halına, – deyə içəridən cavab verir Kab, – çünki sən uğursuz adamsan! Mən Məhəmmədlə müqavilə bağlayıb söz vermişəm. Bu sözü poza bilmərəm! Çünki mən Onda sədaqət və vəfadan başqa bir şey görməmişəm!

Bütün bunlar Huyeyyin heç vecinə də deyildi. Gözünü qəzəb örtmüş, pislikdən başqa bir şey düşünmürdü. Belə bir şər birliyi qurmuşkən Bəni-Qureyzəni də buna ortaq edib qalanı içəridən fəth etməyi düşünürdü. Çünki Məhəmmədül-Əminlə anlaşması olan Bəni-Qureyzə də onlara qoşulub içəridən dəstək verərdisə, bu vəziyyətdə xəndəyi aşmaq daha asan olar və beləliklə, işi şansa buraxmazdılar. Buna görə də əl çəkmir:

– Aç qapını, sənə sözüm var!

Kab da ən azı Huyeyy qədər inadkar idi. Buna görə də:

– Vallah, bunu edə bilmərəm, – deyə səslənir. Bunun ardınca Huyeyy mövzunun məcrasını dəyişərək Kabı zəif yerindən vurmağa başlayır:

– Əlbəttə, mənə qapını açmazsan, çünki istəmirsən ki, süfrəndəki Ceşişə yeməyinə ortaq olum.

Huyeyyin bu sözü inadını qırır. Bir insan, üstəlik bir lider süfrəsinə ortaq olmasın deyə qonağa  qapı açmazdımı?! Hirslə qapını açıb onu içəri buraxır.

İşlərin yolunda olmasına əmin idi Huyeyy və dərhal sözə başlayır:

– Çox təəssüf, ey Kab! Mən sənə zamanın izzət və şərəfini, dənizlər kimi dalğalanan orduları gətirdim. Rəhbərləri ilə birlikdə Qureyşi Rumə tərəfdəki Məcmaül-Əsyalda, yenə rəhbərləri ilə birlikdə qatafanlıları da Zənəbi-Naqama ilə Uhudun yanında yerləşdirdim! Onların hamısı Məhəmməd  və dostlarının kökünü kəsənə qədər buradan ayrılmayacaqlarına dair mənə söz verdilər!

Bu sözlər Kabın xoşuna gəlsə də, hələ  nəticədən arxayın deyildi, narahalığı vardı. Əvvəllər də buna oxşar sözlər deyib qarşı-qarşıya gəlmişdilər, nəticədə qalib tərəf Məhəmmədül-Əmin olmuşdu. Görəsən, bunlar yeni bir macəra idimi? Buna görə yenə də ehtiyatını əldən vermir. Huyeyyə deyir:

– Vallah, sən mənə yalnız sonu zillət olan bir şey gətirmisən. Şimşək çaxıb guruldayan, ancaq bir damcı yağış yağdırmayan, suyu boşalmış bulud kimisən! Təəssüf, ey Huyeyy!  Məndən əlini üz, çünki mən Məhəmməddən sədaqət və vəfadan başqa bir şey görmədim!

İkisi də bir-birindən inadkar idi, heç geri çəkilmək niyyətləri yox idi. Buna görə də söhbət uzanır. Nəhayət, illərdir, bu günün xəyallarını quran Huyeyy ağlagəlməz gedişlərlə Kaba təsir etməyi bacarır. Ancaq Kabın bir şərti vardı: əgər plan baş tutmasa və Əhzab ordusu geri qayıtmağa məcbur olsa, bu vəziyyətdə onu da qalalarına aparıb son damla qanlarına qədər qoruyacaqdılar. Huyeyy məğlub olacağını heç ehtimal da etmirdi və şərti sevə-sevə qəbul edib Allah Rəsulu ilə düşmınçilikdə yolları yenidən birləşdirir.

Bunun ardınca Kab ibn Əsəd Allah Rəsulu ilə olan anlaşmanı ləğv etdiyini açıq şəkildə bəyan edir. Bir anda Mədinə Kabın da Allah Rəsuluna qarşı Huyeyylə müştərək hərəkət etməsi xəbəri ilə çalxalanmağa başlayır. Bunu eşidən Amr ibn Suda bu addımın pis qurtaracağını xatırladıb Bəni-Qureyzə rəhbərlərinə:

– Ona yardım etməyəcəksiniz, heç olmasa,  düşmənləri ilə də birləşməyin, – deyə nəsihət etsə də,  onların bundan vaz keçməsi  mümkün görünmürdü.

Kab ibn Əsəd öz təhlükəsizliyini və müqavilənin sabitliyini təmin etmək üçün Huyeyydən bəzi qureyş və qatafanlının döyüş boyunca öz yanında girov qalmasını tələb edəcək və Huyeyy ibn Ahtab da girovları göndərmək üçün yola düzələcəkdi..

Bəni-Qureyzənin bu davranışı müsəlmanlar üçün Mədinədə yeni və daha təhlükəli bir cəbhənin açılması mənasına gəlirdi. Altı ildir, müqaviləyə sadiq qalan Bəni-Qureyzə də xəyanət edib Allah Rəsulunu arxadan vurmaq istəyirdi. Mədinədə sözün əsl mənasında bir gərginlik yaşanırdı.

Bəni-Qureyzədə insaflı olanlar, həqiqəti görənlər də yox deyildi. O gün Sanəoğullarından Əsəd, Əsid və Salədə qardaşları liderləri Kab ibn Əsədin arxasınca getməyib hüzura gəlir, müsəlman olduqlarını açıqlayırlar.

Xəyanətin doğruluğunu yoxlama təşəbbüsü

Bəni-Qureyzə yurdunda bunlar baş verərkən Allah Rəsulu (s.ə.s.) əshabı ilə birlikdə xəndəyin bəri tərəfində mövqe tutub Məkkə ordusunu gözləyirdi. Xəyanət xəbərini ilk eşidən Hz. Ömər  olur. Birbaşa Allah Rəsulunun hüzuruna gəlir və məsələdən Onu da xəbərdar edir. Allah Rəsulu (s.ə.s.) kədərlənir. Hadisənin təfərrüatını öyrənmək üçün Sad ibn Ubadə, Sad ibn Muaz, Abdullah ibn Rəvaha, Havvat ibn Cübeyr və Üseyd ibn Hudayrdan ibarət bir heyəti Bəni-Qureyzə yurduna göndərir. Heyətə bu təlimatı verir:

– Gedin, bu qövm haqqında bizə çatan xəbərlərin doğru olub-olmadığına bir baxın. Əgər deyilənlər doğrudursa, bu xəbəri gətirərkən ancaq mənim anlaya biləcəyim şəkildə ehmallı bir yolla bildirin ki, insanların qəlbinə qorxu düşməsin. Əgər onlar bizim aramızda olan sazişə sadiqdirlərsə, o zaman bunu açıq deyərsiniz.

 Görünür, Allah Rəsulu bu xəyanətin silah-sursat baxımından zəif imkanlara malik olsa da, mənəvi baxımından yüksək səviyyədə olan əshabı arasında eşidilməsini arzu etmir və beləliklə, cəbhədəkiləri mənfi təsirlərdən uzaq saxlamaq istəyirdi.

Tapşırığı alan heyət yola çıxıb özünü Bəni-Qureyzə yurduna çatdırır. Deyilənlər doğru idi. Bəni-Qureyzə nəinki mqaviləni pozmuş, hətta Əhzab ordusuna maddi yardım da göstərirdi: bazarlarını onların düşərgələrinə daşıyır, bu yolla Əhzab ordusunun ərzaq ehtiyaclarını ödəyirdi. Eyni zamanda, onları at, dəvə və başqa döyüş vasitələri ilə təmin edir, Məkkə ordusunun çatışmazlıqlarını tamamlamağa çalışırdı.

Səhabələr Bəni-Qureyzəyə aralarındakı sazişi xatırladaraq onları işlər qızışıb yolundan çıxmamış əvvəlki vəziyyətə qayıtmağa və Huyeyy ibn Ahtabın sözünə qulaq asmamağa çağırır, müsəlmanlarla döyüşməmək barəsində Allahın adına söz vermələrini istəyirdilər. Amma onlar qərarlarını çoxdan vermiş, geri addım atmaq niyyətində deyildilər. Qəti şəkildə:

– Keçmişə əsla dönəməyəcəyik. Rəsulullahı da tanımırıq! Çarığımın bu bağını açıb atdığım kimi, o müqaviləni da pozdum və kəsib atdım. Bundan sonra Onunla aramızda heç bir saziş yoxdur, – deyir Kab ibn Əsəd.

Bu sözlərə kəsərli cavab vermək lazım idi. Adam ağzının sözünü bilmir, Allah Rəsuluna həqarət edirdi. Bu, Üseyd ibn Hudayrı özündən çıxarır və gur səsi ilə Kab İbn Əsədin cavabını verir:

– Ey Allah düşməni! Həddini bil! Hansı cəsarətlə sən Onun haqqında bu cür sözlər danışırsan! Özünü yığışdır! Görərsən, Allahın izni ilə Qureyş pərişan şəkildə geri qayıdacaq və sən yenə evinin kənarında tək-tənha qalacaqsan; onda biz bu gizləndiyin deşikdən çıxarıb həddini bildirəcəyik!

Ara əməlli-başlı qızışır; Rəsulullahın elçiləri ilə Bəni-Qureyzə liderləri arasında bir söz savaşı başlayır.

Bu adamları heç cür başa salmaq mümkün deyildi; elə isə israr etməyin də mənası yox idi. Mübahisəyə son nöqtəni qoyan Sad ibn Muaz[8] olur:

– Burax bu adamı, – deyir yoldaşına, – burax, çünki artıq onunla mübahisə etməyin faydası yoxdur!

Doğrudan da, danışmağın bir faydası yox idi. Vəziyyəti yoxlamaq üçün Rəsulullahın göndərdiyi heyət xəyanətin doğru olduğunu müəyyən edib, çarəsiz geri qayıdır. Xəndəyə çatanda Sad ibn Ubadə Allah Rəsuluna yönəlir, yerişindən anlamışdı, ancaq yenə də nəticəni onlardan eşitmək istəyirdi. Sonra da bir xəbər gözləyən Allah Rəsuluna (s.ə.s.):

– Adəl və Qarə, – deyə səslənir. Hər şey aydın idi. Rəcidə Hubeyb və yoldaşlarına xəyanət edən Adəl və Qarə qəbilələri kimi Bəni-Qureyzə də xəyanətdə iştirak edirdi.

Allah Rəsulu (s.ə.s.) hər cür çətin şəraitdə qələbə əldə etməyi öyrədirdi əshabına. Çovğun və boranın hökm sürdüyü, hər yeri qar və buzun örtdüyü ən çətin şəraitdə belə neçə-neçə bahara qapı açır, ümməti üçün açdığı yollardan bahar rüzgarları əsdirir və onun bu rahatlığı ciyərlərinə çəkməsini istəyirdi. Burada da eyni şeyi edir:

– Gözünüz aydın, ey möminlər! Allahın nüsrəti və yardımı var, sevinin, – deyir, – əlbəttə ki, Mən  Beyti-Atiqin (Kəbə)  açarlarını alıb onu təvaf edəcəyim günləri görürəm. Kisra və Qeysər də həlak olacaqlar və onların bütün var-dövləti də Allah yolunda sədəqə veriləcəkdir!

Bu xəyanət xəbəri qısa müddətdə möminlər arasında yayılır və böyük bir narahatlığa səbəb olmuşdu. Mədinədə qalan ailələri Bəni-Qureyzənin daxili xəyanətindən qorunmurdu. Qorxudan ürəkləri ağızlarına gəlmiş, ağıllarında cürbəcür şübhələr oyanmağa başlamışdı.[9]

 Bu tərəfdə isə fürsət gözləyənlər yenə də fəaliyyətdə idi. Münafiqlər vəziyyətdən istifadə etməklə möminlərin  əhvali-ruhiyyəsini pozmağa başlamışdılar:

– Məhəmməd Kisra və Qeysərin xəzinələrinə malik olacağımızı və onların mallarının Allah yolunda sədəqə ediləcəyini bizə vəd edir, amma bir baxın bu gün biz başımıza nələr gələciyini bilmirik. Ehtiyacımızı ödəmək üçün ayaq yoluna belə gedə bilmirik![10]

Bununla kifayətlənməyib, möminlərə də:

– Ey Yəsrib xalqı! Artıq burada qala bilməzsiniz, gözlməyinizin də bir mənası yoxdur, haydı, geriyə dönün, – deyərək onları Allah Rəsulundan ayırmağa çalışırdılar.

Bir dəstə münafiq də Mədinədəki ailələrin müdafiəsiz olduğunu irəli sürərək Rəsulullahın hüzuruna gəlib onları qorumaq üçün izin istəyirdi. Aradan çıxmağa adət etmiş Bəni-Harisənin bu hərəkətini görən Sad ibn Muaz Allah Rəsulunun hüzuruna gəlir və bu üzsüzlərə izin verməməsini  söyləyir.

Gündüz kimi aydın gecələr

O dövrdə döyüşlər ancaq gündüzlər cərəyan edir, hər iki cəbhə gecəni istirahətə çəkilirdi. Ancaq Xəndəkdə vəziyyət başqa idi. Kimin haradan necə hücum edəcəyini qabaqcadan müəyyən etmək mümkün deyildi. Bir tərəfdə Əhzab ordusu xəndəyi keçmək üçün fürsət gözləyib zəif nöqtələr axtarır, digər yanda da Bəni-Qureyzə intriqalar qururdu.

Bu əsnada Allah Rəsulu (sallallahu əleyhi və səlləm) Bəni-Qureyzənin Mədinəyə gecə basqın edəcəyi xəbərini alır. Kədərlənir. Tövratda əlamətlərini görüb gəlişini gözləmək üçün Mədinədə məskunlaşan Harunun nəsli atalarının əksinə olaraq bu gün öz övladlarından daha yaxşı tanıdığı Allah Rəsuluna xəyanət edir, bununla kifayətlənməyib müdafiəsiz qadın-uşağa hücum planları hazırlayırdı.

Allah Rəsulu (s.ə.s.) vaxt itirmədən Sələmə ibn Əsləmin rəhbərliyi altında iki yüz, Zeyd ibn Harisənin rəhbərliyi altında isə üç yüz nəfərlik dəstəni Mədinədə qalan məsum insanları müdafiə etmək üçün  göndərir.

Sabaha qədər keşikdə duran hər iki birlik təkbir səsləri ilə Mədinənin müdafiəsiz olmadığını elan edəcək və beləliklə, gözü qorxan Bəni-Qureyzə Mədinəyə hücum fikrindən vaz keçəcəkdi.

Düşmənin çiyin-çiyinə verib hücum çəkdiyi bir vaxtda üstəlik aclıq, yorğunluq və soyuqla mücadilə edirdilər. Xüsusən də, gecələr şiddətli soyuqlar olurdu. Rəsulullah (s.ə.s.) da soyuqdan əziyyət çəkir, arada isinmək üçün çadıra gedirdi. Ancaq fikri xəndəkdə idi. Zəif nöqtələrin yaxşı müdafiə edilməsini dönə-dönə vurğulayır, özü olmayanda bir problem çıxmasın deyə əshabını təlimatlandırırdı.

Daim oyaq olur, gecələr gözünə yuxu getmirdi. Çünki Məkkə ordusunun Əbu Sufyan, Xalid ibn Vəlid, İkrimə ibn Əbi Cəhil və Dirar ibn Xattabın hərbi dəstələrlə gecələr növbə ilə ətrafı  dolaşdığını bilir, xəndəyin zəif nöqtələrini müəyyənləşdiməyə çalışdıqlarını görürdü. Bir gecə yarısı:

– Kaş bir saleh adam çıxa, bu gədiyi bu gecə nəzarətə götürüb keşik çəkə, – deyir. Sözünü bitirməmişdi ki, çöldən qılınc-qalxan səsləri eşidilir. Həqiqətən, saleh bir səhabə gəlmişdi.

– Kimsən? – deyə səslənir.

– Sad, ya Rəsulullah, – deyə cavab verir Sad ibn Vəqqas.

– Bu gədiyi sənə tapşırıram, oranı qoru! – buyurur və istirahətə çəkilir. Bir rahatlıq vardı içində, əndişələndiyi yeri etibarlı əllərə tapşırmışdı. Başını qoyub bir müddət yuxulayır.

Sad ibn Əbi Vəqqasa Abbad ibn Bişr və Zübeyr ibn Avvam da kömək edir, növbə ilə təhlükəsizliyi təmin etməyə çalışırlar.

Bir axşam qalxıb çadırın içində namaz qılır. Ümmü Sələmə validəmiz yanında idi.  Çölə çıxır:

– Bunlar müşriklərin süvariləridir. Xəndəyi keçməyə çalışırlar, – buyurur. Sonra Abbad ibn Bişri yanına çağıraraq:

– Yanında kimsə varmı? – deyə soruşur.

– Bəli, çadırınızın ətrafında bir dəstə səhabə var, – deyə cavab verir Hz. Abbad. Allah Rəsulu (s.ə.s) müşriklərin olduğu yeri göstərib deyir:

– Yoldaşlarınla birlikdə xəndəyin ətrafını dolaş! Oradakı müşrik süvariləri xəndəyi keçmək üçün zəif nöqtələr axtarırlar. Məqsəd gecənin səssizliyində qəflətən hücum etməkdir!

Ardından əllərini göyə açaraq:

– Allahım! Bizi onların şərindən mühafizə et, bizə qələbə göndər və onları məğlub et. Çünki onları Səndən başqası məğlub edə bilməz, – deyə dua edir.

Bu zaman Abbad ibn Bişr yoldaşları ilə birlikdə deyilən yerə gedir və Əbu Sufyanı bir dəstə süvari ilə birlikdə orada görür. İki tərəf də bir-birini görən kimi dərhal yaylara əl atır və bir müddət qarşılıqlı ox atışları olur. Nəhayət, müşriklər geri çəkilmək məcburiyyətində qalır.

Rəsulullahı vəziyyətdən xəbərdar etmək üçün çadırına gələn Abbad ibn Bişr Onu namaz qılan görür. Yorğunluğa baxmayaraq, Rəsulullah Allahla irtibatını tam saxlayır, bu cür vəziyyətlərdə belə nafilə ibadətlərini əda edirdi.

Qatafanla sülh təşəbbüsü 

Bəni-Qureyzənin anlaşmanı pozaraq xəyanət etməsi Allah Rəsulunu (s.ə.s.) çox düşündürürdü. Çünki eyni vaxtda bir neçə cəbhədə savaşmaq məcburiyyətində qalmışdılar. Daxili düşmənin verəcəyi zərər Əhzab ordusundan daha təhlükəli olardı. Ona görə də Allah Rəsulu (s.ə.s.) öncə Əhzab ordusunu geri oturdub tez bir zamanda daxili düşmənin zərərindən qurtulmaq istəyirdi. Bu məqsədlə Qatafanın iki lideri – Uyeynə ibn Hısn və Haris ibn Avfa xəbər göndərir. Onlar on iki nəfərlik dəstəla Peyğəmbərimizin hüzuruna gəlirlər. Allah Rəsulu (s.ə.s.) bu sevdadan vaz keçməyə çağırır Qatafanı.[11]

Aralarında uzun söhbət olur. Nəhayət, Uyeynə və Haris Məkkə ordusunu tərk edib geri qayıdacaqlarını vəd edirlər. Ancaq bunun əvəzində Mədinə xurmalıqlarının yarısını istəyirlər. Bir bəlanın qarşısını almaq üçün onlara mal da verə bilərdilər, amma tələb etdikləri əvəz çox idi. Ona görə Allah Rəsulu xurmalıqların üçdə birini vəd edir. Onlar isə bunu qəbul etmir, "yarısı" deyə israr edirlər. Təkidlərə baxmayaraq, Rəsulullah (s.ə.s.) qərarını dəyişmir, onlar da razılaşırlar  və növbə  bu razılığın kağız üzərində təsdiqlənməsinə çatır.

Abbad ibn Bişr də əynində zireh Rəsulullahın keşiyini çəkirdi. Bu vaxt Üseyd ibn Hudayr əlində nizə onların yanına gəlir. Baş verənlərdən xəbəri yox idi. Əvvəlcə gözü Rəsulullahın hüzurunda ayaqlarını uzadıb oturan Uyeynəyə sataşır və ona:

– Yığ ayaqlarını! Nə cəsarətlə Rəsulullahın hüzurunda ayaqlarını uzadıb oturmusan? Vallah, əgər Rəsulullah indi burada olmasa idi, səni nizə ilə parça-parça edərdim!

Məsələnin təfərrüatını öyrənincə üzünü Allah Rəsuluna tutub:

– Ya Rəsulullah, – deyir, – əgər bu, Sənə səmalardan gələn bir əmrdirsə, istədiyini et. Ancaq belə deyilsə, vallah, biz bu adamlara qılıncdan başqa heç nə vermərik. Nə vaxt biz onlara güzəştə getmişik ki, indi də bizdən bunu qoparsınlar!

Cəsarətli addım idi. Məsələ ətrafında düşünmək lazım idi. Əgər hər kəs belə cəsarətli və əzmli idisə, onda narahatlığa bir səbəb yox idi. Ona görə də Allah Rəsulu Sad ibn Muaz və Sad ibn Ubadəni çağıraraq[12] mövzunu bir də onlarla müzakirə etmək istəyir. Bu vaxt Qatafan heyəti bir kənarda oturub gözləyirdi. Onlar gələn kimi mübarək əllərini hər ikisinin çiyninə qoyub yavaş səslə məsələni danışır. Sonra da bu haqda nə fikirləşdiklərini  soruşur. Onlar:

– Ya Rəsulullah! Əgər bu, səmadan gəlmiş bir əmrdirsə, onu yerinə yetir, əgər bu, səmadan gəlməyib ancaq Sənin istəyindirsə, yenə də icra et, bizə yalnız dinləmək və itaət etmək düşür. Ancaq bu, ortada bir problemdirsə, biz  onlara qılıncdan başqa heç nə vermərik!

Onların niyyəti Üseydin sözlərindən fərqlənmirdi. Ancaq məsələni düzgün dərk etmək lazım idi. Şəfqət peyğəmbəri Allah Rəsulu (s.ə.s.) hər zaman sülhün tərəfdarı idi. Onun nəzərində savaş ən sonuncu yol idi. Bu yola çıxacağı ana qədər sülh naminə hər vasitədən istifadə edəcək və bir insanın da burnu qanamadan məsələni həll etməyi əsas məqsəd seçəcəkdi. Buna görə Allah Rəsulu:

– Şübhəsiz ki, Mən ərəblərin sizin əleyhinizə birləşib birlikdə hücum etdiyini görürəm. Dörd tərəfdən hücumlar təşkil edirlər. Belə bir vəziyyətdə Mən onların qüvvələrini parçalayıb bir müddət vaxt qazanmağın doğru olacağına ümid edirəm,–deyir.

Bu dəfə də Sad ibn Muaz sözə başlayır:

– Ya Rəsulullah, əvvəllər biz də bu adamlar kimi Allaha şərik qoşar və bütlərə ibadət edərdik. Allahımıza ibadət etməzdik! O zamanlarda  belə bunlar satın aldıqları və qonaq olduqları vaxtları çıxmaq şərtilə Mədinədən bircə xurma götürüb yeməyə cəsarət etmədikləri halda, Allah (c.c.) bizi  İslamla şərəfləndirib, hidayətə gətirib Səninlə və İslamla bizi əziz tutduğu zamanmı bunlara mallarımızı verəcəyik? Bizim belə bir razılaşmaya ehtiyacımız yoxdur. Vallah, Allah (c.c.) bizimlə onlar arasındakı hökmünü verənə qədər onlara qılıncdan başqa heç nə daddırmarıq!

Əshabının münasibəti daha qəti idi və belə bir zəmində daxildəki birlik hər şeydən üstün idi. Qatafanlılarla bağlanan saziş bu birliyi sarsıda bilərdi. Ona görə də Rəsulullah (s.ə.s.) xurmalıqların üçdə birini verməkdən vaz keçir və Hz.Sada:

– Elə isə işi sənə həvalə edirəm, istədiyin kimi həll et, – deyir.

Bunun cavabında Sad ibn Muaz da:

– Əllərindən gələni etsinlər, – deyib belə bir sazişin olmayacağını bildirir, məsələyə son nöqtəni qoyur.

Xəndəyin aşıldığı an      

Xəndəy ətrafındakı gərgin vəziyyət neçə gün idi davam edirdi. Gecə-gündüz hücum edir, amma heç cür Mədinə tərəfə keçə bilmirdilər. Xəndəyin hər iki tərəfində üz-üzə dayanan ordular arasında  bu günə qədər ciddi bir ox, nizə və daş vuruşması olmamışdı.

Heç cür nəticə əldə edə bilmirdi müşrik ordusu. Əbu Sufyan, İkribə ibn Əbi Cəhil, Dirar ibn Xattab, Xalid ibn Vəlid, Amr ibnül-As, Nəvfəl ibn Müaviyə, Nəvfəl ibn Abdullah, Amr ibn Abdivüdd, Uyeynə ibn Hısn, Haris ibn Avf və Məsud ibn Ruhayl ilə Bəni-Əsədin başçıları plan qurub razılaşırlar; müəyyən etdikləri zəif nöqtədən birlikdə hücum edəcək və bütün maneələri dəfə edib qarşı tərəfə keçəcəkdilər.

Dediklərini edirlər; dar bir keçid tapır və İkrimə ibn Əbi Cəhil, Dirar ibn Xattab, Nəvfəl ibn Abdullah, Hübeyrə ibn Əbi Vəhb və Amr ibn Abdivüdd atlarını mahmızlayaraq müsəlmanların  cəbhəsinə keçirlər. Qalanları onların arxasınca baxırlar. Xəndəyi keçənlər Əbu Sufyandan:

– Bəs sən keçmirsən? – deyə soruşurlar, o da:

– Siz keçmisiniz də! Əgər ehtiyac olsa, biz də keçərik, – deyə cavab verir.

Xəndəyi keçib "qəhrəmanlıq" göstərməyə fürsət tapan bu insanlar Sel dağına doğru at səyirdirlər: günlərlə qılınc oynatmadan gözləməyin heyfini çıxaracaq və arxadan gələn dəstəklə də möminlərə böyük zərbə endirəcəkdilər. Ancaq vəziyyət heç də istədikləri kimi olmur. Onların xəndəyi keçdiyini görən möminlər bir göz qırpımında özlərini çatdırır, arxadan gələnlərin qarşısını kəsir.

Bəlkə də, bu, Allah Rəsulunun taktiki  gedişi idi; müəyyən yerlərdə "boşluq" buraxaraq qarşı tərəfin keçməsinə imkan vermiş, bu yolla düşmən qüvvələrini parçalayıb zəiflətmək istəmişdi. Belə ki, bu hücum zamanı Amr ibn Abdivudd kimi cəsur müşrik Hz. Əlinin qılınc zərbələri altında canından olur,[13] Onun həlak olduğunu görənlər də arxaya baxmadan qaçmağa başlayır. O gün İkrimə isə heç nizəsini qaldırmağa macal tapmır! Hz. Ömər və Zübeyr ibn Avvam kimi səhabələr də qaçanları təqib edirlər. Hətta Hz. Zübeyr Nəvfəl ibn Abdullaha çatır və endirdiyi qılınc zərbəsi ilə onu başından iki yerə ayırır. Zərbənin şiddətidən qılınc cilovun ucunu da qoparır və atın boynuna qədər işləyir. Bunu görənlər Hz. Zübeyrə:

– Ey Əba Abdullah! Sənin qılıncın kimi qılınc görmədik, – deyirlər, o da bu cavabı verir:

– Vallah, onu kəsən qılınc deyil, biləkdir!

Hz.Zübeyr qaçmaqda olan Hübeyrə ibn Əbi Vəhbə də bir zərbə endirmişdi. Atın arxa tərəfinə enən bu zərbənin şiddətidən Hübeyrənin zirehi yerə düşmüş, o da çıxış yolunu qaçmaqda görmüşdü.[14]

Müsəlmanları məhv etmək məqsədilə xəndəyi aşsalar da, məğlub olub geri dönənlər Əbu Sufyanın yanına gəlir və:

– Bu gün elə bir gündür ki, biz artıq heç nə edə bilmərik. Yaxşısı budur, geri qayıdaq, – deyirlər.

Sonra isə Allah Rəsuluna xəbər göndərib on min dirhəm əvəzində Amr ibn Abdivüddün cəsədini almaq istədiklərini bildirirlər. Rəsulullah (s.ə.s.) isə:

– O, sizin olsun. Biz ölü pulu yemirik![15] – buyurur

Duaya açılan əllər

Artıq on gün geridə qalmışdı, amma gərginlik davam edirdi. Atını mahmızlayan Əhzab ordusu fürsət axtarır, möminlər isə onlara bu fürsəti verməmək, onların aşkar etdiyi boşluqları bağlamaq üçün var qüvvələri ilə mübarizə aparırdılar. Boş, mənasız qayə uğrunda buralara qədər gəlib özünə bu əziyyətləri rəva görən Məkkə ordusu barədə Allah Rəsulu (s.ə.s.) səhabələrinə xəbərdarlıq etmiş və bunları tapşırmışdı:

– Ey insanlar! Öz arzunuzla düşmənlə qarşılaşmaqdan çəkinin, Allahdan sağlıq diləyin! Ancaq nə zaman düşmənlə qarşılaşsanız, o zaman dişinizi sıxıb səbir edin və səbatlılıq göstərin. Şübhəsiz ki, cənnət qılıncların kölgəsi altındadır!

İndi düşmənlə qarşılaşma gerçəkləşmiş və növbə səbir və səbata gəlmişdi. Ancaq günlər keçsə də, düşməndə geri dönmə niyyəti sezilmirdi, əksinə Əhzab ordusu hər dəfə müsəlmanların qarşısına yeni taktika ilə çıxmağa çalışırdı.

Bir bazar ertəsi günü idi. Günorta ilə əsr (ikindi) namazı arasında Allah Rəsulu (s.ə.s.) Əhzab məscidinə gəlir və mübarək əllərini qaldırıb dua etməyə başlayır:

– Ey kitabı endirən və hesabı sürətli olan Allahım! Bu Əhzab ordusunun ahəngini poz və onları parça-parça elə, onlara qarşı bizə zəfər lütf edib inayətini  göstər!

Şəfqət və mərhəmət peyğəmbəri Rəsulullaha o qədər sıxıntı vermişdilər ki, bu şəkildə dua etməyə məcbur olmuşdu. Zülmün ərşə dayandığı yerdə O  da halını Rəhmli Rəbbinə ərz edir, Ondan nüsrət diləyirdi.

Eyni duanı çərşənbə axşamı və çərşənbə günü də təkrarlayır. Hətta təzyiqlərdən sıxılan əshab Allah Rəsuluna dönür və:

– Ya Rəsulullah, – deyir, – artıq canımız boğazımıza yığıldı. Bu vəziyyətdən qurtuluş üçün bir yol yoxdurmu?

– Var, – buyurur Allah Rəsulu, – "Allahım! Eyib və qüsurlarımızı ört. Qorxu və əndişələrimizi də sona çatdır!" – deyə dua edin!

Əshabına duanı tövsiyə edən Rəsulullahın (s.ə.s) dilində o gün də dua vardı. Belə dua etdiyini eşitmişlər:

– Allahım! Səndən vəd etdiyin inayət və yardımını diləyirəm, əks halda, Allahım, yer üzündə Sənə ibadət edən insan qalmayacaq!

Duadan sonra ümmətinin yanına gəlir Allah Rəsulu. Mübarək üzündəki süruru görən əshab da tezliklə gerçəkləşən müjdə və inayətin  sevincini yaşayır.

Ümumi hücum

Amr ibn Abdivüdd öldürülmüş, onunla birlikdə xəndəyi keçənlər də qaçmaq məcburiyyətində qalmışdı. Bu vəziyyətdə bütün müşriklər bir nəfər kimi və qəti hücum etmək qərarına gəlir, hazırlığa başlayırlar və hamı bir-birini son hücuma təşviq edir.

Və ertəsi gün sübh tezdən bütün düşmən ordusu irəliləməyə başlayır. Bu zaman Rəsulullah (s.ə.s.) əshabını əks hücum üçün hazırlamış və özü də xəndəyin bu tərəfində mövqe tutub onları gözləyirdi. Belə ki, müşriklərin hücuma hazırlıq xəbərini alan kimi səhabələri toplamış, onlara dəyanət göstərib mərdliklə müdafiə olunduqları təqdirdə zəfər qazanacaqları müjdəsini vermişdi.

Dalbadal hücum edirlər. Böyük bir təlaş var idi. Çünki kimin haradan hücum edəcəyini ayırd etmək mümkün deyildi. Bir yanda müşriklər hər addım başı göbələk kimi bitir, bir dəstə geriyə oturdulanda, o biri dəstə ortaya atılır və xəndəyin ətrafı fasiləsiz mücadilə səhnəsinə çevrilir.

Bu zaman Xalid ibn Vəlidin rəhbərliyi altında iki yüz nəfərlik dəstə Allah Rəsulunun çadırı istiqamətini  hədəf götürüb irəliləyirdi; gözləri dönmüşdü düşmən süvarilərinin.

Bu mənzərə o gün gecəyə qədər davam edir. Allah Rəsulu və əshabı bu təlaş və qarışıqlıq içində namazlarını belə qıla bilmirlər: "Allah naminə gedilən yolda Allaha qulluq vəzifəsi yerinə yetirmək mümkün olmamışdı".

 Bu qədər ciddi-cəhdlərə baxmayaraq, bir nəticə əldə edə bilmir və yavaş-yavaş geri çəkilməyə başlayırlar. Çox keçmədən hər kəs öz yerinə qayıdır. Bu vaxt Üseyd ibn Hudayr iki yüz nəfərlik dəstənin başında xəndəyin müşriklər olan istiqamətində keşik çəkirdi.

Süvarilərlə geri dönən Xalid ibn Vəlid təkrar hücum edir və bu qanlı çarpışmada Tüfeyl ibn Numan adlı səhabə şəhid olur.

Bu əsnada uzaqgörən Aişə validəmizin qorxduğu başına gəlir; Sad ibn Muaz zirehin xaricində qalan qolu oxlara hədəf olur; çoxlu qan itirirdi. Özünü Rəsulullah davasına həsr etmiş Sad ibn Muaz əllərini açıb Rəbbinə yalvarır:

– Allahım! Əgər bundan sonra da Qureyşlə savaş ehtimalı varsa, məni bu döyüş üçün sağ burax. Çünki mən Sənin Rəsulunu öz yurdundan çıxaran, Onu yalançılıqda ittiham edən və hər fürsətdə Ona zülm etməyə çalışan bir tayfaya qarşı vuruşmağı ürəkdən istəyirəm!

 Allahım! Artıq onlarla bizim aramızda döyüş olmayacaqsa, nə olar mənə şəhadət nəsib et. Ancaq Bəni-Qureyzə məsələsində gözüm aydın olana qədər mənə möhlət ver!

Bu gün baş verən qarışıqlıq zamanı iki müsəlman dəstə üz-üzə gəlmiş, üzləri qapalı olduğu üçün bir-birini tanımayıb döyüşməyə başlamışdılar. Aralarında yaralananlar da, şəhid olanlar da var idi. Nəhayət, bir nəfər Xəndək parolu – "Ha, Mim. La yunsaru"nu deyən kimi məsələni anlayır və qılıncları bir kənara atıb qucaqlaşırlar. Daha sonra da məsələni Allah Rəsuluna bildirib yaralı və ölülərinin halını soruşurlar. Allah Rəsulu (s.ə.s.) onlara:

– Yaralanmağınız Allah yolunda olmuşdur. Sizdən kim öldürülmüşdürsə, bilin ki, o, şəhiddir, – cavabını verir. Bir tərəddüd də ortadan qalxır və artıq parolsuz vuruşmamaq qərarı ilə hüzurdan ayrılırlar.

Bu vaxt Allah Rəsulu (s.ə.s.) qıla bilmədiyi namazları əda etməyə hazırlaşır. Buthan adlı yerə qədər gəlir. Burada dəstəmaz alıb əvvəlcə qılmadığı namazını əda edir, bunun ardınca da axşam namazını qılır. Namazını tamamladıqdan sonra da:

– Günəş batanadək bizi məşğul edib orta (əsr) namazını qılmağa imkan vermədikləri kimi, Allah da onların evləri ilə qəbirlərini atəşlə doldursun, – deyə dua edir. Bir mömin üçün namaz hər şey deməkdi ki, Allah Rəsulu əllərini açıb bu qədər əhəmiyyətli vəzifənin ədasına əngəl olanların cəzalandırılmasını Rəbbindən diləyirdi.

Bəni-Qureyzədən gələn maddi dəstək

Sazişi pozmaqla açıq-aydın müharibə elan edən Bəni-Qureyzə xəndəyin o biri tərəfindəki müşriklərə dəstək verməkdə davam edirdi. Belə ki, ərzaqları qurtarmaq üzrə olan, at və dəvələri aclıqdan zəifləmiş Əhzab ordusunun rəhbəri Əbu Sufyan Huyeyy ibn Ahtabla görüşür və:

– Heyvanlarımızın yemi tükəndi, sizdə yem varmı? – deyə yardım istəyir.

– Bəli var, – deyir Huyeyy. Bunun ardınca Bəni-Qureyzənin başçısı Kab ibn Əsədin yanına gələrək ondan müşrik ordusuna maddi dəstək istəyir.

– Bizim malımız sizin malınızdır. Dilədiyini götür, istədiyini et. Bir nəfər göndər, yük dəvələrini gətirsin və istədikləri qədər yem götürsünlər, – deyir Kab.

Müşriklər iyirmi baş yük dəvəsi göndərir. Tezliklə Bəni-Qureyzə həmin dəvələrə xurma, arpa və saman yükləyib müşrik cəbhəsinə yola salır.

Bu vaxt Amr ibn Avfoğulları qəbiləsindən iyirmi nəfər o bölgələrdəki hadisələri izləmək və vəfat edən yaxınlarını dəfn etmək məqsədi ilə xəndəkdən uzaqlaşıb Mədinəyə doğru irəliləyirdi. Aqiq vadisinə çatanda həmin iyirmi yüklü dəvəni aparan müşriklərlə qarşılaşırlar. Demək ki, gizli-gizli işlər çevirirdilər və belə bir xəyanətin qarşısı alınmalı idi. Onlar da bunu edirlər. Yeni bir qarşıdurma çıxır və sayca çox olan möminlər heç bir itki vermədən yüklə birlikdə iyirmi dəvəni ələ keçirir.

İyirmi yüklü dəvə ilə gedib adamlarını dəfn edirlər və sonra da Allah Rəsulunun hüzuruna gəlib baş verənləri danışırlar. Xəndəkdə böyük bir sevinc var idi; dəvələr müşrik ünvanına göndərilsə də, Allah (c.c.) onları yükləri ilə birlikdə müsəlmanlara nəsib etmişdi. Müharibə davam edirdi və müharibədə əldə edilənlər də qənimət idi. Yükləri dəvələrdən endirirlər. Daha sonra kəsilən bir neçə dəvə möminlərə güc-qüvvət olur. Dəvələrin bir hissəsini Mədinəyə gətirirlər.

Bu, müşriklər üçün böyük itki idi. Həm gözlədikləri dəstəyi ala bilməmiş, həm də yardımı gətirmək üçün yolladıqları iyirmi dəvə müsəlmanların əlinə keçmişdi. Müşrik dəstəsinə başçılıq edən və canını güclə qurtarıb orduya qayıdan Dirar ibn Xəttab Əbu Sufyanın yanına gəlib başlarına gələni danışır. Eşitdiklərinin təsiri ilə hövsələdən çıxan Əbu Sufyan söz verib yerinə yetirə bilməyən Huyeyy ibn Ahtaba qəzəblənir:

– Bu Huyeyy necə də uğursuz adam imiş! Onu tanıyandan bəri hər zaman bizi tək qoyub! İndi biz geri qayıdanda yüklərimizi hansı dəvələrə yükləyəcəyik?!

Başqa bir xəyanət nümunəsi

Rəsulullahın yoxluğunu fürsət bilən on nəfər yəhudi Onun (s.ə.s.) ailəsi və bibilərinin yaşadığı yerə gəlir, oranı ox yağışına tuturlar. Bu bir xəyanət idi; ər meydanında igidliklə vuruşmaq əvəzinə, qalaya sığınmış köməksiz, günahsız qadın və uşaqlara hücum etməklə xəndəkdə savaşan müsəlmanları təşvişə salmaq istəyirdilər. Demək ki, Bəni-Qureyzə də öz acı aqibətini hazırlayırdı. Hətta biri qapıya qədər gəlir, içəri girməyə çalışır. Bunu anlayan Safiyyə validəmiz yaşlı Hassan ibn Sabitə:

– Ey Hassan! Get bu adama həddini bildir, – deyə səslənir.

Allah Rəsulu (s.ə.s.) Xəndək cəbhəsində düşmənlə üz-üzə idi, onları qoruya bilməyəcəkdi. Buna görə də məsələni özləri həll etməli idi və bunu düşünürdü Peyğəmbərimizin bibisi Hz. Safiyyə. Ancaq Hz. Hassan yaşlı idi, vuruşmağa  taqəti yox idi. Ona görə:

– Allah sənə mərhəmət etsin, ey Abdulmuttalibin qızı! Sən də bilirsən ki, mən bu işin adamı deyiləm. Əgər bunu bacarsa idim, indi mən də Rəsulullahla birlikdə olar və düşmənlə üzbəüz vuruşardım, – deyə cavab verir.

Safiyyə validəmiz çarşabını örtür, qılıncı da götürüb qapıda dayanan düşmənə yaxınlaşır. O vaxtadək qapı ağzında meydan oxuyan yəhudinin qarşısında indi iri cüssəli qadın dayanır, başına bir zərbə endirib oradaca işini bitirir. Ardınca Hz. Hassanı çağırır Safiyyə validəmiz:

– Ey Hassan! Aşağı düş bu adamın əşyalarını yığışdır. Onu da mən edərdim, amma yad bir adama əl vurmaq istəmirəm!

– Onun əşyalarına ehtiyacım yoxdur, ey Abdulmuttalibin qızı! – deyə Hassan cavab verir.

Adamlarının öldürüldüyünü görən yəhudilər Allah Rəsulunun burada da əsgər saxladığını zənn edib tələsik oradan uzaqlaşırlar.[16]

Son həmlə 

Nuaym ibn Məsud Bəni-Qureyzənin dostu idi. Həmin gün o da axara qapılmış, qəbiləsi ilə birlikdə Əhzab ordusuna qoşulub Allah Rəsulu ilə döyüşmək üçün buralara qədər gəlmişdi. Çox fitnəkar bir adam idi; insanları istədiyi kimi istiqamətləndirir və asanlıqla araya düşmənçilik toxumları səpə bilirdi. Ancaq günbəgün qəlbi sıxılır və etdiyi hərəkətin, yəni Rəsulullaha qarşı döyüşməyin düzgün olub-olmadığını düşünürdü.

Bir müddət sonra qıtlıq əməlli-başlı öz təsirini göstərməyə başlayır, bir qasırğa kimi ətrafı bürüyür. At və dəvələr də tələf olur. Bu, belə gedə bilməzdi. Bəlkə, bütün bunlar haqsız yerə Mədinəyə hücum etdikləri üçün başlarına gəlirdi? Nuaym ibn Məsud bu fikirlər içində qərarını verir: İslamı qəbul edəcəkdi. Qərarı ilə, sanki, hər şeyi dəyişir. İndi özünü daha yüngül, daha rahat hiss edir və sıxıntıların tamamilə yox olduğunu  görürdü.

Qəlbən müsəlman olmağına olmuşdu, amma ondakı bu dəyişikliyi hələ heç kim bilmirdi. Axşamdan xeyli keçmiş gizlicə Rəsulullahın hüzuruna gəlir. Allah Rəsulu namaz üstə idi. Salam verib namazı bitirir. Nuaymı qarşısında görüncə yerində oturur. Ondakı dəyişikliyi hiss etmişdi:

– Hansı səbəb səni bu saatda buraya gətirib, ey Nuaym? – deyə soruşur. Rəsulullahın səsində Nuaymın qəlbini yumşaldan bir istilik, bir şəfqət vadı. Yaxşı ki gəlmişdi, neçə gün idi onu narahat edən sıxıntıların yerinə indi əngin rahatlıq çökmüşdü, sanki, uçacaqdı. Böyük bir ədəblə Allah Rəsulunun (s.ə.s.) pak simasına baxıb:

– Səni təsdiq etmək və gətirdiklərinin də haqq olduğunu bildirmək üçün gəldim, – deyir və müsəlman olur.  Bir insan da Rəbbini tanıyıb Ona (c.c.) qul olmuşdu. Rəsulullahın sevinci hədsiz idi; çəkdiyi sıxıntıların hamısını unutmuş, qaranlıq gecədə sabahın aydınlığımı yaşayırdı!

Bundan başqa Nuaym mühüm məlumatlar da gətirmişdi Allah Rəsuluna. Uzun zamandan bəri gözləyən müşriklərin Bəni-Qureyzəyə xəbər göndərib: "Biz bura Məhəmməd və əshabı ilə savaşmaq üçün gəldik. Halbuki indi bu işdən əl çəkməkdən başqa çarəmiz yoxdur," – deməsi, bunun da cavabında Bəni-Qureyzənin onlarla aralarındakı anlaşmaya istinadən: "Bu, sizin öz işinizdir, istədiyinizi edə bilərsiniz. Ancaq bizim girovlarımızı göndərməyi yaddan çıxarmayın. Sonra nə istəsəniz, onu da edin," – deyə sərt cavab verməsi xəbərini gətirmişdi.

Əzhab ordusunun birliyi pozulmağa başlamışdı və belə bir şəraitdə qarşı tərəfin ixtilafa düşməsi xeyir əlaməti idi. Sanki, zaman və şərait Hz.Nuayma özünü göstərmə şansı verirdi. Daha öncə əks tərəfdə istifadə etdiyi zəkasını indi İslam uğrunda sərf edəcək, iki rükət namaz belə qılmadan cəbhədə din yolunda xidmətə başlayacaqdı. Vəziyyəti Rəsulullah da (sallallahu əleyhi və səlləm) görürdü. Buna görə də əvvəlcə Nuayma:

– Onlar Mənə bir elçi göndərib Bəni-Nadirin yurduna geri qayıtması və mallarını da özlərinə qaytarmağım müqabilində sülh təklif edirlər, – buyurur. Sanki, eyni şeyləri düşünürdülər. Nuaym:

– Ya Rəsulullah, – deyə sözə başlayır, – mənə istədiyini əmr et, yerinə yetirim! Vallah, mənə nə əmr etsən, yerinə yetirərəm! Çünki hələ nə mənim qövmüm, nə də bir başqası müsəlman olduğumu bilmir!

Bu sözdən sonra Peyğəmbərimiz ona:

– Sən aramızda sadəcə bir adamsan. Gücün çatdığı qədər onları bizdən uzaqlaşdırmağa çalış, unutma ki, savaş hiylədir!

– Baş üstə, edərəm, – deyir Hz. Nuaym, – ancaq, ya Rəsulullah! Lazım olsa, bəzi şeylər də  söyləmək məcburiyyətində qala bilərəm, bunun üçün mənə izin verərsənmi?

Niyyət xalis, şərait də müharibə şəraiti... Başqa sözlə, belə şəraitdə sözün gücü qılınc və qalxandan daha təsirli idi. Buna görə də istədiyi izni verir Allah Rəsulu (s.ə.s.).

Rəsulullahla görüşdən dərhal sonra yola çıxan Hz.Nuaym birbaşa Bəni-Qureyzənin yanına gəlir. Heç kim onun müsəlman olduğunu bilmirdi. Nuaymı süfrəyə dəvət edib ehtiram göstərirlər. Nuaym əvvəlcə onlara:

– Mən sizə yeyib-içmək üçün gəlməmişəm. Sizi nə qədər sevdiyimi və aramızdakı dostluğu bilirsiniz. Mənim gəlişimin əsas məqsədi sizə olan sevgim və sizin barənizdə narahat olduğum bəzi şeyləri bölüşmək, sizi vaxtında xəbərdar etməkdir!

Hiss olunurdu ki, əhəmiyyətli şeylərdən danışacaq. Bütün diqqətlərini ona yönəldirlər. Əvvəlcə:

– Bunu bilirik. Sən hər hansı məsələdə ittiham edilmiş etibarsız adam deyilsən. Sən bizim yanımızda yaxşılığı və sədaqəti ilə seçilən insanlardan birisən, – deyirlər.  Hz. Nuaym:

– Ancaq dediklərim aramızda qalmalıdır, – deyir. Maraqları daha da artır. Söz verirlər:

– Yaxşı, sözümüz sözdür. Bunu heç kim bilməyəcək!

Danışmaq üçün əlverişli şərait hazırlamış, diqqəti də özünə çəkə bilmişdi. Artıq rahat danışa bilərdi:

– Bu adamın işi, doğurdan da, müsibətdir. Bəni-Qaynuqa və Bəni-Nadir yəhudilərinin başına gətirdiklərini də görürsünüz. Mallarını əlindən aldı, özlərini də yurd-yuvalarından sürgün etdi. İbn Əbu Hubeyk də bizə sığınmaq məcburiyyətində qalmışdı, indi biz onunla birlikdə sizə kömək etməyə gəlmişik! Ancaq sizin də gördüyünüz kimi bu iş xeyli uzandı. Vallah, Qureyş də, Qatafan da Məhəmməd məsələsində sizinlə eyni mövqedə deyillər. Qureyş və Qatafan müvəqqəti olaraq buraya gəldi və sizin gördüyünüz yerlərdə düşərgə saldı. İmkan və fürsət tapsalar, bunu qiymətləndirəcəklər! Ancaq savaşda gözləmədikləri hadisələr baş versə, o zaman öz yurdlarına dönəcəklər! Sizin isə belə bir şansınız yoxdur. Bura sizin yurdunuzdur! Mallarınız və arvad-uşaqlarınız da daxil olmaqla sizin hər şeyiniz buradadır! Dünən gecə hamısı toplanıb Onunla mücadilə etsə də, gördüyünüz kimi, hal-hazırda Məhəmmədin ordusu Əhzab ordusuna üstün gəlməyə başlayıb, hətta başçılardan Amr ibn Abdivüddü belə öldürüblər! Qalanları da yaralı halda geri çəkilib!

Onlar sizin imkanlarınızı və mövqeyinizi bildikləri üçün sizə laqeyd qala bilməzlər, sizə möhtacdırlar! Qureyş və Qatafan öz əyan-əşrəfindən sizin yanınıza girov göndərməyincə və bununla öz təhlükəsizliyinizi təmin etmədən onlarla birlikdə savaşmayın. Siz bu yolla onları bir çətinliyə düşən kimi Məhəmmədlə vuruşmaqdan imtina edib geri dönmək fikrindən də daşındırmış və sizdəki girovları almadan geri dönməməyə məcbur etmiş olarsınız!

Hz.Nuaymın dedikləri, həqiqətən, ağlabatan idi. Qureyş və Qatafan buranı tərk etsə belə, onların elə bir imkanları yox idi. Bir dəfə də razılaşmanı pozmuş və Məhəmmədül-Əminə müharibə elan etmişdilər. Geri dönə bilməzdilər, dönsələr də, çox gec idi. Bu müharibədə qalibiyyətdən başqa, onları heç nə xilas edə bilməzdi. Ona görə də işə zəmanət almaq lazım idi.

– Həqiqətən də, sən bizə, görülməli işi və tədbiri göstərdin. Dediyini edərik, – deyir və təşəkkür edirlər. Ağıllarına gəlməyən bu təfərrüatı xatırlatdığı üçün Hz. Nuayma dua edirlər! Nuaym bir daha xatırladır:

– Amma bu söhbət aramızda qalacaq!

Onlara bu qədər yaxın davranıb həyati bir məsələdə xəbərdarlıq edən insanımı ifşa edəcəkdilər? Yaxşılığın cavabı yaxşılıqdır və onlar:

– Heç narahat olma, heç kəs bunu bilməyəcək, – deyib onu arxayın edirlər.

İlk addım bəhrəsini vermiş, tikiş tutmuşdu. Bəni-Qureyzədən ayrılan Hz.Nuaym tezliklə özünü Əbu Sufyanın yanına çatdırır. Əhzab ordusunun ümumi rəhbəri olan Əbu Sufyan bu əsnada bir dəstə məsləkdaşı ilə oturmuşdu. Salam verib hal-əhval tutduqdan sonra Əbu Sufyana yaxınlaşan Nuaym ibn Məsud deyir:

– Ey Əba Sufyan! Sənə bir şey söyləməyə gəldim, ancaq bunu faş etməyəcək, gizli saxlayacaqsan!

Əbu Sufyan diksinir, eyni zamanda onu maraq hissi bürüyür! Dərhal:

– Yaxşı, – deyir, – ikimizin arasında qalar!

Əbu Sufyandan da arxayın olan Nuaym bunları söyləyir:

– Sən də bilirsən ki, Bəni-Qureyzə Məhəmmədlə aralarındakı anlaşmanı pozduğuna görə çoxdandır, peşman olub və müqaviləni yeniləyib əvvəlki vəziyyətə qayıtmaq istəyir. Mən onların yanında ikən bu məqsədlə Ona (Allah Rəsuluna) belə bir ismarış göndərdilər: "Biz Qureyş və qatafanlıların nüfuzlu adamlarından yetmiş nəfərini götürüb boyunlarını vurmaq üçün Sənə təslim edəcəyik. Sən də bunun əvəzində qırdığın qanadımız Bəni-Nadirin yurdlarına qayıtmasına izin verəcəksən. Əgər buna razı olsan, onda biz Qureyşi buradan qovana qədər Səninlə birlikdə döyüşəcəyik".

Əgər onlar sizə girov üçün xəbər göndərsələr, ehtiyatlı olun, adamlarınıza yazığınız gəlsin. Dediklərimi də heç kim bilməsin.

Eşitdikləri qarşısında çaş-baş qalan Əbu Sufyan:

– Yaxşı, heç kimə demərik, – deyir və bundan sonrakı hadisələri təxmin etməyə çalışır, bu vəziyyətdə atacağı addımlar barədə dərin düşüncələrə dalır.

Hz. Nuaymın bir işi də qalmışdı. Tezliklə qatafanlıların yanına gedir və bu dəfə də onlara:

– Ey qatafanlılar, – deyə səslənir, – bilirsiniz ki, mən sizin birinizəm. Ancaq danışdıqlarım aramızda qalsın! Xəbəriniz olsun, Bəni-Qureyzə Məhəmmədə adam göndərib, – deyir və Əbu Sufyana dediklərini onlara da danışır və sözünün sonunda da:

– Adamlarınızı onlara verməyin.

Əvvəlkilər kimi onları da vaxtında xəbərdarlıq etdiyinə görə Nuayma təşəkkür edirlər.

Rolunu qüsursuz oynamışdı Hz.Nuaym. Hər üç dəstə da deyilənləri və bundan sonrakı hadisələrin gedişatını gözləməyə başlayır. Çox keçmədən Bəni-Qureyzə Azzal ibn Səmuəlin vasitəsilə Qureyşə bu xəbəri göndərir: "Uzun zamandır ki, buradasınız, amma hələ bir şey edə bilməmisiniz. Heç etdikləriniz də ağlabatan deyil! Əgər Məhəmmədin üzərinə nə zaman hücum edəcəyinizi müəyyən etsəydiniz və siz bir tərəfdən, biz bu tərəfdən, Qatafan da bir başqa yöndən  hücuma keçsəydik, onda Məhəmməd də əlimizdən qaça bilməz, ən azından birimiz Onu sıxışdırardıq! Bundan sonra isə döyüş boyunca yanımızda qalmaq şərti ilə nüfuzlu adamlarınızdan girov olaraq bizə verməsəniz, biz sizinlə bərabər döyüşə çıxmayacağıq! Çünki biz əndişə edirik ki, məğlub olduğunuz təqdirdə bizi yalqız və müdafiəsiz halda Məhəmmədlə üz-üzə qoyub öz yurdunuza gedəcəksiniz!

Elçi Azzal Bəni-Qureyzənin ismarışını gətirdikdə Əbu Sufyan üzünü yanındakılara tutub:

– Bu da Nuaymın söylədikləri, – deyir.

Hz. Nuaym isə düşmənə tor toxumaqda davam edirdi. Bu ərəfədə orada olan Nuaym özünü yenidən Bəni-Qureyzənin yanına çatdırır:

– Ey Bəni-Qureyzə camaatı, – deyə səslənir, – mən Əbu Sufyanın yanında olarkən sizin elçiniz onun yanına gəldi, girov istədi. Ona heç bir cavab vermədilər. Ayrılıb gedəndə də Əbu Sufyan yanındakılara bunları söylədi: "Bizdən bir oğlaq belə istəsəniz, onu sizə girov verməyəcəyik, öz dostlarımdan ona girov verim, o da onları öldürsün deyə Məhəmmədə təslim etsin? Elə bir şey olmayacaq, mən heç kimi girov verməyəcəyəm!"

Ona görə yaxşı fikirləşin. Əbu Sufyan sizə girovları vermədikcə onunla birlikdə vuruşmağı qəbul etməyin! Əgər siz Məhəmmədlə savaşmasanız, Əbu Sufyan çəkilib getsə də, bu vəziyyətdə müqaviləniz keçərli olacaqdır.

Hz. Nuaymın sözləri ağıllarına batmışdı, amma nəticənin onun dediyi kimi olacağından çox da ümidli deyildilər. Buna görə də:

– Biz də elə olmasını istərik, ey Nuaym, – deyirlər. Bu zaman Kab ibn Əsəd irəli çıxır:

– Vallah, mən Məhəmmədlə savaşmayacağam, – deyir, – heç mən bunu əvvəlcə də istəmirdim. Bu uğursuz Huyyey məni məcbur etdi!

Zəbir ibn Bata onunla razılaşmır. Olduqca barışmaz və radikal xarakteri var idi və hər şeyə rəğmən, müştərək düşmən elan etdikləri Rəsulullaha qarşı birlikdə hərəkət etmək tərəfdarı idi. Belə deyir:

– Əgər Qureyş və Qatafan Məhəmmədlə döyüşməkdən boyun qaçırıb getsə, o zaman bizim qılıncdan başqa çıxış yolumuz qalmaz, gəlin birlikdə Məhəmmədin üzərinə gedək! Qureyşdən girov istəməkdən də vaz keçin, çünki Qureyş heç vaxt sizə girov verməyəcək! Həm də sayca bizdən çox ola-ola niyə girov versin ki? Eyni zamanda əgər onlar qaçmaq istəsəydilər, qaça bilərdilər. Bizim isə belə bir seçimimiz yoxdur! Qatafanlılara gəlincə, onlar Mədinənin bir qisim meyvəliklərini almaq şərtilə Məhəmmədlə razılığa gəlmək istədilər, amma Məhəmməd bunu rədd edib qılıncdan başqa seçim qəbul etmədi, əlləri boş geri döndülər!

Zəbir bunları deyirdi, amma tək qalacaqdı. Çünki heç bir bəni-qureyzəli girov almadan qureyşlilərlə birgə savaşma fikrinə qatılmayacaq və beləliklə, tam zəmanət almağa çalışacaqdılar.

Şənbə günü axşam Əbu Sufyan və Qatafanın başçıları İkrimə ibn Cəhlin rəhbərliyində bir heyətlə Bəni-Qureyzəyə bu ismarışı göndərir: "Biz burada daim qalası deyilik. Onsuz da atlar və dəvələr də tələf olmağa başladı! Son hücum üçün hazırlıqlı olun ki, hamımız birlikdə hərəkət edək və Onunla aramızdakı məsələyə son nöqtəni qoyaq!

İsmarışı alan Bəni-Qureyzə rəhbərləri bir-birinin üzünə baxır. Nuaym ibn Məsudun dediklərini  unutmamışdılar. Buna görə də:

– Bu gün şənbədir, biz bu gün heç bir şey etmirik! Daha əvvəllər bizdən bəzi insanlar şənbə günü bəzi əməllər eləmişdilər, başlarına sizin də bildiyiniz müsibətlər gəlmişdi! Eyni zamanda biz sizdən girov almadan Məhəmmədə qarşı döyüşmək niyyətində deyilik! Çünki ehitiyat edirik ki, döyüşün gedişatı sizin zərərinizə olduğu təqdirdə bizi tək və müdafiəsiz qoyub yurdunuza qaçacaqsınız. Halbuki biz buranın sakinləriyik. Əgər belə bir nəticə ilə qarşılaşsaq, Ondan müdafiə olunmağa  gücümüz yoxdur. Bax o vaxt sonumuz çatmış sayılır!

İkrimə ilə gedən elçilər gəlib Bəni-Qureyzənin dediklərini Əbu Sufyana danışır.

Əbu Sufyan:

– Deməli, Nuaymın dedikləri doğru imiş, – deyir və Bəni-Qureyzəyə yenidən xəbər göndərir: "Vallah, biz sizə bircə adam da verməyəcəyik. Əgər döyüşmək istəsəniz, çıxın döyüşün".

Bu xəbəri alan Bəni-Qureyzə də:

– Nuaymın bizə dedikləri doğru imiş. Görmürsünüzmü, onların savaşdan başqa hədəfləri yoxdur! İmkan və fürsət tapdıqları təqdirdə bunu gözəl şəkildə dəyərləndirəcəklər. Ancaq işlər yolunda getməyib məğlub olsalar, demək ki, qoyub qaçacaq, Onunla bizi baş-başa qoyacaqlar, – deyirdi.

Hz. Nuaymın səyləri nəticə verir, Əhzab ordusu qarşısıalınmaz parçalanmaya sürüklənirdi. Heç kəsin bir-birinə etibarı qalmamışdı. Arada dəfələrlə elçilər gedib gələcək, amma heç bir faydası olmayacaqdı.

İlahi inayət

İlahi inayət yenidən özünü göstərir. Rəsulullah Cəbraili görür və əshabına dönüb üç dəfə:

– Diqqət edin: Allahdan gələn müjdə ilə sevinin, – buyurur.

Cümlələrini bitirər-bitirməz xəndəyə qatı qaranlıq çökür; çadırlar yerindən qopub uçur, göz-gözü görmür. Psixolji zərbə alıb ixtilafa düşən Əhzab ordusunun dayandığı yerdə o gecə böyük bir tufan qopur, qazanları tərs çevirir, qab-qacaqları sağa-sola sovurur. Ocaqları sönür, yuvaları da dağılır. Birdən zil qaranlıq ətrafı bürüyür və xəndək tərəfdə dəhşətli gurultu qopur. Elə qaranlıq çökür ki, göz-göz görmür. Onsuz da, soyuqdan titrəyən müşriklər tufanın da təsiri ilə əməlli-başlı üşümüş və pərişan olmuşdular.[17]

O vaxtadək görmədikləri  ordularla üz-üzə gəlmişdilər. Təşviş içində idilər. Hər tərəfi toz-duman bürümüşdü, kimin nə etdiyini anlamaq mümkün deyildi. Çadırın qopmuş iplərini bağlamağa çalışır, dirəkləri yenidən yerə vurmaq istəyirdilər, amma hər dəfə tufan güclənir, buna imkan vermirdi.

Qorxudan titrəyirdilər, hər qəbilənin lideri öz adamlarını yanına çağırırdı. Amma bununla da kifayətlənmir, basqına uğramaq qorxusu ilə:

– İmdad! İmdad! Mühasirəyə alınıb hücuma məruz qaldınız, – deyərək ətrafdakı insanları da təşvişə salırdılar.

Artıq xəndəyin hakimi Allahın inayət olaraq göndərdiyi rüzgar idi. Bu külək Allah Rəsulunu və möminləri məhv etmək amacı ilə Mədinə sərhədlərinədək gələn müşriklərin gözlərini qumla doldurmuş, Allah düşmənlərini məşəqqətlərlə baş-başa qoymuşdu.

Qorxudan ürəkləri ağzına gələn münafiqlər də ailələrinin tək qalması bəhanəsi ilə icazə istəyir, bir-bir, iki-iki sivişib aradan çıxırdılar.

Ancaq möminlər Allahın inayətinin onları qoruyacağına inanır, özlərini daha güclü hiss edirdilər. Çünki tufan möminlərin mənəvi qüvvəsini gücləndirərkən, müşriklərin qəlbinə qorxu salmışdı.

Gecənin bir vaxtı Allah Rəsulu (s.ə.s.) səhabələrə bir-bir baş çəkir və:

– Kim gedib qarşı tərəfdən xəbər gətirə bilər? – deyə soruşur və bunu yerinə yetirənə cənnətdə onunla qonşu olacağı müjdəsini verir. Bu zaman Hz.Əbu Bəkir irəli çıxır və gözünə sataşan Hz. Huzeyfəni göstərib:

– Bəlkə, Huzeyfəni  göndərəsən? – deyə  Rəsulullaha təklif edir. Allah Rəsulu (s.ə.s.) da üzünü hüzurunda oturan şəxsə  tutub:

– Sən kimsən? – deyə soruşur.

– Mən Huzeyfəyəm, – cavabını eşidir. Elə axtardıqları adam idi. Rəsulullah ona:

– Qalx və bu sağa-sola qaçan insanlardan bir xəbər gətir, – buyurur. O ana qədər utandığından ayağa qalxa bilməyən Hz. Huzeyfə  məyus halda:

– Səni haqq ilə göndərənə and olsun ki, mən Səndən həya etdiyim və üşüdüyüm üçün ayağa qalxa bilmədim, – deyir.

 Çünki əynində xanımına aid paltar var idi və bu, vücudunu ancaq dizlərinə qədər örtürdü.[18]

 Buna cavab olaraq Allah Rəsulu (s.ə.s.) ona:

– Bura qayıdana qədər sənə nə soyuq, nə də isti zərər verəcək, – deyə müjdə verir.

Hz.Huzeyfə şəhid olmaqdan deyil, əsir alınmaqdan çəkinirdi və buna görə də Rəsulullah (s.ə.s.) ona:

– Sən əsir də alınmayacaqsan, – deyə ikinci müjdəsini verir.

Bu müjdələrlə Allah Rəsulunun təlimatlarını alıb yola düşür Hz. Huzeyfə. Rəsulullah (s.ə.s.) da onun arxasınca baxa-baxa əllərini açıb:

– Allahım! Onu önündən, arxasından, sağından, solundan, üstündən və altından gələ bilən təhlükələrdən Sən hifz eylə, – deyə dua edir.

Artıq Hz.Huzeyfədə narahatlıqdan əsər-əlamət qalmamışdı; çəmənlikdə gəzirmiş kimi düşmənə doğru yürüyürdü. Rəsulullah (s.ə.s.) arxasınca səslənir:

– Ey Huzeyfə!

Huzeyfə dərhal geri dönür, Allah Rəsulunun sözlərini dinləyir. Sülh İnsanı bunu tapşırır:

– Buraya qayıdana kimi onlar arasında heç bir  hadisə törətmə!

Rəsulullahın son təlimatını da alan Hz. Huzeyfə qarşı tərəfə keçir və ocağın yanındakı  izdihama yaxınlaşır. Tonqalın yanında boylu-buxunlu bir adam (Əbu Sufyan) durmuş, təlaşla ətrafındakılara  :

– Haydı, yola çıxırıq! Haydı, yola çıxırıq, – deyə səslənirdi.

Görünür bu, önəmli şəxsdir və Huzeyfə bir ox götürüb yayına yerləşdirir. Nişan alıb atacaqdı ki, Allah Rəsulunun son xəbərdarlığını xatırlayır. Əli-qolu bağlanır: bir iş çıxartmadan geri dönməli idi. Və oxunu yenidən sadağına qoyur.

Bu arada Əbu Sufyan qaraltı olan yerdən gələn səsdən şübhələnir, aralarına casus  girməsindən  narahat olur. Ona görə yanındakılara:

– Hər kəs yanındakının əlindən tutsun və kim olduğuna baxsın.

Ağıllı fikir idi və az qala Hz. Huzeyfə özünü ələ verəcəkdi. Dərhal sağ və sol tərəfindəki iki nəfərin əlindən tutur, əvvəlcə sağdakı adamdan soruşur:

– Sən kimsən?

– Muaviyə ibn Əbi Sufyan.

Sonra soldakı adama həmin sualı verir, aldığı cavab "Amr ibn As" idi. Hamıdan cəld tərpənmiş, özünü ələ verməmişdi.

Rüzgar aləmi bir-birinə qatmışdı. Artıq Əhzab ordusu geri dönməkdən başqa çıxış yolu olmadığına inanmış, tələm-tələsik yüklərini toplamağa girişmişdi.

Əbu Sufyan dəvəsinə minmiş, onu qaldırmağa çalışırdı. Ancaq dəvə rüzgarın şiddətindən ayağa qalxa bilmirdi.

O qədər qorxmuşdular ki, arxalarına baxmadan qaçacaq, necə ümidlərlə gəldikləri Mədinədən dönərkən üç günlük məsafəni bir günə gedəcəkdilər.

Müşriklərin arasına girib məlumat toplayan Hz.Hüzeyfə gördüklərini çatdırmaq üçün yola düzəlir. Yolda qarşısına təqribən iyirmi nəfərlik süvari birliyi çıxır. Ona belə deyirlər:

– Dostuna xəbər ver, Allah külək və ordularla o tayfanın öhdəsindən gəlmişdir!

Hz. Hüzeyfə onları tanımır, heyrətdən donub qalır. Hüzura gələrkən Allah Rəsulunu yenə namaz qılarkən görür.

Vəzifəsini başa vuran Hz.Hüzeyfə yenidən üşüməyə başlamışdı. Soyuqdan tir-tir əsirdi. Allah Rəsulu ona uzaqdan mübarək əlləri ilə işarə edir, yaxına çağırır. Daha sonra əynindəki libasının bir parçasını Hz.Hüzeyfənin üzərinə atıb onu bürüyür. Sonra da nələr görüb eşitdiyini dinləməyə başlayır.[19]

Xəndək tərk edilir

Əzhab ordusu necə gəlmişdisə, elə də getdi. Uhud və Hamraül-Əsədi unutmayan müşriklər  təqib olunmaq qorxusu ilə Xalid ibn Vəlid və Amr ibn Asın rəhbərliyi altında iki yüz nəfərlik süvarini düşərgə yerində saxlamış və bu yolla özlərinin təhlükəsizliyini təmin etmək istəmişdilər. Artıq səhərə bircə nəfər də düşmən əsgəri qalmamışdı.

Yollara baxan Rəsulullah (s.ə.s.) Allaha həmd edir:

– Özündən başqa ilah olmayan Allah İslam əsgərlərini əziz tutmuş, quluna inayəti ilə yardım etmiş və düşmənlərini məğlubiyyətə uğratmışdır. Bundan sonra döyüşmək üçün üstümüzə gələn onlar olmayacaq, döyüş meydanlarında üstün qüvvə biz olacağıq!

Xəndəyi tərk edən Əbu Sufyan Əbu Üsamə Əl-Cuşəmi ilə Allah Rəsuluna bir məktub göndərmişdi. Məktubda deyilirdi:

"Lat və Uzzaya and içərək və Allahın adı ilə başlayıram! Böyük və çoxsaylı ordu ilə üzərinə gəldim. Səninlə bir daha qarşılaşmamaq və kökünü kəsmək üçün gəlmişdim! Görürəm ki, bizimlə üz-üzə gəlmək istəmirsən, xəndəyin arxasına sığınmısan! Ancaq mənimlə Sənin aranda  qadınların belə qılıncdan keçiriləcəyi Uhud kimi bir gün mütləq olacaqdır!"

Ər meydanında bu qədər məğlubiyyətə uğrayan Əbu Sufyan "igidliyinə" xələl gətirməmək üçün uzaqdan meydan oxumağına davam edir və qaçarkən belə təhdid yağdırmağı ehmal etmirdi.

Allah Rəsuluna məktubu Übeyy ibn Kab oxuyur. Sona qədər dinlədikdən sonra cavab yazdırır:

"Məsələyə gəlincə məktubun Mənə çatdı. Sayına güvənərək hələ də qürurulanırsan. Halbuki özün də dediyin kimi, üstümüzə gələrkən kökümüzü kəsməkdən başqa bir şey düşünmürdün. Ancaq bu səninlə bizim aramızda Allahın təqdir edəcəyi məsələdir və Allah qələbəni bizim üçün təqdir etmişdir. Unutma ki, Allah Lat, Uzza, İsaf, Nailə və Hubəli yerlə-yeksan edəcəyim günü sənə göstərəcəkdir! Bu gündən bunu sənə xatırladıram, ey Bəni-Qalibin səfehi!"

Demək ki, ər meydanında qılıncla yanaşı, qələmi də dilə gətirmək lazım idi. Allah Rəsulu baş verənlərə baxmayaraq, hələ də hədə-qorxu gələn Əbu Sufyanın cavabını verir, bundan sonra başına gələcəkləri xatırladıb ağlını başına yığmasını istəyirdi.

Müşriklər geri çəkilmişdi, buna görə də Xəndəkdə qalmağın bir mənası yox idi. Və Allah Rəsulu (s.ə.s.) Mədinəyə dönmək əmrini verir. Bəni-Qureyzəni düşündüyü üçün səhabələrin Mədinəyə dönüşə sevinməsini istəmirdi. Onlarla çəkiləsi hesabları vardı.

Əsassız bəhanələrlə döyüşə qatılmayan münafiqlər isə hələ Əhzab ordusunun geri çəkilməsindən xəbərsiz idi və:

– Hələ də yox olub getmədilər, – deyə möminlərin məğlubiyyət xəbərini səbirsizliklə gözləyirdilər.

Sözsüz ki, Rəsulullah və əshabın sağ-salamat qayıtması ən çox münafiqləri və xəyanət edən  Bəni-Qureyzəni kədərləndirəcəkdi. Böyük ümid bəslədikləri Əhzab ordusu da çəkilib getmişdi. Demək ki, meydanda yalqız və arxasız qalmışdılar.

Təxminən bir aya yaxın davam edən bu müharibə zamanı səkkiz səhabə şəhid olmuşdu. Düşmən tərəfdən isə sadəcə üç nəfər müşrik öldürülmüşdü. Bu vaxt Cəbrail də gəlmiş, gətirdiyi ilahi bəyanlarla hər bir dəstəun iç üzünü açaraq Xəndək müharibəsini xülasə etmişdi.[20]

Bəni-Qureyzə

Rəsulullah (s.ə.s.) əshabı ilə birlikdə Mədinəyə qayıtmışdı. Silahlarını bir kənara qoyaraq istirahət edirdilər. Aişə validəmizin hücrəsinə çəkilən Allah Rəsulu bir az su istəyir, bununla əl-üzünü və başını yuduqdan sonra da Məscidi-Nəbəviyə yönəlir, əshabı ilə birlikdə günorta namazını qılır.

Sonra yenidən evinə qayıdır. Bu zaman qapı qarşısında başı sarıqlı və zireh geyinmiş bir adam görür. O, üstünün toz-torpağını çırparaq Allah Rəsulunu çağırırdı.

Səsi eşidən kimi yerindən sıçrayan Rəsulullah (s.ə.s.) onun yanına gəlir. Onun (s.ə.s.) təlaşını görən Aişə validəmizi də maraq bürüyür. Qapının yanına qədər gəlib nə baş verdiyini görmək istəyir. Çölə çıxan Rəsulullah (s.ə.s.) həyəcanlanmışdı, çünki Dıhəytül-Kəlbi surətində gələn Cəbrail idi.

– Ya Rəsulullah, – deyir, – silahınızı yerə qoymaqda çox tələsirsiniz! Düşmən gələndən bəri biz mələklər silahımızı yerə qoymadıq! İndi də Hamraül-Əsədə qədər onları təqib edərək bir təhlükə gəlməyəcəyinə əmin olduqdan sonra geri dönmüşük. Allah onları böyük bir məğlubiyyətə düçar etdi. Allah səni əfv etsin: biz bu işdən əl çəkmədik, bəs siz niyə bir kənara çəkildiniz? Haydı, gedirik, çünki Allahın Sənə Bəni-Qureyzə ilə savaş əmri var. İndi mən yanımdakı mələklərlə qalalarını sarsıtmaq üçün onların yurduna gedirəm. Əshabını götür Sən də gəl!

Səhabələrinə qarşı daim mərhəmətli olan Rəsulullah (s.ə.s.) onların yorğun olduğunu düşünüb:

– Əshabım olduqca yorğundur. Dincəlmələri üçün heç olmasa, bir neçə günlüyə icazə versə idin!

– Heç gözləmə və düşmənin üstünə get! Allaha and olsun ki, mən başlarına külüng kimi enəcək və onları yurdları ilə birlikdə sarsıdacağam, – deyir Cəbrail.

Deməli, gözləməyə vaxt yoxdu. Cəbrail də sözünü bitirərər-bitirməz geri dönmüş və yanındakılarla birlikdə çoxdan irəliləməyə başlamışdı.

O ana qədər baş verənləri qapı arxasından izləyən Aişə validəmiz yenidən evinə dönən Allah Rəsuluna:

– Ya Rəsulullah, – deyir, – bu danışdığın adam kim idi?

– Sən də onu gördünmü? – deyə soruşur Allah Rəsulu.

– Bəli.

– Onu kimə bənzətdin?

– Dıhyə ibn Xəlifə əl-Kəlbiyə.

– O, Cəbrail idi. Bəni-Qureyzə üzərinə hücum etməyi əmr edir!

Çox keçmədən Mədinə küçələrində Allah Rəsulunun carçısı:

– Hər kim Allah Rəsulunu eşidir və itaət edirsə, əsr (ikindi) namazını Bəni-Qureyzə yurdunda qılsın,[21] – deyə səslənir, səhabələri xəyanət yurduna yürüşə çağırırdı.

Zilqədə ayının iyirmi üçü idi. Mədinədə yenə də Abdullah ibn Ümmi Məktum vəkil təyin edilmiş, Xəndəkdən sonra hələ yığılmamış bayraq da Hz.Əliyə verilmişdi. Özü də zireh və dəbilqəsini geyərək silaha qurşanmışdı. Quyruğunun uzunluğuna görə Luhayf adını verdiyi atına minmiş, üç min səhabə ilə birlikdə Bəni-Qureyzə yurduna doğru hərəkət edirdi.

Bəni-Nəccar yurduna çatanda onları gözləyən iki hərbi dəstə ilə qarşılaşırlar. Təəccüblü idi. Bəni-Qureyzə üzərinə yürüş əmri buralara qədər ancaq çatmış olardı. Bəs bu adamlar nə vaxt hazırlanıb yola düşmüşdülər? Buna görə də:

– Buralara kimsə gəlibmi? – deyə Allah Rəsulu soruşur.

– Bəli, – deyirlər – yəhəri məxmərlə örtülmüş Dıhəytül-Kəlbi buradan keçərkən bizə: "Bir azdan Rəsulullah burada olacaq," – dedi və silahları da götürüb dərhal yola çıxmağı əmr etdi. Biz də ona görə indi buradayıq.

Deyilənlər Cəbraildən xəbər verirdi və Rəsulullah (s.ə.s.):

– O, Cəbrail idi. Allah bəni-qureyzəlilərin qəlbinə qorxu salmaq və qalalarını dağıtmaq üçün onları göndərdi, – buyurur.

Aralarında Əbu Qatadənin də olduğu bir dəstə səhabə ilə öncül qüvvə olaraq irəliləyən Hz. Əli hamıdan əvvəl çatmışdı Bəni-Qureyzəyə. Onun gəlib Rəsulullahın bayrağını qarşılarına sancmasına qəzəblənən bəni-qureyzəlilər ağızlarına gələni danışır, Allah Rəsulu  ilə möminlərin analarına təhqir yağdırırdılar. Utancverici ifadələr idi. Səhabələr eşitdikləri qarşısında donub qalmışdı. Amma yenə də özlərinə yaraşanı edir, susurdular. Sadəcə:

– Aramızdakı məsələni yalnız qılınc həll edər, – deyirdilər. Hz. Əli Əbu Qatadəyə bayrağın yanında gözləməyi tapşırıb dərhal geri dönür və  Rəsulullahın hüzuruna gəlir:

– Nə olar bu çirkin insanlara yaxınlaşma. Hər halda Allah onlara qarşı mübarizədə Sənə yardım edəcək, – deyir. İnsan Sərrafı məsələnin nə yerdə olduğunu hiss etmişdi, öncə:

– Sən Mənim geri dönməyimi niyə istəyirsən? – deyə soruşur.

Hz.Əli eşitdiklərini xatırladıqca qulaqlarına qədər qızarırdı. Dinmir. Onda Allah Rəsulu:

– Güman ki,  onlardan Mənim haqqımda çirkin sözlər eşitdin, – deyir.

– Bəli, ya Rəsulullah, – deyə bilir Hz.Əli. O qədər utanırdı ki, Allah Rəsulunun üzünə belə baxa bilmirdi. Təsəlli yenə də Allah Rəsuluna (s.ə.s.) qalmışdı:

– Əgər onlar Məni görsə idilər, bunların heç birini söyləməzdilər!

Eyni zamanda bu, "görəndə də bir şey deyə bilməyəcəklər" mənasına gəlirdi və Allah Rəsulu Hz.Əlinin əndişəsinə baxmayaraq, Bəni-Qureyzənin qalasına doğru irəliləməyə başlayır. Üseyd ibn Hudayr ordunun önündə hamıdan qabaq qalaya çatır və Bəni-Qureyzəyə səslənir:

– Ey Allah düşmənləri! Siz orada acından ölənədək qalalarınızın ətrafını tərk etməyəcəyik. İndi sizin vəziyyətiniz yuvasına sıxışdırılmış tülkünün vəziyyətindən o qədər də fərqlənmir!

Bəni-Qureyzənin ödü ağzına gəlmişdi. Yavaş-yavaş ölümə yaxınlaşdıqlarını görürdülər; hər addım onları bataqlığın içinə çəkirdi. Böyük bir qorxu və təlaş içində idilər:

– Ey ibn Hudayr, – deyirlər, – biz xazrəclilərin deyil, sənin müttəfiqlərinik!

Bu boyda xəyanətdən sonra ittifaqın nə mənası ola bilərdi? Buna görə də Üseyd onlara:

– Sizinlə mənim aramda nə bir anlaşma, nə bir sözləşmə, nə də bir əhd vardır, – deyə səslənir.

Bu vaxt Allah Rəsulu yaxınlaşır. Səhabələr Onu dövrəyə alıb ətrafına canlı sipər çəkirlər. Allah Rəsulu əvvəlcə Bəni-Qureyzənin başçılarına səslənir:

– Allah qəzəbini endirib sizi rəzil-rüsvay etdi, siz isə bunun qarşısında hələ Mənə küfr də edirsiniz, hə?

O an büsbütün dəyişirlər. Sanki, bir az öncə Allah Rəsuluna və xanımlarına təhqiramiz ifadələr işlədən onlar deyildi.

– Ya Əbal-Qasım, biz belə bir şey etmədik, – deyə israr edirlər, – Sənin cəhalətlə bir əlaqən ola bilməz və Sən belə ağır sözlər də söyləməzdin.

Beləliklə, onlar Rəsulullahı belə bir şeyi etmədiklərinə inandırmağa çalışır və Onun fəzilətinə sığınırdılar.

Mühasirə

Artıq mühasirə başlamışdı. Həmin gün axşam Sad ibn Ubadə möminlərin ərzaq ehtiyacını təmin etmək üçün çoxlu xurma göndərir. Bu vaxt Allah Rəsulu (s.ə.s.):

– Xurma nə gözəl yeməkdir, – buyurur və belə bir vaxtda əshabına dəstək olanları təqdir edir.

Ertəsi gün sübh tezdən Bəni-Qureyzəyə hücum başlanır. Oxçuları müəyyən yerlərə yerləşdirmiş və mühasirə üçün də əshabını cərgələrə ayırmışdı. Qarşılıqlı ox atışları həmin  gün axşama qədər davam edir.

Günlər bir-birini əvəz edirdi. Qalalarının içində ərzaq ehtiyatları olduğu üçün bəni-qureyzəlilər özlərinə arxayın idi və heç cür təslim olmaq istəmirdilər.

Bir müddət sonra isə artıq ümidləri kəsilmiş, gücləri tükənmişdi. Bundan sonra müqavimət göstərməyin də əhəmiyyəti yox idi. Ona görə də içəridən səslənməyə başlayırlar:

– Bizə imkan verin, sizinlə danışmaq istəyirik!

Allah Rəsulu (s.ə.s.) onların təklifi ilə razılaşır.

Çox keçmədən Nəbbaş ibn Qeys bayıra çıxır və Rəsulullaha (s.ə.s.) tərəf gəlməyə başlayır:

– Bəni-Nadirə icazə verdiyin kimi, bizə də icazə ver, silahdan başqa dəvələrin daşıya biləcəyi qədər yükü və ailələrimizi götürüb buralardan çıxıb gedək, – deyirdi.

Bəni-Nadirdən sonra neçə qış gəlmiş, neçə bahar keçmiş, çox dəyişmişdi. Əvvəlki iki qəbilənin başına gələnləri görə-görə ikinci dəfə müqaviləni pozmuş, qəbul etdikləri hakimiyyətə müharibə elan edərək düşmənlə ittifaqa girmişdilər. Halbuki onlar Bəni-Nadirlə eyni əməli etsələr də, bağışlanmış, Mədinənin birgə mühafizəsi məsləsində Rəsulullahla yeni bir müqavilə imzalamışdılar. Peyğəmbərimizin onlara etdiyi yaxşılıq bununla bitmirdi. O, Mədinəyə gələnə qədər bir bəni-qureyzəli bir bəni-nadirliyə bərabər tutulmurdu. Belə ki, Bəni-Nadirdən birini öldürən bəni-qureyzəliyə qisas tətbiq edildiyi halda, eyni vəziyyətdə olan bəni-nadirli sadəcə maddi cərimə ödəyərək ölümdən qurtulurdu. Məhz Allah Rəsulu əsrlərdən bəri davam edən sosial statusdakı bu qeyri-bərabərliyi aradan qaldıraraq, Bəni-Qureyzənin də digərləri ilə eyni statusda olduğunu elan etmiş və bununla da əzilən Bəni-Qureyzəyə arxa olmuşdu.

Bəni-Qureyzə isə bütün bu yaxşılıqlara baxmayaraq, bazarlarını Əhzab ordusunun düşərgələrinə daşımaqla düşmən əsgərlərini qida ilə təmin etmiş, ona maddi dəstək vermişdi. Bu, xaincəsinə arxadan vurulan zərbə idi. Huyeyy ibn Ahtaba qucaq açmış və  döyüşün baiskarı olan bu insanla birlikdə müsəlmanlara meydan oxuma yarışına girmişdilər. Bundan başqa, xəndəyin o biri tərəfində gözləyənlərə məktub yazmış və bir dağıdıcı həmlə ilə qələbə qazanmaq məsələsində Əhzab ordusunu cəsarətləndirmişdilər.

Bir qismi hətta arxadan möminlərə hücum etmiş, qadınların və uşaqların üstünə yeriyərək Xəndəkdə mücadilə edənləri zəiflətmək istəmişdilər. Qılınclarını çıxarmış, yaylarını çəkərək möminləri arxadan ox yağışına tutmuşdular. Həmçinin ağızlarına gələni danışmış, hər cür həqarətə əl atmışdılar. Bunların hamısı qanuni müsəlman idarəsinə qarşı üsyan etdiklərini açıq-aydın göstərirdi ki, onlar da bunu öz iradələri ilə etmişdilər.

Ona görə də Allah Rəsulu (s.ə.s.) bu təklifi qəbul etmir. Görünür, əvvəlcədən məsələni qərarlaşdırmışdılar. Dərhal ikinci variantı irəli sürürlər:

– Elə isə canımıza toxunmayın, qadın-uşağımızı bizə ver, dəvələrin daşıya biləcəyi malları götürmədən çıxıb gedək!

Bu təklif də qəbul olunmur. Rəsulullahın verəcəyi hökmlə razılaşmaqdan başqa çarələri qalmamışdı. Başqa çıxış yolu olmadığını görən Nəbbaş çarəsiz qalaya  qayıdır.

Nəbbaş gəlib baş verənləri onlara danışarkən Kab ibn Əsəd qövmünə müraciət edir:

– Ey Bəni-Qureyzə camaatı! Başımıza nələr gəldiyini hamınız görürsünüz, mən sizə üç variant təklif edirəm. Siz istədiyinizi qəbul edə bilərsiniz.

– Hansı variantları? – deyə soruşurlar.

Təcrübəli lider deyir:

– Bu adama tabe olub Onu təsdiq edək. Onsuz da, onun Allah tərəfindən göndərilmiş bir peyğəmbər olduğu açıq-aydın bilindi. Kitabınızda xüsusiyyətlərini gördüyünüz Nəbi Odur. Bununla siz canlarınızı, mallarınızı və qadınlarınızı qorumuş olacaqsınız. Allaha and olsun ki siz, Məhəmmədin peyğəmbər olduğunu bilə-bilə susursunuz. Onun Bəni-İsraildən deyil, Allahın dilədiyi yerdən – ərəblərdən göndərilməsinin həsədini çəkməyimiz Onu qəbul etməyimizə mane olur. Bildiyiniz kimi, mən Onunla anlaşmanın pozulması tərəfdarı da deyildim. Bütün müsibət və uğursuzluqları burada oturan bu adam (Huyeyy ibn Ahtab) başımıza gətirdi![22] Yəqin ki, İbn Cəvvasın buraya gəldiyi zaman sizə söylədiklərini xatırlayırsınız? O: "Mən Şam kimi növ-növ içki, çörək və xurma məhsulları ilə zəngin bir yeri qoyub, su, xurma və arpadan başqa bir şeyi olmayan bu bölgəyə niyə gəldim, bilirsinizmi? – deyə soruşmuşdu. O zaman ondan: "Yaxşı bəs niyə gəldin?" – deyə səbəbini soruşmuşdular. O da: "Çünki bu şəhərə bir Nəbi gələcəkdir. Əgər O gəlsə və mən də Ona sağ-salamat yetişsəm, Ona tabe olar və kömək edərəm. Ancaq O, məndən sonra ortaya çıxarsa, siz əsla Ona biganə olmayın, gedin tabe olun və Ona dost və yardımçı olun! Bax o zaman siz əvvəlki ilə sonrakına birdən və iki kitaba inanan bəxtiyarlardan olarsınız. Məndən də Ona salam söyləyin və Ona Onu təsdiq etdiyimin xəbərini verin, – demişdi".  İndi gəlin biz də Ona tabe olub Onu təsdiq edək!

Razılaşmırlar və:

– Biz Tövratın hökümlərini əsla tərk etmərik, onu başqası ilə dəyişdirmərik! – deyə donquldanırlar.

Bunun ardından Kab ikinci təklifini irəli sürür:

– Madam ki, bu təklifi qəbul etmirsiniz, onda gəlin uşaqlarımızla xanımlarımızı öldürək və qılınclarımızı çəkib Məhəmmədin qarşısına çıxaq. Beləliklə, Allah Məhəmmədlə aramızda hökmünü verənə qədər ailələrimizə görə narahat olmarıq. Həlak olsaq da, birlikdə həlak olarıq. Əgər işdi qalib gəlsək, o zaman hər halda başqa qadınlarla evlənib onlardan da çoxlu oğul-uşaq sahibi olarıq!

Kabın çıxılmaz vəziyyətdə olduğunu onlar da görürdülər. Başqa vaxt olsa idi, belə sözlər danışmazdı. Göründüyü kimi, gedişat təxmin etdiklərindən də pis idi. Deyəsən, etdikləri xəyanətin əvəzində ölümdən başqa seçimləri yox idi və Kab da gələcək müsibətdən ən az zərərlə qurtulmaq üçün yollar axtarırdı. Ancaq birinci təklif kimi ikinci təklif də qəbul olunmur:

– Bu yazıqları necə öldürə bilərik? Həm də onlar olmasa, yaşamağın nə mənası var? – deyə etiraz edirlər.

Bu dəfə Kab son təklifini irəli sürür:

– Madam, əvvəlki təklifləri qəbul etmədiniz, barı bunu dinləyin. Bu gün şənbədir və Məhəmmədlə yoldaşları bizim hücum etməyəcəyimizdən arxayındılar. Gəlin bu gecə onlara qəfil zərbə endirək.

Yenə söylənməyə başlayırlar:

– Şənbə günümüzə hörmətsizlik edib bizdən əvvəlkilərin etmədiyini biz edəcəyik? Daha əvvəllər buna təşəbbüs edənlərin başına nələrin gəldiyini, meymuna çevrildiklərini sən bizdən daha yaxşı bilirsən!

Bu təklif də qəbul olunmur. Kab da nə edəcəyini bilmirdi. Birinci dəfə idi, eyni bir məsələdə hamısını yekdil və qərarlı görürdü. Buna görə də:

– Mənə elə gəlir ki, heç biriniz anadan olandan bu günədək bu qədər qərarlı və bu qədər ehtiyatlı davranmamışdır! – deyir

Sözündə səmimi olanlar

Məclisin onzuz da ağır olan ab-havası getdikcə qatılaşırdı. Camaat heç bir qərarla razılaşmırdı. Hər cür ehtimal məntiqdən kənar hesab olunur və bir çıxış yolu tapılmırdı. Elə bu zaman Bəni-Qureyzəyə və Bəni-Nadirə mənsub olmayan Hüzeyl qəbiləsindən Sayənin oğulları Üseyd və Sələbə qardaşları ilə onların əmisi oğlu Əsəd ibn Ubeyd irəli çıxaraq deyir:

– Ey Bəni-Qureyzə camaatı! Allaha and olsun ki, Onun Rəsulullah olduğunu siz də bilirsiniz. Onun əlamətləri kitablarımızda vardır! Ondan həm bizim, həm də Bəni-Nadirin alimləri daim bəhs etmişlər! (Huyeyy ibn Ahtabı göstərərək) Bax bu da Cübeyr ibn Heyyəban ilə onların başında gəlir! Bizim aramızda ən doğru adamdır və o, vəfat etməmişdən əvvəl bizə Onun əlamətlərindən bəhs etmişdi.

Bu söz də xoşlarına gəlmir:

– Biz Tövratı atmarıq, – deyirlər. Bəni-qureyzəlilərin tərs damarı tutmuşdu. Bütün bunlara baxmayaraq, adamlar göz görə-görə ölümü seçirdilər.[23]

Bu zaman Amr ibn Suda irəli çıxır:

– Ey Yahudi xalqı! Siz lüzumsuz yerə Məhəmmədlə aranızda olan müqaviləni pozdunuz. Ancaq mən daha əvvəl də buna razı olmadığım kimi, bundan sonra da sizin bu mənasız zülmünüzə ortaq olmayacağam. Əgər siz Məhəmmədə tabe olmayacaqsınızsa, heç olmasa, yəhudi olaraq qalın və Ona cizyə verməyi qəbul edin. Hərçənd Onun bunu qəbul edəcəyindən də əmin deyiləm!

– Əsla razı ola bilmərik ki, ərəblər bizdən adambaşına cizyə alsınlar. Bizim üçün ölüm bundan yaxşıdır, – deyirlər. Bu təklif də qəbul olunmur.

Qarşılarına cənnətə aparan bir nərdivan da qoyulsa, inadkarlıq üzündən ondan istifadə etməyəcək, nərdivanı da, onu oraya qoyanı da rədd edəcəkdilər. Bunu görən və Bəni-Qureyzədən  ümidini kəsən Amr:

– Elə isə mən sizinlə deyiləm, – deyir və yolunu öz iradəsi ilə seçir. Sayənin iki oğlu və Əsəd ibn Ubeydlə birlikdə qaladan çıxarkən orada keşık çəkən Məhəmməd ibn Məsləmə:

– Kimsən? – deyə soruşur. O da:

– Amr ibn Suda, – cavabını verir.

Onu tanıyırdı, fəzilət sahibi və dərin düşüncəli bir insan olduğunu bilirdi. Həmçinin belə bir vaxtda onları tərk edib gəlmələrindən görünürdü ki, bu adamlar xeyirli bir yol tutmuş, imana qapı açmışdılar. Bu vaxt Məhəmməd ibn Məsləmə  öncə ona: "Keç!" – deyir və ardınca da əllərini açıb dua edir:

–Allahım! Kərəmli insanların yoluna çıxan əngəlləri götürmək fəzilətindən məni məhrum etmə!

İbn Sudanın yolu Məscidi-Nəbəviyə idi. Gəlir və səhərə qədər orada qalır. Ertəsi gün səhər hamı onu burada görəcəyini düşünürdü. Ancaq o, çoxdan Məscidi-Nəbəvidən çıxmış və naməlum istiqamətə yollanmışdı. Bunları Allah Rəsuluna danışanda:

– O, elə bir adamdı ki, Allah (c.c.) vəfasına görə onu xilas etdi, – buyuracaqdı.

Ölümlərinə özləri fərman vermişdilər

Özləri haqqında veriləcək hökmün edam olacağından danışırdılar. Hər fürsətdə sözü ölümə gətirir və xilas olmaq üçün bir ümid yeri görə bilmirdilər. Məsələni ölçüb-biçir, əllərini vicdanlarına qoyub o vaxtadək etdiklərini düşünür, bir nəticəyə gəlməyə çalışırdılar, amma yenə də ölümdən başqa yol görmürdülər. Çünki əməlləri ölümə artıqlaması ilə layiq idi.

 Aralarında Hakəm adlı bir nəfər var idi. Həm o xanımını, həm də xanımı onu çox sevirdi. Mühasirə zamanı bir yerdə oturub uzun-uzadı ağlaşırdılar. Xanımı Nübatə ona:

– Məni tərk edib gedəcəksən, – deyir və həsrətlə ərinin üzünə baxıb fəryad edirdi.

Bunu görən və bu işin ölümlə nəticələnəcəyini yəqin edən Hakəm xanımını da özü ilə "aparmaq" üçün plan qurur. Xanımının əsir alınmasına heç cür razı ola bilmirdi. Özü öldürülsə, xanımı da ölməli idi. Oturub gözləməyin mənasız olduğunu düşünən Hakəm xanımı Nübatəni yanına çağırır və tapşırır:

– Tövrata and olsun ki, dediyin kimi olacaq! Nə deyirsən? Sən bir qadınsan! Ən yaxşısı, sən bu dəyirman daşını onların üstünə yuvarlat! Onsuz da bundan sonra biz onların heç birini öldürə bilmərik! Sən qadınsan və əgər bu gün Məhəmməd bizə qalib gəlsə, qadınlara toxunmaz və onları öldürməz!

Ərinin bir sözünü  iki eləməzdi Nübatə. Hakəm olmadan həyatın mənası yox idi onun üçün və Zebir ibn Batanın qalasının üstünə çıxaraq orada olan bir dəyirman daşını qalanın kölgəsində dincələn möminlərə tərəf yuvarladır.

Yuxarıdan böyük bir daşın yuvarlanıb üstlərinə gəldiyini görən səhabələr sağa-sola qaçmağa başlasa da, daş Xallad ibn Süveydin başına düşüb onu şəhid edir.

Əbu Lübabə  

Mühasirənin daha da şiddətləndiyini görən Bəni-Qureyzə Allah Rəsulundan müzakirə aparmaq üçün Əbu Lübabənin göndərilməsini xahiş edir. Rəsulullah (s.ə.s.) bunu da qəbul edir. Çox keçmədən Əbu Lübabə ibn Abdilmünzir Bəni-Qureyzə yurduna gedir. Arvad-uşaq yollara tökülmüşdü, acınacaqlı hallarını ərz edib ağlaşır və mərhəmət istəyirdilər. Bunu görən Əbu Lübabə çox kövrəlir. Başçıları Kab ibn Əsəd irəli çıxır və:

– Ey Əba Lübabə, – deyə səslənir, – biz səni xüsusi olaraq seçdik. Məhəmməd ancaq Özünün verəcəyi hökmlə razılaşmaqdan başqa bizə yol qoymur. Nə deyirsən, Onun hökmü ilə razılaşaq?

– Bəli, – deyə cavab verir Əbu Lübabə. Əli ilə boğazını işarə edərək Rəsulullahın verəcəyi hökmün edam olacağını bildirir. Və dərhal bu hərkətindən – əli ilə boğazını göstərib Rəsulullaha aid hökmə işarə etməsindən peşman olur. Bu, onun üçün böyük xəyanət demək idi, özü-özünü bağışlaya bilmir. Rəsulullahın buyruğu xaricinə çıxmış, bağışlanmaz bir xəta etdiyini düşünürdü.

Hər kəsin Əbu Lübabənin gətirəcəyi xəbəri maraqla gözlədiyi bir vaxtda o, Bəni-Qureyzə qalalarının arxasından çıxaraq birbaşa Məscidi-Nəbəviyə gəlir və özünü dirəklərdən birinə bağlayaraq, ölənəcən və ya əfv olunanacan burada qalacağına əhd edir. Eyni zamanda Allah və Rəsuluna "xəyanət etdiyi yerə" – Bəni-Qureyzə yurduna bir daha ayaq basmayacağına and içir.

Çox keçmədən bu hadisə möminlər arasında yayılır, Rəsulullaha da çatır. Allah Rəsulu (s.ə.s.) buyurur:

– Allah onun haqqında hökm verənədək ona yaxınlaşmayın. Əgər yanıma gəlib vəziyyəti ərz etsə idi, onu bağışlayardım.

Elə bu zaman Cəbrail gəlir və Uca Allahın: "Ey iman edənlər! Allah və Rəsuluna xəyanət etməyin, bilə-bilə aranızdakı əmanətlərinizə də xəyanət etməyin"[24] – bəyanını gətirir.

Əbu Lübabə ayənin birbaşa ona xitab etdiyini düşünür və xəcalətdən heç kimin üzünə baxa bilmirdi. Artıq o yeyib-içmir, ilahi əfvin gələcəyi anı səbirsizliklə gözləyirdi. Altı gün boyu xanımı ilə qızı növbə ilə yanına gəlir və ancaq dəstəmaz alıb namaz qılmaq üçün iplərini açırdılar. Əbu Lübabə qulluq vəzifəsini icra etdikdən sonra özünü yenidən bağlatdırırdı.[25] Dünyadan küsmüşdü, getdicə zəif eşidir, zəif görürdü.

Bir səhər vaxtı Allah Rəsulu (s.ə.s.) Ümmü Sələmə validəmizin hücrəsində ikən yenə Cəbrail gəlir və Əbu Lübabə kimi qədirbilən insanların Allah dərgahındakı məqamını bildirən ayə gətirir. Şəfqət və mərhəmət insanı təbəssüm edir. Onu belə görən Ümmü Sələmə validəmiz:

– Ya Rəsulullah, – deyir, – Allah ömrünü uzun eləsin, təbəssümünün sirri nədir, niyə gülürsən?

– Əbu Lübabənin tövbəsi qəbul edildi, – buyurur Allah Rəsulu, – çünki gələn ayədə daim yaxşı işlər gördüyü halda, bəzən xəta edib və dərhal xətasını başa düşərək tövbə edən kəslər təqdir edilir. Bunların ürəkdən etdikləri tövbələrə Allahın mərhəmətlə yanaşacağı bildirilir. [26]

Rəbbinə yönələn səmimi bir möminin bağışlanmasına şahid olan Ümmü Sələmə validəmiz də həyəcanlanır:

– Bunu tez ona xəbər verək, ya Rəsulullah? – deyə soruşur.

– Yaxşı, – cavab verir Rəsulullah.

Ümmü Sələmə hücrəsindən çölə çıxır və:

– Ey Əba Lübabə, – deyə səslənir, – sənə müjdələr olsun! Allah sənin tövbəni qəbul etdi.

Bu müjdəli xəbəri eşidən hər kəs Əbu Lübabənin bağlandığı dirəyə doğru axışır. Gəlir və onu dirəkdən açaraq sevincini bölüşürlər.

Səmimiyyətinə lütf edilən bu fərmana görə Rəbbinə şükür edir. Necə şükür etməsin ki, Allah ona "qulum" demiş və onunla əlaqədar Rəsuluna Cəbraili göndərmişdi. İplərini açmaq istəyənləri görüncə:

– Yox, yox, – deyə etiraz edir, – mən and içmişdim, Rəsulullah gələnə qədər məni buradan açmayın!

Bu zaman Allah Rəsulu (s.ə.s.) da sabah namazını qıldırmaq üçün məscidə gəlir. Əvvəlcə Əbu Lübabənin yaxınlaşıb ona salam verir. Əshabını şəfqətli nəzərlərlə süzür. Sözün susduğu yerdə könüldən-könülə məhəbbət vardı səhərin aydınlığında. Və Allah Rəsulu (s.ə.s.) şəxsən özü Əbu Lübabənin iplərini açır.

Gələn ilahi fərmanla iplərdən də qurtulan Əbu Lübabə dərin mənəvi rahatlıq içində Nur Camalı süzür:

– Ya Rəsulullah! Mənim bu tövbəmin tamam olması üçün əvvəlcə bu günaha bulaşdığım qövmümün yurdunu tərk edəcəyəm və ardınca da mal-mülkümün hamısını Allah və Rəsuluna sədəqə verib dünyəvi hər şeydən qurtulacağam.

Nəbilər Sərvəri burada da ölçünü müəyyən edir:

– Ey Əba Lübabə! Üçdə biri kifayər edər, – deyə səslənir.

Sad ibn Muazın hakimliyi  

Günlər keçdikcə zaman Bəni-Qureyzənin əleyhinə işləyirdi. Babalarının Allahın əmrini yerinə yetirməmək – buzovu qurban etməmək üçün ağlagəlməz bəhanələr uydurduğu kimi, bunlar da müxtəlif vasitələrə əl atmış, amma bütün bu cəhdlərin şərtləri ağırlaşdırmaqdan başqa bir "fayda"sı olmamışdı. Bütün yollar bağlı idi və axırda Rəsululahın verəcəyi hökmlə razılaşmaq məcburiyyətində qalıb təslim olurlar.

 Əsirlərin toplanması Məhəmməd ibn Məsləməyə tapşırılır, qadınlarla uşaqlara nəzarət isə əvvəllər Yəhudi alimi olub sonradan İslamı qəbul edən Abdullah ibn Səlama həvalə olunur.

Qalalarında min beş yüz qılınc, üç yüz zireh, iki min nizə, min beş yüz qalxan və bir çox savaş sursatı vardı. Bütün bunlar İslama münasibətlərinin bir göstəricisi idi və Rəsulullaha qarşı istifadə etmək məqsədilə yığmışdılar. Bundan başqa az sayda dəvə və bir miqdar da qoyun var idi. Bunların hamısı müsadirə olunur.

Həmçinin qalada çoxlu qab-qacaq, küplərə doldurulmuş hər növ və çoxlu miqdarda içki var idi. Rəsulullahın əmri ilə bunların hamısı töküləcək, heç kim onlara əl vurmayacaqdı.

Bəni-qureyzəlilərlə ilə bağlı hələ bir hökm verilməmişdi, ancaq hər kəs onların ölümə layiq olduğunu düşünür və Rəsulullahın da belə bir hökm verməsini gözləyirdi. Buna görə Bəni-Qureyzənin köhnə müttəfiqi olan əvslillər təlaş içində Allah Rəsulunun (s.ə.s.) hüzuruna gəlir:

– Ya Rəsulullah, – deyirlər, – bunlar xazrəcin deyil, bizim müttəfiqlərimizdir. Bu yaxınlarda İbn Übeyyin müttəfiqi Bəni-Qaynuqaya göstərdiyin münasibəti də bilirik; Onların dörd yüzü zirehli olmaqla yeddi yüz adamını bağışlamışdın. İndi bizim bu müttəfiqlərimiz müqaviləni pozduqlarına görə min dəfə peşman olmuşlar. Onları bizim xətrimizə bağışla!

Allah Rəsulu (s.ə.s.) susurdu. Az qala Əvsin hamısı burada idi və israrla Bəni-Qureyzə barəsində də əvvəlkilərə tətbiq edilən hökmün verilməsini istəyirdilər. Dünyaya fəzilət yayan və yayacaq toplumda belə iltimaslar (Haqsız olaraq yardım etmək, rica, xahiş) olmamalı idi. Bunun olmaması üçün də oxşar hadisələrlə qarşılaşmaq lazım idi ki, Rəsulullahın sərgiləyəcəyi mövqe və davranış  sonrakı nəsillərə örnək olsun.  Buna görə də  Allah Rəsulu (s.ə.s.) üzünü onlara tutub:

– İstəyirsinizmi, onların haqqında hökm vermək vəzifəsini sizin birinizə həvalə edim? – buyurur.

Rahat nəfəs alırlar. Deməli, bu qədər narahatlıq keçirməyə səbəb yox idi. Allah Rəsulu Bəni-Qureyzə haqqında veriləcək hökmü onunla qədim dostluq əlaqələrinə malik olan əvslilərlə həvalə etmişdi. Buna görə də dərhal:

– Bəli, – deyə razılaşırlar.

– Elə isə əshabım arasından istədiyiniz adamı seçin, – buyurur Allah Rəsulu (s.ə.s.).[27]

Sevincdən gözlərinin içi gülürdü. Bir-birinə baxırlar, gözlər qərarlaşır. Çox keçmədən də liderləri Sad ibn Muazı seçdiklərini bildirirlər və Rəsulullah (s.ə.s.) da söz verdiyi kimi bu seçimlə razılaşır.

Bu zaman Sad ibn Muaz Kuaybə binti Süaydın çadırında Xəndəkdə aldığı yaradan müalicə olunurdu.[28] Bu qərarın ardınca əvslilər tələm-tələsik məscidə qaçırlar. Hz. Sadın ayaq üstə durmağa halı yox idi. Son anlarını yaşayırdı. Buna baxmayaraq, əvslilər başçıları Sad ibn Muazı bir qatırın üstünə mindirir, Rəsulullahın (s.ə.s.) hüzuruna gətirmək üçün əllərindən gələni edirlər. Yolda ona üz tutub:

– Ey Əba Amr! Rəsulullah müttəfiqlərin barəsində yaxşı davranasan deyə onlar haqqındakı hökmü sənə həvalə etdi. İbn Übeyyin öz müttəfiqlərinə qarşı necə davrandığını sən də bilirsən. Nə olar, sən də onlara qarşı insaflı ol, – deyirlər.

Sanki, ədalət anlayışını bir kənara qoymuş, xazrəclilərin müttəfiqlərinə edilənləri nəzərə almadan başqası ilə müqayisələr edərək nəticə əldə etməyə çalışırdılar. Halbuki Bəni-Qureyzənin vəziyyəti nə Bəni-Qaynuqa, nə də Bəni-Nadirə bənzəyirdi. Məsələ heç onun qarşı tərəfdə olmasında da deyildi. Hələ də əl çəkə bilmədikləri qövmçülük (müasir mənada milliyyətçilik,  millətpərəstlik) düşüncəsi ilə hərəkət edirdilər ki, bu düşüncə ilə doğru hökm vermək mümkün deyildi.

Hz. Sad susmağa üstünlük verir, fikrini bildirmirdi. Onun bu davranışı əvsliləri əməlli-başlı əndişələndirməyə başlamışdı. Bütün israrlara baxmayaraq, Hz.Sad olduqca qərarlı görünürdü. Nəhayət, Hz. Sad dillənir:

– Məhz indi Sad üçün qınayanın qınamasından narahat olub qorxmamaq vaxtı gəldi!

Bu sözü eşidən Dahhaq ibn Xəlifə:

– Vay o qövmün başına gələnlərə, – deyə fəryad qoparır.

Anlamışdı; israrları bir nəticə verməyəcək və Hz. Sad doğru bildiyi yoldan güzəştə getməyəcəkdi! Eyni zamanda Dahhaq bir göz qırpımında öz qövmünün yanına dönmüş, Bəni-Qureyzənin başına gələcəklərə görə baş sağlığına başlamışdı.

Nəhayət, Sad ibn Muaz yanındakılarla birlikdə Rəsulullahın hüzuruna yaxınlaşanda Allah Rəsulu əshabına səslənərək:

– Haydı, böyüyünüzü qarşılamaq üçün ayağa qalxın, – buyurur.

Bunun cavabında əshab iki cərgə şəklində ayağa qalxır və hər kəs Sad ibn Muazı Allah Rəsulunun (s.ə.s.) hüzuruna çatanadək "Xoş gəldin"lə salamlayır.

Hüzura gəlib bir qədər nəfəs aldıqdan sonra Allah Rəsulu ona:

– Onlar barəsində öz hökmünü ver, ey Sad, – buyurur.

Bunun cavabında Hz.Sad:

– Hökm vermək məsələsində əsl haqq sahibi Allah və Rəsuludur! – deyir.

Rəsulullah (sallallahu əleyhi və səlləm) ona:

– Allah sənin onlar barəsində hökm verməyini əmr etdi, – buyurur.

Deməli, bu hökm eyni zamanda Allah (c.c.) tərəfindən də qəbul edilmişdi. Elə isə bu şəxsi təşəbbüs deyil, Allahın rizası istiqamətində yerinə yetiriləcək bir vəzifə idi və bu vəziyyətdə ancaq Ona təvəkkül edilməli və Onun dərgahında ən doğru olan hökm verilməli idi.

Yenə əvslilər Hz.Sadı dövrəyə alır:

– Ey Əba Amr! Rəsulullah müttəfiqlərin haqqında hökm vermə işini sənə həvalə etmişdir. Onların məsələsində insaflı ol və onların bir zamanlar sənin uğrunda necə mücadilələr etdiyini xatırla! – deyə təsir göstərməkdə davam edirdilər.

Hz.Sad üzünü onlara tutub:

– Bəni-Qureyzə barəsində verəcəyim hökmə razı olacaqsınızmı? – deyə soruşur.

Görünür, hökmdən sonra ehtimal olunan ixtilafların qarşısını öncədən almaq istəyirdi.

Hamısı birlikdə:

– Bəli, – deyirlər, – hökmünə razıyıq! Onsuz da sən burada yoxkən, biz səni Bəni-Qaynuqa müttəfiqlərinin onlara (Bəni-Qaynuqalılara) davrandığı kimi, bizim müttəfiqlərimiz (Bəni-Qureyzə) barəsində müsbət hökm verəsən deyə seçdik. Bu gün sənin köməyinə möhtacıq və yaxşılığını gözləyirik. Çünki buna indi daha çox möhtacıq.

Məqam gəlib çatmışdı və verəcəyi hökm məsələsində hamı razı idi. Yenidən onlara dönüb:

– Sizin üçün əlimdən gələni edəcəyəm, – deyir.

Başa düşməmişdilər; bu sözlə verəcəyi hökm arasında nə əlaqə ola bilərdi və niyə bu qədər israrlı davranırdı? Maraqla:

– Bu sözünlə nə demək istəyirsən? – deyə soruşurlar.

Hz. Sad:

– Onlar haqqında hökm verməmişdən qabaq istəyirəm ki, siz mənim hər hökmümlə razılaşacağınız barədə Allah adına söz verəsiniz.

– Yaxşı, Allahın adına söz veririk, – deyirlər.

Bu qədər kifayət idi. Söz verib and içdikdən sonra ondan dönə bilməzdilər, dönsəydilər də, onları heç kim dinləməzdi. Daha sonra Allah Rəsulunun da olduğu izdihama yönəlir və deyir:

– Burada olanlar da verəcəyim hökmlə razılaşmalıdır!

Oradan da:

– Yaxşı, verəcəyin hökmə hamımız razıyıq, – deyə səslər ucalır.

Elə isə indi hər kəsin gözlədiyi hökmü elan etməyin zamanı idi. Hz.Sad hökmünü verir:

– Mən onların həddi-büluğa çatmış kişilərinin öldürülməsi, qadınları ilə uşaqlarının əsir alınması, yurdlarının ancaq mühacirlər arasında bölüşdürülməsi və mallarının da qənimət olaraq möminlərə paylanması hökmünü verirəm!

Hz. Sad səlis danışır və heç kimdən çəkinmədən lazımi hökmü verir. Allah Rəsulu (s.ə.s.) ona yönəlir və:

– Sən Allahın göyün yeddinci qatından verdiyi hökmü-ilahi ilə hökm etdin, – buyurur.

Çünki o gün səhər tezdən mələk gəlmiş və Bəni-Qureyzə haqqında verilməli hökmün mahiyyətini bildirmişdi.

Eyni  zamanda bu, Hz. Sadın duasının Allah tərəfindən qəbul edilməsi demək idi. Belə ki, Hz. Sad yaralarının dərinləşdiyi və ağrılarının da dözülməz həddə çatdığı o gecə əllərini qaldırıb Rəbbinə yalvarmış, Bəni-Qureyzə məsələsi aydınlaşana qədər Allahdan möhlət diləmişdi.

Hökmün icrası 

Artıq hökm verilmiş, növbə icrasına gəlmişdi. Zilhiccə ayının sonları, cümə axşamı günü idi. Əsirləri bir yerə toplayaraq Mədinəyə gətirirlər. Əli silah tutan kişilər Üsamə ibn Zeydin, qadınlar və uşaqlar isə Ramlə binti Harisin nəzarətinə həvalə olunmuşdu. Qalalarındakı silah və digər əşyaların Binti Harisin evinə daşınması, dəvələrlə qoyunların o bölgədəki yaşıllıqda otarılması əmri verilmişdi.

Bu mənzərə şəfqət və mərhəmət Nəbisi Rəsulullahı (s.ə.s.) riqqətə gətirir, kövrəldir. Əsirləri bu halda görüncə onlarla yaxşı rəftar edilməsini əmr edir, daha sonra da tay-tay xurma gətirdib əsirlər arasında bölüşdürtdürür. İsti havanın da təsiri ilə pərişan olmuşdular və Rəsulullah daha əvvəllər olduğu kimi, yenə əshabına xəbərdarlıq edəcək, əsrlərlə yaxşı  davranılmasını bir daha xatırladacaqdı.

İş şəxsən Ondan asılı olsa idi, onların hamısını əfv edər və azadlığa buraxardı. Ancaq məsələ çoxdan toplumun hökmünə həvalə edilmişdi. Topluma həvalə olunan məsələdə Allah haqqı əsas idi və Allahın haqqı olan yerdə şəxsi mülahizələrə yer vermək olmazdı. Cəmiyyətin əmin-amanlığını pozmağa adət etmiş insanlar vaxtında və  layiqli cəzalarını almasalar, bu, başqaları üçün də örnək olar və beləliklə, meydana çıxan yeni problemlərlə cəmiyyətin əmin-amanlığı qalmaz, qarşıdurma, haqsızlıq baş alıb gedərdi. Elə isə toplumun əmin-amanlığı naminə asayişi pozmağı peşəyə çevirənlər cəzalandırılmalı və beləliklə, günahsız insanların hüququları qorunmalı idi.

Daha sonra ölüm hökmünə məhkum olunan bəni-qureyzəlilər bir-bir edam yerinə gətirilir. Yoldaşlarının bir-bir aparıldığını görən əsirlər başçıları Kab ibn Əsəddən:

– Ya Kab, – deyirdilər, – Məhəmməd bizə nə edəcək?

Dərdi başından aşan Kab dərindən nəfəs alıb:

– Sizin xoşunuza gəlməyəcək bir şey! Vay halınıza! Nə qədər axmaq adamlarsınız! Görmürsünüzmü, gedən bir daha geri qayıtmır? Vallah, bunun axırı qılıncdan başqa bir şey deyildir. Mən sizə xəbərdarlıq etmişdim və tutduğunuz yoldan çəkindirməyə çalışmışdım, amma dinləmədiniz! – deyir.

– İndi üzə vurub danlamaq vaxtı deyil, – deyirlər, – halbuki biz sənə müxalif olmaqdan çəkinməsə idik, Məhəmmədlə aramızdakı müqaviləni əsla pozmazdıq.

Bu yandan da söhbəti dinləyən Huyeyy ibn Ahtab deyir:

– Bir-birinizi günahlandırmağı bir kənara qoyun. Çünki indiki vəziyyətdə bunun heç bir xeyri yoxdur. Ən yaxşısı, dişinizi sıxın və qılınc qarşısında güclü olmağa çalışın!

Şəfqət Peyğəmbərinin (s.ə.s.) bir əməli də diqqət çəkir; günorta istisi düşəndə əsirlərin    dincəlməsi üçün əshabına təlimat verən Allah Rəsulu yalnız hökmün tətbiq olunmasını, bunun xaricində heç  kimə  bir  xətər  yetirməməyi  tapşırır:

– Onları eyni vaxtda həm günəşin hərarəti, həm də qılıncın istiliyi ilə cəzalandırmayın!

Rəsulullahın (s.ə.s) təlimatı dərhal yerinə yetirilir və səhabələr əsirləri istirahət etmək üçün uyğun bir yerə aparır, onlara su verirlər.

Bu zaman Allah Rəsulu (s.ə.s.) Kab ibn Əsədlə üz-üzə gəlir. Ona:

– Kab, – deyə səslənir.

İlahi hüququ pozmağın cəzasını almış insana mərhəmət bəxş edən bir səs idi bu. Allah və Rəsuluna qarşı çıxanın cəzası veriləcəkdi, amma Rəsulullah hökmü verilmiş bir adama şəfqət nəzəri ilə baxıb, heç olmasa, o biri aləmə gedərkən əbədi yoxluğa düçar olmasınlar deyə fürsət verirdi. Kab da bunu hiss etmişdi:

– Buyur, ya Əbal-Qasım! – deyir.

Cavabında Allah Rəsulu:

– İbn Cəvvasın sizə etdiyi nəsihəti niyə dinləmədiniz? – buyurur, – halbuki o, Məni təsdiq edib, Mənə itaət etməyi əmr edir, Məni gördüyünüz zaman da salamını Mənə çatdırmağınızı xahiş edirdi!

Kab hara qaçsın? Bir yer qalmamışdı. Dediyi kimi idi! Hələ bir neçə gün əvvəl İbn Cəvvasın söylədiklərini qövmünə xatırlatmış, amma onlar kəskin şəkildə etiraz etmişdilər. O gün olduğu kimi, indi də qövmünün ağır təzyiqi altında idi və son söz olaraq bunları deyir:

– Tövrata and olsun ki, doğru söyləyirsən, ey Əbal-Qasım! Əgər yəhudilərin mənim haqqımda "Qılıncdan qorxub Sənə tabe oldu" kimi təhqirlərindən qorxmasa idim, Sənə tabe olardım. Amma mən Yəhudi dinindəyəm.

Xəyanət simvolu olan bəni-qureyzəlilərin cəzalandırılma işi o günün axşam vaxtına qədər davam edir. Sad ibn Muaz şəxsən işlərə rəhbərlik edir, hər hansı qarışıqlığa imkan vermək istəmirdi.

Nübatənin öldürülməsi

Günahkarların cəzalandırılması qurtarandan sonra növbə qalanın üstündən dəyirman daşını yuvarlayaraq Xallad ibn Süveydi şəhid edən Hakəmin xanımı Nübatənin cəzalandırılmasına  çatır. Nübatəni əsirlər arasında axtarmış, amma heç cür tapa bilməmişdilər.

Bu vaxt Nübatə hadisələrdən xəbərsiz olan Hz. Aişə validəmizin yanında idi. O qədər kefi kök idi ki, bir tərəfdən qəhqəhə ilə gülür, digər tərəfdən də:

– Bəni-Qureyzə əsirləri öldürülür, – deyirdi.

Nəhayət, çöldən carçının səsi gəlir:

– Ey Nübatə, – deyə çağırırdı.

– Vallah, məni çağırırlar, – deyir.

Aişə validəmiz də təəccüblənir. Bu qədər şən, gülüb oynayan bir qadına nə edəcəkdilər? Əvvəlcə ondan bunun səbəbini soruşur.

– Məni ərim öldürdü, – qadın deyir.

Aişə validəmizin çaşqınlığı daha da artır və dərhal:

– Səni ərin necə öldürdü, – deyə soruşur.

Bunun cavabında Nübadə deyir:

– Zebir ibn Batanın qalasında olduğumuz zaman ərim mənə Məhəmmədin əshabı üzərinə dəyirman daşı yuvarlamağı əmr etdi. Mən də bunu yerinə yetirdim və daş bir nəfərin başına dəyib öldürdü. İndi də o şəxsin əvəzində öldürülmliyəm![29] Nübatənin dedikləri doğru idi və Xallad ibn Süveydi öldürdüyü üçün o da edam ediləcəkdi. O gün Bəni-Qureyzə içində barəsində ölüm hökmü verilən yeganə qadın o idi.

Əfv edilən əsirlərin aqibəti

Sad İbn Muazın verdiyi hökm, əlbəttə, Bəni-Qureyzənin  hamısına şamil olunmurdu. Çünki o gün Bəni-Qureyzədən Atiyyətül-Qurazi və Rifaə ibn Şəmval[30] kimi gənclərlə Amr ibn Suda, İbn Sayənin oğulları Saləbə və Üseyd, onların əmisi oğlu Əsəd ibn Ubeyd kimi sağlam düşüncəli insanlara eyni hökm tətbiq edilməyəcək, onlar əfv olunacaqdı.

Zebir ibn Bata Buas döyüşü zamanı Sabit ibn Qeys ibn Şəmmasa böyük bir yaxşılıq etmişdi. Vəfalı Hz. Sabit vaxt itirmədən özünü əsirlər olan yerə çatdırır və Zebiri tapır.

– Ya Əba Abdirrahman! Məni tanıdınmı? – deyə ondan soruşur.

– Heç səni tanımaya bilərəmmi? – cavabını verir Zebir.

– Sənin üstümdə haqqın var. Mənə böyük yaxşılıq etmişdin. İndi isə bu yaxşılığın əvəzini ödəməyə imkanım var! – deyir Hz. Sabit.

Bir ümid günəşi doğur ölümə məhkum olmuş zülmət dünyasına. Könlü-gözü açılır, içini sürur hissi bürüyür:

– Şübhəsiz ki, kərim (izzətli, şərəfli, əziz) insan özü kimi kərəmli şəxsi kərəmindən məhrum etməz. Mənim sənə ən çox möhtac olduğum gün də elə bu gündür!

Zebirin ondan kərəm dilədiyini görən Hz. Sabit cəld özünü Allah Rəsulunun hüzuruna çatdırır:

– Ya Rəsulullah, – deyir, – mənim Zebirə Buas günündən bəri bir yaxşılıq borcum vardır, o gün əlimdən tutmuş, məni xilas etmişdi! Bu yaxşılığı Sənin hüzurunda dilə gətirib Zebiri mənə görə bağışlamağını istəyirəm!

Vəfaya vəfalı olmaq gözəl bir fitrətdir və Allah Rəsulu Hz. Sabitə:

– O, sənindir, – buyurur.

Bundan sonra Hz.Sabit həyəcan içində məsələni ona danışır. Ancaq Zebirin üzü gülmür:

– Nə malı, nə mülkü, nə də ailəsi olan yaşlı bir adam üçün bundan sonra Yəsribdə yaşamağın nə mənası var? – deyir.

Hz. Sabit də çaşıb qalır. Adamın özünün qurtulmağı bəs deyilmiş kimi, hələ üstəlik ailəsi ilə malını və mülkünü də geri istəyirdi. Qəribə bir vəziyyət yaranmışdı, amma artıq bu işə addım atmışdı.  Gedəcək və Rəsulullahdan Zebirin  ailəsi ilə mal-mülkünü də istəyəcəkdi.

– Ya Rəsulullah, – deyir, – onun ailəsi ilə mal və mülkünü də mənə bağışla!

– Onlar da sənin olsun, – buyurur Allah Rəsulu.

Hz. Sabit artıq Zebirin ailəsi ilə birlikdə mal və mülkünü də qurtarır:

– Rəsululah sənin uşaqlarını, ailəni və mallarını da mənə bağışladı, – deyə ona müjdə verir.

Ancaq Zebirin üzündə sevinc işartısı görünmür:

– Ey Sabit, – deyə sözə başlayır, – həqiqətən, sənə etdiyim yaxşılığın əvəzini ödədin! Ancaq ey Sabit! Üzü Çin güzgüsü kimi parlayan və gənc qızların da heyran olduğu Kab ibn Əsədin başına nə iş gəldi?

– Öldürüldü, – cavabını verir Hz.Sabit.

Onsuz da sualın cavabını bilirdi. Görünür, başqa nəsə demək istəyirdi. Bu dəfə də Bəni-Kab və Bəni-Amrı nəzərdə tutaraq:

– Yaxşı, o iki məşhur insan necə oldu? – deyə soruşur.

Hz. Sabit:

– Onlar da öldürüldü, – cavabını verir.

Zebir:

– Ey Sabit! Onların olmadığı yerdə yaşamağın nə mənası var? Mən də onlar gedən yerə gedər və orada onlarla əbədi qalaram! Mənim buna ehtiyacım yoxdur. Ancaq ey Sabit, uşağımla xanımıma gedib bir bax. Çünki onlar ölümdən çox qorxmuşdular. Adamına de ki, onları sərbəst buraxsın və mallarını da onlara qaytarsın!

 Hz. Sabit də dərin düşüncələrə dalır. Əlindən tutmaq istədiyi Zebir özünü qəribə aparırdı. Hüzura gələrək məsələdən Rəsulullahı agah edir və Allah Rəsulu da Zebirin uşağı ilə xanımını azadlığa buraxıb silahından başqa bütün mallarını qaytarır.

Zebirin bu xahişi də yerinə yetirilmişdi. İndi növbə onun son istəyinə çatır. Özünün öldürülməsini istəyir:

– Ey Sabit! Aramızdakı xətir hörmətə görə səndən xahiş edirəm ki, məni qövmümün yanına tez göndər. Dostlarımla qovuşmağa o qədər tələsirəm ki, bir an belə səbir etməyə hövsələm çatmır.

Belə də iş olar?! Adamı qurtarmaq üçün əlindən gələni etmiş, buna nail olmuşdu, amma o, özünün öldürülməsini istəyirdi. Buna görə də:

– Mən səni öldürə bilmərəm, – deyə etiraz edir.

Ancaq Zebir ölümdən başqa bir şey düşünmürdü:

– Fərqi yoxdur, məni kim öldürəcək!

Qadın və uşaqlardan ibarət minə yaxın əsir var idi. Əvvəlcə müəyyən müddət təyin olunur və həmin müddət ərzində can haqqını gətirənin sorğu-sualsız azad ediləcəyi elan edilir. Əbuş-Şahm kimi varlı yahudilər irəli durub öz yaxınlarını əsarətdən qurtarır.[31]

 Rəsulullah onları (əsirləri) beş hissəyə ayırır. Ayə ilə təsbit edilən beşdə birini özünə ayırdıqdan sonra qalanları səhabələr arasında bölüşdürür. Öz payına düşənləri də azad edir, ya da bir başqasına hədiyyə verir. Bu əsnada xidmət göstərmələri üçün bəzi səhabələrinə də verir.[32]

Bu zaman əshabına bəzi tapşırıqlar verir. Əsir belə olsa, insanlarla yaxşı rəftar edilməsinin və əsirləri satışa çıxararkən uşaqların analarından ayrılmamasının vacibliyini bildirir. Buna görə də:

– Uşaq həddi-büluğa çatana qədər anasından ayrıla bilməz! – buyurur. Əshab:

– Həddi-büluğ nədir, ya Rəsulullah? – deyə soruşanda Allah Rəsulu:

– Həddi-büluğ qız uşaqlarının "heyz" görməsi, oğlan uşaqlarının isə "ihtilam" olmasıdır, – buyurur.

 Uşaqlı qadınlar yəhudi və ya müşriklərə satıldığı halda, az yaşlı anasız uşaqların ancaq möminlərə satışına icazə verilirdi.

O gün Hz. Osman ilə Abdurrahman ibn Avf bir çox Bəni-Qureyzə əsirini müştərək satın almış və bölüşmüşdülər.[33]

Reyhanə binti Zeyd

Əsirlər arasında Zeyd ibn Amrın qızı Reyhanə də var idi; bir bəni-qureyzəli ilə ailə qurmuşdu. Əsirlərin bölüşdürülməsi zamanı o, Rəsulullahın (s.ə.s.) payına düşür. Ancaq Rəsulullah (s.ə.s.) əvvəlcə onu İslama dəvət edir. Qız bunu qəbul etmir və yəhudilikdən başqa bir yol tanımadığını bildirir. Allah Rəsulu (s.ə.s.) kədərlənir, Reyhanə ayağına qədər gələn fürsəti əldən vermək üzrə idi. Bu vaxt İbn Sayəni çağırtdırır. Hüzuruna gəlincə ona Reyhanə barəsində danışır: müsəlman olmasını istəyir. İbn Sayə məsələni anlayır:

– Anam atam Sənə fəda olsun, o, Müsəlmanmı olacaq? – deyə təəccübünü bildirir. Bununla o, Rəsulullahın özünü üzməməsini və Reyhanənin mütləq müsəlman olacağını demək istəyirdi.  Daha sonra vaxt itirmədən əsirlərin arasına gəlib Reyhanəni tapır və ona deyir:

– Sən qövmünün yolu ilə getmə. Görmürsənmi, Huyeyy ibn Ahtab onların başına nələr gətirdi? Ən yaxşısı, sən gəl müsəlman ol, görmürsənmi ki, sənə Allah Rəsulunun payına düşmək kimi bir bəxtiyarlıq nəsib olub.

Qəlblər Allahın əlindədir və Reyhanə ibn Sayənin dəvətini qəbul edir. Rəsulullahın təlqinindən sonra yaxşı-yaxşı düşünmüş, müsəlman olmaq üçün kiçik bir qığılcıma bənd idi o. İbn Sayə müjdəli xəbəri gətirəndə Allah Rəsulu əshabı arasında idi. Ayaq səslərinin Ona tərəf irəlilədiyini hiss edincə:

– Bu ayaq səsləri İbn Sayənindir. Mənə Reyhanənin müsəlman olması xəbərini gətirir, –buyurur.

Həqiqətən də, belə idi. Hüzura gələn İbn Sayə:

– Ya Rəsulullah, – deyə sözə başlayır, – Reyhanə müsəlman oldu!

Dünyalar Onun olmuşdu. Çünki bir insan da qəlbini açmış, Allahın ucalığını tanımağa başlamışdı.

Qənimətlərin bölüşdürülməsi

Bəni-Qureyzə yurdundan bir çox qənimət əldə edilmişdi və bunlar üç minlik əshab arasında bölüşdürüləcəkdi. Qənimətlərin hamısı bir yerə yığıb beş yerə böldükdən sonra hər hissənin üstünə bir ox qoyurlar. Oxlardan birinə "Allah üçün" yazılmışdı. Həmin beşdə bir hissə bir kənara ayrılır. Bunların hamısı Allah Rəsulunun ixtiyarında idi. Rəsulullah (sallallahu əleyhi və səlləm) Allah üçün ayrılan beşdə bir hissəni Mahmiyyə ibn Cəzə təhvil verdikdən sonra yerdə qalan hissələrin bölüşdürülməsi işinə başlanılır.

Süvariyə atına görə iki pay bölünürdü. Sadəcə üç atın hər birinə bir hissə müəyyən edilmişdi. Atlılarla piyadalar hamısı bir yerdə üç min yetmiş iki nəfər idi. Nübatənin yuvarladığı daş  səbəbindən şəhid olan Xallad ibn Süveyd və o gün vəfat edən Əbu Sinan ibn Mihsana da pay ayrılır.

O gün döyüşə qatıldığı halda, Rəsulullah Safiyyə binti Abdilmuttalib, Ümmü Ümarə Nəsibə, Ümmü Səlit, Ümmül-Ala əl-Ənsariyyə, Sümeyra binti Qeys, Ümmü Sad ibn Muaz və Kəbşə binti Rafi kimi xanım səhabələrə qənimət mallarından pay əvəzinə hədiyyə verir.

Sad ibn Muazın vəfatı

Sad ibn Muaz uzun boylu, iri cüssəli, ağ bənizli, gözəl üzlü, gözəl gözlü və gözəl saqqallı bir insan idi. Yaralanmağından bir ay keçmişdi ki, yarası yenidən açılmış, qan itirməyə başlamışdı. Bu müddətdə Allah Rəsulu (s.ə.s.) Hz.Əbu Bəkir və Hz.Ömər kimi səhabələri ilə onu ziyarətə gəlmişdi. Bütün əlamətlər Hz.Sadın ömrünün sona yaxınlaşdığını göstərirdi. Allah Rəsulu (s.ə.s.) əvvəlcə yanına yaxınlaşır, Hz.Sadın başını mübarək dizlərinin üstünə qoyur. Bu zaman yaranın qanı Rəsulullahın üstünə sıçrayır. Əvvəlcə mübarək əllərini açır və:

– Allahım,  – deyir, – Sad  Sənin Rəsulunu təsdiq edib yolunda cihad etdi. Bu yolda vəzifəsini layiqincə yerinə yetirdi. Ruhlarını asanlıqla alıb dərgahına apardığın qulların kimi onun da ruhunu asanlıqla al.

Allahın Rəsulu əshabı üçün dua edir. Peyğəmbər şəhadətinə şahid olan Hz.Sad göz qapaqlarını aralayıb Rəsulullaha baxır:

– Allahın salamı Sənin üzərinə olsun, ya Rəsulullah, – deyir.

– Mən Sənin Rəsulullah olduğuna qəlbən şəhadət edirəm!

Hz. Sadın vəfat etdiyi gecənin səhəri Cəbrail gəlir. Başında qar kimi ağ ipəkdən sarıq vardı.

– Ya Nəbiyullah! – deyir, – bu gecə kimin qarşısında səma qapıları açıldı, ərş yerindən oynadı?

Söz Sultanı anlamışdı. Allah Rəsulu Cəbrailin sözlərini eşitcək birbaşa Sad ibn Muazın evinə doğru yürüyür. O qədər sürətlə gedirdi ki, Onunla gəlmək istəyən əshabı geridə qalır, çata bilmirdi:

– Ya Rəsulullah! – deyə arxadan səslənirlər, – dizlərimiz yerindən qopdu! Bu tələsməyinin səbəbi nədir?

– Hanzalanı yumağa gecikdiyimiz kimi, Sad üçün də gecikib onu da mələklərin yumasından narahat oldum, – deyir Allah Rəsulu.

Nəhayət, evə çatırlar, təxmin edildiyi kimi idi. Sad ibn Muaz əbədi aləmə köçmüş, otağını da mələklər doldurmuşdu. Allah Rəsulu əvvəlcə Hz.Sadın anasına təsəlli verir. Vücudunu yuyub çiyinlərə qaldırırlar. Allah Rəsulu Hz.Sadı bir müddət çiynində daşıyır. Daha sonra bu işi əshabına həvalə edib cənazənin önündə yeriməyə başlayır. Onun tabutuna çiyin verənlər heyrət edirdilər; Hz.Sadın bədəni quş kimi yüngül idi:

– Ya Rəsulullah, – deyirlər, – mərhum irəli cüssəli idi, amma biz belə yüngül cənazə daşımamışdıq. Görəsən, Bəni-Qureyzə haqqında verdiyi hökmə görə belə yüngül oldu?

– Xeyr, – buyurur Allah Rəsulu, – varlığım qüdrət əlində olan Allaha and olsun ki, onu mələklər aparır!

Cənazə namazını Allah Rəsulu (sallallahu əleyhi və səlləm) özü qıldırır. Az qala bütün Mədinə Baqi qəbristanlığına yığılmış, məzarı qazılarkən də başında gözləyirdi. Hz. Sadın vücudu qəbrə qoyulanda Allah Rəsulunun rəngi solmuşdu:

– Sübhanallah, – deyir və üç dəfə təkrarlayır.

Onun dediyini əshabı da təkrar edir. Baqi qəbristanlığında təkbir və təsbih səsləri əks-səda verir. Yenə gözlər yaşarır, mübarək qəlbə hüzn çökür. Yanaqlarına süzülən göz yaşları saqqalını isladır, onu ovcunun içi ilə sığallayıb üzünü silir. Hz. Sadın anası da qəbristana gəlmişdi. Əshab əvvəlcə onu uzaqlaşdırmaq istəyir. Ancaq Allah Rəsulu:

– Buraxın gəlsin! – buyurur.

Bir oğlunu Uhudda əmanət edən Ümmü Sad bir yandan onun müvəqqəti ayrılığına göz yaşları tökür, digər yandan ikinci oğlunu da Allah yolunda şəhid verməyin rahatlığını hiss edirdi. Buna görə də:

– Allah dərgahında mükafatının bol olmasını diləyirəm, – deyir.

Məzara qoyulub üstü torpaqla örtülənə qədər başında gözləyən Allah Rəsulu bir müddət dua etdikdən sonra yenidən Ümmü Sada baş sağlığı verib qəbristanlığı tərk edir.

Hicrətin beşinci ilinin digər mühüm hadisələri

Bir tərəfdən yeni hökmlər gəlməkdə davam edirdi. Su tapılmayan vəziyyətlərdə namaz qılmaq üçün torpaqla dəstəmaz alma mənasında "təyəmmüm" alternativi gəlmiş və bu hökm dəstəmaz almaq üçün su tapa bilməyənlər üçün böyük bir rahatlığa səbəb olmuşdu.

Eyni zamanda içki ilə bağlı yeni vəziyyət əsas mövzuya çevrilirdi. Çünki hələ qəti hökm gəlmədiyi üçün arada üzüm və ya xurma şirəsi içən bir səhabə camaata imam olmuş və bu zaman oxuduğu ayələri qarışdırmışdı. Bundan sonra gələn ayədə sərxoş adamın namaza yaxınlaşmaması əmr edilir və bu səbəbdən cəmiyyətin böyük bir hissəsi içkidən uzaqlaşdırılmış olur.

Əsaslı dəlil-sübut olmadan başqalarına iftira atmağın günahı haqqında gələn ayələrdə məsələ çox ciddi şəkildə qoyulur, cəmiyyəti təməlindən sarsıdan və insanlar arasında etibarsızlığa səbəb olan bu çirkin davranış böyük bir günah kimi təqdim edilirdi.

Övladlığa götürməklə əlaqədar hökmlər gəlmiş və bundan sonra hər kəsin öz atasına istinad edilməsinin vacibliyi bildirilmişdi. Çünki o günə qədər insanlar övladlığa götürdükləri uşaqları öz uşaqları kimi təqdim edir və digər insanlar da onu "filankəsin oğlu" deyib onu övaldlığa götürənə – ögey ataya istinad edirdilər.

Cəbrailin  gətirdiyi bir başqa ayədə isə Allah Rəsulu ilə Zeynəb binti Cahşın nikahının səmalarda kəsildiyi bildirilir və beləliklə, Hz.Zeyddən boşanan Zeynəb validəmiz də pak zövcələr arasında yerini tutur. Bu il gələn başqa bir hökm də hicabın fərz olması (vacibliyi) barədə idi. Allah qadınların çölə çıxarkən örtünmələrini əmr edirdi.

Boşanmalarla bağlı yeni hökmlər gəlir və Rəsulullah da bunu Allahın xoşnud olmadığı ən son çarə kimi insanlara çatdırır. Gələn ayələrdə "ədəbi-müaşərət" adlanan nəzakət qaydalarına da yer verilir və beləliklə, insanlar həyatın nümunəvi modelinə dəvət edilirdi. Bunun üçün başqasının evinə girərkən izin istəmə qaydası qoyulur, belə bir izin olmadıqda qapıdan geri qayıtmağın əhəmiyyətinə diqqət çəkilirdi.

Bunlar bütövlükdə sosial həyatın İslam çərçivəsində yenidən inşası demək idi.

Yenə bu il ərzində Mədinədə ikinci dəfə əhalinin siyahıya alınması aparılır.

İnsanlar günəş tutulmasına şahid olur, zəlzələ ilə sarsılırlar. Müsəlmanlar buna bənzər fövqəladə vəziyyətlərdə qaçıb dağılmaq əvəzinə, namaz qılıb dua edir və beləliklə, ilk dəfə günəş və ya ay tutularkən qılınan "kusuf" və "xusuf" namazları ilə tanış olurlar. Yenə həmin il insanlar qıtlıq səbəbindən yağış duasına çıxır və namaz qılırlar. Eyni qıtlığın Məkkədə də yaşanmasını nəzərə alıb oradakı bəzi qəbilələrə yardım göndərilir. Beləliklə, müsəlmanlar başqalarına kömək göstərməyi, əl uzatmağı öz ehtiyaclarından üstün tutduqlarını göstərmiş olurlar.

Bu vaxt Müzeynə heyəti Mədinəyə gəlmiş və Səlmani-Farisi də köləlikdən qurtarılmışdı.

Hicrətin altıncı ili 

Dalbadal baş verən hadisələrlə zəngin və sürətli zaman yaşanmış, hicrətin altıncı ilinə qədəm qoyulmuşdu. Sanki, dünən idi; peyğəmbərlər diyarı və Hz. İbrahimlə yenidən inşa edilən Məkkə üçün hamının burnunun ucu göynəyirdi. Hamının ürəyi gündə beş dəfə yönəldikləri Kəbə – Məkkədə qalmışdı. Bir mömin kimi Allahın evini ziyarət etmək həsrəti ilə alışıb-yanırdılar.

Qovuşma həsrəti möminlərin qəlbini sızladır, içini inlədirdi. Yerin göbəyi ilə göbəkkəsmə olanlar oraya (Məkkəyə) səfər edəcəkləri günü yuxularında görürdülər. Çünki Kəbə ilk gündən bu yana ibadət məqsədi ilə inşa edilmişdi. O gün orada əda edilən "ibadət"lər gülünc hərəkətlərdən ibarət idi. Kəbəni "təvaf" edərkən fit verir, əl çalırdılar. Günah edərkən əyinlərində olan paltarlarını buraya gələn kimi çıxarıb bir kənara qoyur və Allahın evini, həm də ibadət məqsədi ilə lüt-üryan "təvaf" etdiklərini sanırdılar.

Allah Rəsulu da eyni hisləri keçirirdi. Onun nəzərində Kəbə minbərindən ayrılmış bir mehrab kimi idi. Elə isə Mədinədə qurulan minbər Məkkədəki mehrabın yanına çəkilməli və Haqq naminə bir vüslət yaşanmalı idi. Ancaq bunun üçün şəraitə ehtiyaca vardı.

Müşriklər Bədir, Uhud və Xəndək kimi əhəmiyyətli dönüş nöqtələrində istədiklərinə nail olmasalar da, hər hansı bir təhlükəyə qarşı tədbiri görməyi ehmal etmək olmazdı. Buna görə də Allah Rəsulu (s.ə.s.) ətrafa göndərdiyi kəşfiyyat dəstəları ilə bölgənin təhlükəsizliyini təmin etmək istəyirdi.

Altıncı ilin şaban ayında Abdurrahman ibn Avfı hüzuruna çağıran Allah Rəsulu (s.ə.s.) onun sarığını öz əlləri ilə sarıyır və qarşılaşdıqları insanlara yaxşı davranmağı tapşıraraq Bəni-Kəlb diyarına göndərir. Yenə həmin ay Hz. Əlini iki yüz səhabə ilə birlikdə Mədinəyə hücum hazırlığı görən və Xeybər əhli ilə ittifaq qurmağa çalışan Fədək xalqının yurduna göndərir. Hər şeydən göründüyü kimi, Bəni-Qaynuqa, Bəni-Nadir və Bəni-Qureyzədən sonra Fədək və Xeybər İsrailoğullarının yeni bir fitnə mərkəzinə çevrilirdi. Buna görə də Allah Rəsulu gözünü onlardan çəkmir, hadisələri yaxından izləyirdi.

Yenə Rəsulullah həmin ilin ramazan ayında Hz.Əbu Bəkir və ya Zeyd ibn Harisəni Onu öldürmək üçün planlar quran Vadil-Quraya yol salmış, şəvval ayında isə Kürz ibn Cabiri iyirmi nəfərlik hərbi dəstə ilə şəfa tapmaq üçün Mədinəyə gəldikləri halda, onlar üçün ayrılmış dəvələri qaçıran, bu azamn dəvələrin başındakı çobanı da öldürən mürtəd uranilərin arxasınca göndərmişdi. Çünki uranilər müsəlman olduqlarını desələr də, açıq-aşkar xəyanət etmişdilər. Belə ki, xəstəliklərini bəhanə edib Rəsulullaha müraciət etmiş və Allah Rəsulu da onlara bir ərazidə dəvələr ayırmış və bunların südü ilə sidiyini içməyi məsləhət görmüşdü. Məsləhətə əməl edərək yaxşılaşan kimi Allah Rəsulunun çobanını öldürmüş və dəvələrini də götürüb qaçmışdılar. Onların bu hərəkətlərindən xəbər tutan Allah Rəsulu mübarək əllərini qaldıraraq:

– Allahım! Onların gözlərini görməz, yollarını da çıxılmaz eylə, – deyir.

Bütün bu fəaliyyətlərdə əsas məqsəd Hicazda əmin-amanlığı bərqərar etmək və beləliklə, yalnız İslamın hökmünün keçərli olduğunu rəsmiləşdirmək idi. Digər tərəfdən bütün bunlar Məkkəyə gedib Kəbəni təvaf edə bilmək üçün bölgənin təhlükəsizliyini də təmin  edəcəkdi.


[1]. "Nur" surəsi, 24/63
[2]. Abdullah ibn Ömər, Zeyd ibn Sabit, Əbu Said əl-Hudri və Bəra ibn Azib Allah Rəsulu ilə birlikdə xəndəkdə torpaq daşıyan uşaqlar idi və hər birinin də on beş yaşı vardı. Bax: Vâkıdî, Megâzî, 1/454; Sâlihî, Sübülü’l-Hüdâ ve’r-Reşâd, 4/371
[3]. Daha sonralar Səlmani Farisi Allah Rəsulundan eşitdiyi bu müjdələrin hamısının gerçəkləşməsinə şəxsən şahid olduğunu bildirəcəkdi. Bir qismi Hz. Ömər, digər qismi də Hz. Osman zamanında  fəth ediləcəkdi. Əbu Hureyrə də qiyamətə qədər fəth ediləcək yerlərin hamısının hələ o gün Allah Rəsuluna bildirildiyini söyləmişdir. Bax: İbn Hişam, Sirə, 4/176; İbn Seyyidinnâs, Uyûnu’l-Eser, 3/419
[4]. O zaman münafiqlər və qəlblərində mərəz (şəkk) olanlar: "Allah və Onun peyğəmbəri bizə yalan vəd etmişdir. (Biz zəfər çala bilməyəcəyik)," – deyirdilər.  "Əhzab" surəsi, 33/12
[5]. "Bəqərə" surəsi, 2/214
[6].  "Əhzab" surəsi, 33/22
[7]. Bəni-Nadir və Bəni-Qureyzə adlı iki qəbilə Harunun (ə.s.) nəslindəndir. Belə ki, onlar Qureyzə və Nadir adlı iki qardaşın nəslindən törəmişdir. Bax. Salihi, Sübülül-Hüda ver-Reşad, 5/18
[8]. Bu səhabənin Sad ibn Ubadə olması da rəvayət olunur. Bax: İbn Hişâm, Sîre, 4/179; Taberî, Tarih, 2/93; İbn Seyyidinnâs, Uyûnu’l-Eser, 2/38
[9]. Bax. "Əhzab" surəsi, 33/10
[10]. Bax: "Əhzab" surəsi, 33/12
[11]. Hər iki şəxs sonralar İslamı qəbul edib "səhabə" olma şərəfini qazanacaqdı.
[12]. Bu zaman Allah Rəsulunun: "Sadları çağırıb onlarla da müzakirə edim," – deməsi və sonra da Sad ibn Muaz, Sad ibn Ubadə, Sad ibn Rəbi, Sad ibn Haysəmə və Sad ibn Məsudu çağırması rəvayət olunur. Bax. Taberani, Mucemul-Kebir, 6/28 (5409); Heysemi, Məcmauz-Zevaid, 6/132
[13]. Bax. Akademi Araştırma Heyeti, En Öndekiler, s.134 vd
[14]. Vakidi, Meğazi, 1/472
[15]. Həmin gün Qureyş: "Mütləq Məhəmmədi öldürəcəyəm" deyib atını mahmızlayan, ancaq xəndəyə düşüb boynu qırılan bir başqasının da cəsədini almaq üçün min iki yüz dirhəm təklif etmişdi. Bu zaman da Allah Rəsulu (s.ə.s.): "Onun nə cəsədində, nə də cəsədinin pulunda xeyir vardır. Onu onlara göndərin, çünki onun pulu da, cəsədi də nəcisdir," – buyurmuşdu. Bax: Ahmed b. Hanbel, Müsned, 1/248, 1/272; Beyhaki, Sünen, 9/133) İbn Ebî Şeybe, Musannef, 6/496 (33256); Beyhaki, Sünen, 9/133
[16]. Bibisi Safiyyə validəmizin onlara hücum edən adamı öldürdüyünü eşidən Allah Rəsulu (s.ə.s.) Xəndəkdən sonra ona da qənimətdən pay ayıracaq, onu da mücahidlərin sırasında dəyərləndirəcəkdi. Bax: Ebu Yala, Müsned, 2/43 (683); Heysemi, Mecmauz-Zevaid, 6/134
[17]. Bax. "Əhzab" surəsi, 33/9. "(Ey iman gətirənlər! (Xəndək, yaxud Əhzab vuruşunda Qureyş, Qatafan və yəhudilərin Bəni-Nəzir qəbilələrindən təşkil olunmuş) ordular sizin üstünüzə gəldiyi zaman Allahın sizə olan nemətini yada salın. O vaxt Biz onların üstünə külək və sizin görmədiyiniz (mələklərdən ibarət) qoşun göndərmişdik. Allah o zaman sizin nə etdiyinizi görürdü". Bu hadisə ilə bağlı Allah Rəsulu: "Mənə Səba küləklərindən yardım gəldi. Ad qövmü isə Dəbur rüzgarı ilə həlak edilmişdir," – buyuracaqdı. Bax: Buhârî, Sahîh, 1/350 (988), 3/1172 (3033), 3/1219 (3165); Müslim, Sahîh, 2/617 (900);  Ahmed b. Hanbel, Müsned, 1/223 (1955), 1/228 (2013), 1/324 (2984)
[18]. Hz.Huzeyfə həmin gün üstündə nə bir zirehin, nə də qalxanın olmamasından, sadəcə bədənini dizlərinə qədər örtən xanımının paltarı ilə oraya gəlməsindən bəhs edəcəkdi. Bəlkə də, Allah Rəsulu  birinci dəfə müraciət edəndə buna görə ayağa qalxmaq istəməmiş və üşüdüyü üçün də bu vəziyyətdə düşmən arasına getməyin uyğun olmadığını düşünmüşdü. Bax: Hâkim, Müstedrek, 3/33 (4325); Bezzâr, Müsned, 7/317 (2916), 7/346 (2943)
[19]. Görüb eşitdiklərini Allah Rəsuluna danışdıqdan sonra Hz.Hüzeyfə oradaca yuxuya gedir və o halda sabaha qədər yatır. Sabah olan kimi Allah Rəsulu yanına gələrək ona: "Ey yatan! Qalx!" – deyə səslənir və onu namaza qaldırır. Bax: Müslim, Sahîh, 3/1414 (1788); İbn Hibbân, Sahîh, 16/76 (7125); Bezzâr, Müsned, 7/317-318 (2916)
[20]. "Əhzab" surəsi, 33/9
[21]. Hətta bu əmrlə əlaqədar yolda səhabələr arasında namazı qılıb-qılmama məsələsində mübahisə olmuşdu. Bir qismi vaxtın darlığı fikri ilə əsr namazını yolda qılmış, digər qismi Peyğəmbərimizin bu bəyanına istinadən Bəni-Qureyzə yurduna çatmadan namazını əda etməmişdi. Hətta gecikənlərdən bəziləri əsr namazını günəş batabatda burada qılmışdı. Ancaq Allah Rəsulu hər iki seçim sahiblərinə də o gün bir söz deməmişdi. Bax: Buhârî, Sahîh, 1/321 (904); 4/1510 (3893); Taberânî, Mu’cemu’l-Kebir, 19/79 (160)
[22]. Onları döyüşə təhrik edərək anlaşmanı pozmalarında israr edən Huyeyy ibn Ahtab Kab ibn Əsədə verdiyi sözdən keçə bilməmiş, Bəni-Qureyzə qalalarında qalmışdı. Bax: İbn Hişam, Sire,4/195; Taberî, Tarih, 2/99
[23]. O gecə onların heç bir təklifə qol qoymaq istəmədiyini görən Üseyd və Sələbə qardaşları ilə Əsəd ibn Ubeyd Bəni-Qureyzəni tərk edəcək və Allah Rəsulunun hüzuruna gəlib Müsəlman olduqlarını iqrar edəcəkdilər. Beləliklə, onlar Bəni-Qureyzənin başına gələnlərdən özlərini və arvad-uşaqlarını da qorumuş olacaqdılar. Bax: İbn Abdilberr, İstiab1/96; İbn Hacer, el-İsâbe, 1/52 (100)
[24]. "Ənfal" surəsi, 8/27
[25]. Əbu Lübabənin bağlı qaldığı müddət bəzi rəvayətlərdə on gündən bir qədər çox, başqa rəvayətdə iyirmi günə yaxın, bir başqa rəvayətdə isə iyirmi beş gün göstərilir. Bax: Salihi, Sübülül-Hüda ver-Reşad, 5/9
[26]. Bax: "Tövbə" surəsi, 9/102
[27]. Başqa bir rəvayətə görə, Allah Rəsulu Sad ibn Muazı seçir. Bax: İbn Hişâm, Sîre, 4/198; Taberî, Tarih, 2/100
[28]. Hz.Kuaybə (r.a.) dağılmış ailələri bir yerə toplayan, kimsəsizlərə yardım edən və möhtacları himayə edən xeyirsevər xanım səhabə idi; yaralılara da baxırdı. Allah Rəsulu onun üçün məsciddə bir çadır qurdurmuş, yaralıları burada müalicə etməsini istəmişdi. Bununla yanaşı, O, Sad ibn Muaz kimi Allah yolunda yaralanan səhabəsinə tez-tez baş çəkmək istəyirdi. Bax: İbn Sa’d, Tabakât, 8/291; Vâkıdî, Megâzî, 1/510, 525; İbn Hacer, el-İsâbe, 8/94 (11682)
[29]. Hz.Aişə validəmiz Nübatənin öz ölümünü bilə-bilə ogünkü şən davranışını unuda bilmədiyini deyəcəkdi. Bax: Vakıdi, Megazi, 1/517; İbn Kesir, el-Bidâye ve’n-Nihâye, 4/144; Salihî, Sübülü’l-Hüdâ ve’r-Reşâd, 5/14
[30]. O gün Rəsulullahın xalası Səlma binti Qeys hüzura gəlmiş və: "Ya Nəbiyullah! Anam-atam Sənə fəda olsun. Rifaəni mənə bağışla! O, namaz qılmağa çox uyğun adamdır, dəvə əti də yeyir!" – demişdi. Buna görə də Allah Rəsulu Rifaəni onun xətrinə bağışlamışdı. Bu lütfü görən Rifaə gün gələcək müsəlman olacaqdı. Bax: Vakıdi, Megazi, 1/515; Taberi, Tarih, 2/103; Süheyli, Ravdu’l-Unf, 3/444
[31]. Əbuş-Şahmın yüz əlli dinarla azad etdiyi adamlar arasında hər birinin yanında üç uşaq olan Yəhudi inancına qəlbən bağlı iki qadın da var idi. Bax: Vakıdi, Megazi, 1/523; Salihi, Sübülü’l-Hüda ve’r-Reşad, 5/16
[32]. Rəsulullahın bu əsirlərin bir qismini Sad ibn Ubadə ilə Şama və bir qismini isə Sad ibn Zeyd ilə Nəcidə göndərməsi və bunların əvəzində at və silah olaraq döyüş ləvazimatı tədarük etməsi də rəvayət olunur. Bax: Salihi, Sübülül-Hüda ver-Reşad, 5/16
[33]. Abdurrahman ibn Avf bu bölgünü Hz. Osmanın ixtiyarına buraxır, o da yaşlıları seçir və başlanğıcda onun ziyanına görünən bu vəziyyət axırda xeyrinə cərəyan edir. Belə ki, o gün yaşlıların üstlərində gizlətdikləri qiymətli əşyaları üzə çıxır və Hz. Osman yaşlı əsirlərlə birlikdə bunlara da sahib olur. Bax: Vâkıdî, Megâzî, 1/524; Salihi, Sübülü’l-Hüda ve’r-Reşad, 5/16