Mənəviyyata Açılan Pəncərə

Müqəddəs Köç Hicrət

Artıq Allah Rəsuluna (sallallahu əleyhi və səlləm) da hicrət izni verilmişdi və O da Məkkəni tərk etmək üzrə idi. Çünki Cəbrailin gətirdiyi vəhyin bir ayəsi dilində əzbər olmuş, hər dəfə:

− Ey Rəbbim! Məni doğruluq diyarına − Mədinəyə qovuşdur və Məni doğru bir vaxtda da buradan çıxart, dərgahından nüsrət (kömək, zəfər) dolu bir nemət bəxş et!,[1] − deyə dua edirdi. İndi bu dualar qəbul edilmiş, Allah Rəsulu da (sallallahu əleyhi və səlləm) müqəddəs köçə − Mədinəyə hərəkət etməyə hazırlaşırdı.

Cəbrail əvvəlcə məkkəlilərin qurduğu tələni xəbər verir və:

− Qətiyyən həmişə yatdığın yatağında yatma,− deyir, ardınca da Məkkə çıxışından  tutmuş Qureyşin tələsindən necə xilas olmağa qədər hicrət strategiyasını öyrədir. Qısası, müqəddəs köç Qureyşin hiylələri ilə Alimi-Xabir ( Allahın isimlərindən biri,  hər şeydən xəbərdar olan) olan Allahın tədbirləri arasında başlamışdı.[2] Peyğəmbər Peğəmbərimiz  Ona hicrət müjdəsini gətirən Cəbraildən:

− Hicrət yolçuluğunda  mənim yoldaşım kim olacaq? − deyə soruşur.

− Əbu Bəkir, − cavabı verilir.[3] Əbu Bəkir də xeyli vaxt idi ki, hicrətdə Allah Rəsuluna yol yoldaşı olmaq fürsətini gözləyirdi. Hamının istirahətə çəkildiyi bir günorta vaxtı gözlənilmədən Hz. Əbu Bəkirin qapısı döyülür. Rəsulullah (s.ə.s.) idi, içəri girmək üçün icazə istəyirdi. İnanılası deyildi! Allahın Ən Sevgili Qulu, Əbu Bəkirin qapısı ağzında durmuş, içəri keçmək üçün icazə gözləyirdi!

− Atam-anam Ona fəda olsun! Vallah, mühüm bir iş var ki, belə bir vaxtda gəlib,− deyə əvvəlcə öz-özünə pıçıldayır. Dərhal qapıya qaçır və Peyğəmbərimizi içəri dəvət edir. Hz. Əbu Bəkir maraqla gözləyirdi. Çünki bu günə kimi, Allah Rəsulu (sallallahu əleyhi və səlləm) onlara ya səhərin erkən vaxtlarında, ya da axşamın sərinliyində gəlmişdi. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) Əbu Bəkirin orada olan qızları Əsma ilə Aişəni nəzərdə tutaraq ev adamlarının başqa yerə keçməsini istəyir. Hz. Əbu Bəkir isə:

− Narahat olma, ey Allahın Rəsulu! Onlar mənim qızlarımdır. Sənin də əhlin sayılır. Atam-anam Sənə fəda olsun! Nəsə olubmu? − deyə soruşur; belə gözlənilməz təşrifin səbəbini öyrənməyə çalışırdı.Allah Rəsulunun (s.ə.s.) cavabı gecikmir:

− Məkkədən çıxıb hicrət etmək üçün Mənə də izn verildi.

Əbu Bəkir indi daha da həyəcanlanmışdı:

− Birlikdəmi, ey Allahın Rəsulu? − deyə soruşur. Maraqla gözləyən Hz. Əbu Bəkirin  sualına Rəsulullah (sallallahu əleyhi və səlləm) bu müjdəli sözlərlə cavab verir:

− Bəli, birlikdə.

Dünyalar onun olmuşdu. Əbu Bəkir də bu gün üçün hazırlaşmış və “Haydı, gedirik!” əmrini gözləyirdi. Çünki o da başqa müsəlmanlar kimi hicrət üçün icazə istəyəndə bunun müjdəsini elə o vaxt Allah Rəsulundan almışdı. Onda Allah Rəsulu (sallallahu əleyhi və səlləm) Hz. Əbu Bəkirə: “Tələsmə! Ümid edilir ki, Allah Sənin yanına bir yoldaş da qoşar”, − demişdi. Bundan sonra da, Əbu Bəkir iki nəfərlik yol hazırlığına başlamışdı. Dörd ay idi, iki dəvəni bu səfər üçün hazırlayırdı. O gündən Allah Rəsulundan (sallallahu əleyhi və səlləm) indiki kəlmələri gözləyirdi. Məhz indi eşitmək istədiyini eşidirdi!

Bu cavab gedişatı dəyişdirəcək bir addımın başlanğıcı idi. Həm də bu tarixi səfərdə Rəsulullaha (s.ə.s.) yoldaş olmaq... Bundan da böyük bir nemət ola bilərdimi? Hz. Əbu Bəkir (r.a.) özünü saxlaya bilmir, sevincindən hıçqıra-hıçqıra ağlayırdı.[4]

Çox keçmədən, Əbu Bəkir iki dəvəni gətirir və:

− Ey Allahın Peyğəmbəri! Mən bu iki miniyi bu iş üçün hazırlamışdım, − deyir. Ancaq Rəsulullah (sallallahu əleyhi və səlləm) hər davranışı ilə insanlara nümunə olmalı idi. Hz. Əbu Bəkirə dönərək:

− Ancaq qiymətini ödəmək şərti ilə, − deyərək belə əhəmiyyətli səfərdə haqqını ödəmədiyi bir nemətdən istifadənin düzgün olmadığını göstərəcəkdi.

Hicrətin tədbir yönü

Artıq hər şey qərarlaşmışdı, yola çıxmaq üçün addım atmaq lazım idi. Əbu Bəkir də  Siddiq olduğunu göstərəcək və hicrət yolunun təhlükəsizliyini təmin etməkdə özünə  yaraşan səylər ortaya qoyacaqdı. Çünki ehtiyatı əldən verməmək lazım idi. Dəvələrlə birlikdə bu qədər yolu qət etmək o qədər də asan olmayacaqdı. Buna görə də, əvvəlcə yolu yaxşı tanıyan, bu işdə mahir olan Abdullah ibn Ureykıt adlı bir müşriklə razılaşırlar. Abdullah da Qureyşlə eyni düşüncədə idi. Amma Allah Rəsulu və Hz. Əbu Bəkir bu adama etibar edirdi. Halbuki, Abdullah ibn Ureykıt bu iki müsəlmanın başına qoyulan mükafata tamah salıb onların gedəcəyi istiqaməti və koordinatları xəbər verməklə  böyük sərvətə sahib ola bilərdi.

Demək ki, Allah Rəsulu  (s.ə.s.) iş gördüyü adamların  xasiyyətinə yaxşı bələd idi. Abdullah müşrik olsa da dünya malına tamah salmayan, sözündə  möhkəm  bir adam idi. Abdullah eyni zamanda yolu yaxşı tanıyan bir bələdçi idi. Aydın idi ki, belə riskli şəraitdə məharət mükafat gətirirdi. Üç gün sonra Sevrdə görüşəcəkdilər. Abdullah bura gələrkən Hz. Əbu Bəkirin hicrət üçün alıb bəslədiyi iki dəvəni də gətirəcək və beləliklə, hicrət yolu başlayacaqdı.

Hz. Əbu Bəkir qızı Əsmanı da başa salıb təlimatlandırmışdı. Sevrdə qalacaqları günlərdə onlara azuqə göndərəcəkdi. Əsma da diqqətlə yemək-içmək hazırlayır, hazırladıqlarını da balaca bir torbanın içinə qoyub göndərirdi. Hətta bir dəfə torbanın ağzını bağlamağa ip tapmamış və anasının göstərişi ilə belindəki qumaş kəməri  açaraq iki yerə bölmüş, hər iki torbanı da bu qumaşla bağlamışdı. Buna görə də sonralar Əsmaya “iki kəmər sahibi” mənasında  “Zunnitaqayn” ünvanı verilmişdi.[5]

Hz. Əbu Bəkirin başqa bir tədbiri də vardı: Qoyunlarını otaran çoban Amiri yanına çağıracaq, gedərkən izlər qalmasın deyə, qoyunları keçdikləri yerlərdə otarmağı tapşıracaqdı.[6] Çünki Əbu Bəkir bilirdi ki, məkkəlilər iz tapmaqda mahirdir və belə bir tədbir  görülməsə, onları tapar və işlərini çətinə  salardılar.

Hz. Əbu Bəkirin oğlu Abdullah da çoban Amirlə növbə ilə yanlarına gələcək və Əsmanın hazırladığı azuqə ilə yanaşı, burada qaldıqları müddətdə Məkkədən xəbər gətirəcəkdi. Axşamlar mağaraya gələn Abdullah səhər tezdən buranı tərk edəcək və bu vaxt ərzində də Amir qoyunları gətirib Sevrdə otaracaqdı. Və bütün bunlar Sevr günlərində  təkrarlanacaqdı. Həm də bununla bu müqəddəs və mübarək köçdəki ən dəyərli yolçuların süd ehtiyacları da təmin ediləcəkdi.[7]

Görüləsi tədbirlərdən biri də Allah Rəsuluna (sallallahu əleyhi və səlləm) aid idi: O, əmisi oğlu gənc Hz. Əlini öz yerinə vəkil qoymuş və öz evində qalaraq Ona əmanət saxlamaq üçün verilən malları sahiblərinə qaytarmağı tapşırmışdı. Bu necə böyüklük idi ki, canına qəsd etmək istəyənlərin mallarını da tələf etmir, əmanətə riayət etməyi özünə borc bilir, canı qədər sevdiyi əmisi oğlunun həyatını təhlükəyə atmaq bahasına da olsa, can düşmənlərinin mallarını geri qaytarmaq  istəyirdi?!

Əlbəttə, görülən bu qədər tədbir çox deyildi. Buna görə də, Allah Rəsulu (s.ə.s.) bütün bunları razılıqla qarşılayır və heç birini lazımsız hesab etmirdi. Çünki O (sallallahu əleyhi və səlləm), ümmətinə rəhmət olsun deyə  göndərilmişdi. Hz. Məhəmməd  (sallallahu əleyhi və səlləm) bu tədbirlər olmadan da, Allahın Onu qoruyacağını bilirdi. Çünki Uca Allah (cəllə cəlaluhu) Onu insanların təhlükəsindən qoruyacağını bəyan etmiş və O da namazlarında bunu Quran ayəsi olaraq oxuyurdu.[8] Deməli, burada məqsəd başqa idi. Əslində Allah Rəsulu (s.ə.s.) digər insanlar üçün bir yol göstərici  rəhbər, bir model idi. Hz. Ömər kimi hicrət etsəydi, bütün ümməti də eyni yolu tutmaq məcburiyyətində qalardı. Belə bir hərəkət isə insanları öhdəsindən gəlinməz imtahanların ağuşuna atmaq demək idi. Elə isə O, ümmətinin ən ağır yeriyənini, axsağını da nəzərə alacaq və işlərini qış fəslinin tələblərinə uyğun planlaşdıracaqdı. Buna görə də, tədbir görərkən heç bir qüsura yol vermir və şərtlərə, səbəblərə riayət məsələsində ümmətinə ən təsirli ibrət dərsi verirdi.

Digər tərəfdə isə Qureyş artıq qəti nəticə əldə etmək üzrə idi − təbii ki, öz qənaətlərinə görə − öz aralarından seçdikləri Əbu Cəhil, Hakəm ibn Əbil-As, Ukbə ibn Əbi Muayt, Nadr ibn Haris, Ümeyyə ibn Haləf, Zəma ibn Əsəd, Tuaymə ibn Adiy, Əbu Ləhəb, Übey ibn Haləflə Nübeyh və Münəbbih ibn Həccac qardaşları bir araya gəlmiş, Rəsulullahın  (sallallahu əleyhi və səlləm), evini mühasirəyə almışdılar. Beləliklə,  hər qəbilədən bir təmsilçi meydana atılmış, digərləri də bir kənara çəkilib qələbə nərələri çəkməyi səbirsizliklə gözləyirdilər. Gözlərini qan tutmuş bu bədbəxtlər Peyğəmbərimizin evini əhatə edib son zərbəni vurmaq üçün artıq dəqiqələri sayırdılar. Hətta Əbu Cəhil  Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) Allahın yoluna  dəvət edərkən işlətdiyi  kəlmələri məsxərəyə qoyur və istehzalı əda ilə ətrafdakılara belə söyləyirdi:

− Nə oldu, Məhəmməd Ona tabe olduğunuz təqdirdə Ərəb və Əcəm məliklərinə hökm edəcəyinizi söyləyirdi? Nə oldu, Ona tabe olmasanız, həyatınız təhlükəyə düşəcək, canınızdan olacaqdınız? Və öldükdən sonra da yenidən ayağa qalxacaq və cəhənnəm alovları içində çırthaçırtla yanacaqdınız![9]

Artıq məsələni hay-küysüz həll edəcəkləri anı (!) gözləyirdilər. Amma Allah (cəllə cəlaluhu) hər şeyə hakimdi və bütün bu baş verənləri də bilirdi. Göylərin və yerin mülkü Onun qüdrət əlindədir və O, istədiyini dilədiyi vaxt edər, kimsə də buna bir söz deyə bilməz. İşin bu yerində Qureyşin qurduğu tələnin və hazırladığı ölüm döyüşçülərinin heç bir əhəmiyyəti yox idi və ola bilməzdi də! Nəticə də Allahın dilədiyi kimi olacaqdı.

Adi vaxtlarda Allah Rəsulu (sallallahu əleyhi və səlləm) yatsı (işa) namazını qılandan sonra bir az yatar, Kəbədən əl-ayaq çəkilincə qalxıb bura gələr və hüzur içində Rəbbinə ibadət edərdi. Amma bu gecə vəziyyət fərqli idi. Plandan xəbər tutar-tutmaz Hz. Əlini yanına çağırmış və:

− Bu yaşıl örtüyə bürün və gəl mənim yatağımda yat! Heç narahat olma, uzan və yat. Çünki sənə zərrə qədər də olsa, zərər yetirə bilməyəcəklər, − demişdi.

Bu vaxt Rəsulullah (sallallahu əleyhi və səlləm) “Yasin” surəsinin ilk doqquz ayəsini oxuyub evdən çölə çıxır. Qapının ağzında fürsət axtaran qureyşlilər növbə çəkirdi. Bu vaxt:

− Biz onların önlərinə və arxalarına sədd qoyduq və gözlərinin qabağına da bir pərdə çəkdik. Buna görə də onlar heç bir şeyi görə bilməzlər, − məalındakı  ayəni oxuyurdu. Bu əsnada da yerdən götürdüyü qum və torpağı Onu öldürmək üçün evini mühasirəyə alanların  üzünə səpir. Bu hərəkətinə paralel olaraq da belə deyir:

− Bu üzlər qaralsın, gözlər görməz olsun!

Atdığı torpaq oradakıların hər birinə dəymiş və sanki kor olmuşdular. İnanılmaz idi, Allah Rəsulu (sallallahu əleyhi və səlləm) onların arası ilə yeriyir, amma heç biri Allah Rəsulunu görmürdü. Bəli, onlar imana dəvətdən başqa heç bir “günah”ı olmayan Allahın Ən Sevgili  Qulunu öldürmək, təbliğinin qarşısını almaq, həyatına son qoymaq üçün tələ qurmuşdular. Amma Onu peyğəmbər olaraq göndərən və aləmlərə mərhəmət səbəbi edən Allahın (cəllə cəlaluhu) da bir planı var idi. Və yenə, görünürdü ki, küfr nə qədər coşursa coşsun, Allahın iradəsinin qarşısını qətiyyən kəsə bilməyəcək və həmişə olduğu kimi yenə də Onun dediyi olacaqdı.[10]

Rəsulullah (sallallahu əleyhi və səlləm) çoxdan uzaqlaşmışdı. Bir az sonra Ona tələ qurub qapısının ağzında sakitcə gözləyənlərin yanına başqa bir adam gəlir və onları bu vəziyyətdə görüncə:

−  Siz burada niyə gözləyirsiniz? − deyə soruşdu. Tərəddüdsüz cavab verirlər:

− Məhəmmədi  gözləyirik !

Adam hiddətlənmişdi. Onu öldürmək üçün seçdikləri ən cəsur adamlar qapı ağzında ev pişiyinə dönmüş, üstlərinə atılan torpağı da hiss etməmişdilər. Artıq Muhəmmədul-Əmin dostu ilə birlikdə dəvələri sürə-sürə Məkkədən uzaqlaşır, bunlar isə burada − Məkkədə, Rəsulullahın qapısında miskin-miskin oturub Onu öldürmək planı qururdular. Bu, açıq-aşkar axmaqlıq idi. Onları danlayarkən:

− Vay bədbəxtlər! Ax, sizi qabiliyyətsizlər! And olsun ki, O, başınıza torpaq səpmiş və aranızdan sivişib çoxdan uzaqlaşmışdır,− deyirdi.

− Vallah, biz onu görmədik,− deyirdilər. Sarsılmışdılar. Sanki görmə qabiliyyəti əllərindən alınmış və gözlərini ətrafa zillədikləri halda, Allah Rəsulunu görə bilməmişdilər. Əllərini başlarına qoyub bir-birinə baxırlar, həqiqətən də, adamın dedikləri doğru idi. Dərhal üst-başlarındakı  toz-torpağı  təmizləməyə başlayırlar.

Çox keçmədən məsələ Qureyşə də çatmış, ölüm “müjdəsini” gözləyən Məkkənin əyan-əşrəfi Peyğəmbərimizin (s.ə.s.) hicrət xəbəri ilə sarsılmışdı: bütün ağalar xaneyi-səadətə  (Allah Rəsulunun (s.ə.s.) evinə) hücum çəkmişdi. Qapını açıb içəri girəndə bir anlığa rahat nəfəs alırlar, çünki Onun yatağı boş deyildi. Çöldə dayanıb onları qınayıb danlayan adamlarına cavabən fısıltı ilə:

− Budur Məhəmməd, örtüyünün altındadır, − deyərək bu qədər əndişənin yersiz olduğunu söyləməyə başlamışdılar. Amma bu da uzun sürmür. Çünki bu qədər adamın birdən içəri girməsi ilə ayağa qalxan Hz. Əli onların qarşısında dayanmış, sanki bu duruşu ilə meydan oxuyurdu. Bu, onlar üçün  ikinci böyük sarsıntı idi... Hiddət və qəzəblə:

− Məhəmməd haradadır? − deyə soruşurlar. Hz. Əli:

− Bu haqda heç nə bilmirəm, − cavabını verir.

Bu dəfə də itirən onlar olmuşdu. Aldıqları cavabdan da qəzəblənmiş, hədələməyə başlamışdılar. Hz. Əlini də buraxmaq istəmirdilər: Hz. Əliyə hədə-qorxu gəlirlər, sonra da özləri ilə Kəbəyəcən gətirirlər. “Bəlkə, gedənlərin yerini deyər və onlara bir işıq ucu verər” deyə  onu bir müddət həbs edirlər.[11] Amma nə qədər məcbur etsələr də, bunun nəticəsiz olduğunu başa düşmüşdülər. Həm də Hz. Əlini azad etməmək özlərinin ziyanına idi, çünki o, onlara məxsus olan əmanətləri geri qaytarmaq üçün burada qalmış və indi bu əmanətləri sahiblərinə təhvil verəcəkdi.

“Ümmətin fironu” Əbu Cəhil, elanı ilə bu ləqəbə nə qədər layiq olduğunu göstərirdi:

− Məhəmmədi ölü və ya diri gətirənə yüz dəvə məndən![12]

“Artıq yaxaladıq” dedikləri anda əllərindən qaçırdıqları Allah Rəsulunu və Hz. Əbu Bəkiri tamamilə əldən çıxarmaq üzrəydi. Aydın idi ki, tək özləri bu işin öhdəsindən gələ bilməyəcək. Buna görə də, Əbu Cəhilin bu təklifinə hamı haqq qazandırdı və ölü və ya diri gətirilməsindən asılı olmayaraq, hər biri üçün yüz dəvə miqdarında mükafat verilməsi rəsmən qəbul edildi.[13]

Əbu Cəhil ağlından istifadə etməyi bacarmasa da, zəkalı adam idi. Birbaşa  Hz. Əbu Bəkirin  evinə gəlir. Qapını Hz. Əbu Bəkirin qızı Əsma açır. Əvvəlcə, qızdan atasının harada olduğunu soruşur. Hz. Əsma bilmədiyini deyir. Əbu Cəhilə görə isə Hz. Əsmanın atasından bixəbər olması mümkün deyildi. Eşitdiyi cavabdan qeyzlənən Əbu Cəhil Hz. Əsmanın üzünə elə bir şillə vurur ki, qızın qulağındakı  sırğa qopub yerə düşür. Halbuki, o dövrkü cəmiyyətin adət-ənənələrinə görə, Əsma kimi azyaşlı bir qızla belə rəftar etmək normal şəraitdə də ayıb sayılırdı. Amma bu, Əbu Cəhil idi. Hz. Əsma illərcə bu hadisənin təsirindən qurtula bilməyəcək və yadına salanda isə:

− Pis və həddi aşmış bir adam idi, − deyəcəkdi.[14]

Sevrə tərəf

Səfər ayının iyirmi yeddisi idi... Müqəddəs Köç gecənin qaranlğında Hz. Əbu Bəkirin evindən başlamışdı. Amma istiqamət səhabələrin getdiyi Mədinə əvəzinə, Yəmən tərəfdəki Sevr dağını göstərirdi. Təxminən səkkiz kilometr yol qət edəcək, digərlərinə nisbətən daha yüksək, iri daşlarla dolu və yolları maneəli Sevr dağına dırmanacaqdılar. Həmçinin Allah Rəsulu (sallallahu əleyhi və səlləm) yolun bu qədər uzun olmasına, təqibçilərin onlara çatmaq istəklərinə və əlverişsiz şərtlərə baxmayaraq ayaqlarının ucu ilə yeriməyə çalışır və bununla da, aşkar iz buraxmaq istəmirdi. Demək ki, tədbir üçün bir manevrə də ehtiyac vardı: və bir müddət burada qalacaq, Məkkədə baş verənləri buradan seyr edəcəkdi. Çünki Allah Rəsulu (s.ə.s.) Məkkədən kənarda da Onu rahat buraxmayacaqlarını bilir və şəhəri tərk etdiyini öyrənər-öyrənməz izlərinə düşüb onları yolundan, məqsədindən məhrum etmə ehtimalını nəzərə alırdı. Çünki Qureyş Məhəmməd əshabının Mədinəyə getdiyindən xəbərdar idi və sonradan bu ünvana üz tutanları izləyərək Məkkəyə qaytarmaq üçün ən ağlagəlməz üsullara əl atırdı.

Hz. Əbu Bəkirin həssaslığına və səylərinə söz ola bilməzdi: başına bir iş gələr deyə Peyğəmbərimizin üstündə tir-tir əsir, bəzən qabağında gedir, bəzən də arxada qalaraq Onu təqib edirdi. Onun bu hərəkətlərinin fərqinə varan Allah Rəsulu (s.ə.s.) soruşur:

− Ey Əbu Bəkir! Nə olub ki, bəzən qabaqda gedirsən, bəzən də arxamca gəlirsən?

− Ey Allahın Rəsulu! Arxadan bir təhlükənin olub-olmadığına əmin olmaq üçün arxanızca yürüyür, qabaqda da gözətçi olar əndişəsi ilə önünüzə keçirəm.

Belə bir həssaslığın müqabilində Hz. Məhəmməd (sallallahu əleyhi və səlləm):

− Ey Əbu Bəkir! Nə deyirsən? Sənin yanında Məndən daha sevimli başqa bir şey varmı?

Siddiqi-Əkbərə yaraşan bir cavab heç də gecikmir:

− Xeyr, ya Rəsulallah! Səni haqla göndərənə and olsun ki, Sənin başına bir müsibət gəlməyindənsə, mən Sənin uğrunda canımı verər, həmin fəlakətin mənim başıma gəlməsini istəyərəm![15]

Mağarada Əbu Bəkir həssaslığı

Dağın zirvəsində yerləşən mağaraya birinci Əbu Bəkir girməli idi. Çünki hər cür xoşagəlməz hadisəni özü dəf etməli, Allah Rəsuluna (s.ə.s.) bir zərər toxunmasına mane olmalı idi. Bu, Hz. Əbu Bəkir həssaslığı idi. Onun təlaşının bir səbəbi vardı: Rəsulullahın ayağına tikan batmasını belə istəmirdi. Buna görə də üst paltarını cırmış, Allah Rəsuluna (sallallahu əleyhi və səlləm) bir xətər toxunmasın deyə zərərli heyvanların yuvalarını tıxayırdı. İki deşiyi tuta bilmir, ancaq bunun da bir çarəsini tapır. Belə ki, hər ayağı ilə bir deşiyi örtüb Rəsulullaha (s.ə.s.) “Buyur” deyir. Hz. Ömərin sonralar “Mağaradakı o gecəsinə bütün əməllərimi verərdim” deyə qibtə ilə baxdığı Hz. Əbu Bəkiri ayağı ilə tutduğu deşikdən ilan sancmış, amma o, Allah Rəsulunu (sallallahu əleyhi və səlləm) narahat etməmək üçün dişini dişinə sıxıb bir dəfə də “uf” deməmişdi. Nəhayət, gözündən tökülən yaş və alnındakı soyuq tər Peyğəmbərimizin diqqətini cəlb edir:

−  Sənə nə olur, ey Əbu Bəkir?− deyə onun halını soruşur.

− Atam-anam Sənə fəda olsun, ey Allahın Rəsulu! İlan sancdı,− deyə bilir. Bunları deyəndə xəcalət hissi ilə boğulurdu, ona görə Peyğəmbərimizin üzülməsini və vaxtını belə bir məsələyə ayırmasını istəmirdi. Rəsulullah (sallallahu əleyhi və səlləm) yaranın üstünə xəfifcə ağız suyundan sürtəcək və sonra da Rəbbindən şəfa diləyəcəkdi. Bir anda hər şey əvvəlki vəziyyətinə qayıtmışdı, sanki belə bir hadisə heç olmamışdı. Əbu Bəkirdə ağrı adlı bir şey  qalmamışdı.[16]

Bu vaxt bir hörümçək işə başlamış, torunu hörə-hörə mağaranın ağzında tər tökürdü. Bir də iki göyərçin gəlmiş, burada yuva qurmağa başlamışdı. Eyni zamanda, mağaranın düz girişində bir ağac böyüməyə başlamış, Allah Rəsulu ilə (sallallahu əleyhi və səlləm) düşmənlər arasında pərdə rolunu oynayırdı. Aydın məsələ idi ki, Allah (cəllə cəlaluhu) Sevgili Peyğəmbərini heç kimin ixtiyarına buraxmayacaq və Onu bilavasitə Özü qoruyacaqdı.

İzə düşüb təqib edənlər Sevr dağına da dırmanmış, “burada olarlar” deyə mağaranı yoxlamağa gəlmişdilər. Mağaranın girişindəki göyərçinləri, boy atıb böyüyən ağacı və hörümçək torunu görüncə biri qeyri-ixtiyari bunları deyəcəkdi:

− Bu hörümçək toruna baxın. Elə bil, Məhəmməd hələ anadan olmamış hörülüb!

O biriləri də başqa cür fikirləşmirdilər. Və hörümçək toru arada incə bir pərdə olmasına rəğmən, Allah Rəsulunu (sallallahu əleyhi və səlləm) qorumuşdu, onlar da əliboş geri qayıdırdılar.[17]

Mağaranın içində isə müşriklərin bir nizə boyu yaxınlaşdığını görüb səslərini eşidən Hz. Əbu Bəkiri yenə soyuq tər basmışdı. Dəli öküzlər kimi burunlarından qəzəb püskürən bu gözü dönmüşlərin ayaqlarını görən Əbu Bəkir (r.a.) deyir:

− Ey Allahın Rəsulu! Əgər biri əyilib ayağının tuşundan içəri baxsa, bizi çox asanlıqla görəcək!

“Sən mənim qardaşımsan”, − dediyi mağara yoldaşına yenə Allah Rəsulu təsəlli verəcəkdi:

− Üçüncüləri Allah olan iki adam haqqında niyə narahat olursan, ey Əbu Bəkir?[18]

Bunu deyən Rəsulullahdı. Allahın ən sevgili qulu idi və Onu insanlardan gələ biləcək təhlükələrdən qoruyacağını şəxsən Allah (cəllə cəlaluhu) bildirmişdi.[19] Rəsulullah (sallallahu əleyhi və səlləm) bu səbəbdən arxayın (təmkinli) danışırdı: çünki bilirdi ki, qureyşlilər anlamayıb Ona kömək etməsə də, Allah (c.c.) vaxtilə bütün elçilərinə kömək etdiyi kimi, Sonuncu Peyğəmbərinə də yardım edəcək, rahatlıq və hüzura bürüməklə dəstəkləyib, göz görməyən ordularla qoruyacaqdı.

Bunları Hz. Əbu Bəkir də bilirdi, amma bu bilmək, hadisənin bütün ağırlığı ilə yaşandığı vaxtda hiss edilən əndişələri aradan qaldırmağa kifayət etmirdi. Onun bütün nigarançılığı Peyğəmbərin başına gələ biləcək sıxıntılarla  bağlı idi. Çünki o, öz başına gələcək hər cür hadisənin təkcə bir nəfərlə məhdudlaşacağını, Allah Rəsulunu hədəfləyən hər hansı hadisənin isə bütün bəşəriyyətə qarşı olacağını həssaslıqla anlayırdı.[20]

Nəhayət, mağara önünə gələnlər də çıxıb getmişdi və artıq yol az da olsa əmin-amanlıq vəd edirdi. Burada üç gün gözləyirlər. Bu müddətdə Hz. Əbu Bəkir tez-tez mağaradan çıxıb ətrafı gözdən keçirirdi. Şəhərdən əl-ayaq yığılınca oğlu Abdullah da yanlarına gəlir və Məkkədə baş verən hadisələri onlara çatdırırdı. Bu vaxt Amirlə birlikdə bələdçi Abdullah ibn Uraykıt da gəlmiş, onları Mədinəyə aparacaq dəvələri də gətirmişdilər.

Dəvələrin ovsarını əlinə alan Hz. Əbu Bəkir (r.a) onların ən gözəl və baxımlısını Peyğəmbərimizə təqdim edir və:

− Atam-anam Sənə fəda olsun! Min, ey Allahın Rəsulu! − deyir.

Gözləmədiyi etirazla rastlaşır:

− Mən Mənə məxsus olmayan dəvəyə minmərəm.

Hz. Əbu Bəkir belə bir vəziyyətdə də “Siddiq” vəsfinə uyğun hərəkət edir:

− Atam-anam Sənə fəda olsun! Ey Allahın Rəsulu, o, Sənin dəvəndir! − deyir.

Lakin bu da məsələni həll etməmişdi. Allah Rəsulu (s.ə.s.) təkidlə:

−  Xeyr, yalnız dəvəni aldığın qiyməti sənə ödəmək şərtilə! − deyir.

Məcbur qalan Hz. Əbu Bəkir dəvəni neçəyə aldığını Rəsulullaha (sallallahu əleyhi və səlləm) deyir. Bunun ardınca Allah Rəsulu:

− Mən də bu dəvəni həmin qiymətə səndən aldım, − buyurur. Beləliklə, hicrət kimi əhəmiyyətli dönüş nöqtəsində ümmətə əbədi bir örnək təqdim edilirdi.

Məkkədən gələn xəbərlər Qureyşin axtarış səylərinin ilk günə nisbətən azaldığını bildirirdi. Demək, ayrılıq vaxtı çatmışdı.

Rəbiüləvvəl ayının ilk günləri idi. Bir bazar ertəsi səhər erkəndən mağaranı tərk edəcək, əvvəlcə sahil yolu tərəfindən qərbə, sonra da Qırmızı dəniz tərəfdən əsas hədəflərinə − Mədinəyə doğru gedəcəkdilər. Adətən heç kəs Məkkə və Mədinə arasında bu yollardan istifadə etməzdi. Sevrdən başlayaraq Ufsan, Əməc, Qudeyd, Harrar, Səneyyə, Mərcah, Ziludayveyn, Zikəşər, Cədacid, Əcrəd, Abayid, Facə, Arc, Air, Rism və Quba güzərgahında[21] düz bir həftə çəkən bu əziyyətli yolda Allah Rəsulunun yanında Abdullah ibn Uraykıt, Amir ibn Füxeyrə və bir də sadiq dostu Hz. Əbu Bəkir vardı.

Məkkəyə dikilən son nəzər

Bu vaxt Allah Rəsulu (sallallahu əleyhi və səlləm) son dəfə Məkkəyə tərəf dönür. Aydın idi ki, peyğəmbərlərin ünvanı, dünyadakı ilk binanın sahibi və özünün də əkizi sayılan bu məkandan ayrılığın hüznü çökmüşdü qəlbinə. Sanki ürəyini burada qoyub gedirdi. Vəhy gələnədək qırx il gözləmiş və bu müddətdə tez-tez Hiraya qalxıb oradan Kəbənin özünə yaraşan şəkildə ibadət və itaətlə bütünləşməsi üçün dualar etmiş, istiqbalın seyrinə dalmışdı. Asan deyildi. Allahın ən sevgili qulu və peyğəmbərlik zəncirinin son halqası şanı uca Peyğəmbər Allahın evindən ayrılmaq məcburiyyətində qalır və başqa bir məkana üz tuturdu.

Bunlar Məkkəyə yönələn son baxışlar idi və Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) Məkkə ilə sanki həsb-hal (söhbət) edirdi. Hz. Əbu Bəkir də sakitcə dinləyirdi bu söhbəti. Allah Rəsulunun (s.ə.s.) mübarək dodaqlarından bu sözlər töküləcəkdi:

− Ey Məkkə! Allaha and olsun ki, Mən səndən ayrılmaq məcburiyyətində qaldım. Şübhəsiz ki, sən yer üzündə Allah üçün ən sevimli məkansan. Allahın sənə nemətləri var. Allaha and olsun ki, sənin əhlin Məni buradan çıxmağa məcbur etməsəydi, qətiyyən səni tərk edib kənara addım atmazdım![22]

Bundan sonra Allah Rəsulu (sallallahu əleyhi və səlləm), sadiq dostu Hz. Əbu Bəkir və yol bələdçisi məkkəli müşrik Abdullah ibn Ureykıt yola düzəlir, sahil tərəfi ilə Mədinəyə üz qoyurlar .

Əbu Kuhafənin etirazları

Bu qədər hadisənin bir ucu da ata Əbu Kuhafəyə çatırdı; yaşlı qoca evə gələndə oğlunu görməmiş və harada olduğunu soruşmuşdu. Bütün cavablar oğlunun getdiyini deyirdi. Bu işin zarafatı yoxdu; Məkkə, ticarət, arvad-uşaq, qohum-əqrəba, köhnə dostlar və valideynlər tərk edilmiş, bu yaşdan sonra yeni bir məkan Vətən seçilmişdi. Hələ imanı dadmamış bir adamın bunu dərk etməsi mümkün deyildi. Çünki bir qəlbə iman girmişdisə, o qəlb öz sahibinə imanının gücü nisbətində inanılmaz addımlar atdırar və o imandan məhrum olanlar bunları qətiyyən anlaya bilməzdi. Lazım gələrsə, Onun üçün anadan-atadan da keçilər, aşılmaz sədlər aşılar, hətta arvad-uşaqdan da vaz keçilərdi.

Şübhəsiz, Rəsulullahla birgə Mədinəyə hicrət məsələsi ortaya çıxanda, bəlkə də, Əbu Bəkirin yadına nə valideyn, nə də arvad-uşaq düşmüşdü. Uzun illər sonra Təbükə hazırlaşarkən dediyi kimi, onları Allaha və Onun Rəsuluna əmanət etmişdi.

Bir tərəfdə Əbu Kuhafə isə oğlunun getməsinə inana bilmir və hər rastına çıxana belə deyirdi:

− Bunu da etdimi? Arvad-uşağını burada, arxada qoyub çıxıb getdimi?[23]

Bəli, getmişdi... Arxasına da baxmadan... Elə Əbu Kuhafənin oğlu Abdullah ibn Osmanı Əbu Bəkir edən onun bu fədakarlığı və haqqından vaz keçmək əzmi deyildimi?

Nəvəsi Əsmaya sual dalınca sual yağdıran Əbu Kuhafə oğlunun var-dövləti ilə maraqlanır və narahatlığını dilə gətirərək  soruşurdu:

−  Allaha and olsun ki, o, çox ehtimal, sərvətini də özü ilə aparıb, eləmi?

Hz. Əsma təmkinlə cavab verir:

−Yox, ay baba! O, bizim üçün böyük sərvət qoyub getdi.

Qoca Əbu Kuhafənin gözləri zəif görürdü və bundan da istifadə etmək istəyən Əsma xırda daşları bir yerə yığıb üstünü bir parça ilə örtür. Sonra da əlindən tutduğu babasını ata Əbu Bəkirin onlara böyük sərvət qoymasına inandırmağa çalışacaq, əlini daşların üstündə gəzdirən Əbu Kuhafə də bununla təsəlli tapacaqdı.[24]

Suraqanın təqibi

Digər tərəfdən isə Allah Rəsulu (s.ə.s.) və Hz. Əbu Bəkirin başına qoyulan mükafatı əldə etmək üçün yola çıxanların çoxu əliboş qayıtsa da, inadından dönməyənlər də vardı.

Mudlicoğullarından bir nəfər gəlmiş, kənd meydanında oturanlara məkkəlilərin başına yüz dəvə mükafat qoyduğu iki yolçunu gördüyünü deyirdi. Başlarına dövlət quşu qonmuş adamlar kimi gözləri hədəqəsindən çıxmış və Suraqa ibn Malikə yönəlmişdilər. Yolçuları görən adam da məsələni kimə demək lazım olduğunu bildiyi üçün onun yanına gəlmişdi:

− Ey Suraqa! Bir az əvvəl sahildə hərəkət edən bir qaraltı gördüm. Zənn edirəm ki, onlar Məhəmməd və dostudur!

Suraqa da belə təxmin edirdi: bu xəbər də onun təxminini gücləndirmiş və artıq şübhəsi qalmamışdı. Ancaq belə bir xəbər böyük-kiçik hər kəsin yanında danışılmamalı idi. Buna görə də, özünü elə göstərdi ki, guya əhəmiyyət vermir:

− Onlar zənn elədiyin kimi həmin adamlar ola bilməz. Sənin gördüklərini bir az əvvəl mən də gördüm, onlar filankəslərdir, − deyir. Onun bu sözləri ilə yüz dəvəni alıb bundan sonra varlı adam kimi yaşamaq xəyalları puç olmuşdu. Suraqa da öz fikirlərini büruzə verməmək üçün halını pozmadan bir müddət orada oturur.

Artıq mövzu dəyişmiş, söhbət başqa şeylərdən düşmüş, yolçular tamam unudulmuşdu. Suraqa yerindən qalxıb evinə gəlir. Dərhal xidmətçisinə yola çıxmaq üçün atını hazırlamağı və filan vadiyə gedib orada atla onu gözləməyi tapşırdı. Ardınca da nizəsini götürüb evin arxa tərəfindən çıxır və xidmətçisini göndərdiyi vadiyə tərəf yollanır. İndi hamını aldada bilmişdi. Suraqa vəd edilən mükafata təkbaşına sahib olmaq istəyirdi. Çox keçmədən gəlib xidmətçisi ilə atının gözlədiyi vadiyə çatmış, səssiz bir yolçuluğa başlamışdı.

Bir tərəfdən Sevrdən ayrıldıqları üç gün olmuşdu. Müqəddəs köçün müqəddəs yolçuları heç gözləmədikləri halda arxadan bir toz buludunun sürətlə onlara yaxınlaşdığını gördülər. Əbu Bəkirdə yenə Sevrdəki kimi təlaş var idi. Amma bu dəfə nə sığınmağa mağara, nə də  müdafiə olunmağa bir imkan vardı:

−  Ey Allahın Rəsulu! Arxamızca gələn adam bizə çatmaq üzrədir!

Hz. Məhəmməd (sallallahu əleyhi və səlləm) eyni təmkin və təvəkküllə belə cavab verir:

− Kədərlənmə! Allah bizimlə bərabərdir.

Təbii ki, vəzifəsini yerinə yetirən bir adama, kim nə düşünür-düşünsün, zərər yetirə bilməyəcəkdilər və onlar üçün ən etibarlı sığınacaq Allahın yardımı idi. Amma Əbu Bəkirin narahatlığı artmış, səbəblər baxımından işin sonuna gəldiklərini fikirləşib ağlayırdı. Onun bu halını görən Allah Rəsulu (sallallahu əleyhi və səlləm):

− Sən niyə ağlayırsan?

− Allaha and olsun ki, özümə deyil, Sizə bir ziyan dəyəcəyinə görə ağlayıram, ey Allahın Rəsulu! − deyir.

Lap yaxınlaşdıqda gələn adamın Suraqa olduğunu görürlər. Hz. Əbu Bəkirdəki narahatlıq və təlaş davam edirdi. Allah Rəsulu (s.ə.s.) dönüb diqqətlə Suraqaya baxır. Bəlkə də, gözləri ilə onu əsir alıb təsirsiz hala gətirmək istəyirdi: Düşmən kimi arxalarınca at çapan Suraqanı sanki gözləri ilə yaxalayıb yerə çırpacaqdı.

Bir də meydanda ilahi dərgaha yönəliş vardı. Allah Rəsulunun (s.ə.s.) dodaqları tərpənirdi, dua edirdi:

− Allahım! Bu gələn adam haqqında bizə dilədiyin kimi dəstək ol və güc ver, − deyir və digər tərəfdən də Suraqaya nəzər yetirirdi.

Peyğəmbərin baxışının ona toxunması ilə, həm də heç gözləmədiyi bir anda Suraqanın altındakı atın ayaqları quma saplanır. Suraqa bir neçə metr qabağa yuvarlanmış və düşdüyü yerdən toz buludu qalxmışdı.

Suraqa əvvəlcə bunun bir qəza olduğunu fikirləşir. Amma heç qəzaya bənzəmirdi. Çünki ətrafa nəzər saldıqda yıxılmasına heç cür səbəb tapa bilmir. Yoxsa danışılanlar həqiqət idi? Məhəmmədül-Əmin, doğrudan da, peyğəmbər idi? Bəlkə, doğrudur? Bir müddət bütün bunları beynində götür-qoy edir. Başqa çıxış yolu görünmürdü  və yazıq baxışlarla İnsanlığın Əminini süzür. Eyni zamanda:

−  Mənim üçün Allaha dua et ki, buradan xilas olum, − deyir və əlavə edir:

− Söz verirəm, buradan qurtulan kimi, Sənin arxanca gəlməyəcəyəm və təqibdən də əl çəkəcəyəm!

O (sallallahu əleyhi və səlləm), bir peyğəmbərdir. Heç mümkün idimi ki, kimsə Ondan xahiş etsin, O da sözü yerə salsın? Bunu istəyən can düşməni olsa belə...

Suraqa heç nə olmamış kimi xilas olur. Amma bu iki adamın başı üçün vəd edilən mükafatın dəyəri ağlını başından çıxarmışdı. Özünə gələr-gəlməz yenə atına minir və arxalarınca mahmızlamaq istəyir. Yenə eyni baxışlar Suraqanın üzünə dikilir və atın qabaq ayaqları quma saplanır. Yenə yıxıldığı yerdən havaya nəhəng toz buludu qalxır. Sarsıntı keçirirdi: heç bir səbəbsiz atın qabaq ayaqları bayaqkından da dərinə batmış və heç cür çıxa bilmirdi.

Bunlara bir məna verə bilmirdi... Neçə ildir bu yerlərdə at çapırdı, amma belə bir hadisə ilə ilk dəfə üzləşirdi. Yox... Yox... Bəlkə də, Əbu Cəhil deyil, Əbu Bəkir haqlı idi. Elə isə, Allahın yardımı ilə yol gedən bu adamlara pislik etməyə çalışmaq mənasız idi. Bu dəfə ürəkdən səslənir:

− Ya Məhəmməd! Başa düşdüm ki, bütün bu başıma gələnlərə səbəb Sənin duandır. Mənim filan yerdə dəvələrim var, onlardan istədiyini götür, amma nə olar, bu dəfə də dua et, buradan xilas olum. Söz verirəm, tövbə edirəm, əsla arxanca düşməyəcəyəm. Əvvəlcə:

− Mənim sənin dəvələrinə ehtiyacım yoxdur, − deyə cavab verir Allah Rəsulu (sallallahu əleyhi və səlləm). Ardınca da xilas olması üçün dua edir. Suraqa artıq atı ilə birlikdə ayaq üstə idi.[25]

Toz-torpaq içində yerdən qalxarkən, kim bilir, onun ruh dünyasında nələr baş vermişdi, yerdən qalxıb doğrulanda Suraqanın halındakı dəyişikliyi sezmək çətin deyildi. Hz. Əbu Bəkir baş verənləri heyrət və təşviş içində seyr edir, Rəsulullahın (s.ə.s.) bir daha qorunmasına şahidlik həzzi ilə Rəbbinə şükür edirdi. Artıq Suraqa da büdrəyən atının ardınca Rəsulullahın qarşısında diz çökmək üzrə idi. Üstünə təslimiyyətin boyası çökmüş, yavaş-yavaş Allah Rəsulunun  hüzuruna gəlirdi. Sanki “Sən də mi?” deyən məna dolu Peyğəmbər baxışlarına:

− Bəli, mən də, ey Allahın Rəsulu, − deyə cavab verir öncə. Sonra da Ona söz verir: geri dönəcək və arxadan gələn bütün düşmənlərini başqa istiqamətə  yönəldəcəkdi.[26]

Hər kəs özünə görə fədakarlıq etməli və ehtiyac olan yerdə Haqq naminə məharətini göstərməli idi. Artıq Suraqa da Allah yoluna rəvan olmuş, Rəsulullahın müdafiəçilərindən birinə çevrilmişdi. Peyğəmbərimiz (s.ə.s.) bu müjdə ilə Suraqanın ardınca səslənir:

− Kisranın (Ərəblərin İran şahlarına verdiyi ad) iki bilərziyinə sahib olacağın gün, görəsən, halın necə olacaq, ey Suraqa?[27]

Xilas olması müqabilində heç bir əvəz ödəmədi, əksinə, həm İslamla şərəflənmiş, həm də istiqbalı ilə bağlı xəbərlə müjdələnmişdi. Bu isə o dövrün  iki ən böyük dövlətindən birinin yaxın vaxtlarda diz çökəcəyi və Suraqanın gücü təmsil edən hökmdar bilərziklərinə də  sahib olacağı mənasına gəlirdi. Əvvəlcə inana bilmir və:

− Hörmüzün oğlu Kisranınmı? − deyə təlaşla soruşur.

− Bəli, − deyirdi Allah Rəsulu.

Eyni zamanda, bu, Suraqa da başda olmaqla bütün ümmətinə yeni hədəf göstərirdi. Öldürmək məqsədilə arxasınca düşdüyü adamın dizinin dibində İslamı qəbul edən Suraqa da Peyğəmbərimizin yazdırdığı fərman və tapşırığı almış, artıq Məkkəyə qayıdırdı.[28]

 Bir az əvvəl Peyğəmbərimizi öldürmək niyyəti ilə yola düşən bu insan, imanı dadandan sonra Rəsulullahı təqib edən başqa adamları da geri qaytaracaq və gəldiyi istiqamətdə heç kimin olmadığını bildirəcəkdi.

Hicrət yolunun xariqələri

Hz. Əbu Bəkir yol boyu Peyğəmbərimizə (s.ə.s.) ən kiçik xətər toxunmasın deyə, əlindən gələni edir və Onun rahat olması üçün səy göstərirdi. Dincəlmək istəyəndə tez Allah Rəsulu üçün kölgələnməyə ağac axtarıb tapır, Rəsulullah istirahət edərkən də yemək-içmək tədarükü görürdü.[29]

Zaman-zaman da Hz. Əbu Bəkirin qabağına ticarətdə tanıdığı adamlardan bəziləri çıxır və yanındakı adamın kim olduğunu soruşurdu. Hz. Əbu Bəkir də tərəddüdsüz:

− Bu, mənə doğru yolu öyrədən adamdır, − deyir və məsələni iki cür başa düşüləcək bir üslubla çatdırmağa çalışırdı. O, həm bununla yalan danışmır, həm də doğru danışaraq vəziyyətdən asanlıqla çıxırdı.[30]

Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) isə hər bir şəraiti imana dəvət etmək üçün dəyərləndirmək istəyir: yolda rastlarına çıxan hər kəslə danışır və onlara Rəbbindən bəhs edirdi. Bəzən bir çobanla oturub söhbət edir, bəzən də yemək istədikləri adamlara Allah haqqında danışırdı. Bu arada Allahın bir çox neməti leysan olub Onun üstünə yağır və yanındakılar da möcüzələrə şahid olurdular. Bəlkə də, Allah Rəsulu (sallallahu əleyhi və səlləm) bu hərəkətləri ilə şəraitdən və məkandan asılı olmayaraq, hər bir möminin Rəbbindən danışmaq üçün mütləq bir çıxış yolu tapmalı olduğunu göstərir, zindanları da saraylara çevirən ruhi-mənəvi halın nümunələrini ortaya qoyurdu.

Bu vaxt qoyun otaran bir çoban Peyğəmbərimizlə (sallallahu əleyhi və səlləm) birlikdə Hz. Əbu Bəkirin Mədinəyə tərəf üz tutduğunu görmüş və bunu Məkkə camaatına xəbər vermək istəmişdi. Özünü tələm-tələsik Məkkəyə çatdıran həmin çoban bu qədər yolu niyə gəldiyini heç cür yadına sala bilməmişdi. Xatırlamaq üçün xeyli gözləmiş, amma mümkün olmamışdı. Və yenidən qoyunlarının yanına qayıtmışdı.[31]

Süd möcüzəsi

Yolda yenə bir çobana rəst gəlir və ondan süd istəyirlər. Çoban:

− Sürümdə qışın əvvəllərində boğaz olan bu keçidən başqa sağılası heyvan yoxdur. O da balasını saldığı üçün süddən kəsildi, − deyir. Bunu eşidən Hz. Əbu Bəkir Peyğəmbərimizə (s.ə.s.) tərəf dönüb:

− Buna dua edərsinizmi, ey Allahın Rəsulu?− deyir. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) can yoldaşının qəlbini qırmayacaq və dua edəcəkdi. Bu vaxt Hz. Əbu Bəkirin göstərişi ilə həmin keçi tutulmuş və Rəsulullahın önünə gətirilmişdi. Hz. Məhəmməd bir tərəfdən dua edir, digər yandan da mübarək əlləri ilə keçinin məmələrini sığallayırdı. Elə oradaca keçinin məmələri südlə dolmağa başlamışdı.

Hz. Əbu Bəkir (r.a.) tez gedib bir qab tapmış və məmələri dolan keçini sağmağa başlamışdı... Südü sağıb içməyə başlayınca o anacan sakitcə onları seyr edən çobanın dili açılacaq və:

− And verirəm Allaha, de görüm Sən kimsən? Vallah, bu günə qədər Sənin kimi adam görməmişəm, − deyəcəkdi. Peyğəmbərimiz (s.ə.s.) çobana yaxınlaşır:

− Kim olduğumu sənə söyləsəm, başqasına deməyəcəyinə söz verərsənmi? − deyə soruşur. Çoban:

− Bəli, − deyir.

− Mən Allahın Rəsulu Məhəmmədəm, − deyə buyurur.

Bunu eşidincə çobanın gözləri böyüyəcək, az qala hədəqəsindən çıxacaqdı:

− Yəni Sən Qureyşin sabi sandığı həmin adamsan? − deyə təəccüblə soruşur.

− Onlar belə deyirlər, − deyə cavab verir Alah Rəsulu (s.ə.s.). Bu, onların Hz. Məhəmmədə aid etdiyi bir ifadə idi. Bu qısa dialoqun nəticəsi özünü elə oradaca göstərməyə başlamış, çoban təslim olmuşdu:

− Mən şəhadət gətirirəm ki, Sən Peyğəmbərsən və yenə şəhadət gətirirəm ki, Sənin gətirdiyin Haqdır. Çünki Sənin bu etdiklərini ancaq bir peyğəmbər edə bilər. Mən də Sənə tabe oluram.

Adamın belə qısa vaxtda imanla tanış olması və tanış olarkən də bu cür həyəcanlanması Peyğəmbərimizin diqqətini cəlb etmiş və ona nəsihət etmək lüzumunu duymuşdu. Çünki o gün bu həyəcana tab gətiriləsi vaxt deyildi. Buna görə də Rəsulullah (sallallahu əleyhi və səlləm) belə buyurur:

− Bu gün sən buna güc yetirə bilməzsən! Ən yaxşısı, sən bizim bu işimizin nə vaxt ətrafa yayıldığını eşitsən, o zaman yanımıza gəl![32]

Ümmü Məbəd

Ümmü Məbəd yaşlı və iri cüssəli bir qadın idi. Huzaaoğullarının yurdundakı çadırının qabağında oturur və yoldan ötənlərə yemək verirdi. Allah Rəsulu (s.ə.s.) və yoldaşlarının da yolu buradan keçirdi. Təxminən  yüz otuz kilometr məsafə qət etdikdən sonra onun çadırının olduğu yerə gəlib çatmışdılar. Ümmü Məbəddən pulu ilə yemək istəyirlər. Amma tale elə gətirmişdi ki, həmin gün qadının yanında satılası yeməyi qalmamışdı. Çünki xeyli vaxt idi ki, yağış yağmırdı: yaşıllıqlar qurumuş, qıtlıq  hökm  sürürdü.

Bu vaxt Allah Rəsulu (sallallahu əleyhi və səlləm) çadırın yanında dayanan qoyunu göstərərək:

− Ey Ümmü Məbəd! Bu qoyuna nə olub? Niyə burada dayanıb? − deyə soruşur. Ümmü Məbəd:

− Yazıq acından taqəti qalmadığı üçün sürü ilə gedə bilmədi, − deyir.

− Onun südü varmı? − deyə Rəsulullah (sallallahu əleyhi və səlləm) ikinci dəfə soruşur.

− Güclə ayaq üstə durur, südü haradan olsun? − deyə qadın cavab verir. Bu sözlərdən sonra Allah Rəsulu (s.ə.s.):

− Onu sağmağıma icazə verərsənmi? − deyir. Mümkün olmayan bir şey istənilirdi. Dərisi sümüyünə yapışmış və bütün günü yataraq keçirən bir qoyundan da heç süd çıxardımı? Buna görə də:

− Atam-anam Sənə qurban olsun, əgər onda bircə damcı süd tapa bilsən, əlbəttə, sağ, − deyirdi gülə-gülə!

Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) artıq qoyunun yiyəsindən razılıq almışdı. Qoyunun yanına gedərək dua etməyə başlayır. Allahın adını çəkir, südsüz məmələrə süd verməsi üçün Rəbbinə yalvarır, bir tərəfdən də büzüşmüş məmələri sığallayırdı. Bu vaxt Ümmü Məbəd bihudə sandığı bu işə bir məna verə bilməsə də,  kənardan tamaşa edirdi.

Qoyun birdən-birə canlanmış və ayağa durmuşdu. Bu hələ harası idi? Qoyunun məmələri südlə dolurdu! Bunu görən Allah Rəsulu (s.ə.s.) tez bir qab istəmiş və süd daşan məmələri sağmağa başlamışdı. Elə bil bir az əvvəlki o quru məmələr indi süd bulağına bağlanmışdı və onlardan bol-bol süd gəlirdi.

Rəsulullah (sallallahu əleyhi və səlləm) qabdakı süddən, heyrət dolu baxışlarla məsələni anlamağa çalışan Ümmü Məbədə verir. Bəlkə də, bununla gördüklərinin xəyal deyil, əksinə, həqiqət olduğunu göstərmək istəyirdi. Ümmü Məbəd qabı alır və doyunca içir. Sonra aylardır qarınları doymayan uşaqlarına da doyunca içirdir. Evdəki sonuncu adam da süddən içib doyandan sonra Peyğəmbərimiz (s.ə.s.) yenə qoyunu qab dolana qədər sağır.

Hər kəs doymuş, hələ bir qab süd də artıq qalmışdı. Ayrılmaq vaxtı çatmışdı. Əslində onun kimi bir adama başqa bir şey başa salmağa ehtiyac yox idi. Bir dəvətlə  Ümmü Məbəd elə oradaca müsəlman olur.

Qoyunları bütün günü otarmağa çalışdığı halda, heç cür doyura bilməyən əri Əbu Məbəd axşam sürüsü ilə evinə dönür. Qabdakı südü görüb:

− Ey Ümmü Məbəd! Bu qabdakı süd nədir? Qoyunlar burada deyildi, burada olsaydılar da, heç birində süd yoxdur, − deyir.

Bu böyük qadın şahid olduqlarını danışır ərinə:

− Allaha and olsun ki, bu gün bura çox müqəddəs adamlar gəldi, − deyə bir-bir danışır gördüklərini. Əbu Məbəd də həyəcanlanmışdı:

− Əlamətlərini təsvir edə bilərsənmi? − deyə soruşur. Aydın idi ki, beynində bir əlaqə qurmuşdu. Ümmü Məbəd Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) rəsmini çəkirmiş kimi danışmağa başlayır:

− Nur üzlü bir adam idi. Gözəl və parlaq sifəti vardı. Fitrətən yaraşıqlı və düz qamətli idi. Nə qarnı qabağa çıxmışdı, nə başı balacaydı, nə də qüsurlu. Orta boylu idi, çox gözəl və orta bədən quruluşu vardı. Gözləri qara, gözünün kənarları da uzundu. Səsində məxmər kimi mülayimlik vardı. Çiyinləri geniş, saqqalı da sıx idi. Qaşları da uzaqdan seziləcək qədər aydın görünürdü. Sakit dayanarkən üzərində vüqar, danışarkən məclisində cəzbedicilik hakim idi. Allahın adını anaraq danışmağa başlayır və Onu daim uca tuturdu. Uzaqdan baxanda insanların ən gözəli və gözəgəlimlisi idi, yaxınlaşanda isə camal və ehsanın zirvəsini təmsil edirdi. Söylədikləri inci-inci (dənə-dənə) idi və səsi nə yüksək, nə alçaq idi. Məntiqi şeir kimi axıcı idi. Nə hamıdan hündür olacaq qədər uzunboylu, nə də insanlar arasında seçilməyəcək qədər bəstəboy idi. O, iki budaq arasında dayanan üçüncü budaq kimi idi. Üç nəfərin arasında qızıl kimi parıldayırdı və görünüş etibarilə də onların ən yaraşıqlısı idi. Yoldaşları ətrafında pərvanə kimi dolanır, bir bəyanı olanda Onu diqqətlə dinləyir, Ondan bir buyruq eçidincə dərhal yerinə yetirirdilər. Başına fırlanır  və hər arzusunu yerinə yetirmək üçün heç bir itaətsizlik göstərmədən, ürəkdən işə başlayır, sanki bir-biri ilə yarışırdılar.

Əbu Məbədin gözləri dörd olmuş, az qala hədəqəsindən çıxacaqdı: demə, o, evdə olmadığı vaxt evinə səadət günəşi gəlmiş, amma onun xəbəri olmamışdı. Allah Rəsulunun sözlə rəsmini çəkən və evinə təşrif gətirən qonağını bu qədər təfsilatlı və detallı təsvir edən xanımına həyəcanla belə deyir:

− Bu, bizə bəhs edilən Qureyşin adamı deyil ki? − və bunları əlavə edir:

− Nə qədər istərdim ki, mən də Ona çatım və Onunla yoldaş olum! Əgər bir gün buna gücüm çatsa, Məkkəyə gedib səsim çıxdığı qədər Onun fəzilətindən  danışacağam! Qoy insanlar bu səsin haradan gəldiyini bilməsinlər, vacib deyil, çünki vacib olan səsin sahibi deyil, səsin dedikləridir.

Bunların ardınca Əbu Məbəd hisslərini şeirin qəliblərinə tökərək Peyğəmbərimizi vəsf etməyə başlayacaqdı.

Çox keçmədən də, Kəbədə bir səs ucalacaqdı. Bu səs Ümmü Məbədin çadırına baş çəkən iki yoldaşdan danışır, onların bu çadıra necə bərəkət gətirməsindən, Ümmü Məbədin necə müsəlman olmasından bəhs edirdi. Bütün gözlər bu iki adamı arayırdı. Səsin sahibi Hz. Məhəmməd və Əbu Bəkirin adını çəkir və südü qurumuş qoyunların necə süd verdiyini ifadə edərək bu iki adamın fəzilətini dilə gətirməkdən yorulmurdu.[33]

Hz. Əbu Bəkirin qızı Hz. Əsma bu xəbəri eşidər-eşitməz bir göz qırpımında səs gələn tərəfə gedir. Çünki neçə vaxt idi ki, nə Rəsulullahdan  (sallallahu əleyhi və səlləm), nə də atası Hz. Əbu Bəkirdən bir xəbər ala bilmişdilər. Sadəcə Məkkədən çıxdıqlarını bilir, amma hara getdiklərindən və bu səfərdə başlarına nələrin gəldiyindən xəbərsiz idilər. Bu adamın sözlərini eşidəndən sonra, başa düşmüşdülər kı, Allah Rəsulu (s.ə.s.) və sadiq dostu Hz. Əbu Bəkir Mədinə istiqamətində gedir.[34]

Bureydə ibn Huseyb

Səfər zamanı təxminən səksən evlik bir kəndin yanından keçərkən bir nəfərlə rastlaşırlar. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) Bureydə ibn Huseyb adlı bu adamdan:

− Sən kimsən? − deyə soruşur.

− Mən Bureydəyəm, − deyir önündəki adam. Bundan sonra gülümsəyən Allah Rəsulu (s.ə.s.) Hz. Əbu Bəkirə tərəf dönüb:

− Ey Əbu Bəkir! İşimiz “bərdü salam”a (salamatlıqla nəticələnmək mənasında bir ifadə) yetişib sülhlə nəticələndi,  − buyurur və  yenə soruşur:

− Bəs haralısan?

− Əsləmdənəm, − deyir. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) bu dəfə də sadiq dostu Əbu Bəkirə:

− Artıq əmin-amanlığa çatdıq deməkdir, − deyir. Allah Rəsulu aldığı cavabları yozur və eşitdiyi hər sözə paralel mənalar verirdi. Bəlkə də, bu qədər çətinliklərlə başlayıb sıxıntılarla yoğrulan səfərin yorğunluğunu lətifələrin ənginliyində yumşaltmaq və yoldaşlarının da əhval-ruhiyyəsini yüksəltmək istəyirdi. Yenə Bureydədən belə soruşur:

− Bəs kimlərdənsən?

Bureydə:

− Səhmoğullarındanam, − cavabını verir. Rəsulullah (s.ə.s.) mübarək üzünü yenə yol yoldaşına  çevirir:

− Artıq ox yayından çıxdı və hədəfıni tapdı, − buyurur. Aydın olurdu ki, təsadüfə heç bir yer olmayan bir dünyada Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) Allahın rastına çıxardığı belə bir mənzərəni dəyərləndirir, varlığın pərdə arxasından təqdim olunan bəyanları alır və bu bilgiləri də lətifə üslubu ilə Hz. Əbu Bəkirlə bölüşürdü.[35]

Sonra oturub xeyli söhbət etdilər. Bureydə bu cür zarafatla danışan adamın kim olduğunu öyrənmək istəyirdi. Bu dəfə Bureydə soruşur:

− Bəs Sən kimsən?

− Abdullahın oğlu və Allahın Rəsulu Məhəmməd, − buyurur Rəsulullah (s.ə.s.).

Bəli, bu qədər duruluq və duruşdakı ululuq ancaq bir Peyğəmbərdə ola bilərdi. Bir anda əhvalı dəyişmiş, axtardığı qismət ayağına kimi gəlmişdi, amma bundan xəbəri yox idi. Ürəkdən:

− Əşhədu ən lə iləhə illəllah və əşhədu ənnə Məhəmmədən abduhu və Rəsuluh, − deyə şəhadət gətirir.

Bureydə də artıq müsəlman olmuşdu, amma o, bu yolda tək deyildi. Bir az keçmiş, öz qəbiləsindən onunla birlikdə olan hər kəs bu yeni dini qəbul edəcək, heç bir təzyiq və zorakılıq görmədən öz azad iradələri ilə müsəlman olacaqdılar.

Allah Rəsulu Uca Allaha şükür edirdi:

− Səhmoğullarından heç bir məcburiyyət olmadan və yalnız (Allaha) itaət etmək düşüncəsi ilə müsəlman olanlara görə Allaha həmd olsun!

Və Bureydə qəbiləsindən müsəlman olanlarla birlikdə Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) arxasında səf bağlayıb yatsı namazını qılacaq, beləliklə, Məkkədə yaşanan çətinlik, İslama laqeyd yanaşılmasından sonra Mədinə yolunda necə bir ilahi ehsanla qarşılaşdıqlarını felən  göstərəcəkdi.

Səhər tezdən qaça-qaça Rəsulullahın (s.ə.s.) hüzuruna gələn Hz. Bureydə  coşmuş  və həyəcanını bu sözlərlə ifadə etmişdi:

− Ey Allahın Rəsulu! Sənin kimi bir adam bayraqdarsız Mədinəyə daxil olmamalıdır!

Bunu deyə-deyə başındakı sarğısını açmış və nizəsinə dolamağa başlamışdı. Belə bir səmimi təklifə Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) də etiraz etməyəcək və Allah Rəsulu (s.ə.s.) Mədinəyə gələnə qədər  Hz. Bureydə Onun qarşısında yürüyəcəkdi.[36]

Əbu Əvsin həssaslığı

Bu müqəddəs yolçuların Arcdan keçən yolları Qubaya yaxınlaşmış, məşəqqətli səfər artıq başa çatmaq üzrə idi. Ancaq dəvələri yorulmuş, addımları xeyli yavaşımışdı. Bu səbəbdən, Hz. Əbu Bəkirlə Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) dəvələrdən birininin dincəlməsi üçün ikisi bir  dəvəyə minib yola davam edirlər.

Cuhfə və Hərşa arasında Əbu Əvs Təmim ibn Hacər adlı bir adamla qarşılaşırlar. Onların bu halını görən Əvs dərhal bir dəvə təşkil edir. Nökəri Məsudu da Onlara qoşur və bu müqəddəs yolçuları Mədinəyə sağ-salamat çatdırmağı dönə-dönə tapşırır:

− Bunlarla birlikdə get və heç kimin bilmədiyi bu yoldan istifadə et! Mədinəyə çatanadək onların yanından uzaqlaşma, − deyirdi.[37]

Rim adlı yerə çatanda isə tanış bir sima ilə rastlaşırlar. Bunlar Şam tərəfə ticarətə gedib indi də qayıdan Zübeyr ibn Avvam və yoldaşları idi. Hər iki tərəf sevinirdi, çünki Zübeyr həm də Peyğəmbərimizin bibisi oğlu idi. Eyni zamanda, bu, müqəddəs yolçuların yorğunluğuna su səpən bir görüş idi. Hz. Zübeyr həm Hz. Əbu Bəkir, həm də Peyğəmbərimiz (s.ə.s.) üçün hazırladığı ağ paltarları çıxarmış və geyinmələri üçün onlara təqdim etmişdi.[38]

İlk qarşılama həyəcanı

Bu vaxt Mədinə böyük bir həyəcan yaşayır, Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) təşrifini intizarla gözləyirdi. Buna görə də, ilk qarşılama yerinə − Harraya yığışır və həsrət dolu gözlərini yollara dikirdilər. Bu bölgə  ümumilikdə Quba adlanırdı.

Mədinə yolçuların Məkkədən nə vaxt çıxdıqlarını bilirdi və buna əsasən, Mədinəyə çatacaqları vaxtı təxmin etmişdi. Və onlar günün ilk işıqları ilə birlikdə şəhərin kənarına çıxıb gözləyirdilər. Günortanın istisi düşənə qədər orada durur, gəlmədiyini görüb kölgəliyə çəkilir, ikindi vaxtı çatınca yenidən gözləməyə başlayırdılar. Yolçuların Sevrdə nə qədər qaldığını bilmir və ona görə də, gecikmələrindən kədərlənirdilər. Düz üç gün bu minvalla gözlədilər.

Rəbiüləvvəl ayının səkkizinci günü, bazar ertəsi idi. Üçüncü günün günorta vaxtı çatmış, insanlar yenə kölgəliyə çəkilib eləcə gözləyirdilər. Bu vaxt uzaqdan bir carçının səsi eşidilir. Səs gələn tərəfə boylanırlar: bu, mədinəli bir yəhudinin səsi idi. Allah (cəllə cəlaluhu) ənsar və mühacirləri belə bir xəbərlə müjdələmək işini bir yəhudiyə qismət etmişdi. Bəlkə də, bununla bir şey demək istəyirdi. Çünki yəhudilər Mədinə şəhərində çoxluq təşkil edirdi. Həmin yəhudi həyəcanla və səsi gəldiyi qədər belə səslənirdi:

− Ey Qayləoğulları! Budur, sizin gözlədiyiniz Yoldaşınız gəlir!

Mədinə həyəcana gəlmiş bir ürək kimi döyünürdü. Dərhal qarşılamaq üçün qaçmağa başlayırlar: təkbir (Allahu Əkbər) səsləri təhlillərə ( Lə iləhə illəllah) qarışmış, Mədinə oxunan şeirlərlə bir anda bayram havasına bürünmüşdü. Rəbiüləvvəl ayının ilk günü Sevrdən başlayan və bir həftə davam edən bu səfər Qubada sona çatmışdı.

Bir tərəfdən də mədinəli müsəlmanlar silaha sarılmışdı; bir problem çıxmaması üçün lazımi tədbirləri də unutmur, Harrə adlı yerdə böyük mərasimlə Allah Rəsulunu qarşılayırdılar.[39]

Qubada istirahət

Qonaqlar Qubaya daxil olduğu andan etibarən  hər kəs Onu qonaq saxlamağa can atır, hərə öz evinə dəvət edirdi. Ancaq Allah Rəsulu Nəccaroğullarının olduğu yeri seçir. Nəccaroğulları həm də Abdulmuttalibin qohumları idi. Yolda gedərkən insanlar Onu dövrəyə alır, məkkəlilərin ölümünə fərman verdikləri Peyğəmbəri bağırlarına basır və ürəkdən qucaqlayırdılar. Nur camalını görmək üçün evlərin damına çıxanlar, göz-gözə gəlmək üçün pəncərələrdən boylananlar vardı...

− Hansıdır O? O, hansıdır? − deyə bir-birindən soruşur, görə bilmək üçün can atırdılar. Dillərində bir söz vardı:

− Ya Məhəmməd!

− Ey Allahın Rəsulu!

− Ya Məhəmməd!

− Ey Allahın Elçisi!

Sanki Ənsar illərin qovurduğu qıtlıqdan, susuzluqdan tükənmiş, Peyğəmbərimiz (s.ə.s.) də rəhmət olub onların üstünə yağırdı. Rəsulullahın adını tələffüz edərkən Onu iliklərinəcən hiss etmələri hər hallarından oxunurdu.

İnsanlar axışaraq Allah Rəsulunu (s.ə.s.) görmək üçün oraya gəlirdilər. Yanlarına qədər gəldiyi halda, heç Onu görməmək olardımı? Aylarla, bəziləri hətta illərlə Onu yuxularında görmüş, bu günü bir xəyal kimi təsəvvür etmiş və vüslət duaları ilə, bayram şeirləri ilə coşmuşdular. İndi isə O lap yaxında idi.

Rəsulullahın (sallallahu əleyhi və səlləm) qonaq qaldığı yer Külsüm ibnul-Hədm məhəlləsində idi. Ancaq O (s.ə.s.), Məkkədə olduğu kimi, burada da bir yerdə dayanmayacaq və insanlara həqiqətləri anlatmaq üçün onların olduğu yerlərə gedəcəkdi. Bu məqsədlə Sad ibn Haysəmənin evinə təşrif buyuracaq və ora toplaşan gənclərlə uzun-uzadı söhbət edəcəkdi. Çünki Sad ibn Haysəmənin evi subayların yığışdığı məkan kimi tanınırdı. Hətta bəzi insanlar məhz bu səbəbdən (Rəsulullah tez-tez ora getdiyinə görə) Allah Rəsulunun Qubada Haysəmənin evində qaldığını qeyd edirlər.[40]

Təbii ki, Ənsarın hamısı hələ Allah Rəsulunu (sallallahu əleyhi və səlləm) görə bilməmişdi və buna görə də, “Xoş gəldin” demək üçün hüzura gələnlər kimin Allahın Rəsulu (s.ə.s.) olduğunu dərhal başa düşə bilmirdi. Çünki ilk dəfə Onunla şərəflənəcəkdilər! Hz. Əbu Bəkir ayaq üstə dayanır, Peyğəmbərimiz isə sükut içində otururdu. Onlara tərəf gələn insan selinin hədəfi bir anda ayaq  üstə dayanan Hz. Əbu Bəkirə istiqamətlənmişdi! Hz. Əbu Bəkir (r.a.) bu anlaşılmazlıqdan dolayı xəcalət çəkəcək və Peyğəmbərimizi işarə etmək üçün tez əbasının bir tərəfi ilə Ona kölgə salaraq kimin Allah Rəsulu olduğunu bu hərəkəti ilə göstərəcəkdi. Məsələ indi aydınlaşmışdı və artıq hər kəs Peyğəmbər hüzurunda dayanıb: “Xoş gəldin, ya  Rəsulallah!” − deyirdi.[41]

Bu vaxt Peyğəmbərimizin əmanətlərini sahiblərinə qaytaran və hər haqq sahibinə haqqını təhvil verən Hz. Əli də ilk müsəlmanlardan olan Süheyb ibn Sinanla[42] üç gün sonra payi-piyada Məkkədən çıxaraq hicrət etmiş və artıq bu gün Qubada, ayrı düşdüyü Peyğəmbərimizə (sallallahu əleyhi və səlləm) və Hz. Əbu Bəkirə yenidən qovuşmuşdu.[43]

Bir təhlükə ilə qarşılaşmamaq üçün gecələr də yol gələn Hz. Əlinin ayaqları yara içində idi, yeriməkdən şişmişdi. Onun bu halını görən Allah Rəsulu (sallallahu əleyhi və səlləm) əvvəlcə qollarını açıb onu qucaqlayacaq və gözlərinin yaşını saxlaya bilməyəcəkdi. Sonra da tüpürcəyindən yüngülcə onun ayağındakı yaraların üstünə sürtəcək və arxasınca da dua edib müalicəsi ilə bağlı tövsiyələrini verəcəkdi. Çox keçmədən, Hz. Əlinin ayaqlarındakı ağrılar kəsiləcək və bir anda əziyyətdən  qurtulacaqdı.[44]

Rəsulullah (s.ə.s.) və Hz. Əbu Bəkir (r.a.) dörd gün[45] Qubada qonaq qalacaq və bu ərəfədə burada məscid də inşa edəcəkdilər. Sonralar ”Quba məscidi” adı ilə anılan bu məscid həm də İslamın ilk məscidi kimi tanınacaqdı.

Həftənin cümə günü gəlincə də Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) insanları bu məsciddə toplayacaq və ilk dəfə onlara cümə namazını qıldıracaqdı.[46]

İlk xütbə

İnsanlığın Xatibi Allah Rəsulu (s.ə.s.) Qubada qurulan minbərə çıxmış, ümmətinə səslənmək üzrəydi. Bu, həmçinin Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) Mədinədə ilk xütbəsi idi. Öncə Rəbbinə şükür edir, layiq olduğu şəkildə Onun bütün nöqsanlardan uzaq olduğunu bildirir və sonra da Allahı mədh edir və camaata  səslənir:

− Ey insanlar! Axirət həyatı üçün gələcəyinizə sərmayə qoyun! Sabah bunların hamısını görəcəksiniz. Allaha and olsun ki, sizin hər biriniz sabah ağlı başına gəlib qoyunlarını çobansız olaraq başsız buraxanda Rəbbi ilə baş-başa qalacaq, Allah (c.c.) arada heç bir tərcüman və pərdə olmadan ondan soruşacaq:

− Peyğəmbərim sənə gəlib təbliğ etmədimi? Mən də sənə bu qədər mal-mülk verib onları önünə sərmədimmi? Bəs sən bu günün üçün hansı sərmayəni qoydun?

Bu xitabla üzləşən insan əvvəlcə sağ və sol tərəfinə baxar, əl atmağa bir budaq tapa bilməz! Sonra önünə baxar: Cəhənnəm də bütün dəhşəti ilə qarşısındadır. Sizdən hər kim, yarım xurma da olsa, cəhənnəmdən özünü qoruya bilirsə, bunu mütləq etsin! Əgər bunu da tapa bilmirsə, heç olmasa gözəl sözlər danışsın. Çünki burada hər bir yaxşılıq orada ən azı on qat əvəzini görər ki, bu  da yeddi yüz qata qədər arta bilər.

Allahın mərhəməti və bərəkəti üzərinizə olsun!

Bu xitab xütbənin birinci hissəsini təşkil edirdi və minbərdə bir qədər oturandan sonra ayağa qalxan Allah Rəsulu (sallallahu əleyhi və səlləm) belə davam edir:

− Şübhəsiz ki, həmd Allah üçündür. Mən də Ona həmd edir və yenə köməyi Ondan istəyirəm. Nəfslərimizin şərindən də, əməllərimizin pis olanından da Onun mərhəmətinə sığınırıq. Şübhə yoxdur ki, Allahın hidayət verdiyini heç kim zəlalətə sala bilməz, zəlalətdə təkid edib qəlbinə möhür vurulanı da heç kim hidayətdə saxlaya bilməz.

Mən şəhadət gətirirəm ki, Allahdan başqa ilah yoxdur, O, təkdir və şəriki yoxdur. Sözün ən gözəli Allahın kitabıdır. Şübhəsiz ki, Allah (cəllə cəlaluhu) küfrdən sonra iman iqlimini hər kimə qismət etmişsə, qəlbini iman nuru ilə süsləyib insanların cazibədar sözləri əvəzinə Rəbbinin əbədi ifadələrinə ram olmağı nəsib etmişsə, deməli, o qurtulmuşdur. Şübhə yoxdur ki, Allah kəlamı − sözün ən gözəl və ahəngli olanıdır.

Siz Allahın sevdiklərini sevin və qəlblərinizə Allah sevgisini yerləşdirin! Allah kəlamından usanaraq Allahın adını zikr etməkdən uzaq olmayın ki, qəlbiniz qatılaşmasın! Çünki Allah (cəllə cəlaluhu) yaratdıqları arasından bəzilərinə üstünlük verib onları digərləri arasından seçər!

Əməllərin ən xeyirlisini Allah bizə bildirmiş və qarşımıza qoymuş, bəndələri arasından bəzilərinı seçərək rəhbər etmiş və sözlərin içindən də ən gözəl və saleh (təmiz) olanlarını açıq-aşkar bəyan etmişdir. İnsanlara verilən halal və haram nə varsa, artıq bunlar sabitləşmiş, gizli heç nə qalmamışdır.

Gəlin, Allaha qulluqda yarışın və qətiyyən Ona heç bir şərik qoşmayın. Ondan təqvaya uyğun qorxu ilə çəkinərək mərhəmətinə sığınmaq ümidi ilə coşub əzabı qarşısında titrəyin! Saleh sözlər danışmaqla Allahın hüzurunda sədaqətinizi sübut edin! Allahın rəhməti və bərəkəti ilə aranızdakı məhəbbəti artırın! Şübhəsiz ki, Allah (cəllə cəlaluhu) əhdinin yerinə yetirilməməsindən xoşlanmaz və bunu edənləri də sevməz.

Allahın salamı hamınızın üzərinə olsun![47]

Ruhu və qəlbi doyuran bu səslənişdən sonra da Allah Rəsulu (s.ə.s.) cümə namazını qıldırır. Namazdan sonra yeni bir səfər başlayacaqdı. Bu səfər əvvəlkinə nisbətən daha qısa, məkanı isə daimi olacaqdı. Nəccaroğulları silahlarını qurşanmış, Allah Rəsulunu (sallallahu əleyhi və səlləm) aparmağa gəlmişdilər. Qabaqda Allah Rəsulu (s.ə.s.), arxada da Hz. Əbu Bəkir yola düşürlər. Nəccaroğulları Onu dövrəyə almış, ətrafına ətdən divar çəkmişdilər.[48]

Cümə namazından dörd gün də ötmüş və yenə bir bazar ertəsi Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm)  Siddiqi-Əkbərlə birlikdə Mədinə istiqamətinə üz tutmuşdu. Belə ki, bu səfər, on illik bir mərhələnin başlanğıcı demək idi.[49]

Abdullah ibn Salamın gəlişi

Abdullah ibn Salam yaxşı yəhudi alimi idi. Nəsil şəcərəsi Hz. Yusifə (ə.s.), dolayısilə də Hz. Yaquba (əleyhissalam) qədər gedib çıxırdı. İsrail oğulları arasından nəşət etmiş və mədəniyyət beşiyi olmağa hazırlaşan Mədinə ətrafındakı üç böyük yəhudi qəbiləsindən biri − Bəni Qaynuqada anadan olmuşdu.

Atası Salam da, babası Haris də görkəmli yəhudi alimləri idi. Abdullah ibn Salam da bu mühitdə fəzilətli bir alim kimi yetişmiş, şan-şöhrəti Hicaz bölgəsində dillər əzbəri olmuşdu. Gözlənilən Son Peyğəmbər haqqındakı söhbətlərə Abdullah ibn Salam da qatılmış, eyni nəsihətləri təbliğ etməyə başlamışdı.  Çünki əlindən düşməyən Tövrat da eyni məsələləri qeyd edir və Onun gələcəyini müjdələyirdi. Mədinəlilər gözlədikləri axırzaman Peyğəmbərinin Məkkədə doğulmasından xəbərdar olmasalar da, həmişə Məkkəni işarə edir və zühurun çox yaxınlaşdığını bildirirdilər. Hətta Məkkədə zühurundan sonra Onun Mədinəyə hicrət edəcəyini də deyir, zaman-zaman məğlubiyyətə uğrayanda axırzaman Peyğəmbərinin onların arasından çıxacağını bildirərək onlara qələbə qazandıracağına inanırdılar.

İndi isə Abdullah ibn Salam vəsflərini kitablardan oxuyub söhbətlərinə mövzu etdiyi Şəxslə görüşmək üzrəydi. Görünür, tale onu başqa yoldaşlarından əvvəl Allah Rəsulu ilə üz-üzə gətirəcəkdi.

Abdullah ibn Salam da Peyğəmbərimizin (s.ə.s.) gəlişini intizarla gözləyənlərdən biri idi. Əslində o, Allah Rəsulunun vəsflərini, adını, ümumi vəziyyətini və nə vaxt Mədinəyə gələcəyini də bilirdi.

Abdullah ibn Salam Rəsulullahın (sallallahu əleyhi və səlləm) Qubaya gəlməsi xəbərini eşidəndə ağacın başına çıxıb xurma yığırdı, bibisi Xalidə binti Haris də həmin ağacın altında oturmuşdu. Xəbəri eşidən kimi ucadan təkbir gətirməyə başlamışdı. Bibisi durduğu yerdə onun belə yüksək səslə təkbir gətirməsinə təəccüb edəcək:

− Allah cəzanı versin! Əgər İmran oğlu Musanın gəldiyini eşitsəydin, vallah, bundan yüksək səslə təkbir gətirməzdin, − deyə qeyzlənəcəkdi.

− Əziz bibim! Allaha and olsun ki, O, Musanın qardaşıdır. Onun dinindəndir. Musa nə ilə göndərilmişdisə, Məhəmməd də eyni vəzifə ilə göndərilmişdir, − deyərək Onu bibisinə də tanıtmağa çalışırdı. Onun bu sözlərinə bibisi:

− Ey qardaşımın oğlu! Yoxsa bu, bizim qiyamətdən əvvəl zühur edəcəyini gözlədiyimiz axırıncı Peyğəmbərdir? − deyə soruşur. Buna heç bir şübhə yox idi və Abdullah ibn Salam tərəddüdsüz:

− Bəli, − cavabını möhürləyir sualın ardına.

Bibisi də həyəcanlanmışdı. Nə deyəcəyini bilmirdi və:

− Bu Odursa, elə isə..., − deyir, sonra da əlavə edir:

− Elə isə nə gözləyirik?!

Abdullah ibn Salam da eyni şeyi fikirləşirdi, hər keçən an ziyan demək idi və birbaşa Qubaya gedir. Rəsulullahın (sallallahu əleyhi və səlləm) hüzuruna daxil olanda qarşısında nur üzlü Peyğəmbəri görür. Qeyri-ixtiyari dodaqları tərpənir:

− Allaha and olsun ki, bu simada yalan yoxdur!

 Allah Rəsulu (s.ə.s.) əshabı ilə söhbət edirdi. Abdullah ibn Salamın eşitdiyi ilk sözlər bunlar idi:

− Aranızda salamı yayın, yemək yedirin, qohumlarınıza baş çəkməyə davam edin, insanlar gecə yatarkən siz namaz qılın və əmniyyətlə cənnətə girin![50]

Bütün bunlar cənnət yolunun Buraqları (Cənnətə məxsus bir minik vasitəsi) idi... Abdullah ibn Salam onun təsirli sözlərinə və çöhrəsindəki dərinliyə vurulmuşdu. Çünki Onda gördüyü sima ancaq bir Peyğəmbərdə ola bilərdi. Nə gizlətməyə, nə də gizlənməyə ehtiyac vardı. Mədinə mədəni bir şəhər idi və ibn Salam açıq-aşkar kəlmeyi-şəhadət gətirməyə başlayır:

− Mən şəhadət edirəm ki, Sən Allahın Haqq Rəsulusan və şübhəsiz ki, Sən Haqla gəlmisən!

Müsəlman olandan sonra Allah Rəsulu (sallallahu əleyhi və səlləm) onun əvvəllər Husayn olan adını dəyişib Abdullah qoyacaq və bundan sonra da o, həmişə Abdullah ibn Salam deyə çağrılacaqdı.[51]

İki yəhudi və ilk təəssürat

Əlbəttə, hamı Abdullah ibn Salam kimi həqiqətpərəst deyildi. Mədinədə Huyey ibn Əhtab və Əbu Yasir adlı iki qardaş var idi. Hər ikisi də Tövrat elminə vaqif adamlar idi. Gözlənilən bir Peyğəmbər haqqında məlumatları olan bu qardaşlar Rəsulullahın yaxın bir yerə gəldiyini eşidən kimi yola çıxmış və Qubaya kimi gəlmişdilər. Hava hələ yenicə qızırdı.

Qonaq qaldığı yeri öyrənir və çox keçmədən də Amr ibn Avf oğullarının yurduna gəlirlər. İmanla inkar etmək arasında tərəddüd edirdilər: həqiqətən, gözlənilən Peyğəmbər bu idisə? Özlərindən (yəhudilərdən) olmadığını bilirdilər və buna görə də, bildikləri özəlliklərə malik olmaması ümidi ilə yola davam edirdilər.

Nəhayət, gerçəklə qarşılaşırlar. Deməyə söz tapmırdılar. Onlar da oturub söhbətinə qulaq asırlar. Oturuşu, danışığı, duruşundakı ululuq və simasındakı duruluq onlara da təsir etmişdi. Amma özlərinə heç cür təsəlli verə bilmirdilər. Fikirlərini büruzə verməmək üçün də əhvallarını gizlədir və hər şeyi qəbul etmiş kimi otururdular.

Artıq gün keçmiş və günəş qüruba yaxınlaşmışdı. Məclis dağılan kimi onlar da bunu fürsət bilib Qubanı tərk edirlər. Yolda danışa-danışa gəlirdilər. Balaca Səfiyyə atası ilə əmisinin gəlişini görüncə qaça-qaça onların qabağına çıxmış və atasının boynuna sarılmışdı. Elə bil, atası əvvəlki ata deyildi, əmisi də başqa əmi olmuşdu. Qol-qanadı qırılmış, üz-gözlərindən yorğunluq yağırdı. Danışıqlarına bir az qulaq asmağa çalışır. Əmisi Əbu Yasir belə deyirdi:

− Bu, həqiqətən də, Odurmu?

− Vallah, Odur!

− Yaxşı-yaxşı baxıb tanıdınmı?

− Bəli!

− Bəs Onun haqqında nə düşünürsən?

− Allaha and olsun ki, ömrüm boyu ona qarşı olacağam![52]

Bu son kəlməni söyləyən sonralar Peyğəmbərimizin həyat yoldaşı olan Səfiyyə anamızın atası Huyey ibn Əhtab idi və göründüyü kimi, Hz.Məhəmmədin (s.ə.s.) peyğəmbər olduğunu dəqiq bilməsinə rəğmən, quru inadkarlığa qurban gedir, heç cür bir addım da atıb təslim ola bilmirdi.

Salmani-Farisi

Mədinədə Onun gəlişini həyəcanla gözləyənlərdən biri də Salmani-Farisi idi. O, İran torpaqlarından çıxmış, həqiqi dini tapmaq məqsədilə əvvəlcə Şama, sonra ardıcıllıqla Mosula, Nusaybin və Ammuriyəyə gələrək həqiqət axtarışını davam etdirmişdi. Hər getdiyi yer onu axtardığına bir az da yaxınlaşdırırdı. Sonuncu dəfə Ammuriyədə bir keşişin yanında qalmış, o da Salmani-Farisiyə:

− Buralarda səni əmanət edəcəyimiz heç kim qalmadı, amma İbrahimin hənif dini üzərində gələcək bir Peyğəmbərin kölgəsi artıq üstümüzə düşmək üzrədir. Onun hicrət edəcəyi yer xurma ağacları ilə doludur. Onun gizli olmayan üç əlaməti var: iki kürək sümükləri arasında peyğəmbərlik möhürü var, hədiyyə qəbul edib ondan yeyər, amma qətiyyən sədəqə qəbul etməz, ona əlini də vurmaz. Əgər gücün çatırsa, sən də get, Onun gəlişini gözlə, − deyə yol göstərmişdi. Salmani-Farisi yola düzəlmiş və  Mədinəyə gələrək burada gözləməyə niyyət etmişdi.

Bu məqsədlə, Mədinə tərəfə gedən bir karvan tapmaq lazım idi. Çox keçmədən bu karvanı da tapır. Yol haqqı olaraq bütün mal-mülkünü verməyi təklif edir və razılaşırlar.

Artıq gələcəyi gözlənilən bir Peyğəmbərin yolunu gözləmək üçün yeni bir səfər başlamışdı. Ancaq yolda bir xəyanətlə üzləşəcək, yol xərcini artıqlaması ilə ödədiyi halda əsir edilərək bir yəhudiyə satılacaqdı. Əslində onun üçün önəmli olan nişan verilən yerə gəlmək idi. İndi qul kimi də olsa, xurma ağaclarının arasında − Mədinədə idi.

Rəsulullahın (s.ə.s.) Qubaya təşrif etdiyi gün Salman həmişəki kimi yenə ağacın üstündə xurma yığmaqla məşğul idi. Bu vaxt bir nəfərin qaça-qaça onlara tərəf gəldiyini görür. Bu, ağasının əmisi oğlu idi. Belə təlaşla gəlişi mühüm bir xəbərin olduğunu göstərirdi: görünür, yeni bir dəyişiklik vardı. Qaça-qaça da səslənirdi:

− Ey filankəs, ey filankəs!

Salmanın ağası da narahat olmuşdu. Görəsən, nə baş vermişdi?..

Təngnəfəs olmuşdu və bir az özünə gələn kimi:

−Allah Qayləoğullarını qəhr etsin! Bir az əvvəl onlara baş çəkməyə getmişdim. Gördüm ki, hamı Məkkədən gələn və Peyğəmbər olduğu deyilən bir adamın ətrafına yığışıb, maraqla Ona qulaq asır.

İnanılmaz idi. Allah nələrə qadirdir! İllərlə gözlədiyi və yolunda süründüyü Şəxsi Salman azadlığını itirdiyi yerdə tapmışdı. Qəlbini həyəcan bürümüş,  dizində taqət qalmamışdı. Qızmar günəşin altında soyuq tər basmışdı vücudunu, qışın şaxtasına düşmüş kimi titrəyirdi. Hətta özü ilə birlikdə yellənən ağacdan az qala ağasının üstünə yıxılacaqdı.

Gözləyə bilməzdi. Cəld ağacdan düşür və ağasının əmisi oğlundan:

− Sən nə deyirsən? Nədən danışırsan? Bu, necə bir xəbərdir?− deyə soruşmağa başlayır. Amma üzünə dəyən şillədən sarsılır. Çünki bu adamlar qulu insan hesab etmirdilər... Onun bu həyəcanı ağasını əsəbiləşdirmiş və Salmanın üzünə möhkəm bir şillə çəkmişdi. Bir yandan da:

− Bundan sənə nə var? − deyə Salmanın üstünə qışqırır. Sonra da: “Get, işinlə məşğul ol,” − deyir.

Salman əlacsız idi. Yenə ağaca dırmaşıb xurma yığmağa davam edir. Əlləri xurma budaqlarında, xəyallarında Peyğəmbərin hüzurunda olduğunu təsəvvür edir, ammuriyyəli rahibin dediyi əlamətlərin Qubaya gələn adamda olub-olmadığını yoxlamağa çalışırdı.

Həmin gün axşam düşmək bilmirdi. Nəhayət, gün batan kimi əlinə bəzi şeylər götürüb birbaşa deyilən yerə gedir.

Mədinəyə ay doğmuşdu. Gözlənən Peyğəmbər qarşısında dayanmışdı. İllərlə yanlarında ömür keçirdiyi keşişlərə heç oxşamırdı. Quba Onun nuru ilə parlayırdı, O, hüzurundakı adamlarla söhbət edirdi. Salman  gətirdiklərini ortalığa qoyur:

− Mən bunları sizə sədəqə məqsədi ilə yığmışam. Bilirəm ki, Sən saleh bir adamsan. Yanında ehtiyacı olan yoldaşların da var. Bu gün sizin buna daha çox ehtiyacınız var.

Salman diqqətlə baxırdı... Allah Rəsulu (sallallahu əleyhi və səlləm) əlini də vurmur və səhabələrinə belə buyurur:

− Allahın adı ilə yeyin!

Salmanın dərdi başqa idi. Onun ağlında ancaq ammuriyyəli keşişin sözləri vardı və ünvanın doğruluğunu təsbit etməyə çalışırdı. Bəli, O (s.ə.s.), sədəqə yemirdi... Deməli, ilk əlamət düz idi. Ağzından bu sözlər çıxır:

−Vallah, bu, birinci əlamətdir: Sədəqə yemir!

Və geri qayıdır. Səhəri yenə bəzi şeylər yığmışdı. Yenə Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) hüzuruna gəlir. Bu dəfə nə edəcəyini çox yaxşı bilirdi:

− Görürəm ki, Sən sədəqə yemirsən. Sənin kərəm və güvən verən halın çox xoşuma gəldi. Bu dəfə Sənə sədəqə deyil, hədiyyə gətirdim,− deyir.

Allah Rəsulu (s.ə.s.) Salmanın gətirdiklərini götürür. Özü də, səhabələri də ondan yeyirlər.

Vaxt yetişmişdi... Salman içindəki həyəcanını artıq gizlədə bilmirdi. Bu dəfə öz-özünə: “Bu da iki; Hədiyyə qəbul edir və ondan yeyir,” − deyir.[53]

Artıq Salman təkcə məcburən ağası yanında qaldığı vaxtlarda Allah Rəsulundan ayrılacaq, qalan bütün vaxtını Rəsulullahla (sallallahu əleyhi və səlləm) birlikdə keçirməyə çalışacaqdı.[54]



[1]. Bax: “İsra” surəsi, 17/80
[2]. Ayni, Umdetü’l-Kari, 17/46; ibn Kesir, Tefsir, 2/400
[3]. Bax: Hakim, Müstedrek, 3/6 (4266)
[4]. Taberi, Tarih, 1/569 ; ibn Hişam, Sire, 3/11
[5]. Bax: Buhari, Sahih, 3/1087 (2817). Sonralar onun bu hərəkətini eşidən Allah Rəsulu (sallallahu əleyhi və səlləm) ona iltifat göstərəcək və belə buyuracaqdı: “ Allah Sənin o iki kəmərinin əvəzində cənnətdə iki kəmər verəcəkdir”.
[6]. Buhari, Sahih, 3/1419 (3692)
[7]. Bax: ibn Hişam, Sire, 3/12
[8]. Bax: ibn Kesir, Tefsir, 4/683; Kadı İyaz, Şifa, 1/258
[9]. İbn Hişam, Sire, 3/8; Taberi, Tarih, 1/567
[10]. Bax: “Ənfal” surəsi, 8/30
[11]. Bax: Taberi, Tarih, 1/568
[12]. Bax: el-Hindi, Kenzu’l-Ummal, 12/779 (35744)
[13]. Bax: Taberi, Tarih, 1/570
[14]. Ebu Nuaym, Hilyetu’l-Evliya, 2/56; ibn Hişam, Sire, 3/14
[15]. Bax: Hakim, Müstedrek, 3/7 (4268), Mişkatü’l-Mesabih, 2/556; Mübarekfuri, er-Rahiku’l-Mahtum, s. 155, 156
[16]. Bax: Muhibbuttaberi, er-Rıyadü’n-Nadıra, 1/450. Hətta Hz. Ömər (radiyallahu anh) bir rəvayətində Hz. Əbu Bəkirin (radiyalahu anh) bu səbəbdən vəfat etdiyini bildirmişdir.
[17]. Bax: İsbehani, Delail, 1/76, 77; Heysemi, Mecmaü’z-Zevaid, 3/231
[18]. Eyni məsələ haqqında Cəbrailin gətirdiyi Əbədi Bəyan Olan Quranda Uca Allah belə buyurmuşdur: “Əgər siz ona (Peyğəmbərə) kömək etməsəniz, bilin ki, Allah ona kömək göstərmişdi. Necə ki, inkar edənlər onu (Məkkədən) iki nəfərdən biri olaraq çıxartdıqları vaxt hər ikisi mağarada ikən öz dostuna (Əbu Bəkirə): “Qəm yemə, Allah bizimlədir!” – demişdi. O vaxt Allah ona kömək etdi və bir arxayınlıq (rahatlıq) nazil etdi, onu sizin görmədiyiniz əsgərlərlə müdafiə etdi, inanmayanların sözünü alçaltdı. Yalnız Allahın sözü ucadır. Allah yenilməz qüvvət, hikmət sahibidir!” (“Tövbə” surəsi, 9/40).
[19]. Bax: “Maidə” surəsi, 67-ci ayə: “Ey Peyğəmbər! Rəbbin tərəfindən sənə göndərilənləri (Quranı) təbliğ et. Əgər bunu etməsən, peyğəmbərlik vəzifəsini yerinə yetirmiş olmazsan. Allah səni sənə zərər vermək istəyən insanların şərindən qoruyacaq. Həqiqətən, Allah kafırləri əməllƏrinə qovuşdurmaz!”
[20]. Bax: İsbahani, Delail, 1/62; Necdi, Abdullah, Muhtasaru Sireti’r-Resul, s. 168
[21]. Bax: ibn Kesir, el-Bidaye ve’n-Nihaye, 3/189
[22]. Halebi, Sire, 2/195, 196
[23]. İbn Teymiye, Minhacu’s-Sunneti’n-Nebeviyye, 8/542
[24]. Bax: Hakim, Müstedrek, 3/6 (4267). Sonralar Əsma bu hadisəni danışarkən əslində o vaxt atasından geriyə mal-mülk qalmadığını, sadəcə babasını sakitləşdirmək üçün bu üsula əl atdığını demişdi. Bax: ibn Hişam, Sire, 3/15
[25]. Bax: İsbahani, Delail, 1/62
[26]. Bax: Muslim, Sahih, 4/2309 (2009); Mübarekfuri, er-Rahiku’l-Mahtum, s. 159
[27]. İbn Abdilberr, İstiab, 2/581 (916)
[28]. Bax: ibn Hişam, Sire, 3/16 və b. Kadı İyaz, Şifa, 1/687. İllər keçəcək , Hz. Ömərin xəlifəliyi dövründə bu xəbər də gerçəkləşəcəkdi. İranı diz çökdürən Hz. Ömər Kisranın bilərziklərini götürüb Suraqaya gətirəcək və bunları söyləyəcəkdi: − Əllərini qaldır və de: ”Allahu Əkbər!” Bunları Mən insanların Rəbbiyəm”deyə təkəbbür göstərən Hörmüz oğlu Kisradan alıb Ərəb çöllərindəki Müdlicoğullarından Suraqaya geydirən Allaha həmd olsun!”  Bax: ibnül-Esir, Üsüdül-Ğabe, 2/414; Beyhaki, Sünenül-Kübra, 6/357(12812)
[29]. Hicrət səfəri zamanı əsasən süd içmiş, yemək ehtiyaclarını yolda çobanlardan aldıqları südlə təmin etmişdilər. Bax: Buhari, Sahih, 3/1419 (3692)
[30]. Bax: Buhari, Sahih, 3/1433 (3699)
[31]. Kadı İyaz, Şifa, 1/688
[32]. Hakim, Müstedrek, 3/8, 9 (4273)
[33]. Bax: Hakim, Müstedrek, 3/10; el-Mısri, Siratü’r-Resul, s. 207 və b.
[34]. Bax: Mübarekfuri, er-Rahiku’l-Mahtum, s. 159
[35]. Bax: ibn Abdilberr, İstiab, 1/185, 186
[36]. Beyhaki, Delail, 2/221; ibnü’l-Esir, Üsüdü’l-Ğabe, 1/209; Mübarekfuri, er-Rahiku’l-Mahtum, 160. Hz. Bureydə müsəlman olandan sonra Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) onu Əsləm və Ğıfar qəbilələrinə göndərmiş və o da Uhuddan sonra Rəsulullahın (sallallahu əleyhi və səlləm) hüzuruna gəlmişdi. Çox keçməmiş, onun gərgin əməyi nəticəsində bütün kənd əhalisi müsəlman olmuşdu. Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) vəfatından sonra bir müddət də Mədinədə qalan Hz. Büreydə Xorasan tərəflərə gedərək Yezid ibn Müaviyənin dövründə Mərvdə vəfat etmişdir. Bax: ibn Sa’d, Tabakat, 4/242
[37]. Daha sonra Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) Məsudu dəvə ilə birlikdə gəldiyi yerə göndərəcək, dəvələrinə necə işarə qoymağı öyrədəcəkdi. Rəsulullah (sallallahu əleyhi və səlləm) Mədinəyə gələndən sonra müsəlman olan Əbu Əvsin başqa bir vəzifəsi də var idi. Uhud döyüşündən əvvəl Məkkədən yola düşən müşrik ordusunun gəlişini həmin Məsudu Mədinəyə göndərərək Peyğəmbərimizə xəbər verəcək və bununla çox mühüm kəşfıyyat vəzifəsıni yerinə yetirəcəkdi. Bax: ibnü’l-Esir, Üsüdü’l-Ğabe, 1/173; ibn Hacer, İsabe, 1/157
[38]. Bax: Buhari, Sahih, 3/1421 (3694)
[39]. Bax: ibn Sa’d, Tabakat, 1/233
[40]. Bax: ibn Sa’d, Tabakat, 1/233
[41]. Bax: ibn Hişam, Sire, 3/20; el-Mısri, Siratü’r-Resul, s. 211
[42]. Bax: ibnü’l-Esir, Üsüdü’l-Ğabe, 2/460
[43]. Bax: ibn Hişam, Sire, 3/21, Mübarekfuri, er-Rahiku’l-Mahtum, s. 161
[44]. Bax: Halebi, Sire, 2/233
[45]. Peğəmbərimizin (s.ə.s.) Qubada  on dörd və ya on gecə qalmasını qeyd edən müxtəlif rəvayətlər də  var.
[46]. Peğəmbərimiz (s.ə.s.)  hicrət edib buraya gələnə qədər Cümə namazlarını Salim Məvla Əbi Huzeyfə qıldırmışdı; çünki o gün aralarında Quranı ən yaxşı bilən o idi. Bax: Kurtubi, el-Cami’ li ahkami’l-Kur’an, 1/392
[47]. İbn Hişam, Sire, 3/30, 31
[48]. Bax: ibn Hişam, Sire, 3/22-23
[49]. Allah Rəsulunun Qubada dörd gün qaldığını bildirən rəvayətlər  də vardır. Bu rəvayətə görə, bazar ertəsi günü Qubaya gələn Rəsulullah cümə namazını qıldıqdan sonra oranı tərk edib Mədinəyə gəlmişdi. Başqa bir rəvayətdə isə Rəsulullahın (sallallahu əleyhi və səlləm) Mədinəyə gəliş tarixi rəbiüləvvəl ayının axırıncı on iki və ya son iki günü kimi göstərilir. Belə çıxır ki, Allah Rəsulu (sallallahu əleyhi və səlləm) rəbiüləvvəl ayının ilk bazar ertəsi çıxdığı hicrət yolçuluğunda rəbiüləvvəl ayının səkkizinci günü Qubaya gəlmişdir. Burada dörd gün və ya bir həftə qalandan sonra yenə həmin ayın on ikisi və ya on doqquzu, yəni cümə günü Mədinəyə daxil olduğunu demək olar. Bax: ibn Hişam, “Sire”, 3/22, 23; ibn Sad, “Tabakat”, 1/233.
[50]. Ahmed b. Hanbel, Müsned, 5/451 (23835); ibn Mace, Sünen, 1/423 (1334); Hakim, Müstedrek, 3/14 (4283)
[51]. Abdullah ibn Salamın Peyğəmbərimizə (sallallahu əleyhi və səlləm) Mədinəyə hicrətdən əvvəl iman gətirməsi ilə bağlı rəvayətlər də var. Bax Buhari, “Sahih”, 3/1211 (3151).
[52]. İbn Hişam, Sire, 3/52
[53]. Ahmed b. Hanbel, Müsned, 5/441 (23788); ibnü’l-Esir, Üsüdü’l-Ğabe, 2/511, 512
[54]. Bəzi rəvayətlərdə 40 nəfəri Nəcrandan, 32-si Həbəşistandan, 8-i də Rum diyarından olan cəmi səksən nəfərlik bir xristian qrupun Hz. Məhəmmədə iman gətirərək Onun gəlişini Mədinədə gözləməyi haqqında qeydlər var. Əsad ibn Zürarə, Bəra ibn Marur, Məhəmməd ibn Sələmə və Əbu Qays ibn Sırmənin də içində olduğu bu adamlar cünubluqdan təmizlənmək üçün qüsl dəstəmazı alır və Hz. İbrahimdən qalan Hənif etiqadına uyğun yaşayırdılar. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) zühur edən kimi Onun hüzuruna  gəlmiş və Onu təsdiq edərək yardımçısı olmuşdular. Bax: Beğavi, Mealimüt-Tenzil,  1/343; İbnül-Esir “Üsüdül-Ğabe”, 6/256.