Mənəviyyata Açılan Pəncərə

Yenidən məkkə

Taif səfəri gözlənilən səmərəni verməsə də, Addasın və cinlərin İsla­mı qəbul etməsi ilə az da olsa, rahatlıq tapan Allah Rəsulu (s.ə.s.) ye­nidən Məkkəyə qayıdırdı. Məkkəyə yaxınlaşanda yenə keçmiş gün­lər­də olduğu kimi, Nur dağına çıxıb Hira mağarasına gəlir. Qapılarını­ üzünə bağlayan Məkkə düz qarşısında; Beytullahı boynubükük, mö­min­ləri də  idi! Görünür, Rəsulullah Məkkə ilə hal-əhval tuturdu səs­sizcə... Çünki Beytullahın əkizi − Allah Rəsulu da  və boynubükük idi.

Digər tərəfdə də Hz. Zeyd yenidən Məkkəyə necə girmək barədə fikirləşir və heç cür çıxış yolu tapa bilmirdi. Nəhayət, özünü saxlaya bilməyib Allah Rəsulundan (s.ə.s.) soruşur:

− Onlar Sizi çıxarıb qovduqları halda, Siz Məkkəyə necə girəcəksiniz?

Mərhəmət Peyğəmbəri həmişəki kimi təmkinli idi, bu təmkinində işin sonunu görən əlamətlər gizlənirdi:

−  Ey Zeyd! Gördüyün kimi, Allah bir çıxış yolu nəsib edib yeni bir qapı açır; şübhəsiz, O, dinini qoruyacaq və Peyğəmbərini də qalib edəcəkdir.

Sonra da səbəbləri nəzərə alaraq bəzi Məkkə əyanlarına xəbər göndərir: məqsədi, vətəninə qayıdarkən hər hansı bir problemlə üzləşməmək idi. İlk olaraq Ahnəs ibn Şərikə müraciət edilir. Ancaq o:

− Mənim müqaviləm var. Mənim vəziyyətimdə olan heç bir mü­qaviləli də aman verə bilməz, − deyərək bu dəvəti qəbul etmir. Sonra eyni təklif Qureyşin söz ustadı Süheyl ibn Amra çatdırılır. Ancaq o da:

− Amiroğlulları Kaboğullarına əsla aman verə bilməz, − deyir. O da belə bir qəbula hələ hazır olmadığını bildirir. Bəlkə də, cəsarət edib cavab verə bilmirdilər. Ancaq görünür, Süheyl Peyğəmbərimizin nəzərində idi və ondan çox şey gözləyirdi.

Mutim ibn Adiyydən müsbət cavab gəlir. Peyğəmbərimizin (s.ə.s.) istəyi ona çatdırılan kimi tez oğlanlarını çağıran Mutim onlara göstəriş verir:

− Tez silahlarınızı götürün və Kəbəyə gedib məni gözləyin! Çünki mən Məhəmmədə aman verdim.

Sonra da Kəbəyə gəlir və dəvəsinin üstündən oradakı adamlara:

− Ey Qureyş! Yaxşı bilin ki, mən Məhəmmədə aman verdim. Heç kim Ona toxunmasın! − deyə xitab edərək bunu Məkkəyə elan edəcək və Məhəmmədül-Əminə toxunan adamın, qarşısında özünü görəcəyini söyləyəcəkdi.

Bundan sonra Allah Rəsulu (s.ə.s.) Hz. Zeydlə birlikdə Məkkəyə daxil olur. İlk hədəf yenə Kəbə idi. Onu salamladıqdan sonra iki rükət namaz qılır, sonra da evinə gedir. Bütün bu müddətdə Mutim ibn Adiyy oğlanları ilə birlikdə onu qoruyur və heç kimin Ona pislik etməsinə imkan vermir.[1]

Digər tərəfdən də öz mübarizəsindən narahat olan Əbu Cəhil  Mutimə yaxınlaşır və:

− Sən Ona sadəcə aman verdin, yoxsa müsəlman oldun? − deyə soruşur. Mutim:

− Xeyr, müsəlman olmamışam, sadəcə aman verdim, − deyir.

Əbu Cəhil də elə bu cavabı gözləyirdi və rahat nəfəs alıb bunları deyir:

− Elə isə sənin aman verdiyin adama biz də toxunmarıq![2]

Bu necə aman vermək idi ki, ən qəddar düşmənlərindən Onu yenə başqa bir düşməni qoruyur və bütün ailə üzvlərinin həyatı bahasına Ona toxunmalarına icazə vermirdi?! Deməli, cəmiyyətdə sözün keçə bilməsi və tələblərin təsirli ola bilməsi üçün insanlıq məsələsində ortaq məxrəcə gəlmək və hamının qibtə edəcəyi bir xüsusiyyətə malik olmaq lazım idi. Bunun adı etibar və güvənc idi və onun da təməli saflıqdan qaynaqlanırdı. Bu, elə bir dəyər ifadə edirdi ki, onu heç bir mənfəətlə əvəz etmək olmazdı. Çünki həmin gün Mutimə dünyanın ən bahalı xəzinələri də təklif edilsəydi, belə bir riskə girməz və Məkkəyə qarşı gəlməzdi. Ancaq Məhəmmədül-Əminə duyduğu etimad hissi və Ona edilənlər qarşısında günahsızlığı Mutim kimiləri hərəkətə gətirir və bu qeyri-insani davranışlara mane olmaq ehtiyacını hiss etdirirdi.

Ətrafdakı qəbilələrə təbliğ

Görünür, artıq Məkkə qapılarını bağlayırdı. Taifdən də istədiyi cavabı ala bilməmişdi. Ancaq nə qədər ki ruh bədəndə idi, təbliğ vaz keçilməz bir vəzifə idi, çünki bunda Rəbbin razılığı var idi. Buna görə də Rəsulullah (s.ə.s.) yaxınlaşan həcc mövsümünü də yaxşı dəyərləndirməklə İslamı daha geniş kütlələrə çatdırmaq istəyirdi. Bu səbəblə də qəbilə-qəbilə gəzib-dolaşmağa başlayır. Getdiyi hər qəbilədə haqdan danışır, Allahın əmrlərini insanlara çatdırır və onları iman gətirməyə dəvət edirdi. Çox təəccüblü idi, sanki bu qəbilələr də məkkə xalqı ilə sözləşmişdi. Allah Rəsulu (s.ə.s.) onlardan da gözlədiyi cavabı ala bilmirdi. Hər birinin fərqli tələbləri ilə qarşılaşır və ya başqa mənfəət güddüklərinə şahid olurdu. Onlardan biri:

− And olsun ki, biz bu adamı Qureyşdən qoruyub himayə etsək, ərəblər bizi məhv edər, − deyir, başqası da Peyğəmbərimizə:

− Biz indi Sənə söz verib razılaşsaq və Səni qorusaq, sabah Allah Səni müxaliflərinə qarşı qalib edəndən sonra biz məsələyə nəzarət edə bilərikmi? − deyib bunu bir növ mənfəət məsələsinə çevirirdi. Təbii ki, Allah Rəsulu (s.ə.s.) bu və bu kimi məsələlərə imkan verməyəcəkdi:

− İşin nəticəsi Allaha aiddir. O, bu işi kimə istəyərsə, ona da verər, − buyuracaqdı. Bu dəfə:

− Biz Səni qorumaq üçün başımızı ərəblərin qılıncının altına uzadacağıq və axırda da Allah Sənə zəfər bəxş edəndən sonra iş başqalarına veriləcək! Bizim belə bir işə qol qoymağımız  mümkün deyil, − deyə cavab verəcəkdilər.

O günlər könlü  Kəbədə ola-ola qocalıq üzündən Məkkəyə gələ bilməyən qəbilə üzvləri də vardı. Onlar həcc mövsümü qurtarınca Məkkədən qayıdanlardan nələrə şahid olduqlarını soruşardılar. Qayıdanlar da gördükləri maraqlı hadisələrdən bəhs edərkən Məhəmməd adlı bir nəfərin onları Allaha iman gətirməyə dəvət etdiyindən, özünün axırzamanda göndərilən son peyğəmbər olduğunu dediyindən, bəyanlarına qulaq asıb Ona sahib çıxmaları haqqında dediyi sözlərdən danışırlar. Bunu eşidən yaşlı adamlardan biri əllərini başına qoyur və böyük bir fürsəti əldən verməyin həyəcanı ilə bunları deyir:

− Ey Amiroğulları! Siz necə bir fürsəti qaçırdığınızı bilirsinizmi? Əlimizdən necə bir quşun uçduğunu başa düşürsünüzmü? Nəfsim qüdrəti əlində olana and olsun ki, bu, İsmailin bizə verdiyi xəbərdir və bu, həqiqətdir. Necə oldu ki, siz bunu dərk edə bilmədiniz?[3]

Nəticəsindən asılı olmayaraq, Allah Rəsulu (s.ə.s.) təbliğ vəzifəsini davam etdirirdi. Bu müddət ərzində, az da olsa, bəzi adamlar müsəlman olmuşdular. Onlardan biri də Süveyd ibn Samit idi. O, şair idi və şeirdəki məharətinə görə, qəbiləsi ona “Kamil” deyə xitab edirdi. Süveyd Peyğəmbərimizlə (s.ə.s.) danışarkən Ona:

− Hər halda Sənin dediklərin də mənimkilər kimi olmalıdır, − deyir.

Allah Rəsulu (s.ə.s.):

− Sənin bildiklərin nələrdir? − deyə soruşur.

− Loğmanın hikmətləri, − cavabını verir Süveyd. Buna müqabil Peyğəmbərimiz:

− Onlardan bir neçəsini Mənə deyərsənmi? − deyir. Süveyd bildiklərini sıralamağa başlayır. Bunları eşidən Hz. Məhəmməd (s.ə.s.):

− Bu sözlər çox gözəldir. Ancaq mənim sözlərim bunlardan daha fəzilətlidir, çünki o, Allahın mənə göndərdiyi Qurandır, hidayət və nur qaynağıdır, − buyurur. Sonra da Quran ayələrindən oxumağa başlayır. Oxuyub qurtarandan sonra Süveydi İslama dəvət edir. Süveyd çox ağıllı adam idi. O:

− Həqiqətən də, bunlar çox gözəl ifadələrdir, − deyərək elə oradaca müsəlman olur.[4]

Bir gün Mədinənin Evs qəbiləsindən olan bəzi adamlar Məkkəyə gəlmiş,  xazrəclilərə qarşı başlayacaq döyüşdən əvvəl özlərinə dəstək axtarırdılar.[5] Bunu eşidən Allah Rəsulu (s.ə.s.) onların yanına gəlir və:

−  Sizə gəldiyiniz məqsəddən daha xeyirli bir yol göstərimmi? − deyir.

− Yaxşı, nədir o? − deyə soruşurlar. Rəsulullah (s.ə.s.):

− Mən Allahın Elçisiyəm. O, məni bütün bəndələrinə peyğəmbər olaraq göndərdi. Mən də sizi yalnız Allaha ibadət etməyə və Ondan başqasını Ona şərik qoşmamağa dəvət edirəm. O, Mənə Kitab da göndərdi, − buyurur. Sonra da İslamla bağlı əsas məsələlərdən danışıb Quran oxuyur və onlara da bütün bunlara iman gətirmələrini təklif edir.

Dəstənin arasında İyas ibn Muaz adlı bir nəfər var idi və o, irəli çıxıb:

− Ey camaat! Bu, həqiqətən də, bizim axtardığımızdan daha xeyirlidir, − deyir.

Dəstədən etiraz səsləri yüksəlir, hətta aralarından bir nəfər qabağa çıxıb yerdən götürdüyü torpağı İyasın üstünə ataraq açıq-aşkar etirazını bildirir və belə deyir:

− Ona qulaq asma! Biz bura bunun üçünmü gəlmişik?

Qəbiləsinin kəskin etirazı ilə qarşılaşan İyas susmuşdu. Mədinəyə qayıdarkən nə bir dəstək tapmış, nə də ayaqlarına kimi gələn həqiqət­dən bir  pay ala bilmişdilər! Ancaq İyas çox keçmədən xəstələnəcək və bu müddət ərzində müsəlman olduğunu davamlı təkbir gətirib həmd-sənanı dilindən heç əskik etməməklə ifadə edəcəkdi.[6]

Tüfeyl ibn Amr Evs qəbiləsi arasında hörmət edilən, etibarlı bir şair idi. Hətta Yəmən tərəflərdəki müəyyən işləri də qəbiləsinin adından o həyata keçirirdi. Bir gün onun da yolu Məkkəyə düşür. O dövrdə Məkkədə Allah Rəsuluna qarşı elə mütəşəkkil antitəbliğat aparılırdı ki, Tüfeyl hələ Məkkəyə çatmamış məkkəlilər onun yolunu kəsir, Peyğəmbərimizlə görüşməməyi və danışmamağı ona əvvəlcədən xatırladırlar. Qonağa xüsusi hörmət-izzət göstərməkdə heç bir qüsura yol verməyən müşriklər ona belə deyirlər:

− Ey Tüfeyl! məmləkətimizə xoş gəlmisən! Bizim aramızdan çıxan bu adam  bizi çox çətin vəziyyətdə qoydu.  O, bizim birliyimizi dağıdıb ahəngimizi pozdu. Sanki, sözlərində bir sehr var, insanı tilsimləyib öz arxasınca aparır. Ata ilə oğulun, ərlə arvadın və qardaşla qardaşın arasını vurur. Doğrusu, biz bu adamın sənə və tayfana təsir edəcəyindən qorxuruq. Həmin adama qətiyyən qulaq asma və gedib Onunla danışma!

Bu insanlar bir şəxs haqqında bu qədər həssaslıqla danışdıqlarına görə, həqiqətən, haqqında danışılan çox təsirli olmuşdu və buna görə də Tüfeyl tədbirini görəcək, həmin adamın bircə kəlməsini də eşidib təsirinə düşməmək üçün qulaqlarını tıxayıb Kəbəyə gələcəkdi. Olacağa çarə yoxmuş... Allah Rəsulu da Tüfeylin gəldiyi vaxt Kəbədə namaz qılırdı. Tüfeyl uzun müddət Onu seyr edir. Elə səmimi Quran oxuyurdu ki!.. İstəməsə də, bəzi sözləri eşidir, həm gördüklərindən, həm də eşitdiklərindən çox təsirlənir. Öz-özünə fikirləşməyə başlayır:

− Mənim halıma bax! Mən niyə qulağımı tuturam ki? Halbuki, mən şeirin incəliklərini bilən, sözün gözəlini çirkinindən ayırmağı bacaran, iradəli bir adamam. Elə isə, nəyə görə bu adamın dediklərinə qulaq asmayım?! Əgər dedikləri gözəldirsə, qəbul edərəm, yox, əgər pis şeylər deyirsə, o vaxt ondan uzaq gəzər və öz işimlə məşğul olaram.

Qulağını açması ilə bərabər könlünə gedən yollar da açılmış, eşitdikləri, qəlbindəki  buzları əritməyə başlamışdı. Bu, hətta o səviyyəyə çatır ki, Hz. Məhəmməd (s.ə.s.) namazını qılıb, Quranını oxuyub qurtarınca Tüfeyl özü də hiss etmədən Onun ardınca düşür. Evinə kimi Allah Rəsulunu (s.ə.s.) təqib edir və Onun arxasınca özünü içəri salır. Bütün qapılar aralanmış və sanki Tüfeyl çox isti bir dünyada doğulmuşdu. Bu isti ab-havanı görən kimi Tüfeylin dili açılır və başına gələnləri bir-bir danışır: buraya qədər gəlişindəki məqsədindən, şəhər kənarında onu qarşılayan məkkəlilərin dediklərindən, kəlamını eşitməmək üçün qulağını necə tıxadığından və Kəbədə Onu görəndən sonra ruhunda baş verən dəyişiklikdən bəhs edir... Sonra da:

− Mənə məsələnin həqiqi tərəfini danış, − deyir. Bir ulduz da parlamaq üzrə idi. Buna görə də Peyğəmbərimizin (s.ə.s.) sevincinə söz yox idi. Dərhal danışmağa başlayır. İslamla gələn gözəlliklərdən bəhs edir və sonra da Quran oxuyur. Bunlar Tüfeylin həyatında eşitdiyi ən gözəl ifadələr idi... Bu günə kimi bundan lətif və səbatlısına heç vaxt şahid olmamışdı... Elə oradaca kəlmeyi-şəhadət gətirərək müsəlman olur.

Allah Rəsulunun (s.ə.s.) hüzuruna gəlib Ondan işıq alan hər bir səhabədə müşahidə edilən dəyişiklik onda da özünü göstərirdi. Hələ ilk addımlarını atdığı yerdə inandığı dəyərlərə başqa adamların da gəlməli olduğunu düşünür və buna görə Peyğəmbərimizə belə deyir:

− Öz qövmüm içində mənim mövqeyim çox yaxşıdır: mən nə desəm, onlar sözümü yerə salmaz, mənə qulaq asarlar. İndi mən onların yanına gedən kimi İslamdan bəhs edəcəyəm və onları İslama dəvət edəcəyəm. Ey Allahın Rəsulu! Məni gördükləri vaxt tayfamın təsirlənəcəyi bir əlamət bəxş edib sözlərimə qüvvət verməsi üçün Allaha dua edərsənmi?

Bu səmimiyyətə müsbət cavab verməmək olmazdı. Peyğəmbərimiz (s.ə.s.) elə oradaca dua etməyə başlayır... Tüfeyl Rəsulullahın (s.ə.s.) hüzurundan ayrılır. O, qövmünü İslama dəvət etmək üçün öz yurduna qayıdırdı. Kəndə yaxınlaşanda birdən üzündə səhərin aydınlığı kimi bir nur əmələ gəlir. Qorxaraq öz-özünə:

− Allahım! Üzümdə qəribəlik oldu. İndi mənə “Bu müslədir” (Müslə − başqalarına ibrət olsun deyə, burnu, qulağı və s. üzvləri kəsib, gözləri oyaraq çirkin bir şəklə salmaq surətiylə düşmənə cəza vermək ) deyəcəklər, − deyir, hələ işin başlanğıcında bir problemlə qarşılaşmaqdan çəkindiyini ifadə edir. Bir anda bu nur əlindəki əsanın ucuna doğru sürüşür. Bu, qövmünə qarşı qolunu gücləndirən və onların imana gəlməsini asanlaşdıran bir möcüzə idi; Tüfeylin yoluna işıq salan bir gecə lampası kimi idi.

Evə gələr-gəlməz başına gələnləri əvvəlcə anasına və atasına danışır və onları İslama dəvət edir. Valideynlərinin ona etimadı var idi və elə oradaca da müsəlman olurlar. Amma qövmü bu qədər həssas deyildi: Tüfeylin bütün cəhdlərinə baxmayaraq, qəlb qapılarını bağlamışdılar və heç bir yumşalma əlaməti görünmürdü.[7]

Müşriklərin təbliğatına məruz qalanlardan biri də Dimad əl-Əzdi idi. O da işləri ilə bağlı Yəməndən yola çıxmış, Məkkəyə gəlirdi. O, dua oxuma üsulu ilə bəzi əşyaların üstünə oxuyaraq bununla insanlara faydalı olmağa çalışırdı. Məkkəyə addımını atan kimi müşriklərdən bəziləri yolunu kəsir və Allah Rəsulunun (s.ə.s.) yanına yaxınlaşmamaq barədə onu təlimatlandırdıqdan sonra belə deyirlər:

− Şübhəsiz ki, Məhəmməd məcnundur.

Bunu eşidən kimi Dimad öz-özünə:

− Mən bu adamın yanına gedim, bəlkə də, Allah mənim əlimlə Ona şəfa verər, − deyə fikirləşir. Bir gün yolu Allah Rəsulu ilə eyni yerdə kəsişir.

− Ey Məhəmməd! Mən dua oxuyaraq adamları müalicə edirəm. Sənin də buna ehtiyacın varmı? − deyə soruşur.

Qəribə bir görüş və qəribə bir təklif idi. Oxumaqla müalicəyə, əslində, onun ehtiyacı var idi. Rəsulullah (s.ə.s.):

− Heç bir şübhə yoxdur ki, şükür Allaha məxsusdur, − deyə sözünə başlayır. Biz də köməyi ancaq Ondan diləyirik. O, kimə hidayət murad etmişdirsə, artıq heç kim ona zərər verə bilməz və kim də dəlalət yolunu seçib Ondan uzaqlaşmışdırsa, onu da heç kim hidayətə gətirə bilməz. Mən şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur və yenə şəhadət edirəm ki, Məhəmməd də Onun qulu və Rəsuludur. Sözün əslinə gəlincə...

Peyğəmbərimiz (s.ə.s.) sözlərinə davam edəcəkdi, amma Dimad Onun sözünü kəsir:

− Bu dediklərini bir də təkrar edərsənmi? − deyir. Allah Rəsulu (s.ə.s.) bir dəfə deyil, üç dəfə təkrar edir. Bu Dimada kifayət etmişdi:

− Mən indiyə kimi bir çox kahinlər gördüm, sehrbazların etdiklə­rinə şahid oldum və neçə-neçə şairlərə qulaq asdım, amma Sənin dediyin kəlmələr qədər gözəlinə heç vaxt rast gəlmədim! Bunlar sonsuz dəniz kimi tükənməz ifadələrdir. Uzat əlini, mən Sənə beyət edəcəyəm, − deyərək ona uzanan əli tutub kəlmeyi-şəhadət gətirir və müsəlman olur.[8]

Bu vaxt Mədinədən altı nəfərlik bir heyət gəlmişdi. Peyğəmbərimiz ümidlə onların da yanına gedir. Salam verdikdən sonra:

− Siz kimsiniz? − deyə soruşur.

− Xazrəcdən olan bir dəstəyik, − deyirlər. Bu ad Allah Rəsuluna tanış idi. Ona görə də:

− Züfərin dostu və müttəfiqi olan xazrəclidirmimi? − deyə başqa bir sual verir. Xazrəcin müttəfiqi olan Züfər Mədinədə Allah Rəsulunun (s.ə.s.) zühurundan tez-tez danışan bir adam idi.

− Bəli, − deyə sözü təsdiq edirlər. Səmimi davranırdılar.

 Allah Rəsulu (s.ə.s.):

−  Bir az oturub söhbət edə bilərik? − deyir.

− Olar, − deyirlər.

Bundan sonra Rəsulullah (s.ə.s.) onlarla xeyli söhbət edir. Qurandan onlara bəzi ayələri oxuyur. Əsad ibn Zürarə, Avf ibn Haris, Ukbə ibn Amir, Kutbə ibn Amir, Rafi ibn Malik və Cabir ibn Abdullahdan ibarət olan bu gənc ənsar heyəti Onun (s.ə.s.) danışdıqlarından çox təsirlənmişdi. Zaman-zaman babalarının danışdıqlarını xatırlayırdılar. Babaları “Faran dağlarının arasında İbrahimin nəslindən bir Peyğəm­bər gələcək,” − deyirdilər. Bundan başqa, qonşuları olan yəhudilərlə döyüşüb məğlub olanda da onlara “İndi məğlub olduq. Amma yaxınlarda gələcək bir Peyğəmbərlə yenidən güclənəcək və sizə qalib gələcəyik” şəklində təhdidlər yağdırırdılar. Halbuki, bu peyğəmbərə ilk inananlar məhz özləri olacaq və bununla da tarixə Ərəbistan yarımadasının ən əziz adamları kimi düşəcəkdilər. Gözlənilən Nəbi zühur etdiyi halda, gözləməyin bir mənası vardımı?! Buna görə də, Allaha iman edən bu səmimi Elçiyə qulaq verir və Ona ürəkdən iman gətirirlər.

Məkkədə adam qıtlığının hökm sürdüyü bir vaxtda, aylarla davam edən səylər nəticəsində bir və ya iki nəfər iman cərgəsinə keçdiyi halda, yalnız bir neçə saatlıq söhbət nəticəsındə altı nəfər mədinəlinin İslamı qəbul etməsi Peyğəmbərimizi sürura qərq etmişdi. Ayrılıq dəmi gəlmişdi. Bu Böyük İnsanla oturub danışmaq gözəl idi, amma artıq Mədinəyə qayıtmaq vaxtı çatmışdı. Onlar Məkkəni tərk edəcək, öz yurdlarına qayıdacaqdılar.[9]

Ayrılmamışdan əvvəl öz aralarında razılaşırlar:  gələn il yenə gəlib burada Allah Rəsulu (s.ə.s.) ilə görüşəcək və bu ərəfədə Mədinədə də yeni adamlar tapıb özləri ilə gətirəcəkdilər.

Artıq Mədinə yeni bir mədəniyyətə qapı açırdı.

Məkkəyə qayıdan Allah Rəsulunun xeyli vaxtdan sonra ilk dəfə üzündə təbəssüm cizgiləri görünürdü.



[1]. Bax: ibn Sa’d, Tabakat, 1/212
[2]. Taberi, Tarih, 1/555; Mübarekfuri, er-Rahiku’l-Mahtum, s. 127, 128
[3]. Taberi, Tarih, 1/556; Mübarekfuri, er-Rahiku’l-Mahtum, s. 129, 130
[4]. Taberi, Tarih, 1/557; Mübarekfuri, er-Rahiku’l-Mahtum, s. 130
[5]. Peyğəmbərliyin on birinci ili idi və Mədinədə Əvs və Xazrəc qəbilələri arasındakı narazılıqlar özünün kulminasiya nöqtəsinə çatmış, döyüş başlamaq üzrə idi. Say etibarilə xazrəclilərdən az olan Əvs qəbiləsi kənardan yardım istəmək qərarına gəlmiş və bununla da qüvvələr nisbətini öz xeyirlərinə dəyişməyi qarşılarına məqsəd qoymuşdular.
[6]. Bax: Ahmed b. Hanbel, Müsned, 5/427 (23668); ibn Sa’d, Tabakat, 3/438
[7]. Bax: İsbahani, Delail, 1/213-214; ibn Kesir, el-Bidaye ve’n-Nihaye, 3/99
[8]. Bax: İsbahani, Delail, 1/193-194; İbn Sa’d, Tabakat, 4/241
[9]. Bax: ibn Hişam, Sire, 2/276 və b.