Mənəviyyata Açılan Pəncərə

Davamçılar və möhnət illəri

Peyğəmbərimizin (s.ə.s.) hüzurunda xoşbəxtliyə qovuşanlar bu səadəti bölüşmək, paylaşmaq üçün başqa adamlar axtarırdılar. İslama dəvətin gizli şəkildə həyata keçirildiyi bu dövrdə Hz. Əbu Bəkir kimi insanlar əvvəlki nüfuzlarından istifadə edərək köhnə dostları ilə Rəsulullahı (s.ə.s.) tanış etmək yarışına girmişdilər. Onun səyi nəticəsində Peğəmbərimizin (s.ə.s.) bibisi oğlu gənc Zübeyr ibn Avvam müsəlman olur.[1] Hz. Əbu Bəkir günlərin bir günü Osman ibn Affanı və Talha ibn Ubeydullahı Onunla tanış edir... Hz. Zübeyrin gəlişindən çox keçməmişdi; Osman ibn Affan və Talha ibn Ubeydullah birlikdə Rəsulullahın hüzuruna gəlirlər. Qapıdan girib Onun camalına tamaşa edincə əriyib mum olmuşdular. Əbu Bəkrin dediklərindən daha çox şey görmüş və sanki, məftun olmuşdular...

Allah Rəsulu (s.ə.s.) onlara İslamdan danışır... Sonra da gələn ayələrdən oxuyur... İslamın gətirdiyi haqlardan, hüquqlardan söhbət açır, müsəlmanı dünyada və axirətdə başqalarından fərqləndirən məsələləri bir-bir sıralayır sapa incilər düzən kimi...

Çevik davranıb fürsəti yaxşı dəyərləndirənlər üçün Allah (cəllə cəlaluhu), kim bilir, o biri aləmdə necə nemətlər hazırlayırdı... Məclis tamamilə nura bürünmüşdü və hər ikisi də orada səmimi hisslərini dilə gətirəcək, müsəlman olacaqdı.

Bu mənzərəni Sultanlar Sultanı da təqdirlə qarşılamışdı. Cəbrail gələrək bu ayələri təbliğ edirdi:

− Tağuta (şeytana, bütlərə) ibadət etməkdən çəkinib tövbə edərək könüldən Allaha tərəf dönənləri müjdə gözləyir. Ya Peyğəmbər! Bəndələrimə müjdə ver! O kəslərə ki, öyüd-nəsihəti dinləyib onun ən gözəlinə (düzgününə) uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi  kimsələrdir. Ağıl sahibləri də elə onlardır![2]

Hz. Əbu Bəkirin müsəlman olandan sonra eyni gözəllikləri dostları ilə də bölüşüb onların da bunlarla bəzənməsi üçün göstərdiyi səylər nəzərdən qaçmamışdı. Buna görə də səmalar Əbu Bəkri alqışlayırdı. Çünki bunlar Haqqı razı salan əməllər idi və Allah da Öz  adı uğrunda çalışanlara ağlagəlməz, təsəvvürəsığmaz nemətlər vəd edir.[3]

Hz. Osman da artıq müsəlman olmuşdu. Amma onun söz dinləməyən Hakəm ibn Əbil-As adlı bir əmisi var idi. Əmisi onun da müsəlman olduğunu öyrənincə qəzəbindən zəncir çeynəyirdi. O, Osmanın əl-ayağını bağlatdırıb həbs edir. Gözünü qorxutmaq istəyir. Qardaşı oğlunu təhdid edir,  xoşagəlməz ifadələr  işlədirdi:

− Necə olur ki, sən babalarının dinini tərk edib yeni bir dinin ardınca gedirsən? Bu dinlə bütün əlaqələrini kəsməyincə, qollarını açmayacağam, − deyərək onu hədələyirdi. Hz. Osman isə bütün təhdidlərə baxmayaraq,   qərarından zərrə qədər də dönməyəcəyini bildirirdi:

− Allaha and olsun ki, mən əsla bu dini tərk etməyəcəyəm, − deyirdi. Bununla da o, “Əbəs yerə özünü yorub əldən salma. Məndən heç bir güzəşt görməyəcəksən” demək istəyirdi. Nəhayət, bu qəti mövqe nəticə verir və əmisi Hz. Osmanın ölüm də olsa, qərarından əl çəkməyəcəyini anlayıb onu azad edir.[4]

İmanın dərin havasını ciyərlərinə çəkən Hz. Talha içindəki fırtınaları sözə çevirmək üçün fürsət axtarırdı. Halını anlayan  Allah Rəsulu da ona bu fürsəti verəcək və göz yaşları içində Şamdakı ticarətindən, Busradakı yarmarka və rahibin müjdələrindən söhbət açacaq, orada eşitdiklərini burada görüb yaşamağın sevincini bölüşəcəkdi Allah Rəsulu ilə...

Rahibin  “Aranızda Əhməd ortaya çıxdımı?”− deyə soruşduğunu danışdı Allah Rəsuluna. Rahibdən:

− Əhməd kimdir? − deyə  soruşanda:

− O, Abdulmuttalibin nəvəsi,  Abdullahın oğludur. Bu günlər Allah Rəsulunun zühur edəcəyi günlərdir. O, başqa peyğəmbərlər kimi bir peyğəmbər və gözlənilən Son  Nəbidir. Harəmdən çıxacaq və xurma ağacları bol, ətrafı isə qara daşlarla dolu bir bölgəyə hicrət edəcəkdir. Diqqətli ol və əsla gecikmə. Ona ilk iman gətirib sahib çıxan sən ol, − dediyini xatırladı. Məhz indi o, rahibin açıq-aşkar göstərdiyi ünvanda idi. Bura gəlməmişdən əvvəl o da Əbu Bəkirin yanına getmiş, özünü mənən toplamışdı. Əbu Bəkirdən də:

− Sən də vaxt itirmə, tez get, Ona tabe ol, çünki O, yalnız Haqqa dəvət edir, − deyə təşviq görmüşdü. İndi də gəlib təslim olmuşdu. Bunları diqqətlə dinləyən Allah Rəsulunun mübarək simasına  sevinc  hakim kəsilmişdi.[5]

Amma hər şey planlaşdırıldığı kimi getməyəcəkdi. Təbii ki, bu yol uzun idi və qarşıda dərin sular, uca dağlar, ucsuz-bucaqsız səhralar vardı. İman kimi, səadət və mənəvi rahatlıq da qurban tələb edirdi və o gün Hz. Talha ilə Hz. Əbu Bəkiri də belə bir qurban − möhnət,  məşəqqətli günlər  gözləyirdi.

Hz. Talhanın Peyğəmbərimizin (s.ə.s.) hüzurunda kəlmeyi-tövhidi hayqırması xəbəri başqalarının da qulağına çatmışdı. Hz. Əbu Bəkirlə Hz. Talha yolda kin və nifrətlə nəfəs alan  Qureyşin qəzəbinə tuş gəlir. “Qureyşin aslanı” adlanan Nəvfəl ibn Hüveylid yolun ortasında qarşılarına dikilir. O, heç nədən çəkinməyən, qorxubilməz bir adam idi. Etiraz etsələr də, nəticə əvvəlcədən məlum idi. Duruşu, baxışı  pis niyyətindən xəbər verirdi. Elə ilk gündən hər ikisi dava-dalaş, hay-küy salmamaq üçün təmkinli olmağa üstünlük verir. Onu sözlə başa salmağa çalışsalar da, Nəvfəl sözlə yolundan dönənə oxşamırdı və ikisini də bir iplə elə oradaca bağlayır.

Bu nəhəng adamın məqsədi onların namaz qılıb Quran oxumasına mane olmaq idi. Ancaq nə əl-qollarının bağlanması, nə də bitib-tükənməyən təhdidlər onları namaz qılıb Quran oxumaqdan çəkindirməyəcəkdi.

Bu iri cüssəli adamın adı o qədər məşhur idi ki, Teymoğulları belə öz adamlarına − Hz. Əbu Bəkir və Hz. Talhaya arxa dura bilmədilər. Ara sakitləşənədək hər ikisi bir müddət elə oradaca bağlı qaldı.

Bu hadisəyə görə sonralar Talha və Əbu Bəkir qardaş kimi qəbul ediləcək və onlara “iki ayrılmaz qardaş” mənasında “Qarineyn”  ünvanı veriləcəkdi.[6]

Bu, yalnız bir başlanğıc idi, davamı da gələcəkdi. Artıq Hz. Talha da başqa müsəlmanlar kimi Qureyşin əza və cəfasına məruz qalanlardan biri idi. Hətta Hz. Əbu Bəkirin dəvətini qəbul etməyən doğma qardaşı Osman ibn Ubeydullah da Hz. Talhaya düşmən kəsilmiş və ona vermədiyi əziyyət qalmamışdı.[7]

Əbu Zərin gəlişi və  ilk acı təcrübə

Bir həyəcan dalğası yavaş-yavaş Məkkəni bürüyürdü... Əsrlərin quraqlığına su olacaq bir mənbə tapılmışdı və bunun fərqinə varan  hər kəs yanğısını söndürmək təlaşı ilə qıvrılırdı. Hətta insanlarda təkcə öz susuzluğunu söndürmək deyil, susuzluq çəkən hər kəsi bu bulağa aparmaq səyləri müşahidə olunurdu. İllərlə bu günü gözləyən insanlar Onun zühurunun həyəcanını yaşayırdı. Qifar qəbiləsinin söz ustadı Əbu Zər də onlardan biri idi. O, Məkkədəki vəziyyəti eşitmişdi və dərhal oraya getməyə can atırdı. Əvvəlcə özü kimi şair olan böyük qardaşı Uneysi göndərir Məkkəyə... Müşahidə və təəssüratlarını danışarkən:

− Məkkədə sənin dininə bənzər din gətirən bir adamla rastlaşdım. Allah Onu peyğəmbər olaraq  göndərmişdir, insanlar isə Ona “sabi” (Ulduzları müqəddəs hesab edərək onlara ibadət edən şəxs) deyirlər. Mən yalnız insanların Ona dediklərini sənə danışıram. Ona “kahin”, “sehrbaz” və “yalançı” deyirlər. Amma mən Onun bəzi sözlərini eşitdim, əminəm ki, O, bunların heç birindən deyil. Allaha and olsun ki, mən Onun doğru danışdığına inanıram, − deyir.[8]

O gün Əbu Zər üçün bayram olmuşdu: qardaşı getmiş, gəlişini gözlədiyi Şəxsdən xəbər gətirmişdi. İllərin intizarının  sonu gəlmişdi və yerində dayana bilməzdi. Dərhal yola düşür, birbaşa Məkkəyə gəlir.

Məkkəyə gəlməyinə gəldi, amma Onu tanımırdı. Həmin vaxtlarda İslama dəvət açıq şəkildə aparılmadığı üçün heç kimi görə bilməmişdi. Çarəsiz qalıb soruşa-soruşa axtaracaqdı Allah Rəsulunu. Rastına çıxan bir adamdan:

− Sizin “sabi” dediyiniz adam haradadır? − deyə soruşur. Baxışları Əbu Zəri sual verməyə peşman edir. İnsanların bu qədər çəkingən olmasına bir məna verə bilmirdi. Artıq axşam düşmüşdü, çarəsiz halda  Kəbənin həyətinə girir və  orada gecələyir.

Səhəri Allah (cəllə cəlaluhu) ona tuş gətirir Hz. Əlini. Hz. Əli uzaq yerlərdən Məkkəyə gələn bu əcnəbiyə kömək etmək istəyirdi. Ancaq həmin vaxt müsəlmanlara qarşı Məkkədə elə bir ictimai təzyiq var idi ki, heç kim inancını açıq-aşkar dilə gətirə bilmirdi. Hər ikisi məqsədini açmaqda çətinlik çəkirdi.  Hz. Əli: “Birdən deyərəm, inanmaz, etiraz edər...”, − deyə fikirləşir, Əbu Zər də: “Bu da hirslənib uzaqlaşsa, necə olacaq?” − deyə narahatlıq keçirirdi, beləcə, heç biri əsl niyyətini aça bilmirdi. Həm də bir-birlərini tanımırdılar. Əsas məsələdən söz salmayıb gecəni bir yerdə keçirirlər. Əbu Zər artıq üç gün, üç gecə idi ki, Məkkədə idi, amma aradığını tapmamışdı. Kəbəyə gəlmiş, Ona qovuşacağı anı gözləyirdi. Nəhayət, Hz. Əli Əbu Zərə yaxınlaşır və hər şeyi gözə alıb ondan gəliş məqsədini soruşur. Allah Rəsulundan söz açır. Bəli, artıq eyni dildə danışmağa başlamışdılar. Əbu Zər Ona bu qədər yaxınlaşmışkən, üç gün ayrı qaldığına təəssüflənirdi. Niyyət və hədəf məlum idi, indi növbədə maneəsiz görüş yerinə çatmaq qalırdı. Çünki müşriklər Məhəmmədül-Əminin hüzuruna başqa bir adamın da gəldiyini görsələr, buna mane olmağa çalışar və ya yerli-yersiz sözlərlə onu fikrindən daşındırar, hətta pislik edə bilərdilər. Yəni işin yaxşı qurtarması üçün müəyyən mənada tədbirli davranmaq lazım idi. Buna görə də Hz. Əli:

− Əvvəl mən gedəcəyəm, sən də məni izləyərsən. Əgər mən sənin üçün təhlükəli bir vəziyyət sezsəm, bir kənara çəkilib özümü elə göstərəcəyəm ki, guya təbii ehtiyacımı aradan qaldırıram, o zaman sən də mənə fikir vermədən yoluna davam edərsən. Necə olsa, səni yenə taparam. Əgər bir təhlükə görməsəm, yolumuza davam edib istədiyimiz yerə birlikdə vararıq, − deyir. Bu tədbir eyni zamanda məkkəli müşriklərin müsəlmanlara qarşı azğınlığını, amansızlığını  göstərirdi.

Hər ikisi yola çıxır. Əslində yolları çox da uzun deyildi. Amma bu qısa yol Əbu Zərə çox uzun görünür, bitib-tükənmək bilmirdi.

Çox keçmədən qapı aralanmış və Əbu Zər illərlə gəlişini gözlədiyi Ay Camal ilə göz-gözə gəlmişdi. Qəlbini isidən baxışlar idi bunlar!

− Allahın salamı Sənin üzərinə olsun, ey Allahın Rəsulu, − deyə səslənir ilk öncə. Salamından aydın idi ki, Əbu Zər çoxdan əriyib mum olmuşdu. Daha sonra da məqsədini, intizarını, başına gələn hadisələri və Məkkəyə gəlişini bir-bir danışır. Ardınca da:

− Ey Allahın Rəsulu! Mənə nəyi əmr edir, nəyə dəvət edirsən? − deyə soruşur. Allah Rəsulu (s.ə.s.):

− Səni Allaha ibadət etməyə, Ona heç bir şeyi şərik qoşmamağa və bütün bütləri tərk etməyə çağırıram, − buyurur. Elə oradaca Əbu Zər:

− Mən şəhadət gətirirəm ki, Allahdan başqa ilah yoxdur və yenə mən şahidlik edirəm ki, Sən Onun Rəsulusan, − deyir.

Deyəcəyi başqa sözlər də vardı. Bir müddət də gözləyir və:

− Ey Rəsulullah! İndi mən öz yurduma, ailəmin yanına qayıdacaq və orada döyüş əmrinin gələcəyi günü intizarla gözləyəcəyəm. Həmin vaxt Sənin hüzuruna gələcək, Sənə dəstək olacağam, çünki bu gün qövmünün Sənin əleyhinə birləşdiyini görürəm, − söyləyir.

Onun bu təsbitinə cavabən Allah Rəsulu (s.ə.s.) əvvəlcə:

− Doğru deyirsən,[9] − deyir. Sonra da Əbu Zərin ruh dünyasında qopan fırtınaları hiss edərək bunları əlavə edir:

− Bu məsələ üzə çıxıb, gözəl xəbərlərimiz sizə çatana kimi qövmünün yanına qayıt və gözəl bildiklərini onlarla bölüş!

Bu, baş verəcək hadisələri əvvəlcədən sezən kamil Mürşidin öz müridlərini xarakterlərinə uyğun şəkildə istiqamətləndirməsi idi. Ancaq Əbu Zər həyəcandan yerində dayana bilmir və:

− Nəfsim qüdrəti əlində olana and olsun ki, gedib Kəbədə İslamı hayqırmadan dönən deyiləm, − deyirdi.

Həqiqətən də, Əbu Zər Rəsulullahın hüzurunda söylədiyi kimi, bir müddət sonra Kəbəyə gələcək və uca səslə bunları hayqıracaqdı:

− Mən şəhadət gətirirəm ki, Allahdan başqa ilah yoxdur və yenə mən şəhadət gətirirəm ki, Məhəmməd Onun həm qulu, həm də Rəsuludur.

Bir anda bütün gözlər ona zillənir:

− Bu adama baxın, bu da dinindən döndü, − deyir və onu məsxərəyə qoyurlar. Bir nəfərin də qarşı tərəfə keçdiyini eşidən hər kəs ora gəlmiş və Əbu Zəri təhqir etmək yarışına girmişdilər. Nəhayət, məsələni bir az da böyüdür və kaftar sürüsü kimi hücum çəkirlər Əbu Zərin üstünə. Gözünü qan örtmüş izdihamın yumruq-təpiyinə hədəf olmuşdu Qifarlı Əbu Zər...

Məsələnin ciddiyyət və həssaslığını anlayan və hadisələrə  məntiqlə yanaşan Rəsulullahın əmilərindən Hz. Abbas[10] orada olmasaydı, bəl­kə də, həmin gün Əbu Zəri öldürəcəkdilər. Hz. Abbas əvvəlcə Əbu Zərin üstünə əyilib qolları ilə onu qorumağa çalışacaq, sonra isə gözünü qan örtmüş izdihama belə səslənəcəkdi:

− Ey Qureyş camaatı! Siz nə edirsiniz? Qifar qəbiləsi sizin ticarət yolunuzun üstündədir. Onu öldürməklə ticarətinizin axırına çıxmaqmı istəyirsiniz? Buraxın onu!

Bəli, Abbas doğru deyirdi. Müdafiəsiz bir adamı öldürməklə yeganə yaşayış vasitələri olan ticarəti təhlükəyə atmağın bir mənası yox idi. Onlar bu xəbərdarlıqdan sonra Əbu Zərə təhqiramiz sözlər deyə-deyə oradan  uzaqlaşırlar.

Kəbədə təkbaşına və qan içində qalan Əbu Zər əvvəlcə Zəmzəm quyusunun yanına gedir. Əl-üzünü yuyub özünə gəlməyə, üstündəki qanı da Zəmzəmlə təmizləməyə çalışırdı. Daxilində elə tufanlar qopur, ruhunda elə fırtınalar əsirdi ki, bədəninə dəyən o qədər yumruğun, təpiyin ağrısını, bəlkə də, heç hiss etmirdi. Həmin günü bu cür gəl-getlərlə keçirib, səhərisi yenə qərar verir və bu dəfə də Kəbənin həyətinə gəlir. Və  hündür bir yerə çıxıb eyni sözləri ucadan hayqırır. Sanki, bu gün dünənkinin təkrarı idi. Yenə üstünə şığıyırlar və yenə Hz. Abbas dadına yetişir.[11]

İkinci dəfə də eyni aqibəti yaşayan Əbu Zər Allah Rəsulunun (s.ə.s.) sözlərini xatırlayır. Demək ki, bu gün zamanı deyildi, insanlar hələ bu hərəkəti qəbul edəcək səviyyəyə çatmamışdı. Deməli, hər dövrün şərtləri nəzərə alınmalı və ona uyğun hərəkət planı hazırlanmalıdır. Yeni doğulmuş körpədən iyirmi yaşlı gəncin hərəkəti gözlənilməməli və inkişafına uyğun bir davranış tapılmalı idi.

Əbu Zər yaşadığı bu acı təcrübədən sonra yenidən yurduna üz tutacaqdı. Onun başına gələnlər bütün möminlərə də bir dərs olmuşdu. Həmin gün, xüsusilə, zəif və kimsəsizlər hədəf seçilmişdi, hər fürsətdə təhqirə məruz qalırdılar. Allah Rəsulu (s.ə.s.) əmisi Əbu Talibin himayəsində olduğuna və Hz. Əbu Bəkir də qövmü  arasındakı böyük  nüfuzuna görə belə təhqiramiz hücumlara məruz qalmırdı. Digər müsəlmanlar isə Qureyş üçün bir növ əyləncə vasitəsinə çevrilmişdi. Hər cür həqarətlə üzləşir, hər yerdə sıxışdırılır, aciz vəziyyətdə qoyulur, hər cür  zorakılığa məruz qalırdılar.[12]

Səadətə doğru

Bütün bunlar nəyi dəyişdirirdi ki? İman kimi bir dəyərə qovuşandan sonra hansı güc və qüvvə insanın qarşısına çıxa, onu dəyərlərindən uzaqlaşdıra bilərdi? Qureyşin kininə inad olaraq iman dairəsi sürətlə böyüyür, Peyğəmbərimizin ətrafı hər gün yeni iman edənlərlə şənlənirdi.

Bir yarış başlanmışdı. Bütün ağrıları-acıları unutduran yeni gəlişlər yaşanırdı. Bir gün də gənc və fəal bir insan olan Sad ibn Əbi Vəqqas­la[13] sevindi Rəsulullahın hüzuru. Bunların hər biri Hz. Əbu Bəkirin can dostları idi. Hz. Əbu Bəkir özünü bu işə həsr etmiş, əllərindən tutub  bir-bir Rəsulullahın (s.ə.s.) hüzuruna  gətirmişdi onları.

Sad ibn Əbi Vəqqas hələ İslamla tanış olmamışdan əvvəl bir gün yuxuda özünü zülmət bir gecədə görmüşdü. Göz-gözü görməyən bir gecə idi. Bu vaxt qaranlıq gecəyə qəflətən Bədrlənmiş Ay doğmuşdu. Qarşısında işıqdan yol açılan Sad işığı tutub getməyə başlamışdı. Bir də baxmış ki, Zeyd ibn Harisə, Əli ibn Əbi Talib və Əbu Bəkir qarşısındadır. Onlardan soruşmuşdu:

− Siz bura nə vaxt gəldiniz?

− Təzə gəldik, − deyə cavab vermişdilər. Bu  vaxt yuxudan ayılan Hz. Sad günlər ötməsinə baxmayaraq, nə zülmət gecəni, nə Bədrlənmiş Ayı, nə də qarşısında gedən adamları unuda bilmişdi. Nəhayət, bir gün Hz. Məhəmmədin insanları gizli-gizli İslama dəvət etdiyini eşidir. Gedib Onu Əcyad adlı yerdə tapır. İkindi (əsr) namazını qılırdı. Namazını qurtarar-qurtarmaz hüzuruna gəlir və elə oradaca müsəlman olur. O vaxt hələ on doqquz yaşındaydı.[14] Hz. Sad Allah Rəsuluna (s.ə.s.) ana tərəfdən qohum idi. Buna görə də Rəsulullaha (s.ə.s.) “Dayım” deyər və “Kimin belə dayısı var? “ sözləri ilə də iltifat edərdi.[15]

Hz. Sad müsəlman olmuşdu, amma anası ona mane olurdu. Sad isə valideynlərinə qarşı çox həssas davranar, könüllərini qırmamaq üçün tir-tir əsər  və bir dediklərini iki etməməyə çalışardı. Onun bu xasiyyətinə yaxşı bələd olan anası əvvəlcə:

−  Ey Sad! Bu təzə ortaya çıxardığın din nədir? − deyə etiraz etmiş, ardınca da:

− Ya sən bu dinini tərk etməlisən, ya da mən ölüncəyə qədər nə yeyəcəyəm, nə də içəcəyəm. Camaat içində nə hala düşəcəyini sən özün fikirləş, − deyərək oğluna təzyiq göstərməyə çalışırdı. Sad onun qəlbini qırmamaq üçün əlindən gələni edirdi, amma anasında zərrə qədər də bir yumşalma əlaməti görünmürdü.

− Ey əziz anam! Nə olar, belə etmə! Çünki mən dinimi tərk edən deyiləm, − deyə Sad anasına yönəlir.

Beləcə, aradan bir gün də keçir, amma Sadın anası nə bir damcı su içmiş, nə də ağzına bir loğma çörək qoymuşdu. Sad qədər anası da ciddi görünürdü. Bir gün də ötmüş, anası təkidindən hələ də əl çəkməmişdi. Lakin digər tərəfdə bir dəyişiklik vardı. Səmalar dilə gəlmiş və Cəbrail  (ə.s.) “Anaya və ataya itaətin bir əsas olduğunu, ancaq qətiyyən bunun Allaha üsyan mənasına gəlmədiyini, bu məqamda isə itaətdən söhbət getməyəcəyini”[16] (Əgər (ata-anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə. (Qalan) dünya işlərində onlarla gözəl keçin (onlara itaət et). Tövbə edib Mənə tərəf dönənlərin (islamı qəbul edənlərin) yolunu tut. Sonra (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də (dünyada) nə etdiklərinizi (bir-bir) sizə xəbər verəcəyəm!” (“Loğman” surəsi, 31/15) ayəsi ilə bildirirdi. İndi Sad rahat olmuşdu. Daha nə edəcəyini bilirdi və anasının yanına gəlib bütün qətiyyəti ilə:

− Ey anam, vallah, əgər sənin min canın olsa və sən hər gün bunlardan biri ilə ölüb getsən, buna görə mən dinimi tərk etməyəcəyəm, − deyir.

Bunlar Sad kimi ürəyiyumşaq bir adamdan gözlənilən sözlər deyildi. Bundan sonra, oğlunun ondan daha qətiyyətli olduğunu görən Hz. Sadın anası inadından əl çəkmiş, yeyib-içməyə başlamışdı.[17] Hz. Sad vəhyin nuru altında addım atmağın səmərəsini artıq  görməyə başlamışdı.

Sözünə sadiq çoban və süd möcüzəsi

Allah Rəsulu (s.ə.s.) Hz. Əbu Bəkirlə birlikdə Məkkə kənarına çıxmış, bir az sakitlik axtarırdı. Qarşılarına Abdullah ibn Məsud[18]  adlı bir çoban çıxır. O, Ukbə ibn Əbi Muaytın qoyunlarını otarırdı. Muhəmmədul-Əmini və Əbu Bəkiri də tanıyırdı. Kim nə deyir-desin, onlar Məkkənin iki gözü idi. Qoyunların sahibi Ukbə ibn Əbi Muayt isə bu iki şəxsi heç xoşlamaz, hər fürsətdə sözünü onların üstünə gətirib əleyhlərinə danışardı. Amma ibn Məsud öz qərarını verəcək qədər mühakimə qabiliyyətinə malik adam idi.

Allah Rəsulu (s.ə.s.) üçün qarşısına çıxan hər kəs təbliğ baxımından yeni bir səhifə demək idi. Qarşısında fikirli dayanan çobandan soruşur:

− Ey gənc, yanında süd varmı?

− Bəli, − deyir ibn Məsud və ardınca da bunları söyləyir:

− Süd var, amma mən əmanətçiyəm, onu sizə verə bilmərəm.

Cəhalətin tüğyan etdiyi cəmiyyətdə belə etibara çox nadir hallarda rast gəlmək olardı. Elə isə bu qədər mənfiliklərin arasında öz böyüklüyünu göstərən bir adam İslam üçün çox münasib idi. Çünki o, fitrəti təmsil edirdi və fitrət də heç vaxt yalan söyləməzdi.

Həmçinin təbliğ məsələsində qarşı tərəfi yaxşı tanımaq və onun dilində danışmaq mühüm amil idi. Məlum idi ki, Allah Rəsulu (sallallahu aləyhi və səlləm) da ibn Məsudla anlayacağı dillə danışmaq istəyirdi. Buna görə də ikinci dəfə ibn Məsuda tərəf dönür və:

− Elə isə, Mənə heç doğmamış bir keçi və ya quzu gətirə bilərsənmi? − deyə soruşur.

Bu istəyi ibn Məsud təəccüblə qarşılasa da, dediklərini yerinə yetirəcəkdi. Sürüyə doğru gedə-gedə nə baş verəcəyini fikirləşirdi. Sürüdə heç doğmamış bir oğlağı tutub qonaqların hüzuruna gətirir.

Allah Rəsulu (s.ə.s.) əvvəlcə onu tutub bağlayır. Sonra da yelinini (əmcəyini) sığallayıb dua etməyə başlayır. Diləyən Rəsulullah (s.ə.s.) olunca Allah da verirdi. Çünki O (s.ə.s.),  nəyi,  kimdən və necə istəyəcəyini də ən yaxşı bilən idi.

Gördüyü mənzərə qarşısında İbn Məsudun gözləri kəlləsinə çıxmışdı, çünki heyvanın quru yelninə süd gəlmiş və oğlağın əmcəyi (yelini) südlə dolmuşdu. İnanılmaz hadisə idi, nə ömründə belə bir şey eşitmiş, nə də görmüşdü.

Hadisəni seyr edən Hz. Əbu Bəkir dərhal bir kasa tapıb gətirmiş və bir möcüzə ilə ikram (lütf) edilən südü sağmağa başlamışdı. Allah Rəsulu (s.ə.s.) əvvəlcə sadiq dostuna tərəf dönür və:

 − İç, − buyurur.

Hz. Əbu Bəkir südlə dolu kasadan doyunca içir. Ardınca eyni kasadan Peyğəmbərimiz (s.ə.s.) də içir.

Artıq məqsəd hasil olmuş və heç bir şeyə ehtiyac qalmamışdı. İndi hər şeyi əvvəlki vəziyyətinə qaytarmaq növbəsi idi. Buna görə də, Peyğəmbərimiz (s.ə.s.) südlə dolu yelinə səslənir:

− Əvvəlki halına qayıt!

Bayaq heç südü olmadığı halda, süd dağarcığına çevrilən yelin yenidən büzüşməyə başlamış və elə oradaca əvvəlki vəziyyətinə qayıtmışdı.

Bu dəfə ibn Məsud danışmağa başlayır:

− Oxuduğun o kəlmələri mənə də öyrədərsənmi, ey Allahın Rəsulu!

Niyyət hasil olmuş, möcüzə hədəfə dəymişdi. Demək ki, ibn Məsud da artıq mömin idi. Allah Rəsulu (s.ə.s.) ona bir az da yaxınlaşır. Mübarək əlini onun başına qoyur və sığallamağa başlayır. Bu əsnada isə Rəsulullah (s.ə.s.) bunları deyirdi:

− Sən çox müdrik cavansan![19]

Artıq İbn Məsud “ümmətin alimi” mənasında “hibrül-ümmə” olmaq yoluna qədəm qoyur və bütün səmimiyyəti ilə tövhid kəlmə­sini söyləyirdi. Onun müsəlman olduğu gün Xəttab ailəsinin kürəkəni Səid ibn Zeyd və həyat yoldaşı, Ömər ibn Xəttabın bacısı Fatimə də müsəlman olmuşdu.

Səadətə doğru addımlar davam edir

Bu əsnada Amir ibn Rəbiə, Utbə ibn Rəbiənin oğlu Əbu Hüzeyfə, Əbu Ubeydə ibn Cərrah, Osman ibn Mazun və iki qardaşı Qudamə və Abdullah, Əsma binti Ümeys, Ümmü Eymən, Peyğəmbərimizin əmisi Hz. Abbasın xanımı Ümmül Fədl və Hz. Əlinin böyük qardaşı Cəfər ibn Əbi Talib də müsəlman olmuşdu.[20] Bu din fəzilətə aşiq  insanlar arasında sürətlə yayılır və insan kimi yaşamaq arzusu ilə alışıb yanan hər kəs bu mənbəyə doğru qaçırdı. Bu mərhələ üç il davam edəcəkdi.

Təbliğ hələlik məhdud dairədə aparılır və daha çox fərdi səylər səmərə verirdi. Bir tərəfdən də yeni ayələr nazil olur, Allah Rəsulu (s.ə.s.) da bu ayələri bu ilk halqa ilə bölüşürdü. Ancaq bunun üçün daha çox tənha yerlər seçilir, əksər vaxtlarda da bu söhbətlər üçün Rəsulullahın səadət xanəsinə yığışır və bununla da, Qureyşin təzyiqindən yayınmağa  çalışırdılar. Dövr imanın kamilləşməsi dövrü idi və o gün nazil olan ayələrin ümumi mövzusunu da bu məsələ təşkil edirdi. Çünki bayrağı çiyinlər üzərində uzun müddət dalğalandırmaq üçün güclü və sarsılmaz bir imana malik olmalı idilər.

Bu mərhələdə Qureyş, ümumiyyətlə,  prosesləri bir tamaşaçı kimi seyr etməyə üstünlük verirdi. Güman edirdilər ki, bu yeni dirçəlişin də aqibəti Zeyd ibn Amr, Quss ibn Səidə və Umeyyə ibn Əbi Salt kimi insanların fikirləri tək olacaq və fərdi bir hadisə olaraq yalnız Məhəmmədül-Əminlə məhdudlaşacaqdı. Ancaq vəziyyət heç də zənn etdikləri istiqamətdə inkişaf etmirdi.

Açıq dəvət və təbliğ kimi hadisələr Qureyşin  gözünə çarpmasa da, ən yaxınlarından bir-bir, iki-iki qopan insanlar gedib Hz. Məhəmmə­din (s.ə.s.) qarşısında imana gəlir, yollarını dəyişdirib  bambaşqa insan olurdular.

Çox keçmədən Bilali-Həbəşi, Əbu Sələmə,[21] Ərkam ibn Əbil Ərkam, Ubeydə ibn Haris, Hz. Əbu Bəkirin iki qızı Əsma və Aişə, Habbab ibn Ərətt, Umeyr ibn Əbi Vəqqas, Məsud ibn Qariyy, Səlit ibn Amr, Ayyaş ibn Əbi Rabia və xanımı Əsma binti Sələmə, Huneys ibn Hüzafə, Amir ibn Rəbia, Abdullah ibn Cahş və qardaşı Əbu Əhməd, Xatib ibn Haris və xanımı Fatimə binti Mucəlləl ilə Xatibin qardaşı Xəttab və onun xanımı Fukeyhə binti Yəsar, Mamar ibn Haris, Osman ibn Mazunun oğlu Saib, Muttalib ibn Əzhər və xanımı Ramlə binti Əbu Avf, Nuaym ibn Abdullah, Amir ibn Fuheyrə[22] ilə Xalid ibn Səid ibn As və xanımı Umeynə binti Xaləf də bu nura qovuşanlar idi.

Xalid ibn Səid yuxusunda özünü cəhənnəmə bənzər bir od-alovun kənarında və onun içinə sürüklənərkən görmüşdü. Atası da arxada dayanmış, onu alova doğru itələyirdi. Elə odun içinə düşdüyü anda Allah Rəsulu (s.ə.s.) dadına çatmış, belindən tutub kənara çıxarmış, cəhənnəm alovundan xilas etmişdi. Dəhşət içində yuxudan oyanmış və bir müddət fikirləşəndən sonra təsiri hələ davam edən bu yuxunun haqq və doğru olduğuna  şübhəsi qalmamışdı.

Öz-özünə: “Cəhənnəmdən xilas olmağımın yeganə yolu Rəsulul­lah­la birlikdə hərəkət etməkdi,” − deyirdi. Əvvəlcə gedib Hz. Əbu Bəkirlə məsləhətləşir, o da fərqli düşünmürdü və:

− Mən bununla sənin üçün xeyir murad edildiyini düşünürəm. Bax, Rəsulullah orada oturur, get və Ona  tabe ol! Çünki səni cəhənnəmdən O qurtaracaq. Təəssüf ki, atanın vəziyyəti heç də ürəkaçan deyil, − deyir.

Vaxt itirmədən Rəsulullahın (s.ə.s.) hüzuruna gələn Xalid ibn Səid Əcyad adlı yerdə:

−  Ey Məhəmməd! Sənin dəvətin nədir? − deyə soruşur.

− Mən sadəcə Allaha dəvət edirəm, Ona heç bir şeyi şərik və ortaq qoşmayacaq, Məhəmmədin də Onun qulu və Rəsulu olduğunu qəbul edəcəksən. Həmçinin eşidib görməyən, hətta özünə fayda və zərəri olmayan, kimin ona sitayiş etdiyini, kimin də ibadət etmədiyini  bilməyən bu daşlara qulluqdan vaz keçib yalnız Ona ibadət edəcəksən, − deyirdi Allah Rəsulu (s.ə.s.).  Hz. Xalid tərəddüdsüz :

− Əşhədu ən lə iləhə illəllah və əşhədu ənnəkə Rəsulullah, − deyərək elə oradaca müsəlman olur.[23]

Xalid ibn Səid öz istəyi  ilə gəlib müsəlman olmuşdu, amma onun atası çox inadkar idi. Oğlunun müsəlman olduğunu  eşidər-eşitməz dərhal axtarıb tapır və:

− Babalarının adətlərini və tanrılarını ayıblayıb alçaltdığı və sənin düşüncənə müxalif olduğu halda, sən necə gedib Məhəmmədə tabe olursan? − deyə oğluna təzyiq göstərəcək, sonra da əlinə götürdüyü odunla başını yarıb al-qana qərq edəcəkdi. Valideynə itaət Allahın əmri olsa da, Allaha üsyan məsələsində onların kortəbii təhdidlərinə “bəli” deyilə bilməzdi. Xalid də:

− Allaha and olsun ki, mən Ona tabe oldum və bir də geri dönməyəcəyəm,− deyir. Atasının cavabı daha sərt olur. Əvvəlcə çox ağır söyüşlər söyür, sonra da:

−  İstədiyin yerə get! And olsun ki, məndən bir iynə də görməzsən, − deyir.

Onu tapan nəyi itirərdi ki?! Rəsulullahın hüzurunda olmaq  dünyaları fəth etməyə bərabərdi. Buna görə də:

− Məni hər şeydən məhrum etsən də, bu yoldan qayıtmayacağam. Şübhəsiz, Allah (cəllə cəlaluhu) ruzimi də verər, − deyən Hz. Xalid kimin yanında öz yerini tutacağını aydın şəkildə göstərirdi. Ancaq hirsli ata bir yerdə dayanmayacaq, özü kimi fikirləşən digər övladlarını da bir yerə yığıb onlara Hz. Xalidlə danışmamağı əmr edəcəkdi. Əlacsız Hz. Xalid də Allah Rəsulunun hüzuruna gələcək və bir daha bu qapıdan  ayrılmayacaqdı.[24]

Çox keçməmiş Xatib ibn Amr, Vaqid ibn Abdullah, Bukeyr ibn Abdiyaleylin dörd oğlu − Xalid, Amir, Aqil[25] və İyas da Rəsulullahın (s.ə.s.) hüzuruna gələrək tövhid kəlməsini söyləyib iman edir.

O gün Məkkədə fəzilətə aşiq nə qədər insan vardısa, hamısı Allah Rəsulunun (s.ə.s.) hüzuruna toplaşmışdı. Namaz qılarkən Rəsulullahın (s.ə.s.) yanında təkcə Hz. Əli yox idi, namazlar güclü çiyinlərin bir-birinə bitişdiyi insanlarla birgə qılınırdı.[26] Ancaq bu qədər adam da məkkəlilərin özündən çıxmasına kifayət etmişdi. Müşrüklərin əlində olan iqtidar özündən sistemi  həzm edə bilmir və yeni dəyişikliklərə təzyiqlə cavab verirdi.

Sad ibn Vəqqas dostları ilə  Məkkə kənarında bir yerə çəkilib namaz qılırdılar. Bəzi qureyşlilərin yolu da o gün onların namaz qıldığı yerdən düşmüşdü. Namaz qılanları görüncə heyrətə gəlmiş, onları məsxərəyə qoymağa, söz atmağa başlamışdılar. Hətta bunu o dərəcəyə çatdırmışlar ki, artıq məsələ sözlə məhdudlaşmamış, müsəlmanların üstünə hücum etməyə başlamışdılar. Qısa müddət də olsa, aralarında dava-dalaş da baş vermişdi. İnsanların istədikləri kimi ibadət etməsinə belə müsamihə (xoşgörü) ilə yanaşılmır və mane olmaq üçün də zorakılığa əl atılırdı?! [27]

Bilal Həbəşi

Bir gün Allah Rəsulu (s.ə.s.) Hz. Əbu Bəkirlə birlikdə Məkkə kənarında bir yerə getmiş, nazil olan ayələri müzakirə edir, namaz qılırdılar. Bu vaxt yaxında qoyun otaran Bilali-Həbəşi onlara yaxınlaşır. Bu iki dost ayla günəş kimi idi, bu göz qamaşdıran mənzərəni görüb heyran olmamaq mümkün deyildi. Əvvəlcə hüzura varmaq üçün bir bəhanə lazım idi və bir kasa süd götürüb iki sadiq dosta təqdim etdi. Rəsulullahın (s.ə.s.) hər kəsin könlünə Allah sevgisini yerləşdirmək səyləri onu da cəlb edəcək və beləliklə, neçə-neçə azad adamdan əvvəl kölə Bilal da İslamla tanış olacaqdı.

Beləcə ondakı sürətli dəyişiklik hiss ediləcək və ardınca amansız təqib başlanacaqdı. Bir gün Bilalın Kəbədəki bütlərə qarşı kobud davrandığı və onların əleyhinə bəzi sözlər söylədiyini eşitmişdilər. Necə ola bilərdi ki, qul ağalarının sitayiş etdiyi daş və ağaclardan düzəldilmiş bütlər haqqında “ağzına gələni danışsın?” Sahibi Ümeyyə ibn Xaləfi sıxışdırdılar. O da bir qul üçün özünü təhlükəyə atmaq istəmirdi. Bilal da sadəcə qullardan biri idi. Ümeyyə ibn Xaləf minnət qoymadan:

− Götürün, sizin olsun. Nə edirsiniz edin, − deyir. Artıq Bilal Ümeyyə ibn Xaləfın əllərindən Əbu Cəhlin “insaf”ına qalmışdı. Və Bilalı götürüb səhraya aparırlar. Səhranın qızmar qumları üstünə uzadıb ona dözülməz işgəncələr verirlər. Üstünə ağır daşlar qoyub inim-inim inlətdikləri bəs deyilmiş kimi, fikirlərinə də hakim olmağa çalışır və ondan könlünün gülü Məhəmmədi və dinini inkar etməyi tələb edirdilər.

Xüsusilə də, Əbu Cəhildə sönmək bilməyən kin-küdurət və qəzəb alovu vardı və selik tökülən ağzından hər fürsətdə bu kini qusurdu. Bir qul sahibi kimi, onun iradəsi xaricində başqa gücün qəbul edilməsi ağlına batmırdı... Həm də bir qul tərəfindən... Bir  qul statusuna baxmadan necə belə bir şeyə cürət edə bilərdi? Bilalı üz üstə qızmar quma uzadır və bədəni günəş şüalarında yananadək işgəncə verirdilər. Onsuz da taqəti tükənən Bilalın danışmağa gücü qalmamışdı. Dodaqlarının arasından bircə söz eşidilirdi:

− Əhad... Əhad...[28]

Onun inancında bir axirət dünyası vardı. İşin bir ucunda ömür boyu əzab-əziyyət içində yaşamaqdansa, bu gün dözüb əbədi səadəti qazanmaq dayanırdı. Buna görə də, dişlərini sıxıb “zillətlə yaşamaqdansa, izzətlə ölməyi” çoxdan seçmişdi. Həmin gün heç kim öz istəyini Bilala qəbul etdirə bilmədi, buna heç kimin gücü çatmadı. Bilal inandığı yolda israrlı idi və hər cür işgəncəyə baxmayaraq, bu qətiyyətindən zərrə qədər dönmədi.

Ancaq kinləri o qədərdi ki, boynuna ip bağlayır, uşaqların əlinə verib küçələrdə, Məkkə dağlarının arasında sürütdürürdülər. Allahın “Qulum”, Rəsulunun da “Ümmətim” dediyi Bilalı uşaqların oyuncağına çevirmişdilər. Səhrada ayaqyalın yeriyib yanmadan Bilalı anlamaq, əzabını görmədən, çəkmədən yaşadığı möhnətlərdən süzülən qədir-qiymətini dərk etmək mümkün  deyildi!

Artıq Məkkədə Bilalın yanıqlı səslə “Əhad!” iniltisini  eşitməyən  qalmamışdı.  Onun  iniltisindən dağ-daş dilə gəlir, amma nə Ümeyyənin, nə də Əbu Cəhilin insafından səs çıxırdı. Məsələnin həlli yenə də başa − Əbu Bəkirə qalmışdı. Hz. Əbu Bəkir özünü çatdırır. Əlindəki var-dövlət onsuz da bir gün tükənəcəkdi, heç olmasa, onu axirəti üçün böyük sərmayəyə çevirmək fürsəti vardı. Bununla həm Bilalı işgəncələrdən xilas edəcək, həm də Rəsulullahı məmnun edəcəkdi. Onların yanına gəlir:

− Bu adama niyə bu qədər əzab verirsiniz? − sualıyla öncə etirazını bildirir. Sonra da Bilalı pulla satın alıb işgəncədən xilas edir, ardınca da azadlıq yollarını  göstərir.

Hz. Bilal səbrinin bəhrəsini görürdü. Ümeyyənin yanında sakit dayansaydı, bəlkə də, ömrü boyu bir qul kimi qalacaq və qul olaraq da öləcəkdi. Amma indi həm bütün əziyyətlərdən xilas olmuş, həm də Rəsulullahın hüzuru ilə şərəflənmişdi.

Habbabın alacağı

Göründüyü  kimi, o günlərdə müsəlman olduğunu dilə gətirmək müsibətlərə qapı açıb o müsibətləri içəri dəvət etmək demək idi. Buna görə də Qureyş əksər səhabələrin müsəlman olduğundan hələ xəbərsizdi. Yeddi nəfər istisna olmaqla, digər müsəlmanlar inanclarını gizləmək  zərurətini  hiss etmişdilər. Bu yeddi nəfər Allah Rəsulu Hz. Məhəmməd (s.ə.s), Hz. Əbu Bəkir, Ammar ibn Yasir və anası Sümeyyə, Suheyb ibn Sinan, Bilali-Həbəşi və Miqdad ibn Əsvəd idi.[29]

Habbab ibn Ərətt əslən azad adam idi, hələ uşaqkən yaşadıqla­rı yer hücuma məruz qalmış və o da qohum-əqrabaları ilə birlikdə əsir götürülmüş, sonra da  Məkkəyə gətirilib qul kimi satılmışdı. Huzaa qəbiləsindən Ümmü Ənmar adlı bir qadının qulu olmuş və bu zaman da Rəsulullahı tanımış və elə ilk günlərdə İslamı qəbul etmişdi.

Kimsəsiz Habbab və sahibləri müşriklərin hiddətinə tuş gəlir və ağır zülmlərə məruz qalır. Günəşin yandırıcı şüaları altında min cür işgəncəyə məruz qalır, ağlasığmaz  həqarətlərlə  üzləşirdi.[30]

Habbab ibn Ərəttin As ibn Vaildən alacağı var idi. As ibn Vail isə borcunu heç cür qaytarmaq istəmirdi. Hər dəfə borcunu istəməyə  gələn Hz. Habbaba:

− Məhəmmədi və dinini inkar etməyincə, borcumu qaytarmayacağam, − deyir və  “dinsizliyini” bəhanə gətirib haqqını vermirdi. Yenə bir gün Hz. Habbab:

− Sən ölüb getsən də, həşr meydanında yenidən dirildiləcəyin günə qədər əsla Onu inkar etməyəcəyəm, − demiş və nə vaxtsa haqqını alacağını xatırlatmışdı. Ancaq bu incəliyi anlamaq üçün ağıl və vicdan olmalı idi. Bəlkə də, ağılları vardı, amma şeytan kimi birtərəfli işləyirdi. Buna görə də As ibn Vail üzünü Habbaba tutub:

− Sənin dediyin kimi, onsuz da öləndən sonra diriləcəyəm, borcumu da bax həmin gün ödəyərəm, çünki o vaxt mənim çoxlu övladım və mal-dövlətim olacaq, − deyərək Habbabı məsxərəyə qoymağa başlayır.[31]

Bu, səmanı lərzəyə gətirəcək bir hadisə idi və çox keçmədən Cəbrail yenə Rəsulullahın (s.ə.s.) hüzurunda idi. Gətirdiyi ayədə Allah (cəllə cəlaluhu) möminlərin mənəvi gücünü qüvvətləndirir və As kimi axmaqların aqibətindən xəbər verirdi.[32]

Bəlkə də, Habbab İbnul-Ərətt həmin gün bir az rahat nəfəs almışdı. Amma toplum içində başqa bir arxası olmayan Habbab birisi gün yenə Allah Rəsulunun (s.ə.s.) hüzuruna gələcək və halını yenə Ona ərz edəcəkdi. Çünki canını dişinə tutub işləyirdi, cəmiyyətdə bir qat artıq dəyərə malik idi, amma kimsəsizliyini bilən Qureyşin hədəfi olmaqdan da heç cür qurtula bilmirdi. Balaca bir daxması vardı, ocağın yanında səhərdən axşamadək dəmir döyəcləyər, qılınc və qalxan düzəldərdi. Axşamlar daxmasının qapısından bir addım atan kimi Qureyşin başqa bir od-alovu ilə qarşılaşır və iztirabı əskik olmurdu. Bir gün də müsəlman olduğunu eşidən sahibi gəlmiş, onu o ki var döyəndən sonra əl-qolunu bağlayıb qızdırılmış dəmirlərlə bədənində yaralar açmış, huşunu itirənə qədər işgəncə vermişdi. Canını zorla qurtaran Habbab  çarəsizlik içində hüzura gəlmişdi: Allah Rəsuluna (s.ə.s.) bunları söyləyirdi:

− Bizim üçün Allahdan nüsrət (yardım) istəməzsənmi, ey Allahın Rəsulu? Əllərini açıb bizə dua etməzsənmi, ey Allahın Rəsulu?

Onların bu acınacaqlı halını onsuz da Allah Rəsulu (s.ə.s.) görürdü,  amma başqa çarəsi yox idi. Bilirdi ki, bu cür çətin şəraitdə qətiyyətli və mətin dayanmaq lazımdır. Həmçinin bu cür məşəqqətləri yaşayanlar təkcə onlar deyildi. Cəbrailin gətirdiyi ayələrdə də bu məsələ açıqlanır və əvvəlkilərin başına gələnləri yaşamadan cənnətin asan olmayacağı qeyd edilirdi.[33] Bəlkə də, Allah bu uzun yollu mübarizənin ilk təmsilçilərindən səbir və dözümlülük tələb edir, amalında mətin olanları sabahın daha böyük çətinliklərinə tərəddüdsüz və asanlıqla sinə gərmək üçün indidən hazırlayır, ard-arda sınaqlardan keçirirdi. Buna görə də Allah Rəsulu (s.ə.s.):

− Sizdən əvvəlkilər arasında elələri var idi ki... − deyə sözlərinə başladı. Üzünün rəngi dəyişmiş, qırmızı rəngə çalırdı. Sonra da sözlərini belə davam etdirir:

− Sırf iman gətirdiyinə görə insanların başını dəmir mişarla iki yerə ayırırdılar, amma bunlar onların dinindən dönməsinə səbəb ola bilməzdi. Sonra dəmir daraqlarla ətləri sümüklərindən tikə-tikə qoparılırdı, amma yenə də sözlərinin üstündə durur və dinlərini inkar etmirdilər. Bundan başqa, xəndəklər qazılır və içində od qalanırdı, sonra da iman gətirənləri diri-diri həmin xəndəyə atır və yandırırdılar. Amma onları bu işgəncələrlə imandan döndərmək mümkün deyildi.

Rəsulullah (s.ə.s.) bunları danışarkən, sanki, zaman və məkan xa­ri­cinə çıxmış və əvvəlkilərin halını müşahidə edə-edə danışırdı. Bunlar keçmişin  acı lövhələri idi. Böyük və qiymətli nemətlər elə-belə, kiçik cəhdlərlə əldə edilə bilməzdi. Nə cənnət ucuzdur, nə də cəhənnəm lüzumsuz... Bəziləri lüzumsuz olmayan üçün burada sərmayə qoyarkən, möminlər dəyəri hədsiz olan cənnət və Allahın camalını görmək üçün bəzi çətinliklərə dözməli idilər. Ancaq bunlar  hər gün olan hadisələr də deyildi. Buna görə də işin bu yerində Allah Rəsulu (s.ə.s.) üzünü gələcəyə tutacaq  və təsəlli gözləyənlərə bunları deyəcəkdi:

− Vallah, Allah bu işi sona çatdıracaq  və nurunu tamamlayacaqdır. Ta ki bir qadın tək başına Sənadan yola çıxacaq və Hadrəməvtə qədər gedəcək və bu səfər boyunca Allahdan başqa heç kimdən də qorxmayacaqdır. Ancaq siz tələsirsiniz.[34]

Səna? Hadrəməvt? O vaxtlar nəinki bir qadın, karvanlarla gedən neçə-neçə güclü kişilərin yolu kəsilir və nəyi vardısa əlindən zorla alınırdı. Amma bunları Allahın Rəsulu buyurursa, mütləq baş verəcək və bu cür xoşbəxt bir dünya yenidən qurulacaqdı. Başqa sözlə, Hz. Habbab kimi səhabələr bu dözülməz günlərdə dişlərini sıxıb dözməyi öyrənmiş, belə bir dünyanı inşa etmək üçün daha əzmlə  çalışmışdılar.

Xəyallarda çiçəklənən ümid...

Bəli, bəlkə də, bu gün çətinlik, əziyyət vardı, amma artıq hər gələcək gün matəm içində keçməyəcəkdi. Bir gün qar və buzlar əriyəcək, bəşəriyyət səmasında yenidən bahar  təbəssümü saçılacaq, ətrafa nur yayılacaq və Rəbbi-Rəhimin arzu etdiyi istiqamətdə bir bayram olacaqdı.

Hz. Məhəmmədin (s.ə.s.) Habbaba dediyi cümlələrə oxşar ifadələri Quranda Uca Allah (cəllə cəlaluhu) da buyururdu. Həmin gün bəziləri əllərindəki imkanları  sərf edib Allahın nurunu söndürmək istəyirdi, ancaq Allah (cəllə cəlaluhu) Cəbrail vasitəsilə:

− Kafirlər istəməsə də, Allah nurunu tamamlayacaqdır,[35] − müjdəsini göndərir və bu müjdə o gün zillət çəkənlər üçün zorakılığa, təcavüzə qarşı mübarizədə  azuqə olurdu. Bunu vəd edən Allahdı... Rəsulullahdı... Allah və Rəsulu bir şey buyurmuşdusa, o, mütləq olacaqdı, səhabələrin buna zərrə qədər də şübhəsi yox idi və ola da bilməzdi. Çünki onlar gözlərindən qeyblə bağlı pərdələr götürülsə, metafizik aləmləri müşahidə etməyə başlasalar belə, imanda mətin və iradəli insanlar idilər. Onlar Rəsulullahın dizinin dibində, Allahın himayəsində yetişmişdilər. Demək olar ki, hər gün qarşılarına yeni bir ilahi ehsan süfrəsi sərilir və onlar da İlahinin lütf etdiyi bu süfrədən doyunca istifadə edir, Peyğəmbər söhbətinin lətafəti ilə məst olurdular.

Cəbrailin (ə.s.) gətirdiyi xəbərdə Allah (c.c.) onlar üçün saysız-hesabsız uxrəvi nemət  vəd edirdi; içində irmaqların axdığı, fəvvarələrin qaynayıb çeşmələrin çağladığı həmin dünyada xalis ləzzətin olduğu bir həyat gözləyirdi onları. Və bütün bunlar onlar üçün bir qayə də deyildi: Allahın xoşnudluğunu qazanmaq eşqi doldurmuşdu onların üfüqünü. Elə bir iffət  sahibi idilər ki, onlardan bunun xaricində bir şey gözləmək də əbəs idi.

Mənəvi duyğularını gücləndirmək üçün gələn ayələrdə Allah (cəllə cəlaluhu) əvvəlki peyğəmbərlərdən nümunələr verir və:

− Şübhəsiz ki, Biz öz peyğəmbərlərimizə və iman gətirənlərə həm dünyada, həm də şahidlərin şəhadət verəcəyi gündə − qiyamət günündə yardım edəcəyik![36] − deyərək bu kimi çətinliklərə Onlarla birlikdə çarpışan həvarilərin də düçar olduqlarını bildirir, amma sonda gülən (sevinən, qalib) tərəfin kimlər olduğunu açıq-aşkar göstərirdi. Hz. Nuhdan... Hz. İbrahimdən... Hz. Şuaybdan... Hz. Əyyubdan... Hz. Salehdən... Hz. Musadan... Hz. İsadan... örnəklər verir və bütün bunlardan sonra:

− Onlar səbir edib bu yolda lütf edilən nüsrətlə (ilahi yardımla) qalib gəldilər, siz də bir az səbr edin ki, sabahkı bayramı yaşaya biləsiniz, − bəyanları verilir və yeni möminlərdən də eyni yolda səbir və dözüm istənilirdi. Bu cür şəraitdə səbir mömin üçün ən böyük silah idi və hər cür yalana və qaralamaya rəğmən, bu mətanətdən əsla vaz keçməmək lazım idi. Çünki gələn ayələrdə Uca Allah həm Sevgili Peyğəmbərinin mənəvi qüvvəsini artırmaq, həm də möminlərin əhvali-ruhiyyəsini yüksəltmək üçün açıq-aşkar belə buyururdu:

− O halda, Sən səbrinlə döz! Allahın vəd etdikləri mütləq və gerçəkdir. Ona inanmayıb  bu işə etinasız baxanların mövqe və davranışları Səni təşvişə salıb əndişəyə sövq etməsin![37]

Əndişə ediləcək nə var idi ki?! Yer kürəsi Allahın idarəsindədir və onu istədiyinə vermək yenə də Ona məxsusdur.  Və Allah bu gün yaşanan hər cür müsibətlərə görə əndişəyə qapılıb kədərlənməmək lazım olduğunu, hüznə dalıb ümidsizləşməmək üçün güclü imana malik olma zərurətini bəyan edirdi. Çünki əsl üstünlük ancaq güclü bir imanla əldə edilə bilərdi.[38] Yenə Uca Allah işin ta başlanğıcından  yer üzünün açarlarını ancaq saleh bəndələrinə verəcəyini vəd edirdi.[39] Təqva hər dövrdə etibarlı olan bir sikkə idi və bu gün çəkilən bütün məşəqqətlərə  rəğmən, sabahlar mütləq təqvalı insanların idarəsi ilə formalaşacaqdı.[40] Elə isə iman, saleh əməl və təqva Allahdan nüsrət və köməyin gəlməsi üçün Ona təqdim edilmiş ən böyük dəvət demək idi. Buna görə də bir yerə yığışanda:

− Gəl bir az oturaq və imanda dərinləşmək yolunda bir qapı da aralayaq,[41] − deyirdilər.

Allah Rəsulu (s.ə.s.) Ukazda... Məcənnədə... Zilməcazda insanların arxasınca düşüb onlara da Rəbbini anlatmağa cəhd edərkən oxşar sözləri söyləyir və:

− Ey insanlar! Gəlin sizlər də “Lə iləhə illəllah” deyin və xilas olun! Bu kəlmə ilə bütün ərəblərə hakim olun! Bu vəsilə ilə Əcəm yurdu sizə tabe olsun! Əgər həmin günləri görmədən ölsəniz, cənnətin məlikləri siz olacaqsınız, −  müjdəsini verirdi.”[42]

Müşriklər bunları da eşidib məsxərəyə qoymağa başlamışdılar. Bir gün Əsvəd ibn Abdulmuttalib yaşıdları ilə oturub bu haqda danışırdı. Həmin vaxt səhabələrdən bir neçəsi yanlarından keçirdi. Onları görən kimi söz atmağa başlayırlar. Belə deyirdilər:

− Baxın, Kisranın və Qeysərin saraylarının varisləri olacaq yer üzünün hökmdarları gəlir!

Sonra da əl çalaraq məsələni səs-küylə yekunlaşdırmağa və həqa­rətlərinə haqq qazandırmağa çalışırdılar.[43]

Əshab üçün onların nə dediyi yox, Allahın və Rəsulunun buyurduqları önəmli idi. Və əshab, beləcə, onların yanından təbəssümlə keçib gedir, acınacaqlı hallarına dərman ola bilməməyin  iztirabını çəkirdilər.

Dünya və dünyaya aid olan şeylər onlara çox bəsit  görünürdü. Bu gün burada ayaqlarına batan bircə tikanın da axirətdə mükafatını alacaqlarına Zərə qədər  şübhə etmirdilər. Onlar, eyni zamanda, işlərini bu əvəzə görə etmirdilər. Onlar üçün bu, yaşanan çətinlikləri dəf etməkdə sadəcə bir dayaq rolunu oynayırdı. Bilirdilər ki, əgər dünyanın Allah qatında (dərgahında) zərrə qədər dəyəri olsaydı, kafir bu dünyada bir qurtum su belə içə bilməz, hər cür nemətdən məhrum olardı. Halbuki, Əbu Cəhillər... Əbu Ləhəblər... Utbə və Şeybələr... nemət içində üzürdülər. Demək ki, Allah (cəllə cəlaluhu) çox mərhəmətli idi və bu rəhmət xəzinəsindən əsla ümid kəsilməməli idi.

İmanda bu dərəcəyə yüksələn mömin üçün Allah və Rəsulunun gələcəklə bağlı vəd etdiklərinin bir başqa mənası vardı. O buyurubsa, mütləq olacaq və ağrı-acıları bir gün bitəcəkdi. Bayquşların həmişə bayram etməsi mümkün olmadığı kimi, gecələr də daim zülmət olmayacaqdı, bu dünyada bülbüllərə də yer vardı və vaxtı çatınca dan yeri söküləcək, səhərin xoş mehində könüllərə  fərəh bəxş edən  xatirələr yaşanacaqdı.

Bəli, bir gün bu zülmlər mütləq sona  çatacaq və hər tərəf laləzara dönəcəkdi. Buna görə də o gün mövcud şəraitə uyğun hərəkət etmək və hər cür səbrin gücünü doğru istiqamətləndirmək lazım idi.

Elə isə bu günü yaşayanlar üçün yalnız bir vəzifə görünürdü; Allahın dəyər verdiyini ucaltmaq, yaşatmaq, yaymaq. Heç nəyə baxmayaraq, insanların əlindən tutacaq və işin nəticəsinə qarışmayacaqdılar, çünki nəticəni yaradan Allahdır. Onlar isə yalnız öz vəzifələrini yerinə yetirir və başqasının işinə qətiyyən  qarışmırdılar. Çünki nüsrətin (yardımın, zəfərin) gələcəyinə heç kimin şübhəsi yox idi. Əsas məsələ bu nüsrətə layiq olmaq idi.



[1]. Hz. Zubeyr Peyğəmbərimizin bibisi Safiyyə binti Abdulmuttalibin oğlu, Xədicə anamızın da qardaşı oğlu idi. Müsəlman olanda hələ on beş yaşlarında idi. Bax: ibnü’l-Esir, Üsüdü’l-Ğabe, 2/209
[2]. Bax: “Zumər” surəsi, 39/17, 18
[3]. Bax: Vahidi, Esbabu Nuzuli’l-Kur’an, s. 382, 383
[4]. İbn Sa’d, Tabakat, 3/55
[5]. Bax: İbn Hacer, İsabe, 2/229
[6]. İbnü’l-Esir, Üsüdü’l-Ğabe, 3/85
[7]. İbnü’l-Esir, Üsüdü’l-Ğabe, 3/59
[8]. İbn Hacer, İsabe, 1/136. Əbu Zər müsəlman olmadan öncə də namaz qılırdı. O günlərdən danışarkən Peğəmbərimizlə görüşdən 3 il əvvəl namaz qılmağa başladığını dilə gətirəcək və axşamlar ədasına başlayıb gecə yarısına qədər davam etdirdiyini bildirəcəkdi.
[9]. İbn Sa’d, Tabakat, 4/222
[10]. Hz. Abbas o vaxt hələ müsəlman olmamışdı.
[11]. Bax: İbn Sa’d, Tabakat, 3/165; 4/224, 225, 255.
[12]. Bax: İbn Sa’d, Tabakat, 3/165.
[13]. Müsəlman olanda Hz. Sadın on altı və ya on yeddi yaşı var idi. Bax: İbn Sa’d, Tabakat, 3/139
[14]. Bax: İbn Hişam, Sire, 1/266; İbn Sa’d, Tabakat, 3/139; Taberi, Tarih, 2/216; İbnü’l-Esir, Üsüdü’l-Ğabe, 2/292
[15]. Bax: İbnü’l-Esir, Üsüdü’l-Ğabe, 2/216
[16]. Bax: “Loğman” surəsi, 31/15
[17]. Bax: İbn Hacer, İsabe, 2/31; Halebi, Sire, 1/280.
[18]. Abdullah ibn Məsud Zührəoğullarının müqaviləli işçisi idi. Cahiliyyə dövründə atası Əbu Məsud Abdullah ibn Harislə razılığa gəlmiş, onun işlərini görməyə başlamışdı. Ogünkü adətlərə görə, oğlu ibn Məsud da eyni taleyi  yaşamaq məcburiyyətində idi.
[19]. Bax:İbnü’l-Esir, Üsüdü’l-Ğabe, 2/589
[20]. Cəfər ibn Əbi Talib əxlaq və xarakter etibarilə Peyğəmbərimizə ən çox bənzəyən insan idi. Bax: Taberi, Tarih, 1/539
[21]. Əsl adı Abdullah ibn Abdiləsəd olan Əbu Sələmə Peyğəmbərimizin bibisi Bərrə binti Abdulmuttalibin oğlu idi. Həmçinin Hz. Həmzə kimi Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) da süd qardaşı olurdu. Bax: İbnü’l-Esir, Üsüdü’l-Ğabe, 2/567
[22]. Amr ibn Fuheyre Hz. Aişə anamızla ana bir qardaş idi. Bax: “İbnül-Esir,”Üsüdül-Ğabe”, 2/254
[23]. İbn Sa’d, Tabakat, 4/94; ibn Hacer, İsabe, 1/406
[24]. Bax: İbnü’l-Esir, Üsüdü’l-Ğabe, 2/87; İbn Sa’d, Tabakat, 4/95; Halebi, Sire, 2/421
[25]. Aqil ibn Bukeyrin adı Qafıl idi. Peyğəmbərimizin yanına gəlib adını deyəndə Allah Rəsulu (sallallahu əleyhi və səlləm) onun adını dəyişdirib Aqil qoymuşdu. Bax: İbn Hacer, İsabe, 3/575
[26]. İbn Hişam, Sire, 2/98
[27]. Bu həngamədə Sad ibn Əbi Vəqqas özünü və yoldaşlarını qorumaq məqsədilə əlinə keçən bir dəvənin çənə sümüyünü müşriklərdən birinin başına vurmuş və həmin adamın başı yarılmışdı. Yer üzündə bir müsəlmanın axıtdığı ilk qan da bu idi.  Bax: İbn Hişam, Sire, 2/98.
[28]. Onun bu vəziyyətinə qoca Varaqa ibn Nəvfəlin də şahid olması, “Əhad... Əhad...” sözlərini eşidəndə: “Ey Bilal, əgər sən bu vəziyyətdə (bu sözləri deyə-deyə) ölsən, məzarının üstündə türbə tikərəm,” – deməsi  rəvayət edilir. Bax: İbnü’l-Esir, Üsüdü’l-Ğabe, 1/236
[29]. İbn Hibban, Sahih, 15/558 (7083); Ahmed b. Hanbel, Müsned, 1/404 (3832)
[30]. Bax: İbnü’l-Esir, Üsüdü’l-Ğabe, 2/102; İbn Sa’d, Tabakat, 3/164, 165; İbn Hacer, İsabe, 2/258
[31]. İbn Sa’d, Tabakat, 3/164, 165
[32]. Bax: “Məryəm”surəsi, 18/77, 78
[33]. Bax: ibn Hibban, Sahih, 7/156 (2897)
[34]. Bax: Buhari, Sahih, 3/1322 (3416). Həmin gün Allah Rəsulundan bunları dinləyən bir səhabə illər sonra and içərək həqiqətən də bu cür səadətli bir iqlimi yaşadığını dilə gətirib Rəbbinə həmd edəcəkdi.
[35]. Bax: “Tövbə”surəsi, 9/32,33. Buna bənzər başqa ayələrdə Allahın dininin yayılmasından xoşu gəlməyən insanlar vurğulanarkən müşrik, mücrim və fasiq kimi ifadələrin də üzərində dayanılır və bununla da hər dövrdə ehtimal olunan  maneələr arasında mömin olduğu halda, mucrim və ya fasiq ola bilən bu adamların maneçilik törətmək istəkləri xatırladılır. Bax: “Ənfal” surəsi, 8/8; “Yunus”surəsi, 10/82
[36]. Bax: “Mumin” surəsi, 40/51.
[37]. Bax: “Rum” surəsi, 30/60.
[38]. Bax: “Ali-İmran” surəsi, 3/139.
[39]. Bax: “Ənbiya” surəsi, 21/105.
[40]. Bax: “Qəsəs” surəsi, 28/83.
[41]. Suyuti, ed-Durru’l-Mensur, 1/365
[42]. İbn Sa’d, Tabakat, 1/216
[43]. Bax: Halebi, Sire, 1/511, 512; Mübarekfuri, er-Rahiku’l-Mahtum, s. 123