Mənəviyyata Açılan Pəncərə

Bu gün Onu nə qədər biliriksə, o qədər xoşbəxt, nə qədər yaxından tanıyırıqsa, o dərəcədə mənən rahat və yenə Onun həyatına nə qədər bələdiksə, o dərəcədə də bəxtiyarıq! Başqa sözlə, biz Ona hiss etdiyimiz ehtiyac qədər başqalarına möhtac olmaqdan uzağıq, Onun əngin dünyasına laqeyd olub oradan uzaqlaşdığımız qədər də başqalarının qapısında şəxsiyyət və qüruru çeynənən dilənçi olmağa məhkumuq!
Bu kitab siyər ənənəsinə sədaqətlə, sətir aralarında qalmış və gələcəyimizi istiqamətləndirən incəlikləri bu günə əks etdirərək Allah Rəsulunun (s.ə.s.) nümunəvi həyatından bəhs edən, bəhs edərkən insanı əsrlərlə əvvələ – Peyğəmbər dünyasına aparan və ya o dünyanı yaşadığımız əsrlə bütünləşdirən yeni və özünəxas üslubda yazılmış bir əsərdir.
Bu gün bizim sadəcə müharibələri əhatə edən bir siyər ənənəsindən daha çox Allah Rəsulunun (s.ə.s.) ictimai həyatdakı missiyasından bəhs edən kitablara ehtiyacımız var və məhz qarşınızdakı bu əsər həmin ehtiyacı təmin etmək niyyəti ilə yazılmışdır. Oxucularımızın əsərin sətirləri arasında savaşlarla dolu bir həyat macərasından çox, duyğu, düşüncə və davranışları şəfqətlə yoğrulmuş bir kamil insan və toplum içində hər cəhəti ilə rəhbər və  yol göstərən kamil mürşid görəcəyi qənaətindəyik.
Unutmamalıyıq ki, Peyğəmbərimizin Bədir kimi önəmli bir dönüş nöqtəsinə getmək məqsədilə Mədinəni tərk etməsi və geri qayıtması on günlük zaman kəsiyidir və Bədir döyüşü bu on günlük zaman kəsiyində beş-altı saatlıq məsələdir. Şübhəsiz ki, Rəsulullah qalan vaxtı səhabələri ilə birlikdə və onların arasında yaşamışdır. Hər anı bir örnək olan bu qiymətli zaman kəsiklərinin beş-altı saatlıq mərhələyə qurban  getməməsi çox əhəmiyyətli idi və məhz müəllif bu əsərlə qalan doqquz gündə yaşanılan hadisələri gün üzünə çıxarmaq istəmiş, xırda görünən, lakin bizim üçün önəmli təfərrüatları nəzərə çatdırmaq məqsədini izləyərək dövrə, hadisələrə  ümumi aspektdən yanaşmışdır.
Dil baxımından sadə, üslub baxımından axıcı və hadisələri təqdim etmə cəhəti ilə də işin əslinə sadiq qalmaqla qələmə alınan duyğu yüklü bu əsərlə Peyğəmbərimizlə (s.ə.s.) aramızdakı məsafələrin az da olsa, aradan qalxacağını düşünür, insanların səadətinə həsr edilən bu həyatı oxumaqla öhdəmizə düşən vəzifələrə daha möhkəm sarılacağımızı ümid edir və sizi Səadət əsri ilə bu günümüzü iç-içə əks etdirən belə bir əsərlə baş-başa qoyuruq.