Mənəviyyata Açılan Pəncərə

Gözlənilən hadisələr və Uhud

Hz. Abbasın məktubu    

Hicrətdən üç il keçmiş, şəvval ayı, bir çərşənbə axşamı idi. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) Qubada ikən Hz. Abbasın göndərdiyi məktubu alır,[1] Məktubu oxuyan Übeyy ibn Kabı dinlədikdən sonra bunun gizli saxlanılmasını tapşırıb Sad ibn Rəbinin yanına gedir.

Demə, ətraf qəbilələrdən də dəstək alan Qureyş Bədrin ağır yarasını sarıyıb müsəlmanlardan intiqam almaq və  bir həmlə ilə məsələni qəti həll etmək üçün ordu ilə Məkkədən çıxıb Mədinəyə doğru hərəkət etməyə başlamışdı. Hətta Qureyş Bədirdən əvvəl Şama gedib-gələn Əbu Sufyanın karvanını bu ordunun təşkilinə sərf etməklə yanaşı, başqa vəsaitlər də cəlb etmişdi. Rəsulullahı hadisələrdən xəbərdar edən Cəbrailin gətirdiyi ayədə buyurulurdu: "Küfr edənlər öz mallarını insanları Allah yolundan döndərmək üçün sərf edərlər. Onlar mallarını sərf edəcək, lakin sonra məqsədlərinə çata bilmədiklərinə görə peşman olacaq, axırda da məğlub ediləcəklər".[2] Bununla əlaqədar Allah Rəsulu (s.ə.s.) bir neçə səhabəni müxtəlif istiqamətlərdə göndərib Məkkə ordusuna aid məlumatların təcili surətdə Ona çatdırılmasını istəyir.

Vəziyyətin həssaslığına binaən Sad ibn Muaz, Üseyd ibn Hudayr və Sad ibn Ubadə kimi səhabələr silaha qurşanıb Peyğəmbərimizin ətrafında toplanır, hətta namaz qılarkən belə silahları yerə qoymadan keşik çəkirlər.

Məkkə ordusu

Məkkə ordusunun üç min nəfərdən ibarət olması və bu orduya bəzi ətraf qəbilələrin də qoşulması barədə xəbərlər gəlmişdi. Hətta Hz. Hanzalanın atası Amir kimi Mədinədən gedən bir çox insan bu orduya qoşulmuşdu.[3]  Məkkəlilər üç min dəvə və iki yüz at üstündə gəlirdi. Ordunun ümumi rəhbərliyi Əbu Sufyanın əlində idi. Atlı dəstəsinə başçılıq Xalid ibn Vəlidə tapşırılmışdı. Əbu Cəhlin oğlu İkrimə də onun yardımçısı idi.

Ö dövürdə ərəblərin adəti idi, döyüşdə özlərini coşdurub cəsarətləndirmək üçün qadınlarını da gətirirdilər. Məkkə əyan-əşrəflərinin xanımları da orduya qoşulmuşdular. Məqsədləri də döyüş zamanı iffət və namuslarına xələl gəlməməsi üçün əsgərlərin qaçmasının qarşısını almaq idi. Hər nə qədər özlərindən əmin olsalar da, işin olmazını da nəzərə alırdılar.

Qısaca, Məkkə ordusu döyüş üçün lazım olan bütün imkanlarını birləşdirib Mədinəyə gəlirdi.

Əbvaya çatarkən Bədir döyüşündə atası da daxil yaxınlarını itirən Əbu Sufyanın xanımı Hind binti Utbə Rəsulullahın anasının qəbrini açıb parçalamaq istəyir, amma qureyşlilər bunun adətə çevrilməsi və öz məzarlarının da eyni aqibtlə üzləşməsi qorxusu ilə ona izin vermir.

Xüsusilə, Hind kimi Bədirdə sinəsinə dağ çəkilənlər əsgərləri coşdurmaq üçün şeirlər oxuyur və Mədinəyə yaxınlaşarkən ordunu yüksək əhvali-ruhiyyədə saxlamaq istəyirdilər.

Əshabla müşavirə

Məkkə ordusu Uhuda yaxınlaşmışdı. Uhud Mədinə demək idi. Böyük bir dəbdəbə və ehtişamla gələn Qureyş Mədinəni yerlə-yeksan etmək əzmi ilə Uhuda çatmış, gözləyirdi.

Əshabın böyükləri bir yerə yığışmışdı. Allah Rəsulu (s.ə.s) onlarla müşavirə keçirirdi. Çünki vəziyyət Bədirdən fərqli idi. Hərçənd Bədrə gedərkən də buna bənzər bir müşavirə keçirilmişdi və hər kəsin qəbul etdiyi müştərək qərar çıxarmışdılar. Bu gün də elə olmalı idi. Çünki Cəbrailin gətirdiyi ayə Peyğəmbərimizə əshabı ilə müşavirə keçirməyi əmr edir və məsələni topluma bildirmək üçün ən təsirli yol kimi bunu göstərirdi.

Əvvəlcə Məkkə ordusu ilə bağlı təlimatlar ortaya qoyulur. Bu, bir reallıq idi, üzərlərinə üç minlik ordu gəlirdi. Ancaq xüsusən Bədir döyüşündə iştirak etməyən və ya Bədirdən sonra müsəlman olan səhabələr onlarla vuruşub öhdələrindən gələcəklərini deyirdilər.

Allah Rəsulu (s.ə.s.) isə Mədinədən kənara çıxmamağı və şəhəri içəridə qalıb qorumağın daha münasib olduğunu düşünürdü. Çünki bir yuxu görmüş və onu da şənbə günü əshabına danışmışdı:

– Vallah, Mən bəzi şeylər gördüm ki, inşallah, xeyirli olar, bəzi heyvanların boğazlandığını, qılıncımın tiyəsində bir çat və əlimi möhkəm bir zirehin içinə soxduğumu gördüm!

Onun hər halını həyatına rəhbər tutanlar bu röyanın mənasını soruşduqda da Peyğəmbərimiz boğazlanan heyvanların bəzi səhabələrin şəhid olacağı, qılıncın tiyəsindəki çatın öz başına gələcək bir müsibət və ən yaxın qohumunun şəhadəti, möhkəm zirehi də Mədinəyə sığınmağın vacibliyi şəklində yozmuşdu. Buna görə də Mədinədə qalıb müdafiə olunmaq fikrini irəli sürür. Bəlkə də: "Düşmən şəhərə girərkən onu küçələrə çəkər, qüvvələrini küçələr arasında bölərək daha asan qalib gələrik və qadınlar da heç olmasa, damlardan bizə kömək edər," – deyə düşünürdü. Əshab isə:

– Ya Rəsulullah! Biz, onsuz da belə bir günü gözləyirdik və Allaha dua edirdik. İndi O, bizə belə bir fürsət verdi və özümüzü göstərmək imkanını ayağımıza gətirdi. Düşmənlə vuruşmaq üçün kənara çıxaq, ya Rəsulullah! Kənara çıxıb vuruşaq ki, bizim onlardan qorxduğumuzu zənn edib cəsarətlənməsinlər, – deyirdilər.

Ənsar və mühacirin böyükləri bu həyəcanlı çıxışla razılaşmadıqlarını və Rəsulullah nə buyurarsa, edilməsinin daha yaxşı olacağını söyləyirdilər. Ancaq gənclərin və Bədirdə savaşmaq fürsətini qaçıranların fikri daha çox dəstəklənirdi. Abdullah ibn Übeyy isə məsələnin gedişindən olduqca narahat idi və döyüşməmək məsələsində israr edirdi.

Bu bir müşavirə idi; Allah Rəsulu (s.ə.s.) da Allahın əmri olan müşavirəni əshabı ilə keçirirdi. İnsanlar arasında müşavirə kimi təməl bir məsələnin həyata keçirilməsi o dövr üçün çox əhəmiyyətli idi və hər kəs burada fikrini açıqca deyə bilirdi. O (s.ə.s.), bir peyğəmbərdi, amma əksəriyyətin fikri ilə razılaşaraq Məkkə ordusunu şəhərdən kənarda qaşılamağa qərar verir.

Artıq Mədinədə gərginlik hökm sürürdü. Cümə günü sabah namazı qılındığı andan Mədinədə əsas mövzu nəfəsi şəhər havasına qarışan Məkkə ordusunu necə qarşılamaq idi. Peyğmbərimiz (s.ə.s.) də hər bir imkanı qiymətləndirir və əshabı Mədinəni qorumağa təşviq edirdi.

Təbii olaraq, cümə namazının mövzusu da bu qarşılaşma ilə bağlı idi. Peyğmbərimiz (sallallahu əleyhi və səlləm) xütbələrində iman mövzusu üzərində dayanır, səbir və təmkinlə hərəkət edəcəkləri təqdirdə ilahi nüsrətin yenə onlarla birlikdə olacağını söyləyir, vicdanlara səslənərək əshabı vətəni qorumağa  təşviq edirdi.

Bir tərəfdən də hazırlıqlar davam edirdi. Səhabələr arasında bayram havası vardı.

Sanki, Uhuda toya gedirdilər; Allah məfkurəsinə qarşı üsyan bayrağı qaldırıb Uhuda qədər gələn kin sərraflarına həddini bildirməyə can atırdılar.

Qətiyyət

Allah Rəsulu (s.ə.s.) ikindi (əsr) namazını qıldıqdan sonra Əbu Bəkir və Hz.Ömərlə birlikdə hücrəsinə girir. Zirehini geyib qılıncını götürərək əshabı arasına çıxacaq və Uhuda yollanan ordunun önündə duracaqdı. İnsanlar hücreyi-səadəti ilə minbəri-şərifi arasında toplaşıb Onu gözləyirdilər.

Rəsulullahın sözlərindəki təmkin və ehtiyatı, mübarək üzündəki mənzərəni, gördüyü yuxunu və əshabın israrını dəyərləndirən Sad ibn Muaz və Üseyd ibn Hudayr kimi səhabələr:

− Ona səmadan vəhy gəldiyi halda, siz Rəsulullahı savaşı kənarda aparmağa məcbur etdiniz! Gəlin bu israrınızdan vaz keçin və işi Ona həvalə edin, O, sizə nə əmr etsə, onu yerinə yetirin, – deyirlər.

Səhabələr bayırda bunları müzakirə edərkən əyninə zireh üstündən zireh geyinmiş, sarığını sarımış və bir əlində qalxan, qılıncına qurşanmış Allah Rəsulu (s.ə.s.) qapıda görünür. Sad ibn Muaz və Üseyd ibn Hudayrın tənbehləri nəticəsində məsələni yenidən düşünməyə başlayan səhabə peşman olmuşdu. Ona (s.ə.s.) bu qədər yaxın olanların fikrincə, Rəhbərlərinə − Allah Rəsuluna müxalif olmaq başqa çətinliklərə də səbəb ola bilərdi. Çünki "muqarrabin" (daha yaxın kəslər) məqamında olanların atacağı hər bir yanlış addım başqa səhvlərə də yol açmaq demək idi. Boyunlarını büküb:

– Ya Rəsulullah! Səni biz məcbur etdik, halbuki Sənə müxalif olub bunu etmək bizə yaraşmazdı. Mədinədə qalmaq da daxil olmaqla Sən dilədiyini et, ya Rəsulullah! − deyirlər.

Əshabının peşman olduğunu görən Allah Rəsulu (s.ə.s.) onların gözlədiyi kimi, geri qayıtmaq əvəzinə bunları deyir:

 – Əvvəlcə bunu Mən istəyəndə siz "xeyr" deyirdiniz. Bir Nəbi zirehini geyindikdən sonra Allah düşməni ilə Onun arasındakı hökmü verənədək Ona zirehi çıxarmaq yaraşmaz! Artıq Allahın sizin üçün təqdir etdiyinə baxın və Onun buyuruqlarına tabe olun. Haydı, Allahın adı ilə yola düşün! Səbir etdiyiniz müddətcə zəfər sizin olacaq![4]

Görünür, işə rəhbərlik edənlərin belə kritik anlarda qərarlı olması bu məqamdan sonra əldə ediləcək faydalardan daha vacib idi və Rəsulullah da əshabına bunu felən göstərmək istəyirdi. Çünki Allah (c.c.) Ona:

– Müşavirə ilə qərar verib əzm etdiyin zaman Allaha güvən və Ona təvəkkül et,[5] – buyururdu. Eyni zamanda müşavirə qərarını müşavirə məclisində vermək lazım idi. İndi isə bu qərarlılığı göstərmək bir zərurət idi.

Geri qaytarılan gənclər

Allah Rəsulu (s.ə.s.) Bədir döyüşündə olduğu kimi, burada da gözünə kiçik görünən gəncləri geri qaytarmaq istəyir. Abdullah ibn Ömər, Üsamə ibn Zeyd, Üseyd ibn Zuheyr, Zeyd ibn Sabit, Zeyd ibn Ərkam, Arabə ibn Əvs,  Amr ibn Hazm və Əbu Saidil-Hudri kimi gənclərə döyüşdə iştirak etməyə icazə verilmir. Məkkə müşrikləri ilə vuruşmağı ürəkdən istəyən bu gənclər kədərə qərq olurlar.

Geri qaytarılanlar təkcə bu gənclər deyildi; Mədinəni birlikdə müdafiə etmək haqda aralarında razılıq olduğu halda, Allah Rəsulu (sallallahu əleyhi və səlləm) şəhərin digər sakinlərindən − yəhudi və ərəb müşriklərindən birlikdə döyüşməyi tələb etmir, hətta könüllü yola çıxanları da geri qaytarır. Çünki bu, küfrlə imanın mübarizəsi idi və belə bir döyüşdə yalnız gücünü imandan alan cəsarətli insanlar müzəffər ola bilərdi. Buna görə Şeyxeyn adlı yerə çatdıqları zaman gözəl geyimli nizami dəstənin onlara tərəf gəldiyini görüncə bunların kim olduğunu soruşur və hələ müsəlman olmadıqlarını öyrənincə də:

– Əhli-şirkə qarşı əhli-şirkdən yardım almaq olmaz, – buyuraraq iman davasında sadəcə möminlərlə birlikdə mübarizə etmək gərəkdiyini söyləyir.

Bundan başqa, Rəsulullahla birlikdə döyüşə getmək üçün özünü oda-közə vuranlar da var idi. Allah Rəsulu (s.ə.s.) yaşı az olsa da, görkəmcə boy-buxunlu olan Rafi ibn Hadicin gəlməsinə izin verincə Səmürə ibn Cündəb irəli çıxır və Peyğəmbərimizə:

– Ya Rəsulullah, – deyir, – mən Rafidən daha güclüyəm, güləşsək, onu yenərəm!

Onun döyüşə getmək üçün göstərdiyi səyi görən Allah Rəsulu (s.ə.s.) əshabın qarşısında bu iki dəliqanlının güləşməsini istəyir. Həqiqətən də, nəticə Səmürənin dediyi kimi olur. Bəlkə də, Rafi dostu ibn Hadic onunla getsin deyə bilərəkdən məğlub olmuşdu. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) hər ikisinə döyüşə getməyə izin verir.

Əshabını üç dəstəa ayırır: mühacirlərin bayrağını Hz. Əli, Əvsin bayrağını Üseyd ibn Hudayr və Xazrəcin bayrağını isə Hubab ibn Münzir aparırdı.

Mədinədə vəkil olaraq yenə Abdullah ibn Ümmi Məktum təyin edilir. Təqribən min nəfər idilər. Bunlardan yalnız yüz nəfəri zirehli idi. Süvarilərə Zübeyr ibn Avvam başçılıq edirdi, zirehsiz olduğu halda, Uhuda gedənlərin başında isə Hz.Həmzə dayanırdı. Bədirdə olduğu kimi, yenə düşmənin üçdə biri qədər idilər. Ancaq onlar nə bu gücdən, nə də ölümdən qorxurdular! Şəhadət onlar üçün əlçatmaz və arzulanan bir hədəf idi.

...Və Uhud

Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) axşam düşəndə əshabı ilə birlikdə Uhuda çatır.  Bilalın azanı ilə axşam və yatsı (işa) namazlarını camaat şəklində burada qılırlar.

Rəsulullah (s.ə.s.) hər döyüşdə bir taktikaya əl atırdı. Çünki Məkkə ordusu Bədirdəki taktikanı öyrənməyə çalışır və buna uyğun hazırlaşırdı. Onun qənaətinə görə, Uhud strateji baxımdan Bədirdən fərqli olacaqdı. Bununla Allah Rəsulu (s.ə.s.) hər zaman düşmənlərdən üstün olduğunu göstərir və beləliklə, şərtləri qoyan, təyin edən O olurdu. İnsanların könüllərinə xitab edir və yəqin idi ki, əshabının işi hərtərəfli qavramasını planlaşdırırdı.

Əlli süvari seçir və başçıları Məhəmməd ibn Məsləmə ilə birlikdə ətrafda gəzib onları gecənin qaranlığında ehtimal olunan təhlükələrdən qorumağı tapşırır.

– Bu gecə bizi kim qoruyacaq? – sualına cavab olaraq Zəkvan ibn Abdiqays önə çıxır və Peyğəmbərimizin təhlükəsizliyini öz boynuna götürür. Bu vaxt Allah Rəsulu (s.ə.s.):

– Bizim bələdçi və rəhbərlərimiz haradadır? Bizi kim bu təpələrin arxasından keçirib hiss etdirmədən onların yanına aparacaq, – deyə soruşduqda Əbu Heysəmə irəli çıxır:

– Mən, ya Rəsulallah!

Beləliklə, Allah Rəsulu (sallallahu əleyhi və səlləm) bir dəstə səhabə ilə Əbu Heysəmənin bələdçiliyində arxa tərəfdə olanları öyrənmək üçün kəşfiyyata çıxır. Yol gedərkən kor bir münafiqin bağından keçmək məcburiyyətində qalırlar. Bağına Rəsulullah və əshabının girdiyini anlayan Mirba ibn Qayzi qəribə bir reaksiya verir və:

– Əgər Sən Rəsulullahsansa, bağıma girdiyin üçün Sənə haqqımı halal etmirəm. Həm də bu Sən yox, bir başqası olsa idi, onu mütləq kötəkləyərdim, – deyir, digər tərəfdən də üstünə torpaq atır.

Onun belə rəftarı əshaba pis təsir edir və onun üstünə yeriyirlər. Hətta bir səhabə əlindəki yayla kişinin başına bir zərbə də endirir... Mümkün idimi?! Bir tərəfdə Rəsulullaha həqarət edilir, digər yanda isə bu təhqiri edənin yaxınları müdafiəyə çəkilmiş adama kömək üçün hazır gözləyirdi. Meydan bir anda gərginləşir. Peyğəmbərimiz (s.ə.s.) dərhal müdaxilə edir:

− Ona  toxunmayın! Onun qəlbi də, gözü də kordur!

Münafiqlərin ayrılması

Şənbə günü... Uhud meydanında günəş doğmamış yenə Bilalın yanıqlı səsi eşidilir. Allah Rəsulunun arxasında sabah namazını qılacaqdılar. Ordu içərisində bir hərəkətlilik gözə çarpırdı. Çox keçmədən bunun səbəbi də aydın olur. Abdullah ibn Übeyy ibn Səlul ilə birlikdə təqribən üç yüz nəfər geri qayıdırdı.[6] Buna görə də Uhudda yaxşı sılahlanmış üç min nəfərlik müşrik ordusu ilə mübarizədə hər səhabə ən azı beş adamla mücadilə edəcəkdi. İbn Səlulun bu addımı  müsəlmanlara daxildən zərbə vurmağın bir forması idi və əsas məqsəd möminlərin əhvali-ruhiyyəsini sarsıtmağa hesablanmışdı. Gedərkən də:

– Məni heç dinləmədən və uşaq-muşağın sözü ilə döyüşə çıxır! Nə üçün öldürdüyümüzü bilmədən haraya sövq edildiyimizi bilmirik, – deyə üzdə özlərini etiraz edirmiş kimi aparırdılar.

Aydın  idi  ki, Allah (c.c.) aləmlərə rəhmət olaraq göndərdiyi axırzaman Nəbisinin yanında belə ikiüzlü insanların olmasını murad etmir və daha böyük sıxıntıların baş verməməsi üçün hələ işin başından onlarla Müsəlmanların yollarını ayırırdı. Çünki Onun hədiyyələrini ancaq Ona layiq qulları daşıya bilər və belə bir əhəmiyyətli yol ayrıcında ancaq Ona səmimi yönələn qullar bu yükün altına girə bilərdi.

Abdullah ibn Haram onların arxası ilə gedib deyirdi:

– Ey qövmüm! Allah üçün sizə xəbərdarlıq edirəm, düşmənlə üz-üzə gəldiyimiz anda Peyğəmbərinizi yalnız buraxmaqla özünüzü və qövmünüzü rəzil və rüsvay etməyin. Ey qövmüm! Gəlin ya Allah yolunda  savaşın,  ya da müdafiədə durun!

Ancaq onların nə bu sözlərə qulaq asacaq halı, nə də məsələnin dərinliyindən anlayacaq ağlı vardı. Arxalarını çevirib haqq bəyanına qulaq asmamaq bir yana, onlara səslənən Abdullah ibn Harama:

– Əgər biz vuruşa bilsə idik, sizi onlara təslim etməzdik. Onsuz da döyüş olacağını da sanmırıq! Sən də bizi dinləsən, mütləq bizimlə geri qayıdarsan, – deyir və özlərinə görə ağıl verirdilər. Onların bu ağılsız hərəkətlərini və islah olunmaz niyyətlərini görən Hz.Abdullah isə belə deyəcəkdi:

– Ey  Allah düşmənləri! Bundan o yana mən nə edə bilərəm ki? Heç Allah Peyğəmbərini sizə möhtac qoyarmı?!

Bəli, Allah Peyğəmbərini heç kimsəyə möhtac qoymayacaqdı. Cəbrailin gətirdiyi xəbər də bunu deyirdi:

– Şübhəsiz ki, Allah pisi yaxşıdan ayırana qədər möminləri sizin indi olduğunuz vəziyyətdə qoyan deyildir.[7]

Onlara arxadan səslənən Hz.Abdullaha söylədiklərini də xəbər verən Quran onların qəlblərində gizlətdiyini də açıq şəkildə bildirəcək və gələcək nəsillərə bir ibrət olaraq ogünkü satqınlığı tarixə salacaqdı:

– İki birliyin qarşılaşdığı gün başınıza gələnlər Allahın diləyi ilə olmuşdur ki, möminlər münafiqlərdən ayırd edilsin. Onlara: "Gəlin Allah yolunda vuruşun, yaxud müdafiədə iştirak edin!" – deyildiyi vaxt "Biz vuruşa bilsəydik, əlbəttə, sizinlə gələr və vuruşardıq", deyirlər. Onlar o gün imandan çox küfrə yaxın idilər və dilləri ilə əslində qəlblərində olmayanı söyləyirdilər. Allah onların ürəklərində gizlədiklərini də bilir.[8]

Onların belə bir kritik məqamda ayrılıb getməsi əshab arasında da müxtəlif fikirlərin meydana gəlməsinə səbəb olur. Bir qismi onları "öldürüləsi insanlar" hesab edir, digər bir qismi isə bununla razılaşmırdı. Xüsusilə də, Bəni-Səlimə və Bəni-Harisə qəbilələri az qala toqquşacaqdı.[9] Məsələyə son nöqtəni yenə Allah Rəsulu (sallallahu əleyhi və səlləm) qoyur:

– Uhuda gəlmə məsələsi yaxşı və gözəl olduğu qədər eyni zamanda bir ələmə, süzgəcdən keçmə məsələsidir. Atəş qızıl və gümüşdəki yararsız çöküntüləri bir kənara atdığı kimi, o (Uhud) da insanları arıdıb təmizlər.

Abdullah ibn Übey ibn Səlulun üç yüz nəfərlə birlikdə Uhudu tərk etməsindən sonra ənsardan bəziləri Rəsulullahın hüzuruna gələrək Mədinə yəhudiləri arasında müttəfiq olanlardan yardım istəməyi dilə gətirir, amma Allah Rəsulu (s.ə.s.):

– Bizim onlara ehtiyacımız yoxdur, – cavabını  verir və gələrkən göstərdiyi qətiyyəti burada da davam etdirib Uhud kimi bir ər meydanında ancaq möminlərdən ibarət ordunun daha uyğun olduğunu ifadə edir.

Uhuddakı xütbə

Bundan sonra hərbi birləşmələrini üzü Mədinəyə doğru yerləşdirir və kürəyini Uhud dağına söykəyir. Səhər açılmaq üzrə idi və əshabı ilə birlikdə sabah namazını qılır.

Sonra üzünü səhabələrinə tutur və xeyli söhbət edir onlarla. Döyüş başlamamışdan qabaq son xütbəsi idi bu! Allahın kitabına tabe olaraq halalı halal, haramı haram bilməyi tövsiyə edir, səbirli və təmkinli olmağı vurğulayır. Birlik və bərabərlik məsələsinə də xüsusi toxunan Allah Rəsulu (s.ə.s.) həyatda ikən diqqət yetiriləsi xüsuslardan ölümdən sonrakı mənzərələrə qədər bir çox məsələni səhabələrlə paylaşır və onları düşmən məsələsində daha diqqətli olmağa çağırır. Əshabını döyüş vəziyyətinə gətirir və sağa-sola yeriyərək səfləri şəxsən özü nizama salır. Artıq ordu hərtərəfli hazır idi və Allah Rəsulu son tapşırığını verir:

– Mən döyüşməyə izin vermədikcə heç kim döyüşə başlamasın!

 Bu arada Abdullah ibn Cübeyrin başçılığı ilə əlliyə qədər oxçu seçir və onlara dönə-dönə tapşırır:

– Bu atlıları bizə yaxınlaşmağa qoymayın, arxadan gəlib bizi mühasirəyə almasınlar! Zəfər bizim olsa belə, yerinizdən tərpənməyin! Nəbadə sizin tərəfdən bir hücuma məruz qalmayaq, yerinizə gedin və oradan əsla tərpənməyin! Onları tamamilə pərən-pərən saldığımızı və əsgərlərin arasına girdiyimizi görsəniz də, yerinizdən qımıldamayın! Başımızın üstündə quşların dövrə vurduğunu və ətimizi parçalamağa başladığını görsəniz də, Mən sizə xəbər göndərənə qədər yerinizdən tərpənməyin! Öldürüldüyümüzü görsəniz, gəlib bizə kömək etməyə, bizi müdafiə etməyə çalışmayın! Əksinə, onlara ox atın, çünki atlar oxa qarşı irəliləyə bilməzlər! Və unutmayın ki, siz yerinizdə qaldığınız müddətdə qalib tərəf mütləq biz olacağıq.[10]

Həmçinin  müşriklərin  bayrağını kimin daşıdığını soruşub öyrənir və:

− Biz sədaqətdə onlardan daha üstünük, − deyir və sonra da, − Musab ibn Ümeyr haradadır? − soruşur.

− Buradayam, − deyib dərhal hüzura gələn Musab ibn Ümeyrə iltifat göstərir və:

− Bayrağı sən götür, − deyə  ona uzadır.

O gün müsəlmanların şüarı "öldür" mənasını verən "Əmit... Əmit" sözləri idi.

Məkkə ordusunun vəziyyəti və ilk qığılcım

Məkkə ordusu onsuz da hazırlıqlı idi: özünə arxayın olan ordu bu inamla da Uhuda gəlmişdi. Xalid ibn Vəlid iki yüz atlı ilə birlikdə sağ cinahda gözləyirdi. Elə Peyğəmbərimizin də oxçulara səslənərkən diqqət çəkdiyi atlılar onlar idi. Ordunun sol cinahı isə Əbu Cəhlin oğlu İkriməyə əmanət idi. Piyadaların başında Safvan ibn Ümeyyə, oxçuların önündə də Abdullah ibn Əbi Rəbiə dururdu.[11] Məkkə ordusunun bayraqdarı isə Talha ibn Əbi Talha idi. Uhuddakı gərginliyin ən yüksək həddə çatdığı bir vaxtda Mədinədən əlli nəfərlə birlikdə Məkkəyə gedib müşrik ordusuna qoşulan və onlarla Uhuda gələn Hz.Hanzalanın atası Əbu Amir dəstəsi ilə hücuma keçir. Bu əsnada özünü də tanıdır və:

− Ey Əvs xalqı, − deyə hayqırır. Hücum edənin Əbu Amir olduğunu görən  müsəlmanlar da:

− Allah gözlərini kor etsin, fasiq, − deyə reaksiya verirlər və beləliklə, döyüş başlayır.

Bu ilk qığılcımla döyüş də alovlanır və artıq Qureyş ordusundakı qadınların səsləri eşidilir, ucadan şeirlər oxuyub əsgərləri müsəlmanlarla döyüşə təşviq edir, dəf çalıb nağara vururdular! O gün, xüsusilə, Əbu Sufyanın xanımı Hindin bəlağətli, bəzəkli sözlərindən cuş gəlirdilər. Hind əsgərlərə qalib gələcəkləri təqdirdə dünyalar vəd edir və hər birini qorxmaz vəhşiyə çevirmək  istəyirdi.

Onların bu vəziyyətindən xəbərdar olan Allah Rəsulu (sallallahu əleyhi və səlləm) belə dua edir:

– Allahım! Ancaq Sənin adınla həmlə edər və yenə ancaq Sənin adınla düşmən üzərinə gedərəm, Mənim düşmənlə əlbəyaxa olmağım ancaq Sənin üçündür! Mənim yeganə dayağım Sənsən və Sən nə gözəl vəkilsən!

Ümmətin həvarisi

Bir müşrik irəli çıxıb döyüşməyə igid istəyir. İnsanlar onun heybətli duruşunu görüb bir az çəkinirlər. Boz dəvə üstündə gözləyən adam sözünü ikinci dəfə, üçüncü dəfə təkrarlayır. Nəhayət, Hz. Zubeyr bir anlıq tərəddüddən sonra irəli atılır. O qədər sürətli hərəkət edir ki, arxadan baxanlar onu güclə görürlər.

Hz. Zubeyr meydan oxuyan müşrikə çatan kimi ovuna hücum edən aslantək dəvənin üstünə sıçrayır. Görünməmiş bir mənzərə idi. Mübarizə dəvənin üstündə gedirdi. Elə yaxalayır ki, düşmən qılıncını tərpətməyə imkan tapmır. Bu vəziyyəti uzaqdan seyr edən Allah Rəsulu (s.ə.s.):

− Kimin kürəyi yerə yaxındır, o öldürüləcək, − buyurur.

Nəzərlər yenidən dəvənin üstünə dikilir. Müşrikin kürəyi yerə yaxın idi... Rahat nəfəs alırlar. Çox keçmədən Hz. Zubeyr dəvəsindən aşağı yuvarlanan müşrikə son zərbəni vurur və onun cansız bədəni yerə sərilir. Allah Rəsulu işini bitirib hüzura gələn Hz. Zubeyri şəfqət dolu baxışlarla süzür  və:

− Hər Nəbinin bir havarisi vardır, Mənim həvarim də Zubeydir, − deyə buyurur. Sonra üzünü səhabələrə tutur. Baxışlarında bir həssaslıq var idi: vacib bir məqamı xatırlatmaq həssaslığı. Və əshabına:

− Əgər bu mübarizəyə Zubeyr çıxmasa  idi, adamın dəvətinə Mən gedəcəkdim, − deyir.

Hz. Əlinin həssaslığı

Məkkə ordusunun bayraqdarı Talha ibn Əbi Talha:

− Kim çıxacaq mənim qabağıma, − deyə səslənir.

Ər meydanına bir anlıq durğunluq çökür, Əbi Talha sözünü ikinci dəfə təkrar edir. Bu, yolverilməz idi; döyüş meydanında küfrün  söz deməsinə imkan verilirdi. Çünki Talha:

− Ey Məhəmməd əshabı, − deyə səslənir və əlavə edir: – bəs siz ölülərinizin cənnətə, bizimkilərin də cəhənnəmə gedəcəyinə inanırdınız, yalan deyirsiniz! Lata and olsun ki, əgər buna, həqiqətən, inansaydınız, qarşıma bir adam çıxarardınız!

Daha bu adamın artıq danışmasına fürsət vermək olmazdı. Və elə bu vaxt Hz.Əli Talhanın qarşısına dikilir. Qılınclar çəkilir və cərgələr qarşısında şiddətli mübarizə başlayır. Çox keçmədən Hz. Əli Talha ibn Əbi Talhanı altına alır. Son həmlə üçün qılıncını qaldıran Hz.Əli birdən geri çəkilir. Qəribə idi, normal gedişatda bu, Talhanın ölümü ilə nəticələnməli idi.

Döyüş bitdikdən sonra Hz. Əlidən Talhanı öldürməyib geri çəkilməsinin səbəbini soruşanda məsələ aydın olur. Demə, o vaxt Talhanın ədəb yeri açılmış və həya insanı Hz.Əli buna görə geri çəkilmişdi.[12]

Əbu Dücanənin rəşadəti

O gün Allah Rəsulu (sallallahu əleyhi və səlləm) əlinə aldığı qılıncı əshabına göstərir və:as

− Kim bu qılıncla layiqincə döyüşəcək? − deyə soruşur.

Hz.Ömər, Hz.Əli, Hz.Zubeyr kimi səhabələr bu qılınca talib olur, ancaq onu Peyğəmbərimizin almağa heç cür müvəffəq olmurlar. Qılınc hələ də Rəsulullahın əlində durur və O da sualını təkrarlayırdı. Ancaq məqsəd göründüyündən fərqli idi. Nəhayət, Əbu Dücanə irəli çıxır və:

− Bu qılınca layiq olan nədir, ya Rəsulullah, − deyə soruşur. Bunun cavabında Allah Rəsulu:

− Düşmənin arasına şığıyıb son damla qanına qədər vuruşmaqdır, − deyir. Əbu Dücanə bu işin öhdəsindən gələcəyini düşünürdü və:

− Bu qılıncı ona layiq olmaq üçün alıram, ya Rəsulullah, − deyir.

Bu, böyük bir məsuliyyət idi və belə bir vəzifə Uhud meydanındakı neçə-neçə qəhrəmanın arasından ona nəsib olurdu. Halbuki o (r.a.), bədəncə zəif bir adam idi. Ancaq layiqincə vuruşmağı bilirdi. Xüsusilə, belə vəziyyətlərdə başına qırmızı bir sarıq bağlayardı. Onun qırmızı sarığı başına bağladığını görənlər aranın qızışacağını və Əbu Dücanənin də ya özü, ya da qarşısındakı ölənə qədər döyüşdən çıxmayacağını anlayardılar. Əbu Dücanə həmin sarığı Uhud meydanında da başına sarıyır. Hətta ənsar onu bu vəziyyətdə görcək öz arasında: "Əbu Dücanə ölüm sarığını bağlayıb," − deyir.

Onun bu həyəcanını görən və göstərdiyi həssaslıqdan razı qalan Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) Əbu Dücanəyə:

− Bunu sənə verərkən ümid edirəm ki, düşmən ordusunun başından girib axırına qədər gedəcəksən! – deyə bir hədəf də göstərir və qılıncı verir.

Qılıncı alan Əbu Dücanə düşmən cərgələrinə doğru irəliləyərkən elə bir əda ilə yeriyir ki, onu arxadan seyr edən Allah Rəsulu (s.ə.s.) əshabına deyir:

 – Belə yeriş yalnız bu kimi hallar üçün qəbul olunandır, yoxsa adi hallarda bu, Allahın sevmədiyi bir yerişdir!

  Az qala sevincdən uçan Əbu Dücanə şeir söyləyə-söyləyə düşmən səflərinə atılır. Artıq gözdən itmək üzrə idi. Qılıncın ona deyil, Əbu Dücanəyə verilməsinin səbəbini bilmək istəyən Hz.Zubeyr də onun arxasınca gedib düşmən cərgələrinə qarışır. Bir gözü ilə Əbu Dücanəni təqib edir. Önünə çıxan kafirin başını kəsir və cərgələri yara-yara arxaya doğru irəliləyirdi. Qılınc kütləşəndə da onu daşla itiləyib yenidən yoluna davam edirdi. Müşriklərin arasında müsəlmanlara çox ziyan verən bir adam var  idi və Əbu Dücanə onunla qarşılaşıb işini bitirir.

Artıq Əbu Dücanə Peyğəmbərimizin göstərdiyi hədəfə – ən son nöqtəyə çatmaq üzrə idi. Belə ki, cərgələrin arxasında dayanan qadınların yanına qədər gəlib çatmışdı. Qarşısına kafirləri döyüşə təşviq edən bir qadın çıxır. Qılıncını qaldırıb başına endirirdi ki, Əbu Sufyanın xanımı Hindin:

− İmdad, − deyə qışqırığı əks-səda verir Uhud meydanında. Ancaq onun köməyinə gələsi heç kim yox idi və bir anda Əbu Dücanə öz-özünə:  "Allah Rəsulunun qılıncını bir qadının qanına bulaşdırmayım," − deyə düşünərək geri çəkilir və əlində imkan olduğu halda son zərbəni vurub Hindi öldürmür.[13]

Məkkə ordusunun məğlubiyyəti

Müsəlmanlara meydan oxuyan Talha ibn Əbi Talha öldükdən sonra Qureyşin bayrağını həmin ailədən digər qohumları götürür. Sıra ilə bunlar Osman ibn Əbi Talha, Əbu Sad ibn Əbi Talha, Müsafi ibn Talha, Haris ibn Talha, Kilab ibn Talha ibn Əbi Talha, Cülas ibn Talha ibn Əbi Talha idi. Bunlar Talhanın qardaşı, oğlu, əmisi oğulları idi. Eyni ailədən yeddi nəfər müşrik bayrağı altında can verir.

Əlbəttə ki, bu bir anda baş verməmişdi, ancaq nəticə dəyişmirdi. Cülasın da öldürülməsindən sonra bu bayrağı Ərtat ibn Şurahbil qaldırır, çox keçmədən onun vücudu da torpağa düşür. Bu dəfə də Əbu Zeyd ibn Ümeyr götürür və o da öldürülüncə Qasit ibn Şurahbil Məkkə bayrağını Uhudda dalğalandırmağa çalışır.

Nəhayət, onun da ölümündən sonra bayrağı daşımaq işi qadınlara qalır. Bayrağının dalbadal yerə düşdüyünü görən müşrik ordusunun intizamı getdikcə pozulur. Bayrağı qaldıran canından olur: artıq onu götürməyə heç kimin cəsarəti çatmırdı. Arxa cərgələrdə bunu görən qadınlardan Amra binti Alqamə yerə  düşmüş bayrağı götürüb qaldırmaq istəyir.

Ancaq iş işdən keçmişdi. Məkkə bayrağının qalxmasının artıq bir mənası qalmamışdı. Böyük bir məğlubiyyət yaşanırdı. Müşrik qadınlar qaçan Məkkə əsgərlərini saxlamaq üçün ora-bura yürüyür, amma bir faydası olmurdu. Xüsusilə, Əbu Sufyanın xanımı Hind qorxub qaçan əsgərlər qarşısında özünü sipər edirdi.

Tez-tez yerə düşən yalnız bayraq deyildi, Amra binti Alqamə onu yerdən götürüb qaldırana qədər neçə müşrik can vermiş, bayraq onlarsız qalxmışdı. Hər tərəfdən qan qoxusu gəlirdi.

Artıq müsəlmanların işi qaçan müşrikləri qovmaq idi. Allah (c.c.) İslam adına yeni bir zəfər nəsib edirdi.

Əmrə itaətdə həssaslığın itirildiyi an

O gün Məkkə süvariləri üç dəfə bir-birinin ardınca hücum edir və hər dəfə də oxçuların əks-hücumu ilə geri oturdulur. Həqiqətən də, atlar Uhud ətəyindən yağan ox yağışına qarşı irəliləyə bilmirdi. Rəsulullahın bu məsələdəki həssaslığı və əlli oxçunu bərk-bərk təlimatlandırmasının hikməti indi daha yaxşı başa düşülürdü.

Ancaq müşriklərin məğlubiyyətə uğrayıb qaçmağa başlaması oxçular arasında fikir ayrılığına səbəb olur. Bəzi oxçular düşmənin qaçmasına işarə edib silahdaşlarına səslənir:

− Ay camaat! Haydı qənimət... Qənimət! Allah (c.c.) düşməni məğlubiyyətə uğratmışkən siz niyə əl-qolunuzu sallayıb burada durursunuz? Budur baxın, qardaşlarınız üstün gəldi və müşrikləri məğlub etdilər! Elə isə siz də müşrikləri təqib edin və qardaşlarınızla birlikdə qənimət toplamağa başlayın!

Peyğəmbər əmrindəki ciddiyyəti, sona qədər yerindən tərpənməmə tapşırığını, deyəsən, unutmuşdular. Yəqin ki, əmri məhz savaşın sonuna qədər burada dayanmaq şəklində yozmuşdular. Halbuki Rəsulullah (sallallahu əleyhi və səlləm) Ondan təlimat gəlməyincə yerlərini tərk etməməyi israrla tapşırmış və hələ döyüşdən  əvvəl diqqəti bu məqama çəkmişdi.

Bu, cəbhədə açıq-aşkar boşluq açmaq idi. Abdullah ibn Cübeyr və onun kimi düşünən bəzi oxçular onlara etiraz edir:

− Rəsulullahın "Arxa tərəfdən gözlənilən təhlükələrdən bizi qoruyun və bizim öldürüldüyümüzü görsəniz belə, əsla mövqeyinizi tərk edib bizə kömək etməyə çalışmayın! Qənimət topladığımızı görsəniz, gəlib bizə qoşulmayın, siz sadəcə arxa tərəfi təhlükələrdən qoruyun" sözlərini nə tez unutdunuz?

Qənimət tərəfdarlarına görə bu tənbehlər belə başa düşülməməli idi. Həm də onların özlərinə görə dəlilləri var idi:

− Rəsulullah (s.ə.s.) bu sözlərlə onu nəzərdə tutmamışdı, – deyir və əmri başqa cür yozurlar.

Bu yozum da onları qaçan müşrik ordusunun arxasınca qənimət toplamağa yönəldir.[14] Və nəhayət, Uhud ətəyində yalnız Abdullah ibn Cübeyr və bir neçə oxçu qalır.

Qarşı tərəfdə belə bir fürsət gözləyən Xalid ibn Vəlidin əmrindəki iki yüz nəfərlik süvari birliyi məsələdən agah olur, qalan oxçuları da zərərsizləşdirib arxadan hücum etməyə hazırlaşır. Xalid ibn Vəlidə İkrimə ibn Əbi Cəhil də dəstək verir.

Zahirən əhəmiyyətsiz görünən bir səhlənkarlıq hadisələrin gedişatını dəyişdirmək üzrə idi. Acı bir təcrübə idi bu və görünür, Allah (c.c.) oxçuların timsalında sonrakı nəsillərə bu ibrət nümunəsini göstərirdi. Deməli, rəhbərdən gələn əmrləri müzakirə etmədən və başqa mənaya yozmdan olduğu kimi yerinə yetirmək lazımdır. Fərqli vəziyyət meydana çıxarsa, heç olmasa, məsələni rəhbərə çatdırmaq ən doğru yoldur.

Artıq süvarilər qrşısında maneə – oxçuların müqaviməti yox idi və onlar bu şəraitdə asanlıqla hücuma keçirlər. Əvvəlcə oxçu dətəsinin əmiri Abdullah ibn Cübeyri və onunla qalan bir neçə oxçunu şəhid edirlər. Sonra da var qüvvələri ilə qaçan müşrik ordusunu qovan və onların qoyub getdiyi qənimətləri toplamaqla məşğul olan İslam ordusuna gözlənilmədən hücum edirlər. "Uzza haqqı üçün!", "Hubəl adına" kimi nərələr əks-səda verir. Deməli, səhərki rüzgar yönünü dəyişmiş və indi zaman möminlərin əleyhinə işləyirdi.

Uhud dağında o günə qədər görünməmiş bir toz dumanı qalxmışdı. Belə ki, möminlər arxadan gələn düşmənlə döyüşmək üçün geri çevrilir və bu anda bir az əvvəl qaçan müşrik ordusu da dayanıb müsəlmanlara hücuma keçirdi. Və müsəlmanlar sözün əsl mənasında iki od arasında qalırlar.

Böyük bir təşviş hökm sürürdü; çünki bəzi müsəlmanlar: "Döyüş bitdi," – deyə bir kənara çəkilmiş, bəziləri də qənimət toplamaq üçün qılıncını atmışdı. Bu, cəbhənin lazımi gərginliyini də aradan qaldıran bir psixalogiya idi. Uhuda gələrkən Rəsulullahın tapşırıqlarına tabe olmamağın  yükü çiyinlərini əzirdi. Deməli, başlanğıcda atılan bu addım özü ilə başqa yanlışlıqları da gətirir və beləliklə, Allah (c.c.) sonrakı nəsillərə ağrılı-acılı da olsa, əməli bir dərs vermiş olurdu.[15]

Bədirdə olduğu kimi, burada da belə bir səs eşidilmişdi: "Ey Allah qulları! Qardaşlarınıza baxın və siz də onlara qoşulun!"

Bu səs qaçmağa üz tutmuş müşrikləri yenidən cəsarətləndirir və onlar da Xalid ibn Validlə İkrimə ibn Əbi Cəhlin müsəlmanların arxasına keçdiyini görüncə özlərinə gəlib hücuma atılırlar.

Cəbrailin gətirdiyi ilahi bəyan həmin hadisəni bu ifadələrlə təsvir edir: "Uhud müharibəsində siz onları Allahın izni  ilə əzib-qırdığınız zaman Allah sizə verdiyi vədinə sadiq çıxdı. Lakin O (Allah) sevdiyiniz şeyi – zəfər və qəniməti sizə göstərəndən sonra isə zəiflik göstərdiniz və sizə verilmiş əmr barəsində bir-birinizlə mübahisə edərək Peyğəmbərə qarşı çıxdınız. İçərinizdən bəziləri dünyanı, bəziləri isə axirəti istəyirdi. Əlbəttə, O, sizi əfv etdi. Çünki Allah möminlərə qarşı mərhəmətlidir!"[16]

"Ayneyn" adlı təpənin üstündə Cual ibn Süraqa cildində görünən şeytan isə durmadan bunu söyləyirdi:

− Məhəmməd öldürüldü!

Möminləri ürəyindən vuran sözlər idi bu. Hər yeni müsibət əvvəlkiləri unutdururdu.  Qol-qanadları qırılır, dizləri taqətdən düşürdü. Düzdür, bunu eşidər-eşitməz:

− Əgər Rəsulullah ölmüşsə, siz də onun dini üçün döyüşün, Onun uğrunda özünüzü fəda edin və Allaha şəhid olaraq çatacağınız ana qədər vuruşun, − deyənlər də var  idi.

Ancaq iki odun arasında qalan əshabın bu həmləsi qarşı tərəfi dayandırmağa kifayət etmirdi.

Və bunların hamısı nəbəvi əmrə həssas yanaşmamağın nəticəsi idi. Halbuki Sultanlar Sultanı Rəsulullahın (s.ə.s.) əmrini gözləsəydilər və oxçular təpəsindəki bu boşluq meydana gəlməsə idi, Bədirdə olduğu kimi və bu qədər itki vermədən mütləq zəfər çalınacaqdı. İndi isə vəziyyət dəyişmişdi və bu vəziyyətə görə yeni bir strategiya yürütmək lazım idi.

Rəsulullahın dəyanəti

Ortalığın məhşər meydanına döndüyü bir vaxtda Allah Rəsulu (sallallahu əleyhi və səlləm) bir addım da yerindən tərpənməmiş, düşmənə qarşı tutduğu mövqedə sabit qalmışdı. O (s.ə.s.), Məkkə müşriklərinə ən yaxın yerdə durur, özünə tərəf gələnlərə ox atırdı. Hətta bu əsnada yayının kirişi qırılır. Yanında çox az adam qalmışdı.[17] O gün Peyğəmbərimizin (s.ə.s.) hüzurundan ayrılmayan bu insanlar üzlərini üzünə sipər edəcəklərini, canlarını canına fəda edəcəklərini hayqırırdılar.

Allah Rəsulu təlaş içində sağa-sola qaçanları görüncə onlara:

− Ey filankəs! Mənə tərəf gəl, Mən Rəsulullaham, − deyə səslənir və beləliklə, dağılışmağa başlayan əsgərləri yenidən toplamaq istəyirdi.

Rəsulullah (sallallahu əleyhi və səlləm) ortada qalır, müsəlmanların Onun ətrafına yenidən toplandığını görən müşriklər həmin yeri oxa tuturlar. Bu zaman Abdullah ibn Şihabın səsi eşidilir:

 − Mənə Məhəmmədi göstərin, −  deyir,  – əgər bu gün O qurtularsa, məni ölmüş bilin!

Bunları deyəndə Onun (s.ə.s) lap yaxınında idi, Allah Rəsulunu öldürmək istəyirdi, amma heç cür görə bilmirdi. Onun bu halını görən Safvan ibn Ümeyyə yanındakı insanı görmədiyi üçün Abdullah ibn Şihabı danlayıb kötəkləyir.

Əslində, bu vəziyyətə düşən təkcə Abdullah ibn Şihab detyildi. Onunla birlikdə olan dörd yoldaşı da eyni "korluğ"a düçar olmuşdu. Belə ki, Allah Rəsulunu öldürmə məsələsində ittifaq etmiş, amma heç biri buna müvəffəq olmamışdı.

Həmin gün Hz. Əli, Zubeyr ibn Avvam, Talha ibn Ubeydullah, Əbu Dücanə, Haris ibn Sammə, Hubab ibn Münzir, Asim ibn Sabit və Səhl ibn Huneyf kimi insanlar ilahi təqdir sayəsində Uhuddan sağ-salamat qayıtmışdı. Ölümü xor baxıb Uhudun taleyini dəyişdirən bu insanlar sonrakı nəsillərə "ən çətin problemlərinizi həll etmək istəyirsinizsə, bizim kimi niyyət və fəaliyyətdə olmalısınız" ismarıncını verirdilər. Əcəl insanlar üçün gizli olsa da, qədər (tale) planında bəlli idi və onda hər hansı bir dəyişikliyin olması mümkün deyildi. "Öləcəyəm" qorxusu ilə döyüş kimi təhlükəli yerlərdən qaçan nə qədər insan gözlənilməz şəkildə ölmüşdü. Bunun əksinə cəbhənin ön sıralarında ola-ola başına bir iş gəlmədən sağ-salamat evinə qayıdanlar heç də az deyildi.

Əbu Talha çox yaxşı ox atanlardan biri idi və o gün əlində üç ədəd yay qırılır. Bir tərəfdən düşmənlərə ox atır, digər tərəfdən də Rəsulullahı qorumağa çalışırdı. Hətta bir ara Peyğəmbərimizin meydana çıxdığını görür və deyir:

– Ey Allahın Nəbisi, anam, atam sənə fəda olsun! Bu qədər açıqlığa çıxma, çünki bunlar Səni nişan alıb ox atarlar. Canım sənə qurban olsun!

Bir müddət Hz. Əli Peyğəmbərimizdən ayrı qalır və Onun üçün narahat olur. Bu əsnada gözdən itən Allah Rəsulunu tapmaq üçün Uhud meydanında ora-bura qaçır, amma Onu tapa bilmir. Təşviş içində ölülərin arasına baxmağı da unutmurdu. Öz-özünə deyir: "Vallah, Rəsulullah (s.ə.s.) savaş meydanından getməz, amma indi Onu burada görmürəm. Görünür, vəzifəmizi layiqincə yerinə yetirə bilmədiyimizə görə Allah (c.c.) bizə qəzəbi ilə təcəlli edərək Rəsulunu aramızdan apardı. Ona  görə də bu gün mənə düşən iş Onun amalı uğrunda savaşıb şəhid olmaq və beləcə, yenidən Ona qovuşmaqdır!"

Ardınca da qılıncını qınından çıxarıb müşriklərin içərisinə soxulur. Onun gəldiyini görən müşriklər qorxudan kənara çəkilirlər. İki tərəfə qaçışan izdihamın arasından açılan yolla irəliləyən Hz. Əli cərgələrin arxa tərəfində Allah Rəsulu ilə üz-üzə gəlir.

Düşmən cərgələrindən gələn ox yağışına bədənlərini sipər edib oxların Rəsulullaha dəyməsinin qarşısını alanlar var idi; elə bil, ətrafında ətdən divar çəkilmişdi. Hz. Talha ibn Ubeydullah əlini Rəsulullaha tərəf gələn oxun qabağına uzadır, iki barmağı qopur. Rəsulullah üçün iki barmağını fəda etmək nə idi ki? Onlar dünya və axirətlərini Onun yolunda vermək üçün yarışırdılar. İki barmaq getsə belə, Allah Rəsuluna tuşlanan oxun yönünü dəyişmək onlar üçün  hər şeydən vacib idi.

Müşriklərin yaxınlaşdığını görən Peyğəmbərimiz (s.ə.s.):

− Bunların cavabını kim verəcək? − deyə səslənir. Hz. Talhanın səsi yüksəlir:

− Mən, ya Rəsulullah!

Görünür, onun durduğu yerin strateji əhəmiyyəti var idi  və buna görə də Allah Rəsulu (s.ə.s.):

− Sən yerindən tərpənmə, − deyir. Dərhal ənsardan başqa bir səhabə dillənir:

− Mən, ya Rəsulullah!

–Yaxşı sən gəl, − deyir Allah Rəsulu (s.ə.s.) və var qüvvəsi ilə vuruşur ənsar...

Və çox keçmədən də şəhid olur. Bir azdan başqa bir müşrik dəstəsi peyda olur. Peyğəmbərimizin səsi yenə əks-səda verir Uhud meydanında:

− Bunların qarşısına kim çıxacaq?

− Mən, ya Rəsulullah, − deyən Hz.Talha idi. Yenə də eyni sözlər eşidilir:

− Sən yerində qal.

Bu dəfə də başqa bir ənsarın səsi gəlir:

− Mən, ya Rəsulullah!

− Yaxşı sən gəl, − deyir Allahın Rəsulu.

Bu sözləri eşidən ənsar dərhal döyüşə başlayır və çox keçmədən əvvəlki yoldaşı kimi qəhrəmancasına şəhid olur.

Eyni vəziyyət Rəsulullahın (s.ə.s.) yanında təkcə Talha ibn Ubeydullah qalana qədər davam edir. Təkrar təhlükə yaxınlaşınca Peyğəmbərimiz (s.ə.s.) yenidən səslənir:

− Bunların qarşısına kim çıxacaq?

Hamıdan əvvəl:

− Mən, ya Rəsulullah, − deyən yenə Hz. Talha olur.

Hz. Talhanın əli yaralanmış və barmaqları da qopmuşdu. Lakin onu narahat edən başqa şey idi. Təlaş içində idi. Birdən bir səhvə yol versə və Allah Rəsuluna bir şey olsa, buna necə dözərdi? Ona görə bir tərəfdən özünü toplayıb Peyğəmbərimizin müdafiəsinə qaçır, digər tərəfdən də müşriklərin cavabını verirdi![18]

Əlbəttə ki, Peyğəmbərimizə ətdən sipər olan yalnız Hz. Talha deyildi. O gün əshabın bir hissəsi şəhid olur və demək olar ki, hamı yaralanır. Əbu Dücanə bədənini Rəsulullaha sipər edir və gələn oxlara şəxsən özü hədəf olurdu. Abdurrahman  ibn Avf da həmin gün iyirmidən çox qılınc yarası alır və qalan ömrünü axsayaraq keçirir.

Sad ibn Əbi Vəqqas şəhadət arzusu ilə müşriklərin arasına girib vuruşarkən birdən gözü müşriklərin dalbadal hücum etdikləri qırmızımtraq bənizli biri nəfərə sataşır, lakin uzaqdan kim olduğunu görə bilmir. Yanında olan Mikdad ibn Əsvəddən bu şəxsin kim olduğunu soruşur.

− Ey Sad, − deyir Hz. Miqdad. O, Rəsulullahdır və səni hüzuruna çağırır!

Rəsulullah (sallallahu əleyhi və səlləm) çağırar, səhabə getməzmi? Bir göz qırpımında hüzuruna gəlir. Onun gəlişini görən Allah Rəsulu Hz. Sadı yanında oturdur və deyir ki, müşriklərə ox atsın. Yayı əlinə alıb düşmənə ox atmağa başlayan Hz. Sad bir tərəfdən də:

− Allahım, − deyir, − bunlar Sənin oxlarındır və bunlarla Sən düşmənini pərişan et!– deyir.

Bunu eşidən Allah Rəsulu (s.ə.s.) sadağından ox çıxarıb Hz. Sada verə-verə onun bu həssaslığı müqabilində belə dua edir:

− Allahım! Sən Sadın duasını qəbul et! Allahım! Sən Sadın oxlarını hədəfə çatdır! At, anam-atam sənə fəda olsun, ey Sad!

O qədər dua edir ki, Hz.Sad düşmənə atdığı oxun bir az sonra yenidən Rəsulullahın əli ilə özünə qayıtdığını və beləliklə, sadağdakı bir neçə oxun bərəkətləndiyini görür.[19]

Əsas hədəf və kədərli nəticə

Müşriklərin əsas hədəfi, şübhəsiz ki, Allah Rəsulu idi və bu qarışıqlıqda Onu hədəfə almışdılar. Utbə ibn Əbi Vəqqas[20] adlı müşrik bir-birinin ardınca dörd daş atır və bunlardan biri Peyğəmbərimizin mübarək üzünə dəyir. Alt sağ dişi qırılır və mübarək dodaqları da yaralanır. Müşriklər bu bir anlıq qarışıqlığı fürsət bilib bir-birinin ardınca hücum edirlər. Oxlar və daşlar Rəsulullahın üzərinə yağış kimi yağır. Bir ara ibn Qaimənin səsi gəlir:

− Al bunu! Mən ibn  Qamiəyəm, − deyir və dalbadal Rəsulullahın üstünə hücum çəkir. Bunun cavabında Allah Rəsulu (sallallahu əleyhi və səlləm):

− Sənin öhdəndən Allah gəlsin, − deyir.[21]

Bu vaxt üzərinə gələn təhlükəni nəzərdə tutub:

− Bunların qarşısına kim çıxacaq? − deyincə gur səs eşidir:

− Mən, ya Rəsulullah.

Gözlər səsin gəldiyi tərəfə yönəlincə əlindəki sarığı və su qabını bir kənara atıb qapdığı qılıncla hüzura qaçan bir qadın görür. Bu qadın işlərin çətinə düşdüyünü anlayan kimi dərhal atına minib Uhuda gələn Nəsibə binti Kab idi. Rəsulullaha yaxınlaşıb Onu qorumağa çalışır. Qılınc çalıb ox atır və qadınlığı ilə ər meydanında cəsarətlə vuruşur. Nəsibə binti Kab Musab ibn Ümeyrlə birlikdə Allah Rəsuluna meydan oxuyan İbn Qamiənin üstünə gedir və bir neçə qılınc zərbəsi ilə işini bitirmək istəyir. Lakin İbn Qamiə həmin gün üst-üstə iki zireh geydiyi üçün Nəsibə binti Kabın zərbələri ona təsir etmir.

O gün Allah Rəsulunun bayrağını saxlayan Musab ibn Ümeyr cəsarətlə döyüşürdü. Amma təəssüf ki, intiqam üçün Uhuda gələn məkkəlilər arasında Musabın anası Hünas və Bədirdə əsir olub fidyə əvəzində azad edilən qardaşı Əbu Aziz ibn Ümeyr də vardı!

Musab polad kimi möhkəm imana sahibi idi və bu iman gücü ilə qarşısıalınmaz tufanı xatırladırdı. Müsəlman cəbhəsindəki bir anlıq qarşılıqlıq onu dəliyə döndərmişdi! Bir əlində bayraq, bir əlində qılınc əzmlə çarpışırdı.

İbn Qamiə Rəsulullahı öldürməyə and içmişdi. Əynində zireh olan Hz. Musab da Allah Rəsuluna (sallallahu əleyhi və səlləm) çox bənzəyirdi. Buna görə də Uhud boyu Məkkə müşriklərinin hədəfinə çevrilmişdi Hz. Musab! İbn Qamiə qəfildən Musabın qarşısına çıxır. Hər iki tərəf qılıncını çəkir və zərbələr bir-birini təqib edir. Gərgin bir mücadilədən sonra Hz.Musab şəhid olur. Cansız bədəni Uhudda qalır, əziz ruhu isə şəhidlər arasında pərvaz edir...

Ancaq Hz.Musab şəhid olsa da, bayraq yerdə qalmır. İndi onu Hz.Musabın surətində bir mələk dalğalandırırdı.

İbn Qamiə Rəsulullahı öldürdüyünü sanırdı. Qureyşlilərin yanına gəlib: "Məhəmmədi öldürdüm," – deyə sevincindən nərə çəkməyə başlayır. Bu sözlər Uhudun hər tərəfində əks-səda verir. Səsi eşidən səhabələrin bəziləri qılıncını atır, hüznə qərq olur.

Bunu eşidib qəzəblənən Hz. Ömər:

– Kiminsə "Məhəmməd öldürüldü" dediyini eşitməyim, yoxsa heç tərəddüd etmədən başını bədənindən ayıraram, – deyir və belə bir ehtimalı ağlına da gətirmirdi.[22]

Peyğəmbərimizin öldüyünü eşidən Malik ibn Duhşum Xaricə ibn Zeydin yanına gəlir və  bunun yalan və ya doğru olduğunu öyrənmək istəyir. Hz.Xaricə ona belə cavab verir:

– Rəsulullah öldürülmüş olsa belə, Allah Hayydır (Canlı, həyatı verən, əzəli həyat sahibi; Allahın isimlərindən biri) və O əsla ölməz! Rəsulullah Rəbbindən aldığı risalət (peyğəmbərlik) vəzifəsini təbliğ etdi, elə isə qalx və sən də Onun dini uğrunda var gücünlə döyüş!

Sad ibn Rəbi də belə davranır. Onun da yanına gəlib bu xəbəri verirlər. Əshabın ən çox həssaslıq göstərdiyi məsələ idi bu və o da çox böyük sarsıntı keçirir. Amma çox keçmədən özünə gəlir və ilahi qayənin davam etdiyini nəzərə çatdırır, Rəsulullahın həyatını fəda etdiyi yolda ölənədək mübarizə aparmağın vacibliyini söyləyib ətrafındakılara yenidən cəbhəni göstərir.

Uhudda tufan qopduğu bu qarşılıqlıqda Peyğəmbərimizin sağ-salamat olduğunu ilk görən və əshaba çatdıran Qab ibn Malik olur. Qarşısına çıxan  hər kəsə:

– Rəsulullahı öz gözlərimlə gördüm, dəbilqəsinin altından qan sızır, amma sağdır! Ey Müsəlman camaatı! Müjdələr olsun! Budur Rəsulullah buradadır, – deyir və uca səslə Peyğəmbərimizin yaşadığını elan edirdi.

Bu səslə Uhudun ab-havası büsbütün  dəyişirdi; hamı səsin gəldiyi tərəfə yönəlir və Uhud, sanki, cana gəlirdi.

Ancaq Hz.Qabın bu həyəcanını görən Allah Rəsulu (sallallahu əleyhi və səlləm) ona xəbərdarlıq edəcək və uzaqdan əli ilə işarə edərək hay-küy salmamasını bildirəcəkdi. Çünki belə bir davranış eyni zamanda düşmənə ünvanı göstərmək demək idi.

Hər şeyə rəğmən, mərhəmət

Bu əsnada Rəsulullahın dəbilqəsi də parçalanmış və dəbilqənin iki halqası yanaqlarına batmışdı. Bundan əlavə Allah Rəsulu (s.ə.s.) Mədinədən gedib Məkkə ordusuna qoşulan Əbu Amirin tələ qurmaq üçün qazdığı quyulardan birinə düşmüş və az qala huşunu itirmişdi.

Bu mənzərə əshabı hövsələdən çıxarır. Hz.Əli dərhal qaçıb mübarək əllərindən tutur. Eyni zamanda Talha ibn Ubeydullah da çuxura enir, əlindəki nizəni yerə dayayıb çiyni ilə iki zirehin ağırlığından qalxmağa çətinlik çəkən Rəsulullaha kömək edir. Çox keçmədən Rəsulullahın iltifat dolu sözlərini eşidir Hz.Talha:

– Bu gün Talha  hər şeyə layiq oldu.

Bu sözlər Hz.Talhaya Uhudun bütün yorğunluğunu, bütün ağrılarını, əziyyətlərini unutdurur. Sevincindən,  sanki,  uçur, ömrü boyu yaşamadığı rahatlığı hiss edir qəlbində...

Hər şeyə rəğmən, Kainatın Fəxri Rəsulullah çox kədərlənmişdi, hər kəsə əl uzadan və bu yolda həyatını fəda edən bir Peyğəmbərlə belə davranmaq olardımı heç? Bir yandan üzündən axıb saqqalı-şəriflərini isladan qanı silir, digər tərəfdən də:

– Onları sadəcə Allaha dəvət edən peyğəmbərlərinin dişini qırıb başını yaran bir topluluq necə qurtula bilər ki? – deyirdi.

Halbuki O, onları Allaha imana dəvət edir, onlar  isə Onu şeytanın yoluna çağırırdılar... O,  onları hidayətə (doğru yola, İslam dininə) dəvət edir, onlar isə Onu zəlalətə (iman və İslamdan ayrılmağa) dəvət edirdilər... O, onları cənnətə, onlar isə Onu cəhənnəmə çağırırdılar.

Əshab bu mənzərəyə sakit baxa bilmirdi; yolunda baş qoyduqları Allah Rəsulunun üzündən qan axırdı. Hüzuruna gəlib dərdini bölüşür, bunu rəva görənlərə əl açıb

– Əllərini qaldır və onlar üçün bəddua et, ya Rəsulullah, – deyirdilər.

Mərhəmət və şəfqət peyğəmbəri Hz. Məhəmməd (sallallahu əleyhi və səlləm) bu vəziyyətdə belə Ondan bəddua istəyənlərə iltifat göstərmir, saqqalı-şərifinə süzülən qanı əlləri ilə silə-silə:

– Mən insanlara lənət etmək üçün deyil, onları mərhəmətə dəvət etmək üçün göndərildim, – buyurur.

Bu arada mühüm anlarda imdada çatan Cəbrail yenə gəlir və insanları iman neməti ilə ucaldıb günahlarını bağışlama və ya onlara əzabı ilə qarşılıq vermə işinin Allaha aid olduğu xəbərini gətirir.[23] Demək ki, bu gün düşmən cəbhədə olanların bir çoxu sabah imana gələcəkdi. Allah Rəsulu (s.ə.s.) da bunu istəyirdi və əllərini açır, başını yarıb dişini qıranlara dua edir:

– Allahım! Sən qövmümü bağışla, çünki onlar bilmirlər!

Bu qədər alicənablıq qarşısında Hz.Ömər kimi cəlallı  səhabələr:

– Anam-atam sənə fəda olsun, ya Rəsulullah, – deyirlər, – Nuh (əleyhissəlam): "Rəbbim! Yer üzündə kafirlərə rahat yaşama haqqı vermə və onların kökünü kəs," – deyə qövmü üçün bəddua etmişkən Sən üzündən qan axa-axa və dişin də qırıldığı halda, yenə də onlara dua edirsən və: "Allahım! Sən qövmümü bağışla, çünki onlar bilmirlər," –  buyurursan! Halbuki Sən əlini açıb bir dua etsən, heç şübhə yox ki, hamımızın kökü kəsilər və bir daha qurtula bilmərik!

Rəsulullahın fərqi idi bu! İnsanların əlindən tutub onları kamillik zirvəsinə çatdırmaq missiyası ilə gələn Allah Rəsulu çətin anlarda belə hislərə qapılmır, hər şeyə rəğmən, sülh və sabitliyi üstün tuturdu.

Rəsulullahın münasibəti belə olsa da, əshab yenə öz üzərinə düşəni yerinə yetirir, Allah Rəsulunun qanını yerdə qoymur. Onu bu vəziyyətdə görüb qəzəblənən səhabə Xatib ibn Əbi Bəltəa:

– Bunu kim etdi, ya Rəsulullah? – deyə israrla soruşur. Allah Rəsulu sakitcə üzünü yaralayıb, dişini qıran adamın adını söyləyir:

– Utbə ibn Əbu Vəqqas!

Xatib ibn Bəltəanın fikri qəti idi:

– Yaxşı, bəs indi o, hansı tərəfə getdi? – deyə soruşur.

Allah Rəsulu (s.ə.s.) da Utbənin getdiyi yeri göstərir. Bundan sonra qılıncını götürüb Utbənin izinə düşən Xatib ibn Əbi Bəltəa çox keçmədən onun işini bitirir və atı ilə birlikdə hüzura gəlir. Bəlkə də, bu, cəmiyyətin Rəsulullaha əl qaldıran bir quldurdan təmizlənməsi və ehtimal olunan fəlakətlərdən xilas olması demək idi. Buna görə Allah Rəsulu məmnuniyyətini bildirərək iki dəfə:

– Allah səndən razı olsun, – deyir və ardınca da ona xeyir-dua edir.

Hər halqaya bir diş fəda

Hz. Əbu Bəkir Rəsulullahın (s.ə.s.) mübarək üzündən saqqalı-şərifinə doğru axan qanı görüncə irəli atılmaq istəyir. Hz. Əbu Bəkrə görə, Rəsulullahın bir telinə zərər gəlməkdənsə, min Əbu Bəkir fəda edilməli idi. Ancaq belə fədakarlığa təkcə o qadir deyildi. Hz. Əbu Ubeydə irəli çıxır və israrla:

– Allah xətrinə bu işi mənim öhdəmə burax, mən çıxarım, – deyir.

Yaxınlaşdıqca daha da həyacanlanırlar. Çünki Rəsulullah (sallallahu əleyhi və səlləm) yanağına batan halqaların ağrısından qıvrılırdı.

Əbu Ubeydə Allah Rəsuluna (s.ə.s.) yaxınlaşır. Əvvəlcə halqaları əllə çıxarmaq istəyir, ancaq bu, Rəsulullahı incidəcək deyə dişləri ilə tutub çəkməyi sınaqdan keçirir. Əvvəlcə birini dişi ilə tutur və var gücünü toplayıb özünə tərəf çəkir. Halqalardan biri çıxır, ancaq Əbu Ubeydənin dişi də onunla bərabər...

Onun bu halını görən Hz.Əbu Bəkir irəli yeriyib: "Heç olmasa, o biri halqanı da mən çıxarım," – deyir. Ancaq Əbu Ubeydə buna icazə vermək niyyətində deyildi və Allaha and verib bu işi də ona həvalə etməsini istəyir. Yenə əvvəlki kimi dişləri ilə halqanı tutur və birdən çəkir, halqa ilə birlikdə bir dişi də çıxır.[24]

Artıq Peyğəmbərimizin üzündəki halqalar çıxarılmışdı. Bu vaxt Malik ibn Sinan dodaqlarını Allah Rəsulunun üzünə söykəyir və axan qanı içməyə başlayır. Bunu görən Allah Rəsulu (s.ə.s.) təəccüblə Hz.Malikdən soruşur:

– Yoxsa sən qan içirsən?

–  Bəli, ya Rəsulullah, – deyir. Bunun cavabında  Allah  Rəsulu:

– Qanı qanımla təmas edən insana cəhənnəm atəşi toxunmaz, – buyurur.

Hz.Həmzənin şəhadəti

Uhud günü düşmənlə əlbəyaxa olan Peyğəmbərimizin önündə yalnız əmisi və süd qardaşı olan Hz.Həmzə dayanmışdı. Allah (c.c.) Uhud günü "Allahın aslanı" kimi tanınan Hz.Həmzənin əli ilə otuz bir düşmən həlak edir. Düşmən bayraqdarlarından bəzilərini də o öldürür və beləliklə, döyüşün başlanğıcında qazanılan zəfərdə böyük rol oynayır. Əlbəttə, belə bir "aslan"ın düşməni də çox idi. Eyni zamanda Hz.Həmzə Bədirdə Cübeyr ibn Mutimin[25] əmisi Tuaymə ibn Adiyyi öldürmüşdü. Buna görə Cübeyr köləsi Vahşini yanına çağırmış və:

– Əgər sən əmimin əvəzində Məhəmmədin əmisi Həmzəni öldürsən, azadsan, –demişdi. Bir kölə üçün azadlıq hava-suya bərabər idi. Vahşi də azadlığa qovuşmaq üçün Hz.Həmzəni öldürməyin xəyallarını qururdu. Nizə atmaqda mahir olan Vahşi artıq qollarını çirmələmiş, təlimlərə başlamışdı.

Və nəhayət Uhud...Onun üçün Uhud böyük fürsət, azadlıq demək idi.

Döyüş zamanı daim Hz.Həmzəni izləyirdi. Ancaq Hz.Həmzəyə yaxınlaşmaq mümkün deyildi, qabağına çıxanın başını bədənindən ayrırırdı. Onun üstünə yeriyənlər bir  göz qırpımında yerə sərilirdi. Vahşi Hz. Həmzəni uzaqdan görəndə hədəfini dəqiqləşdirmək üçün yanındakılardan soruşur:

– Bu adam kimdir?

– Həmzə!

Öz-özünə: "Axtardığım adam budur," –  deyib ağacların, daşların arasında gizlənə-gizlənə ona yaxınlaşmağa başlayır. Addımbaaddım hədəfə yaxınlaşır. Elə bu əsnada Hz.Həmzənin qarşısına Siba ibn Abdiluzza  çıxır.

– Gəl görək, – deyir Hz. Həmzə, onu da işini bitirmək üçün yanına çağırır.

Bir neçə zərbə ilə Abdiluzzanın da nəfəsini kəsir. Vahşi bacardığı qədər yaxınlaşmış, bir daşın arxasında gizlənib fürsət gözləyirdi. Bu vaxt Hz.Həmzənin zirehi açılır. Vahşi üçün əsl vaxtı idi, əlindəki nizəni qollayır! Nizə Hz.Həmzənin sinəsinə saplanır. "Allahın aslanı" bu vəziyyətdə belə Vahşinin üstünə yerimək istəyir, ancaq bacarmır. Vahşi hələ də yaxınlaşmaqdan çəkinir və onun tamamilə hərəkətsiz qalmasını gözləyir.

Və... Hz.Həmzə ruhunu təslim edir. Artıq Vahşi azad bir insandı. Onsuz da başqa bir məqsədi yox idi və yaxına gəlib nizəni Hz.Həmzənin sinəsindən çıxardır, qarnını yarır və ciyərini çıxardaraq əvvəlcə Hindinin yanına gedir. Onun Hz.Həmzədən yanıqlı olduğunu bilirdi, çünki Bədirdə atası da daxil olmaqla yaxınlarını Hz.Həmzə öldürmüşdü. Vahşi gördüyü bu işin qarşılığında mükafat da gözləyirdi. Gəlir və:

– Bu, Həmzənin ciyəridir, – deyir.

Hindin gözləri dörd olur. Üzündə bir həyəcan vardı, röyalarına girib xəyallarını süsləyən arzularının "gerçəkləşməsindən" doğan həyəvcan...

Və Vahşi, həqiqətən də, gözlədiyi mükafatı alır. Hind əvvəlcə Hz.Həmzənin ciyərini ağzına alıb çeynəməyə başlayır və sonra ağzından çıxarıb tullayır. Kin və nifrətin cilov gəmirdiyi anlar idi. Sonra bu xidmətinə görə boynundakı boyunbağını və əynindəki qaftanını Vahşiyə bağışlayır. Eyni zamanda Məkkəyə qayıtdıqdan sonra on dinar da verəcəyini vəd edir.

Bu da soyutmamışdı Hindin nifrət hislərini. Vahşinin əlindən tutub ondan Hz.Həmzənin yerini göstərməsini istəyir.

Yanına gəlirlər. Hind onun mübarək vücudunu parçalamağa başlayır. Burun və qulaqlarını kəsir, onları bəzək kimi boynundan asır, Məkkəyə qayıdana qədər də onları boynundan çıxarmır.

Eyni zamanda Hind hündür bir yerə çıxaraq səsi çatdığı qədər bunları insanlara elan edir, "Bədir intiqamı"nın verdiyi "zəfər" sərxoşluğu ilə özlərini ucaldıb göylərə qaldırır, müsəlmanları isə alçaltmağa çalışırdı.

O gün Müsəlman cəbhəsində başqa bir Hind – Hind binti Üsasə onun cavabını verir, hələ neçə-neçə Bədirlərin olacağını  elan edərək Utbə qızı Hindin səsini kəsməyə çalışırdı.

Vəziyyətdən ağasını da xəbərdar edən Vahşi Məkkəyə qayıdan kimi azadlığa qovuşur.

İlahi yardım və yenidən toplanış

Kiçik görünən böyük bir səhlənkarlığın nələrə gətirib çıxardığını hər kəs görürdü. Bəlkə də, bundan daha böyüyünü gələcəkdə yaşamamaq üçün Allah (c.c.) Rəsulunun ətrafında belə bir örnəyi bütün Məhəmməd ümmətinə göstərir və diqqəti əsas bir məqama cəlb edirdi. Çünki müvəffəqiyyət Allah və Rəsuluna mütləq itaətdən keçirdi.

İndi isə səhabələr canını dişinə sıxıb Allah və Rəsulu yolunda hər şeyini fəda etmək yarışına girmişdi. Bir tərəfdən dağın ətrəklərinə doğru çəkilən, digər yandan da qəhrəmancasına vuruşan bu insanlar sadiq və səmimi olduqlarını felən göstərirdilər. Bir daha and içir və sonu nə olursa-olsun, artıq Ondan (sallallahu əleyhi və səlləm) ayrılmayacaqlarına söz verirdilər. Eyni zamanda bu, Allah Rəsulunun nəzarəti yenidən öz əlinə alması demək idi. Oxçular məsələsində yaşadıqları acı təcrübə və bəzi insanların silahı müvəqqəti yerə qoyması nəticəsində meydana çıxan sıxıntılar aradan qaldırılır və Bəşəriyyitin Əmini Peyğəmbərimiz (s.ə.s.) Uhudda yenidən hökm verməyə başlayırdı. Məğlubiyyət kimi görünən tablonu qələbəyə çevirməyin adı idi bu və Allah Rəsulu da Uhudda müvəffəqiyyətlə nəticələnən son tablonu hazırlayırdı.

Allah da ehsanını, lütfünü belə bir səmimiyyətdən əsirgəmir, səhərdən bəri döyüş meydanında çarpışan bu insanların qəlbini Bədirdə olduğu kimi, yenə də mənəvi rahatlıqla (səkinə) süsləyir.

Elə şirin yuxuya getmişdilər ki, az qala əllərindəki qılınc yerə düşürdü, ancaq onlar bunun fərqinə belə varmırdılar. Əbu Talha kimi  igidlər əllərindən düşən qılıncı əyilib götürürdü, amma bu səkinənin təsiri ilə qılınclar yenidən düşürdü torpağa. Belə ki, düşmən əsgərlərinin alt tərəfdə olmasına baxmayaraq, Bişr ibn Bəranın qılıncı əlindən düşmüşdü, amma o, üzərinə çökmüş yuxu şirinliyindən qılıncın yoxluğunu belə hiss etmirdi. Bu, o qədər sıxıntının üzərinə çəkilən süngər kimi idi. Aydın  idi  ki, əsas məsələ inayət idi və bu sıxıntılar da tezliklə aradan qalxacaqdı.

Uhud meydanında köməyə gələn mələklər də vardı. Hərçənd onlar savaşın əvvəlindən burada idilər, çünki  Allah (c.c.) beş min mələklə əhli-imanı dəstəkləyəcəyini vəd etmişdi. Ancaq bu, Allah və Rəsulunun həssaslığına bağlı məsələ idi. Oxçular təpəsində pusquda duran müsəlmanlar əmrə itaətdə qətiyyət  göstərməmiş, istənilən və gözlənilən səbatlılığı ortaya qoymamışdılar. Buna görə də  mələklər geri çəkilmiş və onları düşmənlə baş-başa buraxmışdı.[26]

Sad ibn Əbu Vəqqasın şəhadəti ilə Uhudun ətəklərinə doğru çəkilən Allah Rəsulunun sağ və sol tərəfində ağ geyimli iki mələk – Cəbrail və Mikail  döyüşür, Onu düşmən təhlükələrindən qoruyurdu. Bir az əvvəl Allah Rəsulunun verdiyi oxları atarkən tanımadığı təmiz simalı və ağ geyimli  bir gəncin bu oxları toplayıb gətirdiyinə də şahid olur. Oxları gətirib:

− At, ey Əba  İshaq, − deyən bu gənci bir daha görmür.

İbn Qamiənin həmlələri ilə şəhid olan bayraqdar Musab ibn Ümeyrin vəzifəsini də bir mələk öz üzərinə götürür: Hz.Musabın surətinə girib Allah Rəsulunun bayrağını dalğalandırırdı Uhudda! Bir ara Allah Rəsulu (s.ə.s.):

– İrəli hücum et, ey  Musab, – deyə səslənincə Peyğmbərimizə doğru yönələn mələk:

– Mən Musab deyiləm, – deyir.

Rəsulullahın (s.ə.s.) səslənişinə şahid olan Abdurrahman ibn Avf təəccüb içində:

 – Ya Rəsulullah, – deyir, – Musab daha öncə şəhid olmadımı?   – Elədir, – deyir Allah Rəsulu (sallallahu əleyhi və səlləm), – Musabın vəzifəsini bir mələk icra edir![27]

Bir ara Allah Rəsulu yanındakı Haris ibn Simmədən Abdurrahman ibn Avfı soruşur, o da Hz. Abdurrahmanın bir tərəfdə düşmənlə əlbəyaxa olduğunu söyləyir. Bu vaxt Rəsululllah:

– Heç şübhə yox ki, mələklər onunla birlikdə  döyüşür, – deyə buyurur.

Allah Rəsulunun (s.ə.s.) müjdəsini alan Hz.Haris dərhal Abdurrahman ibn Avfın yanına qaçır, onun ətrafında yeddi müşrikin yerə sərildiyini görür.

– Qoluna quvvət! Bunların hamısını sən öldürdün? – deyə soruşur.  O da çaşqın halda:

– Bunu və bunları mən öldürdüm, –  deyir və ardınca da:

– Bunları isə kimin öldürdüyünü görmədim, – deyə əlavə edir.

 Hz.Haris Allah və Rəsulunun verdiyi xəbərin doğruluğu qarşısında heyrətini gizlədə bilməyib "Allah və Rəsulu, şübhəsiz, doğru söyləyir" mənasına gələn: "Sadaqallahu və  Rəsuluh," – deyir.

Bədirdə Allah Rəsulu ilə birlikdə olmadığı üçün kədərlənən və xəcalət çəkən Ənəs ibn Nadr: "Rəsulullahın  ilk  döyüşü olan Bədirdə  iştirak edə bilmədim, əgər Allah (c.c.) mənə müşriklərlə yenidən qarşılaşma imkanı verərsə, Allah üçün nələr edəcəyimi mən bilirəm," – deyir və Allah yolunda vuruşmaq eşqi ilə alışıb-yanırdı.

İndi isə Allah (c.c.) onun arzu etdiyi fürsəti qarşısına çıxarmış, və o da layiqincə döyüşmək üçün Uhuda gəlmişdi.

Döyüşün ikinci yarısı hücuma məruz qaldıqları zaman əllərini açıb ürəyini boşaldır: "Allahım! Yoldaşlarımın etdiklərinə görə Səndən üzr istəyir, əfvini rica edirəm. Bunların hərəkətlərinə görə  də – müşrikləri nəzərdə tuturdu – Səndən aman diləyib əfvinə sığınıram.

Görünür, baş verənlərdən məyus olmuşdu, meydandakı nəticəni heç cür qəbul edə bilmirdi. Buna görə də qılıncını götürüb düşmən cərgələrinə girməyi düşünür. Qarşısına ənsar və mühacirlərdən ibarət bir dəstə çıxır, Rəsulullahın öldürülməsi xəbərindən sonra qolları sustalmış, qılınclarını bir kənara atmışdılar. Hz.Ənəs təlaşla:

− Niyə burada oturmusunuz? − deyə soruşur.

− Rəsulullah öldürüldü, − cavabını verirlər.

Dünya başına fırlanır. Savaş meydanında da olsa, mömin özünü itirməməli idi. Onun inandığı İslamiyyət peyğəmbər belə olsa, şəxslərin həyatı ilə məhdudlaşan bir sistem deyildi və istənilən vəziyyətdə yaşayan, varlığını davam etdirən bir quruluş demək idi. Ona görə Uhudda çarəsiz gözləyənlərə səslənərək:

− Onun olmadığı bir dünyada yaşamağın nə mənası var, nəyinizə lazımdır? Haydı, siz də qalxın və Rəsulullahın öldüyü yolda canınızı qoyun və ölün! − deyir.

Sonra da yoluna davam edib gözdən itir. Uhudun arxa tərəflərində onunla qarşılaşan Sad ibn Muaz:

– Mən də səninləyəm, – deyir.

Ancaq o, Ənəs ibn Nadrla ayaqlaşmaqda çətinlik çəkir, onun etdiklərini edə bilmirdi. Arxaya çevrilən Hz. Ənəs Hz.Sada:

– Ey Sad, –  deyə səslənir, − Cənnətin qoxusu nə gözəldir! Nadrın Rəbbinə and olsun ki, mən Uhudun arxasından onu hiss edirəm!

Sad ibn Muazın düşmən  cərgələri arasında mərdanə yeriyən Ənəs ibn Nadrı heyranlıqla seyr edirdi. Və elə bu vaxt gözdən itir Hz. Ənəs. Düşmən cəflərinin arasına girir və igidliklə vuruşub şəhidlik şərbətini içir.

Axşam düşəndə cansız vücudunu tapırlar. Bədənində səksəndən çox qılınc, nizə və ox yarası vardı. Üzü parçalanmış, burnu və qulaqları kəsilmişdi. Nə qədər diqqətlə baxsa da, heç kim onu tanıya bilmir. Nəhayət, bacısı gəlir və onu ancaq barmağındakı bir əlamətdən tanıyır. Ər oğlu ərdi və Qurani-Kərim onun kimiləri öyüb vəzifəsini  layiqincə yerinə yetirən igidlər kimi anacaqdı.[28]

Niyyət fərqi və Quzman

Əməllər və səylər fərqlənməsə də, nəticə etibarilə insanlara eyni qiymət verilmirdi. Niyyət içində şəffaf su olan bir stəkana bənzəyirdi və bu stəkanın rəngində görünürdü. O gün Uhudda da eyni hadisələr baş verir.

Uhud meydanında at oynadan Quzman adlı bir nəfər var idi. O da Hz. Həmzə kimi elə qəhrəmanlıqlar göstərirdi ki, ətrafındakı insanlar ona qibtə ilə baxırdılar. Düşmən cərgələri arasında qarşısına çıxanın başını bədənindən ayırırdı.

Əslində, o, döyüşə gəlmək niyyətində deyildi. Bəni-Zəfərin qadınları onu utandırmağa başlayanda silahını alıb birbaş Uhuda gəlmişdi. Bu vaxt Allah Rəsulu (sallallahu əleyhi və səlləm) Uhud meydanında cərgələrini düzəldib savaşa hazırlaşırdı. Quzman da  gəlib ön sırada yer tutur.

Döyüş başlayandan heç kim Quzmanın qarşısında dura bilmir. İlk oxu da o atır. Əsl qəhrəman idi, müşriklərin ən azı üç bayraqdarını yerə sərir və onların ilk məğlubiyytində böyük rol oynayır. Hətta onun qəhrəmanlığı digər əshabın da diqqətini çəkir və gəlib onun haqqında qibtə ilə Allah Rəsuluna danışırlar.

Ancaq buna baxmayaraq, Allah Rəsulu onun cəhənnəm əhlindən olduğunu söyləyir. Çox təzadlı vəziyyət idi. Onun etdikləri və Peyğəmbərimizin bəyanı qarşısında tərəddüdə düşənlər, deyilənlərə şübhə ilə baxanlar belə var idi. Necə ola bilərdi? Quzman əlinə aldığı oxları belə nizə kimi atıb hədəfini vurur, süvarilərin üzərinə tək başına hücum edib qabağına çıxanı öldürürdü. Yenə belə bir dəstənin içinə girərək doqquz nəfəri öldürmüş, ancaq özü də yaralanmışdı. Onu yaralı  halda görən Qatadə ibn Numan:

− Ya Əba  Ğaydak, − deyir, − nə xoşbəxt insansan,  şəhid olacaqsan!

Bu zaman başqaları da yanına gəlir:

–Allaha and olsun ki, bu gün sən çox çətin bir imtahandan keçdin, ey Quzman! Müjdələr olsun, − deyirlər. Bunları eşidən Quzman:

– Məni niyə müjdələyirsiniz ki! Vallah, mən sadəcə qövmümün hesabına və onların şərəfini ucaltmaq üçün döyüşdüm. Yoxsa mən əsla vuruşmazdım, − deyə cavab verir.

Sonra da əlindəki qılıncın qınını yerə qoyub ucunu qarnına söykəyir və özünü nizəyə sıxaraq intihar edir. Quzman özünü öldürmüşdü. Baş verənlərə şahid olub təəccübünü gizlədə bilməyənlər vəziyyətdən Allah Rəsulunu xəbərdar etdikdə Rəsulullah (s.ə.s.) öncə təkbir gətirir və:

− Şəhadət edirəm ki, Mən Allahın qulu və Rəsuluyam, − buyurur. Ardınca da Hz.Bilalı yanına çağırır və  əmr  edir  ki, insanlara bunları çatdırsın:

– Şübhəsiz ki, cənnətə sadəcə müsəlman olanlar girə bilər. Və Allah (c.c.) günahkar bir adamla da olsa, dinini  gücləndirər.

Səhabələrin şücaəti və yenidən dirçəliş

Rəsulullahın ölməsi barədə şayiə çıxdığı andan Uhud Onun tərbiyəsi altında yetişən səhabələrin qəhrəmanlıq meydanına çevrilmişdi. Abdullah ibn Cahş ilə Sad ibn Əbu Vəqqasın dua yarışına girdiyi bu dəmlərdə Haysəmə ibn Haysəmə kimi neçə-neçə igidlər ölümə gedir, Hanzala ibn Əbu Amir kimi qəhrəmanların şəhadətə yürüdüyü bu misli görünməmiş müsibətdə Amr ibn Cəmuh kimi insanlar cənnətə gedirmiş kimi ön cərgələrə hücum edirdilər. Amr ibn Sabit kimi hələ o gün gəlib kiçik bir səylə əbədi qurtuluşun vəsiqəsini alanlara səhnə olurdu Uhud! Huseyl və Sabit ibn Vaqş kimi Mədinədə ölümü gözləməkdənsə, Uhuda gedib son anda əbədi gəncliyə – Cənnətə talib olan qocaların yürüşünə şahidlik edirdi dağ-daş. Bir qəhramanlar keçidi var idi ər meydanında və eyni zamanda, o gün Uhud Nəsibə binti Malikin aslan kimi kükrəyib Rəsulullahı müdafiə etməsinə, qadın-kişi neçə-neçə səhabə qəhrəmanların da Məkkə ordusunun ürəyinə qorxu salmasına şahidlik edirdi.

Ancaq bu vəziyyət uzun sürmür. Rəsulullahı yenidən əshabı arasında görən Qeys ibn Muharrisin[29] qaralan dünyasına günəş doğur. Bundan cuşa gələn Muharris özünü düşmən cərgələri arasına atır; artıq ölsə də, qəm yeməzdi. O, qarşısıalınmaz aslana dönmüşdü. Qarşısına çıxanın başını bədənindən ayırırdı. Və... Muharrisi ancaq uzaqdan atılan nizə ilə dayandıra bilirlər.

Çox keçmədən Uhud meydanında Hubab ibn Münzirin gur səsi eşidilir. O, insanları yenidən toparlanmağa, döyüşməyə çağırır. Bu çağırışın məkanı yenidən toplanmanın ünvanı olur və Uhuddan yüksələn bu səsləniş də Haqq bəyanı ucaltmaq uğrunda yeni həmləyə çevrilir.

Bu, eyni zamanda möminlərə həyat verən bir müjdə idi və səsi eşidən hər kəs digər yoldaşlarına da çatdırırdı. Abbas ibn Übadə, Xaricə ibn Zeyd və Evs ibn Ərkam durmadan  təkrar edirlər Munzirin çağırışını! Abbas ibn Übadə belə deyirdi:

– Ey Müsəlman camaatı! Haydı, Allaha və Nəbinizə doğru gəlin! Sizin başınıza gələn müsibət, əlbəttə, Nəbinizin də  başına  gəlmişdi. Ancaq O, sizə səbirlə müqavimət göstərdiyiniz müddətdə nüsrət vəd edir.

Hz.Abbas bir tərəfdən bunları deyir, digər yandan da üstündəki zirehini çıxardıb dəbilqəsini bir kənara atır. Elə bu zaman üzünü Hz. Xaricə ibn Zeydə tutub:

− Bunlara sənin ehtiyacın varmı? − deyə soruşur.

Görünür, bir-birlərini yaxşı tanıyırdılar və sualı eşitcək Xaricə də ona:

– Xeyr! − cavabını verir. Sonra da gözlərində dünyanı kiçildən bir möminin nələrə qadir olduğunu bu sözlərlə ifadə edir:

− Mən də sənin düşündüyünü düşünürəm!

Artıq üçü də düşmən sıralarının soxulmuş,  qəhrəmanlıqla vuruşurdular. Bir arada Abbas ibn Übadə deyir:

– Nələr baş verdiyini görən bu gözlər bizdə ikən Rəsulullaha bir zərər gələrsə, sabah Rəbbimizin hüzurunda hansı üzrlü səbəblərimiz ola bilər?

Bir tərəfdən qılınc çalan Hz.Xaricə cavab verir:

– Rəbbimizin dərgahında o zaman nə bir dəlilimiz, nə də bir üzrümüz ola bilər!

Allah Rəsulunu (s.ə.s.) sağ-salamat görən hər müsəlman dərindən nəfəs alır və o anacan yaşanmış ağrı-acını tamamilə unudub sevincə qərq olur. Yəqin idi.. artıq Uhud yeni bir dirçəlişin astanasında idi. Əhvali-ruhiyyələri yerinə gəlmişdi; dünyanı ayaqları altına alıb kiçildənlərin çiyinlərində yeni bir zəfərin təməlləri qoyulurdu.

Bədir döyüşündə əsir alınan Übeyy ibn Xələf fidyə verməklə əsarətdən qurtularkən öz-özünə əhd etmiş və Məkkəyə qayıdan kimi yaxşı bir at alıb ən yaxşı yemlərlə bəsləyəcəyinə söz vermişdi. Həqiqətən də, dediyini etmiş və gecə-gündüz Rəsulullahı öldürmək planlarını qurub Uhuda hazırlaşmışdı. Onun bu niyyətini Allah Rəsulu (s.ə.s.) da  bilirdi, Uhud ətəklərinə çəkildiyi bir vaxtda əshabına belə deyir:

− Mən Übeyy ibn Xələfin arxadan hücum edəcəyindən narahatam. Əgər onun gəldiyini görsəniz, mütləq Mənə xəbər verin!

Həqiqətən də, çox keçmədən Übeyy əynində dəmir zireh at belində bir dəstə adamla gəlib çıxır:

− Məhəmməd haradadır? Bu gün O, canını qurtaracaqsa, mən heç yaşamayım, − deyir, açıq-aşkar meydan oxuyur.

Bir səhabə dərhal irəli atılıb onun dərsini vermək istəyir, ancaq buna gücü çatmır. Başqaları da onun arxasınca getmək istəyir, amma Allah Rəsulu (s.ə.s.):

− Buraxın onu! Yolunu açın, gəlsin, − buyurur.

Həyadan, ədəbdən uzaq Übeyy ağzına gələni danışır, Rəsulullahı yalançılıqda ittiham edir, Onun döyüş meydanından qaçdığını deyir. Həddini çoxdan aşmışdı, bir iş görmək lazım idi. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) da Haris ibn Simmənin əlindəki nizəni alıb onun cavabını vermək istəyir. Übeyyin yanındakılar Allah Rəsulunun gəldiyini görüb sağa-sola qaçışır. Allah Rəsulu (s.ə.s.) döyüşdə də əshabına nümunə olurdu.

Bir nizə zərbəsi kifayət edir və atından yıxılan Übeyy hələ nə olduğunu anlamadan yerdə qıvrılıb ah-fəğan etməyə başlayır:

– Vallah, məni Məhəmməd öldürdü, − deyə çığırır.

Rəsulullahın bir zərbəsi Übeyyin canına vəlvələ salmış, beynində neçə il əvvəl Məkkədə eşitdiyi sözlər şimşək olub çaxmışdı. Bir həmlə qarşısında geri çəkilməsinə görə onu məzəmmət edənlərə deyirdi:

− Lat və Uzzaya and olsun ki, başıma gələn bu hadisə bütün Zül-Məcaz əhlinin başına gəlsə  idi, onların hamısını öldürməyə mütləq yetərdi! Çünki O, Məkkədə ikən mənə: "Səni Mən öldürəcəyəm," – demişdi. Vallah,  O, məni lap üzümə tüpürməklə də öldürərdi!

Haqsız deyildi, müşrik ordusu ilə birlikdə geri qayıdarkən Sərif adlı yerdə ruhunu təslim edir və Übeyyə bir daha Məkəyə qayıtmaq nəsib olmur.

Peyğəmbərimizi öldürmək arzusunda olan müşriklərdən biri də Osman ibn Abdullah idi. O da Bədir əsirləri arasında idi və fidyə verib Məkkəyə qayıdan kimi Məkkənin ən yaxşı atını bu işə hazırlamışdı və Uhudda idi. Əla düzəldilmiş  zirehlər içində Rəsulullahı öldürmək üçün fürsət gözləyirdi. İndi bu fürsətin əlinə düşdüyünü düşünür. Übeyy kimi o da:

 − Əgər bu gün Sən qurtulsan, mənə yaşamaq haram olsun, − deyir və atını mahmızlayaraq  Rəsulullaha doğru gəlir.

Osmanın qarşısına da Allah Rəsulu (s.ə.s.) özü çıxır. Hər kəs bu işin nə ilə qurtaracağını gözləyirdi.

Atın üstündə yaraqlı-yasaqlı gələn Osman gözlənilmədən yox olur. Hamı məəttəl qalır. Sanki, yer yarılmış, içinə girmişdi. Demə, Osmanın atı bir çuxura düşübmüş. Bunu görən Haris ibn Simmə qılıncını çəkib Osmanın qarşısına çıxır və bir müddət vuruşub işini bitirir. Onun məğlub olduğunu eşidən Allah Rəsulu (sallallahu əleyhi və səlləm) həmd edir:

− Onun şərini yox edən Allaha həmd olsun!

Sad ibn Əbu Vəqqasa səslənən Allah Rəsulu (s.ə.s.):

− Onları geri qaytar, − deyərək, az da olsa, Uhudun ətəklərinə dırmanıb üstlərinə gəlmək istəyən müşriklərə  ox atmağı  əmr  edir. Bunun müqabilində Hz. Sad:

− Tək başıma onları necə qaytara bilərəm? − deyə soruşur.

Hətta bu sözünü üç dəfə təkrar edir. Zahirən elə görünürdü ki, bir insan bu qədər qüvvənin öhdəsindən gələ bilməz. Ancaq bunu Allah Rəsulu (sallallahu əleyhi və səlləm) buyururdusa, iş dəyişirdi. Dərhal sadağını götürür, bir müşriki nişan alıb atır. Ox hədəflənən müşrikə dəyib onu  yerə sərir. Daha sonra bir ox da atır. Bu ox da hədəfə saplanıb bir müşriki öldürür. Üçüncünü də atıb bir düşməni öldürüncə Allah Rəsulunun dayandığı yerə yürümək istəyənlər bu mənzərədən qorxub geri çəkilirlər. Deməli, geri çəkilməmək, uğursuzluqlar qarşısında ruhdan düşməyib daima iman və əzmlə həmlə etmək lazım idi. Elə gələn ayədə Cənabi Allah bu vəziyyəti nəzərə alır və buyururdu: "Uhud müharibəsində baş vermiş bəzi hadisələrə görə ruhdan düşməyin və qəmgin olmayın. Halbuki əgər möminsinizsə, siz Allah qatında inanmayanlardan çox yüksəkdə durursunuz! Əgər siz Uhud müharibəsində yara aldınızsa, o biri (kafir) dəstə də Bədir müharibəsində o cür yara aldı. Biz bu günləri (bu hadisələri) insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah iman gətirən şəxsləri başqalarından ayırd etsin və içərinizdən şəhidlər (şahidlər) seçsin. Allah zülmkarları sevməz!"[30]

Deməli, həqiqi imana malik bir mömin dünya bomba kimi partlasa belə, əndişəyə qapılmaz və üzərinə düşəni görməkdən geri durmazdı, durmamalı idi. Möminin hədəfi daim irəliyə olmalı idi. İman kimi bir həqiqət varkən hadisələrin gedişatından əndişəyə qapılmaq, qorxmaq heç bir möminə yaraşmazdı. Çünki O, Allah rizası kimi uca bir qayə ilə və Onun dinini ucaltmaq amacı ilə mücadilə edirdi. Qarşı cəbhədə olanlar isə şeytan yolunda savaşırdılar; şəxsi mənfəətləri arxasınca düşmüşdülər.

Deməli, əsl mömin belə çətin imtahanlarda bəlli olur. Allahın rizası uğrunda irəli atılarkən möminin qarşısına çıxan müxtəlif əngəllər eyni zamanda onun təmizlənib arınmasına gətirib çıxarır, onu hər addımda Allahı xatırladan bəlağətli bir lisana çevirir.

Görünür, Uhuddakı bu təbəddülatlar, çətinliklər də belə bir faydanı təmin etmək üçün idi. Və gələcəyin zəfər günlərində ayaqların yerə daha möhkəm basılması üçün bu gün mütləq bir zəfərin ardınca müvəqqəti bir sarsıntı yaşanmış və Allah (c.c.) gələcəkdə bundan da böyüklərinin baş verməməsi üçün bəzi səhabələri şəhid kimi hüzuruna aparmışdı.

Məsələnin diqqətçəkən başqa tərəfi də Allahın Əbu Sufyan, Xalid ibn Valid və İkrimə ibn Əbu Cəhil kimi istiqbalın səhabələrinə Uhudda avans verməsi idi. Çünki bunlar o gün Məkkə ordusunun əsas rəhbərləri idi. Beləliklə, Allah onların qürurunu sındırmır və məğlubiyyət psixologiyası ilə qərəzli düşüncələrə qapılıb öz  gələcəklərini qaraltmağa da izin vermirdi.

Uhudun yaraları

Bu arada Hz. Əli Rəsulullaha su gətirir. Allah Rəsulu (s.ə.s.) əvvəl suyu götürüb  içmək istəyir, ancaq qoxusundan xoşu gəlmir. Suyu mübarək üzünə vurub qanı yumağa başlayır. Bir tərəfdən də:

− Nəbisinin üzündən qan axıdanlara qarşı Allahın qəzəbi şiddətləndi, − deyir.

Onu bu halından təsirlənən qızı Fatimə validəmiz bir tərəfdən atasının üzünü silir, digər tərəfdən də Ona sarılıb təsəlli verməyə çalışır. Axan qanı saxlamaq üçün bir həsir yandırır və külünü yaranın üstünə tökür.

Rəsulullahın suyu içmədiyini görən Məhəmməd ibn Məsləmə dərhal qadınların yanına qaçıb onlardan su istəyir. Onlarda su qalmamışdı. Ancaq o, Rəsulullaha su gətirmədən geri dönməyi düşünmürdü və gedib bir quyudan tapdığı suyu Allah Rəsuluna gətirir. Çox susayan Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) əvvəl sudan içir, Məhəmməd ibn Məsləməyə dua edir.

Allah Rəsulu (s.ə.s.) aranın az da olsa, sakitləşdiyi bu saatlarda Uhudda günorta namazını qılır. Namazı ayaq üstə qılmağa taqəti qalmamışdı; oturaraq qılır.

Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) bir az hündür yerə çıxıb baş verənləri görmək istəyir; yuxarıda bir daşın üstünə çıxmağa çalışır, ancaq zirehin ağırlığından mümkün olmur.  Vəziyyəti belə görən Talha ibn Übeydullah Allah Rəsuluna daşın üstünə çıxmaqda kömək edir. Fəxri-Kainat Allah Rəsulu həm bu köməyindən, həm də əvvəldən bəri etdiklərindən dolayı Hz. Talha barədə deyir:

− Rəsulullah üçün etdiklərinə görə cənnət Talhaya vacib oldu!

Xalid ibn Vəlidin başçılığı altında süvari dəstəsinin gəldiyini görüncə də əllərini açıb dua edir:

− Allahım! Sənin qüdrətindən başqa heç bir qüvvənin hökmü yoxdur. Bu bölgədə bir neçə insandan başqa Sənə qulluq edəcək heç kim yoxdur. Sən onları həlak etmə! Allahım! Onların bizə qarşı bir üstünlük əldə etməsi mümkün deyildir. Sən onlara bu fürsəti vermə!

Bu əsnada Hz. Ömər kimi mühacirlərdən bir dəstə oxatan irəli atılır və gələn atlıları ox yağışına tutur. Süvarilər üstlərinə yağan oxlara tab gətirməyib tezliklə geri qayıtmaq məcburiyyətində qalır və beləliklə, Allah Rəsulu (s.ə.s.) və səhabələr bir təhlükədən də xilas olur.

Ziyad ibn Səkənin ağır yaralı olması xəbərini gətirirlər. Allah Rəsulu (s.ə.s.) dərhal onun yanına getmək əmrini verir. Çünki Ziyad müvəqqəti qarışıqlıq vaxtı hərə bir tərəfə dağılanda Peyğəmbərimizin: "Kim bizi bunlardan qoruya bilər?" − sualına cavab olaraq: "Mən, ya Rəsulullah!" − deyə nərə çəkir və beş silahdaşı ilə birlikdə var gücü ilə Allah Rəsulunu qorumağa başlayır. Səyləri  gözdən qaçmır və qəhrəmanlığı hamını heyran edirdi. Nəhayət, onunla vuruşan dörd yoldaşı bir-bir şəhid olur, onu isə müşriklərin əlindən zorla xilas edə bilirlər. Al-qan içində idi və hər an şəhid ola bilərdi. Allah Rəsulu (s.ə.s.) mübarək dizini Ziyadın başının altına qoyur, könlünü almağa çalışır. Əbədi aləmə şəhidlik yolunda Rəsulullahın dizinə başını qoymağın rahatlığı vardı simasında. Gördüyü şəfqət və qəlbinə nüfuz edən mərhəmət nəzərləri bütün əzablarını unutdurur və könül rahatlığı ilə son nəfəsini verir. Yanağı Allah Rəsulunun dizi üstündə əbədi vüslətə pərvaz edir.

Məkkə ordusu çəkilir

Sanki, zaman dayanmışdı Uhudda... İki tərəf də böyük itkilər vermişdi və Məkkə ordusunun başçısı Əbu Sufyan yenidən müsəlmanlara  hücum etməyi təhlükəli hesab edirdi. Çünki Uhudun ətəklərinə doğru çəkilən səhabələr qüvvələrini yenidən toplamağa başlamışdı ki, bu toplanma  onu xeyli qorxutmuşdu. Həmçinin döyüşdən əvvəl üç yüz nəfərlik bir dəstənin (Abdulllah ibn Səlul) Müsəlman cəbhəsindən ayrılma səbəbini bilmir, onların da qayıdacağından ehtiyat edirdi. Belə bir vəziyyət təhlükəli olardı. Uhudun əvvəlində başlarına gələnləri də unutmamışdı Əbu Sufyan. Eyni zamanda möminlərin ölümün gözünə dik baxdığını çox yaxşı bilirdi.

Bütün bunları götür-qoy edən Əbu Sufyan "zahirən belə bir "nəticə" əldə etmişkən  "müvəffəqiyyətə" xələl gəlməsin deyə ordusunu Məkkəyə qayıtmağa çağırır. Ancaq hələ də bir məsələdən əmin deyildi və bunu yoxlamaq üçün atına minib əvvəlcə Uhudun ətəyinə qədər gəlir. Ucadan:

− Bu dəstəun arasında Məhəmməd varmı? − deyə soruşur.

Allah Rəsulu (s.ə.s.) əshabına xəbərdarlıq edir:

− Ona cavab verməyin, − buyurur.

Buna görə də heç kimdən səs çıxmır. Gözlədiyi cavabı almayan Əbu Sufyan sualını üç dəfə təkrar edir. Görünür, hələ də əmin deyildi. Daha sonra Hz. Əbu Bəkri nəzərdə tutub:

− Yaxşı, bəs bu topluluğun arasında İbn Əbu Kuhafə varmı? − deyə soruşur.

Allah Rəsulu (s.ə.s.) yenə  də buyurur  ki, cavab verməsinlər. Əbu Sufyan bir daha səslənir:

− Aranızda Ömər ibn Xəttab varmı?

Görünür, bu cəbhəni çox yaxşı tanıyır və məsələdə kimlərin əsas rol oynadığını yaxşı bilirdi. Ancaq Allah Rəsulu yenə də fikrini dəyişdirmir. Yenə də tapşırır ki, cavab verməsinlər. Hz. Ömər onun dərsini verməkdən özünü  güclə saxlayır. Hər dəfə cavab vermək üçün izin istəyir, amma Rəsulullah (sallallahu əleyhi və səlləm) buna icazə vermir. Yenə də üzünü Allah Rəsuluna tutur:

− Ya Rəsulullah! Ona cavab verim? − deyə izin istəyir. Sanki, Uhudda psixoloji müharibə gedirdi. Bu dəfə Peyğəmbərimiz (s.ə.s.):

− Yaxşı, cavab ver, − buyurur.

Bu əsnada Əbu Sufyan üzünü qəbiləsinə tutub deyir:

 − Deməli, bunlar öldürülmüşlər! Əgər sağ olsa idilər, mütləq cavab verərdilər!

Hələ cümləsini tamamlamamış Hz.Ömərin gur səsi yayılır Uhud meydanında:

− Yalan deyirsən, ey Allah düşməni! Səni rəzil və rüsvay etmək üçün Allah onların hamısını hifz etdi. Belə boş-boşuna sevinmə, az öncə adını çəkdiklərin sağ və salamatdır!

Əbu Sufyan sarsıntı keçirir. Deməli, İbn Qamiə yanılmışdı, demək, onun öldürdüyü adam Məhəmməd deyildi. Məhəmməd... Əbu Bəkir... Ömər... Bunlar yaşayırsa, deməli, işləri müşküldür. Geri qayıtma məsələsində qərarını qətiləşdirir. Bu vəziyyətdə işi yenidən təhlükəyə atmamalı  idi. Əvvəlcə:

– Uca Hubəl, Uca Hubəl, – deyə qışqıraraq vaxt qazanmağa çalışır. Uhudun zahirinə baxaraq "bizim inanclarımız sizinkindən üstündür" demək istəyir. Ancaq bu biri tərəfdə Allah Rəsulu (sallallahu əleyhi və səlləm) yerində güclə dayanan Hz.Ömərə  səslənir və:

– Qalx, ya Ömər! Ona cavab ver, – deyir. Artıq onu kim saxlaya bilərdi?!

Dərhal qalxır və:

– Ən böyük və uca olan, şübhəsiz ki, Allahdır, – deyir.

– Bu gün (Uhud) Bədirə əvəz günüdür, o gün siz üstün gəlib bizi məyus etdiniz, bu gün də bizim üzümüz güldü və sevinən biz olduq, – deyir Əbu Sufyan. Bunun cavabında Hz. Ömər:

– İkisi bir ola bilməz, bizim ölülərimiz cənnətə gedərkən, sizinkilər isə çoxdan cəhənnəmlik olmuşlar, – deyə səslənir. Bu sözün altında qalmaq istəməyən Əbu Sufyan:

– Bunu siz söyləyirsiniz, əgər dediyiniz kimidirsə, vay bizim halımıza! Halbuki bizim Uzzamız var, amma sizin Uzzanız yoxdur!

Hz.Ömər nə vaxt söz altında qalmışdı ki? Dərhal:

– Bizim Mövlamız Allahdır, sizi qoruyub mühafizə edən yoxdur, – deyə hayqırır.

Ancaq Əbu Sufyanın tərəddüdləri hələ keçməmişdi. Bir daha Hz. Ömərə səslənərək:

– Yaxına gəl, – deyir. Peyğəmbərimiz izin verir, Hz.Ömər yerindən qalxır və Əbu Sufyana daha yaxın yerə gəlir. Əbu Sufyan soruşur:

– Allah xətrinə səndən soruşuram, ey Ömər! Doğru söylə, biz Məhəmmədi öldürdükmü?

– Allaha and olsun ki, yox! Hətta bu anda O (s.ə.s.), sənin səsini də eşidir, – deyə Hz.Ömər cavab verir. Əbu Sufyan:

– Sən İbn Qamiədən daha dürüst və yaxşı bir insansan, – deyir.

Məhz bu, Müsəlmanların Hz. Ömər timsalında inandığı dəyərləri təmsil etməsi idi. Uhud belə olsa, Əbu Sufyan öz adamına deyil, ona qılınc qaldıran "düşmən"inə güvənirdi. Qərarını da buna görə verir:

– Siz bəzi ölülərinizin bədənlərinin işgəncə ilə parçalandığını, burun və qulaqlarının kəsilib  ətrafa səpələndiyini görəcəksiniz. Vallah, mən buna razılıq verməmişdim; nə bu  cür  etməyi əmr etdim, nə də edilənlərə əngəl oldum! Diqqət edin! Növbəti görüşümüz üzümüzə gələn ilin əvvəlində yenə Bədir olsun, – deyə son cümləsini söyləyib geri qayıdır.

Əsgərləri  arasına qayıdan Əbu Sufyan dərhal yola düşmək əmrini verir və beləliklə, Məkkə ordusu geri çəkilməyə başlayır.

Əbu Sufyan əsgərləri ilə geri dönərkən Allah Rəsulu (sallallahu əleyhi və səlləm) bunun bir hiylə olub-olmadığını öyrənmək istəyir. Çünki qayıdarkən Mədinəyə girib qadın və uşaqlara zərər yetirəcəklərindən narahat  idi. Buna görə əshabının öncüllərini yanına çağırıb onlara əmr  edir ki, arxadan düşməni təqib etsinlər:

– Əgər onlar dəvələrə minib gedirlərsə, deməli, zərər vermədən ayrılacaqlar. Ancaq dəvələri qoyub atlara miniblərsə, deməli, Mədinəyə doğru gedəcəklər! Bu isə açıq-aydın talan deməkdir və əgər belə bir niyyətlərini hiss etsəniz, hamımız bir nəfər kimi onların üstünə hücum edərik, – deyir və əshabının diqqətini bu xüsususa çəkir.

Allah Rəsulundan bu təlimatı alan səhabələr Aqiq vadisinə qədər düşməni təqib edir hətta o qədər yaxınlaşırlar ki, nə danışdıqlarını da eşidirlər. Bir dəstə müşrik fürsət varkən Mədinəni talan edib sonra geri qayıtmaq istəsə də, Safvan ibn  Ümeyyə kimi bəzi insanlar:

– Bunu ağlınıza belə gətirməyin! Onların qüvvələrini  yenidən topladığını, ölümün gözünə dik baxdığını görmürsünüzmü? Onların hamısını öldürmədən Məhəmmədi ələ keçirə bilmərik. İndi qazandığımız zəfəri məğlubiyyətə çevirmədən dərhal buradan gedək, – deyərək başda Əbu Sufyan olmaqla müşrikləri öz fikirlərindən daşındırmağa çalışırlar. Və beləcə müşrik ordusu uzun yol üçün istifadə olunan dəvələrə minib yenidən Məkkəyə qayıdır.

Məğlubiyyətdən qələbə çıxarma strategiyası işə yaramış və məğlubiyyət görüntüsündən yeni bir "qələbə" də ortaya çıxmışdı. Bu görüntü Məkkə ordusunu qorxutmuş və onları tələm-tələsik Uhudu tərk etməyə vadar etmişdi. Arada müvəqqəti bir sarsıntı yaşansa da, Uhuda imzasını atan yenə Allah Rəsulu (s.ə.s.) idi.

Uhud meydanı döyüşdən sonra...

Döyüşü davam etdirməyə cəsarəti çatmayan müşriklər Uhuddan çəkildikdən sonra səhabələr döyüş meydanına enib ölü və yaralılar arasında dolaşmağa başlayır. Sağ qalanları hamı görürdü, ancaq kimlərin şəhid olması, kimlərin də yaralı-yaralı kömək gözləməsi hələ məlum deyildi. Qarşılarında tük ürpərdən bir mənzərə vardı; cəsədlər parça-parça edilmiş, burun və qulaqları kəsilərək tanınmaz hala salınmışdı.[31]

Şəhid olan olmuş, qalanlar isə al-qan içində bitab düşmüşdülər. Əshabı ilə birlikdə eyni taleyi bölüşən və əshabın başına gələnlərdən çox kədərlənən Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm):

– Kim Sad ibn Rəbiyə baxıb gələ bilər, görəsən, o, sağdır, yoxsa ölülər arasındadır? Mən onu vücudunda on iki ox yarası olarkən görmüşdüm, – buyurunca bir ənsar[32] qalxır və onu axtarmağa başlayır. Meydanı dolaşa-dolaşa üç dəfə adını çəkib ucadan çağırır, amma bir cavab ala bilmir. Ən axırda:

– Rəsulullah (s.ə.s.) səndən narahatdır, elə məni də O göndərdi, – deyincə zəif səs eşidir və səs gələn tərəfə gedir. Görünür, son dəqiqələrini yaşayırdı. Üzərində yetmişdən çox nizə, ox və qılınc yarası var idi. Xəfifcə bədəninə toxunur və:

– Rəsulullah (s.ə.s.) "Sad ibn Rəbi həyatdadır, yoxsa ölülər arasında?"– deyə yaşayıb yaşamadığını öyrənmək üçün məni yanına göndərdi, – deyir. Sad özünü güclə toplayıb çətinliklə:

– Məni artıq ölmüş bilin ,– deyir əvvəlcə.  Sonra da əlavə edir:

– Rəsulullaha məndən salam söylə və bu anda cənnətin qoxusunu duyduğumu de! Qəbilənə də məndən salam söylə və onlara de ki: "Əliniz tutub gözünüz gördüyü halda əgər Rəsulullaha bir şey olsa, Allah yanında iki əlim yaxanızda olacaq və Allah qatında əsla bir üzrlü səbəb tapa bilməzsiniz!"

Bu, onun son sözləri idi və son kəlmə ilə birlikdə mübarək ruhu da pərvaz edir.

Hz.Həmzənin vəziyyəti

 Rəsulullah (sallallahu əleyhi və səlləm):

– Əmimin başına nələr gəlib, – deyə-deyə Allahın aslanı Hz.Həmzəni axtarırdı.

Elə bu vaxt Hz.Əli onu Batnil-Vadi adlı yerdə tapır və özünü birbaşa hüzura çatdırır.  Rəsulullah sürətli addımlarla həmin yerə gəlir. Hz.Həmzənin qarnını yarıb ciyərini çıxarmış, burun və qulaqlarını da kəsmişdilər. Acınacaqlı, ürək dağlayan mənzərə var idi. Qəlb məhzun, gözlər də yaşlı... Üstünü örtmək üçün bir şey axtarır Rəsulullah. Ənsardan biri irəli çıxır və əynindəki libası çıxarıb Hz.Həmzənin üstünə çəkir, ancaq bu bədənini tamam örtməyə yetmir. Bunun ardınca eyni işi bir başqası da edir və beləliklə, ürək yaxan mənzərəni örtməyə çalışır.

Ancaq üstü açıq qalan təkcə Hz.Həmzə deyildi. Uhud meydanında altmış dördü ənsar olmaqla yetmiş nəfər belə "Həmzə" vardı. Buna görə Peyğəmbərimiz örtüklərdən birini Hz.Cabirə verir ki, atasının üstünə örtsün.

Bibisi Safiyyə binti  Abdulmuttalibin gəldiyini görüncə:

– Gözünüz  onun  üstündə  olsun, – deyir.

Görünür, istəmirdi ki, bibisi qardaşının bu halını görsün. Bunu eşidən Hz.Zubeyr dayısını görməsin deyə anasının qabağına keçir. Ancaq Hz.Safiyyə əlinin arxası ilə oğlunu bir kənara itələyib:

– Çəkil qarşımdan! Bu anda gözüm səni görmür, – deyir. O isə israrla:

– Ay ana! Rəsulullah sənin geri qayıtmağını istəyir, – deyir.

– Niyə ki? Qardaşıma Allah yolunda müslə edildiyini  (bədəninin eybəcər hala salındığını) eşitdim. Hər nə qədər buna könlüm razı olmasa da, inşallah, mən Allah üçün canımı dişimə tutub səbir edərəm, – deyə cavab verir. Hz. Zubeyr dərhal qaçıb bu vəziyyətdən Peyğəmbərimizi xəbərdar edir. Bunun müqabilində Allah Rəsulu (s.ə.s.) buyurur:

– Yolundan çəkilin!

Mətanətli qadın Hz.Safiyyə qardaşı Hz.Həmzənin yanına gəlib bir xeyli dua edir, istirca edir[33] və  onun  üçün Allahdan bağışlanma diləyir.

Allah Rəsulu (sallallahu əleyhi və səlləm) gördüyü mənzərədən özünü saxlaya bilməyib Qureyş haqqında nə gəldi danışan Əbu Qatadayə dönür:

– Ey Əba Qatadə! Əslində, Qureyş əmanətə riayət edən insanlardan ibarətdir. Onlar barədə kim həddini aşarsa, Allah onun cəzasını verər. Əgər Allah sənə uzun ömür verərsə, onların ibadət və əməlləri ilə müqayisədə öz əməlini çox kiçik görəcək, daha çoxunu görmədiyin üçün kədərlənəcəksən!

Əbu Qatadə kimi hərəkət etmək istəyənlərə cavab olaraq Cəbrail gəlir, düşmənə cavab vermək istəsələr, yalnız qarşı tərəfin etdiyi qədər etmək gərəkdiyini, ancaq bütün hallarda səbir edib işi Allaha  həvalə etməyin daha xeyirli olduğunu bildirir.[34]

Şəhidlərin Uhuda əmanət edilməsi

Allah Rəsulu (s.ə.s.) şəhidlərin zirehini çıxarmağı və:

– Onları qanlarını yumadan və paltarları ilə birlikdə dəfn edin, – buyurub  hamısını olduğu kimi Uhud meydanında dəfn etməyi əmr edir. Beləliklə, şəhidlər yuyulmadan və paltarları ilə Uhudda torpağa tapşırılacaqdı.

Allah Rəsulu (sallallahu əleyhi və səlləm) Hz.Həmzənin cansız bədənini gördüyü zaman dörd dəfə təkbir gətirir, hər bir şəhidi onun yanına qoydurur, namaz qılıb dua edir. Beləliklə, Uhudda əmisi və süd qardaşı olan Hz.Həmzə üçün yetmiş dəfə namaz qılınır.

Dərhal qəbirlər qazılmağa başlayır, ancaq bu qədər insanın hər birinə ayrıca qəbir qazmağa taqətləri qalmamışdı və vəziyyəti Allah Rəsuluna ərz edirlər. Allah Rəsulu iki və ya üç adamı bir qəbirə qoymağı əmr edir. Tapşırıq, eynilə yerinə yetirilir. Qazılan qəbirlərə əvvəlcə hansı şəhidi qoymaq məsələsində bir qərara gələ bilmirlər. Peyğəmbərimiz Quranı daha yaxşı bilənlərə üstünlük verməyi tapşırır.

Abdullah ibn Amr ibn Haram ilə Amr ibn Cəmuh, Harisə ibn Zeyd ilə Sad ibn Rəbi, Numan ibn Malik ilə Abdulla ibn Hashas və Abdullah ibn Cahş ilə Hz.Həmzə eyni qəbirə qoyulanlar arasında idilər. O gün Uhuda əmanət edilənlər arasında üç-üç dəfn edilənlər də var  idi.

Hz.Cabir  atası torpağa verilməmiş onun cəsədinə sarılıb ağlayırdı və bunu görən Allah Rəsulu (s.ə.s):

– Onun üçün istər ağla, istərsə də ağlama, siz onu məzara qoyana qədər mələklər qanadlarını açaraq ona kölgə edirlər, – buyurur.[35]

Şəhid Hz.Musab

O gün Allah Rəsulu (s.ə.s.) özündən əvvəl Mədinəyə elçi göndərdiyi Musab ibn Ümeyrin də yanına gəlir. Musab Allah yolunda qol-qanadını fəda etməsinə baxmayaraq, Rəsulullahı arxada tənha qoyub getməyin və ya Ona uzanan düşmən əllərinə mane ola bilməməyin xəcaləti ilə yatırdı Uhudda. Şəfqət və mərhəmətlə onu xeyli süzür Allah Rəsulu (sallallahu əleyhi və səlləm). Sonra da:

– Möminlər içində elələri də vardır ki, Allaha verdikləri sözü yerinə yetirib əhdə sədaqətlərini isbat etdilər. Onlardan kimisi bu yolda şəhid olmuş, kimisi də şəhid olmasını gözləyir. Onlar verdikləri sözü zərrə qədər də dəyişmədilər.[36] –  məallı ayəni oxuyur.

Uhudun bayraqdarı Hz. Musabı örtməyə kəfən tapılmırdı. Məşəqqətli günlərin yükünü buraya qədər çiynində daşımış, amma bu gün nemətlərini dadmadan axirətə gedirdi. Məsələni Allah Rəsuluna bildirəndə:

– Əynindəkilərlə baş tərəfini örtün və ayaqlarına da izhir otundan qoyun, – buyurur. Deyilənlər yerinə yetirildikdən sonra onun baş tərəfində durub Hz.Musabın yarı ot yarı, bez parçası kəfəninə uzun-uzadı baxır və deyir:

– Səni Məkkədə ilk dəfə görəndə əynində necə də bahalı libasın var idi. Məkkədə səndən daha gözəl geyinən yox idi!.. İndi isə sən saçların dağılmış halda, heç başına da çatmayan köhnə bir xirqənin (əbanın) içində yatırsan!

Sonra Uhud meydanına qayıdır. Bu dəfə xitabı Musab da daxil olmaqla bütün şəhidlərə idi. Allah üçün canından keçənlərə Allahın Rəsulu şəhadət edirdi:

– Allahın Rəsulu şəhadət edir ki, qiyamət günündə siz Allah dərgahında da şəhidlərsiniz.

Hər kəsin çiyninə bir vəzifə düşürdü  və Allah Rəsulu üzünü sağ qalanlara tutub qulaqlara sırğa olacaq bu sözləri deyir:

– Ey insanlar! Onları ziyarət edin və buralara gəlin!.. Onlara salam verin. Uca Allaha and olsun ki, qiyamət gününə qədər onlar salam verən hər bir müsəlmanın salamını alır və qaytarırlar.

Sözsüz ki, bəzi səhabələr xəcalət çəkirdi. Çünki Uhuda gəlib döyüşməyi onlar istəmiş və bu səbəbdən yetmiş din qardaşını itirmişdilər. Rəsulullah nə buyursa idi, qəbul edəcəkdilər. Ancaq Allah Rəsulu onlara kiçicik bir eyham belə vurmur və əsla əvvələ qayıdıb: "Mən sizə deməmişdimmi?" – deyərək bir kəlmə də işlətmir. Çünki O (sallallahu əleyhi və səlləm), insanlara məniməstmək istədiyi məşvərəti nəticəsi nə olursa-olsun, hər şeydən vacib sayırdı. Buna görə də Müsəbbibül-Əsbab olan Allaha  yönəlir və əshabını Uhuda əmanət etdikdən sonra:

– Bir yerdə cərgəyə durun, Rəbbimə dua edəcəyəm, – deyir.

Bu kəlmələri eşidər-eşitməz kişilər qabaqda, qadınlar arxada[37] cərgəyə dururlar. Allah Rəsulu yönünü qibləyə çevirir və xeyli dua edir.[38]

Uhuddan ayrılış

İllərin hadisəsi bir günə sığmışdı Uhudda... Və Allah Rəsulu (sallallahu əleyhi və səlləm) atına minib Mədinə yolunu tutur, Uhudu tərk edir. Yolda Musab ibn Ümeyrin xanımı Xamnə binti Cahşla qarşılaşır:

– Ey Xamnə! Özünü möhkəm tut və əvəzini Allahdan gözləyib səbir et, – buyurur. Kədərli bir xəbər alacağını anlayan Hz.Xamnə:

– Kimin üçün, ya Rəsulullah? – deyə soruşur.

– Dayın Həmzə ibn Abdulmuttalib üçün! – buyurur. Bunun ardından Hz. Xamnə:

– İnna lilləh və innə ileyhi raciun! Allah (c.c.) onu rəhməti və lütfü ilə qucaqlasın! Onun üçün şəhadət nə gözəldir! – deyir. Allah Rəsulu:

– Özünü möhkəm tut və əvəzini Allahdan umaraq səbir et! – deyə ikinci dəfə səslənir. Ürəyinə bir qor düşür Hz. Xamnənin:

– Kimin üçün, ya Rəsulullah?

– Qardaşın Abdullah ibn Cahş üçün!

– İnna lilləh və innə ileyhi raciun! Allah (c.c.) onu mərhəmət və lütfü ilə qucaqlasın! Onun üçün də şəhadət nə gözəl!

– Özünü möhkəm tut və əvəzini ancaq Allahdan gözləyərək səbir et!

– Kimin üçün səbir edim, ya Rəsulullah?

– Ərin Musab ibn Ümeyr üçün!

Hz.Xamnən daha dözə bilmir. Dayısı və qardaşı ilə yanaşı ərinin də Uhudda qaldığını eşidəndə haray qoparır:

– Gör başıma nələr gəldi!

Bayaqdan bəri Hz.Xamnəni izləyən Allah Rəsulu əshabına:

– Necə olsa da, qadın üçün ərin yeri bir başqadır! – deyir.

Mədinənin səbri

Mədinə bütün baş verənləri mətanətlə qarşılayır və Uhuda əmanət edilən yaxınlarına görə sağ qayıdanları təzyiq altında saxlamağı əsla düşünmürdü. Hətta heç bir şey olmamış kimi davranır və Rəsulullahın sağ-salamat qayıtmasına sevinirdi.

Rəsulullahın öldürüldüyünü eşidən bir ənsar qadın Uhuddan qayıdış xəbərini eşidincə həyəcanla səhabələri qarşılamağa çıxır. Onun gəlişini görənlərdən biri qardaşının və atasının, digəri isə oğlunun və ərinin şəhid olması xəbərini verir. Ancaq o, bunları, sanki, eşitməmiş kimi yenə də qaçmağa davam edir və qarşısına çıxandan:

– Rəsulullah haradadır? Onun vəziyyəti necədir? – deyə soruşur. Onun halına Uhuddan gələnlər də mat qalır:

– Allaha həmd və sənalar olsun ki, sağ və salamatdır, ey filankəsin anası, – deyə cavab verirlər. Bunu eşidən kimi:

– Mənə Onu göstərin, mübarək üzünə baxmaq istəyirəm, – deyə cavab verir. Allah Rəsulunun (s.ə.s.)  hüzuruna gəlib Onun nur camalına tamaşa edincə bu sözləri deyir:

– Anam-atam sənə fəda olsun, ya Rəsulullah! Səni sağ və salamat gördükdən sonra artıq bütün müsibətlər mənə çox kiçik görünür!

Peyğəmbərimizin (s.ə.s.) atının yüyənindən tutan Sad ibn Muaz onları qarşılamağa çıxan anasını görüncə:

– Anamdır, ya Rəsulullah, – deyir.

Rəsulullah (s.ə.s.) da Sadın anasına təsəlli vermək üçün əhvalını soruşur, könlünü almağa çalışır. Bu vaxt qadın Allah Rəsuluna daha da yaxınlaşır; qəmgin və fikirli görünürdü. Çünki digər oğlu Amr ibn Muaz Uhud şəhidliyində qalmışdı. Ona təsəlli vermək istəyir. Ancaq o mətin insan əvvəldən axıradək Uhudda olan, Uhudu yaşayan və yetmiş nəfər səhabəsini o mübarək dağa əmanət edib gələn Peyğəmbərimizə deyir:

– Səni sağ-salamat  gördüm, daha heç bir müsibət bizi sarsıda bilməz!

O gün bu yaşanan hadisələr çəkilən məşəqqətlərə mətanətlə sinə gərməyin canlı ifadəsi idi. Hələ yaraların isti olduğu, köz belə bağlamadığı ilk anlarda bu cür davranmaq ancaq mərd, mətin  insanların işi idi. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) bu cür mətanətli və təmkinli qadına yenə də təsəlli vermək  istəyir:

– Ya Ümmə Sad! Həm sənə, həm də şəhidlərin ailələrinə müjdələr olsun! Çünki onların şəhidləri cənnətdə bir-birilə dost olacaq və öz ailələrinə də şəfaət edəcəklər!

– Biz Səndən razıyıq, ya Rəsulullah, – deyir Hz. Sadın anası, – aramızda Sən olduqdan sonra onlardan ötrü kim ağlayar ki! Sadəcə  istəyirəm ki, arxada qalanlar  üçün dua edəsən.

Allah Rəsulu (s.ə.s.) onun bu xahişini yerə salmır, əllərini qaldırıb dua edir:

– Allahım! Onların qəlblərindəki kədəri silib at, onlara başlarına gələn müsibəti unutmağı asanlaşdır və qalanların bundan sonrakı günlərini də ehsanınla zinətləndir!

Sonra da Hz.Sada  tərəf çevrilib:

– Ya Əba Amr, ailənin yaraları hələ çox təzədir! Unutma ki, müşriklərin yaraladığı hər bir şəxs qiyamət günündə indikindən daha gözəl vəziyyətdə həşr olunacaq; rəng qan rəngi kimi, amma qoxu müşk qoxusu kimi! Haydı, aranızda kimlər yaralıdırsa, getsin və evində yaralarını müalicə etsin! Mənə görə heç kim evimə qədər gəlib zəhmət çəkməsin! – deyir.

Bu sözlərdən sonra hər kəs evinə çəkilir və yaralarının müalicəsi ilə məşğul olmağa başlayır. Allah Rəsulu da mübarək xanəsinə gəlir. Çox keçmədən Hz.Bilal axşam namazı üçün azan oxuyur, məscidə gəlib axşam namazını qılırlar.

Axşam namazından sonra Abdiəşhəloğulları yurduna gedən Sad ibn Muaz öz xanımı başda olmaqla Abdiəşhəloğullarının qadınlarını toplayıb Hz.Həmzəyə ağlamaq üçün Məscidi-Nəbəviyə gəlir. Çünki o, Mədinəyə girərkən Abdiəşhəloğullarının qadınlarının toplaşıb öz şəhidlərinin arxasınca ağladıqlarını görən Peyğəmbərimizin (s.ə.s.):

– Həmzəyə gəlincə onun heç ağlayanı  yoxdur, – dediyini eşitmişdi. Hər məslədə həssas olan səhabə əvvəlcə Hz. Həmzə üçün, sonra isə öz şəhidləri üçün ağlayacaqdı.

Yatsı (işa) namazına gedərkən Məscidi-Nəbəvidən gələn ağlaşma səslərini eşidən Allah Rəsulu (sallallahu əleyhi və səlləm) bunun səbəbini soruşur və ənsar qadınlarının Hz.Həmzə üçün ağladığını öyrənincə əvvəlcə onlara dua edir, sonra da evlərinə qayıtmağı əmr edir.

İşa namazını da qıldıran Allah Rəsulu (s.ə.s.) istirahət etmək üçün mübarək hücrəsinə yollanır. Bu vaxt  səhabələr Məscidi-Nəbəvi ilə mübarək hücrəsi arasında cərgəyə durub Onu yola salırlar. Xüsusilə, əvs və xazrəclilər bir hadisə olar deyə gözlərini qapıdan çəkmirlər: Məscidi-Nəbəvidə bir otaq qurub, növbə ilə Allah Rəsulunun  keşiyində dururlar.

Beləliklə, başlanğıcdan buraya qədər bəhs edilən bütün bu hadisələr hicrətdən otuz iki ay sonra şəvval ayının bir şənbə günü başlamış, elə həmin gün də bitmişdi. Deməli, zaman bir günə bu qədər hadisəni sığdıracaq qədər genişdir və insan istəsə, zamanı bu qədər bərəkətli edə bilər!

Münafiqlərin davranışı

Uhuda yolundan geri qayıdan və əshabın əhvali-ruhiyyəsini pozan münafiqlər etdikləri hərəkətdən peşman olmaq əvəzinə, görülən işlərin yanlış olduğunu söyləməklə Mədinədə yeni söz-söhbət çıxarırdılar. Xüsusilə, başçıları Übeyy ibn Səlul Uhudda aldığı yarasını müalicə etməyə çalışan oğluna:

– Sənin Onunla birlikdə savaşa getməyin mənim fikrim deyildi. Onsuz da Məhəmməd də mənə qulaq asmadı və uşaq-muşağın sözü ilə hərəkət etdi. Bütün bunların olacağını bilirdim, – deyirdi. Hz. Abdullah atası ilə mübahisənin mənasız olduğunu bilə-bilə:

– Allahın Rəsulullah və əshabı barədə təqdiri  hər zaman daha xeyirlidir, – deyərək atasının da bu ilahi qədərlə razılaşmasını istəyirdi. Ancaq bunların heç bir faydası olmur.

 Bu arada Yəhudilərin də bir hissəsi boş durmur:

– Məhəmməd var-dövlət arxasındadır, çünki bir Nəbi bunlara düçar olmazdı! Buna baxın, hətta yaralanıb! Elə əshab da pərişandır, – deyib Rəsulullahın Peyğəmbər olmadığını söyləməyə çalışırdılar.

Übeyy ibn Səlulla eyni fikirdə olan münafiqlərin bir qismi də:

– O öldürülənlər də bizimlə birlikdə geri qayıtsaydılar, öldürülməzdilər, – deyib əshabın birliyini pozmaq istəyirdi.

Onların bu sözünü eşidən Hz.Ömər Peyğəmbərimizin hüzuruna gələrək eşitdiklərini Onunla bölüşür. Əlbəttə, onun kimi həyəcanlı bir fitrət sadəcə bölüşməklə kifayətlənməyir, bu adamların həddini bildirmək üçün israrla izin istəyir.

– Ya Ömər, – deyir Peyğəmbərimiz, – şübhən olmasın ki, Allah (c.c.) mütləq dinini qalib edib Nəbisini də əziz tutacaqdır. Yəhudilərlə müqaviləmiz var, onları öldürmək olmaz, − buyurur İnsanlığın Əmini. Bir yerdə qərar tuta bilməyən Hz.Ömər:

– Bəs bu münafiqlər, – deyib irəli atılır. Bunun cavabında Allah Rəsulu (s.ə.s.):

– Onlar da: "Lə iləhə illəllah, Muhəmmədün Rəsulullah!" – deyə şəhadət gətirmirlərmi? – deyir. Boynunu bükən, amma hələ də tələbində israr edən Hz.Ömər:

– Bəli, ya Rəsulullah! Amma onlar bunu qılıncdan qorxduqları üçün edirlər. İndi isə məsələ daha da dəqiqləşdi; bu çətin günlərdə Allah (c.c.) onların ürəklərində gizlədiklərini ortaya çıxardı, – deyir.

Doğru idi, ancaq din zahirə görə mühakimə etməyi əmr edirdi. Allah Rəsulu mövzunu bu cümlələrlə tamamlayır:

– Mənə "Əşhədü ən lə iləhə iləllah və ənnə Muhammədən Rəsulullah" deyən bir insanı  öldürmək qadağan edildi.

Hz. Ömərə də bir müjdəsi vardı Allah Rəsulunun:

– Ey Ömər, – deyir, – Biz rüknü (Kəbənin dörd küncündən hər birinə verilən ad. Dəməşqə (Şama) baxan  küncə  Rükni-Şami, Bağdada baxana Rükni-İraqi, Yəmən tarafındə olana Rükni-Yəmani, dördüncü küncə də Rükni-Hacərül-əsvəd adı verilmişdir.) salamlayanadək bir daha Qureyşdən belə bir münasibət görməyəcəyik!

Bir neçə gün keçib ara sakitləşincə Übeyy ibn Səlul cildini dəyişdirməyə başlayır və özünü mömin kimi göstərməyə çalışır. Hətta cümə günü Rəsulullah (s.ə.s.) xütbəyə çıxıb insanlara xitab etmək istədikdə o ayağa qalxır və insanları Rəsulullahı dinləməyə təşviq edir.[39]

Hamraül-əsəd

Şənbə axşamından etibarən yaralarını sarıyıb evlərində dincələn əshab bazar günü səhər Hz. Bilalın azanı ilə Məscidi-Nəbəviyə gəlir.

 Rəsulullah (sallallahu əleyhi və səlləm) dünəndən bəri düşünür və heç cür əmin ola bilmirdi. Məkkə baxımından məsələ nəticə etibarilə qeyri-müəyyən idi; döyüşmüş, amma heç bir şey əldə etmədən geri qayıtmışdılar. Yol gedərkən qərarlarını dəyişdirib yenidən Mədinəyə hücum edə bilərdilər. Onlara belə bir fürsəti vermək olmazdı. Eyni zamanda Uhuddan sonra iqtidarın yenə Mədinədə olduğunu hamıya elan etmək lazım idi.

Bu arada Abdullah ibn Amr ibn Avf Allah Rəsulunun (s.ə.s.) hüzuruna gəlir və narahatlıq doğuran məsələlərlə bağlı Qureyş ordusundan xəbərlər gətirir. Doğrudan da, Qureyş Mələl adlı yerə gələndə vəziyyəti müzakirə etmiş və əliboş qayıtmağın doğru olmaması, yenidən Mədinəyə hücum edib müsəlmanları tamamilə məhv etməyin vacibliyi haqqında danışmışdılar. Məkkəyə qayıdarkən nə əllərində bir qənimət, nə də kölə və cariyə var idi. Savaşmışdılar, amma  qalibiyyətlə bağlı əllərində heç bir dəlil yox idi. "Biz qalib gəldik,"– desələr, nə ilə sübut edəcəkdilər:

– Nə etdiniz ki?! – deyirdilər, – onların müqavimətini qırdınız və güclu zərbə vurdunuz, amma yenə də onları sərbəst buraxdınız! Əsas hədəflərimizin hamısı yaşayır və bu gələcəyimiz üçün böyük bir təhlükə deməkdir. Ən yaxşısı, gəlin geri qayıdaq və hamısının kökünü kəsək!

Ancaq hər kəs eyni fikirdə deyildi. Safvan ibn Ümeyyə irəli çıxıb:

– Ey qövmüm! Bunu əsla etməyin! İndi onlar əvvəlkindən daha qəzəblidirlər və mən Uhudda olmayanları da özləri ilə götürüb üstümüzə gəlmələrindən qorxuram. Ən yaxşısı, siz əldə etdiyinizlə kifayətlənib geri qayıdın. Çünki yenidən hücum etməklə indiki mövqeyinizi də itirəcəyinizdən qorxuram!

Hz.Abdullahdan bunları eşidən Peyğəmbərimiz (s.ə.s.) Hz.Əbu Bəkir və Hz. Öməri hüzuruna çağırır, öncə məsələni müzakirə edir, sonra da Hz.Bilalı çağırıb insanlara bunları çatdırmağı əmr edir:

– Rəsulullah (sallallahu əleyhi və səlləm) sizə düşməninizi təqib etməyi əmr edir! Bizimlə birlikdə yalnız dünən Uhudda olanlar gəlsin!

Elə Cəbrail də Rəhmli Rəbbindən bu bəyanı gətirir:

 "Kafir qövmü təqib etməkdə, ey müsəlmanlar, zəiflik göstərməyin! Əgər siz yaralarınızdan və səfərin çətinliklərindən əziyyət çəkirsinizsə, onlar da sizin kimi əziyyət çəkirlər. Halbuki siz onların ummadıqlarını Allahdan umursunuz. Allah hər şeyi biləndir, hikmət sahibidir!"[40]

Buyurmaq Rəsulullaha, əməl etmək səhabəyə! Bu qədər yaraları, yaxınlarının şəhid olmasının ağrı-acısı, yetimlərin göz yaşı və taqətlərinin tükənməsinə baxmayaraq, Uhud qaziləri bir nəfər kimi qılınca qurşanıb bir göz qırpımında Rəsulullahın bayrağının altında toplanır. Onların bu əzmini Quran da tərənnüm edəcək və Allah (c.c.) bir müsəlmanın Rəsulullah dəvətinə necə cavab verməsini göstərmək üçün əbədi kəlamında bu mərdliyi təqdir edəcək, axirətdə alacaqları mükafatı da bildirəcəkdi: "Yaralandıqdan sonra Allahın və Peyğəmbərin dəvətini qəbul etmiş şəxslərdən yaxşı işlər görüb pis işlərdən çəkinənləri böyük bir mükafat gözləyir!"[41]

Peyğəmbərimizin əmrini eşitdiyi zaman Üseyd ibn Hudayr[42] kimi yaralarının müalicəsi ilə məşğul olanlar da var idi. Əmri eşidər-eşitməz:

– Allah və Rəsulu üçün eşitdik və  itaət edirik. Baş üstə! – deyir və yaralarına, vücudlarından axan qana baxmadan, qılınclarını götürüb meydana çıxırlar. Təkcə Bəni-Səlimə qəbiləsindən əmrə itaət edib Peyğəmbərimizlə birlikdə yola düşən qırx yaralı vardı.

Übeyy ibn Səlul da bu təqibə qoşulmaq istəyir, Allah Rəsulu onun bu istəyinə müsbət cavab vermir. Onsuz da Hz. Bilalın çağırışında onun kimi Uhud yolundan geri qayıdanların bu təqibə qoşulmasının qeyri-mümkünlüyünü aydın ifadə olunurdu.

Mədinədə yenə İbn Ümmi Məktum vəkil təyin edilir, bayraq da Hz.Əliyə verilir.[43]

Allah Rəsulu (s.ə.s.) Mədinədən çıxmamış Məscidi-Nəbəviyə girir və iki rükət namaz qıldıqdan sonra yola düşür. Bu dəfə Allah Rəsulu (sallallahu əleyhi və səlləm) "Səqb" adlı atına minmişdi və orduda ondan başqa ata minən yox idi. Əynində yenə zireh və başında da dəbilqə vardı, kənardan baxanda sadəcə mübarək gözləri görünürdü. Hz.Talhanı görüb:

– Silahın haradadır? – deyə soruşur.

– Yaxınlıqdadır, ya Rəsulullah, – cavabını verir və dərhal gedib silahını götürür. O da həmin gün ağır yaralı idi; təkcə sinəsində doqquz yarası var idi. Buna rəğmən o:

– Rəsulullahın bədənində bu qədər yara varkən mənimkilərin nə əhəmiyyəti var, – deyir, Allah Rəsulunun çəkdiyi ağrı-acını öz canında hiss edirdi.

Peyğəmbərimiz (s.ə.s.) ondan:

– İndi  onlar harada ola bilər, – deyə soruşur.

– Səyyalədə, – deyir Hz.Talha.

– Mən də belə zənn edirəm! Amma unutma ki, ey Talha, Allah (c.c.) bizə Məkkəyə girməyi  nəsib edənəcən heç vaxt belə bir Uhud  yaşatmayacaq! – buyurur.

Bu arada Allah Rəsulu (s.ə.s.) üç səhabə seçib Hamraül-Əsəd istiqamətinə kəşfiyyata  göndərir. Bunlar Əsləm qəbiləsindən Sufyan ibn Talqın iki oğlu Səlit və Numan ilə Uveyroğullarından da bir səhabə idi. Dəstədən qabaq gedəcək, Allah Rəsulunu (s.ə.s.) baş verənlərdən xəbərdar edəcəkdilər.[44]

Uveyroğullarının bu "adsız" səhabəsi yorğun və yaralı olduğu üçün Hamraül-Əsədə gedib çatmasa da, Səlit və Numan qardaşları hədəfə çatır və Məkkə ordusu barədə məlumat toplamağa başlayır. Ancaq çox keçmədən geri qayıdıb Mədinəyə hücum etməyi planlaşdıran Məkə ordusu onları görür və hər ikisini elə oradaca şəhid edir.[45]

Bir gün əvvəl Uhudda olan səhabələrin, demək olar, hamısı Rəsulullahla birlikdə Hamraül-Əsədə yola düşmüşdü. Yola çıxacaq vəziyyətdə olmayanlar da bir yol tapıb Peyğəmbərimizin (s.ə.s.) əmrinə itaət edirdilər. Abdiəşhəloğullarından Rafi və Abdullah ibn Səhl qardaşları da bunlardan idi. İkisi də ağır yaralı idi; Abdullahın yaraları Rafiyə nisbətən daha ağır idi və carçının səsini eşidər-eşitməz birlikdə sürünə-sürünə yola düşmüşdülər.

Həmin gün Allah Rəsulu (sallallahu əleyhi və səlləm) əshabına odun yığmağı və axşam olunca da ocaq qalamağı tapşırır. Qaranlıq düşüncə Hamraül-Əsəddə beş yüz tonqal alovlanır. Gecənin qaranlığında yanan bu beş yüz tonqalın mənzərəsi və xəbəri sürətlə yayılır və görünür, bu, keyfiyyətlə yanaşı, kəmiyyət baxımından da əldə edilən mövqeyin göstəricisi idi. Təbii ki, bu mənzərə Məkkə ordusunu  qorxuya salır.

Bu vaxt Allah Rəsulunun (s.ə.s.) hüzuruna əvvəllər aralarında kəşfiyyata dair razılaşma olan və Tihamədə[46] baş verənlərdən Rəsulullahı məlumatlandırmağa söz verən Mabəd ibn Əbi Mabəd gəlir:

– Ya Məhəmməd, – deyir –  Allaha and olsun ki, Sənin və əshabının başına gələnlər bizi də üzdü. Allahın  Səni ucaltmasını və bu müsibəti başqalarına verməsini nə qədər istərdik!

Oturub bir qədər söhbət edirlər. Rəsulullah (s.ə.s.) getmək üçün izin istəyən Mabədi bir müddət müşayiət edir və nəhayət, Hamraül-Əsədi tərk edən Mabəd Məkkə ordusunun olduğu yerə gəlir.

Bu arada Safvan ibn Ümeyyə kimi bəziləri Məkkəyə qayıtmaq fikrində israr etsələr də, əksəriyyət yenidən Mədinəyə hücum etmək məsələsində birləşmişdi və Məkkə ordusu hərəkət etmək üzrə idi. Mabədin gəlişi belə bir kritik anla üst-üstə düşür. Onu görən Əbu Sufyan yanındakılara:

– Bu da Mabəd! Onda mütləq yeni xəbərlər var, – deyir. Sonra da:

– Nə xəbər var, ey Mabəd? Oralardan hansı xəbərləri gətirmisən? – deyə soruşur.

Mabəd:

–Əslində, mən Məhəmməd və əshabının əvvəllər heç vaxt görmədiyim qədər böyük bir qüvvə ilə arxanızca gəldiyini gördüm. Sizə qarşı çox qəzəblidirlər. Əvs və Xazrəc qəbiləsindən dünən onlarla olmayanlar da gəlib sıralarına qoşulmuşlar! Sizi yaxalayıb intiqam almadan geri qayıtmağı düşünmürlər! Başlarına gələnlərdən çox qəzəblənmişlər və dünən etdiklərinə də min dəfə peşman olublar! İşin əsli budur ki, sizə qarşı o qədər kin və nifrətləri var ki, mən indiyə kimi belə bir şey görməmişəm!

Eşitdiyi sözlərdən çaşıb qalan Əbu Sufyan əvvəlcə:

– Sən nə danışırsan?! – deyə ona acığı tutur. Əhvalını pozmadan davam edən Mabəd:

– Vallah, sən buranı tərk etmədən atlarını görəcəksən! – deyə bir az da irəli gedir. Onun sözləri Əbu Sufyanı narahat edir. Tərəddüdlü səs tonu ilə:

– Halbuki biz yenidən onlara hücum edib köklərini kəsməyi qərarlaşdırmışdıq, – deyir. Başını yelləyən Mabəd  bunları söyləyir:

– Bunu heç məsləhət görmürəm! Onların görünüşü o qədər möhtəşəm idi ki, buna şeir də yazdım!

Əbu Sufyanı maraq bürüyür və Mabədin şeiri oxumasını istəyir. O da oxumağa başlayır. Şeirində Mədinə ordusunun əzəməti və gücü qarşısında keçirdiyi narahatlığı dilə gətirir və bu ordunun hədəfinin – Məkkə ordusunun halına yanırdı. Şeirin dili qulağa yatımlı, ifadələr çox təsirli idi. Sözün gücü qarşısında Əbu Sufyanın nitqi tutulur, təsvirlərdən az qala ürəyi parçalanır. Dərin fikrə gedir. Deməli, Mədinəyə hücum etməməkdə israr edən Safvan haqlı idi. Baş verənləri ölçüb biçir, son qərarını vermək istəyir. Əndişə etdiyi üz-gözündən oxunurdu, nəhayət, orduya Məkkə istiqamətinə hərəkət əmrini verir.

Strategiya nəticəsini verir və Məkkə ordusu sözün və təsvirin gücünə məğlub olub kəsə yolla Məkkəyə qayıdırdı. Yolda bir karvanla qarşılaşır və Allah Rəsuluna:

– Biz yenidən qüvvəmizi toplayıb hücum edəcək və Səninlə əshabının kökünü kəsəcəyik, – deyə xəbər göndərməyə çalışır. Hətta qaçarkən belə qürurunu sındırmır, qorxudan əsə-əsə meydan oxumağa davam edirdi. Xəbər Ona çatınca Allah Rəsulu (sallallahu əleyhi və səlləm) sadəcə:

– Allah bizə yetər və bizim üçün O nə gözəl vəkildir, – deyir. Belə ki, onların bu sözləri inanan insanlara güc və qüvvət verirdi. Çox keçmədən Cəbrail gəlir və onların söylədiklərindən bəhs edərək sadəcə Allaha güvənib təvəkkül etməyin doğru olduğu xəbərini gətirir.[47]

Rəsulullah (s.ə.s.) bazar ertəsi, çərşənbə axşamı və çərşənbə günlərini Hamraül-Əsəddə keçirdikdən sonra düşmənini geri oturdub Uhudun da yaralarını sarıyır və yenidən Mədinəyə dönür. Çünki Hamraül-Əsəd müstəqil bir qəzvə deyildi. Uhudla başlayan prosesin bir hissəsini təşkil edirdi.


[1]. Məktub təcili olduğu üçün  Hz. Abbasın Ğifaroğullarından seçdiyi elçi Məkkə-Mədinə yolunu üç günə gəlmişdi. Bax:Vakıdi, Meğazi, 1/204
[2]. "Ənfal" surəsi, 8/36; İbn Sa’d, Tabakât, 2/38; Vâhidî, Esbâbu Nüzûli’l-Kur’ân, 1/84 vd.
[3]. Hz. Hanzalanın atası Əbu Amir Mədinə anlaşmasına imza atanlardan biri idi. Ancaq zaman keçdikcə o içində olan düşmənçilik hislərini gizlətmir və Allah Rəsuluna düşmənliyini elan edir. Halbuki bu aralarda eyni hisləri keçirən Abdullah ibn Übeyy ibn Səlul üzdə özünü Müsəlman kimi göstərib, gizlənməyi üstün tutmuşdu. Əbu Amir isə Uhud üçün məkkəlilərin hazırlıq gördüyünü eşidən kimi özü ilə əlliyə yaxın adam götürüb Məkkə ordusuna qoşulacaq və savaşmaq üçün Uhuda gələcəkdi. Bax: Vakıdi, Meğazi, 1/205  vd.; Belazuri, Ensabul-Eşraf, 1/136
[4]. Buhari, Sahih, 6/2682; Ahmed ibn Hanbel, Müsned, 3/351; Hakim, Müstedrek, 2/141 (2588)
[5]. "Ali İmran" surəsi, 3/159
[6]. Abdullah ibn Übeyy ibn Səlulun oğlu Abdullah (İlk adı Hubab idi, müsəlman olunca Allah Rəsulu adını dəyişdirib Abdullah qoymuşdu) isə elə əvvəldən Peyğəmbərimizlə birlikdə idi. Bədirdə dəyanət göstərdiyi kimi, Uhudda döyüşəcək, atasının əksınə olaraq, Rəsulullahdan ayrılmayacaqdı. Bax: İbn Esîr, Üsüdü’l-Ğâbe, 2/133; İbn Abdilberr, İstîâb, 3/940 (1590); İbn Hacer, el-İsâbe, 4/155 (4787)
[7]. "Ali İmran" surəsi, 3/179
[8]. "Ali İmran" surəsi, 3/166, 167
[9]. Mövzu ilə əlaqədar bax:"Ali İmran" surəsi, 3/122; "Nisa" surəsi, 4/88
[10]. Vâkıdî, Meğâzî, 1/224; Saîd İbn Mansûr, Sünen, 2/356 (2853)
[11]. Piyadalara Amr ibnül-Asın başçılıq etməsi də söylənilir. Uhud gününün ən əsas simalarının daha sonralar müsəlman olması taleyin başqa bir cilvəsidir.
[12]. Onsuz da Talha İbn Əbi Talha o gün Hz. Əlinin son zərbəsinə ehtiyac olmadan ölür.
[13]. Əbu Dücanə savaşdan sonra bunun səbəbini soruşan Hz.Zübeyrə o: "Rəsulullahın qılıncını "imdad" deyən bir qadının qanıyla bulaşdırmaq istəmədim," – deyə cavab vermişdi. Bax: İbn Hişam, Sire, 4/16; İbn Seyidinnas, Uyunul-Eser,1/414
[14]. Şübhəsiz, qənimət halaldı, ancaq burada sözügedən camaat Allah Rəsulunun xitab etdiyi səhabə camaatı idi və Onun da təlimatı vardı. Bir az da dözüb Onun əmrini gözləsəydilər, onsuz da onu əldə edəcəkdilər. Digər insanlar üçün normal olan bu davranış belə bir mövqeyə yüksəlmiş "muqarrabinlər" baxımından "zəllə" (sürüşmə, yanılma) mənasını verirdi. Dolayısilə, davranışlarının qarşılığını görəcək və halala vaxtından əvvəl əl uzatmağın əvəzini Uhudda şəhadətlə ödəyəcəkdilər. Bax. İbn Sad, Tabakat, 2/41, 47.4/476; Taberi, Tarih, 2/62
[15]. Bu hadisədən bəhs edərkən Quran "Şeytan, məhz etdikləri bəzi əməllərlə (Peyğəmbərin əmrinə asi olmaqla) yoldan çıxmağa (büdrəməyə) məcbur etdi" ifadəsini işlədəcək və bir möminin iki dəfə eyni yerdə büdrəməməsi üçün davamçılara diqqətli olma xəbərdarlığını edəcəkdi. Bax: "Ali-İmran" surəsi, 3/155
[16]. "Ali İmran" surəsi, 3/152
[17]. Bəzi rəvayətlərdə on beş, bəzilərində isə otuz göstərilir.
[18]. Onun bu təlaşını görüb sözlərini eşidən Allah Rəsulu (s.ə.s.) hətta belə bir vəziyyətdə də tarazlığı saxlamağın vacibliyinə işarə edəcəkdi: – Əgər "bismillah" desəydin, mələklər səni səmaya qaldıracaq və insanlar da yerindəcə donub qalacaqdılar, sən də hələ dünyada ikən Allahın sənin üçün hazırladığı köşkü görəcəkdin. Bax: İbn Sad, Tabakatül-Kübra, 3/217;  Taberani, Mucemul-Kebir, 1/116 (214)
[19]. Rəvayətlərə görə, Hz.Sad o gün min dənə ox atmışdı. Bax. Hakim, Müstedrek, 3/28 (4314); Bezzar, Müsned, 4/50 (1213); İbn Esir, Üsüdül-Ğabe, 1/439
[20]. Gələn rəvayətlərdə Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) dişini qırıb, üzünü yaralayan Utbə barədə: "Allahım! Onun üstündən bir il keçməsin," − deyə dua etməsi və çox keçmədən Utbənin yox olması şəklində məlumatlar var. Bax: İbn Kesir, əl-Bidaye, 4/30. Rəsulullahın dişi yenidən çıxdığı halda, bu əməlinin cəzası olaraq Utbən nəslinin davam etməməsinə – yetkinlik çağına çatan bütün uşaqlarının ölməsinə dair rəvayətlər də var. Bax: Süheyli Ravdul-Unf, 3/263; İbn Esir, Üsüdül-Ğabe, 2/124
[21]. Həqiqətən də, çox keçmədən Allah (c.c.) İbn Qamiənin üstünə bir dağ keçisini və ya vəhşi bir heyvanı göndərəcək və o da buynuzları ilə dağın başında onu parça-parça edib öldürəcəkdi. Bax: Taberani, Mucemul-Kebir, 8/130 (7596); İbn Seyyiddinas, Uyunul-Eser, 1/418
[22]. Həmin gün Hz.Ömər Rəsulullahı bir kənarda gördükdən və əshabın Onun ətrafına toplaşmasına şahid olduqdan sonra sakitləşmişdi. Bax: Taberi, el-Camiul-Beyan, 4/144; Sübülül-Hüda ver Reşad, 4/206
[23]. Gələn ayədə: "Bu işdən sənə heç bir şey düşməz. (Allah) ya onların tövbələrini qəbul edər, ya da onlara əzab verər," – ("Ali-İmran" surəsi, 3/128) deyilir və Allah Rəsulunun dişini qırıb, üzünü yaralayanların da tövbə edəcəyi müjdəsi verilirdi. Bax: Taberi, el-Camiul-Beyan, 7/194; İbn Kesir, Tefsir, 2/114
[24]. Hz.Əbu Bəkir qabaq dişləri olmayan insanlar içində ən əziz insanın Əbu Ubeydə olduğunu söyləmişdi. Bax: Tayalisi, Müsned, 1/3 (6); İbn Kesir, el-Bidaye ven-Nihaye, 4/34, Sire, 3/59
[25]. Şəcərə, əsil-nəsəb elmini çox yaxşı bilən və bu elmi Hz. Əbu Bəkirdən öyrəndiyini deyən Cubeyr ibn Mutim Hudeybiyyədən sonra gəlib müsəlman olacaqdı. Bax: İbnül-Esir, Üsüdül-Gabe, 1/515, 516
[26]. Ahmed İbn Hanbel, Müsned, 1/287 (2609); Taberânî, Mu’cemu’l-Kebir, 10/301 (10731); Taberî, el-Câmiu’l-Beyân, 4/81; İbn Kesir, Tefsir, 1/412
[27]. İbn Sa’d, Tabakât, 3/121; İbn Ebî Şeybe, Musannef, 7/369 (36770); Sâlihî, Sübülü’l- Hüdâ ve’r-Reşâd, 4/205, 206
[28]. Ənəs ibn Nadr Ənəs ibn Malikin əmisi idi və Ənəs ibn Nadra hörmət əlaməti olaraq onun adını qardaşı oğlu Ənəs ibn Malikə vermişdilər. Bax. "Əhzab" surəsi, 33/23. Buhari, Sahih, 3/1032, 4/1487; Tirmizi, 5/349; İbn Ebi Şeybe, Musannef, 4/212.
[29]. Bu səhabənin Qeys ibnül-Haris olduğu da söylənilir.
[30]. "Ali-İmran" surəsi, 3/139, 140
[31]. O gün Uhudda yalnız Hanzalanın vücuduna toxunmamışdılar, çünki onun atası Əbu Amir Əvs qəbiləsinə mənsub olduğu halda məkkəlilərlə ittifaqa girib onlarla birlikdə döyüşmək üçün Uhuda gəlmişdi. Atasına görə Məkkə müşrikləri Hanzalaya toxunmamış və digər müsəlmanların başına gətirdiklərini Hz. Hanzalaya etməmişdilər. Bax: Vakidi, Meqazi, 1/275; İbn Abdilberr, İstiab, 1/372
[32]. Bu şəxsin Məhəmməd ibn Məsləmə və ya Übeyy ibn Kəb olması söylənilir. Bax: Süheyli, Ravdül-Ünf, 3/281; İbn Kesir, el-Bidaye ven-Nihaye, 4/44
[33]. İstirca – bir insanın ölüm xəbərini alanda "Hamımız Allaha aidik və vaxtı gələndə hamımız Ona dönəcəyik" mənasında "İnna lillah və inna ileyhi raciun" deməkdir
[34]. Bax. "Ən-Nəhl" surəsi, 16/126. Bu hadisə haqqında bax: Tirmizi, Sünen 5/299 (3129); Ahmed İbn Hanbel, Müsned, 5/135(21267); Hakim, Müstedrek, 2/391(3368), 2/484 (3667); Sünenül-Kübra, 6/376 (11279)
[35]. Allah Rəsulunun Hz.Cabir və onun atası Hz.Abdullah haqqında verdiyi müjdələr haqqında bax: "Ali-İmran"  surəsi, 3/169; İbn Kesir, el-Bidaye ve’n-Nihaye, 4/47, 48; Vahidî, Esbabü Nüzuli’l-Kur’an, 132, 133
[36]. "Əhzab" surəsi, 33/23
[37]. Rəvayətə görə, o vaxt orada on dörd qadın səhabə olmuşdur. Bax: Vakidi, Meğazi, 1/314
[38]. Buhârî, Edebü’l-Müfred, 1/243 (699); Ahmet b. Hanbel, Müsned, 3/424; Taberânî, Mu’cemu’l-Kebîr, 5/47 (4549)
[39]. Onun bu cür danışmağa haqqı olmadığını söyləyən bəzi səhabələr Abdullah ibn Übeyy ibn Səlulun ətəklərindən dartıb "Həddini bil" deyirlər. Min dona girməsi açıq-aşkar görünürdü; konkret  mövqe tuta bilmir, ziqzaqlı həyat yaşayırdı. Nəhayət, Məscidi-Nəbəvidən çıxmağa məcbur olur. Onu qapıda görən başqa bir səhabə bayıra çıxmağının səbəbini soruşur və o da yaxşılıq etmək istədiyi halda, pis münasibətlə qarşılaşdığını bildirib oradan uzaqlaşır. Daha sonra da qapısını onu tövbə və istiğfara çağıranların üzünə bağlayır və Rəsulullah da daxil olmaqla heç kimin onun üçün istiğfar etməsini istəmədiyini bildirir. Bax: İbn Hişam, Sire, 4/56; Süheyli, Ravdul-Unf, 3/293
[40]. "Ən- Nisa" surəsi, 4/104
[41]. "Ali-İmran" surəsi, 3/172
[42]. O gün Hz.Üseydin doqquz yarası var idi. Onun kimi əmri itaət edən Tufeyl ibn Numanın on üç, Kab ibn Malik və Hıraş ibn Simmənin on, Qutbə ibn Amirin doqquz yarası vardı. Bax: Vakidi, Meğazı, 1/335; Salihi, Sübübül-Hüda ver-Reşad, 4/309
[43]. Bəzi mənbələrdə bayrağın Hz.Əbu Bəkrə verildiyi bildirilir. Bax: Vakidi, Meğazi, 1/335; Salihi, Sübülül-Hüda ver-Reşad, 4/309
[44]. Çox güman ki, Uhudun yorğunluğu canından çıxmayan bu üçüncü səhabə Hamraül-Əsədə çata bilməmişdi. Buna görə də əshab onun adını verməmişdir. Bax: Vakidi, Meğazi, 1/135; Sâlihî, Sübülü’l-Hüdâ ve’r-Reşâd, 4/310
[45]. Allah Rəsulu Hamraül-Əsədə gəlincə böyük bir hüzn içində şəhidləri burada torpağa verəcək, onlar üçün dua edəcəkdi. Bax: Vakidi, Meğazi, 1/335; Salihi, Sübülül-Hüda ver-Reşad, 4/310
[46]. Tihamə Nəcidin  aşağısında qalan və Məkkəni əhatə edən Hicaz bölgəsinin ümumi adıdır. Bax: Hamevi, Mucemül-Büldan, 1/440  
[47]. "Ali-İmran" surəsi, 3/173, 174; Taberi, Əl-Camiul-Beyan, 4/180; İbn Kesir, Tefsir 1/431; Vahidi, Esbabü Nüzulil-Kuran, 135