16. 302 dəfə oxunub ,   0 şərh   Çap et

“Fitr” kəlməsi “orucu açmaq” “orucu başa vurmaq” mənasına gəlir.

Fitr sədəqəsi isə insanı ramazan ayına çatdıran, ramazanı yaşadan və bu ayın bərəkətindən faydalandıran Allaha şükür niyyəti ilə verilən sədəqədir.

Bu kəlmə dilimizdə keçmiş dövrdən bəri “fitrə” şəklində işlədilir ki, o da ərəb dilindəki “fitra” sözündən gəlib, “yaradılış”, “fitrət” deməkdir. Bu mənada fitrə, yəni fitr sədəqəsi Allahın bizləri kainatda ən uca varlıq (insan) kimi yaratmasının müqabilində edilən təşəkkürün bir ifadəsidir.

İstilahi mənada, termin olaraq “fitrə” ramazan ayının sonunda nisab miqdarı mala malik müsəlmanların verməklə mükəlləf olduqları vacib sədəqədir.

Fitrə Peyğəmbərimizin (s.ə.s.) Mədinəyə hicrətindən iki il sonra orucla birgə fərz (və ya vacib) buyurulmuş ibadətdir.

Fitrənin faydaları

İbn Abbas fitrə haqqında nəql edir:

Rəsulullah fitr zəkatını (fitrəni) oruclunu faydasız söz və davranışlardan, çirkin və yersiz söhbətlərdən (çirkabından) təmizləyən, kasıblara da yeyəcək olan bir ibadət kimi fərz buyurdu…[1]

Buna əsaslanaraq fitrəni həm fərdi, həm də ictimai faydaları baxımından nəzərdən keçirmək olar. Belə ki, oruc tutan şəxs ramazan günlərində özünə və üstəlik orucluya yaraşmayan davranışlara yol verə, sözlər danışa, xəyalından pis şeylər keçirə bilər. Bunlar da tuttuğumuz oruc ibadətinə xələl gətirən xətalardır. Məhz bu baxımdan fitrə ramazanda yol verilən xətaların bir kəffarəsi olaraq tutulan orucu kamala çatdırır. Hətta bəzi alimlər fitrəni namazın səhv səcdəsinə bənzətmişlər. Bildiyimiz kimi, səhv səcdəsi namazda bilmədən yol verilmiş qüsuru düzəltmək üçün edilir.

Oruc təkcə günün müəyyən vaxtlarında yeməkdən, içməkdən və cinsi münasibətdən uzaq olmaq deyil. Bunlar cisim və ruhdan ibarət insanın cismani cəhətləri ilə etdiyi ibadətlərdir. İnsan eyni zamanda gözünə, qulağına, əlinə, ayağına, hətta bütün duyğularına da oruc tutdurmağa borcludur. Beləcə peyğəmbərlərə, salehlərə, siddiqlərə layiq şəkildə ibadət edər və mükafatı da onlarla birgə alar.

Fitrə xüsusən, bayram günlərində kasıb insanların süfrəsindən tutmuş geyim-keciminə qədər sosyal həyatın bütün sahələrinə təsir edir ki, bu da onun ictimai faydasıdır. Beləliklə, fitrə varlı ilə yoxsulun bir-birinə qaynayıb-qarışmasına, onlar arasındakı uçurumun müəyyən qədər aradan qalxmasına səbəb olur. Varlı kasıba sevgi ilə, kasıb da varlıya hörmət və ehtiramla baxmağa başlayır. Qıs­qanclıq hisləri korşalır, qəlblər yumşalır, yardımlaşma duyğusu iliklərədək hiss edilir. Fitrə, bəlkə də, buna görə olduqca az miqdarda müəyyən edilmiş, verilməsi asanlaşdırılmış və beləcə daha çox insanın bu əməli işləyib bu hissi yaşamasına zəmin hazırlanmışdır.

Eyni zamanda, ilk baxışda kiçik və dəyərsiz kimi görünən fitrə ümumi götürəndə həm böyük məbləğin xeyirli bir yolda xərclənməsi, həm də xeyli möhtac insana əl tutulması deməkdir. Belə ki, bir milyarddan çox müsəlmanın yarısının fitrə verdiyini fərz etsək, bunun təbəqələr arasında şəfqət tellərini nə qədər gücləndirdiyini təsəvvür etmək heç də çətin olmaz. Digər tərəfdən əldə olan imkanlarla dünya miqyasında və bütün müsəlmanlar arasında belə bir işi təşkil etmək də, demək olar, qeyri-mümkündür. Ancaq mənbəyinin müqəddəsliyi, əmrin uca bir divandan gəlməsi, inananların bu uca dərgaha təslim olması, əslində, çox çətin görünən bu kimi kompleks və ümumi işlərin görülməsini asanlaşdırır.

Fitrənin hökmü

İbn Ömər rəvayət edir:

Peyğəmbərimiz (s.ə.s.) azad, kölə, kişi, qadın – hər bir müsəlmana arpadan, yaxud xurmadan bir sa miqdarında fitr sədəqəsi verməyi əmr etdi”.[2]

Məhz bu və digər hədislərdə işlənən “əmərə”, yəni “əmr etd”[3] ifadəsini əldə rəhbər tutan İmam Şafei, İmam Malik və İbn Hənbəl fitrə ilə bağlı fərz hökmünü vermişlər. Hənəfi məzhəbinə görə, fitrə vacibdir.[4] Ancaq qeyd edək ki, Hənəfilərə görə, fərzlə vacib arasında əməli və tətbiqi baxımından heç bir fərq yoxdur. Sadəcə etiqadi baxımdan fərq var. Belə ki, Hənəfi məzhəbində vacib hökmü zənni bir dəlilə söykəndiyinə görə bunu inkar edən kafir olmur. Halbuki, fərzi inkar edən kafir olur və dindən çıxır.

Nəticə etibarilə, fitrə müsəlmanların yerinə yetirməyə borclu olduğu bir ibadətdir. Və elə bir ibadətdir ki, yerinə yetirməsələr, axirətdə hesabını verməli olacaqlar.


[1]  Əbu Davud, “Zəkat”, 17; İbn Macə, “Zəkat”, 21.
[2]  Buxari, “Zəkat”, 70; Müslim, “Zəkat”, 4.
[3]  Əbu Davud, “Zəkat”, 18.
[4]  Vəhbə Zuheyli, “İslam Fiqhi Ensiklopediyası”, III, 384.



Bənzər məqalələr

Ramazandan kimlər “qazanclı” çıxır?

Həqiqi xoşbəxt ramazan ayına yetişib Allahın əvfinə nail olan insandır. Ramazan ayında ibadətlərdə müvəffəq olmaq və bu ayı layiqincə əhya etmək üçün müəyyən xüsuslara diqqət etmək lazımdır.

Rəyyan qapısı nədir?

Sual: Oruc tutanların Cənnətə “Rəyyan” qapısından girəcəyi bildirilir. Bəs oruc tutmayanlar Cənnətə girə bilməyəcək?

İftar duası

İftarda dua etmək Peyğəmbərimizin (s.ə.s.) sünnəsidir. İftar vaxtı edilən dualar rədd olunmayan dualar arasındadır.

Orucun vaxtı nə üçün hər il dəyişir?

Bədənin bir ay müddətində fərqli qidalanma rejiminə uyğunlaşması vücudun xəstəliklərə müqavimət gücünü artırır, qida maddələrinin orqanizmdə tam istifadəsini təmin edir.

Oruc tutan şəxs iynə vurdura bilərmi?

Oruclu ikən bədənə iynə vurulduğu təqdirdə oruc pozulur. Xəstə və müalicə müddətində olan kəslər oruc tutmaya bilərlər. Bu səbəbdən, xəstəliyinə görə ramazanda oruc tuta bilməyənlər, sağalandan və ya müalicə prosesi tamamlanandan sonra tutmadıqları orucları sonradan qəza etməldirlər.


Şərh yaz