6. 300 dəfə oxunub ,   0 şərh   Çap et

1. Bal zəkatı verilən mallardan hesab edilir və Hənəfi məz­hə­binə görə, 1/10 zəkata ayrılır.

2. Qızıl, gümüş, dəmir, mis kimi metallar yeraltı resurslara daxil olduğuna görə 1/5 (20%) vergi verilməlidir. Yaqut, zümrüd, mərmər, neft, kirəc, civə kimi əridilməyən və ya maye şəklində olub qatılaşmayan minerallardan Hənəfi məzhəbinə görə, zəkat verməyə ehtiyac yoxdur. Sair məzhəblərə görə isə, zəkat verilməlidir. Ancaq bu faydalı resursların çıxarıldığını, emal olunduğunu və satıldığını nəzərə alsaq, mədən sənayesinə ticarət sektoru kimi baxa bilərik. Həm də onlarla, yüzlərlə işçini, mühəndisi işlədən, xeyli texnikaya malik çox gəlirli sektordur. Bu səbəbdən də müasir alimlərin fikrincə, mədən sənayesinə sərf olunan əmək və çəkilən xərclər nəzərə alınmalı və çoxlu əmək və xərc hesabına çıxarılan minerallardan 2,5%, az əmək və xərclə çıxarılan minerallardan isə 20% dəyərində zəkat verilməlidir.[1] Birinci qrupdakı minerallarla bağlı hökm ticarət malları ilə müqayisə əsasında verilmişdir.

Həmçinin çıxarılan mineralların zəkatı ilə əlaqədar nisab miqdarına və üstündən bir il keçməsinə ehtiyac yoxdur.

3. İnci, mərcan, ənbər kimi dənizdən çıxarılan qiymətli əş­yaların İmam Əbu Yusifə görə, 20%-i zəkata ayrılır. Ancaq dörd məzhəbin (Hənəfi, Maliki, Şafei və Hənbəli) imamları bu məhsullara zəkat düşməməsi məsələsində həmfikirdirlər.  Bu gün isə balıq, inci, mərcan və s. kimi dəniz məhsulları ilə ticarət edilir. Minerallar kimi dənizdən çıxarılan bu məhsullar da artıq gəlirli sektora çevrilib. Bu sektor get-gedə genişlənir, bu işlə məşğul olan insanların və avadanlığın sayı da artır. Dəniz məhsullarından məzhəb imamlarımızın da ümumi rəyincə, 20% zəkat alınmasa da, dənizdən əldə edilən hər cür məhsulun nisab miqdarına çatması və üstündən bir il keçməsi şərtilə 2,5%-i zəkat verilməlidir.[2]

4. Zəkatı zəkat verilən yerlər arasında bərabər şəkildə bölüşdürmək şərt deyil. Bu yerlərin təkcə birinə vermək də kifayət edir.

5. Zəkat verən şəxs verəcəyi adam haqqında məlumatlı olmalıdır ki, zəkat düşməyən və ehtiyacı olmayan şəxslərə  verməsin.

6. Zəkatın fərz olduğunu inkar etmək şəksiz  küfr sayılır.

7. Zəkat verərkən niyyət etmək şərtdir. Çünki zəkat bir ibadətdir. Amma verilən şəxsə bunun zəkat olduğunu demək şərt deyil.

8. Zəkatı zəkat düşən malın özündən də vermək olar, həmin dəyərdə pulla da ödəmək olar.

9. Zəkatda əsas prinsip odur ki, zəkatı verən bunu yaşadığı yerdə (kənd, şəhər və s.) paylasın. Zəkatın başqa yerlərə göndərilməsi məkruhdur. Ancaq

a) ehtiyac içərisində olan yaxınlar

b) daha çox ehtiyacı olanlar varsa,

c) müsəlmanların xeyrinin artması,

d) müəyyən bölgələrin küfrün hakimiyyətindən İslamın ida­rə­sinə keçməsi,

e) elm adamları və tələbələrə verilməsi kimi məsələlər möv­cuddursa, zəkat başqa yerlərə də göndərilə bilər.

10. İmam Hənifəyə görə, bir adama maksimum nisab miqdarından az, İmam Əbu Yusifə görə isə, nisab miqdarı qədər zəkat vermək olar. İmam Malik və Əhməd ibn Hənbəlin fikrincə, bu məsələdə dövrün tələbatı, kasıbların vəziyyəti əsas götürülməlidir. İmam Şafeiyə görə, zəkat düşən səkkiz sinfin ən azı üçünə verilməlidir. Zəkat alanların zəkat verəcək səviyyəyə çıxarılması hər halda, zəkatın fərz olmasının səbəb və hikmətləri baxımından daha məqsədəuyğundur. Buna nail olmaq üçün dövrün tələbatı və zəkat alanın vəziyyəti nəzərə alınmalıdır.

11. Zəkatın fərz olduqdan sonra gecikdirilmədən verilməsi həm Allaha itaətin bir nişanəsi, həm zəkat düşən insanların haqqını vaxtında çatdırmaq, həm də əcəlin gizli olduğu bir həyatda borclu qalmamaqdır ki, bu da ehtiyat və savab baxımından daha önəmlidir. Həqiqətən də, məzhəblərin ümumi qənaətincə, zəkatın yubadılması iki aydan artıq çəkə bilməz. Hətta hənəfilərə görə, heç bir üzrlü səbəb olmadan zəkatı verməmək günahdır və belələrinin şahidliyi də qəbul edilmir.[3]

12. Üstündən bir il keçməsi şərti olan nağd pulun və ticarət mallarının zəkatı qabaqcadan verilə bilər. Bu məsələdə 2 il, 10 il və s. kimi məhdudiyyətlər yoxdur. Ancaq taxıl bitkiləri, meyvələr, minerallar və xəzinələr kimi üstündən bir il keçmə şərti olmayan malların zəkatı qabaqcadan verilə bilməz.

13. Bir müsəlman zəkat malını vermək üçün ayırıb bir kənara qoyandan sonra özünün heç bir təqsiri  olmadan həmin mal  xarab olsa,  zəkat borcu qalmaz.

14. Zəkat müəyyən vaxtdan sonra qüvvədən düşə bilməz. Yəni zəkat borcunun üstündən illər də keçsə, verilməlidir.

15. Zəkat borcu şəxsin vəfatı ilə ləğv olunur. Vəsiyyət edibsə, mirasın üçdə birindən verilir. Mirasın üçdə biri zəkat borcunu ödəməyə çatmırsa, varisləri üstünü düzəltməyə məcbur etmək olmaz. Lakin varislər könüllü şəkildə borcun üstünü düzəltsələr, yaxud vəsiyyət edilmədiyi təqdirdə yenə özləri könüllü şəkildə ölənin zəkat borcunu versələr, bu, əlbəttə ki, daha yaxşıdır.

16. Zəkatı şəxsən vermək şərt deyil. Vəkil vasitəsilə də vermək olar.

17. Zəkat fərz ibadət olduğundan aşkar şəkildə vermək daha fəzilətlidir.

18.  Zəkat niyyətilə kasıbları yedirib-içirmək zəkat sayılmır.

19. Qəsbkarlıq, oğurluq, qumar kimi haram yollarla əldə edilən sərvətə zəkat düşmür. Əgər bunların sahibləri bəllidirsə, özlərinə qaytarılmalı, məlum deyilsə, kasıb-kusuba paylanmalıdır.

20. Kürəkən həqiqi övlad sayılmadığından ehtiyac içərisində olan qayınatası və qayınanasına zəkat verə, özü möhtacdırsa, onlardan zəkat ala bilər.

 


[1]  Qardavi, “Zəkat”, 1/446

[2]  Əli Özək, “Zəkat”, 95.

 [3]  Əli Özək, “Zəkat”, 177.

 



Açar sözləri

zəkat

Bənzər məqalələr

Zəkat necə hesablanır

 Zəkat, qızıl, valyuta və axarı olan, yəni gəlir gətirən mallardan verilir. Qızıl və valyuta, yəni hər hansı pul növü 80,18 qramdan çox olarsa zəkata tabe olur.

Zəkat borcunu ödə, kasıbın haqqını ver!

“Zəkat insanın istəyinə buraxılmış bir sədəqə deyil, eqoizminə və xəsisliyinə qalib gələ bilən möminlərin həmrəyliyini reallaşdıran bir növ müəssisələşmiş, məcburi və dəruni bir ədalətdir. Zəkat hər şey kimi mal-mülkün də Allaha aid olduğunu, insanın ondan kefi istədiyi kimi istifadə etmək haqqını daşımadığını, hər kəsin cəmiyyətin bir üzvü olduğunu daima xatırladır”.

Fitr sədəqəsinin verilmə vaxtı

Sual: Ramazan bayramından əvvəl verilən fitrə sədəqəsinin hökmü nədir?

Varlılar kasıblardan üstündürlərmi?

İslam, ehtiyac sahibi bir şəxsin  başqalarından bir şey istəməsini mütləq mənada qadağan etmir. Lakin, əxlaqi cəhətdən bu davranışı çox da uyğun görmür. Çıxılmaz hallarda, zərurət yarandıqda başqasına müraciət etməyə icazə verir.

Qeyri-müsəlmana zəkat düşür?

İslamın beş əsas şərtindən biri zəkat verməkdir. Zəkat bir ibadətdir. Buna görə də qeyri-müsəlmanlara və dindən çıxanlara (mürtədlərə) zəkat verilmir. Ancaq sədəqə verilir.


Şərh yaz