82. 160 dəfə oxunub ,   1 şərh   Çap et

Orucu pozan hallar

Orucu pozan hallar iki cürdür:

  1. Oruc pozularkən yalnız günə-gün qəza tələb edən hallar.
  2. Oruc pozularkən həm qəza, həm də kəffarə tələb edən hallar.

Aşağıdakı hallarda pozulan oruc yalnız qəza edilməlidir:

  1. Unudaraq bir şey yemək, içmək və cinsi münasibətdə olmaqla oruc pozulmur. Bu hökm bütün fərz, vacib və ya nafilə oruclara aiddir. Çünki unutmaq insanın əlində deyil. Allah Rəsulu (s.ə.s) unudaraq yeyib-içənlərin oruca davam etmələrini, onları Allahın yedirib-içirdiyini bildirmişdir.[1]
  2. Hənəfilərə görə, dəstəmaz alarkən (ağızı və ya burunu su ilə yaxalayarkən) səhvən boğaza su getməsi və ya dənizdə üzərkən su udmaq orucu pozur.
  3. Diş ətindəki qanama çox olar və qan tüpürcəklə boğaza gedərsə, oruc pozulur. Az olduqda isə pozulmur.
  4. Öz istəyi ilə və ağız dolusu qusmaq (həmçinin ağıza gələn qusuntunu təkrar udmaq) orucu pozur. Rəsulullah belə buyurmuşdur: “Oruclu qeyri-ixtiyari qusarsa, qəza lazım deyil. Öz istəyi ilə qusarsa, orucunu qəza etməlidir.”[2]
  5. Daş, torpaq kimi qeyri-qida maddələrini, çiy düyü, mərcimək, buğda, çiy xəmir, un kimi adi hallarda yeyilməyən şeyləri yemək, həmçinin tam yetişməmiş yaşıl qoz yemək və ya badamı, fındığı və fıstığı qabıqlı, çeynəmədən udmaq orucu pozur.
  6. Dişlərin arasında qalan noxud boyda bir şeyi yemək orucu pozur. Dişin arasında qalan küncüd və ya buğda boyda qırıntını udmaq orucu pozmur. Ancaq belə qırıntılar xaricdən qəbul edilsə, orucu pozur. Dişlərin arasında qalmış noxuddan kiçik qırıntıları ağızdan çıxarıb təkrar ağıza qoyub udmaq orucu pozur.
  7. İmsak vaxtının girmədiyini zənn edib (sahur) yemək və ya günəşin batdığını zənn edib iftar açmaq orucu pozur.
  8. Həyat yoldaşını öpmə, sığallama, qucaqlama və s. kimi hallarda kişidən və qadından məni (sperma) gəlməsi orucu pozur. Şəhvətlə məzi gəlməsi isə orucu pozmur.
  9. Başqasının ağız suyunu və ya ağzından çıxardığı loğmanı udmaq orucu pozur.
  10. Ağıza daxil olan yağış, qar və dolunu bilərəkdən udmaq su içməklə eyni sayılır və orucu pozur. Bu, bilmədən olarsa, oruc pozulmur.
  11. İstəyərək tüstü udmaq orucu pozur. Siqaret və qəlyan çəkmək də orucu pozur. İkinci halda həm qəza, həm kəffarə gərəkir.
  12. Dişə qoyulan həbi udmaq orucu pozur.
  13. Buruna tökülən dərman boğaz yolu ilə mədəyə axdığı üçün orucu pozur. Burundan fərqli olaraq qulağa və gözə dər­man tök­mək, eləcə də sürmə çəkmək oru­cu poz­mur.
  14. Bədəni qüvvətləndirmək üçün vurulan iynələr orucu pozur. Ancaq diş çəkdirmək üçün iynə vurdurmaq olar.
  15. Əbu Hənifəyə görə, qarın boşluğuna və ya beyinə qədər işləyən dərin yaralara vurulan dərmanlar həmin nahiyəyə çatarsa oruc pozulur və qəza edilməlidir. Buna görə də peyvənd və ya iynə yolu ilə dəri altına, əzələyə və damara vurulan dərman orucu pozur. Çünki bu yolla qəbul edilən dərman, peyvənd və s. bütün bədənə yayılmış olur. Eyni zamanda oruclunun öz istəyi ilə vurulur və səhhətə faydalı olur. Buna görə də peyvənd və iynəni zərurət olmayan hallarda iftardan sonraya saxlamaq məsləhətdir.
  16. Xəstəlik, yolçuluq, məcburiyyət kimi hallar dinə görə üzrlü hal sayılır. Yəni bu vəziyyətlərdə orucunu pozan şəxs həmin orucu qəza etməlidir.
  17. Mastrubasiya etmək orucu pozur. Ancaq yuxuda cünub olan şəxsin orucu pozulmur.
  18. Susuzluqdan ölmək təhlükəsi olan şəxs orucunu pozarsa, sadəcə qəza etməlidir.
  19. Ramazan orucunu tutmağa niyyət etmədən gündüz yeyib-içmək yalnız qəza tələb edir. Çünki tutulmayan orucu deyil, tutulan orucu pozduqda kəffarə tələb olunur. Ancaq belə bir şey etmək günah olduğuna görə tövbə etmək lazımdır.
  20. Öndən və ya arxadan vücuda su, yaxud da yağ kimi mayelərin daxil olması orucu pozur.
  21. Boğaza qıfla bir şey tökmək orucu pozur.
  22. Oruc tutanın boğazına yatarkən kiminsə su tökməsi orucu pozur.
  23. Ramazan orucundan başqa istənilən oruc yemək, içmək və cinsi əlaqədə olmaqla pozularsa, yalnız qəza edilməlidir.

Kəffarə orucu

Ramazan orucunu qəsdən, bilərəkdən və ya üzrlü səbəb olmadan pozan insan bir günün əvəzində 61 gün (60 gün kəffarə + 1 gün qəza) fasiləsiz oruc tutmalıdır. Buna kəffarə orucu deyilir.

Bir adam Rəsulullahın hüzuruna gələrək: “Məhv oldum”, – dedi. Peyğəmbərimiz: “Səni nə məhv etdi?” – deyə soruşdu. Həmin adam: “Ramazanda həyat yoldaşımla (cinsi) münasibətdə oldum,” – dedi.  Bunu eşidən Peyğəmbərimiz ondan soruşdu: “Dalbadal iki ay oruc tuta bilərsən?” Həmin adam: “Xeyr,” – dedi. Peyğəmbərimiz: “Kölə azad etməyə imkanın var?” – deyə soruşdu. Həmin adam yenə: “Xeyr,” – dedi.  Peyğəmbərimiz yenə soruşdu: “Altmış yoxsul yedirməyə imkanın çatar?” Həmin adam “xeyr” dedi və oturdu. Bu əsnada Peyğəmbərimizə bir səbət xurma gətirdilər. Peyğəmbərimiz səbəti həmin adama uzadaraq: “Onda bunu sədəqə ver,” – buyurdu. Həmin adam: “Bizdən yoxsulu var ki? Mədinənin şərqi ilə qərbi arasında bizdən kasıb ailə yoxdur,” – dedi. Peyğəmbərimiz elə gülümsədi ki, dişləri göründü. Sonra belə buyurdu: “Get bunu ailənə yedir”.[3]

Oruc pozularkən həm qəza, həm də kəffarə tələb edən hallar

Ramazanda oruc tutarkən aşağıdakı hallardan birini heç bir məcburiyyət olmadan, bilərəkdən öz istəyi ilə edib orucunu pozanlar bu orucun həm qəzasını, həm də kəffarəsini tutmalıdır.

  1. Cinsi münasibətdə olmaq.
  2. Yemək, içmək və dərman qəbul etmək.
  3. Ağıza düşən yağış damcısını, qar və ya dolu dənəsini istəyərək udmaq.
  4. Tüstü və buxuru içinə çəkmək, həmçinin siqaret və qəlyan çəkmək.
  5. Piy, basdırma və ya çiy ət yemək.
  6. Oruclu kişinin həyat yoldaşı və ya sevdiyi bir insanın ağız suyunu udması.

Sadaladığımız hallar qidalanma, zövq və ləzzət vermə xüsusiyyətləri daşıyır. Ona görə də belə hallarda oruc pozulduqda qəza ilə yanaşı kəffarə də tələb olunur.

Oruc kəffarəsi necə edilməlidir?

Ramazan ayında bir üzrlü səbəb olmadan oruc tutmamaq böyük günahdır. Ona görə də (ramazana ehtiram göstərilmədiyi üçün) üzrlü səbəb olmadan oruc tutmayanlar ağır cəza ilə üzləşirlər ki, buna da kəffarə deyilir. Orucla əlaqədar kəffarə hökmü Qurandakı zihar kəffarəsi ilə eynidir. Quranda bu haqda belə buyurulur: “Qadınları ilə zihar (qanuni nikahlarını özlərinə haram) edib, sonra sözlərindən dönənlər onlarla yaxınlıq etməzdən əvvəl (kəffarə vermək üçün) bir kölə azad etməlidirlər. Bu sizə (zihar barəsində) verilən öyüddür. Allah nə etdiklərinizdən xəbərdardır! Kim (azad etməyə bir kölə) tapmasa, qadını ilə yaxınlıq etməzdən əvvəl iki ay sərasər oruc tutmalı, buna da gücü çatmasa, altmış yoxsulu yedirdib doydurmalıdır…”.[4]

Peyğəmbərimiz (s.ə.s) də bi hədisində: Kim ramazan ayında qəsdən orucunu pozarsa, zihar edən şəxs kimi kəffarə ödəməlidir”, – buyurmuşdur.[5] Bu, hənəfi, şafei və hənbəlilərə görə, ardıcıllıqla kölə azad etmək və ya iki ay (60 gün) dalbadal oruc tutmaq və ya altmış yoxsulu doyurmaqdır. Kəffarəni yerinə yetirən şəxs bunlardan hansına gücü çatırsa onu etməlidir. Ancaq ardıcıllığa da mütləq əməl etməlidir. Belə ki, 60 gün dalbadal oruc tutmağa və 60 yoxsulu doyurmağa imkanı çatırsa ardıcıllığa uyğun olaraq birincini etməlidir.

Hənəfi və malikilərə görə, yuxarıdakı hədisdə orucun hansı qaydada pozulacağı bildirilmədiyi üçün oruclu şəxs bilərəkdən yeyib-içərsə, cinsi münasibətdə olar, siqaret çəkərsə pozduğu orucun kəffarəsini tutmalıdır. Yəni bilərək yeyib-içməklə orucunu pozan şəxs həmin orucun bir gün qəzasını etməli və 60 günlük kəffarəsini yerinə yetirməlidir.

Onu da qeyd edək ki, kəffarə ancaq ramazan orucuna aiddir. Qəza, nəzir, sünnə və ya nafilə olaraq tutulan oruclar bilərək və ya bilməyərək pozulduqda yalnız qəza edilməlidir.


[1] Buxari, Savm, 26; Müslim, Siyam, 17.
[2] Əbu Davud, Savm, 33; Tirmizi, Savm, 24, 25.
[3] Buxari, Savm, 30; Müslim, Siyam, 81; Əbu Davud, Savm, 37; Tirmizi, Savm, 38, İbn Macə, Siyam, 14.
[4] “Mücadələ” surəsi, 58/3-4.
[5] İnbül-Hümam, Fəth, II, 70.



Bənzər məqalələr

Qəza orucuna niyyət

Qəza, kəffarə və müəyyən vaxta bağlı olmayan nəzir orucları üçün gün batdıqdan etibarən ən gec imsak vaxtına qədər niyyət etmək lazımdır. Nafilə və Ramazan ayında tutulan oruc üçün niyyət bir qədər fərqlidir.

Şəvval yoxsa, qəza orucu?!

Kim Ramazan ayını oruclu keçirər və arxasınca şəvval ayından altı gün oruc tutarsa bütün ili oruc tutmuş kimi olar.

Rabbani olmaq

Quranı Kərimdə keçən rabbaniyyun rabbani sözünün cəmidir və mənşəyi rabbi sözünə əsaslanır. Rabbi, “Rəbbin ardınca gedən” deməkdir; Rabbani dedikdə, Rabbi tanıyan və ona itaət edən şəxs nəzərdə tutulur.

Peyğəmbərimizin etikafı

Etikaf kişilərin əzan və iqamə oxunan, yəni camaatla beş vaxt namaz qılınan məsciddə, qadınların isə evin namaz otağında və ya otağın bir küncündə etikaf niyyəti ilə bir müddət gözləməsi, oturmasıdır.

Etikaf

Həzrət Peyğəmbər (s.ə.s) Mədinəyə gəldikdən sonra vəfatına qədər Ramazan ayının son on günündə etikafa girərdi. Buna görə etikaf Allah Rəsulunun (s.ə.s) önəmli sünnətlərindən biridir.


1 şərh yazılıb
  1. Vuqar , 26/04/2020 tarixində, saat 08:04

    Yazı üçün təşəkkür edirəm. Çox faydalı oldu.

Şərh yaz