Fitrəni zəkat düşən hər kəsə vermək olar. Yəni kasıblar, miskinlər, zəkatı yığıb paylayanlar, ürəkləri İslama yeni isinişib müsəlmanlığa bağlanmaqda olanlar, kölələr, borclular, Allah yolunda olanlar və yolçular.(“Tövbə” surəsi, 9/60)
Nisab miqdarı mala malik şəxslərə fitrə vermək olmaz. Müsəlmanın baxmaqla mükəlləf olduğu ana, ata, həyat yoldaşı, uşaq, nəvə, baba və nənə kimi yaxınlarına fitrə verməsi caiz deyil. Çünki verdiyi fitrənin mənfəəti dolayı yolla özünə qayıdır.
Düzdür, fitrəni zəkat verilən hər adama vermək olar. Ancaq fiqh alimləri bir şeydə həmfikirdirlər ki, fitrəni çalışıb kasıba vermək daha məqsədəuyğundur. Çünki fitrə kasıbların ehtiyaclarını qarşılamaq üçün əmr edilmişdir. Peyğəmbərimiz (s.a.s.) zəkat haqqında: “zənginlərdən alınır, kasıblara verilir”[1] — buyurmuşdur. Dolayısilə, bu məsələdə kasıblara üstünlük verilməlidir.
Fitrə verən şəxs fitrəsini yaşadığı yerdə yaxın-uzaq qohum və qonşularından başlayaraq ehtiyacı olanlara paylamalıdır. Əgər orada möhtac insanlar yoxdursa, başqa yerdə yaşayan saleh möminlərə verməlidir.
Fitrə verilən şəxslər arasında qazancı xərcinə çatmayan gözəl əxlaqlı əməlisaleh möminlərə və ya ürəkləri İslam eşqi və şövqü ilə döyünən tələbələrə üstünlük verilməlidir.
Hənəfilərə görə, bir şəxs həm özünün, həm də əhli-əyalının fitrəsini yığıb bir yoxsula verməlidir ki, onunla bir ehtiyacı aradan qaldırmaq mümkün olsun. Bu fitrələri birdən çox yoxsul arasında bölüşdürmək caiz olsa da, ən fəzilətlisi bir yoxsula verməkdir.
Fitrə verərkən mütləq niyyət etmək lazımdır. Fitrə üçün mal və ya pulu müəyyən edərkən niyyətlənmək də olar. Fitrə verilən adama bunun fitrə olduğunu demək vacib deyil.
[1] Buxari, “Zəkat” 1.
Sədəqeyi-cariyə davam edən, daim savab qazandıran sədəqə deməkdir. Daim insanlara fayda verən xeyirli işlər də sədəqeyi-cariyədir. Sədəqə və zəkatı insanların ümumi xeyrinə sərf edib daim istifadə olunan şeylərə vəsilə olmaq da sədəqeyi-cariyə sayılır. Sədəqeyi-cariyə yol, körpü, məscid, vəqf (yardım) qurumları və bunlardan ən düzgün və səmərəli şəkildə istifadə edən nəsillər yetişdirmək üçün yataqxanalar, məktəblər və müəssisələr açmaq və s. fəaliyyətlərin hamısını ehtiva edir.
Zəkat, qızıl, valyuta və axarı olan, yəni gəlir gətirən mallardan verilir. Qızıl və valyuta, yəni hər hansı pul növü 80,18 qramdan çox olarsa zəkata tabe olur.
“Sədəqələr (zəkatlar) Allah tərəfindən bir fərz olaraq ancaq yoxsullara, miskinlərə, zəkat yığan işçilərə, qəlbləri İslama isindiriləcək kimsələrə, azad olmağa çalışan kölələrə, borclulara, Allah yolunda olanlara və yolda qalan yolçulara aiddir. Allah hər şeyi biləndir, hikmət sahibidir.”
Sual: Ramazan bayramından əvvəl verilən fitrə sədəqəsinin hökmü nədir?
İbn Ömər rəvayət edir: “Peyğəmbərimiz (s.a.s.) azad, kölə, kişi, qadın – hər bir müsəlmana arpadan, yaxud xurmadan bir sa miqdarında fitr sədəqəsi verməyi əmr etdi”