Aylıq namaz vaxtları
5. 298 dəfə oxunub ,   0 şərh   Çap et

Qurani-Kərimdə on dörd səcdə ayəsi var. Bu ayələrdən hər hansı birini oxuyan və ya dinləyən səcdə etməlidir. Həmin səcdəyə tilavət səcdəsi deyilir. Səcdə etmək əmrinin keçdiyi ayələrdən bəzisi müşriklərin Allaha boyun əymədiyi və səcdə etməkdən boyun qaçırması haqqındadır. Bəzi səcdə ayələrində isə möminlərə səcdə etmək əmr olunmuşdur. Buna görə səcdə ayələrini oxuyan və eşidən şəxs həm Allahın əmrinə uymaq, həm də müşriklərin üsyanına münasibətini bildirmək üçün səcdə etməlidir. Hz. Peyğəmbərin (s.ə.s) də belə etdiyi bildirilir.

Tilavət səcdəsinin dəlilləri

Allah-Təala Quranda belə buyurur: “Onlara nə olub ki, iman gətirmirlər? Özlərinə Quran oxunduqda səcdə etmirlər?”[1]

Abdullah ibn Ömər (r.a) belə demişdir: “Hz. Peyğəmbər (s.ə.s) biz yanında olarkən səcdə ayəsini oxuyanda səcdə edərdi. Biz də onunla bərabər səcdə edərdik. Belə ki, adam sayı çox olduğu üçün bəzilərimiz səcdədə alnını qoymağa yer tapmırdı.”[2]

Əbu Hüreyrə (r.a) Hz. Peyğəmbərin (s.ə.s) belə buyurduğunu nəql edir: “Adəm oğlu səcdə ayəsini oxuyub səcdə etdikdə şeytan ağlayaraq ondan uzaqlaşar və belə deyər: “Vay mənim halıma! Adəm oğlu səcdə etməklə əmr olundu və səcdə etdi. Buna görə cənnət onundur. Mən də səcdə etmək əmr olundu. Fəqət bundan boyun qaçırdım. Buna görə də cəhənnəm mənimdir.”[3]

Tilavət səcdəsinin hökmü

Yuxardakı ayə və hədislərə əsaslanaraq Hənəfi məzhəbinə görə tilavət səcdəsini etmək vacibdir. Qurandakı səcdə ayələrindən hər hansı birini həm oxuyan, həm də dinləyən tilavət səcdəsi etməlidir. Səcdə etmədiyi təqdirdə günah işləmiş olar. Vacibə əməl etmək lazmıdır. Vacibi tərk etməyin günahı fərzdən azdır. Vacibi inkar edən dindən çıxmasa da sapqınlıqda qalmış sayılır.

Digər üç məzhəbə görə isə tilavət səcdəsi sünnədir. Bunların dəlili isə Zeyd b. Sabitdən (r.a) nəql edilən: “Hz. Peyğmbərə Nəcm surəsini oxudum və orda olan heç kəs səcdə etmədi.”[4] hədisi və Hz. Ömər bir cümə namazında xütbədə Nəhl surəsindəki səcdə ayəsini oxudu və dərhal minbərdən enərək səcdə etdi. Növbəti cümə eyni ayəni oxuyanda səcdə edib-etməmək camaatın ixtiyarına buraxıldı. Hz. Ömər belə dediyi bildirilir: “Səcdə edən savab qazanar, səcdə etməyənə isə bir günah yoxdur.”Orada Hz. Ömər özü də səcdə etməmişdir. Abdullah İbn Ömər həmin hadisəni nəql edərkən bu sözləri də əlavə etmişdir: “Allah bizə səcdə etməyi fərz qılmamışdır. Ancaq özümüz istəsək edərik.”[5] Hənəfilər bu hədisin sonundan da “istəsək” sözünü “oxusaq” mənasında anlamış və oxunduğu təqdirdə vacib olduğunu bildirmişlər.

Tilavət səcdəsi necə edilməlidir?

Tilavət səcdəsi edəcək şəxsin bədəni və paltarı təmiz, övrət yeri örtülü, özü isə dəstəmazlı olmalıdır. Tilavət səcdəsi etmək istəyən şəxs səcdə niyyətilə qibləyə sarı duraraq əllərini qaldırmadan “Allahu Əkbər” deməli sonra səcdəyə getməlidir. Səcdədə 3 dəfə سُبْحَانَ رَبِّىَ اْلأَعْلىٰ   (Sübhanə rabbiyəl alə) dedikdən sonra “Allahu Əkbər” deyərək səcdədən qalxmalıdır. Başqa dua və zikrlər də oxuna bilər. Bu tək səcdənin rüknü Allahın şanını ucaltmaq üçün alnı yerə qoymaqdır. Namazda səcdə ayəsi qiraətin sonuna düşdükdə rüku və səcdə edə bilməyənlər ima ilə tilavət səcdəsi etməlidirlər.

Tilavət səcdəsi etdikdən sonra ayağa qalxarkən سَمِعْنَا وَأَطَعْنَا غُفْرَانَكَ رَبَّنَا وَإِلَيْكَ الْمَصِيرُ  (səmi’nə və ətə’nə, ğufranəkə rabbənə və ileykəl məsir) demək müstəhəbdir. Tilavət səcdəsindəki təkbirlər də müstəhəbdir. Əsl səcdə isə vacibdir.

Oturaraq sədə ayəsini oxuyan şəxsin ayağa qalxaraq səcdə etməyi müstəhəbdir. Ayağa qalxmadan oturduğu yerdə də səcdə edə bilər. Oturulan yerdə bir neçə dəfə səcdə ayəsi oxunsa bir dəfə səcdə etmək kifayətdir, ancaq müxtəlif yerlərdə oxunan ayələrin hər biri üçün ayrılıqda səcdə edilməlidir.

Tilavət səcdəsi ilə əlaqəli hökmlər

Hənəfilərə görə namaz xaricində oxunan səcdə ayəsindən ötrü istənilən vaxt səcdə etmək olar. Ancaq həmin səcdəni səbəbsiz olaraq gecikdirmək məkruhdur. İmam Əbu Yusifə görə isə səcdə ayəsi oxunandan dərhal sonra tilavət səcdəsi edilməlidir. Quran oxuyan oyaq və ağıllı olmalıdır. Oxuyanın cünub, adətli və nifas halında olması, kafir və ya balaca uşaq olması hökmü dəyişdirmir. Çünki bunların oxuduğu da keçərlidir. Müsəlman şəxs cünub və ya sərxoş olsa da oxuduğu və ya eşitdiyi səcdə ayəsindən ötrü tilavət səcdəsi etməlidir.

Yeriyərək oxunan hər bir səcdə ayəsi üçün ayrı-ayrılıqda səcdə edilməlidir.

Tilavət səcdəsini etmək üçün eşidilən ayənin səcdə ayəsi olduğu bilinməlidir. Eşitdiyi ayənin səcdə ayəsi olduğunu bilməyən səcdə etməz.

Maqnitofon, radio, televizor, mp3, telefon, kompüter və s. vasitələrlə Quran dinləyərkən səcdə ayəsi eşidildikdə tilavət səcdəsi etməyə gərək yoxdur. Ancaq dinləyən şəxs bunun səcdə ayəsi olduğunu bilərsə ehtiyata uyğun olaraq səcdə etsə yaxşıdır. Ancaq oxuyan şəxs dinləyiciləri xəbərdar etdiyi təqdirdə səcdə edilməlidir.

Quranı tərcüməsindən oxuyan və ya izləyən şəxs oxuduğu ayənin səcdə ayəsi olduğunu anlayarsa tilavət səcdəsi etməlidir.

Səcdə ayəsi yeddi yaşından kiçik uşaqlara vacib deyil.

Heyiz və ya nifas halındakı qadın oxuduğu və ya eşitdiyi səcdə ayəsindən ötrü tilavət səcdəsi etməməlidir. Çünki qadınlar həmin vəziyyətlərdə namazla mükəlləf deyillər. Cünub olmuş şəxs səcdə ayəsini eşidərsə qüsl aldıqdan sonraeşitdiyi səcdə ayəsinin tilavət səcdəsini etməlidir.

Quran oxuyan şəxs səcdə ayəsini dinləyənlər səcdə etməyə hazırdırsa səsli, hazır deyilsə səssiz oxumalıdır. Belə etmək müstəhəbdir.

Bir surəni oxuyub içindəki səcdə ayəsini oxumadan ötürmək məkruhdur. Lakin səcdə ayəsini oxuyub digər ayələri oxumamaq məkruh deyil. Səcdə ayəsi ilə bərabər bir və ya bir neçə ayə oxumaq müstəhəbdir.

Məkruh vaxtlarda tilavət səcdəsi olan ayə oxunduqda həmin səcdəni normal vaxtlarda etmək üçün ertələmək olar.[6] Kərahət vaxtı Quran oxuyan şəxs səcdə ayəsi gəldikdə səcdəsini edər, anca normal vaxtlarda oxunan səcdə ayəsinin tilavət səcdəsi məkruh vaxtlarda edilməz.

Dərhal səcdə edə bilməyən nə etməlidir?

Səcdə ayəsini eşidən an səcdə etmək vacib deyil. Ertələnərək daha sonra da etmək mümkündür.

Səcdə ayəsi oxunduqda dərhal səcdə edə bilməyənlər (istər oxuyan, istərsə də dinləyən) سَمِعْنَا وَأَطَعْنَا غُفْرَانَكَ رَبَّنَا وَإِلَيْكَ الْمَصِيرُ “səminə və ətanə ğufranəkə rabbənə və ileykəl məsir” (Eşitdik və boyun əydik ey Rəbbimiz. Səndən bağışlanma diləyirik.) deməyi müstəhəbdir.

Bir məclisdə Quran oxuyan şəxs qiraəti saxlayıb səcdə edərsə dinləyənlər də səcdə edər, ancaq oxumağa davam edərsə daha sonra edərlər.

Tilavət səcdəsi namazda necə edilməlidir?

Namaz əsnasında oxunan səcdə ayəsindən dərhal sonra tilavət səcdəsi etmək vacibdir. Çünki ayə namaz əsnasında oxunmuşdur. Buna görə də namazdan sonraya saxlanılması doğru deyil. Səcdə ayəsi namazda qiyam halında oxunduğu təqdirdə əgər bundan sonra üç ayə oxunmayacaqsa namazın rüku və səcdələri tilavət səcdəsi yerinə keçir. Niyyət bunu dəyişdirmir. Ancaq üç ayədən çox oxunduğu təqdirdə isə, xüsüsi bir rüku və bir səcdə edilməlidir. Səcdə etmək daha fəzilətlidir. Belə vəziyyətdə namazın rüku və səcdələri tilavət səcdəsini əvəz etmir.

Səcdə ayəsini namazda oxuyan şəxs əgər istəsə oxuyacağı ayələrin sayına baxmadan dərhal “Allahu Əkbər” deyərək səcdə edə bilər. Tilavət səcdəsi niyyəti ilə yalnız rükuya getmək də kafidir. Bundan sonra ayağa qalxaraq bir neçə ayə oxuya və namaza davam edə bilər. Əgər bir surəni tam oxuyubsa, başqa surədən bir neçə ayə oxumalıdır. Çünki tilavət səcdəsindən qalxdıqdan sonra bir neçə ayə oxumadan namaz üçün rüku və səcdə etmək məkruhdur. Namaz xaricində yalnız rüku etməklə tilavət səcdəsi tamamlanmır. Çünki Allaha təzim namaz xaricində rüku ilə yox, səcdə ilə edilməlidir.

Səcdə ayəsi bir namazda bir neçə dəfə oxunarsa, bir dəfə tilavət səcdəsi etmək kifayətdir. Müxtəlif rükətlərdə səcdə ayəsinin təkrarlanması da Əbu Yusifə görə eyni hökmdədir, yəni bir dəfə etmək kifayətdir. İmam Məhəmmədə görə isə hər səcdə ayəsindən sonra səcdə etmək lazımdır. Müxtəlif rükətlərdə fərqli yerlərdə keçən səcdə ayələri oxunarsa hər biri üçün ayrı səcdə edilməlidir.

Səcdə ayəsini oxuyub səcdəyə getdikdə camaat da imamın rüku və səcdə etdiyini zənn edərək onun kimi etsələr namazları pozulmaz. İmamın cümə və bayram namazları ilə gizli oxunan namazlarda səcdə ayəsini oxuması məkruhdur. Çünki bu, camaatı yanılda bilər. Ancaq qiraətinin sonunda oxuya bilər. Belə olduqa namazın rüku və səcdəsi tilavət səcdəsi yerinə keçir.

Bir şəxs namazda rüku, səcdə və ya oturanda, yaxud imama uyduğu halda onun arxasında səcdə ayəsini oxuyarsa özü və imamın səcdə etməyinə ehtiyac yoxdur. Çünki namaz qılanlar qiraətdən mükəlləf deyil, bunların qiraəti hökmsüzdür. Fəqət bu oxunuşu eşidənlər varsa onlar tilavət səcdəsi etməlidirlər.

İmama tabe olan şəxslər səcdə ayəsini eşitməsələr belə imamla bərabər səcdə etməlidirlər.

İmam tilavət səcdəsini tərk etsə camaat da tərk etməlidir.

Namaz içində vacib olan tilavət səcdəsi namaz xaricində əda edilə bilməz. Tərk edən günahkar olar.

Səcdə ayəsinin təkrarlanması

Bir məclisdə bir neçə dəfə səcdə ayəsi oxunarsa, bunun üçün sadəcə bir tilavət səcdəsi edilməlidir. Tilavət səcdəsini ilk oxunuşdan sonra etmək daha yaxşıdır. Bəzi alimlərə görə isə bu səcdəni qiraət tamamlanandan sonra etmək olar. Ancaq eyni səcdə ayəsi müxtəlif məclislərdə təkrarlanarsa, səcdə də təkrarlanmalıdır.

Bir neçə səcdənin olduğu müxtəlif ayələri oxuyan şəxs hər bir ayə üçün ayrıca səcdə etməlidir. Açıq ərazidə və yol kənarında olan məclis həmin yerdən üç addım uzaqlaşmaqla dəyişmiş hesab olunur. Lakin evdə və ya böyük məsciddə bir tərəfdən o biri tərəfə getməklə məkan dəyişmir. Ancaq oxuyan sabit bir yerdə olar və dinləyən dəstəmaz almaq üçün məsciddən çıxarsa, bu təqdirdə həmin şəxsə səcdə yenidən vacibdir.[7]

Səcdə ayələrinin yerləri

Qurani Kərimdə 14 səcdə ayəsi var:

  1. Əraf, 7/206.
  2. Rad, 13/15.
  3. Nəhl, 16/50.
  4. İsra, 17/109.
  5. Məryəm, 19/58.
  6. Həcc, 22/18.
  7. Furqan, 25/60.
  8. Nəml, 27/25.
  9. Səcdə, 32/15.
  10. Sad, 38/25.
  11. Fussilət, 41/38.
  12. Nəcm, 53/62.
  13. İnşiqaq, 84/21.
  14. Aləq, 96/19.

Şafei və Hənbəli alimlər “Sad” surəsindəki səcdə ayəsini şükür səcdəsi kimi, Həcc surəsində 18-ci ayə ilə yanaşı 77-ci ayədə də tilavət səcdəsi olduğunu qəbul edirlər. Malikilərə görə isə, Quranda 11 səcdə ayəsi var. Onlara görə Nəcm, İnşiqaq və Aləq surələrində səcdə ayələri oxunarkən səcdə edilmir.

Quranı Kərimdə keçən 14 səcdə ayəsini bir məclisdə oxuyaraq hər biri üçün ayrıca səcdə edən və ya axırda 14 səcdə edən şəxsin dünyəvi və üxrəvi istəklərinin Allah tərəfindən həyata keçiriləcəyi bildirilir.

Tilavət səcdəsini pozan hallar

Namazı pozan hər şey tilavət səcdəsini də pozur. Ancaq tilavət səcdəsində yüksək səslə gülmək dəstəmazı pozmur.

Qadınlarla eyni cərgədə durmaq bu səcdəyə təsir etməz.


[1] İnşiqaq, 84, 20/21.
[2] Buxari, Sücud, 8, 9, 12.
[3] Müslim, İman, 133.
[4] Buxari, Sücud, 6; Müslim, Məsacid, 106; Tirmizi, Cuma, 52; Nəsai, İftitah, 50; Şövqani, Neylul-Əvtar, III, 102.
[5] Buxari, Sücud, 10; Şövqani, e.a.ə.,  III, 102.
[6] Əbu Davud, Salat, 335
[7]. İbn Abidin, Rəddul-muxtar, I, 726-728; Şürünbülali, Nurul-izah, 84.


Açar sözləri

namaz səcdə tilavət

Bənzər məqalələr

Rəsmli paltarla namaz qılmaq

Sual: Üzərində insan və heyvan fiqurları, cizgi film qəhrəmanları olan paltarlarla namaz qılmaq olarmı?

Nə üçün zikr etməliyik?

Zikr Müqəddəs Kitabımızda 256 yerdə işlədilmişdir. Qurani-Kərimdə “zikr” sözü “Allahı anmaq”, “Allahı daima xatırlayaraq heç unutmamaq”, eyni zamanda, “namaz” və “Quran” mənalarında da işlənmişdir.

Təhiyyat duası

İbn Məsud (r.a.) nəql edir: Ovcum Rəsulullahın (s.ə.s.) ovucları içində, O, mənə əttəhiyyat duasını bir Quran  surəsi kimi öyrətdi.

Rükuda oxunan dualar

Rüku lüğətdə “əyilmək” mənasını verir. Namazın əsas ünsürlərindən biri olan rüku əllər dizlərə çatacaq şəkildə önə doğru əyilmək deməkdir.

Subhanəkə duası

Allahım! Sən bütün nöqsanlardan uzaqsan. Səni daim öyürəm. Sənin adın bərəkət qaynağıdır. Sənin şanın nə ucadır. Səni mədh etmək şərəfdir və gerçək ilah yalnız Sənsən.


Şərh yaz

*