2. 847 dəfə oxunub ,   0 şərh   Çap et

“Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım! Mən onlardan ruzi istəmirəm. Mən onlardan Məni (ehtiyacı olan bəndələrimi) yedirtmələrini də istəmirəm! Şübhəsiz ki, ruzi verən də, qüvvət sahibi də, yenilməz olan da Allahdır!”[1]

Bu, müqəddəs Kitabımızın tələbi, bizi yaradan, bütün kainatı, canlı və cansız aləmi, maddi və mənəvi varlıqları bizim xidmətimizə verən və bizi əbədi səadət üçün xəlq edən Uca Rəbbimizin bizdən istədiyidir. Bu istək, bu tələb təkcə yuxarıdakı ayədə deyil, müqəddəs Kitabımız olan Qurani-Kərimin bir çox ayələrində bu və ya başqa şəkildə təkrar-təkrar xatırladılır, əmr edilir, şərh edilir. Allah-Təala bu ayədə insanın yaradılış qayəsini ön plana çəkir: “Mən cinləri və insanları ancaq Mənə ibadət etsinlər deyə yaratdım.”

Məsələnin izahına keçməzdən əvvəl diqqətinizi bir də İki Cahan Sərvəri, Nəbilər Nəbisi, sevgili Peyğəmbərimizin (s.a.s.) bu məsələ ilə əlaqəli hədisilərdən birinə cəlb etmək istəyirik:

Uca Allah buyurur: “Ey insan oğlu! Mən səni Mənə ibadət edəsən deyə yaratdım. (Həyatı oyun və əyləncədən ibarət sanıb) oynama. Mən sənin ruzini öz öhdəmə götürdüm. (Ruzi üçün həddindən artıq özünü) yorma. Məni ara. (Çətinliyə düşəndə məni arasan), taparsan. Əgər məni tapsan, hər şeyi taparsan. Məni itirsən, hər şeyi itirərsən. Mən sənə hər şeydən daha sevimliyəm. (Elə olmayaq. Çünki heç bir varlığa vermədiyim nemətləri sənə verdim)“

Qulluq borcu

Qulluq insanın fitrətində var. Allah insanı ibadət etmək üçün yaratmışdır. Ancaq insan çox vaxt yanlış istiqamətə doğru yönəlir. Məsələn, təsəvvür edək ki, bizim tabe olduğumuz bir adam, məsələn, direktor, müdir, sədir, nazir, prezident və s. bizə belə bir tapşırıq verir: “Hər gün səhər, günorta, axşama yaxın, axşam işdən çıxanda kabinetimin qapısını açıb mənə salam verəcək, gecə də yatmazdan əvvəl də mənə zəng edib salam verəcəksən.”

Biz bu əmri yerinə yetirərikmi, yoxsa qulaqardınamı vurarıq? Hələ bir də o şəxs bizə bunun əvəzində yüksək maaş, yüksək vəzifə də vəd etsə, o zaman bəzilərimiz nəinki gündə bir neçə dəfə, bəlkə, aramsız-fasiləsiz onun qapısında yatar, qapısını açar, örtər, salamı salam dalınca verərik.

Bəs necə olur ki, qısa bir müddət üçün bizə rəhbər təyin edilmiş bir adamın gözünə girmək, onun vəd eydiyini əldə etmək üçün bu qədər canfəşanlıq göstəririk, amma bizi yaradan, bizə əbədi səadəti vəd edən Allahın əmrlərinə bəhanə axtarırıqmı?

Onun bizə yox, bizim Ona ehtiyacımız var!

Əslində, insan kainatda ən mükəmməl varlıq olaraq yaradılmaqla yanaşı, həm də zəif, aciz, möhtac bir varlıqdır.

“Nə danışırsınız? Gör bir insan nələrə qadirdir, elm və texnikada bu qədər nailiyyət əldə edən, çox sayda xəstəliklərə əlac tapan, təbiətə müdaxilə edib ondan istədiyini əldə edən bir varlığa necə zəif, aciz, möhtac deyə bilərsiniz?” – deyə etiraz etməyə tələsməyin. Gəlin, insanın mahiyyətinə daha yaxından nəzər salaq.

Allahın verdiyi ağıl sayəsində (Bəli, məhz Allahın verdiyi! Çünki ağıl nə mağazada, nə bazarda, nə də apteklərdə satılmır, Allah verməsə, insan onu heç yerdən ala bilməz) çox şeyə nail olan insan nə acizlikdən, nə də zəiflikdən yaxa qurtara bilməmişdir və bilməyəcəkdir.

İnsan yaradılış baxımından çox zəifdir. Hər şey ona təsir edib əziyyət verir. İnsan həm də acizdir. Düşmənləri və bəlaları saysız-hesabsızdır. İnsan xəstəliklər, təbiətdəki fəlakətlər, ölüm qarşısında gücsüzdür. Heç kim: “Mən xəstələnmərəm, mən qocalmaram, mən ölmərəm, zəlzələ, tufan, sel mənə heç nə edə bilməz,” – deyə bilməz. İnsan öz bədənindəki gözəgörünməz bir mikroba belə qalib gəlmək iqtidarında deyil. İnsanın düşmənləri maddi aləmdəkilərlə bitmir, mənəvi aləmində də ona düşmən olan varlıqlar mövcuddur. İnsan bu düşmənləri qarşısında təkbaşına, öz gücü, öz qüvvəsi ilə çox az iş görə bilər. Bir də axı o güc, qüvvə dediyimiz də insanın özünə aid deyildir, mağazada satılmır, bazardan almaq mümkün deyildir. Bunlar insana verilir, insana düşən də ona verilən bu əmanəti qorumaq və lazımi qaydada istifadə etməkdir.

İnsan həm də tənbəl və iqtidarsızdır. Halbuki həyatın yükü ağırdır. Allah insanı yaradarkən onu kainatla sıx əlaqələndirmiş, ona bağlamışdır. İnsan kainatsız var ola bilməz. Halbuki sevdiyi, ünsiyyət qurub özünə yaxın bildiyi varlıqlardan ayrılıq hissi və yoxluq qorxusu daima onu incidir. Ağlı ona yüksək məqsədlər və əbədi meyvələr göstərir, halbuki insanın əli qısa, ömrü qısa, iqtidarı qısa, səbiri qısadır.

İnsan aciz olmaqla qalmır, o, möhtacdır, zəifdir. O, daima yeməyə, içməyə, soyuqdan və istidən qorunmağa möhtacdır. Amma bu ehtiyacları ödəyən, insanı bütün bunlarla mübarizə etməyə sözü edən, ona ağıl, bilik, təcrübə qazandıran kimdir? Allah! Elə isə insan həmişə Allaha möhtacdır, Ona borcludur.

Bəs Rəbbimiz bizdən nə istəyir? Yemək-içmək? (Haşa!) Onun belə şeylərə ehtiyacı yoxdur, ümumiyyətlə, O möhtac deyildir, möhtac olan bizik.

“Əhlinə (əhli-beytə və ümmətinə) namaz qılmağı əmr et, özün də ona (namaza) səbirlə davam et (yaxud məişət çətinliklərinə döz). Biz səndən ruzi istəmirik, (əksinə) sənə ruzi verən Bizik. (Gözəl) aqibət təqva sahiblərinindir (müttəqilərindir)!”[2]

Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər.”[3]

Yuxarıda deyilənləri ümumiləşdirərkən bir daha təkrar etmək istəyirik:

Onun bizə yox, bizim Ona ehtiyacımız var.

Madam ki, bizim Ona ehtiyacımız var, o zaman namaz kimi çox mühüm ibadətdə bir sıra, bəlkə, xeyli sayda hikmətlərdən bir neçəsinə nəzər salaq.

Namaz dinin, yəni, əxlaqın dirəyidir!

Namaz bütün İlahi dinlərə xas müştərək hökmlərdən biridir. Peyğəmbərlər peyğəmbərlik kimi ağır missiyanı yerinə yetirərkən həmişə namazdan mənəvi güc almışdır. Qurani-Kərim namazın əhəmiyyəti haqqında bəzi peyğəmbərlərin sözlərini əxz edir.Məsələn, Quranda Həzrət İbrahimin belə dua etdiyini oxuyuruq: “Ey Rəbbim! Məni də, nəslimdən olanları da (vaxtlı-vaxtında, lazımınca) namaz qılan et. Ey Rəbbimiz! Duamı qəbul buyur!”[4]

Həzrət Loğmanın oğluna verdiyi nəsihətdə də onun belə dediyi qeyd edilir: “Oğlum! Namaz qıl, (insanlara) yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. (Bu yolda) sənə üz verəcək müsibətlərə döz. Həqiqətən, bu (dediklərim) vacib əməllərdəndir!”[5]

Bunlardan başqa da Quranda peyğəmbərlərlə əlaqədar olaraq namazın əhəmiyyətindən bəhs edən çox sayda ayə vardır. Qurani-Kərimdə Allah-Təala:

Yadınıza gətirin ki, Biz bir zaman İsrail oğullarından: “Allahdan qeyrisinə ibadət etməyin, valideynlərinizə, yaxın qohumlarınıza, yetimlərə, yoxsullara ehsan (yaxşılıq, kömək) edin, insanlarla xoş danışın, namaz qılın, zəkat verin!” –  deyə əhd-peyman aldıq.”[6] – demişdir.

Həzrəti Musaya xitabən: “Mən, həqiqətən, Allaham. Məndən başqa heç bir tanrı yoxdur. Mənə ibadət et və Məni anmaq üçün namaz qıl!”[7] – demişdir.

Həzrəti İsa ilə  əlaqədar olaraq da: “…(Allahdan bir möcüzə olaraq körpə dilə gəlib) dedi: “Mən, həqiqətən, Allahın quluyam. O mənə kitab (İncil) verdi, özümü də peyğəmbər etdi. O, harada oluramsa olum, məni mübarək (həmişə hamıya xeyir verən, dini hökmləri öyrədən) etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu.”[8] –   buyurmuşdur.

İslamiyyətdə namaz ibadətinə islamın başlanğıcından etibarən rast gəlinir. Hədis və siyər qaynaqları Rəsulullahın (s.a.s.) müşriklərin təzyiq və təhqirlərinə baxmayaraq, həmişə Məscidi-haramda[9] Hacəri-əsvəd[10] ilə Rükni-yəmani[11] arasında namaz qıldığını, həm peyğəmbərimizin, həm də möminlərin vadilərdə, evdə, tövlələrin və xırman yerlərinin təmiz hissələrində namaz qılmasını, Darul-ərkamı[12] məscidə çevirdiyini qeyd edir. Məkkə dövründə nazil olan bir çox ayələrdə də namazın əhəmiyyətindən bəhs olunur və namaz qılanlara mane olmaq istəyənlərə sərt xəbərdarlıq edilir.[13]

Namaz bütün ibadətləri özündə ehtiva edən nurlu mündəricatdır. Bütün məxluqatın ibadətlərinə işarə edən müqəddəs xəritədir.

Məsələn, namazda oruc ibadətinin xüsusiyyəti vardır. Çünki namaz qılarkən, sanki, oruc tutursan; heç nə yemirsən, içmirsən.

Namazda zəkat var. çünki namaz ömrün zəkatıdır. İnsan Allahın verdiyi 24 saatın bir saatını şükür əlaməti olaraq ibadət etməklə  allaha həsr edir, bir növ geri qaytarır.

Namazda həcc vardır, çünki namazda hər kəs məkkəyə, Allahın evi olan Kəbəyə tərəf yönəlir. Namazda Allahın birliyini, Həzrət Muhammədin onun qulu və rəsulu olmasını təsdiq etmək var: “təhiyyat”da “şəhadət kəlməsi” oxunur.

Həm də bəzi mələklər yalnız ayaq üstə ibadət edirlər, bəzi mələklər daima rüku, bəziləri isə səcdə halındadır. Bəziləri yalnız “lə ilahə illallah!”, bəziləri “Allahu əkbər,” bəziləri də “subhanallah” deyə Allahı zikr edirlər. Yəni mələklər xüşu və hüzur içində ruhani zövq və ləzzət alaraq ibadət və zikrlərin bir hissəsini yerinə yetirirlər. Ancaq namazda bunların hamısı – rüku da var, səcdədə, “Allahu əkbər” də … Və insan namaz qılarkən bunların hamısını icra edir.

İslamı təbliğin ilk günündən namaz fərz buyurulsa da, onun gündə beş dəfə müəyyən edilməsi merac gecəsi ilə bağlıdır. Hədisi-şərifdə “namaz möminin meracıdır” buyurulur.[14] Qurani-Kərimdə və Allah Rəsulunun (s.a.s.) hədislərində İslamın beş şərtindən biri olan namazla bağlı bəyanlar onun böyük əhəmiyyətə malik olduğunu göstərir.

Namaz möminin meracıdır!

Namaz meracdır, Allaha yönəlməkdir, Onun hüzurunda dayanıb Onu salamlamaqdır, Ona həmd etməkdir, Onun Rəhmli və Rəhman olduğunu təsdiq etməkdir, Ondan bizi doğru yola yönəltməyi diləməkdir. 

Namazda potensial bir xatırlatma və dərin ruhani həzz vardır. O, insana Rəbbi qarşısındakı acizliyini və zəifliyini xatırladır. Digər tərəfdən, haqq və həqiqət yollarını göstərir ki, bunun da əsasında hər şeyə gücü yetən Mütləq Qüdrət sahibinə iman etmək dayanır.

Namaz günahları təmizləyir

Peyğəmbərimiz (s.a.s.) beş vaxt namazı bir evin qarşısından keçən çaya bənzətmiş və: “Gündə beş dəfə bu çayda yuyunan adamda kir qalarmı?” – deyə soruşmuşdu. Onu dinləyənlər: “Xeyr, qalmaz!” – demişdi. Rəsulullah (s.a.s.) da: “Bax gündə qılınan beş vaxt namaz da belədir. Allah bu beş vaxt namazla günahları silib təmizləyir,” – buyurmuşdur.[15]

Bir başqa hədisdə də “Beş vaxt namazın biri ilə digəri arasında edilən kiçik günahlar bağışlanır” (möminin məsələn, sabah namazı ilə günorta namazı arasında etdiyi kiçik günah (və ya günahlar) günorta (zöhr) namazını qılarkən bağışlanır) buyurulur.[16]

Peyğəmbərimiz (s.a.s.) də hər bir müsəlmana beş vaxt fərz namazı qılmağı xüsusi olaraq əmr etmişdir.[17]

Hədis kitablarının, xüsusilə “Kitabus-salat” bölmələrində verilən bir sıra hədislər də namazın gündə beş vaxt fərz olduğunu göstərir.[18] 

Namaz ən böyük şükürdür!

Namaz Allaha şükrün ən mükəmməl şəklidir. Ona görə ki namaz “ağıl sahiblərinə” əmr olunmuşdur. İki qrup insan namaz qılmaqdan azaddır: ruhi xəstələr və… ölülər. Ona görə də ilk növbədə bizə verilmiş ağıla görə təşəkkür etməliyik.

Ağıl kimdədirsə, namazı da o qılacaq, Quranı o oxuyacaq, Rəbbinə o şükür edəcək. Yoxsa ağıl insana verilsin, namaz, oruc, zəkat və s. atdan, dəvədən tələb edilsin? Belə axmaq fikir olar?

Ağacın meyvəsi məlumdur, inəyin, qoyunun, keçinin məhsulu süddür, ətdir, arının məhsulu baldır, dənizin məhsulu balıqdır, toyuğun məhsulu yumurtadır… Bütün varlıqlar hazırladığı məhsulu, meyvələri insana təqdim edir. Bəs insanın meyvəsi nədir, məhsulu nədir? O meyvəsini kimə təqdim edəcək?

Bütün varlıqlar vəzifəsini qüsursuz yerinə yetirir. insan da özbaşına buraxılmır (“Yoxsa sizi əbəs yerə yaratdığımızı və (qiyamət günü dirilib haqq-hesab üçün) hüzurumuza qaytarılmayacağınızı güman edirdiniz?”[19]) və ondan özünəxas meyvə tələb edilir. Bu meyvə də ibadətdir, namazdır.

Kimə təqdim ediləcək bu meyvə? Allaha!

Belə bir meyvəni ancaq Allah götürə bilər, bu meyvənin dəyərini, qiymətini, əvəzini yalnız Allah bilir, Allah verir. Bəs bu meyvənin dəyəri nədir?

Cənnət! Bax, Uca Allah nə buyurur: Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş cənnət müqabilində satın almışdır.[20]

Zikr və namaz

Zikr mömini müntəzəm şəkildə Allaha yaxınlaşdıran bir ibadət və qəflət buludlarını dağıdan rüzgardır. Zikr etmək Allahı anmaq, həyatı dərk edərək yaşamaq və varlığı seyr edərkən onun hər zərrəsində Allaha aid bir işarə görmək deməkdir. Bu mənada zikr və namaz bir-biri ilə sıx bağlıdır. Hətta digər ibadətlərdə olan zikrlə namazdakı zikr müqayisəolunmazdır. Namaz qədər Allahı xatırladan və görmə, düşünmə, anlama və dəyər üfüqündən qəfləti silib-təmizləyən başqa bir ibadət olsa idi, Allah namazın yerinə onu əmr edərdi. Namaz potensial olaraq xatırlatma gücünə malikdir. Qurani-Kərim: və əqimis-salətə li-zikri; (məni anmaq (xatırlamaq, zikr etmək) üçün namaz qıl)[21] ayəsi ilə bu həqiqəti bizə xatırladır. Bəli, ayədə də ifadə edildiyi kimi, anma (zikr) ilə namaz arasında sıx bağlılıq var. Məhz bu əhəmiyyətinə görə Allah-Təala namazın  qılınmasını Qurani-Kərimdə tez-tez vurğulamışdır.

Məsələn, oruc gizli ibadətdir, yəni bir insanın oruclu olduğunu müəyyən etmək çətindir.  Bu gizlilik oruca Allah dərgahında müstəsna dəyər qazandırır. Məhz buna görə də Allah-Təala buyurur:  “Oruc mənə aiddir və mükafatını da mən verirəm”.

Buna görə də qətiyyətlə deyə bilərik ki, namazın güclü xatırlatma təsiri heç bir ibadətdə yoxdur. Bəlkə də, cümə namazı və ya həcc kimi toplu ibadətlərdə belə güclü təsirdən bəhs etmək və bunların xatırlatma xüsusiyyətini əhəmiyyətli səviyyədə zikr hesab etmək olar.  Ancaq bunlar da namaz kimi hər gün və eyni zamanda gündə beş dəfə olmadığı üçün namaza əvəz ola bilməz.


[1] “Zariyat” surəsi, 51/56-58.
[2] “Taha” surəsi, 20/132.
[3] “Talaq” surəsi, 65/2.
[4] “İbrahim” surəsi, 14/40.
[5] “Loğman” surəsi, 31/17.
[6] “Bəqərə” surəsi, 2/83.
[7] “Ta ha”, 20/14.
[8] “Məryəm”, 19/30-31.
[9] Məscidi-Haram – Kəbə evi. 
[10] Hacəri-Əsvəd – Kəbə divarına qoyulmuş qara daş. Bir rəvayətə görə həmin daş Cənnətdən gəlmişdir. Kəbənin təvaf edilməsi bu daşın yanından başlayır.
[11] Rükni-Yəmani – Hacəri-Əsvədlə Kəbə qapısının arasındakı yer. Hədisi-Şərifdə buyurulur ki, burada edilən dualar dərhal qəbul olunur     
[12] Darul-Ərkam – “Ərkamın evi” deməkdir. İslamiyyətin ilk illərində müsəlmanların İslamı öyrənmək üçün toplandıqları ev.
[13] Məsələn, bax: Buxari, “Salat”, 49; Müsnəd 2:178; “Müddəssir” surəsi, 43; “Şura” surəsi, 38; “Alaq” surəsi, 10; “Əla” surəsi, 15.            
[14] Fəxrəddin Razi, ət-Təfsirul-Kəbir, I, s. 226, Alusi, Ruhul-Məani, X, s. 453. Tövbə surəsi 74-cü ayənin təfsiri.
[15] Buxari. “Məvaxt” 6; Müslim. “Məsacid,” 283-284.               
[16] Müslim. “Taharət”, 14,15; Buxari. “Məvaxt”, 4, 6.
[17] Müslim. “Taharət”, 14,15; Buxari. “Məvaxt”, 4, 6.4.            
[18] Müslim. “İman”, 8, 10, 29, 31; Buxari. “İman”, 34, “Salat,” 1; Əbu Davud. “Təharət”, 97; Tirmizi. “Salat”, 159, 160.
[19] “Möminun” surəsi, 23/115
[20] “Tövbə” surəsi, 9/111.
[21] “Taha” surəsi, 20/14.



Bənzər məqalələr

Yüzdən biri…

Uca Allah rəhməti yüz hissədir. Bunlardan birini insanlar, cinlər, heyvanlar və həşəratlar arasına endirib. Onlar bu səbəblə bir-birlərini sevər və bir-birlərinə acıyarlar.

Təravih namazı neçə rükətdir

Kim Ramazanda inanaraq və savabını Allahdan gözləyərək, Onun rizasını qazanmaq üçün qiyam edərsə (təravih namazı qılarsa), keçmiş günahları bağışlanar.

İmsak vaxtı nədir?

İmsak dan yeri ağarmağa başlayandan (imsak vaxtından), iftar (axşam namazı) vaxtına qədər ibadət niyyəti ilə yemək, içmək, cinsi əlaqə və digər orucu pozan şeylərdən uzaq durmaq deməkdir. İmsakın ziddi iftardır.

Allaha yaxınlaşmaq

Möminin əsas amalı və hədəfi Uca Allaha daha yaxınlıq və inandığı dəyərləri insanlara çatdırmaqdır.

Sütrə

Namaz qılan şəxsin qabağından insanlar rahat keçsin deyə qoyuduğu maneəyə (kürsü, stul, çanta və s.) sütrə deyilir. Divar və ya sabit bir şey də (dirək, ağac, namaz qılan şəxs və s.) sütrə sayılır. Sütrəyə əməl etmək sünnədir.


Şərh yaz