Aylıq namaz vaxtları
6. 796 dəfə oxunub ,   0 şərh   Çap et

Allah rizası üçün kasıblara verilən şeylər sədəqədir. Sədəqə Allaha yaxınlaşmaq, savab və mükafata nail olmaq üçün sidqi-ürəkdən verildiyinə görə sədəqə adlandırılmışdır. Bu kəlmələrin hər ikisi – sidq və sədəqə eyni kökdən törəmişdir. İnsan bir mənada Allaha olan sədaqətini sədəqə ilə göstərir. Bunu edərkən mükafatının axirətdə mütləq veriləcəyinə inanır.

Hər kəsin maddi vəziyyəti eyni deyil. Kimi varlı, kimi isə kasıbdır. Müsəlmanlar arasında varlılar olduğu kimi kasıblar da hər zaman olmuşdur. Hamının mövqeyindən və vəziyyətindən asılı olmayaraq maddi-mənəvi müəyyən şeylərə ehtiyacı var. Bu səbəbdən varlı müsəlman “mən hər il zəkatımı verirəm” deyib xeyir işlərdən uzaq durmamalı, kasıb müsəlmanlar da “biz varlı deyilik” deyərək xeyirxahlıqdan geri qalmamalıdır. Yardımlaşma sadəcə mal ilə olmur. Bir çox yardımlaşma növləri var. “Malı olan malıdan, elmi olan elmindən, gücü olan gücündən sədəqə versin” sözü bu həqiqəti çox gözəl ifadə edir. Yardımlaşma Qurani-Kərimdə ən gözəl şəkildə “infaq” kəlməsilə ifadə edilmişdir.  İnfaq kəlməsi fərz, vacib və məndub olan bütün zəkat və sədəqə və  yardımlaşma növlərinin hamısını əhatə edir.

Xeyir işlər görmək istəyən hər insan üçün maddi vəziyyətindən asılı olmayaraq savab qazanmaq, yaxşlılıq və insanlara yardım etməklə Allahın rizasına nail olmaq kimi bir çox xeyirxahlıq növləri var. Buna görə heç kim “mən yaxşlıq etmək istəyirəm amma imkanım yoxdur. Bilmirəm nə edim?” deyə bəhanə gətirə bilməz.

Müsəlman olan hər kəs öz imkanı nisbətində sədəqə verə bilər. Çünki hər kəsin öz imkanına görə savab qazana biləcəyi sədəqə növü var. Bunları Peyğəmbərimiz (s.ə.s) hədislərində izah etmiş və birbaşa göstərərək bizlərə ən gözəl nümunə olmuşdur. Hədislərdə bildirilən və ictimani həyatın bir çox sahələrini əhatə edən nafilə sədəqə və yardımlaşma şəkilləri bunlardır:

Şəxsin özü üçün xərclədikləri − Bura şəxsin özü üçün xərclədiyi maddi-mənəvi hər şey daxildir. Bir insanın günah və haramlara girməmək şərtilə xərclədikləri ona sədəqə savabı qazandırar. Necə ki, Peyğəmbərimiz (s.ə.s) “Nəfsinə yedirdiyin şey sənin üçün sədəqədir.”[1] − buyurmuşdur.

Günah və pis əməllərdən uzaq durmaq − Bir müsəlmanın günah və pis əməllərdən uzaq durması ona sədəqə savabı qazandırar. Hədisdə bildirilir:

“Bir adam Rəsulullahın (s.ə.s) yanına gələrək, “Ey Allahın Rəsulu hansı əməl daha xeyirlidir?” − deyə soruşdu. Peyğəmbərimiz (s.ə.s): “Allaha iman və Allah yolunda cihad etmək” − buyurdu. Həmin adam “Hansı köləni azad etmək daha yaxşıdır?” – deyəndə Rəsulullah (s.ə.s): “Sahibinə görə qiyməti baha olan köləni” – buyurudu. O şəxs, “Əgər bunları edə bilmirsə nə etsin?”– deyəndə Peyğəmbərimiz (s.ə.s): “bir iş görənə kömək etsin və iş görə bilməyənin işini görsün” – cavabını verdi. Adam yenə “bunu da edə bilmirsə nə etsin?” – dedi. Peyğəmbərimiz (s.ə.s): “Nəfsini şərdən (pisliklərdən) qoru. (Başqa rəvayətdə insanlara zərər vermə ifadəsi keçir). Çünki, bu da sədəqədir. Bununla nəfsindən təsəddüq etmiş olarsan” – buyurdu.[2]

Başqa bir hədisdə Hz. Peyğəmbər (s.ə.s) “Hər müsəlman sədəqə verməlidir” − dedikdə səhabələr “Ey Allahın Rəsulu! Sədəqə verməyə heç nəyi yoxdursa nə etsin?” − deyə soruşdular. Hz. Peyğəmbər (s.ə.s) “Əli(nin zəhməti) ilə işləyər. Özünə də faydalı olar sədəqə də verər” − buyurdu. Səhabələr “Bunu da edə bilməsə?” − deyə soruşdular. Hz. Peyğəmbər (s.ə.s) “İşini görə bilməyənə kömək edər” − dedi. Səhabələr yenə “Bunu da edə bilməsə?” − dedikdə  Hz. Peyğəmbər (s.ə.s) “Yaxşı işlər görər və özünü pisliklərdən uzaq tutarsa bu onun nəfsi üçün sədəqədir” − buyurdu.[3]

Müsəlmanın həm özünə, həm də başqalarına zərər verməkdən uzaq durmağı ona sədəqə savabı qazandırır.

Nafilə ibadətlərlə məşğul olmaq − Bir müsəlmanın etidiyi nafilə ibadətlər ona sədəqə savabı qazandırır. Peyğəmbərimiz (s.ə.s) bu həqiqəti bir hədisində belə bildirir: “Səhabələrdən bəziləri Hz. Peyğəmbərə (s.ə.s): “Malı çox olan varlılar daha çox savab qazanırlar. Həm bizim kimi oruc tutur, həm də artan malları ilə sədəqə veririlər” − dedikdə Hz. Peyğəmbər (s.ə.s): “Allah sizə sədəqə vermək üçün heç nə vermədimi (ki belə deyirsiniz)? − deyib ardınca “hər təsbehiniz bir sədəqədir. Hər təkbiriniz bir sədəqədir. Hər təhmidiniz (şükrünüz) bir sədəqədir. Hər təhliliniz bir sədəqədir” − buyurdu.[4]  

Başqa hədisdə isə, “Hər insan üç yüz altmış oynaq üzərinə yaradılmışdır. Təkbir gətirən, Allaha həmd edən, kəlmeyi-tövhidi deyən, Allahı təsbeh edən, istiğfar edən, insanların keçib-getdiyi yoldan daş, tikan və ya sümük parçasını kənarlaşdıran, pisliyə mane olan kimsənin bu yaxşılıqlarının sayı üç yüz altmışa çatarsa həmin şəxs, o gün nəfsini cəhənnəm atəşindən azad etmiş sayılar.”[5]

Ailə üçün xərcləmək  – Öz ailəsi üçün xərclədiyi hər şey insana sədəqə savabı qazandırır. Hz. Peyğəmbər (s.ə.s) bir hədisində “Xanımına yedirdiyin sənin üçün sədəqədir”[6] − buyurmuşdur. Başqa bir hədisində isə, “Kişinin Allah rizasını qazanmaq məqsədilə ev əhli üçün xərclədiyi onun sədəqəsidir.”[7] “Verən əl alan əldən daha xeyirlidir. (Verməyə) baxmaq məcburiyyətində olduğundan başla. Ən xeyirli sədəqə ailənə (baxmaq məcburiyyətində olduqlarına) ayrılan sədəqədir. Əl açmaqdan (dilənməkdən) çəkinən kimsəni Allah başqalarına möhtac etməz.”[8]

Qurani-Kərim “Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşgün çağına yetərsə, onlara: “Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış! Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına salıb: “Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!” – de.”[9] − buyuraraq övladları valideynlərə qarşı hörmətə və şəfqətə çağırır.

Peyğəmbərimiz (s.ə.s), cihada getmək istəyən bir səhabəyə “Anan və atan həyatdadırmı?” − dedikdə səhabə, “bəli” − dedi. Peyğəmbərimiz (s.ə.s) də, “Get, onlara xidmət et” − təlimatını verdi.[10]

Sad ibn Übadə Rəsulullahın (s.ə.s) yanına gələrək, “Ey Allahın Rəsulu! Anam vəfat etdi, onun adına verəcəyim sədəqənin hansı daha fəzilətlidir?” − dedim. Peyğəmbərimiz (s.ə.s) “Su” − buyurdu. Bunu eşidən Sad bir quyu qazaraq “Bu quyu Sadın anası üçündür” − dedi və quyunu təsəddüq etdi.[11]

Xəstə ziyarəti etmək − Bir müsəlman xəstə ziyarəti edərsə sədəqə savabı qazanar. Hz. Peyğəmbər (s.ə.s) “Xəstəni ziyarət etmək sədəqədir” − buyurmuşdur.[12]

Cənazədə iştirak etmək − Hz. Peyğəmbər (s.ə.s) “Cənazədə iştirak etmək sədəqədir”[13] − buyurmuşdur.

Yol göstərmək − Hz. Peyğəmbər (s.ə.s) “Yolunu itirən yolçuya yol göstərmək sənin üçün sədəqədir”[14] − buyurmuşdur.

Su vermək − Rəsulullah (s.ə.s), bir hədisində “Qabından, mömin qardaşının qabına su boşaltmağın sənin üçün sədəqədir.“[15] − buyuraraq quyudan su çəkib, bir mömin qardaşın qabına su boşaltmaq kimi bir yaxşılığın kiçik görülməməsini bildirmişdir. Bir hədisdə də “Əcr (savab) baxımından sudan daha böyük bir sədəqə yoxdur.” − buyrulmuşdur. Yenə hədisdə “Ən fəzilətli sədəqə, su paylamaqdır.” − buyurulur.[16] Hz. Aişə (r.a) rəvayət edir: “Ey Allahın Rəsulu!verilməməsi caiz olmayan şey nədir?” − dedim, “Su, duz və atəş!” − buyurdu. Mən təkrar: “Ey Allahın Rəsulu! Bəli suyu anladıq elədir, amma duz və atəş niyə elədir?” − dedim. Bu cavabı verdi: “Ey Humeyra! Kim (istəyənə) atəş versə, bu atəşin bişirdiyi hər şeyi sədəqə etmiş kimi savab qazanar. Kim də duz versə, o da bu duzun dadlandırdığı hər şeyi sədəqə etmiş kimi olar. Kim su olan yerdə bir müslümüna bir içimlik su içirsə sanki bir kölə azad etmiş kimi olar, suyun tapılmadığı yerdə içirsə, onu yenidən canlandırmış  kimi olar.“[17]

Təbəssüm etmək − Hz. Peyğəmbər (s.ə.s) “Mömin qardaşının üzünə təbəssüm etsən sənin üçün sədəqə savabı yazılar.“[18] − buyuraraq müsəlman qardaşlarımızla qarşılaşdığımız zaman onlara qarşı gülərüzlü olmağımıza diqqət çəkməkdə və bu təbəssümün müsəlmana sədəqə savabı qazandırdığını bildirməkdədir. Buna görədir ki, Peyğəmbərimiz (s.ə.s) “Mömin qardaşını gülər üzlə qarşılamaq belə olsa heç bir yaxşılığı kiçik hesab etmə (xor görmə)” − buyurmuşdur.[19] Çünki Allah rizasına səbəb olan ən kiçik yaxşılıq, Allahın razılığına nail olmayan ən böyük işdən daha xeyirlidir. Təki yaxşılığı Allah qəbul etsin. Yaxşılıq edilən insan istər zəngin olsun istər kasıb olsun fərqi yoxdu.

Borcluya möhlət vermək − Peyğəmbərimiz (s.ə.s), ““Kim borcunu qaytara bilməyənə möhlət verərsə, sədəqə savabı qazanar. Kim borc vaxtı çatsa da, onu almağı təxirə salarsa, hər gün bir sədəqə savabı qazanar”[20] – buyurmuşdur.

Ağac əkmək − Bir müsəlman meyvəsindən və kölgəsindən və ya özündən faydalanacaq ağac və ya bir bitki əkərsə bu onun üçün sədəqə yerinə keçər. Bunu Hz. Peyğəmbər bir hədisində belə buyurmuşdur, “Bir müsəlman, bir ağac əkərsə həmin adam üçün o ağacdan yeyilən məhsul qədər savab yazılar“[21]. Digər bir hədisdə də, “Bir müsəlman bir ağac və ya bitki əkər və ondan bir insan, heyvan yaxud quş yeyərsə qiyamət gününə qədər həmin adam üçün sədəqə olar.“[22]

Yoldakı maneələri qaldırmaq − Yolda insanların gediş-gəlişinə mane olan şeylərin qaldırılması insana sədəqə savabı qazandırır. Peyğəmbərimiz (s.ə.s), “hər müsəlman sədəqə verməlidir”, − deyəndə bir nəfər “Buna kimin imkanı çatar ki?” − deyə soruşdu. Hz. Peyğəmbər (s.ə.s) də “yoldan (insanlara) əziyyət verən şeyləri götürməyin özü sədəqədir.” – buyurdu.[23]

Salama cavab vermək − Salama salamla cavab vermək sədəqə savabı qazandırır. “Bir nəfər: “İslamda hansı əməl daha fəzilətlidir?” – deyə Allah Rəsulundan (s.ə.s.) soruşdu. Allah Rəsulu (s.ə.s.) bu cavabı verdi: “Başqalarına yemək yedirmək, tanıdığına və tanımadığına salam ver­mək”. – buyurdu.[24]

Xeyriyyə müəssisələri tikdirmək − İnsanların istifadəsinə verilən və xeyirli işlərdə istifadə edilmək üçün inşa edilən bütün müəssisələr və vəqflər sahiblərinə qiyamətə qədər sədəqə savabı qazandıran şeylərdir. Bunun üçün Hz. Peyğəmbər (s.ə.s) bu müəssisələrə “sədəqeyi-cariyə” deyərək, “İnsan öldüyü zaman, əməl dəftəri üç səbəblə açıq qalır. Bunlar sədəqeyi-cariyə, özündən istifadə olunan elm və arxasından özü üçün dua edən saleh övladdır” − buyurmuşdur.[25]

Xoşrəftar olmaq − Bir müsəlmanın hər hansı bir səbəbdən dolayı məruz qaldığı çətinliyə, kobudluğa qarşı xoşrəftar davranması ona sədəqə savabı qazandırar. Peyğəmbərimiz (s.ə.s) bunu belə ifadə etmişdir: “İnsanlara yaxşı rəftar etmək sədəqədir.”[26] buyrulmuşdur.

Yaxşılığı tövsiyə edib, pisliklərdən çəkindirmək − Peyğəmbərimiz (s.ə.s) bir çox hədisində “əmri bil maruf (yaxşılığı tövsiyə (əmr) etmək) sədəqədir. Nəhy anil munkər (pisliklərdən çəkindirmək) sədəqədir”[27] – buyurmuş və ömrü boyu bu vəzifəni layiqiylə yerinə yetirmişdir.

Gözəl söz – İnsanları doğruluğa, hidayətə və xeyirli işlərə təşviq edən, xeyirlərə səbəb olan və savab qazandıran hər söz “kəlmeyi tayyibə” olaraq ifadə edilir. Hz. Peyğəmbər (s.ə.s) “Gözəl söz sədəqədir.“[28] – buyuraraq insanların xeyir söyləməsi və xeyirli şeyləri danışmasına diqqət çəkmişdir.

Bu mövzuda İbnü Battal belə deyir: “Gözəl söz, xeyirli işlərin ən yaxşılarındandır. Çünki Allah “Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mömin kimsə!) Sən (pisliyi) yaxşılıqla dəf et! (Qəzəbə səbrlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağışlanmaqla cavab ver!) Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən!“[29] – buyurmaqdadır, deyərək pisliyi dəf etməyin hərəkətlə yanaşı sözlə də mümkün olduğunu bildirir. Əgər insan danışanda zərər verəcəksə danışmasa daha yaxşıdır. Bu səbəbdən “Dili mühafizə etmək, ən fəzilətli sədəqədir.” – deyilmişdir. Məşhur atalar sözündə isə susmağın önəmi haqqında “danışmaq gümüşdürsə, susmaq qızıldır” deyilir. Çünki, hər doğrunu bilmək haqqdır. Amma hər doğrunu hər yerdə söyləmək doğru deyil.

Minik vasitəsinə minənənə və yük boşaldana kömək etmək – Hz. Peyğəmbər (s.ə.s) “bir insane miniy(ə)inə minərkən və ya yükünü boşaldarkən kömək etməyin sədəqədir” –buyurmuşdur.[30]  

Hamıya yaxşılıq etmək – Hz. Peyğəmbər (s.ə.s) “Varlı və kasıba etdiyin hər yaxşılıq sədəqədir” – buyurmuşdur.[31]

Küsülüləri barışdırmaq – Hz. Peyğəmbər (s.ə.s) “Küsülülərin arasını düzəldib onları barışdırmaq, onlar arasında ədalətli qərar vermək sədəqədir” – buyurmuşdur[32]. Quranda belə buyrulur: “Həqiqətən, möminlər (dində) qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə, (əvvəlki günahlarınız bağışlanıb) rəhm olunasınız!”[33] Ayədən də göründüyü kimi bizdən aralarında mübahisə düşən möminlərin arasını düzəltlmək istənilir.

Elm öyrənmək və öyrətmək – Hz. Peyğəmbər (s.ə.s) “Ən üstün, ən fəzilətli sədəqə müsəlman bir adamın elm öyrənməsi sonra da o elmi bir müsəlman qardaşına öyrətməsidir.”[34] – buyuraraq müsəlmanları həm elmə təşviq etmiş, həm də elm öyrənmək və öyrətməyin ən fəzilətli işlərdən olduğunu bildirmişdir. Bir hədisdə də “bilməyənlərə elm öyrətmək, sədəqədir” –buyurulmuşdur[35].

Bura qədər yazılan bəzi sədəqə növləri ilə dinimizdəki xeyir yollarının nə qədər çox olduğunu göstərməyə çalışdıq. Sadalananlara riayət etməyə çalışmaqla insan həm Alahın rizasına yaxınlaşar, həm də sədəqə savabı əldə edər. Xülasə, hər müsəlmanın imkanından asılı olmayaraq maddi-mənəvi yardım edəcəyi insanlar mütləq var.


 [1] əl-Munziri, Tərğib və Tərhib, IV, 235-6.

[2] Buxari, İtq, 2; Müslim, İman, 136.

[3] Buxari, Zəkat 30, Ədəb 33; Müslim, Zəkat 55.

[4] Müslim, Məsacidu və məvazius salat, 936; Buhari, Dəavat, 5854; Tirmizi, Salat, 375.

[5] Müslim, Zəkat, 56.

[6] Əhməd ibn Hənbəl, IV, 131, 132

[7] Buxari, İman, 41; Müslim, Zəkat, 48; Nəsai, Zəkat, 60; Əhməd ibn Hənbəl, Müsnəd, IV, 120.

[8] Buxari, Zəkat, 18.

[9] İsra, 17/23-24.

[10] Buxari, Cihad, 138, Ədəb 3; Müslim, Birr, 6.

[11] Əbu Davud, Zəkat, 42.

[12] Tirmizi, Ədəb, 45.

[13] Buxari, Cənaiz, 58.

[14] Buxari, Cihad və Siyər 72.

[15] Buxari, Ədəb 33; Müslim, Zəkat 52.

[16] Nəsai, Vəsaya, 9; İbn Macə, Ədəb, 8

[17] Kutubu-Sittə: 774. (2474) (6761).

[18] Tirmizi, Birr, 36 (1967); Əbu Davud, Ədəb, 68, (4947).

[19] Müslim, Birr, 144.

[20] Buxari, Büyu, 17; Müslim, Zühd, 74.

[21] Əhməd ibn Hənbəl, Müsnəd, V, 415.

[22] Buxari, Ədəb, 29, Hars və Muzaraa,1; Müslim, Musaqa, 12 (1553).

[23] Buxari, Məzalim, 24; Müslim, Zəkat, 16.

[24] Buxari, İman 6; Müslim, İman 63.

[25] Müslim, Vasiyyə 14; Tirmizi, Əhkam 36; Nəsai, Vəsaya 8; Əhməd ibn Hənbəl 11-372; Darimi, Müqəddimə 46,

[26] İbn Əbid-Dünya, Mudarat, s. 24

[27] Buxari, Zəkat, 29, 30, Ədəb, 33; Müslim, Zəkat, 55 (1008)

[28] Buxari, “Cihad”, 128; Müslim, “Zəkat”, 56.

[29] Fussilət 41/34.

[30] Buxari, Cihad və Siyər, 72, 128.

[31] Darəkutni

[32] Buxari, Sülh, 11.

[33] Hucurat 49/10.

[34] İbn Macə, Müqəddimə, 20.

[35] əl-Munziri, Tərğib və Tərhib, I, 94.




Bənzər məqalələr

Fitrə vermək kimlərə vacibdir?

İbn Ömər rəvayət edir: “Peyğəmbərimiz (s.a.s.) azad, kölə, kişi, qadın – hər bir müsəlmana arpadan, yaxud xurmadan bir sa miqdarında fitr sədəqəsi verməyi əmr etdi”.[4]

Fitrənin miqdarı

Mötəbər hədis kitablarında fitrənin hansı maldan və nə qədər verilməsi haqda müxtəlif hədislər olsa da, bunlar bir bütövlük təşkil edir.

Fitrənin verildiyi yerlər

Fitrəni zəkat düşən hər kəsə vermək olar. Yəni kasıblar, miskinlər, zəkatı yığıb paylayanlar, ürəkləri İslama yeni isinişib mü­səlmanlığa bağlanmaqda olanlar, kölələr, borclular, Allah yolunda olanlar və yolçular.

Bizə pislik edənlərlə qarşı necə rəftar etməliyik?

Peyğəmbərimiz başda ata-anamız olmaqla, bizə, yaxın-uzaq bütün qohumlarımıza, qonşularımıza və dostlarımıza yaxşılıq etməyi, insanların qaba davranışlarına qarşı da səbirli olmağı və əli­mizdən gəldiyi qədər onlarla gözəl davranmağı tövsiyə etmişdir. Sadəcə tövsiyə etməklə kifayətlənməmiş, bu məsələdə bizə nümunə olmuşdur. Allah Rəsulu hər kəsin İslamla nicat tapması üçün canla-başla səy göstərərkən  Məkkənin azğın müşrikləri Onu təhqir edir, […]

Borcu olan şəxs sədəqə verə bilərmi?

Sədəqənin hər hansı miqdarı yoxdur. Buna görə sədəqənin azı da, çoxu da məqbul sayılır. Bir dəfə Rəsulullahdan (s.ə.s) soruşdular: “Allah dərgahında əməllərin ən məqbul olanı hansıdır?” Peyğəmbərimiz (s.ə.s) “Allah qatında əməllərin ən məqbulu az da olsa davamlı (mütəmadi) olandır.” − buyurdu. Borcu olan şəxs sədəqə verə bilər. Məsələn, borcu olan şəxsin ac olan birisinə bir qarın yemək yeyəcək pul verməsi sədəqə sayılır.


Şərh yaz

*