4. 297 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Altı ay gecə, altı ay gündüz olan bölgələrdə namaz necə qılınmalıdır?

Cavab: Bu sualın cavabı ta Rəsulullahın (s.ə.s) dövründə verilmişdir. Belə ki, Hz. Peyğəmbər (s.ə.s) səhabələrinə Dəccal haqqında məlumat verərkən, səhabələr onun yer üzündə nə qədər qalacağını soruşdular Rəsulullah (s.ə.s) belə cavab verdi: “Qırx gün qalacaq, lakin bu müddətin ilk günü bir il, ikinci günü bir ay, üçüncü günü cümə günü kimi, geri qalan günləri də sizin adi günləriniz kimi olacaqdır. Bu zaman biz dedik: “Ey Allahın Rəsulu! Biz, bir il uzunluğunda olan gün ərzində yalnız bir gün və gecənin namazını qılsaq olarmı?” Hz. Peyğəmbər buyurdu: “Xeyr, həmin günün miqdarını hesablayın.”[1] Bunun mənası odur ki, “olduğunuz enlik və meridiana görə gündəlik namaz vaxtlarını müəyyənləşdirin”. Yəni günü iyirmi dörd saatlıq zaman dilimlərinə bölərək ibadət etməlisiniz.

Vaxt namazın şərti olduğu kimi fərz olmasının da səbəbidir. Odur ki, bəzi alimlərə görə, bir bölgədə namaz vaxtlarından biri və ya ikisi gerçəkləşməzsə, o vaxtlardakı namazlar həmin bölgə əhalisinə fərz deyil.

Məsələn, bəzi bölgələrdə ilin bir mövsümündə üfüqdəki qırmızılıq itməmiş dan yeri ağararaq (ikinci fəcr çıxaraq) sübh namazının vaxtı girir. Belə bölgələrdə gecə olmadığı üçün yatsı namazı qılınmır. Bu rəyi mənimsəyən bəzi alimlər bu mövzuda dəstəmaz orqanlarından bir və ya ikisini itirənin bu orqanları yumamasına qiyas edərək, namazın da vacibliyinin olmadığı qənaətinə gəlmişlər.

İslam fəqihlərinin əksəriyyətinə görə isə, bu bölgələrdəki müsəlmanlar da beş vaxt namazdan məsuldurlar. Əgər olduqları bölgədə bir namazın vaxtı müşahidə olunmursa, həmin bölgəyə ən yaxın beş vaxt namaz vaxtı müşahidə olunan bölgənin vaxtlarına görə namazlarını qılmalıdırlar. Vaxt namazın şərti və səbəbi olsa da, namazın əsl səbəbi Allahın əmri olmasıdır. Elə buna görə də bütün müsəlmanlar beş vaxt namazı qılmaqla məsuldur.

Həmin bölgələrdə yaşayan insanlar gündəlik bir çox işlərini (yemək, içmək, yatmaq, və s.) necə tənzimləyirlərsə, ibadət məsələsinə də məsuliyyətli yanaşmalı və həmin bölgəyə ən yaxın normal gündüz və gecəsi olan ərazidəki vaxtlara uyğun hərəkət etməlidirlər.

Vaxt namazın səbəbi olsa da əslində namaz Allahın əmridir. Bu səbəbdən də günəşin uzun müddət çıxmadığı və ya batmadığı qütb bölgələrində və kosmik uçuşlarda yuxarıdakı qeyd olunan ikinci qaydayla əməl edilməlidir. Bu bölgələrdə yaşayan müsəlmanlar oruc və zəkatı da buna uyğun hesablamalıdırlar.[2]


[1] Əbu Davud, Məlahim, 14, H. No: 4321; Müslim, Fitən, H. No: 2137; Tirmizi, Fitən, H. No: 2241; İbn Macə, Fitən, H. No: 4075, 4077.

[2] Mehmed Zihni, Nimeti-İslam, İstanbul, 1976, s. 130; Bilmən, Büyük İslam ilmihali, İstanbul 1985, s. 117.




Bənzər məqalələr

Təravih namazı neçə rükətdir

Kim Ramazanda inanaraq və savabını Allahdan gözləyərək, Onun rizasını qazanmaq üçün qiyam edərsə (təravih namazı qılarsa), keçmiş günahları bağışlanar.

İmsak vaxtı nədir?

İmsak dan yeri ağarmağa başlayandan (imsak vaxtından), iftar (axşam namazı) vaxtına qədər ibadət niyyəti ilə yemək, içmək, cinsi əlaqə və digər orucu pozan şeylərdən uzaq durmaq deməkdir. İmsakın ziddi iftardır.

Sütrə

Namaz qılan şəxsin qabağından insanlar rahat keçsin deyə qoyuduğu maneəyə (kürsü, stul, çanta və s.) sütrə deyilir. Divar və ya sabit bir şey də (dirək, ağac, namaz qılan şəxs və s.) sütrə sayılır. Sütrəyə əməl etmək sünnədir.

Tilavət səcdəsi

Qurani-Kərimdə on dörd səcdə ayəsi var. Bu ayələrdən hər hansı birini oxuyan və ya dinləyən səcdə etməlidir. Həmin səcdəyə tilavət səcdəsi deyilir.

Duha namazı

Rəsulullah (s.ə.s) beş vaxt fərz namazdan əlavə nafilə namazlar qılaraq ibadət həyatını gözəlləşdirmişdir. Peyğəmbərimizin (s.ə.s) qıldığı nafilə namazlardan biri də duha namazıdır. Duha kəlməsi ərəb dilindən tərcümədə “səhər və ya quşluq vaxtı” deməkdir. Quranın 93-cü surəsi də “Duha” surəsidir. Duha namazına quşluq namazı da deyilir.


Şərh yaz