Aylıq namaz vaxtları
4. 811 dəfə oxunub ,   0 şərh   Çap et

Qurban bayramın birinci, ikinci və üçüncü günləri kəsilməlidir. Ancaq birinci günü kəsmək daha əfzəldir.

Qurbanlar şəhərlərdə və ya bayram namazı qılınan digər yaşayış yerlərində namazdan sonra, bayram namazı qılınmayan kəndlərdə və köçəri həyat yaşanan yerlərdə isə bayram günü dan yerinin ağarmasından sonra kəsilir. İlk vaxtı budur. Son vaxtı isə bayramın üçüncü günü günəş batdıqdan sonra bir az əvvəlinə qədər davam edir. Bir üzr səbəbi ilə bayram namazına gedə bilməyən kəs, namaz qılınacaq qədər bir müddət keçdikdən sonra qurbanını kəsə bilər. Qurbanı gecə kəsmək tənzihən məkruhdur. Çünki gecə qaranlıq səbəbi ilə kəsmək çətindir və xəta etmə ehtimalı da vardır.

Qurban kəsmə vaxtı ilə əlaqədar müxtəlif hədislər rəvayət edilmişdir. Bəra İbn Azibdən (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğu rəvayət edilmişdir: “Bizim bu günümüzdə ilk işimiz namaz qılmaq, sonra da qayıdıb qurbanımızı kəsməkdir. Kim belə edərsə bizim sünnəmizə tabe olmuşdur. Hər kim bundan əvvəl qurbanını kəsərsə, bu qurban ailəsinə verdiyi ətdən başqa bir şey olmaz.[1] Bu hədisi-şərifə görə, ərəfə günü gündüz və ya gecə, yaxud bayramın ilk günü, bayram namazı qılınan yerlərdə namazdan əvvəl kəsilən heyvan qurban hökmündə olmaz.

Ənəsdən (r.a) rəvayət edilən bir hədisdə belə buyurulur: “Kim namazdan əvvəl qurban kəsərsə bir daha kəssin. Hər kim namazdan sonra kəsərsə, onun bu ibadəti tamamdır və müsəlmanların sünnəsinə əməl etmişdir.[2]

Qurban kəsmə müddətini üç günlə məhdudlaşdırma bu dəlillərə əsaslanır: Hz. Ömər, Hz. Əli və İbn Abbasdan (r.anhumə) rəvayət edilmişdir: “Qurban kəsmə günləri üç gündür, ilk gün ən fəzilətlisidir.[3] Eyni zamanda İbn Ömər (r.a) da belə demişdir: “Qurban günləri birinci qurban günündən sonra iki gündür.”[4]

Maliki və hənbəlilər də hənəfilər kimi qurban kəsmə müddətini üç gün olaraq qəbul edirlər.

İmam Şafeiyə görə isə qurban kəsmə müddəti dörd gündür və təşriq günlərinin sonuna qədər davam edir. Əsaslandıqları dəlil bu hədisdir: “Ərafat bütövlüklə vəqfə yeridir və bütün təşriq təkbirləri də qurban kəsmə zamanıdır.[5] İbn Hibbanın bir rəvayətində isə, “Bütün təşriq günlərində qurban kəsilər[6] deyilir. Təşriq günləri bayramın dördüncü gününü də əhatə edir.

Qurbanlar qibləyə tərəf yatırılar və “bismillah Allahu əkbər” deyilərək kəsilər. Bunu mümkün olarsa sahibi kəsməlidir. Bu mümkün olmazsa uyğun bir müsəlmana kəsdirməli, özü də başında olmalı və bu ayə oxunmalıdır:

إنَّ صَلَاتِي وَنُسُكِي وَمَحْيَايَ وَمَمَاتِي لِلَّهِ رَبِّ الْعَالَمِينَ لَا شَرِيكَ لَهُ

Mənası: “De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür! Onun heç bir şəriki yoxdur.”[7]

Qurban kəsilərkən yalnız qurban sahibinin bismillah deməsi kifayət deyil, qurban kəsən “bismillahi Allahu əkbər” deməlidir. Bismillahı qəsdən tərk edərsə qurbanın əti yeyilməz. Qurban yiyəsi əlini qəssabın əlinin üstünə qoyaraq qurbanı kəsərlərsə, ikisi də bismillah deməlidir. Biri qəsdən bismillahı tərk edərsə heyvanın əti yeyilməz.

Ənəs ibn Malik Hz. Peyğəmbərin iki qoçu qurban edərkən bismillah və təkbir dediyini və ayağını heyvanın yan tərəfinə qoyduğunu rəvayət etmişdir.[8]

Qurban bayramında kəsilmək üçün satın alınmış qurbanlıq heyvan kəsilməyib bayramın üç günü keçərsə, əgər bu heyvan mövcuddursa özü, istifadə edilibsə qiyməti yoxsullara sədəqə verilməlidir. Odur ki, növbəti ilə təxir olunması düzgün deyil.


[1]Buxari, İdeyn, 8, 10, Ədahi, 1, 11; Müslim, Ədahi, 7; Nəsai, İdeyn, 8; Əhməd İbn Hənbəl, IV, 232, 303.

[2]Buxari, İdeyn, 5, 10, 17, 23, Zəbaih, 17, Ədahi, 1, 4, 8, 11, 12; Müslim, Ədahi, 1-4, 10, 11; Nəsai, İdeyn, 8, 30.

[3]Zeyləi bu hədis üçün “tamamilə qəribdir” demişdir. Bax. Nəsbur-rayə, IV, 213.

[4]Malik, Müvəttə, Duhaya, 12.

[5]Beyhaqi rəvayət etmiş və İbn Hibban səhih olduğunu bildirmişdir.

[6]Əhməd İbn Hənbəl, IV, 82; Şövkani, e.a.ə., V, 125.

[7] Ənam 6/162.

[8] Tirmizi, Ədahi, 2; İbn Macə, Ədahi 1. 




Şərh yaz

*