Mənəviyyata Açılan Pəncərə

Qurbanın kəsilmə vaxtı və qaydası

Qurban bayramın birinci, ikinci və üçüncü günləri kəsilməlidir. Ancaq birinci günü kəsmək daha əfzəldir.

Qurbanlar şəhərlərdə və ya bayram namazı qılınan digər yaşayış yerlərində namazdan sonra, bayram namazı qılınmayan kəndlərdə və köçəri həyat yaşanan yerlərdə isə bayram günü dan yerinin ağarmasından sonra kəsilir. İlk vaxtı budur. Son vaxtı isə bayramın üçüncü günü günəş batana qədər davam edir.

Hər hansı bir üzr səbəbi ilə bayram namazına gedə bilməyən kəs, namaz qılınacaq qədər bir müddət keçdikdən sonra qurbanını kəsə bilər.

Qurbanı gecə kəsmək tənzihən məkruhdur. Çünki gecə qaranlıq səbəbi ilə kəsmək çətindir və xəta etmə ehtimalı da vardır.

Qurban kəsmə vaxtı ilə əlaqədar müxtəlif hədislər rəvayət edilmişdir. Bəra İbn Azibdən (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğu nəql edir: “Bizim bu günümüzdə ilk işimiz namaz qılmaq, sonra da qayıdıb qurbanımızı kəsməkdir. Kim belə edərsə, bizim sünnəmizə əməl etmişdir. Kim də bayram namazından əvvəl qurbanını kəsərsə, bu qurban ailəsinə verdiyi ətdən başqa bir şey deyil.[1] Bu hədisi-şərifə görə, ərəfə günü gündüz və ya gecə, yaxud bayramın ilk günü, bayram namazı qılınan yerlərdə namazdan əvvəl kəsilən heyvan qurban hökmündə olmaz.

Bir hədisdə belə buyurulur:

Kim bayram namazından əvvəl qurban kəsərsə, bir daha kəssin. Namazdan sonra kəsən ibadəti yerinə yetirmiş və müsəlmanların sünnəsinə əməl etmiş sayılır.[2]

Qurban kəsmə müddətini üç günlə məhdudlaşdırması bu dəlillərə əsaslanır:

Həzrət Ömər, həzrət Əli və İbn Abbasdan (r.anhumə) nəql edir:

Qurban kəsmə günləri üç gündür, ilk gün ən fəzilətlidir.[3]

Eyni zamanda İbn Ömər (r.a) da belə demişdir: “Qurban kəsmə günləri üç gündür.”[4]

Maliki və hənbəlilər də hənəfilər kimi qurban kəsmə müddətini üç gün olaraq qəbul edirlər.

İmam Şafeiyə görə isə, qurban kəsmə müddəti dörd gündür və təşriq günlərinin sonuna qədər davam edir. Əsaslandıqları dəlil bu hədisdir: “Ərafat bütövlüklə vəqfə yeridir və bütün təşriq təkbirləri də qurban kəsmə zamanıdır.[5] İbn Hibbanın nəql etdiyi bir hədisdə: “Bütün təşriq günlərində qurban kəsmək olar.[6] deyilir. Təşriq günləri bayramın dördüncü gününü də əhatə edir.

Qurban necə kəsilir?

Qurbanlıq heyvan qibləyə tərəf yatırılır və “bismillah Allahu əkbər” deyilərək kəsilir.

Qurbanı sahibinin kəsməsi daha yaxşıdır. Bu mümkün olmazsa, uyğun bir müsəlmana kəsdirməli, özü də başında olmalı və bu ayəni oxunmalıdır:

إنَّ صَلَاتِي وَنُسُكِي وَمَحْيَايَ وَمَمَاتِي لِلَّهِ رَبِّ الْعَالَمِينَ لَا شَرِيكَ لَهُ

Mənası: “De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür! Onun heç bir şəriki yoxdur.[7]

Qurban kəsilərkən yalnız qurban sahibinin “bismillah” deməsi kifayət deyil, qurban kəsən “bismillahi Allahu əkbər” deməlidir. Qurbanı kəsən şəxs “bismillahı” qəsdən tərk edərsə, qurbanın əti yeyilməz. Qurban yiyəsi əlini qəssabın əlinin üstünə qoyaraq qurbanı kəsərsə, ikisi də “bismillah” deməlidir. Biri qəsdən “bismillahı” tərk edərsə, heyvanın əti yeyilməz.

Ənəs ibn Malik Rəsulullahın (s.a.s.) iki qoç qurban edərkən “bismillah” və təkbir dediyini və ayağını heyvanın yan tərəfinə uzadaraq kəsdiyini nəql edir.[8]

Qurban bayramında kəsilmək üçün satın alınmış qurbanlıq heyvan kəsilməyib bayramın üç günü keçərsə, əgər kəsilməyibsə, heyvanın özü, kəsilibsə, qiyməti yoxsullara sədəqə verilməlidir. Növbəti ilə saxlanılması düzgün deyil.


[1]Buxari, İdeyn, 8, 10, Ədahi, 1, 11; Müslim, Ədahi, 7; Nəsai, İdeyn, 8; Əhməd İbn Hənbəl, IV, 232, 303.
[2]Buxari, İdeyn, 5, 10, 17, 23, Zəbaih, 17, Ədahi, 1, 4, 8, 11, 12; Müslim, Ədahi, 1-4, 10, 11; Nəsai, İdeyn, 8, 30.
[3]Zeyləi bu hədis üçün “tamamilə qəribdir” demişdir. Bax. Nəsbur-rayə, IV, 213.
[4]Malik, Müvəttə, Duhaya, 12.
[5]Beyhaqi rəvayət etmiş və İbn Hibban səhih olduğunu bildirmişdir.
[6]Əhməd İbn Hənbəl, IV, 82; Şövkani, e.a.ə., V, 125.
[7] Ənam 6/162.
[8] Tirmizi, Ədahi, 2; İbn Macə, Ədahi 1. 
Exit mobile version