3. 903 dəfə oxunub ,   0 şərh   Çap et

Allah-Təala hər bir işi Hakim ismi-şərifinə uyğun, yəni hikmətlə icra edir. İnsanın ağıl və idrakı isə bunun bir qismini bəzən dərk edir, bəzən də dərk edə bilmir. İbadətin hikməti isə onun məqsədi, yaxud səbəbi deyildir. İbadətlərin əsl səbəbi Allahın əmr etməsidir. Məhz Allah əmr etdiyinə görə Ona ibadət edilir. Qurban kəsmək də bir ibadətdir. Nə qədər dünya və axirət, maddi və mənəvi,  fərdi, ictimai hikmət və faydaları olsa da, bunlar üçün deyil, sırf Allahın əmri olduğuna görə yerinə yetirilir. Ona görə də hər şeydən əvvəl bu həqiqətə qəlbən etiqad etmək, inanmaq lazımdır.

Hər şeyin sahibi olan Uca Rəhman qullarına qurban ibadətini əmr buyurarkən əsl məqsədinin də açıq-aşkar ilahi kəlamında bildirmişdir:

“Biz hər bir ümmət üçün qurbangah (yaxud məbəd) müəyyən etdik (və ya hər bir ümmətə qurban kəsməyi lazım bildik) ki, Allahın onlara ruzi verdiyi (dördayaqlı) heyvanların üstündə (onları kəsdikləri zaman) Allahın adını çəksinlər.  Sizin ilahınız yalnız bir olan Allahdır. Yalnız Ona təslim olub itaət edin. (Ya Rəsulum!) Sən də (Allaha) itaət edənlərə (təvazökar olanlara Cənnətlə) müjdə ver!”[1]

Deməli, qurban insanların Allahın uca adını zikr etməsi, yer üzündə olan bütün heyvanların Onun mülkü olduğunu bilməsi və heyvanların sırf ilahi mərhəmət olaraq bəşəriyyətin istifadəsinə verilməsi şüuruna çatması üçün bir ibadət kimi əmr buyurulmuşdur. 

Təbii ki, Qurban ibadətinin neçə-neçə məna və faydası, bəndələrə dünya və axirətlə bağlı öyrətdiyi hikmətləri var.

Qurban ibadəti təqvanın əhəmiyyətini göstərir

Qurbanın qəbul olunmasında təqva şərtdir. Qurbanı şəriət qaydalarına uyğun kəsməklə mükəlləfiyyət yerinə yetirilmiş olur. Lakin qurbanın Allah qatında qəbul olunmasını sadəcə qurban borcunu vermək şəklində başa düşmək natamamlıq olardı. Bəli, şəriət qaydaları qurbanın qəbul olunmasında ilkin şərtdir. Amma qurbanın daha başqa yüksək mənəvi dəyərləri, anlamları var ki, bu da ancaq qurban kəsənin təqva səviyyəsi ilə bağlıdır. Habilin üzünü qurbanı qəbul olunmayan Qabilə tutaraq: “Allah ancaq müttəqilərdən qəbul edər,”– deməsi də buna işarədir. Ayədə buyrulur:

“Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır (səmimi-qəlbdən etdiyiniz ibadətdir). Allah sizi doğru yola yönəltdiyi (sizə həccin əməllərini göstərdiyi) üçün Onu (layiqincə) uca tutasınız deyə, bunları sizə belə ram etdi. Ehsan edənlərə (Cənnətlə) müjdə ver!”[2]    

İbadətlərin, xeyir və gözəl əməllərin qəbul olunmasının ən mühüm şərti ixlasdır. Allahın razılığını daim əsas götürmək lazımdır. Çünki bunların mükafatını vermək yalnız  Allaha aiddir. O halda, ancaq Onu razı salmağa çalışmalıyıq. “Əməllər niyyətlərə görə dəyər qazanır. Kimin niyyəti nədirsə, onu da əldə edəcək”[3] hədisi də bu həqiqəti bəyan edir.

Qurban Allah yolunda fədakarlıq şüuru aşılayır

Xalis niyyət, təqva hissi ilə və şəriətə uyğun olaraq şüurlu şəkildə icra edilən qurban ibadəti mömini fədakarlıq üfüqünə yüksəldir. Qurban  kəsən adama xalis niyyət və sadiq düşüncə mənasında bu sözləri demək tövsiyə olunur: “De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!” [4]

Qurban iman gətirmiş insanın Allah yolunda bütün varlığını fəda etməyə hazır olmasının rəmzidir. Malını qurban edən lazım gəldikdə canını da Allah yolunda qurban verər.

Qurban Allahın əmrinə təslimiyyətin və istiqamətin göstəricisidir

Qurban Allaha təslimiyyətin, təmənnasız sevginin və fədakarlığın ifadəsidir. Qurban ibadəti möminlərə həzrət İbrahim və həzrət İsmailin təslimiyyətini xatırladır. Həzrət İbrahim və İsmailin Qurban əmrinə itaəti qurban ibadətinə əmanət edilən müqəddəs xatirənin elə özüdür, məğzidir, onların adının daim əziz tutulmasıdır. Həzrət İbrahimin “Allahım, məni məndən sonra gələnlərə gözəl xatirə et” duasının qəbul olunmuş şəklidir, lakin bizim üçün daim Onu xatırlamaqda bir ibadət tərbiyəsi, bir təslimiyyət dərsi, bir təvəkkül və qədərə razılıq nümunəsi var.

Qurban həzrət İbrahim imtahanının davamıdır

Qurban Allah-Təalanın həzrət İbrahimi çəkdiyi imtahanın davamıdır. Müsəlmanın  Allaha qulluqda verdiyi imtahanlardan biridir. Quran bu hadisəni Allahın əmrlərinə təslimiyyət və itaətdə bir üfüq, bir qayə kimi insanlara təqdim edir. Həzrət İbrahimdə möhtəşəm bir təslimiyyət, iman və itaət vardır. İllərdir, övlad həsrəti ilə alışıb yanm.ışdı. Allah ona ahıl yaşlarında oğul verdi, sonra oğul böyüyüb yeniyetmə çağına çatanda yuxusunda oğlunu qurban kəsdiyini gördü. Bu yuxunun oğlunu qurban etmək üçün Rəbbindən bir işarə bildi. Halbuki yuxuda gördüyü sadəcə işarə idi, açıq-aşkar vəhy deyildi. Lakin həzrət İbrahim üçün Allahın əmrlərinə boyun əymək və itaət etmək üçün bir işarə kifayət edirdi. Ondan yeganə övladını döyüşə göndərmək və ya ona can bahasına başa gələn biri işi əmr etmək deyil, öz əlləri ilə qurban etmək istənilirdi. Həzrət İbrahim tam təslimiyyət və hüzur içində sakitcə oğluna tərəf getmiş, onu da eyni təslimiyyət içində, eyni əhvali-ruhiyyədə görmüşdü. Ata-oğul birlikdə Allah itaətin kamal zirvəsində əmri yerinə yetirməyə getmişdilər. Həzrət İbrahim oğlunu üzü üstə uzadıb kəsmək istəyəndə Allah-Təala onlara imtahandan alnıaçıq çıxdıqlarını bildirərək qurbanlıq qoç göndərmişdi. İmtahanın əsl üzü, itaətin gözəlliyi və təslimiyyətin böyüklüyü üçün bir məşəl kimi ucalan bu möhtəşəm hadisənin xatirəsi qurban adəti ilə davam edir. Peyğəmbərimiz də bu cəhətə diqqət yönəldərək:

Qurban kəsin. Çünki qurban kəsmək atanız İbrahimin sünnəsidir,” – buyurmuşdur.[5]

Qurban Allaha təslimiyyət ruhunu qüvvətləndirir. Bunun sayəsində insan həqiqi qulluq əxlaqına, davranışına yiyələnir, layiqincə şükür etməyə çalışır və Allaha yaxınlaşır.

Qurban ibadəti İslam şüarıdır

Şüar bir dinin, bir millət və ya bir sistemi təmsil edən atribut, nişan, emblem deməkdir. Dövlət bayraqları, əsgər formaları, pullar kimi. Bunlara qarşı yol verilən təhqiramiz hərəkətlər, hörmətsizlik həmin dövlət müəssisələri tərəfindən cəzalandırılır. Kəbəni ziyarət üçün gedənlərin orada qurban kəsmək üçün aparılan qurbanlıqlar da şüardır, çünki bunlar Allaha olan qulluğun nişanəsidir. Qurban şüarı da Məkkədə Səfa-Mərvə kimi Allahın nişanələrindən, dinin  əlamətlərindəndir. Quran bunu açıq-aşkar bəyan edir:

“(Ey möminlər!) Həqiqətən, Səfa və Mərvə Allahın əlamətlərindəndir (ibadət nişanələrindəndir)“.[6]

Şüarlar (əlamətlər) hər görənə, bu haqda hər düşünənə Allahı xatırlatdığına görə bu əlamətlərə hörmət göstərmək birbaşa Allaha hörmət etmək deməkdir. Deməli, dini şüarlara hörmət, onları qoruyub saxlamaq, şərtlərini yerinə yetirmək  və daim əziz tutmaq bəzilərinin hesab etdiyi kimi şirk qoşmaq deyil, əksinə dinin məğzidir, əsasıdır, qəlblərdə olan Allah inancının əks olunma şəklidir. Beləcə qurban da dinin bir şüarıdır. Onun haqqında yersiz və nalayiq sözlər danışmaq insanı dinindən dərhal çıxarar. Diqqət, təmkin, həssaslıq və etina ilə ilahi hikməti, ilahi qayəni düzgün anlamaq lazımdır.

Quranın bu ayəsi qurbanı tərif edir: Biz qurbanlıq dəvələri də Allahın nişanələrindən (Onun haqq dininin əlamətlərindən) etdik. Sizin üçün bu qurbanlarda (dini və dünyəvi) xeyir vardır. Artıq onları ayaq üstə durduqları (sol əli bağlı, sağ əli və iki ayağı açıq vəziyyətdə olduqları) halda kəsərkən üstlərində Allahın adını çəkin. Onlar böyrü üstə düşən (canları çıxdığı) zaman (ətindən) özünüz də yeyin, (yanınızda olub utandığından) əl açmayana (lakin verilənə etiraz etməyənə) və dilənçiyə də yedirdin. Onları (qurbanlıq heyvanları) sizə belə ram etdik ki, bəlkə, (nemətimizə) şükür edəsiniz![7] Bu ayə qurbanın keyfiyyəti ilə bağlı bu xüsusları ehtiva edir:

Qurban möminlər üçün Allahın dininin şüarlarından biridir.

Qurbanlar Allahın adını zikr etmək (anmaq) üçün kəsilir.

Qurban ibadətində möminlər üçün neçə-neçə faydalar var.

Qurbanlıq heyvanlar şükür etsinlər deyə insanların istifadəsinə və əmrinə verilmişdir.

Qurban Allah-Təalanın verdiyi nemətlərə bir şükrandır.

Qurban insanı Allaha yaxınlaşdırır

Qurban sözünün lüğətdə “yaxınlaşmaq” mənasına gəlməsi də onun həqiqi məna və məramını ehtiva edir. Hədislər göstərir ki, bəndə fərz və sonra vacib ibadətləri yerinə yetirməkdən başqa yolla Allaha daha sürətlə yaxınlaşa bilməmişdir.

Rəsuli-Əkrəm (s.a.s.) belə buyurur: “Adəm övladı Qurban bayramı günündə qan axıtmaqdan daha gözəl bir əməllə Uca Allaha yaxınlaşa bilməz. Qanını axıtdığı qurbanlıq qiyamət günü buynuzları, ayaqları, tükləri ilə birgə gələcək. Tökülən qan yerə düşməmiş Uca Allahın qatında uca bir məqama yüksəlir. Ona görə də könül xoşluğu ilə qurban kəsin“.[8] Bundan da sürətli mənəvi yüksəliş varmı?

Qurban şükür etməyi öyrədir

Qurban varlıya şükür, kasıba da təşəkkür hissini aşılayır. Təşəkkür hissini yoxsulun qəlbinə nəqş etməklə kifayətlənmir, onun qəlbini varlıya qarşı bəslədiyi kin, həsəd, nifrət kimi hislərdən arındırır. Bütün il boyu kəsilən ətin çoxunu sayca az olan varlılar yediyi üçün bir çox kasıb insanların qəlbində mənfi hislər baş qaldırır ki, bu hislər də Qurban bayramında kəsilən qurbandan – varlı-kasıb fərqi qoyulmadan – hər kəsin yeməsi nəticəsində əriyib gedir. Bununla yanaşı qurban yoxsul insanların varlı bəndələr vasitəsilə Allaha şükür etməsinə vəsilə olur.

Qurban Allah sevgisinin isbatıdır

Qurani-Kərimdə: Sevdiyiniz şeylərdən (Allah yolunda, din və müqəddəs dəyərlər uğrunda) xərcləmədikcə, əlbəttə, yaxşılığa və təqvaya nail ola bilməzsiniz,” – buyurulur. Allahı sevən Sevdiyinin yolunda fədakarlıq edər. Bu fədakar əməllərin hər biri öz-özlüyündə Allaha sevginin isbatıdır. Qurban ibadəti də bu baxımdan qulun qəlbindəki Allah sevgisinin bir sübutudur, dəlilidir. İnsanın ən çox sevdikləri arasında, əlbəttə, Allah və Rəsul sevgisindən sonra səhhət, mal-mülk, əhli-əyal, dost-tanış və s. yaxınlar gəlir. Həmçinin onlarla Quran ayəsi həm mal, həm də canla Allah yolunda təmənnasız, ciddi əzm və səy göstərməyi əmr edir.

Qurban ibadəti Allaha təzim, insanlara şəfqətdir

Müsəlmanın ilahi rizanı qazanmaq üçün kasıb-kusuba yedirdiyi və ya payladığı ətlə yanaşı, ailəsinin yediyindən də axirət mükafatı qazanır. Aşağıdakı hədis qurbanın nə qədər savab ehtiva etməsinə gözəl dəlildir. Zeyd ibn Ərkam (r.a.) nəql edir: “Səhabələr Rəsulullahdan: “Ey Allahın Rəsulu, bayram günü kəsilən bu qurbanın hökmü nədir?” – deyə soruşdu. Allah Rəsulu: “Ulu babanız İbrahimin (ə.s.) sünnəsidir,” – buyurdu.

Əshab: “Çox yaxşı, qurban kəsməklə nə qədər savab qazanarıq, ey Allahın Rəsulu?” – dedilər. “Qurbanın hər tükünə bir savab,” – deyə Allah Rəsulu buyurdu.

Əshab təkrar soruşdu: “(Qurbanlıq heyvan tüklü növdən deyil) yunlu (növdən) olsa, necə (yəni qoç, qoyun kimi qurbanlıqların savabı nə qədərdir), ey Allahın Rəsulu?”

Əleyhissalatu vəssalam Rəsulullah buyurdu: “Yunun hər tükünə bir savab var”.[9]

Qurban kəsməyən də savab qazanır

Maddi imkanı olmadığı üçün qurban kəsə bilməyənlər buna görə üzülməklə yanaşı, təbii ki, ən azı (əgər varsa) əhli-əyalına qurban ziyafəti verə, doyunca ət yedirə bilmədiyi üçün də çox kədərlənir. Lakin İslam məhrumiyyət dini deyil. İmkansızlıq üzündən bayramda heç nə edə bilməyənlər məhz niyyətlə axirət savabını qazana bilərlər.

Yəni yoxsul müsəlman səmimi niyyətlə “Allahım, əgər imkanım olsa idi, Sənin üçün qurban kəsərdim” deyib keçirdiyi iztirab səviyyəsində qurban kəsənlər qədər mükafata nail olar.

Abdullah bin Amr b. əl-Asdan rəvayət edildiyinə görə, Rəsulullah (s.a.s.) belə buyurmuşdur: “Mənə Qurban gününü bayram kimi qeyd etmək əmr edildi. Allah onu bu ümmət üçün bayram buyurmuşdur”. Bir adam ondan soruşdu: “Ey Allahın Rəsulu, əgər mənə borc verilmiş bir heyvandan başqa heç nəyim yoxdursa, onu kəsə bilərəm?” Rəsulullah: “Xeyr, – dedi – ancaq saçını, dırnaqlarını qısaltsan, bığını azaltsan, ədəb yerini taraşı etsən, sənin üçün Allah qatında qurban yerinə keçər,” – deyə buyurdu”.[10]

Qurban Allahın bəşəriyyətə ərməğanıdır

Əslində qurban hər gün, yaxud həftədə bir dəfə ət yeyən yoxsul olmayan müsəlmanların ildə bir dəfə əti qəssabdan almayıb özü kəsərək, yaxud kəsdirərək həm ailəsinə yedizdirməsi, həm də ətrafdakılara paylamasıdır. İnsanı yaradan Allah ona lazım olan hər cür gözəl əməl yolunu da göstərmiş, hətta əmr etmişdir. Qurban ibadəti, sözün əsl mənasında, bütün faydaları ilə birlikdə Allahın bəşəriyyətə ən böyük ərməğanlarından biridir. Qurban ərməğanını könül xoşluğu ilə, sevə-sevə alıb bağrına basa bilən hər bir insan könüllərdə taxt quracaq, göy əhlinin qəlbində dostluq sarayının sakini olacaq, yer əhlinin imanlı köksündə isə layiqli yerini tutacaq.

Qurban ilahi ziyafət süfrəsidir

Qurban ibadəti onu kəsənin ailə üzvləri və yoxsullar – ümumən hamı üçün ilahi ziyafət süfrəsidir. Qurani-Kərimdə Rəhimli Rəbbimiz bizlərə qurban ətinin necə bölüşdürüləcəyini bəyan etmişdir: Onlar böyrü üstə düşən (canları çıxdığı) zaman (ətindən) özünüz də yeyin, (yanınızda olub utandığından) əl açmayana (lakin verilənə etiraz etməyənə) və dilənçiyə də yedirdin. Onları (qurbanlıq heyvanları) sizə belə ram etdik ki, bəlkə, (nemətimizə) şükr edəsiniz![11] Demək ki, qurban ətini imkansızlıq üzündən ancaq toyda-düyündə və ildə bir dəfə Qurban bayramında ət yeyən kasıb-kusublar və möhtaclar başda olmaqla qohum-əqrəba, tanıyıb-tanımadığımız hər kəsə təqdim etmək, izzət və ikram qapısını bütün bayram günlərində hər bir Allah qonağının üzünə açmaq Allahın qurban kəsənlərə bir buyruğudur.

Sələmə ibn Əqvadan (r.a.) rəvayət edilir: “Nəbi (s.a.s.) (qurban) bayramı xütbəsində: “Kim qurban kəssə, (bayramın) üçüncü gecəsindən sonra evində qurban ətindən bir şey qala-qala səhəri açmasın (yəni hamısını paylamamış yatmasın)!” – buyurdu. Növbəti ildə əshab soruşdu: “Ya Rəsulullah! (qurban ətini) keçən ilki kimi paylamalıyıq?” Rəsuli-Əkrəm (s.a.s.) belə cavab verdi: “Bu il (özünüzə də) yedirin, (ailəniz üçün də) azuqə saxlayın. Çünki keçən il xalq arasında qıtlıq hökm sürürdü. Allah-Təala yoxsul camaata kömək etməyinizi diləmişdi“.[12]

Qurban sosial ədalətin təmin olunmasına xidmət edir

Qurban toplumda ədalətin inkişaf etməsinə, oturuşmasına kömək edir. Toplum təbəqələri arasındakı uçurumların aşılmasına və müxtəlif zümrələrin bir-birinin halından xəbər tutmasına, qaynayıb-qarışmasına ciddi təsir edir. Məlum olduğu kimi, cəmiyyətdə varlılar və orta səviyyəli insanlarla yanaşı, aylarla ət üzü görməyən, yarı ac, yarı tox gəzsə də, halını büruzə verməyən şəxsiyyətli yoxsullar da var. Çox vaxt belə insanlar başqalarına  ağız açmaz və heç kimdən bir şey istəməzlər. Qurban bayramı məhz bu cür yoxsullar üçün Allah-Təalanın bir ziyafətidir. Bu ilahi ziyafət sayəsində yoxsulların da könlü şad olur, onlar da cəmiyyətin rifahından pay almış olurlar. Bu da öz növbəsində sosial ədalətin bərqərar olmasına və insanlar arasında sevgi bağlarının qüvvətlənməsinə vəsilədir.

Qurban İslamın ümumbəşəri yardımlaşma kampaniyasıdır

Qurban İslamda sosial yardımlaşma və həmrəyliyin ən bariz nümunəsidir. Qurban toplumda qardaşlıq, yardımlaşma, fədakarlıq və həmrəylik ruhunu “mayalayır” və inkişaf etdirir. Qurban ibadətinin fərdə aid dini-fiqhi şərtlərini yerinə yetirmək mühümdür və bu da dini şərtlərə cavab verən heyvanın qanını axıtmaqla icra edilir. İslami və bəşəri dəyərlərə sahib olan “normal müsəlman” ibadətin ictimai hikmət və məsləhətlərini də nəzərə alır. Ancaq öz nəfsini düşünən eqoistlər kimi deyil, əksinə, insanları anlamaya çalışaraq üqba cənnətindən əvvəl bir dünya cənnəti yaşatmaqla yaşamağı özünə ideal seçmişdir.

Yoxsul insanları rəncidə etmədən, incitmədən təbii bayram havası ilə qucaqlar, yaralarını sarıyar, kömək edər, dərdlərini dinləyər, problemlərini həll edər, bu köməyini də özünə borc bilər, əsla minnət ummaz. Rəsulullah (s.a.s.) buyurur:

Möminlər bir-birini sevməkdə, mərhəmət və şəfqət göstərməkdə bir vücud kimidir. Vücudun bir üzvü narahat olduqda digər üzvləri də yuxusuzluq və atəş içində ona qatılar“.[13]

Ey Allahın qulları, qardaş olun. Müsəlman müsəlmanın qardaşıdır. Ona zülm etməz, yardım etməyib öz dərdi ilə baş-başa qoymaz, onu alçaltmaz (üç dəfə köksünə işarə edib) təqva budur, məhz buradadır…[14]

Rəsulullah bu incitək sözləri və davranışları ilə qiyamətədək ümmətə və bəşəriyyətə ən gözəl örnəkdir.


[1] “Həcc” surəsi, 22/34.
[2] “Həcc” surəsi, 22/37.
[3] Buxari, Bədul-Vəhy, 1; Mənaqibul-Ənsar, 45; Talaq, 11; Müslim, İmarə, 155;  Əbu Davud, Talaq, 11.
[4] “Ənam” surəsi, 60/162.
[5] İbn Macə, Ədahi, Əhməd ibn Hənbəl, Müsnəd, IV, 368; Hakim, Müstədrək, II, 422.
[6] “Bəqərə” surəsi 2/158.
[7] “Həcc” surəsi, 22/36.
[8] İbn Macə, Ədahi, 3; Tirmizi, Ədahi, 1.
[9] İbn Macə, Ədahi, 3; Əhmed ibn Hənbəl, Müsnəd, VI, 368;  Hakim, Müstədrək, II, 422.
[10] Əbu Davud, Ədahi 1; Nəsai, Dəhaya 2.
[11] “Həcc” surəsi, 22/36.
[12] Abdil Latifiz-Zebani, Sahih Buhari Muhtasarı, Tecridi-Sarih tercümesi ve şerhi, c:12, s.:34, Had. No: 1886.
[13] Buxari, Ədeb 27, Müslim, Birr 66.
[14] Buxari, İkrah 7, Müslim, Birr  32.



Bənzər məqalələr

Qurban ibadətinin tarixi

Rəsulullah belə buyurmuşdur: “Üç ibadət mənim üçün fərz, sizin üçün isə nafilədir. Bunlar vitr namazı, qurban kəsmək və quşluq (duha) namazıdır”.

məscid namaz dua
Bayram namazı necə qılınır?

Bayram namazları iki rükətdir. Camaatla və səsli qılınır. Azan və qamət oxunmur.

Hansı heyvanlardan qurban kəsmək olar?

Kəsiləcək qurbanlıq heyvan cins (növü), yaş, çəki (neçə adama çatması) baxımından müəyyən xüsusiyyətlərə malik olmalıdır.

Zilhiccə orucu

Rəsulullah (s.a.s.) dörd şeyi tərk etməzdi; Aşura orucu, zilhiccənin ilk on günü və hər ayda üç gün oruc tutmağı, sübh namazından əvvəl iki rükət namaz qılmağı.

Qurban kəsməyin hökmü

Qurban bayramında qurban kəsməklə məsul olan hər bir kəsin, Allaha yaxınlaşmaq niyyəti ilə kəsdiyi qurbanın hökmü mövzusunda vacib və ya sünnə olmaqla iki rəy vardır.


Şərh yaz