804 dəfə oxunub ,   0 şərh   Çap et

Rəhmət və məğfirət ayının yarısını geridə buraxdıq. Günlər sürətlə axıb gedir. Vaxt azalır. İçində olduğumuz ayın feyz və bərəkətindən istifadə edərək hər gün bir nəbzə qulluqda dərinləşərək Uca Allahın sevgisini qazanmağa çalışmalıyıq. Allahın bəndələrinə qarşı mərhəməti olduqca çoxdur. O mərhəmətdən faydalanmaq üçün bizlər də Onun (C.C) qapısına üz tutmalı, istədiyimizi Ondan  istəməliyik. Zatən vermək istəməsə idi, istək duyğusunu verməzdi. 
Allah Rəsulu (s.ə.s) belə buyurur:

إِنَّ لِلَّهِ مِائَةَ رَحْمَةً أَنْزَلَ مِنْهَا رَحْمَةً وَاحِدَةً بَيْنَ الْجِنِّ وَالإِنْسِ وَالْبَهَائِمِ وَالْـهَوَامِّ، فَبِهَا يَتَعَاطَفُونَ، وَبِهَا يَتَرَاحَمُونَ، وَبِهَا تَعْطِفُ الْوَحْشُ عَلَى وَلَدِهَا، وَأَخَّرَ اللهُ تِسْعًا وَتِسْعِينَ رَحْمَةً، يَرْحَمُ بِهَا عِبَادَهُ يَوْمَ الْقِيَامَةِ

“Uca Allah rəhməti yüz hissədir. Bunlardan birini insanlar, cinlər, heyvanlar və həşəratlar arasına endirib. Onlar bu səbəblə bir-birlərini sevər və bir-birlərinə acıyarlar. Vəhşi heyvan balasına bu səbəblə şəfqət göstərir. Allah, o doxsan doqquz rəhməti qiyamət günü qullarına mərhəmət etmək üçün yanında saxlamışdır.”  Başqa bir rəvayətdə isə: “Allah, rəhmətini yüz paya ayırdı. Doxsan doqquz payını Öz nəzdində saxladı, bir payını da yer üzünə endirdi. Varlıqlar bu  bir parça rəhmət səbəbi ilə bir-birinə acıyar. Hətta heyvanlar, balasının üzərinə basacaq qorxusu ilə ayağını çəkib qaldırar.” (Buxari, ədəb 19; Müslim, Tövbə 17, 19)

قَدِمَ عَلَى رَسُولِ اللهِ صلى الله عليه وسلم بِسَبْيٍ، فَإِذَا امْرَأَةٌ مِنَ السَّبْيِ تَبْتَغِي، إِذَا وَجَدَتْ صَبِيًّا فِي السَّبْيِ أَخَذَتْهُ فَأَلْصَقَتْهُ بِبَطْنِهَا وَأَرْضَعَتْهُ، فَقَالَ لَنَا رَسُولِ اللهِ صلى الله عليه وسلم : أَتَرَوْنَ هَذِهِ الْـمَرْأَةَ طَارِحَةً وَلَدَهَا فِي النَّارِ؟ قُلْنَا: لا وَاللهِ، وَهِيَ تَقْدِرُ عَلَى أَنْ لا تَطْرَحَهُ، فَقَالَ رَسُولِ اللهِ صلى الله عليه وسلم :للهِ أَرْحَمُ بِعِبَادِهِ مِنْ هَذِهِ بِوَلَدِهَا

Ömər ibn Xəttab (r.a) rəvayət edir:
“Rəsulullaha (səllallahu əleyhi və səlləm) əsirlər gətirildi. Aralarında körpəsini axtaran qadın vardı. Əsirlər arasında tapdığı bir uşağı tez götürüb bağrına basdı və onu doyuncaya qədər əmizdirdi.
Bunun üzərinə Rəsulullah -səllallahu əleyhi və səlləm- bizə belə buyurdu:

– Nə düşünürsünüz, bu qadın, uşağını oda-atəşə atarmı? Biz də:
– Xeyr, Vallahi (Allaha and olsun ki), bu qadın gücü çatdığı qədəri ilə belə bir şey etməz, uşağını oda atmaz! – dedik.
Bunun üzərinə Rəsulullah (s.ə.s) belə buyurdu:
– Allaha and olsun ki, Allah Təalanın qullarına olan mərhəməti, bu qadının uşağına olan mərhamətindən daha çoxdur.” (Buxari, Müslim)

لَمَّا خَلَقَ اللَّهُ الخَلْقَ كَتَبَ في كِتَابٍ، فَهُوَ عِنْدَهُ فَوْقَ العَرْشِ: إِنَّ رَحْمَتي تَغْلِبُ غَضَبِي

Əbu Hüreyrənin (r.a) rəvayət etdiyi hədisdə isə buyrulur:“Uca Allah məxluqatı yaradarkən Ərşin üstündəki kitabına belə yazmışdır: Rəhmətim qəzəbimə üstün gəlmişdir.” (Buxari, Müslim)

قُلْ لِمَنْ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ قُلْ لِلَّهِ ۚ كَتَبَ عَلَىٰ نَفْسِهِ الرَّحْمَةَ

“De: ‘Göylərdə və yerdə olanlar kimindir?’ De ki: ‘Allahındır!’ O, Özünə mərhəmətli olmağı vacib etmişdir.” (Ənam 6/12)
وَرَحْمَتِي وَسِعَتْ كُلَّ شَيْءٍ  “Mərhəmətim isə hər şeyi əhatə etmişdir.” (Əraf, 7/156)
İnsan tanımadığı bir əlin onun başını oxşadığını hiss edərsə narahat olar. Ancaq başımızı oxşayan anamız olarsa o zaman məsələnin rəngi dəyişər. İnsan, anasının özünə qarşı göstərdiyi şəfqət qarşısında anasını sevir, ona bağlanır. Hədisdən öyrənirik ki, anamıza bu şəfqət duyğusunu verən Rəbbimizdir. O (Cəllə Cəlaluhu), bizə öz doğma anamızdan daha mərhəmətlidir.
Ətrafımızda var olan, yaradılan hər bir şey insana xidmət verir, onun ehtiyaclarını təmin edir. Günəşi, ayı, gecəni, gündüzü, ulduzu, atmosferi, yağışı, qarı, əsən küləyi, uçan quşu, üzən balığı, heyvanları, bir sözlə hər bir şeyi bizə xidmət etsin deyə yaradan, əmrimizə amadə edən Rəbbimizdir. (Haşiyə: Bu ifadələri söz gəlişi bir araya gətirilmiş qafiyə kimi düşünməyək. Hər biri ayə ilə sabitdir.)
İmtahan dünyasında yaşayırıq. Bəzən zahirən naxoş hadisələrlə qarşılaşır, Allah əfv etsin, Onun (C.C) rəhmətini sorğulayır, gizlin üsyan edirik. Yenə analarımızdan misal verək. Etdiyimiz bir yanlışa görə uşaq vaxtı anamızdan yediyimiz şillədən sonra yenə anamızın sinəsinə qısılır, orada ağlayarıq. Çünki onun bizə qarşı sevgi və şəfqəti var. Bunun kimi Allahdan gələn hər bir şeyə bu gözlə baxsaq məsələnin rəngi dəyişər.
Yunus Əmrə nə gözəl ifadə etmişdir.

Gəlsə calalından cəfa,
Yaxud camalından vəfa,
İkisi de cana səfa,
Narın da xoş, nurun da xoş,
Qəhrin də xoş, lütfün da xoş.

Allah dostlarından Piri Muğan həzrətləri bir gün tələbələri ilə dağda dolaşırkən bir çiçəyə diqqət kəsilir. Gözləri yaşarır. “Baxın, Allah Təala bizi sevdiyi üçün bizim xoşumuza gedən bu gözəllikdə çiçək yaradıb. Nəyə görə? Biz Onu sevək  deyə.” Demək ətrafımızda yer alan hər şeyə bu gözlə baxarsaq, hər şeyin rəngi dəyişər.
Meyvəyə baxırıq şüursuz, odun dediyimiz ağac bizə dadlı, ətirli, faydalı meyvə verir. Almanı alma kimi görüb yesək o zaman bir mənası olmaz. Heyvan da bizim aldığımız cismani ləzzəti alır. Ancaq insan dişlədiyi almadan Münimi, onu bizə bəxş edən Rəbbini xatırlayarsa hər şeyə baxış prizması da dəyişər.
Qış vaxtdır, xəstələnirik. Həkimə gedirik deyir ki, bol-bol vitamin qəbul etməlisən. Təbii vasitələrə üzr tuturuq. Ən ucuzu, bol olanı almadır. Düşünün ki, alma qara rəngli, kələ-kötür, dadsız, qoxusuz bir şey olsa ondan nə qədər yeyərdik. Hər halda bir-iki dişlək alar, bugünkü vitamin ehtiyacımı aldım deyərək yeməzdik. Eynisini mandarinə, portağala da bağlamaq olar.
Sual yaranır: “Niyə Allah Təala bu meyvələri ətirli, rəngarəng, xüsusi formada, içində min bir fayda dərc edərək və yeməklə doymayacağımız gözəlliklər ilə yaradıb?” Cavab: Özünü tanıtmaq və sevdirmək üçün. Bizdən istədiyi nədir: Uca Allahın böyüklüyünü və əzəmətini, var və bir olduğunu bilmək, Onu sevmək, Onun istədiyi kimi bir həyat yaşamaq, Ona şükür etmək… Rəhməti sonsuz Rəbbimiz bunu da qarşılqsız qoymayıb. لَئِنْ شَكَرْتُمْ لَاَزٖيدَنَّكُمْ وَلَئِنْ كَفَرْتُمْ اِنَّ عَذَابٖي لَشَدٖيد  “Əgər şükür etsəniz, mütləq sizə (nemətimi) artıracağam. Əgər nankorluq etsəniz, (bilin ki,) həqiqətən, əzabım çox şiddətlidir!” Əzabım şiddətlidir deyirsə də, oda yenə rəhmətindəndir. Barmaq silkələnir ki, yoldan çıxmayaq. Ancaq bütün bunlara qarşı kor, kar, dilsiz qalanlara da nə deməli?!

PS. Bizə düşən nədir? Allahın var və bir olduğunu inanmalı, Onun əmr etdiklərinə və istədiklərinə boyun əyməli, yerinə yetirməliyik. Bizə bəxş elədiyi qabiliyyət və imkanları Onun sevgisini qazanmaq üçün sərf etməliyik. Şükür hər nemətin öz cinsindən verilir. Veriləndən bir hissəsini Onun yolunda sərf etməliyik ki, davamı gəlsin, genişləsin, artsın. Ağac budandıqca böyüyər. Hər daim Allahı xatırlamalı, xatırlatmalıyıq. Sevdiyimizi insanlara da sevdirməliyik…



Açar sözləri

qulluq rəhmət şükür

Bənzər məqalələr

Nə üçün namaz?

İnsan yaradılış baxımından çox zəifdir. Hər şey ona təsir edib əziyyət verir. İnsan həm də acizdir. Düşmənləri və bəlaları saysız-hesabsızdır. İnsan xəstəliklər, təbiətdəki fəlakətlər, ölüm qarşısında gücsüzdür.

Oruc şükrün açarıdır

Ramazan orucu həqiqi və xalis, böyük və ümumi bir şükrün açarıdır. Çünki digər vaxtlarda insanların əksəriyyəti ac qalmağa məcbur olmadığı üçün bir çox nemətin qiymətini yaxşı anlamır.

Allaha yaxınlaşmaq

Möminin əsas amalı və hədəfi Uca Allaha daha yaxınlıq və inandığı dəyərləri insanlara çatdırmaqdır.

Qulluq və sileyi-rəhm

O kəslər ki, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri birləşdirir (qohumluq əlaqələrini qoruyub saxlayır, mö´minlərə hörmət edir), Rəbbindən və (qiyamət günü çəkiləcək) pis haqq-hesabdan qorxurlar.

Yaradılışın qayəsi

Yardılışın qayəsi, yaxud yaradılışın məqsədi. Daha sadə ifadə ilə, biz niyə yaradılmışıq? Bizimlə birlikdə bu dağlar, daşlar, çaylar, göllər, dənizlər, onlardakı balıqlar, heyvanlar, həşəratlar, bitkilər, səma, Günəş, Ay, ulduzlar, qalaktikalar… bütün bunlar niyə var, kimə və nəyə lazımdır?


Şərh yaz