Rad surəsində Uca Allah düşünən insanlar üçün “O kəslər ki, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri birləşdirir (qohumluq əlaqələrini qoruyub saxlayır, mö´minlərə hörmət edir), Rəbbindən və (qiyamət günü çəkiləcək) pis haqq-hesabdan qorxurlar.” (Rad surəsi, 13/21) buyurur.
Bu ayədə qohumluq əlaqələrinin əhəmiyyəti xüsusilə vurğulanır. Ayədə həm də “ulul-əlbab” deyə işarə edilən “düşünən insanların” beş xüsusiyyətinə diqqət çəkilir. Əvvəlcə “əlləzinə yufunə biəhdilləh” cümləsində “onların Allaha verdikləri sözə əməl etdikləri” ifadə edilir. Ruhlar aləmində Allaha verilən “iman etdim” sözünün, həmçinin sosial münasibətlərdə verilən sözlərin yerinə yetirilməsi bu ayəni ehtiva edir. Söz verməyin müsbət tərəfləri əmr edildikdən sonra “vələ yənquzunəl misəq” ifadələri ilə mənfi tərəflərinə də diqqət çəkilir və söz verənlərin verdikləri sözün üstündə durmalı olduqları bildirilir.
Daha sonra “vəlləzinə yəsilunə mə əmərallahu bihi ən yusələ” ifadələri ilə Allahın birləşdirməyi əmr etdiyi şeyləri birləşdirəcəkləri, qoruyub saxlamaları olduqları şeyləri isə mühafizə edəcəkləri nəzərə çatdırılır.
Ardınca “və yəxşavnə rabbəhum” ifadəsi ilə düşünən insanların Rəblərinə qarşı sevgi və qorxu (xaşyət) hiss etdiklərinə və buna uyğun yaşadıqlarına diqqət çəkilir. Xaşyət Allaha duyulan hörmətin ifadəsidir. Ona qarşı qəlbin ürpəndiyini göstərir. Xüşu da Allahın böyüklüyü və əzəməti qarşısında səcdə etmək, iki qat olmaq deməkdir. İnsanın xüşu və xaşyət sahibi olması elm və mərifət əhlinə aid xüsusiyyətlərdir. Necə ki, Fatir sürəsinin 28-ci ayəsində bu haqda bildirilir:
“Allahdan Öz bəndələri içərisində ancaq alimlər qorxar. (Onlar elm sahibi olduqları üçün Allahın vəhdaniyyətini, heybət və əzəmətini daha yaxşı başa düşür və Ondan daha çox qorxurlar).”
Daha sonra da “vəyəxafunə suəl hisəb” buyurulur. Yəni, onlar Qiyamət günü etdiklərinin qarşılarına çox pis çıxmasından qorxar və tir-tir titrəyərlər.
Əməl edilməli ilahi əmr
Surədə sadalanan elm əhlinin xüsusiyyətləri bunlarla bitmir. Digər xüsusiyyətlər də göstərilir. Ancaq burada sadəcə “sıla” haqqında danışacağıq.
“Sıla” sözünün hərfi mənası “birləşdirmək” deməkdir. İslami əsərlərdə “insani bağları qorumaq, yaxşılıq etmək, nəzarət etmək”, xüsusilə də “qohumluq əlaqələrini möhkəmləndirmək” mənalarında işlədilir.
Allahın burada birləşdirilməyini və nəzarəti əmr etdiyi şeylərdən anlaşılan ilk məna verilən sözləri yerinə yetirilməkdir. Bundan əlavə Allahla və Peyğəmbərlə (s.a.s), İslamın əmrlərilə qopmayan bir münasibət qurmaq kimi mənalar da bu ayəyə aiddir. İman əsaslarından İslam metoduna, dinin əsas qayda-qanunlarından detalların mühakiməsinə qədər əməl edilməsi və yerinə yetirilməsi əmr edilən hər şeyə “sıla” deyə bilərik. Bir sözlə burada dinə və dini hökmlərə bağlılığın əmr edildiyini nəzərdə tutulur.
Daha dəqiq desək “sıla” dedikdə sileyi-rəhm, yəni qohumluq əlaqələrinin möhkəmləndirilməsi nəzərdə tutulur. İnsanların bir-birindən qopduğu dövrdə məsələnin bu yönü xüsusi əhəmiyyət kəsb edir. Təəssüf ki, eyni ağacın budaqları, yarpaqları və ya meyvələri olan insanlar bir-birilərindən uzaqdırlar. Övladlar nəinki qohum əqrəbalarından, hətta ana və atalarından da qopmuş halda yaşayırlar. Qohumların bir çoxunu tanımırlar. Onlara qarşı məhsuliyyətlər də artıq unudulub. Cəmiyyət öz dəyərlərindən uzaq düşdüyü və bu məsələyə yadlaşdığı üçün bu məsləni bərpa etməklə əlaqəli nə qədər cəhd göstərilsə yenə də azdır.
Halbuki, Qurani-Kərimdə bir çox ayədə valideyn haqqı və qohum-əqraba bağları xüsusilə qeyd olunur. Məsələn, Nisə surəsinin 36-cı ayəsində: “Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Ata-anaya, qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonşuya, yaxın dosta, yolda qalana və əlinizin altındakılara (qul, kəniz, yaxud xidmətçilərə) yaxşılıq edin! Şübhəsiz ki, Allah özündən razı halda lovğalıq edən kimsələri sevməz”, – buyurulub. Burada Allah özünə ibadəti əmr etdikdən sonra, valideynlərə və qohum-əqrabaya xoş davranılmasını, yaxşılıq və xeyrxahlıq edilməsini əmr edir.
Buna görə də mömində qohumlarına qarşı çox “sıla” hissi olmalıdır. Valideynlər başda olmaqla yaxın və ya uzaq heç bir qohum sileyi-rəhmdən məhrum edilməməlidir. Allah (c.c) öz haqqından sonra əvvəlcə valideynlərin, sonra qohum-əqrabanın, daha sonra da bizimlə hər hansı bir əlaqəsi və ya bağı olan insanların haqqına nəzər yetirdiyi üçün bu haqlara mütləq əməl edilməlidir. Hətta şüursuz daşlar da birlikdə tavanlar, sütünlar meydana gətirdikdə dağılıb-tökülmürlər. Eynilə insanlar da sosial həyatda ən yaxın çevrədən başlamaqla əl-ələ verib, maddi-mənəvi ehtiyaclarında bir-birilərinə dəstək olarlarsa dağılıb-tökülməzlər.
Qulluq sileyi-rəhmə mane olmamalıdır
Bəzən insanların ağlına bir çox şeytani fikirlər gələ bilər, məsələn: “Mən onsuz da dinə xidmət edirəm, müqəddəs bir vəzifəni yerinə yetirirəm. Belə vacib məsələlər olduğu halda valideyn və ya qohum-əqraba haqqı olmasa da olar”. Bu cür düşüncələri Quran məntiqi ilə qarşılaşdırmaq mümkün deyil. Quran və Sünnətin israrla vurğuladığı bu məsələni heç kim görməzlikdən gələ bilməz. Əgər Allah (c.c) Müqəddəs Kitabında onların haqqını qorumağı əmr edibsə, mömin üçün bu, çox vacib dini mükəlləfiyyətdir. Heç kimin Allahın hökmlərini dəyişdirməyə haqqı yoxdur. Buna görə də möminə düşən vəzifə, onları ziyarət etmək, xoş davranmaq, dualarını almaq və əgər varsa ehtiyaclarını ödəməkdir.
Həm fasilə vermədən edilməsi vacib olan əməlləri yerinə yetirmək (dini təbliğ), həm də valideyn və qohum-əqrabaların haqlarına riayət etmək, onları ziyarət etmək və nəvaziş göstərmək mümkündür. Bunlardan biri digərinə mane olmamalıdır. Bir yandan Rəbbimizin rizasını qazanmaq üçün haqq və həqiqətləri açıqlayan İslama xidmət etməli, digər yandan da yenə Onun (c.c) rizası üçün ana-atanın, nənə və babaların, xala və bibilərin, dayı və əmilərin razılığını qazanmalıyıq.
Hətta başqaları üçün etdiyimiz vəzifələri onlar üçün də etməli və bu baxımdan sileyi-rəhmi mühüm bir vəsilə olaraq görməliyik. Ailələrimizlə, qohumlarımızla münasibətimizi möhkəmləndirərək sahib olduğumuz dəyərlərdən onların da xəbərdar olmağına kömək etmiş olarıq. Beləliklə, Allahın izni və inayəti ilə ziyarətlərimizi hər dənəsi artaraq yeddi yüz olan sünbüllər kimi bərəkətləndirərik. Söz ilə olmasa da hal və davranışlarımızla onlara nələrsə öyrədə və örnək ola bilərik. Hər zaman söylədiyimiz kimi nümunə olaraq həll edə bilməyəcəyimiz problem yoxdur.
Xüsusilə də dövrümüzdə texnologiyanın inkişafı ilə bağlı olaraq yaxınların və qohum-əqrabanın hal-əhvalını soruşmaq, onlarla maraqlanmaq daha rahatdır. Hətta onlardan uzaqda olsaq və ziyarətinə gedə bilməsək də internet, telefon kimi vasitələrlə sileyi-rəhmlə bağlı vəzifələrimizi yerinə yetirə bilərik. Onlarla səsli və ya görüntülü danışa bilər, münasibətimizi gücləndirər, vəziyyətlərindən xəbərdar olar və onların könlünü xoş edə bilərik.
Gəlməyənə gedilməlidir
Mövzu ilə bağlı son bir məqama toxunmaq istəyirəm. Yaxınlarımızın bizimlə münasibətini kəsmələri, sileyi-rəhm vəzifəsini lazımınca yerinə yetiməməkləri bizim bu vəzifədən boyun qaçırmağımıza bəhanə ola bilməz. Belə ki, hədisdə bizimlə münasibətini kəsən insanlara qarşı edəcəyimiz sileyi-rəhmin çox fəzilətli olduğu bildirilib. (Buxari, Ədəb 15; Əhməd ibn Hənbəl, Müsnəd, 24/383)
Kaş hər kəs bu mühim vəzifəni yerinə yetirsə! Yaxınlarını axtarıb soraqlasa, onların ziyarətinə getsə, böyükdən balacaya hər kəsin könlünü xoş etsə…
Ancaq yuxarıda da qeyd etdiyimiz kimi, bu gün hətda ən yaxın qohumlar arasında da ciddi bir əlaqə var. Bu səbəbdən yaxınlarımız gəlməsə də, biz onlara getməliyik. Onlar zəng edib hal-əhvalımızı soruşmasa da, biz soruşmalıyıq. Atalar demişkən, yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq mərd kişinin işidir.
Sileyi-rəhmdə hər kəs qarşılıq verir. Qonaq gələnə hər kəs qonaq gedir. Yaxşılıq və ehsan edənə qarşılıq vermək asandır. Bu bir növ alış-veriş kimidir. Hər iki tərəf də qazanc vəsiləsilədir. Ancaq tərəflərdən biri öz öhdəsinə düşəni etmədikdə yaxşılıq və ehsanı davam etdirmək heç də asan deyil. Əgər bir insan qarşı tərəfin soyuq rəftarına rəğmən münasibətini, ziyarətlərini davam etdirərsə, o halda həqiqi sileyi-rəhmə əməl etmiş olar. Əgər normal halda “sılaya” qarşı “sılada” on qat savab qazanılırsa, belə bir “sılada” bəlkə yüz qat savab qazanıla bilər. Çünki bir insana özü ilə əlaqəsini kəsən, üzünə baxmayan bir insanın ayağına getməsi nəfsə çox ağır gəlir. Əgər, o hər şeyə rəğmən sırf Allah rızası üçün sileyi-rəhm vəzifəsini yerinə yetirirsə, şübhəsiz ki, onun bu əməli Allah qatında çox fəzilətli əməl hesab olunur.
Üstəlik bu vəzifəni edərkən bəzən telefonlar, bəzən dəqapılar üzümüzə bağlana bilər, bəzən isə olduğumuz yerdən qovula bilər, həmçinin üzümüzə istəmədiyimiz sözlər deyilə bilər. Bayramlarda və ya xüsusi günlərdə göndərdiyimiz bütün təbrik mesajları qarşılıqsız qala bilər. Bütün bunlara rəğmən küsməməli və inciməməliyik. Əksinə yeni yollar və üslublar axtararaq həmsöhbətimizin qəlbini yumşaldan metaodlar tapmalıyıq. Onlar gəlməsə biz getməli, yedirtməsələr yedirtməli, axtarmasalar da axtarmalıyıq. Pis rəftarlarına yaxşılıqla, kobudluqlarına da yumuşaqlıqla qarşılıq verməliyik.
Xülasə, mömin əxlaqı bunu tələb edir. Mərdlik də elə budur. Peyğəmbər yolu da budur.
Uca Allah rəhməti yüz hissədir. Bunlardan birini insanlar, cinlər, heyvanlar və həşəratlar arasına endirib. Onlar bu səbəblə bir-birlərini sevər və bir-birlərinə acıyarlar.
Möminin əsas amalı və hədəfi Uca Allaha daha yaxınlıq və inandığı dəyərləri insanlara çatdırmaqdır.
Silatür-rəhm” və ya “sileyi-rəhm” deyərkən ata, ana, baba, nənə, övlad və nəvə kimi yaxınları ehtiva edən qohum-əqrəbaya baş çəkmək, onların qayğısına qalmaq, onlara yardım etmək nəzərdə tutulur. Daha geniş mənada, ümumiyyətlə, “qohumluq, dostluq və insanlıq əlaqələri” kimi də işlədilir.
İnsan yaradılış baxımından çox zəifdir. Hər şey ona təsir edib əziyyət verir. İnsan həm də acizdir. Düşmənləri və bəlaları saysız-hesabsızdır. İnsan xəstəliklər, təbiətdəki fəlakətlər, ölüm qarşısında gücsüzdür.
Yardılışın qayəsi, yaxud yaradılışın məqsədi. Daha sadə ifadə ilə, biz niyə yaradılmışıq? Bizimlə birlikdə bu dağlar, daşlar, çaylar, göllər, dənizlər, onlardakı balıqlar, heyvanlar, həşəratlar, bitkilər, səma, Günəş, Ay, ulduzlar, qalaktikalar… bütün bunlar niyə var, kimə və nəyə lazımdır?