5. 401 dəfə oxunub ,   0 şərh   Çap et

Allah-Təalanın qulunun tövbə etməsindən duyduğu məmnuniyyət kimsəsiz səhrada itirdiyi dəvəsini tapan bir insanın sevinməsindən daha çoxdur.”[1]

Rəsulullah (s.ə.s.) başqa bir hədisində belə buyurur: “Allah qulunun tövbəsindən sonsuz dərəcədə məmnun və xoşnud olar. Belə ki, bir insan səhrada səfər edir. Səfər zamanı bütün azuqəsi, əşyası və suyunu yüklədiyi dəvəsi qaçıb gözdən itir. Adam sağa-sola qaçır, dəvəsini axtarır, tapa bilmir. Yorğun və ümidsiz halda bir ağacın altında yuxuya gedir. Gözlərini açanda bir də nə görsə, yaxşıdır, dəvəsi yükü ilə birlikdə başının üstündə dayanıb. Adam o qədər sevinir ki, Allaha şükür edərkən dili dolaşır, qeyri-ixtiyari: “Mən Sənin Rəbbinəm, Sən də mənim qulumsan,” – deyir. Məhz Allah-Təala bir qulunun tövbə etməsinə bu adamdan çox fərəh duyar, sevinər.”[2]

Tövbə işlənən günahdan sonra təkrar Yaradana dönməkdir.

Allah Rəsulu (s.ə.s.) da hədislərində bu dönüşdən bəhs edir.

Əlbəttə, hədisdə olan “məmnuniyyət” kəlməsini bizim anladığımız mənada və bizim ölçülərimiz çərçivəsində Allaha aid edə bilmərik. Onun məmnunluğu mütləq ehtiyacsızlığa uyğun müqəddəs məmnuniyyətdir ki, biz onun mahiyyətini, necə olduğunu dərk etməkdə acizik. Bununla birlikdə qulun tövbəsi Allah-Təalanı məhz bu şəkildə məmnun edir. Bizim üçün mühüm olan da bu mənanı anlamaqdır.

Nəsuh tövbəsi

Tövbədə digər əhəmiyyətli xüsus da onun “nəsuh”[3] olmasıdır. “Nəsuh” kəlməsi “hədsiz xeyirxahlıq”, “nəfsinə nəsihət vericilik” mənalarındadır. O, “nəsihət”lə eyni kökdən gəlir. Nəsihət bir insanın yaxşı düşünməsi, yaxşı görməsi, başqalarının yaxşılığını istəməsidir. “Din nəsihətdir” dedikdə başqalarına xeyirxah olmaq, xeyirxah davranmaq xüsusiyyəti qəsd edilir. Yoldan sapmasınlar deyə insanlara əl uzatmaq, Allahı, Peyğəmbəri tanıtmaq da bunun tələbidir.

İnsan ən çox öz nəfsinə yaxşılıq etməli, yəni ilk öncə öz nəfsini pis əməllərdən qorumalıdır. Nəfsin (canın) qorunması təməl hüququn beş prinsipindən biridir. İnsan nəfsini, yəni özünü içkidən, zinadan, küfrə və zəlalətə düşməkdən qorumalıdır. İnsan nəfsini cəhənnəm “odun”una çevrilməkdən mühafizə etməlidir, çünki odun kimi yaşasa, odun kimi həşr olunacaq. Odunların hara gedəcəyini də hamı bilir. Quran: “Onlar cəhənnəmin odunlarıdır,” – buyurur. Buna görə də hər bir insan günahlara qarşı çox diqqətli və həssas olmaqla öz nəfsinə yaxşılıq etmiş olur. İnsan nəfsinə  qarşı o qədər xeyirxah davranmalıdır ki, “Allahın köməyi ilə bir dəfə küfr və zəlalətdən qurtulduqdan sonra, günaha qayıtmaq ona cəhənnəmə girməkdən daha dəhşətli görünsün”.

Bütün bunlarla yanaşı, insanın iman yolunda büdrəməsi, günah işləməsi həmişə ehtimal daxilindədir. Ancaq dərhal ağıl və vicdanını hərəkətə gətirərək: “Mən Allahdan uzaqlaşmaqla bu hala düşdüm. Yalnız Onun əfvi ilə bu uçurumdan xilas ola bilərəm,” – deməli və imanını qüvvətləndirməyə, bütün varlığı ilə Rəbbinə yönəlməyə çalışmalıdır. Bu cür səmimi cəhdlər “nəsuh” (xalis) tövbənin bir yönünü təşkil edir.

Tövbənin əsas şərtləri

Tövbə edən insan bir daha əvvəlki günahlarına qayıtmamaqla yanaşı, nəfsi haqqında həmişə xeyirli şeylər düşünməlidir. İnsan necə ki övladlarının gələcəyi haqqında həmişə xeyir düşünür, onların gözəl yetişməsini, ağıllı və tərbiyəli olmasını, uğurlar qazanmasını diləyir, özü haqqında da daim yaxşı şeylər arzulamalıdır. Buna görə də daima günah işləməməkdə əzmli olmalı, Allahdan uzaqlaşmağı bağışlanmaz xəta və sağalmaz yara kimi görməlidir ki, nəsuh tövbə etmiş olsun. Allah bu məqamda buyurur: “Siz imanınız sayəsində əmin-amanlıqdasınız.” Bəli, iman etmisiniz, gözünüz açılmış, ağı qaradan seçə bilirsiniz, həmçinin Allaha güvənir, arxalanırsınız. Bu baxımdan əgər büdrəsəniz, ya da bir anlıq yoldan çıxsanız, bədbinliyə, ümid­sizliyə düşməyə heç bir əsas yoxdur. Çünki Allah şirkdən başqa bütün günahları bağışlayacağını vəd edir.[4] Elə isə yıxıldığınız yerdə məyus-məyus oturmamalı, dərhal günahın peşmançılığı ilə doğrulub Allaha yönəlməklə özünüzü, yerinizi tapmağa çalışmalısınız. Məhz “tövbeyi-nəsuh” adlanan Haqqa müstəsna yönəliş, xalis tövbə budur. Tövbeyi-nəsuh üçün bu şərtlər də irəli sürülmüşdür:

Birincisi: günah qul haqqı ilə bağlıdırsa, əvvəla, o haqq sahibinə qaytarılmalı, sahibindən də halallıq alınmalıdır.

İkincisi: bir daha eyni günahı işləməmək məqsədilə ciddi və qəti əzm və iradə nümayiş etdirilməlidir.

Üçüncüsü: günahla tövbə arasına ikinci bir günahın girməsinə imkan verilməməli, yəni işlənən günahlar beş dəqiqə də tövbəsiz qalmamalıdır.

Tövbənin bir başqa meyarı da budur: günah ruhda iztirab sızıltısı, vicdanda nifrət, diksinmə və ürpərti hissi oyatmalıdır. Bir insan işlədiyi günahların mənəvi əzabı ilə “xəstə” düşmürsə, iztirab çəkmirsə, quru sözlərlə etdiyi (əgər onu da edirsə) “tövbə”nin nə mənası var.

Tövbə vicdanən peşman olmaq və bu peşmançılıq içində iztirab çəkməkdir. Tövbəni  dillə söyləmək isə qəlbin tövbəsinə sadəcə tərcümanlıq etməkdir.

Bəli, tövbə ancaq iztirabın dilə gətirilməsidir, sözlə ifadəsidir. Onu da yenə Allah Rəsulundan öyrənirik. Yəni insan peşmançılığını Rəsulullahdan (s.ə.s.) öyrəndiyin dualarla dilə gətirə bilər: “Əstağfirullah əl-azim əl-kərim əlləzi lə iləhə illəhu təvbətə abdin zalimin lə yəmliku linəfsihi məvtən və lə hayatən və lə nuşura” – “Tövbə edir, əfv diləyirəm. Boynu boyunduruqlu bir qul kimi tövbə edirəm. O, nə öz-özünə dirilə, nə ölə bilər, nə hərəkət edə, nə yata, nə dura bilər. Mən belə acizin acizi bir zavallı olaraq etdiyim günah və zülmdən Sənə tövbə edirəm.”

Allah Rəsulundan (s.ə.s.) nəql olunan bir hədisdə insanın tövbə və istiğfardan əvvəl iki rükət namaz qılmasından, sonra da başını yerə qoyub bütün varlığı ilə Rəbbə yönəlməsindən, Onun mərhəmətini görənədək səcdədə: “Ya Hayy, ya Qayyum, birahmətikə əstəğisu əslih li şəni kulləh və lə təkilni ilə nəfsi tarfətə ayn”[5] deyə dua etməsindən bəhs olunur.[6] Yəni Rəsulullah qəlbi titrədən peşmançılığı bu sözlərlə dilə gətirməyi tövsiyə edir.

Rəsulullahın (s.ə.s.) səhər-axşam oxunan və “seyidül-istiğfar” adlanan bir duası da var. Diləyən bu duanı oxuya bilər: “Allahummə əntə rabbi, lə iləhə illə əntə xalaqtəni və ənə abdukə və ənə alə əhdikə və vadikə məstətat əuzu bikə min şərri mə sənat, əbuu ləkə bini mətikə aleyyə və əbuu bi-zənbi fəğfirli fəinnəhu lə yəğfiruzzunubə illə ənt.”[7] Mənası: Allahım, Rəbbim Sənsən. Səndən başqa ilah yoxdur. Yalnız Sən varsan. Məni Sən yaratdın, şübhəsiz ki, Sənin qulunam. Sənə verdiyim sözə gücüm çatan qədər sadiqəm. (Allahım) yol verdiyim qüsurların şərindən Sənə sığınıram. Mənə ehsan etdiyin nemətini Zatı-Uluhiyyətinə (Allahın kainata hökm edib her şeyi özünə ibadət və itaət etdirməsi) etiraf edirəm. Günahımı da etiraf edirəm. Günahlarımı bağışla, çünki günahları bağışlayan Sənsən!)

Bəli, tövbə qəlbin peşmançılıq hissi keçirib iztirab çəkməsidir. Belə bir iztirab tövbə və istiğfar üçün işlədilən sözlərlə dilə gətirilərsə, məqbul olar. Ancaq içimiz günahın əzabını, iztirabını duymadan dilimiz: “Əstəğfirullah, əstağfirullah əl-azim əl-kərim əlləzi lə iləhə illahu əl-hayyəl-qayyum və ətubu ileyh”, yəni “Əlimlə, dilimlə, ağzımla, gözümlə, qulağımla işlədiyim hər günaha tövbə etdim, peşman oldum!” – deyir, duyğu və düşüncələrimiz bu sözləri müşayiət etmirsə və qəlbimizdə peşmançılıq fırtınaları baş qaldırıb nəfəsimizi kəsmirsə, demək ki, boş yerə əziyyət çəkirik.

Xülasə, insan ən azı, Allah qarşısında günahlarını dilə gətirərkən vicdanının səsinə tərcüman olmalıdır. Bəli, tövbə və istiğfar zarafat etmək, mərasim keçirmək deyildir. Əksinə, işlənmiş bir günahdan ötrü qəlbin keçirdiyi  həqiqi peşmançılıq hissini Rəbbə təqdim etməkdir.

[1] Buxari, Dəavat 4; Müslim, Tövbə 1, 7, 8.
[2] Müslim, Tövbə 7; Həmçinin bax: Tirmizi, Qiyamət 49, Dəavat 99; İbn Macə, Zühd 30.
[3] Nəsihətedici, xalis
[4] Nisa, 4/84
[5] Ey Hayy, Qayyum, mənim bütün qüsurlarımı islah et, məni bir göz qırpımı qədər də nəfsimlə baş-başa qoyma.
[6] Bax: Müslim, Təharə, 5-16.
[7] Buxari, Dəavat 17; Tirmizi, Dəavat, 15.



Bənzər məqalələr

Merac zamanı Peyğəmbərimizə (s.ə.s) bəzi günahların cəzası olaraq nələr göstərilmişdir?

Allah-Təala Meracda Rəsuluna (s.ə.s) bəzi günahlara Cəhənnəmdə verilən cəzaları göstərmişdir. Bu haqda Peyğəmbərimiz (s.ə.s) buyurur:

Dua, Dua, Dua – 2

Bəxtinə düşdüm, ey yeganə Mətlubum, Məqsudum, Məhbubum; nə olar, tövbəmi qəbul eylə, qəlbimə təkrar həyat bəxş eylə!

Nəyi seçirik?

Bu yazı Tövbə surəsinin dördüncü ayəsinin izahı ilə əlaqəlidir.

Necə tövbə etməliyik

“Ey insanlar! Allaha tövbə edib, ondan əfv olunmağı diləyin. Çünki  mən ona gündə yüz dəfə tövbə edirəm.” “Hər insan xəta işləyə bilər. Ancaq xəta işləyənlərin ən xeyirlisi, xətalarına tövbə edənlərdir.” 

Qul haqqı

Qul haqqı deyəndə insanın canı, malı, qeyrət və namusu, cəmiyyətdəki etibarı və s. kimi əsas haqları nəzərdə tutulur. Bunlar toxunulmazdır. Bu haqların ödənməsi ancaq haqsızlıq edən şəxsin, bütün imkanlardan istifadə edərək haqq sahibini razı salması ilə mümkündür.


Şərh yaz