Aylıq namaz vaxtları
241 dəfə oxunub ,   0 şərh   Çap et

Təvazö və ixlas

Təvazö qəlbdəki bir duyğu, insani bir haldır.

Təvazö öz üstünlüklərini, məziyyətlərini gözə çarpdırmağı, öz xidmətləri ilə qürrələnməyi sevməmək, şöhrətpərəstlikdən, lovğalıqdan uzaq olmaq və sadəlik deməkdir.

Təvazö Allah qatında çox qiymətlidir. Bu xüsusiyyətə malik insana da təvazökar insan deyilir. Təvazökarlıq bir çox hallarda davranış və rəftarda özünü göstərsə də, təkcə insanın davranışlarına baxıb onun təvazökar olub-olmadığını deyə bilmərik. Məsələn, bəzi insanların namazda ilk sıralarda, bəzilərinin isə arxa sıralarda durmağı onun təvazökarlığını göstərir. Burda əhəmiyyətli olan həmin insanın niyyətidir. Ən vacib məqam isə insanın daim özünə nəzarət etməsi, ixlası qoruması və həyatını buna uyğun yaşamasıdır. Təvazökar insan başqasının ona təzim etməsindən, etdiyi işlərə görə insanların onu yüksək mövqelərdə görməsindən, şəninə təriflər deməsindən və bənzər şeylərdən narahat olar.

Bir çox hədislərdə məscidə vaxtında gəlməyin və imamın arxasında namaz qılmağın fəzilətlərindən bəhs edilir. Bizim burada ifadə etməyə çalışdığımız şey məsələnin təvazö və kibrə baxan yönüdür. Bir sözlə subyektiv tərəfdir. Ancaq insan məsələnin sadəcə bu tərəfini düşünərək də savab qazana bilər. Məsələn, məscidə hamıdan əvvəl gəlməyinə baxmayaraq o savabı digər mömin qardaşı qazansın deyə arxa sıraya keçən insan da Allah qatın çox bəyənilən bir əməl etmiş olar. Ancaq istənilən halda həmişə belə davranmağı da doğru olmaz. Bu, bir müddət sonra həmin şəxsdə vərdişə çevrilə, üstəlik başqalarına özünü bu xüsusiyyəti ilə tanıtmağa başlaya bilər…

Mömin özünü ifadə etmək üçün bilərək və ya bilmədən hər hansı bir davranışı vərdişə çeviribsə, bunda ilişib qalmamalıdır. Həyatını müstəsna bir təvazö və sadəlik içində yaşamalıdır. Ancaq bunları heç bir halda forma və şəklə salmamalıdır. Çünki müəyyən forma və qəlibə salınmış təvazö anlayışı fərqində olmadan insanların diqqətini özünə çəkə bilər. Bu məsələdə insanlar səmimi davranmalıdırlar. Unutmamaq lazımdır ki, hal və hərəkətlərin zahiri bir dəyəri yoxdur. Onlara dəyər qazandıran insanın niyyəti və məqsədidir.

Vicdanın verdiyi hökmlər

İnsanı ən yaxşı tanıyan yenə insanın özüdür. Yəni, vicdan insanın aynasıdır. Vicdan həm də yanıltmayan ölçü və tərəzidir. Bu səbəbdən insan hər cür hal və hərəkətlərində bu ölçüyə əsaslanmalıdır.

Təkrar namaz örnəyini xatırlasaq, kimisi “Mənim öndə durmağa haqqım yoxdur” deyir və arxa sıraya keçir. Yəni, içindəki təvazökarlıq duyğusu onu arxa sıraya keçirdir. Bu o deməkdir ki, təvazökarlıq onda bu cür özünü büruzə verir. Ola bilər ki, arxa cərgəyə keçən digər insanın niyyəti isə başqalarına “Filankəs nə qədər təvazökardır, məscidə hamıdan əvvəl gəlsə də namazı arxa sırada qılır” dedirtməkdir. Həmin insan bilavasitə belə düşünməsə də gizlicə bu düşüncə ağlından keçə bilər. Həmin insan da əməlini, özünü bəyəndirmək istəyinə qurban etmiş olar.

Biz bilməliyik ki, insan niyyətlərinin, məqsəd və planlarının məcmusudur. İnsanın davranışlarına formalaşdıran bunlardır. Davranışlar bunlarla qiymət qazanır və ya tamamilə qiymətini itirir. Bir hədisdə deyildiyi kimi insan döyüş meydanında şücaətlə mübarizə apardığı halda, “görsünlər qəhrəmanlıq necə olur!” düşüncəsinin əsiri olarsa, onun bu əməlinin Allah qatında bir dəyəri olmaz və bir arpa dənəsi qədər də Cənnətə yaxınlaşa bilməz, əksinə Cəhənnəmə yaxınlaşar.

Ola bilər ki, bir başqası çox varlıdır və sahib olduğu var-dövləti son qəpiyinə qədər infaq edir. Amma özlüyündə “Gör necə səxavətliyəm. Əsl comərtlik belə olar” deyə düşünsə, onun əməlləri də hədər olar.

Elmə yiyələnmək, gözəl danışa bilmək, yazı yazmaq və ya gözəl şeir deyə bilmək kimi bir çox əməlləri də buna misal göstərə bilərik. Mömin də insanları təəccübləndirən xidmətlər etsə də, əgər etdiyi işlərin içinə az da olsa özünü göstərmək kimi məqsəd girərsə, bu, etdiyi gözəl əməllərin savabından onu məhrum edər. Buna görə də, bütün əməllərdə yalnız Allahın razılığı ummalı və yalnız Onun rizasını qazanmağa çalışmalıdır.

Bütün davranışlarını vicdan süzgəcindən keçirməyən və həmişə özünü başqalarından üstün görən insanın Allah qatındakı yeri aşağılarda olar. Müsəlman olaraq bizim vəzifəmiz bütün davranışlarımızı vicdan süzgəcindən keçirmək, vicdan tərəzisində etdiklərimizin ixlaslı olub-olmadığını mütəmadi ölçməkdir.

İnsanlığın xeyri üçün bir çox faydalı işlər görə bilərik. Bu işlərdə hər hansı dünyəvi mənfəət güdmüşüksə etdiyimiz bütün bu gözəl işlər axirətdə puç olar və bütün əməyimiz nəticəsiz qalar. Çünki Allah üçün edilməyən heç bir işdə qalıcı uğur əldə etmək mümkün deyil. Kibir və riya ilə edilən hər iş həm dinin, həm də millətin əleyhinədir. Əgər ixlas və səmiyyətlə təməli qoyulmayan işlərdə müvəqqəti uğur əldə olunursa, deməli, bu, günahların artmasına səbəb olacaq nemətlərdir.

Yalan kafir sözüdür

Əgər biz dünya və axirətdə məyus olmaq istəmiriksə, bütün əməllərimizi ixlas və səmimiyyətlə yerinə yetirməliyik. Səmimi olmadığımız nə bir söz söyləməli, nə bir kəlmə yazmalı, nə də bir iş görməliyik. Ən sadə və bəsit hərəkətlərimizdə belə Allah rizasına əsasən davranmalıyıq. Çünki Onu düşünmədən etdiyimiz hər əməl əbəsdir.

Bunu da qeyd etməliyik ki, axır zamanda ümmətin başına gələn bir çox problemin səbəbi yalandır. Elə “Dəccal” kəlməsi də yalançı deməkdir. Hətta bu kəlmə ərəb dilində hər yalan danışan insana deyilmir. Dediyi yalanlara özü də inanan yəni yalanda çox ifrata varanlara deyilir. Onların etdikləri, iman, İslam, ehsan şüuru, həmçinin millətə yaxşılıq etmək üçün edilmiş yaxşılıq kimi görünsə də, ixlas və səmimiyyət olmadığı zaman əbəs olduğu kimi, onların gələcək adına vəd etdiyi sözlər də faydasız və yalandır. Yalan isə bir İslam aliminin də dediyi kimi kafir sözüdür və möminə yaraşmır.

Təəssüf ki, yalan bu gün şeytanın ən qabaqcıl oyun və tələlərindən biridir. İstər feli, istər sözlü, istərsə də xəyali olsun, şeytan bu dövrdə yalanlarla bir çox insanı aldadır və yoldan çıxardır. Halbuki, mömin daim doğru yolda sabitqədəm olmalı, yalandan isə vəhşi heyvanlardan qaçdığı kimi qaçmalıdır…

Xülasə, təvazökar olmaq ixlas və səmimiyyətlə birbaşa əlaqəlidir. Buna görə də mömin ixlas və səmimiyyəti xarakter əlamətinə çevirməli, bunları qorumaq üçün əlindən gələni etməlidir.

 




Bənzər məqalələr

Qurandan faydalanmaq

Qurandan faydalanmaq üçün nələrə diqqət etmək lazımdır?

Sidq və ya doğruluq

Sidq və ya doğruluq peyğəmbərlərin beş əsas xüsusiyyətindən biridir. Uca Allah Quranda həzrət Musa və həzrət İbrahim haqda “O, büsbütün doğru danışan kimsə (siddiq) – bir peyğəmbər idi.”[1], həzrət İsmayıl haqda da: “O öz vədinə sadiq və bir elçi, bir peyğəmbər idi.”[2] – buyurmuşdur. Bu səbəbdən peyğəmbərlərin bütün hərəkət və ifadələrində doğruluq nəzərə çarpır. Peyğəmbərlər […]

İslamın əsası doğruluqdur

Rəsulullahın (s.a.s.) “Məni Hud və oxşar surələr qocaltdı” hədisini necə anlamaq lazımdır? 

Axirətdə qurtuluşun açarı

(Ya Rəsulum!) De: “Sizə əməlləri baxımından (axirətdə) ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi?” O kəslər ki, onların dünyadakı zəhməti boşa getmişdir. Halbuki onlar yaxşı işlər gördüklərini (və bunun müqabilində mükafata nail olacaqlarını) zənn edirdilər.

Ailədaxili problemlərin həlli

Rəsulullah (s.a.s.) ailədaxili problemləri necə həll edərdi?


Şərh yaz