Aylıq namaz vaxtları
179 dəfə oxunub ,   0 şərh   Çap et

Sidq və ya doğruluq peyğəmbərlərin beş əsas xüsusiyyətindən biridir. Uca Allah Quranda həzrət Musa və həzrət İbrahim haqda “O, büsbütün doğru danışan kimsə (siddiq) – bir peyğəmbər idi.”[1], həzrət İsmayıl haqda da: “O öz vədinə sadiq və bir elçi, bir peyğəmbər idi.”[2] – buyurmuşdur. Bu səbəbdən peyğəmbərlərin bütün hərəkət və ifadələrində doğruluq nəzərə çarpır. Peyğəmbərlər ilahi vəhyi insanlara çatdıran vasitəçilər olduqları üçün hərəkət, davranış və ifadələrində həmişə doğru olmağa diqqət etmiş və əsla doğruluqdan ayrılmamışlar.

İnsanlığın İftixarı (s.a.s.) da peyğəmbər olmazdan əvvəl “əl-Əmin” kimi tanınırdı. Hətta düşmənləri peyğəmbərlikdən sonra belə Onun sadiqliyinə şahidlik edirdilər. Çünki heç vaxt Onun ən kiçik yalanını belə görməmişdilər. Sadəcə təkəbbür və inadkarlıqlarından ötrü Onun gətirdiyi dini qəbul etmirdilər.

Yalan nədir?

Yalana iki cür tərif verirlər:

  1. İnsanın inandığı düşüncələrin, gəldiyi qənaətlərin və öyrəndiklərinin əksini danışması. Bir insanın başqa birini gördüyü halda görmədiyini deməsi bu cür yalandır. Çünki görən şəxs görmədiyini iddia etməklə bildiyinə zidd hərəkət etmiş sayılır.
  2. Bilinən bir həqiqəti təhrif etmək. Bir şəxsin Allahı inkar etməsi yalandır. Çünki təkvini əmrlər yüzlərlə dəlillə Allahın varlığını təsdiq edirlər. Rəcaizadə Əkrəmin ifadəsi ilə:

Bir kitabı-əzəmdir sərasər kainat,

Hansı hərfi yoxlasan, mənası Allah çıxar.

 Allahı inkar edən yalan söyləməklə yanaşı, kainatdakı Allahın varlığına dəlil sayılan bütün şahidləri də inkar edir. Məhz buna görədir ki, inkar edəni axirətdə ağır cəza gözləyir.

İnsanın təkvini əmrləri doğru oxuması və ilahi istəkləri düzgün dəyərləndirərək Allaha inanması da sidqin ifadəsidir. Gördüklərini və eşitdiklərini olduğu kimi danışmaq da doğruluqdur. Bu nöqteyi-nəzərdən sidq möminin əxlaqında çox önəmli yerə sahibdir. Bununla yanaşı insanların etimadını doğrultmağın əsas səbəblərindən biri də doğruluqdur. Sidq həmiçinin sədaqətin də ifadəsidir.   

Sidq könüldəki məna və məzmundur. Qəlbində sədaqət olan bir insan, həmişə doğru danışar və bütün orqanları doğruluğa can atarlar. Danışacağı hər sözü həssaslıqla seçər, həqiqətə uyğun olmayan kəlmələri dilinə gətirməz. Əgər bilmədən bir yanlış edərsə, lazım gəlsə, əlli dəfə “əstəğfürullah” deyər. Bu nöqteyi-nəzərdən əsas məsələ doğruluğun xarakterə çevrilməsidir.

Yalan isə sədaqət və doğruluğa xəyanət etməkdir. Yalana bir addım atan doğruluq binasını yıxmış olar. Yalanın hakim olduğu dövrümüzdə bir insanın həssaslıqla doğruluğu təmsil etməsi bir az çətindir. Ancaq unutmamaq lazımdır ki, Allah qatında dəyərli olan da elə çətini bacarmaqdır.

Siddiqlik məqamı

Siddiqlik İslamda peyğəmbərlikdən sonra ən yüksək dərəcə qəbul edilir. “Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar, etiqadı dürüst, peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır!”[3] Bu ayədə peyğəmbərlərdən sonra siddiqlərdən bəhs olunmuşdur.

Yəni bu məqam ehsan, eşq və mərifət məqamlarından da üstündür. Çünki bu məqam lazımi yerə qeyd-şərtsiz bağlanmağın və bunun üçün yeri gələrsə, canından keçə bilməyin ünvanıdır. Bu məqamda olan insan istənilən xüsusda Uca Allahın bütün əmr və təqdirlərini tərəddüdsüz, fayda və zərərinə baxmadan qəbul edir. Ərzurumlu İbrahim Haqqı kimi:

Demə bu nəyçün belə,

Yerindədir ol öylə,

Bax sonunu seyr eylə,

Mövla görəlim neylər,

Neylərsə, gözəl eylər.

Bu şeirin adı Tövfiznamədir. Tövfiznaməyə sidqnamə də demək olar.

Quranda müxtəlif ayələrdə “mudxalə sidq, muxracə sidq, lisanı-sidq, qədəmi-sidq, məqadi-sidq” kəlmələri ilə sidqdən bəhs olunur. Deməli, nəticəsi axirət olan bu dünya səfərində möminin ən böyük azuqəsi doğruluq olmalıdır. Mömin hər halında – bir işə başlayarkən, bitirərkən, oturarkən, durarkən, danışarkən və s. – doğruluğun təmsil etməlidir. Getdiyi hər yerdə sədaqət timsalı kimi qarşılanmalı, ayrılanda onun ardınca ancaq xoş danışılmalıdırlar. Hər addımını doğruluqla və doğruluğa tərəf atmalıdır.

Ola bilər ki, hər doğrunu hər yerdə deyə bilməsin. Ola bilər ki, bəzi vəziyyətlərdə susmağı üstün tutsun. Bu cür situasiyalarda sükutun boşluğunu təfəkkürlə doldurmaq olar. Sükut da bir hikmətdir əslində. Ancaq bugünkü dünyada bu hikmətə sahib olan heyf ki, çox azdır. Əfsus ki, insanların çoxu gəvəzəliyi sükutdan üstün tuturlar. Halbuki ünsiyyətin zərərli olduğu, həmsöhbətin deyilənləri eşitməyəcəyi (anlamayacağı) yerlərdə, yaxşı bilinməyən mövzularda, düşüncələrin tam olaraq ifadə edilməyəcəyi məqamlarda sükutu seçmək lazımdır. Əgər insan qəlbinin dərinliklərindəki hiss və düşüncələri düşünmədən bir anda dilə gətirirsə, özünü tərbiyələndirməli, nə etdiyi barədə yenidən düşünməlidir. Bu cür deyilən sözlər üslubdan uzaq olduğu, ölçülüb-biçilmədiyi üçün həm sözü deyən, həm də dinləyən üçün faydasızdır. Hətta dinləyənə zərər də verə bilər.

Sözlərin təmiz vicdanlara təsiri, onların doğruluğundan və doğru deyilməsindən asılıdır. İman və Quran həqiqətlərinin doğru təmsil edilməsi bir çox insanın hidayətinə səbəb ola bilər. Möminlər də bütün hal və hərəkətləri ilə istiqaməti və doğruluğu təmsil etməlidirlər ki, bu davranışları Allah dərgahında dua yerinə keçsin. Yəni Allah onların doğruluqda sabitqədəm olduqlarını görərək, istiqamətdən ayırmasın. Doğruluq möminlərin şüuarı olmalıdır ki, Allah da onları sirati-müstəqimdə sabitqədəm eyləsin.

Yalanın hökm sürdüyü müasir dünyada doğruluğa daha çox sarılmaq lazımdır. Müsəlman yalanın hər növündən uzaq durmalıdır. Onun hər sözü, baxışı, jest və mimikası, bütün hal və hərəkətləri doğru olmalıdır. Qeybət, iftira, yalandan şahidlik kimi çirkin əməllər ona yaddır. Çünki bunlar müsəlmanlıqla bir yerdə ola bilməz.  

Ola bilər ki, mömin danışarkən özü də bilmədən bəzi xoş olmayan ifadələr ağzından çıxsın. Bu cür sözlərin də ictihadda edilən səhvlər kimi dəyərlərndiriləcəyini ümid etməlidir. Ancaq bilərək və məqsədyönlü şəkildə yalan danışmaq, insanları aldatmaq küfrə aid xüsusiyyətdir.

 “Yalan dedikləri üçün onlar şiddətli bir əzaba düçar olacaqlar!”[4] Bu ayədə yalan münafiqlərin düçar olacağı cəhənnəm əzabının əsas səbəbi kimi göstərilir. Bir İslam alimi də bu ayəyə əsaslanaraq yalanın fərd, cəmiyyət və din üçün nə qədər böyük təhlükə olduğunu belə izah edir: “Yalan küfrün əsasıdır. Yalan nifaqın ilk əlamətidir. Yalan İlahi qüdrətə iftiradır. Yalan İlahi hikmətə ziddir. Yalan İlahi əxlaqa ziddir və onu korlayır. Yalan İslam aləmini zəhərləyən zəhərdir. Yalan insanların əhvalını pozur və insanın kamilləşməsinə mane olur. Müseyləmə kimi yalançılar məhz yalanları ucbatından biabır olmuşlar…”

Həmin alim doğruluqla əlaqəli isə bunları deyir: “İslamın əsası sidqdir. İmanın xüsusiyyəti sidqdir. İnsanı kamilliyə çatdıran doğruluqdur. Gözəl əxlaqın başlanğıcı sədaqətdir. İnkişafın mehvəri sədaqətdir. İslam aləminin tərəzisi sidqdir. Səhabələri bütün insanlardan üstün edən sədaqətdir. Rəsulullahı bütün insanlardan üstün edən də sidqdir.”

Nifaq xəstəliyi

Bəli, əfsuslar olsun ki, bu gün İslam aləmində nifaq xəstəliyi çox geniş yayılıb. Bu səbəbdən də möminlərin ictimai qurtuluşunun və tərəqqisinin yolu sidqdən keçir. Bu günə qədər müxtəlif dinlərdəki və millətlərdəki ideoloji təhriflər küfr şəklində özünü göstərirdi. İnkar düşüncələri bəzi yerlərdə müxtəlif ideologiyalar adı altında dövlət sistemi halına gətirilirdi. Bu sistemin tətbiqi üçün də müəyyən təzyiq və zülmlərdən istifadə edilmiş hətta milyonlarla insan öldürülmüşdü. Ancaq bu ideologiyalar insan xarakterinə zidd olduğuna və öz daxilində ziddiyyətlər olduğu üçün çox da uzunömürlü olmamışdır. Onların süqutundan sonra insanlar yenidən öz dinlərinə yönəlməyə başladılar.

İslam dünyasındakı hadisələrin inkişafı isə bir az fərqli idi. İslama düşmən olanlar düşmənliklərini göstərmək əvəzinə nifaq pərdəsi altında gizlətdilər və müxtəlik planlarla müsəlmanları dindən uzaqlaşdırmağa çalışdılar. Məhz buna görə də İslam dünyasının fərqli yerlərində müsəlmanlardan olan münafiqlərin onlara veridiyi zərər, dinə açıq düşmənçilik edənlərin verdiyi zərərdən böyük olmuşdur. Quranda münafiqlərin axirətdəki cəzası haqda belə buyurulur: “Əlbəttə, münafiqlərin yeri Cəhənnəmin ən aşağı təbəqəsindədir.”[5] Deməli, münafiqlər Cəhənnəmdə Firon və Əbu Cəhldən də aşağı səviyyədə olacaqlar. Bəlkə də elə buna görə bir İslam alimi münafiqin kafirdən daha betər olduğunu bildirir.

Münafiqlər məsciddə möminlərlə yanaşı dəstəmazsız namaz qıla bilərlər. Yeri gələndən dindən danışar, sonra ardınca dində olmayan işləri edərlər. Yalan danışarlar. Necə ki, Rəsulullah (s.a.s.) bir hədisində münafiqin əlamətlərini belə bildirmişdir: “Münafiqin üç əlaməti var, yalan danışar, sözünü yerinə yetirməz, əmanətə xəyanət edər.”[6] Allah Rəsulu hədisdə münafiqlərin ilk əlaməti kimi yalan danışmaqlarına diqqəti çəkmişdir. Deməli, nifaqın əsas xüsusiyyəti yalan danışmaqdır.

Təəssüf ki, münafiqlər İslam dünyasında müxtəlif vəzifələri ələ keçirmiş, yalan, fırıldaq və xəyanətlərlə cəmiyyəti korlamış və daxili çaxnaşmaların ortaya çıxmasına zəmin hazırlamışlar. Əgər bir rəssama desək ki, yuxarıdakı hədisə uyğun şəkil çəksin, həmin şəkil hazırki İslam dünyasına uyğun gələr. Bu nöqteyi-nəzərdən bunun əvvəlki vəziyyətinə qaytarılması bəlkə də inancsızlığın yayıldığı cəmiyyətlərdən daha çətindir. Məsələni yenidən nəzərdən keçirmək, hər şeyi iman, mərifət və məhəbbət müstəvisində Allahla əlaqələndirmək lazımdır ki, cəmiyyəti yenidən bərpa etmək mümkün olsun.

Təqiyyə

Burada qısaca təqiyyəyə də toxunmaq yerinə düşər. Bir qrup insan təqiyyəni çox əhəmiyyətli bir əsas kimi qəbul etmiş, dinin əsas rüknü saymış, güc ilə qalib gələ bilmədikləri düşmənlərini təqiyyə “sistemi” ilə məğlub etməyə çalışmışlar. Əfsuslar olsun ki, bu təqiyyə şəbəkəsi insanları aldatmaq üçün müəyyən üsullara əl ataraq bəzi dövlətlərin əsas strukturlarına qədər gedib çıxmış, yaxın olduqları bir çox insanı öz mənfəətləri naminə istifadə etmiş və nəticədə tük ürpərdən faəliyyətlərə səbəb olmuşlar.

Nifaq və təqiyyə sistemi daxil olduğu cəmiyyətə atom bombası kimi dağıdıcı təsir edir. Bəziləri onun alfa təsiri ilə həyatını itirmiş, bəziləri ciddi xəsarətlər almış, bəzilərində də qamma təsiri ilə burun qanaması, baş fırlanması baş vermişdir.

Təqiyyə yalan və aldatmanın əhəmiyyətli təzahürü və nifaq sisteminin də ən böyük silahı olduğuna görə şeytani bir yoldur. Yəni təqiyyə edən bir insan həqiqi mömin ola bilməz. Buna görə də təqiyyə edənlər Münkər və Nəkirin sorğu-sualından asanlıqla qurtulmaz, Mizanı və Siratı rahatlıqla keçə bilməzlər. Necə ki, Rəsulullah (s.a.s.) bir hədisində: “Bizi aldadan bizdən deyildir.”[7] buyurmaqla yalan və aldatmağın heç bir halda müsəlmanlığa yaraşmadığını bildirmişdir.


[1] Məryəm surəsi, 19/41, 56.
[2] Məryəm surəsi, 19/54.
[3] Nisa surəsi, 4/69.
[4] Bəqərə surəsi, 2/10.
[5] Nisa surəsi, 4/145.
[6] Buxari, İman, 24; Müslim, İman, 107.
[7] Müslim, İman, 164.



Bənzər məqalələr

İslamın əsası doğruluqdur

Rəsulullahın (s.a.s.) “Məni Hud və oxşar surələr qocaltdı” hədisini necə anlamaq lazımdır? 

İxlas nədir?

İxlas bütün növ şirkdən uzaq və tövhid üzrə Uca Allaha qulluq etmək, ibadətdə yalnız Allahın rizasını gözləmək deməkdir.

Hansı hallarda yalan danışmaq caizdir?

Doğruluğun mömin, yalanınsa kafir xüsusiyyəti olması ilə yanaşı, bəzi İslam alimləri bir-iki hədisə əsaslanaraq çox zəruri hallarda üç yerdə yalan danışmağın mümkünlüyü bildirmişlər.

Doğruluq və dürüstlük

Doğruluq söz, düşüncə və davranışda əksini tapır. Düzlük və dürüstlük həm doğru danışmaq, həm doğru düşünmək, həm də davranış və əməllərdə bunu əks etdirməkdir. İnsan hər işdə düz danışmalı, öz ziyanına və ya yaxınları əleyhinə olsa belə, doğru sözü söyləməyi bacarmalıdır. Dürüstlükdən hasil olan etimad hissi qarşılıqlı münasibətlərin qüvvətlənməsində, həmrəylik hissinin güclənməsində mühüm rol oynayır.

Yalan danışmaq niyə böyük günah sayılır?

Yalan danışan insan özünü ələ verər, yəni insan dili ilə yalan danışa bilər, bədəni ilə əsla. Bütün vücudunu, üz cizgilərini, əl-qol hərəkətlərini yalanın əmrinə verə bilməz. Ən gözəl şəkildə yaradılan insan fitrəti buna imkan verməz. Bu səbəbdən də yalan danışan bir insanın hərəkət və davranışları onu ələ verir. Yalan danışarkən davranışlarda müşahidə edilən ziddiyyətlər bir çox araşdırmanın mövzusu olmuşdur. Bu araşdırmalardan çıxan nəticələr belədir:


Şərh yaz