1. 572 dəfə oxunub ,   0 şərh   Çap et

Bir ayədə “(Ya Rəsulum!) De: “Sizə əməlləri baxımından (axirətdə) ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi?” O kəslər ki, onların dünyadakı zəhməti boşa getmişdir. Halbuki onlar yaxşı işlər gördüklərini (və bunun müqabilində mükafata nail olacaqlarını) zənn edirdilər.[1] buyurulur. Axirətdə ziyana uğrayanlardan olmamaq üçün nələrə diqqət edilməlidir?

Əvvəla, ayəni təhlil edək. Ayə feilin əmr şəklində “De!” kəlməsi elə başlayır. Bu o deməkdir ki, ayənin xitab ediləcəyi insanlar uzaq məsafədədirlər. Yəni onların olmalı olduqları yer ilə hazırkı mövqeləri arasında məsafə var.

Ayənin davamında هَلْ نُنَبِّئُكُمْ بِالْأَخْسَرِينَ أَعْمَالًا “Sizə əməlləri baxımından (axirətdə) ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi?”  buyurulur. Cəm şəklində olan أَعْمَالًا kəlməsi isə ibadətdən əxlaqa qədər bütün əməl və davranışları ehtiva edir. Burada Rəsulullahın (s.a.s.) “İmanın yetmişdən çox şöbəsi var.[2] hədisini xatırlamaq yerinə düşər. Ayədəki həmin ifadə hədisdə bildirilən imanın bütün şöbələrinə aiddir.

Ayədəki بِالْأَخْسَرِينَ ifadəsi ərəb dilində “ismi-tafdil” adlanır və “ən çox ziyana uğrayan, müflis olan” deməkdir.

Ayədəki الَّذِينَ ضَلَّ سَعْيُهُمْ فِي الْحَيَاةِ الدُّنْيَا bu cümlə isə həmin kəslərin dünyadaki bütün zəhmətinin boşa getdiyini, işlədikləri bütün əməllərin puç olduğunu və onlara heç bir faydası toxunmadığını bildirir. Həmçinin ayədə وَهُمْ يَحْسَبُونَ أَنَّهُمْ يُحْسِنُونَ صُنْعًا onların yaxşı işlər gördüklərini zənn etdikləri nəzərə çatdırılır.  

Kəhf surəsindəki bu iki ayə insanın olduğu səviyyəyə görə müxtəlif mənalar ifadə edə bilər. Məsələn, küfr və şirk əhli dünya həyatının rahatlığı üçün xeyir işlər gördüklərini zənn edərlər. Düşünərlər ki, insanlara kömək əli uzadır, rahat yaşamalarına yardım edirlər. Ancaq bunu edərkən Allaha iman, İslamın əmr etdiklərinə əməl, gözəl əxlaqı təmsil, yaradılışın əsası sayılan sevgini yaymaq, bütün insanlığı və varlığa şəfqət kimi əsas xüsusları unudarlar.

Sadalanan xüsusları görməzlikdən gələrək sadəcə dünyəvi və maddi müəyyən məsələlərlə məşğul olmaqla təsəlli taparlar. Bununla da kifayətlənməyərək gördükləri işlərin çox “önəmli” olduğunu düşünərlər. Əslində onlar Allahın əmr və qadağalarına tabe olmadıqlarına, İslamın gözəlliklərini təmsil etmədiklərinə görə yanılarlar. Etdikləri əməllərin önəmli olduğu düşüncəsi ilə sadəcə özlərini aldadarlar. Çünki gördükləri işlər axirətdə onlara heç bir fayda verməyəcək.

Bu ayə İslamı müəyyən əməllərdən ibarət sanan bəzi günahlardan qurtula bilməyən müsəlmanlarla da əlaqəlidir. Onlar ibadəti həftədə bir dəfə cümə namazı qılmaqdan ibarət sayarlar və bununla qurtulacaqlarını düşünərlər. Doğrudur, Allah üçün edilən heç bir əməli kiçik görmək olmaz. Bəzən bir möminin yolda qalan bir insanı maşınına mindirərək mənzilə çatdırması belə ona savab qazandıra bilər. Təbii ki, söhbət dinin simvollarından sayılan cümə namazından gedirsə, heç kim həmin düşüncədə olan kəsin həftədə bir qıldığı namaza bir söz deyə bilməz. Ancaq bir insanın axirətdəki qurtuluşunu öz dar düşüncəsinə əsaslandıraraq Allahın əmrlərinə göz yumması aldanmadan başqa bir şey deyil. Bu cür düşünmək dəlalət dənizinə girməkdir.

Bu ayə həm də dünyada İslamı təbliğ və təmsil edən möminlərlə də əlaqəlidir. İslamı təbliğ edən möminlər dinin əsaslarına sadiq qalmaz, Quran və Sünnədən uzaqlaşar, əsas məqsədlərini unudarlarsa, istiqamətdən ayrılaraq zərərə məruz qalarlar. Təbliğ üçün atılan bütün addımlar bir vasitə və vəsilədir. Əsas məsələ həmin vasitə və vəsilələri yaxşı dəyərləndirmək və məqsədə (Allahın rizasına) çatmaqdır.

Əgər möminlər bu həqiqəti unudar və görməzdən gəlsələr, atdıqları hər addımda özlərindən (özləri haqda) danışmağa başlayarlar. Üstəlik insanlardan alqış gözləyər, məşhur olmaq sevdasına düşərlər.  Bunlar baş verərsə, dünya və axirət müvazinəti pozular və görülən bütün işlər hədər olar.

İstiqamətdən uzaqlaşmamaq üçün bir mömin belə düşünməlidir: “Mənim yerimdə başqaları olsaydı İslamı daha yaxşı təmsil və təbliğ edər, din üçün daha xeyirli və çox iş görərdi. Mən isə ancaq bu qədərini bacardım. Əgər hər hansı səhvim oldusa, Allah məni bağışlasın.”

Mömin bu düşüncədən uzaqlaşaraq əldə edilən uğurlarla öyünməyə başlayar, etdiklərini başqaları görsün deyə edər və mükafatını bu dünyada gözləyərsə, axirətini itirmək təhlükəsi ilə üzləşər. Buna xüsran və küfrə aid xüsuslar – əldəki imkanların şəxsi mənfəətlər üçün istifadəsi, Allah yolunda qazanılar hörmətin şəxsi imkanlar üçün işlədilməsi, əldəki maddi imkanlarla daha varlı olmağa çalışmaq, bahalı maşın, ev almaq sevdasına düşmək və s. – da əlavə olunarsa, insan ayədə bildirilən yaxşı işlər gördüklərini zənn edən ancaq axirətdə ziyana uğrayanlardan olar. Beləcə axirətdəki qurtuluş açarını itirər.

Bəzi möminlər də birlik ruhunu qorumaq, nizam-intizam yaratmaq və görülən işləri artırmaq kimi gözəl düşüncələrlə yola çıxarlar. Bunu həyata keçirmək üçün faydalı işlər gördüklərini düşünərlər. Ancaq onlar da sərt və kobud davranışları ilə insanları incidərlər. Heç kimin dediklərinə qulaq asmaz, edilən tənqidləri qəbul etmək istəməzlər. Bu nöqteyi-nəzərdən özlərinə görə insanlara “yaxşılıq” etdiklərini zənn etsələr də fisq (günahkarlıq) sifətlərini daşıdıqlarına görə ziyana uğrayanlardan olarlar.

Dünyada yaxşı işlər gördüyünü və savablarını bir hovuza axıtdığını düşünən, axirətdə gözəl mükafatlara nail olacağını güman edən bir möminin əməllərinə riya qarışaraq, gördüyü işlərə şəxsi mənfəətləri bulaşaraq bütün əməllərinin hədər olması necə də kədərlidir.

Bütün bu təhlükələrdən qorunmağın yeganə yolu atılan addımların ixlasla atılmasıdır. Dünyada insanlar möminlərə güvənir və dəstəkləyirsə, onlar da öz işlərini sadəcə Allah rizasını qazanmaq üçün görməlidilər. Onların saf niyyətləri hər cür dünyəvi məqsəddən uzaq olmalıdır.

Təbii ki, İslamı təbliğ üçün müəyyən maddi imkanlar da olmalıdır. Ancaq bütün imkanlar sadəcə məqsədə çatmaq üçün bir vasitədir. Möminlər bu vasitələrlə insanlara inandıqları dəyərləri çatdırmalı, başqalarındakı gözəlliklərdən də istifadə etməlidirlər. Unutmaq olmaz ki, görülən işin ruhu ixlas və səmimiyyətdir. Buna görə möminlər gördükləri bütün işlərdə heç bir maddi və mənəvi gözləntiyə düşməməyə çalışmalıdırlar.

Xülasə, insanlığa xidmət elədiyini düşünənlər istənilən xüsusda peyğəmbərlərin izi ilə getməli, etdiklərinin müqabilində insanlardan heç nə gözləməməlidirlər. Dağların yerini dəyişsələr, günəş sistemini yenidən nizamlasalar belə etdikləri xidmətlər qarşılığında maddi-mənəvi müəyyən gözləntilərə düşsələr, gördükləri bütün işlər hədər olar, heç bir fayda əldə etməzlər. Bu İslamı təbliğin əsas prinsipidir. Əgər hər hansı mömin bu cür düşünmürsə, fikirlərini yenidən gözdən keçirməlidir. Çünki qazandığını zənn edərkən ziyana uğrayanlardan ola bilər.


[1] Kəhf surəsi, 18/103-104.
[2] Buxari, İman, 3; Müslim, İman, 57.



Bənzər məqalələr

Hərə öz əməlinə cavabdehdir

Hər kəs öz əməlindən məsuldur. Buna görə qısa ömürümüzü Rəbbimizin və Onun Rəsulunun (s.ə.s) əmr və qadağalarına uyaraq, Onların rizasını qazanmağa çalışaraq keçirməliyik. Çünki hamımız bir gün geri dönülməyən bir səfərə çıxmaq məcburiyyətindəyik. Həmin səfər başlamadan əvvəl səfər üçün yaxşı hazırlıq və bol tədarük görməliyik.

Təvazö və ixlas

Təvazö öz üstünlüklərini, məziyyətlərini gözə çarpdırmağı, öz xidmətləri ilə qürrələnməyi sevməmək, şöhrətpərəstlikdən, lovğalıqdan uzaq olmaq və sadəlik deməkdir.

Qurandan faydalanmaq

Qurandan faydalanmaq üçün nələrə diqqət etmək lazımdır?

Dünya nemətlərindən istifadə

Mömin dünya nemətlərindən istifadə edərkən nələrə diqqət etməlidir? Quranda bildirilən “mutrafin”dən olmamaq üçün nə etmək lazımdır?

Ailədaxili problemlərin həlli

Rəsulullah (s.a.s.) ailədaxili problemləri necə həll edərdi?


Şərh yaz