Aylıq namaz vaxtları
1. 231 dəfə oxunub ,   0 şərh   Çap et

Hər insanın, mənəvi və zehni qabiliyyətləri bir-birindən fərqlidir. Bu baxımdan hər kəs fərdi xüsusiyyətlərə malikdir. Dolayısı ilə insanlara nəyisə öyrədərkən fərdi keyfiyyətlərini də nəzərə almalı və hər kəsin fərdi xüsusiyyətlərinə görə təlim metodları tərtib edilməlidir. Rəsulullah (s.a.s.) da insanların xarakter və qabiliyyətlərindəki bu fərqlilikləri üç ayrı bənzətmə ilə izah etmiş və insanlara nəyisə öyrədərkən hər kəsin özünəməxsus hal və keyfiyyətlərinin nəzərə alınmasının əhəmiyyətinə diqqət çəkmişdir.          

İnsanlar mədənlər kimidir.

Rəsulullah (s.a.s.) bir hədisində insanları mədənlərə bənzədir:

İnsanlar qızıl və gümüş mədənləri kimidir. Cahiliyə dövründə qabiliyyətləri olanlar İslamı qəbul edəndən sonra da dini anladıqları nisbətdə daha da yüksək qabiliyyətlərə sahib olarlar…”[1] 

Bir sözlə, hər insan sahib olduğu istedad və qabiliyyətləri ilə almaz, qızıl, gümüş, dəmir və s. mədəni kimidir və hərəsinin ərimə dərəcəsi fərqlidir. Buna görə də dəmir və qızılı eyni dərəcədə əritmirlər.

Mədənlərdəki ehtiyatların işlənməsi və istifadəyə verilməsi ciddi bir əmək və vaxt tələb edir. Bunu da ancaq həmin mədəni tanıyan, dəyərini və xüsusiyyətlərini yaxşı bilənlər edə bilər. Əks halda sərrafını tapa bilməyən mədənlər hədər olar. Bu səbəbdən ailələr və müəllimlər hər biri ayrı mədən olan uşaqların qabiliyyətlərini kəşf etməli, buna uyğun təlim metodu tətbiq etməli və uşağın  potansialına görə lazımi sahələrə yönləndirməlidirlər. Çünki hər qabiliyyət özünə uyğun sahəyə yönəldikdə daha məhsuldar olar.

İnsanlar dəvələr kimidir.

Rəsulullah (s.a.s.) insanların qabiliyyətləri haqqındakı başqa bir hədisində belə buyurur:

İnsanlar dəvələr kimidir. Bəzən yüz dənəsi bir yerdə olsa belə minməyə bir dəvə tapa bilməzsiniz”.[2]

Əvvəla, Rəsulullah (s.a.s.) məsələni yaşadığı toplumun çox yaxşı anlaya biləcəyi bir bənzətmə ilə ifadə edib. Çünki o dövrdə yaşayan insanlar bilirdilər ki, hər dəvə minik dəvəsi deyil. İlk baxışda hamısı eyni kimi görünsə də aralarında qabiliyyət fərqləri var. Heyvanlardan istifadə edilərkən də bu fərqliliklər nəzərə alınmalıdır. Necə ki, hər at da yarış atı ola bilməz. Onun üçün cins atlar xüsusilə axtarılır. Bəlkə də minlərlə at içərisindən sadəcə bir neçəsi yarış üçün seçilir. Beləliklə, hər dəvəni minik dəvəsi etməyə çalışmaq, onun qabiliyyətlərini görməzlikdən gəlməkdir. Təlimdən sonra yüz dəvədən birinin minik dəvəsi olması digərlərinə verilən təlimin hədər olması demək deyil. Çünki onlar da əhliləşdirilərək yük daşımaq və s. kimi fərqli sahələrdə yararlı olurlar.

İnsanlar torpaqlar kimidir.

Rəsulullah (s.a.s) həm qabiliyyətlərin, həm də hər insanın təlim və təhsildən alacağı hissənin fərqliliyini başqa bir hədisdə belə ifadə edir:

Allahın mənimlə göndərdiyi hidayət və elm yağışa bənzəyir. Ərazinin bir hissəsi yumşaqdır, suyu yaxşı hopdurur, bol bitki və ot yetişdirir. Bir hissəsi də sərt və quraqdır, suyu canına çəkmir. Bu sudan insanlar həm məişətləri, həm də heyvanları sulamaq və əkinçilik üçün istifadə edirlər. Başqa bir torpaq növü də var ki, ora da yağış yağır Amma o, nə suyu üzərində tutur, nə də ot bitirir. Allahın dinini qavrayan, mənim vasitəmlə göndərdiklərindən faydalanan, bunları öyrənən və başqalarına öyrədənlə buna əhəmiyyət verməyən və vasitəçisi olduğum Allahın hidayətini qəbul etməyən kəsin fərqi belədir”.[3] 

Rəsulullah (s.a.s.) bu misalda da torpağın sahib olduğu fərqli xüsusiyyətlər üzərindən insanların təlim və təhsil metadlarından istifadənin də qabiliyyətlərinə görə dəyişəcəyini çox açıq şəkildə ifadə etmişdir. İdeal təlim-tərbiyə anlayışında bu fəqliliklər nəzərə alınmalı və buna görə yeni metodlar tətbiq edilməlidir.

Şəxsə görə təlim-tərbiyə metodu

Şəxsə görə təlim-tərbiyəni fərdi təhsil də adlandıra bilərik. Məsələyə bu cür baxanda Rəsulullah (s.a.s.) qrup şəklində dərs, xitab və söhbətlərdən əlavə hər kəslə şəxsən maraqlanırdı. Xüsusilə risalətin ilk illərindəki fərdi dəvət dövrü də əslində bu təlim-tərbiyə metodunu zəruri edirdi. Çünki Məkkədəki şərtlərdən dolayı toplu halda əshabı ilə görüşə bilməyən Peyğəmbərimiz (s.a.s.) onlarla tək-tək maraqlanırdı. Vaxt keçdikcə başda xəlifələr olmaqla İslamı ilk qəbul edənlərin çoxu bu mərhələdə yetişmişdi. Hətta O, birbaşa yetişdirdiyi kəslərə başqalarını da tapşırır və beləcə, insanlara fərdi qabiliyyətlərinə görə davranılırdı. Beləliklə həm ən çətin şərtlərdə təlim-tərbiyə axsamamış, həm də gələcəkdə İslam cəmiyyətinə rəhbərlik edəcək, İslamı insanlığa çatdıracaq ilk müəllim kadrlar yetişmişdir.

Yaxından maraqlandığı şəxslərin sual, problem və istəklərinə, onların ehtiyac və  qabiliyyətlərinə, psixoloji və sosial vəziyyətlərinə görə fərqli cavablar verməsi və tövsiyələr etməsi Rəsulullahın (s.a.s.) təlim-tərbiyə metodunun əsasını təşkil edir.

Ən fəzilətli əməl hansıdır?

Bu sualı Rəsulullahdan bir çox səhabə soruşmuşdur. O, (s.a.s.) çox vaxt sual verənlərin vəziyyətinə görə fərqli cavablar vermişdir. Məsələn, Abdullah ibn Məsuda: “Vaxtında qılınan namaz”[4], Əbu Zərrə “Allaha iman və Allah yolunda cihad”[5], həzrət Əbu Ümmaməyə: “Oruc tutmaq. Çünki ona çatan bir ibadət yoxdur”[6], həzrət Amr ibn Abəsəyə: “Şərtlərinə uyğun edilən həcc və ümrə”[7], həzrət Əbu Musa əl-Əşariyə: “Hər kəsin sənin dilindən və əlindən arxayın, əmin olması”[8], Muaz ibn Cəbələ: “Dilin Allahı zikirlə yaş ikən ölə bilməkdir”[9] – demişdir.

Bir sözlə, şərtlər və ehtiyaclar hər insana görə fərqlidir. Təlim-tərbiyədə uğur əldə etmək üçün bu nəzərə alınmalıdır. Çünki bəzən bir əməl müəyyən bir şəxs üçün daha fəzilətli olur. Məsələn, zəngin amma əlibərk birisi üçün infaq və sədəqə vermək, oruc və ya cihaddan daha faydalı və fəzilətli bir əməl sayıla bilər. Çünki infaq onu əlibərklikdən qurtarar və paylaşmaq kimi üstün bir əməli ona qazandırar. Həmçinin şəhvətinə üstün gələ bilməyən birisi üçün oruc tutmaq sədəqə və ümrədən daha yaxşı təsir edə bilər. Üstəlik nəfsinə ağır gəlsə də onun üçün ən fəzilətli əmələ çevrilə bilər. Belə nümunələr çoxdur. Bu səbəblərdən dolayı Rəsulullah (s.a.s.) şəxsə görə təlim-tərbiyə anlayışı ilə hərəkət edərək sanki hər kəsə xüsusi resept yazmış və ümmətinə də bu yolu praktik olaraq göstərmişdir.

Mənə nəyi tövsiyə edirsiniz?

Rəsulullahın şəxsə yönəlik təlim-tərbiyə metodunu, həmçinin  ondan nəsihət istəyənlərə verdiyi fərqli tövsiyələrdə də görə bilərik. Belə ki, O, (s.a.s) yeri gəldikdə həmin şəxsin vəziyyətinə, yaşına, səviyyəsinə və vəzifəsinə görə fərqli tövsiyələr vermişdir. Məsələn, bir gün Rəsulullahı (s.a.s.) ziyarət edəb biri: “Ey Allahın Rəsulu! Mənə nəsihət verə bilərsən?” – deyir. Rəsulullah da ona “Qəzəbinə yenilmə!” deyə tövsiyə edir[10]. Çünki onun qəzəblə imtahanı daha ağır olduğu üçün Rəsulullah ona bu tövsiyəni edir.  

Başqa bir gün həzrət Əbu Zər gəlir və Rəsulullahdan (s.a.s) nəsihət istəyir. Rəsulullah da ona: “Sənə təqvanı tövsiyə edirəm. Çünki təqva hər şeydən üstündür” – buyurur. Həzrət Əbu Zər daha çox nəsihət istədikdə isə Rəsulullah ona: “Quran oxu və Allahı çox zikr et. Çünki Quran yer üzündə sənin üçün bir nur, axirətdə isə azuqədir” – buyurur.[11]

Rəsulullahdan nəsihət istəyənlərdən biri də həzrət Muaz ibn Cəbəl olmuşdur. Yəmənə yola düşərkən Rəsulullahdan nəsihət istəmiş, O da (s.a.s) belə buyurmuşdu: “Ey Muaz, harda olsan da Allahdan qorx. Səhvən bir günah işlədikdə dərhal bir yaxşılıq et ki, həmin günahı silsin, təmizləsin və insanlara qarşı gözəl əxlaqla davran…”[12]

Rəsulullah qadınlardan da nəsihət istəyənlərə şərait, qabiliyyət və ehtiyaclarına görə nəsihətlər verirdi. Məsələn, həzrət Ənəsin anası Ümmü Süleym nəsihət istədikdə Rəsulullah bu üç şeyi ona tövsiyə etmişdi:

Günahlardan hicrət et, uzaqlaş. Çünki bu, hicrətin ən fəzilətlisidir. Fərzlərə də diqqət et, çünki bu, cihadın ən fəzilətlisidir. Bir də zikri çoxalt, çünki sən zikrdən daha dəyərli bir şeylə Allaha yaxınlaşa bilməzsən”.[13]

Sənə bəzi qaydalar öyrədim

Rəsulullahın şəxsə görə təlim-tərbiyə üsullarından biri də bəzi səhabələri səyahət edərkən atına mindirməsi və səyahət boyu ona nələrisə öyrətməsidir ki, bunu edərkən də yenə onların şəxsi keyfiyyətlərini nəzərə almışdır. Bir gün tərkində oturan Abdullah ibn Abbasa: “Övladım, sənə bəzi qaydaları öyrədəcəm” buyurmuş və bunları demişdi:

Sən Allahın əmrlərinə fikir ver ki, O da sənə fikri versin və qorusun. Allahın rizasını hər şeydən öndə tut ki, hər işdə Allahın köməyini görəsən. Bir şey istəsən Allahdan istə. Köməyi də Allahdan um. Və bil ki, bütün bir ümmət toplansa və sənə kömək etməyə çalışsa yalnız Allahın sənin üçün təqdir etdiyi faydanı verə bilər. Çünki artıq qədər qələmi yazmır və yazıları dəyişməyəcək şəkildədir.”[14]

Başqa bir dəfə də atına mindirdiyi həzrət Muaza yolda gedərkən “Allahın qulları üzərindəki haqqı nədir bilirsənmi?” – deyə soruşmuş və sonra da bu cavabı vermişdi: “Allahın qulları üzərində sabit olan haqqı, onların Allaha ibadət etmələri və Ona heç bir şeyi ortaq qoşmamalarıdır.” Bir müddət səssizcə ilərilədikdən sonra Rəsulullah ona: “Bunu etdikləri zaman qulların Allah üzərindəki haqları nələrdir?” deyə ikinci sualı vermiş və ardınca da bu cavabı vermişdir: “Belə etdikləri zaman Allahın onlara əzab etməməsidir”.

Şəxsə məxsus dua və qadağalar

Rəsulullahın şəxsə görə şəxsi təlim-tərbiyə anlayışının göstəricilərindən biri də əshabından bəzilərinə etdiyi duanı başqa birisinə etməməsi, ya da birindən qəbul etdiyi bir xeyri digərindən qəbul etməməsidir. Çünki onların ehtiyac, qabiliyyət və maddi-mənəvi vəziyyətlərini çox yaxından bilən Rəsulullah hər birinə şəxsi vəziyyətlərinə uyğun davranmış və yönləndirmişdir. Məsələn, Onu ziyarətə gələn Ənəs ibn Malikin anası, oğlunun var-dövlətə sahib olması üçün Rəsulullahdan dua istəyincə: “Yaxşı var-dövlət yaxşı bir insan üçün nə gözəldir”[15] – buyuraraq əllərini açıb ona: “Allahım! Onun malını və övladını çoxalt.” – deyə dua etmişdi. Ancaq Saləbə ibn Hatibin eyni istəyinə isə: “Şükür etdiyin az mal, şükrünə gücün çatmayacaq çox maldan daha xeyirlidir” cavabını verməklə kifayətlənmişdi.[16]

Bütün malını bağışlamaq üçün gətirən həzrət Əbu Bəkirdən bu xeyri qəbul etdiyi halda[17] eyni şəkildə davranmaq istəyən Kab ibn Malikə: “...Malından bir hissəni özünlə saxla, bu sənin üçün daha xeyirlidir”[18] – buyurmuşdur. Həmçinin Əbu Lübabə Allah yolunda bütün malını bağışlamaq istəyincə: “Malının üçdə birini sədəqə etsən sənin üçün kifayətdir”[19] – demiş və onu bu istəkdən daşındırmışdır. Yenə həzrət Əbu Bəkri nümunə götürərək malının hamısını infaq etmək istəyən Sad ibn Əbu Vaqqasın da bu istəyini qəbul etməmiş və ona: “…Varislərini zəngin halda qoyub getmək onları möhtac qoyub getməkdən daha xeyirlidir.” – buyurmuşdur.[20]

Nəticə

Gördüyümüz kimi Rəsulullahın (s.a.s) təlim və rəhbərlik sistemində izlədiyi metodlardan biri də şəxsə məxsus təlim-tərbiyə olmuşdur. Əshabından hər kəsi birə-bir tanıyan Rəsulullah (s.a.s.) onları yetişdirmək üçün qabiliyyət və ehtiyaclarını nəzərə alaraq onlarla tək-tək maraqlanmış, vəzifələndirmiş və tövsiyələr etmişdir. Ona verilən suallarda sual verən şəxsin iman, ibadət, əxlaq yönünü inkişaf etdirəcək cavablar vermişdir. Allah Rəsulu (s.a.s.) cavab və nəsihətlərdə qarşısındaki insanın qabiliyyət, yaş, iş, vəzifə, məsuliyyət və s. kimi vəziyyətləri mütləq nəzərə almışdır.

Xülasə, təlim-tərbiyə və təhsildə uğur qazanmağın ən vacib şərtlərindən biri şəxsin fərdi səviyyəsini və vəziyyətini nəzərə almaq və ehtiyaclarına diqqət etməkdir. Bu həm də Rəsulullahın (s.a.s.) sünnəsidir. Bu sünnə təlim-tərbiyə və təhsildə imkanlar nisbətində tətbiq edilməli və möhkəmləndirilməlidir.


[1] Müslim, Birr 49 (2638); Buxari, Mənaqib 1 (3493, 3496)
[2] Buxari, Riqaq 35 (6498)
[3] Buxari, Elm 20; Müslim, Fədail 15
[4] Bax: Buxari, Məvaqit 5, Cihad 1, Ədəb 1, Tövhid 48; Müslim, İman 137-139
[5] Bax: Buxari, İtq 2; Müslim, İman 136
[6] Nəsai, (2222)
[7] Müsnəd, (17027)
[8] Buxari, İman 5 (11); Müslim, (42)
[9] İbn Hibban, Səhih, (818); Heysəmi, Zəvaid, 10/77; Münziri, ət-Tərğib vət-Tərhib, 2/326
[10] Buxari, Ədəb 76; Tirmizi, Birr 73
[11] İbn Hibban, Səhih, II/78; Münziri, ət-Tərğib vət-Tərhib, II/298
[12] Tirmizi, Birr 55
[13] Munziri, ət-Tərğib, II/331
[14] Tirmizi, Birr 59
[15] Müslim, Fədailus-Səhabə 142
[16] Bax: İbnul-Əsir, Üsdü’l-Ğabə
[17] Bax: Tirmizi, Mənaqib 40; İbn Macə, Müqəddimə 11
[18] Buxari, Zəkat 18; Eyman 24
[19] Əbu Davud, Eyman 31; Muvatta, Nuzur 16
[20] Buxari, Cənaiz 37; Vəsaya 2; Nəfaqat 1; Müslim, Vəsaya 5, 8



Bənzər məqalələr

Nəfsin cilovu – oruc

Başqa canlılardan fərqli olaraq, insanların duyğularına məhdudiyyət qoyulmamışdır, yaxşılıq və pisliklərin sərhədi yoxdur. Çünki bu dünya insanlar üçün imtahan dünyasıdır.

Nəbəvi tərbiyənin əsasları – təmkin

Bu yazı Rəsulullahın insanlara nə isə öyrədərkən istifadə etdiyi metodlardan təmkinli davranmaq haqqındadır.

Təbliğdə tədricilik

Sual: İndiki dövrdə yaşayan müsəlmanlar Rəsulullahın (s.a.s) təbliğ üsulundan nələri nümunə götürə bilərlər?

Orucun faydaları

Namaz dinin, oruc ruhun, zəkat da cəmiyyətin dirəyidir. Yəni namazsız dinin, orucsuz ruhun, zəkatsız cəmiyyətin var olması çox çətindir.

Təbliğdə üsul və metod 1

Mömin İslamı təbliğ edərkən hansı xüsuslara diqqət etməlidir?


Şərh yaz