Aylıq namaz vaxtları
247 dəfə oxunub ,   0 şərh   Çap et

Rəsulullah (s.a.s.) uşaqlara, gənclərə və əshabına nələrisə öyrədərkən özünəxas bəzi üsullardan istifadə etmişdir. Bunlardan biri də xətaları böyütməmək, səhv yolda irəliləməmək, ünsiyyəti zədələməmək, doğru davranışları öyrətmək və insanlara nəyisə öyrədərkən təmkinli olmaq və sükunəti qorumaqdır. İslami ədəbiyyatda bu metoda “təənni” deyilir. “Təənni” tələskənlikdən və qəzəbdən uzaq durmaq, helm, səbr, şəfqət və anlayışla davranmaq deməkdir. Rəsulullahın (s.a.s.) bəyanı ilə desək:

Təənni ilə davranmaq Allahdan, tələsik hərəkət etmək isə şeytandandır…”[1]

Çünki təənni, tədbirli və təmkinli davranışa, həmçinin problemin həllinə əsaslanan düşüncələrə səbəb olur ki, bu da doğru həll yolu tapmaqda kömək edir. Tələskənlik isə ağılı və düşüncəni yox, duyğuları ön plana çıxarır. Duyğu ilə verilən qərarlar da problemi həll etməməklə yanaşı bir çox məsələdə xətalara səbəb olur. Buna görə də tələskənlik məziyyət deyil, xətadır.

Bundan əlavə təmkinli davrananda insan özünə ‒ qəzəb, səs tonu, jest və mimikalarına   nəzarət edir. Beləcə ünsiyyət asanlaşır. Beləliklə qarşısındakı hər kəslə, xüsusilə də uşaq və yeniyetmələrlə təmkinli danışa bilir. Təmkinlə danışan insanı dinləyənlər özlərini daha dəyərli hiss edər və düşüncələrini qarşı tərəflə daha rahat bölüşərlər. Üstəlik etdikləri xətalara rəğmən valideyn, müəllim və idarəçilər tərəfindən qarşılıqsız sevildiklərini, problemlərini həll etmək üçün onlara arxa-dayaq olduqlarını görərlər.

Məntiq və mərhəmətin hakim olduğu belə bir mühitdə görüləcək işləri birlikdə oturub danışmaq, yeri gələndə müzakirə etmək qarşı tərəfin etdiyi xətanı düzəltməsi və ya ondan uzaqlaşması yönündən faydalıdır. Əks halda məsələnin həlli üçün çəkilən əziyyətlər hədər gedə bilər.

Yanlış istək və davranışlar qarşısında sükünəti ən gözəl şəkildə qoruyan Rəsulullahın (s.a.s.)  həyatında bununla bağlı bir nümunələr var. Onlardan biri də budur:

Xurma ağacını daşlayan uşaq ‒ Rafi ibn Amr

Rafi ibn Amr bir gün ənsardan bir səhabənin bağçasına girir və xurma ağaçlarından birinə daş atıraq yerə saldığı xurmalardan yeməyə başlayır. Bu vaxt bağca sahibi onu görür və qolundan tutub Rəsulullahın (s.a.s.) yanına aparır. Uşaqdan şikayətlənir və cəzalandırılmasını istəyir. Rəsulullah (s.a.s.) isə təmkinlə uşağa yaxınlaşır və şəfqətlə soruşur:

‒ Övladım, xurma ağacına niyə daş atdın?

Uşaq isə deyir:

‒ Acmışdım, nə isə yemək istəyirdim.

Rəsulullah isə cavabında belə buyurur:

‒ Bir də ağaca daş atma. Amma ağacın dibinə düşən xurmalardan yeyə bilərsən.

Bununla da kifayətlənməyən Rəsulullah (s.a.s.) ona biraz da yaxınlaşır və uşağın başını oxşayarkən, belə dua edir: “Allahım, bu uşağa doyacaq qədər ruzi yetir.”[2]

Gördüyümüz kimi Rəsulullah (s.a.s.) hadisəni təmkinlə dinləyir, qəzəblənib uşağı azarlamır, “Sən niyə belə eləmisən?” deyə uşağı tənqid etmir və onu qorxutmur. Əksinə, ona sevgi və şəfqətlə davranır, “Övladım” deyərək səslənir və onunla sakit şəkildə “Bir də acanda ağacın dibinə düşən meyvələrədən yeyə bilərsən” deyərək bir alternativ yol göstərir. Hətta bununla da kifayətlənməyib uşağın başını əzizləyərək dua edir. Buradan da məlum olur ki, təlim, tərbiyə və təhsilin nin mayası təmkin, sevgi və şəfqətdir. Bu səbəbdən valideyn və müəllimlər hər şeydən əvvəl təmkinli olmağı bacarmalıdır. Çünki uşaqlar çox vaxt etdikləri xətadan xəbərsiz olurlar. Bu səbəbdən onlara qəzəblənmək, bağırmaq və cəzalandırmaq onların psixologiyasında bərpa edilməyəcək yaralar aça bilər. Unutmaq olmaz ki, belə hadisələr insanın qarşısındakına (ana, ata, müəllim, müdir və s.) etibar etməsi hər şeydən əhəmiyyətlidir.

Zina üçün icazə istəyən gənc ‒ Cüleybib

Bir gün bir gənc Rəsulullaha (s.a.s.) yaxınlaşır və zina etmək üçün icazə istəyir. Bu istəyi eşidən bəzi səhabələr əsəbiləşərək ona həddini bildirmək üçün ayağa qalxırlar. Bunu görən Rəsulullah (s.a.s.) isə sükunətini qoruyur və “Onu mənə həvalə edin” buyuraraq onları sakitləşdirir. Daha sonra həmin gəncin yanında oturaraq ona suallar verir:

‒ Ey gənc, kiminsə sənin anan və ya bacınla belə davranmasını istəyərsən? Bu çirkin hərəkət onlara qarşı edilsə xoşuna gələrmi?”

Bu sual qarşısında hiddətlənən gənc: “Xeyr, əsla istəmərəm” deyə cavab verir. Bu cavabın qarışılığında Rəsulullah da:

‒ Bil ki, heç kim belə bir çirkin əməlin öz qohumlarına qarşı edilməsini istəməz, deyə buyurur.

Bu nümunədə də gördüyümüz kimi yenə Rəsulullah (s.a.s.) gənci təmkinlə qarşılayır, hər kəsi sakitləşdirir və onun yanında oturaraq tənbehləmək əvəzinə sual və izahlarla onu  razı salır. Üstəlik bununla da kifayətlənməyib əlini şəfqətlə gəncin sinəsinə qoyub: “Allahım, Sən bu gəncin qəlbini təmizlə. Namus və şərəfini qoru və günahlarını bağışla”[3] ‒ deyərək duyğularına da səslənir.

Bu davranışdan təsirlənərək özünü düzəltmək imkanı əldə edən gənc daha sonra Mədinənin ən iffətli gənclərindən biri olmuş və Rəsulullah (s.a.s.) tərəfindən evləndirilmişdir. Bu səbəbdən təlim-tərbiyə və təhsillə məşğul olanlar qarşısındakı insanın arzu və istəklərinə məhz bu cür təmkinli olmalı, hadisələri ağıl, məntiq və duyğulara xitab edərək həll etməyə çalışmalıdırlar.

Məscidi Nəbəvidə Bəvlədən bədəvi

Bir gün Rəsulullah (s.a.s.) məsciddə olarkən bir bədəvi gəlir, məscidin bir küncündə kiçik tualet ehtiyacını qarşılayır. Hadisəyə şahid olanlar ona tərəf gedərək mane olmağa çalışırlar. Bunu görən Rəsulullah: “Ona toxunmayın və narahat etməyin” deyir. Həmin bədəvi işini qurtardıqdan sonra Rəsulullah (s.a.s.) oradakılara səslənir: “İndi gedin və həmin yerə bir qab su tökün. Siz çətinləşdirmək üçün yox, asanlaşdırmaq üçün göndərildiniz.”[4]

Daha sonra bədəvini yanına çağırır, sakit və yumşaq üslubla deyir:

Məscidlər işəmək üçün münasib yer deyil. Məscidlər sadəcə Allahı zikr, namaz qılmaq və Quran oxumaq üçün inşa edilmiş məkanlardır.

Bu hadisədə də Rəsulullah (s.a.s.) bədəvini “Sən məsciddə nə etdin?” deyə tənbehləmir və ona başa düşəcəyi şəkildə yol göstərir. Həmçinin əshabına da xəta edən insanlara qarşı necə davranmaq lazım olduğunu öyrədir. Digər tərəfdən peyğəmbər təliminin əsas prinsiplərindən olan “Asanlaşdırın, çətinləşdirməyin”[5] prinsipini xatırladaraq hər kəsə kömək etməyin yalnız bu yolla mümkün olduğunu göstərir.

Həzrət Aişəyə “sakitləş” deməsi

Bir gün bir qrup yəhudi Rəsulullahın (s.a.s.) evinə ziyarətə gəlir və “əs-samu aleykum” şəklində salam verir. Onlar bilərəkdən “salam” sözünü ölüm mənasındakı “əs-samu” sözü ilə dəyişdirir və Rəsulullaha (s.a.s.) ölüm diləyirlər. Bunu eşidən həzrət Aişə qəzəblənir və onlara “Ölüm və lənət sizin üzərinizə olsun!” deyə cavab verir. Buna şahid olan Rəsulullah (s.a.s.) isə ziyarətçilərə sakitcə “va aleykum” deyir. Sonra da həzrət Aişəyə: “Sakit ol ey Aişə, Allah bütün işlərdə yumuşaq davranmağı sevər” ‒ buyurur. Ziyarətçilər getdikdən sonra isə Rəsulullah (s.a.s.) təkrar həzrət Aişəyə yönəlir və: “Ey Aişə, bu sərtlik və bəddua nədir? Şübhəsiz ki, Allah pis sözü, pis söz söyləməyi və sərtliyi sevməz” ‒  buyurur. Həzrəti Aişə isə: “Ey Allahın Elçisi! Bəs onların nə dediyini eşitmədin?”, ‒  deyə soruşur. Elə bu vaxt Rəsulullah (s.a.s.) bu hikmətli cavabı verir:

Əlbəttə, eşitdim. Sənin onları eşidib anladığın kimi mən də onları eşitdim və nəyi nəzərdə tutduqlarını anladım. Bəs sən mənim onlara necə cavab verdiyimi eşitmədinmi? Mən də onlara “və aleykum” , yəni “sizin üzərinizə olsun” dedim. Şübhəsiz ki, mən pis danışan biri olaraq göndərilmədim. Onların bizə dua etdiyi şeylə biz də onlara dua etdik. Lakin, onların duası qəbul olunmaz, bizim duamızı  isə Allah qəbul edər.”[6]

Bu hadisədən də məlum olduğu kimi Rəsulullah ziyarətçilərinə “Siz nə hədlə mənə,   evimdə və ailəmin yanında bəddua edirsiz?” deyə sərt davranmamaqla yanaşı, həzrət Aişəyə də qəzəblənərək “Mən varkən sən niyə araya girirsən?” deməmişdir. Həm sükunətini qorumuş, həm də həzrət Aişəyə sükunəti tövsiyə etmişdir. Çünki bu cür hadisələrdə sükunəti qorumaq, ab-havanın gərginləşməsinə və hadisənin böyüyüb davaya çevrilməsinə mane olar. Əks halda emosional davranıb pis davranışa kobudluq cavab vermək hər iki tərəfə də heç nə qazandırmaz, hətta hər iki tərəf də məğlub və məyus olar.

Bir gün səfərlərin birində ənsar qadınlarından Əsma binti Yezid Rəsulullahı (s.a.s.) ziyarət edir və bir məsələ haqqında sual soruşmaq istəyir. Rəsulullah (s.a.s.) icazə verdikdən sonra Əsma binti Yezid həzrət Aişənin yanında: “Heyzli bir qadın necə qüsul almalıdır?” deyə soruşur. Həzrət Aişə bu sualı eşidikdə qəzəblənir və sərt şəkildə müdaxilə edərək: “Dayan ey anası ölmüş, qadınları rüsvay elədin” ‒ deyir. Bunu eşidən Rəsulullah: “Sakitləş ey Aişə, ənsar qadınları fiqh haqqında soruşur. Gör ənsar qadınları necə bəsirətli qadınlardır ki, həyaları dinlərini öyrənmələrinə mane olmur”,  ‒ buyurur.[7] Burada da Rəsulullah (s.a.s.) həzrət Əsmaya qəzəblənməməklə yanaşı, həm də onun simasında bütün ənsar qadınlarını təqdir edir.

Namazda danışan səhabə ‒ Muaviyə ibn Hakəm

Bir gün Rəsulullah (s.a.s.) məsciddə namaz qıldırarkən camaatdan biri asqırır. Həzrət Muaviyə ibn Hakəm də həmin şəxsə “Yərhamukəllah”, yəni “Allah sənə mərhəmət etsin” deyir. Lakin camaat ona gözucu qəzəblə baxmağa başlayır. Muaviyə ibn Hakəm də bu baxışlardan narahat olur və onlara: “Gör başıma nə gəldi? Niyə mənə elə baxırsız” deyə soruşur. Onlar heç bir cavab vermir və əllərini budlarına vururlar. Bu hərəkətin “sakit ol” demək olduğunu anlayır və susur. Bir müddət sonra namaz bitir və Rəsulullah (s.a.s.) sakitcə soruşur: “Danışan kim idi?” Camaat da həzrət Muaviyəni göstərir. Bu vaxt Rəsulullah (s.a.s.) onu yanına çağırır və mülayim bir səs tonu ilə deyir: “Ey Müaviyə, bu ibadətin adı namazdır. Namaz qılarkən danışmaq olmaz. Namaz sadəcə təsbeh, təkbir və Quran oxumaqdan ibarətdir.”  Həzrət Müaviyə də “Ey Allahın Elçisi, mən yeni müsəlman olmuşam, bunları bilmirdim” ‒deyir və Rəsulullahın anlayışını görüb Ona (s.a.s.) suallar verir.[8]

Göründüyü kimi Rəsulullah (s.a.s.) həzrət Muaviyəni: “Sən niyə namazda danışıb insanlara mane olursan?” deyə təmbehləməmiş və təmkinlə namaz qılarkən danışmağın doğru olmadığını izah etmişdir. Bu münasibət qarşısında çox təsirlənən həzrət Muaviyə o anı unutmamış və Rəsulullahı hər xatırlayanda: “Anam, atam Ona fəda olsun, həyatımda Ondan daha səbrli, daha yaxşı müəllim görmədim. Vallah etdiyim bu hərəkətə görə məni nə təmbehlədi, nə qınadı, nə də ki, döydü. Sadəcə sakit və mülayim şəkildə namazda dünyəvi bir söz deyilməyəcəyini mənə öyrətdi.”

Nəticə olaraq təlim, tərbiyə və təhsildə təmkinli olmaq düşündüyümüzdən daha dəyərlidir. Çünki problemi həll etmək və səhvləri düzəltmək üçün ən gözəl metodlara sükunəti qorumaqla nail olmaq mümkündür. Həmçinin ən doğru qərarlar da məhz bu mühitdə verilir. Bu mənada sükunəti qorumaq problemi həll etməyin yarısıdır desək yanılmarıq. Bu səbəbdən uşaqlar və gənclər başda olmaqla qarşı tərəfin mənfi və yanlış davranışları qarşısında səbir və şəfqətlə davranmaq ən doğru seçimdir. Əks halda tələsik və qəzəblə atılan addımlar və verilən qərarlar nəticəsində valideyn, müəllim, idarəçi, rəhbər və s. zərər görə bilər.

Bu səbəbdən uşaqlar yanlış hərəkət etdikdə onlara qəzəblənib çığırmamalı, onları qorxutmamalıyıq. Çünki, üstünə qışqırılan uşaqlar qorxar və özlərini təhlükədə hiss edər. Üstəlik həmişə valideynlərini və müəllimlərini günahlandırar, içlərində onlara qarşı düşmənçilik hisləri baş qaldırar. Hətta bununla da kifayətlənməz, içə qapanar və tənhalığa meyil edərlər. Bir sözlə, təmkinli olub uşaqlar və gənclərə mülayim davranmaq onlarda sevgi və hörməti, güvən duyğusunu artırdığı halda qəzəbli və səbirsiz davranmaq onları bizdən uzaqlaşdırar. Xülasə, təmkin, mehribanlıq, birlik və bərabərliyə, səbirsizlik və qəzəb isə uzaqlıq və tənhalığa səbəb olar.


[1] Tirmizi, Birr 66; Beyhəqi, Sünənul-Kübra X/104 (20270)
[2] Tirmizi, Sehr 54; İbn Macə, Ticarət 67
[3] Bax: Əhməd ibn Hənbəl, Müsnəd, V/256,257
[4] Buxari, Vüdu’ 58; Ədəb 80; Əbu Davud, Təharət 136; Tirmizi, Təharət 112
[5] Buxari, Elm 12, Ədəb 80; Müslim, Cihad 6,7 (1732, 1733)
[6] Buxari, Ədəb 38; Müslim, Birr 79 (4144) və ya bax: 2592
[7] Buxari, Elm, 32; Əli əl-Müttəqi, Kənzul-Ümmal, IX/27765
[8] Müslim, Məsacid 33; Əbu Davud, Salət 167



Bənzər məqalələr

Peyğəmbər metodu – fərdi tərbiyə

Hər insanın, mənəvi və zehni qabiliyyətləri bir-birindən fərqlidir. Bu baxımdan hər kəs fərdi xüsusiyyətlərə malikdir. Dolayısı ilə insanlara nəyisə öyrədərkən fərdi keyfiyyətlərini də nəzərə almalı və hər kəsin fərdi xüsusiyyətlərinə görə təlim metodları tərtib edilməlidir. Rəsulullah (s.a.s.) da insanların xarakter və qabiliyyətlərindəki bu fərqlilikləri üç ayrı bənzətmə ilə izah etmiş və insanlara nəyisə öyrədərkən hər […]

Çətin dövrlərdə təbliğ

İslamı təbliğ edənlər çətinlik və problemlərə qarşı ümidsizliyi aradan qaldırmaq üçün nə edə bilərlər?

Nəyi seçirik?

Bu yazı Tövbə surəsinin dördüncü ayəsinin izahı ilə əlaqəlidir.

Təbliğdə tədricilik

Sual: İndiki dövrdə yaşayan müsəlmanlar Rəsulullahın (s.a.s) təbliğ üsulundan nələri nümunə götürə bilərlər?

Təbliğdə nələrə diqqət etməli?

Müasir dövrdə İslamı təbliğ edən möminlər nələrə diqqət etməlidirlər?


Şərh yaz