10. 376 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: İki namazı birləşdirərək bir vaxtda qılmaq (cəmus-səlateyn) caizdir?

Cavab: Hər namazı öz vaxtında qılmaq fərzdir. Çünki vaxt, namazın şərtlərindəndir. Qurani-Kərimdə belə buyurulur: “Şübhəsiz namaz möminlərə müəyyən vaxtlarda vacib (fərz) edilmişdir.”[1], “Namazlara (xüsusilə) orta namaza riayət edin!”[2], “Namazı gündüzün iki başında və gecənin (gündüzə yaxın) bəzi saatlarında qıl.”[3] Bununla yanaşı Cəbrayıl (ə.s) Hz. Peyğəmbərə (s.ə.s) beş vaxt namazın vaxtlarını bildirərək, həmin bu vaxtlarda  namaz qılmağı öyrətmişdir. Bu təlimdə bir vaxt ərzində iki namazı qılmaq yoxdur.[4]

Həcc edənlərin Ərəfatda günorta vaxtı, günorta və ikindi namazlarını, Müzdəlifədə gecə namazının vaxtında isə, axşam və gecə (yatsı) namazlarını birləşdirərək qılmaları istisnadır. Bunlardan birincisinə “cəmi-təqdim”, ikincisinə yəni Müzdəlifədəkinə isə axşam namazı gecikdirildiyi üçün “cəmi-təxir” deyilir. İki namazın birləşdirilərək qılınmasına da “cəmus-səlateyn” deyilir.

Ərəfat və Müzdəlifədəki birləşdirmə mövzusunda bütün müctəhidlər həmfikirdirlər. Çünki, Rəsulullahın (s.ə.s) da belə etdiyi haqqında bir çox mötəbər hədis var.

Abdullah ibn Məsud (r.a) nəql edir: “Mən, Rəsulullahın (s.ə.s) bir namazı öz vaxtından başqa bir vaxtda qıldığını görmədim. Lakin iki namaz bundan istisnadır: Ərəfatda günorta ilə ikindi, Müzdəlifədə də axşamla gecə namazlarını birlikdə (birləşdirərək) qılmışdır.”[5]

Abdullah İbn Məsud (r.a) özə də Hz. Peyğəmbərin vəfatından sonra həcc getmiş və Müzdəlifədə axşamla gecə (yatsı) namazlarını birləşdirərək qılmış, sübh namazını da erkən qıldıqdan sonra Rəsulullahın (s.ə.s) belə buyurduğunu demişdir: “Axşamla gecədən ibarət olan bu iki namazın, Müzdəlifədə adət olunan (həmişə qılınan) vaxtları dəyişdirilmişdir. Əsla insanlar gecə vaxtı girməmişdən Müzdəlifəyə gəlib bu iki namazı erkəndən birləşdirməsinlər.”[6]

Bununla yanaşı Allah Rəsulunun (s.ə.s) Ərəfat və Müzdəlifədə xairicində iki namazı birləşdirərək qıldığı vaxtlar olmuşdur. Salim İbn Abdullah (r.a) atasından belə nəql edir: “Rəsulullah (s.ə.s) səfərə tələsəndə axşam namazını gecikdirərək yatsı namazı ilə birlikdə qılardı.”[7]

Muaz İbn Cəbəl (r.a) də bildirir ki, “Hz. Peyğəmbər (s.ə.s) ilə Təbük səfərinə çıxdıq. Allah Rəsulu günorta ilə ikindini, axşamla gecəni birləşdirərək qıldı.”[8]

İki namazı birləşdirməyin yalnız Ərəfat və Müzdəlifədə mümkün olduğu fikrini mənimsəyən hənəfilərə, bu və buna oxşar hədislərdən hərəkətlə Allah Rəsulunun birinci namazı vaxtının sonunda, ikinci namazı da vaxtının əvvəlində qıldığını söyləmişlər. Bu, Hənəfilərə görə “suri-cəm” (şəkli birləşdirmə) adlanır ki, beləcə hər iki namaz öz vaxtında qılınmış olur. Əsaslandıqları dəlillər:

Ənəs İbn Malik (r.a) belə nəql edir: “Allah Rəsulu günəş zenitdən qərbə tərəf meyl etməzdən əvvəl yolçuluğa çıxdıqda, günorta namazını ikindi vaxtına qədər təxirə salar, sonra dayanaraq günorta və ikindini birlikdə qılardı. Yola çıxmamışdan günəş qərbə meyl etmişsə, günorta namazını qılar, sonra yola çıxardı.”[9]

Ənəsdən (r.a) gələn hədis daha aydındır: “O (s.ə.s), səfərdə tələsərkən günorta namazını ikindi namazının başlanğıcınadək gecikdirər, sonra ikisini birlikdə qılardı, axşamı gecikdirər sonra yatsı ilə birlikdə qılardı.”[10] Bu birləşdirmə kimi görünsə də, həqiqətdə isə hər iki namaz öz vaxtında qılınmışdır.

Şafei, Maliki və Hənbəli məzhəblərinə görə namazı birləşdirməyin vaxtı yoxdur. Cəmi-təqdim və cəmi-təxir müxtəlif vaxtlarda ola bilər. Bu məzhəblər namazın müəyyən vaxtlarda birləşdirilərək qılına biləcəyini qəbul edirlər. Həmin vaxtlar:

Səfərdə olmaq: Hənəfilərin xaricindəki alimlər, səfərdə olmağı üzrlü səbəb kimi göstərərək, səfərdə namazların birləşdirilməsini caiz saymışlar.

Əlverişsiz hava şəraiti: Yağış, qar, dolu, palçıq və s. kimi əlverişsiz hava şəraitində Maliki, Şafei və Hənbəli məzləblərinə görə, namazları birləşdirərək qılmaq caizdir.

Xəstəlik: Malikilərə görə xəstənin əhvalının növbəti namaz vaxtına qədər həqiqətən ağırlaşma və ya huşunu itirmə ehtimalı varsa, həmin xəstə namazlarını birləşdirərək qıla bilər.

Hənbəli məzhəbinə görə də, səfərdə olanlar, ağır xəstələr, uşaq əmizdirən, istiazəli (üzr sahibi-damar partlaması nəticəsində qanaxması olan) qadınlar və korluq səbəbilə vaxtı təyin etməkdə çətinlik çəkənlər namazlarını birləşdirərək qıla bilərlər.

Şafei məzhəbinə görə isə, xəstəlik səbəbilə namazları birləşdirərək qılmaq caiz deyil.

 Məzhəblərin əsaslandıqları dəlillər bunlardır:

Abdullah İbn Abbasdan (r.a) nəql olunan hədisdə bildirilir: “Rəsulullah (s.ə.s) Mədinədə qorxu və ya yağış olmadan günorta ilə ikindi, axşamla yatsı namazını birləşdirərək qıldı.” İbn Abbasa (r.a) Rəsulullahın (s.ə.s) bununla nə etmək istədiyi soruşulanda, o, belə cavab verdi: “Ümmətinə çətinlik vermək istəməmişdi.”[11]

Heç bir İslam alimi normal şərtlərdə (vəziyyətdə) iki namazı birləşdirməyin caiz olduğunu söyləməmişdir. Buna görə də yuxarıdakı İbn Abbasın nəql elədiyi hədisi, birinci namazı vaxtının sonunda, ikinci namazı da vaxtında qılınması kimi izah etmişlər.  

Səfərdə namazın vaxtından əvvəl cəmi-təqdim (önə alaraq birləşdirmə) şəklində qılınacağına işarə edən Hz. Muazdan (r.a) nəql edilən hədisdə belə deyilir: “Hz. Peyğəmbər səfər üçün günəş qərbə tərəf meyl etdikdən sonra yola çıxdıqda, ikindi namazını günortaya birləşdirərək onları birlikdə qılar, sonra yola çıxardı. Axşam namazından əvvəl yola düşəcəyi təqdirdə isə, axşamı gecikdirər və yatsı namazı ilə birlikdə qılardı. Axşam namazından sonra yola çıxacaqsa, yatsı namazının vaxtı girmədən axşamla birlikdə qılardı.”[12]

İmam Malik (v. 179/795) də Ərəfat və Müzdəlifə istisna olmaqla iki namazı birləşdirməyi şəkil nöqteyi-nəzərindən mümkün hesab etmiş və belə demişdir: “Səfərdə olmayanın iki namazı birləşdirərək qılmağı caiz deyil. Bir şəxs günorta ilə ikindi namazı arasında səfərdə olar və məcburiyyət qarşısında qalarsa, günortanı vaxtının sonunadək gecikdirib qıla, sonra ikindini də ilk vaxtında qıla bilər. Axşam namazını da vaxtının sonuna qədər gecikdirərək qılmaq olar. Sonra yatsı namazını isə ilk vaxtında qılmalıdır.[13] Hənəfilərlə malikilər “cəmi-səlat” mövzusunda həmfikirdirlər.

Mövcud şərtlərə görə namaz qılmaqdan məhrum olan və ya imkanı olmayanlar namazları birləşdirməklə ən azından namaz qılmamağın günahından qurtula bilər, qulluq vəzifələrini yerinə yetirmiş olarlar.

Səhər namazını heç bir halda birləşdirərək qılmaq olmaz. Yalnız günorta ilə ikindi, axşamla da yatsı namazları yuxarıda sadalanan vəziyyət və şərtlərdə istisna olaraq birləşdirilərək qılına bilər. Günorta və ikindi namazı cəmi-təqdim ediləcəksə günorta namazına başlamadan buna niyyət edilməlidir. Cəmi-təxir zamanı isə birinci namazın vaxtı ərzində namazları birləşdirməyə niyyət etmək lazımdır. Əks təqdirdə namaz vaxtından sonraya gecikdirilmiş sayılır ki, bu haramdır.

Cəmi-təqdim zamanı sıraya riayət eləmək lazımdır. Günorta və ikindi namazı cəm ediləndə əvvəlcə günortanı, sonra ikindini qılmaq lazımdır. Aradakı sünnə namazlar isə qılınmır. Cəmi-təxir zamanı da sıraya riayət olunmalıdır. Şafeilərə görə riayət olunmadığı təqdirdə ikinci namaz qəza olmuş sayılır.

Axşam və yatsı namazı cəmi-təqdim edildikdə vitr namazı yatsı namazından sonra qılınmalıdır.

Nəticə olaraq bunu demək olar ki, Hz. Peyğəmbərin dövründə vida həcci xaricində səfərdə olarkən, xəstəlik, şiddətli yağış və sairə kimi çətinliklərlə üzləşəndə günorta ilə ikindi və axşamla yatsı namazları birləşdirilərək qılınmışdır. Bunu nəzərə alaraq, dinə görə məqbul üzrü olan şəxsin adət etməmək şərti ilə bundan faydalanması mümkün və caizdir. Lakin Rəsulullahın (s.ə.s) bu hədisini də unutmamalıyıq “Əməllərin ən fəzilətlisi vaxtında qılınan namazdır.”[14]


[1] Nisa, 4/103.
[2] Bəqərə, 2/238.
[3] Hud, 11/114.
[4] Əhməd ibn Hənbəl, I, 382, III, 330, 331, 352; Şövqani, Neylül-əvtar, I, 300
[5] Buxari, Həcc, 99; Müslim, Həcc, 288; Təcrid-i Sarih Tercemesi, II, 487, 488, VIII, 374; A. Davudoğlu, Sahih-i Müslim Tərcəməsi, İstabul, 1977, IV, 136.
[6] Buxari, Həcc, 97; Əhməd ibn Hənbəl, V, 202; Asım Köksal, İslam Tarihi, İstanbul, XVII, 273, 274.
 [7] Müslim, Müsafirin, 45.
[8] Müslim, Müsafirin, 52, 53; Əbu Davud, I, 285; İbn Macə, I, 340.
[9] Müslim, Müsafirin, 56; Əbu Davud, Səfər, 5, H. No: 1218.
[10] Müslim, Müsafirin, 57, 58.
[11] Səhihi Müslim, tərc., IV, 136-137.
[12] Əbu Davud, Səfər, 5, H. No: 1220; Tirmizi, Cümə, 42, H. No: 553.
[13] Malik, Müdəvvənə, I, 116, 117.
[14].Müslim, İman, 140.



Bənzər məqalələr

Peyğəmbərimiz və səhabələrin namazı

Möminin meracı sayılan namaz imanın əkiz qardaşı kimidir. Başqa sözlə, imanın əməli şəkli namaz, namazın da nəzəri şəkli imandır.

Nə üçün namaz?

İnsan yaradılış baxımından çox zəifdir. Hər şey ona təsir edib əziyyət verir. İnsan həm də acizdir. Düşmənləri və bəlaları saysız-hesabsızdır. İnsan xəstəliklər, təbiətdəki fəlakətlər, ölüm qarşısında gücsüzdür.

hacet
“Dəli”nin namazı

“Dəli”nin namazı

Beş vaxt namazın əhəmiyyəti

Namaz qəlbin nuru, ruhun qidası, möminin meracı, insanın uca Yaradanla vasitəsiz bağlılığıdır. Namaz həddi-büluğa çatmış, ruhi xəstə olmayan hər bir müsəlman kişi və qadına fərzdir.

Təravih namazı neçə rükətdir

Kim Ramazanda inanaraq və savabını Allahdan gözləyərək, Onun rizasını qazanmaq üçün qiyam edərsə (təravih namazı qılarsa), keçmiş günahları bağışlanar.


Şərh yaz