30. 233 dəfə oxunub ,   1 şərh   Çap et

Rəsulullah (s.ə.s) beş vaxt fərz namazdan əlavə nafilə namazlar qılaraq ibadət həyatını gözəlləşdirmişdir. Peyğəmbərimizin (s.ə.s) qıldığı nafilə namazlardan biri də duha namazıdır. Duha kəlməsi ərəb dilindən tərcümədə “səhər və ya quşluq vaxtı” deməkdir. Quranın 93-cü surəsi də “Duha” surəsidir. Duha namazına quşluq namazı da deyilir. 

Duha namazının fəziləti

Günümüzün yarısı səhər günəş doğandan günorta namazının vaxtına qədər olan müddətə düşür. Bu vaxt, insanların gündəlik işlərlə daha çox məşğul olduğu vaxtdır. İnsan həmin vaxtın çox az hissəsini nafilə ibadətə sərf etmək daha çox savaba nail ola bilər. Çünki, nafilə ibadətlərlə məşğul olmaq bir çox xeyirlərə vəsilə olur. Necə ki, bu haqda qüdsi hədisdə belə buyrulur:

“Bəndəm mənə fərz ibadətlərlə yaxınlaşdığı qədər heç bir şeylə yaxınlaşa bilməz. Nəticədə mən onun görən gözü, eşidən qulağı, tutan əli və yeriyən ayağı olaram. Artıq o, mənimlə görər, mənimlə eşidər, mənimlə tutar, mənimlə gəzər. Belə bir bəndə mənə sığanarsa onu qoruyar, məndən bir şey istərsə, istəyini yerinə yetirərəm.”[1]

Əbu Zərin (r.a) nəql elədiyi bir hədis belədir: “Uca Allah buyurdu ki, “Ey Adəm övladı! Günün əvvəlində mənim rizam üçün dörd rükət namaz qıl. Mən də günün sonuna qədər səni qoruyum.””[2]

Duha vaxtından qılınan namaz insanın günahlarının bağışlanmasına səbəbdir. Bu haqda Rəsulullah (s.ə.s) belə buyurur:

Kim iki rükət duha namazı qılmağa davam edərsə, dəniz köpüyü qədər günahları olsa da bağışlanar.”[3]

Cənnətdə “duha qapısı” adlı bir qapı var. Qiyamət günü bir səs yüksələr və “Duha namazı qılanlar hardadı?” Bu sizin qapınızdır. Allahın rəhməti ilə bu qapıdan cənnədə daxil olun”.[4]

Səhər erkəndən günə başlayan hər bir oynağınız üçün Allaha şükür niyyəti ilə bir sədəqə verməlisiniz. Bunu çatdırmaq qeyri-mümkün olduğuna görə hər bir təsbeh (“Subhanallah” demək) bir sədəqə, hər təhmid (“Əlhamdulilləh” demək) bir sədəqə, hər təhlil (“Lə iləhə illəllah” demək) bir sədəqə, hər təkbir (“Allahu Əkbər” demək) bir sədəqə, yaxşılığı tövsiyə edib təşviq etmək bir sədəqə, pis əməllərdən çəkindirib onlara nifrət etdirmək də bir sədəqədir. Bunları da etmirsinizsə, heç olmasa, quşluq vaxtı iki rükət namaz qılın ki, (şükür etməkdə aciz olduğunuz) o nemətlərin əvəzində təqdim edilən sədəqələrin yerini tutsun”.[5]

“Kim on iki rükət (duha) quşluq namazı qılarsa, Allah onun üçün cənnətdə bir köşk qurar.”[6]

Duha namazının vaxtı

Duha namazını vaxtı kərahət vaxtının[7] çıxmasından zəval vaxtına[8] qədərdir. Bu vaxt ərzində – yəni səhər, günəş çıxdıqdan 45 dəqiqə sonradan günorta namazından təqribən 45-50 dəqiqə əvvələ qədər qılmaq olar. Kərahət vaxtından iki saat sonra qılmaq isə daha fəzilətlidir. Çünki hədisdə “Duha namazı dəvə balasının ayaqlarının torpaqdakı istidən isinməyə (yanmağa) başladığı vaxt qılınmalıdır”.[9]

Günəşin şəqrdən yüksələrək ətrafı işıqlandırdığı mənasına gələn işraq vaxtı da quşluq vaxtının başlanğıcı sayılır. Hədislərdə işraq vaxtına aid xüsusi nafilə namaz yoxdur. Həmin vaxt qılınan namaz da duha namazı hökmündədir. 

Duha namazı neçə rükətdir?

Nafilə ibadətlərdə rəkat məhdudiyyəti yoxdur. Bu qayda duha namazı üçün də keçərlidir. Duha namazını da digər nafilə ibadətlər kimi ən az iki rükət olmaq şərtilə dörd, altı, səkkiz və daha çox rükət qılmaq olar. Rəsulullahın (s.ə.s) da duha namazını bəzən iki, bəzən, dörd, bəzən də səkkiz rükət qıldığı hədislərdə bildirilmişdir. Belə ki, Hz. Aişə (r.anha) bildirir ki, “Rəsulullah duha namazını iki-iki olmaqla dörd rükət qılardı. Bəzən isə bu sayı istədiyi qədər artırırdı”.[10]

 Hz. Aişə (r.anha) başqa hədisdə bildirir ki,

Rəsulullah (s.ə.s) mənim otağımda dörd rükət quşluq namazı qılardı”.[11]

Bu hədislərdən hərəkətlə alimlər duha namazının dörd rükət qılınmasını tövsiyə edirlər.[12]

Rəsulullah (s.ə.s) vəfatına yaxın quşluq namazını bəzən səkkiz rükət qılmışdır.

Hz. Aişə (r.anha) isə Rəsulullahın (s.ə.s) xəstəlik və narahatlıq səbəbindən gecə təhəccüd namazı qıla bilmədiyi günlərdə quşluq namazını səkkiz rükət qıldığını bildirmişdir. Necə ki, Rəsulullah (s.ə.s) təhəccüd namazını hər gecə əda eləməyə çalışırdı.

Kab ibn Malik (r.a) bildiri ki, “Rəsulullah (s.ə.s) səfərdən dönərkən Mədinəyə adətən quşluq vaxtı çatardı. Şəhərə daxil olanda əvvəlcə məscidə gedər və iki rükət duha namazı qılardı. Sonra da məsciddə bir müddət oturaraq əshabı ilə söhbətləşərdi”.[13] Bəzi alimlərə görə isə Rəsulullahın (s.ə.s) qıldığı bu namaz şükür namazıdır.

Başda Rəsulullahın (s.ə.s) xanımları, Əshabi-süffə və digər səhabələr Rəsulullahın (s.ə.s) qıldığı kimi duha namazı qılmışlar.[14]

Əshabi-süffənin öndərlərindən sayılan Əbu Hüreyrə (r.a) nəql edir: “Xəlilim Rəsulullah (s.ə.s) mənə üç şey tövsiyə eləmişdi ki, mən də ömrüm boyu onları tərk etmədim. Bunlar, hər ayda üç gün oruc tutmaq, gündə iki rükət duha namazı qılmaq, gecə yatmazdan əvvəl vitir namazını əda etməkdir”.[15]

Hz. Aişə (r.anha) isə bildirir ki, “Rəsulullah (s.ə.s) nə vaxt duha namazı qılardısa mən də mütləq onunla bərabər duha namazı qılardım”.[16]

Hz. Aişə (r.anha) bir dəfə yanına gələnlərə duha namazı haqqında belə demişdir, “valideynlərim dirilib gəlsə də duha namazını əsla tərk etmərəm”.[17]

Rəsulullah (s.ə.s) duha namazının fərz olmadığını bildirmək üçün bəzən həmin namazı qılmamışdır.[18]

İnsan fərzlərlə yanaşı Rəsulullah (s.ə.s) tərəfindən qılınması tövsiyə edilən nafilə namazları da qılmağa çalıçmalıdır. Duha, əvvabin, təhəccüd kimi nafilə namazlar da fərz namazlardakı əskiklikləri tamamlamayır və insanı Allaha yaxınlaşdırır. Bu namazlar həm də insanın diqqətinin fərz namazlara yönəlməsini təmin edir.


[1] Buxari, Riqaq, 38.
[2] Tirmizi, Səlat 346; Sahihu İbn Hibban, XI, 36
[3] İbni Macə, İqamə , 187. h. No. 1382. Tirmizi, Vitr, 15. H. No. 476.
[4] Təbərani, əl-Mucəmul-kəbir, XX, 30
[5] Buxari, Sülh 11; Müslim, Səlatul-müsafirin, 84.
[6] İbn Macə, İqamə , 187. h. No. 1380; Tirmizi, Vitr, 15. h. No. 473. Tirmizi bu hədisə qərib demişdir.
[7] Günəş çıxandan 40-45 dəqiqə sonra
[8] Günəşin zenit nöqtəsində olduğu vaxta deyilir.
[9] Müslim, Səlatul-müsafirin, 143.
[10] Müslim, Səlatul-müsafirin 78.
[11] Əhməd ibn Hənbəl, Müsnəd, VI, 74.
[12] Xaşiyətut-Təhtavi, s. 321.
[13] Əbu Davud, Cihad, 161.
[14] Əhməd ibn Hənbəl, Müsnəd, VI, 105.
[15] Buxari, Təhəccüd 3; Müslim, Səlatul-müsafirin, 85.
[16] Buxari, Təhəccüd 32; Müslim, Səlatul-müsafirin, 75.
[17] Malik, Muvatta, Səlatud-duha 325.
[18] Əhməd ibn Hənbəl, Müsnəd, III, 36.


Açar sözləri

duha nafilə namaz quşluq

Bənzər məqalələr

Nafilə İbadətlər

“Nəfl” kökündən yaranan nafilə kəlməsi lüğətdə “haqq edilən miqdara və ya paya əlavə olunan, artırılan, artıq” kimi mənalara gəlir; Fiqhdə nafilə, dinin fərz və vacib hökmündə olmayıb, mükəlləfdən yerinə yetirməsini gözlədiyi hər hansı maddi və bədəni ibadətə deyilir.

Peyğəmbərimiz və səhabələrin namazı

Möminin meracı sayılan namaz imanın əkiz qardaşı kimidir. Başqa sözlə, imanın əməli şəkli namaz, namazın da nəzəri şəkli imandır.

Nə üçün namaz?

İnsan yaradılış baxımından çox zəifdir. Hər şey ona təsir edib əziyyət verir. İnsan həm də acizdir. Düşmənləri və bəlaları saysız-hesabsızdır. İnsan xəstəliklər, təbiətdəki fəlakətlər, ölüm qarşısında gücsüzdür.

hacet
“Dəli”nin namazı

“Dəli”nin namazı

Beş vaxt namazın əhəmiyyəti

Namaz qəlbin nuru, ruhun qidası, möminin meracı, insanın uca Yaradanla vasitəsiz bağlılığıdır. Namaz həddi-büluğa çatmış, ruhi xəstə olmayan hər bir müsəlman kişi və qadına fərzdir.


1 şərh yazılıb
  1. Namiq BABAŞLI , 20/02/2015 tarixində, saat 04:02

    Əshabi-süffənin öndərlərindən sayılan Əbu Hüreyrə (r.a) nəql edir: “Xəlilim Rəsulullah (s.ə.s) mənə üç şey tövsiyə eləmişdi ki, mən də ömrüm boyu onları tərk etmədim. Bunlar, hər ayda üç gün oruc tutmaq, gündə iki rükət duha namazı qılmaq, gecə yatmazdan əvvəl vitir namazını əda etməkdir” –
    Bezi edebiyyatlarda oxudugum vitr namazini teheccudden sonra qilmaqla bagli hedisler var. Burda yatmazdan evvel vitr eda edilsin melumati teheccudle bagli basqa fikir formalasdirmazmi. Her sey ucun yene de Allah butun emeyi kecenlerden razi olsun, Amin, inşallah

Şərh yaz