40. 180 dəfə oxunub ,   0 şərh   Çap et

Doğruluq söz, düşüncə və davranışda əksini tapır. Möminlər doğruluğa və dürüstlüyə zidd heç bir hərəkətə yol verməməlidir. Qurani-Kərim doğruluq və dürüstlüyün üstünlüyünü açıq-aşkar bəyan edir: “Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin!”[1]

Allah dürüst bəndələrin yardımçısıdır

Düzlük və dürüstlük həm doğru danışmaq, həm doğru düşünmək, həm də davranış və əməllərdə bunu əks etdirməkdir. İnsan hər işdə düz danışmalı, öz ziyanına və ya yaxınları əleyhinə olsa belə, doğru sözü söyləməyi bacarmalıdır. Dürüstlükdən hasil olan etimad hissi qarşılıqlı münasibətlərin qüvvətlənməsində, həmrəylik hissinin güclənməsində mühüm rol oynayır. Bundan başqa dürüst insan öz vicdanı ilə çəkişməz. Qısası, bir çox sosial-psixoloji problemlərə səbəb olan yalanın qarşısı alınar. Dürüstlük insana mənəvi rahatlıq gətirir, xüsusilə də, möminlərin qəlbinə. Çünki Allah dürüstlərin, doğru yolda olanların yardımçısıdır.

Həsən Bəsri həzrətlərinin yaşadığı şəhərin zalım bir valisi vardı. Vali bir gün adamlarını göndərir ki, gedib Həsən Bəsri həzrətlərini həbs eləsinlər. O da bir vaxtlar şagirdi olan Həbibi Əcəmi həzrətlərinin daxmasında gizlənir. Valinin adamları gəlib qəzəblə:

– Həsən Bəsrini gördün? – deyə soruşur.

O da çox təmkinlə:

– Hə, – deyir.

– Haradadır?

– Mənim bu daxmamda.

Adamlar daxmaya girirlər, ancaq Həsən Bəsrini tapa bilmirlər. Çölə çıxıb Həbibi Əcəmi həzrətlərinə:

– Ya şeyx, niyə yalan danışırsan? – deyirlər.

– Mən yalan danışmıram. Siz görə bilmirsinizsə, mənim günahım nədir?

Adamlar təkrar daxmaya girib axtarırlar, yenə tapa bilməyib çıxıb gedirlər. Onlar gedəndən sonra Həsən Bəsri həzrətləri:

– Ey Həbib! Bilirəm ki, məni Rəbbim sənin hörmətinə onların gözündən gizlətdi. Ancaq mənim yerimi niyə onlara söylədin? Sənin müəllimin olmuşam, üstündə haqqım yoxdur?

Həbibi Əcəm həzrətləri bu cavabı verir utanaraq:

– Ey ustadım! Onlar mənim hörmətimə görə deyil, doğru danışdığımıza görə sizi tapa bilmədilər. Bilirsiniz ki, dürüst bəndələrin yardımçısı Allahdır. Əgər yalan desəydim, sizi də, məni də tutardılar.

Mömin verdiyi sözdən dönməz, əmanətə xəyanət etməz, işində dürüst olar, yalandan uzaq gəzər, öhdəsinə götürdüyü vəzifəni layiqincə yerinə yetirər, əmanəti layiqli adamlara tapşırar. Allaha ibadət və itaətində sadiq və dürüst olar. Rəbbinə qəlbən bağlanar. Onun hüzurunda riyakarlıq etməkdən, yalan danışmaqdan həya edər.   

Ziya Paşanın misraları ilə desək:

“İnsana sədaqət yaraşır, görsə də ikrah

Yardımçısıdır doğruların Həzrət Allah!”

Bir gün cavan bir oğlan Kəbədə: “Ey doğruların yardımçısı Allahım! Ey haramdan çəkinənlərin yardımçısı Allahım! Sənə həmdu-səna edirəm!” – deyə təkrar-təkrar dua edir. Cavanın eyni duanı təkrar-təkrar eləməsi camaatın nəzərini cəlb edir. Ondan: “Niyə eyni duanı edirsən? Başqa bir şey bilmirsən?” – deyə soruşurlar. O da başına gələn hadisəni danışır:

“7-8 il bundan əvvəl Kəbədə bir kisə qızıl tapdım. İçində düz min qızıl vardı. İçimdən bir səs mənə: “Bu qızıllarla filan işləri görə bilərsən” – deyirdi. “Yox, – dedim öz-özümə, – bu, mənim deyil, başqasının puludur, haramdır”. Bu vaxt bir nəfər: “Bir kisə tapan varmı?” – deyə qışqırmağa başladı. Onu çağırdım, kisənin əlamətlərini və içində nə olduğunu soruşdum. O adam kisənin əlamətlərini sayıb içində min qızıl olduğunu söylədi. Mən kisəni ona təslim etdim. O da kisəni açıb mənə 30 qızıl verdi.

Bazara getdim. Gənc bir əsiri tərifləyərək satırdılar. Gəncin pak siması diqqətimi çəkdi. Onlara yaxınlaşdım. Neçəyə satdıqlarını soruşdum. 30 qızıl dedilər. Həmin 30 qızılı verib cavanı satın aldım. Bir-iki il keçdi. Gənc çox çalışqan və ədəbli idi. Ondan razı idim. Bir gün onunla birlikdə yol gedirdik. Qarşıdan iki-üç nəfərin gəldiyini gördük. Gənc mənə dedi: “Ağa, mən Mərakeş əmirinin oğluyam. Bu gələnlər atamın adamlarıdır. Məni tapdılar. Səndən məni satın almaq istəyəcəklər. Sən yaxşı insansan. Məni onlara 30 min qızıldan aşağı satma”, – dedi.

O adamlar yanıma gəlib əsiri almaq istədiklərini dedilər. Mən: “Sataram”, – dedim. 60 qızıl təklif etdilər. Razılaşmadım. “Sən onu 30 qızıla almamısan, niyə razılaşmırsan? Biz iki dəfə çox veririk”, – dedilər. “Elə isə gedin bazardan alın”, – dedim. Nə isə danışa-danışa 20 min qızıla qədər çıxdılar. “30 mindən aşağı olmaz”, – dedim. Çarəsiz qalıb qəbul etdilər. Qızılları verib oğlanı aldılar və çıxıb getdilər. Mən o 30 min qızılla dükanlar açdım, ticarətlə məşğul oldum və varlandım. Bir gün dostlarım mənə: “Varlı bir ailənin yaxşı bir qızı var. Atası vəfat edib. Gəl onu sənə alaq”, – dedilər. Mən də razı oldum. Kəbin kəsildi. Qızın cehizini dəvələrlə gətirdilər. Cehizin arasında bir kisə diqqətimi çəkdi. “Bu nədir?” – deyə qızdan soruşdum. “Qızıl kisəsidir, – dedi, – içində 970 qızıl var. Atam bunu Kəbədə itirib, sonra da tapan adama 30 qızıl verib. Qalanını da mənə hədiyyə etdi, “cehizinə qoyarsan” dedi. Demək, tapdığım qızıllar mənim qismətim imiş. Verməsəydim, haram yolla əldə edəcəkdim. İndi halal yolla yenə mənə qismət oldu”.

Qurani-Kərim dürüst olmağı əmr edir

Vicdan və iman bilə-bilə yalan danışan adamı rahat buraxmaz. Doğruluq-dürüstlük isə insanı bu cür mənəvi narahatlıqdan və ziddiyyətlərdən qoruyur. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) bu mövzu ilə bağlı olaraq buyurur: “Bil ki, doğruluq sakitlik və rahatlıq, yalan isə şübhə və tərəddüd gətirir”[2].  Doğruluq eyni zamanda bəndənin digər əxlaqi vəsflərə yiyələnməyə sövq edir. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) başqa bir hədisində: “Doğruluq insanı yaxşılığa yönəldir…”[3] buyurur.

“Mənə bu altı əməl haqqında söz verin, mən də sizin Cənnətə gedəcəyinizə söz verim:

“Doğru danışın, verdiyiniz sözü yerinə yetirin, əmanətə xəyanət etməyin, ədəb yerinizi qoruyun, gözlərinizi haramdan qoruyun, əllərinizi haramdan uzaq tutun!”[4]

Dürüst insan sözünün üstündə durar. Yalan danışmaz, hiyləgərlik etməz, kimsəni aldatmaz, işini düzgün görər. Onun zahiri də, batini də birdir, tutduğu yol doğrudur.

 İlk öncə qəlb düz olmalıdır. Mömin qəlbində yalana, hiyləyə, fitnəyə yer verməməli, kiməsə qarşı düşmənçilik hissi bəsləməməlidir. Ondan sonra da sözündə düz olmalıdır. Yalan, uydurma və böhtan sözləri dilinə də gətirməməlidir. Yalanın ziyanı da, düzlüyün faydası da  göz qabağındadır. Daha sonra işində düz olmalıdır. İşlərində hiylə və yalandan uzaq durmalıdır.

Allahdan gələn vəhyləri tərəddüdsüz qəbul edən ən dürüst insanlara “siddiq” deyilir. Həzrət Əbu Bəkrin ləqəbi Siddiq idi. Siddiqlər heç vaxt yalan danışmazlar. Onlar Allaha ürəkdən inanır və bu inancı əməlləri ilə sübut edirlər. “Kitabda İbrahimi də yad et. Həqiqətən, o, siddiq bir peyğəmbər idi”[5], “Allaha və peyğəmbərinə iman gətirənlər – məhz onlardır Rəbbin dərgahında siddiq və şəhidlər”[6].

Allah (cəllə cəlaluhu) Qurani-Kərimdə bütün insanları iman etməyə və dürüst insanlarla bərabər olmağa çağırır[7]. Doğru insanların, İslamı, Quranı və Peyğəmbəri təsdiq edib ürəkdən ibadət edənlərin mükafatını Rəbbimiz verəcəkdir. Doğruluqdan uzaq olan ikiüzlü münafiqlərə isə əzabını daddıracaqdır[8].

Rəbbimiz doğru danışan kişilərə və doğru danışan qadınlara əfv və böyük bir mükafat hazırlamışdır. Çünki onlar qəlbən iman gətirmiş və haqqı ürəkdən təsdiq etmişdilər[9]. Rəbbimiz onlar haqqında buyurur: “Allaha və Peyğəmbərə itaət edənlər Allahın nemətlər verdiyi nəbilər, siddiqlər, şəhidlər və salehlərlə bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır!”[10]

“Sadiq” sözü dost, yoldaş deməkdir. Yəni öz yoldaşının doğru olduğunu təsdiq edən, onunla dürüst davranan, ona sədaqətlə bağlanan ən yaxın dost deməkdir. Dost, yoldaş mənasını verən bu sözün “sidq-doğruluq” kəlməsindən törəməsi təsadüfi deyildir.

Yeri gəlmişkən, sədaqət timsalı bir şəxsiyyətdən – Allah dostlarının piri Əbdülqadir Geylani həzrətlərindən söhbət açaq. O, bizə heç bir halda yalan söyləməməyi, doğruluq yoluna sadiq qalmağı öyrədir.

Əbdülqadir Geylani məktəb yaşına çatanda elm öyrənmək üçün Bağdada getmək istəyir. Anası onu çox istəsə də, elmdən, öyrənməkdən söz düşəndə razılaşmalı olur. Rəhmətlik atasından qalma qızılların yarısını o biri oğluna ayırır, yarısını da Əbdülqadirin qaftanının astarına tikir. Və oğluna nəsihət edir:

– Heç vaxt yalan danışma!

Balaca Əbdülqadir kiçik bir karvanla el-obasından ayrılıb Bağdada tərəf yola düşür. Dağlar, dərələr, çöllər aşırlar. Karvan xeyli yol getdikdən sonra birdən quldurlar qabağını kəsir. Karvan əhli özünü itirir.

Quldur dəstəsi çox əzazil adamlardan ibarət idi. Yol kəsən, karvan soyan, hər şeyi talan edən haramilərdi.

Karvanın qabağını divar kimi kəsən bir dəstə quldur:

– Tərpənməyin və nəyiniz varsa, yerə tökün, – deyə qışqırır.

Hamını dəhşət bürüyür, heç kim qorxusundan yerindən tərpənmir. Nə bir söz deməyə macal, nə də müqavimət göstərməyə qüvvələri olur.

Quldurlar karvanı talan etməyə başlayır. Malları yağmalayıb quldurbaşının qarşısında yerə sərilmiş iri bir örtüyün üstünə tökürlər. Əşyalardan bir təpə əmələ gəlir.

Bu zaman azğın quldurlardan biri gəlib Əbdülqadirin qarşısında durur və deyir:

– Ey dərviş qiyafəli uşaq, sənin nəyin var?

Balaca Əbdülqadir:

– Qırx qızılım var, – deyir.

Quldur inanmaq istəmir:

– Yalan danışma, kasıb uşaq. Qırx qızılı sən heç yuxuda da görə bilməzsən.

Quldurlardan biri sözə qarışır:

– Bəs hanı dediyin qızıllar?

Əbdülqadirin verdiyi cavab quldurları daha da heyrətləndirir:

– Qaftanımın astarına tikilib.

Quldur dərhal uşağın yaxasından yapışıb bağırır:

– Gəl!

– Haraya?

– Başçımızın yanına!

– Başçı kimdir?

– Sual vermə, gəl!

Və ürkək baxışlı uşaq quldurbaşının yanına aparılır. Quldurbaşı Əbdülqadiri üstdən aşağı süzüb soruşur:

– Ay uşaq! Deyirsən, qırx qızılın var, düzdür?

– Bəli!

– Qızıllar haradadır?

– Qaftanıma tikilib.

O saat Əbdülqadirin qaftanını söküb qızılları götürürlər. Quldurbaşı heyrətini gizlədə bilməyib soruşur:

– Ay uşaq! De görüm səndə qızıl olduğunu niyə boynuna aldın?

Əbdülqadir Geylani şirin bir təbəssümlə cavab verir:

– Anam mənə doğru danışmağı və Allahın rizasını unutmamağı tapşırıb. Doğruluq sədaqət, yalançılıq isə xəyanətdir. Xəyanət edə bilməzdim!

Gözünü qan, qəlbini günah tutmuş quldurbaşını elə bil ildırım vurur. Nur üzlü Əbdülqadirə xeyli baxır. O məsum üzün dürüstlük ifadəsi quldurbaşının daşlaşmış ürəyini yumşaldır. Birdən gözləri bulud kimi dolur və ağlamağa başlayır:

– Baxın bu balaca uşaq anasına verdiyi sözə necə sadiqdir. O, anasına xəyanət etmədiyi halda, mən neçə vaxtdır Allahın sözünə və əmrlərinə xəyanət edirəm. Vay mənim halıma! Vay mənim halıma! Bu gün bütün günahlarıma və pis əməllərimə tövbə edirəm. Bu gözəl uşaq məni zülmətdən nura çıxardı.

Daş kimi bərk, qaya kimi sərt ürəkli quldurbaşının gözlərinin dolması və yanaqlarının islanması o biri quldurlara da təsir edir. Hamısı bir ağızdan qışqırır:

– Ey başçımız, bu günəcən yol kəsməkdə, adam soymaqda və quldurluq etməkdə başçımız idin. İndi də tövbə və yaxşılığa dönməkdə başçımız ol! Biz yenə səninlə bərabər və əmrindəyik.

Quldurbaşı yaşlı gözlərini quldurlara dikib deyir:

– Elə isə kimdən nə almısınızsa, bir-bir özünə qaytarın və gəlin elə buradaca günahlarımıza tövbə edək!

Quldurların hamısı bir ağızdan hayqırır:

– Baş üstə!

O saat karvandan alınan mallar, pul və qızıllar yiyələrinə qaytarılır və karvan sağ-salamat yola düşür. Daş qəlbli bu quldurlar vicdanlarındakı günah kirlərini tövbə süngəri ilə silməyə başlayırlar. İndi onların ürəyi ipəkdən də yumşaq olmuşdu. Buna səbəb isə balaca bir uşağın doğru danışması və verdiyi sözə sadiq qalması idi.

O nur üzlü uşağın dürüstlüyü sayəsində həm öz qızılları, həm karvan əhli xilas olmuşdu, həm də quldurlar tövbə edib haqq yola dönmüşdülər.

Müsəlman sözü də, qəlbi də düz insandır

Müsəlman sözü, özü düz insandır. Bu məziyyətə nail olmağa və qorumağa səy göstərir. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) dürüstlük əxlaqının, xüsusən də, kiçik yaşlarda aşılanmasına böyük əhəmiyyət vermişdir. Ata-ananın uşağa yalan söyləməkdən çəkindirmək üçün onların uşaqlarla münasibətlərinə nəzarət etmiş və bəzi əsas qaydalar qoymuşdur. Məsələn, nə olur-olsun ata-ananın uşaqlarını aldatması, onlara yalan danışması doğru deyildir.

Abdullah ibn Amir nəql edir:

“Bir gün anam məni çağırdı. Rəsulullah (sallallahu aleyhi və səlləm) da bizdə idi. Anam:

– Gəl, sənə bir şey verəcəyəm, – dedi.

Rəsulullah (sallallahu aleyhi və səlləm) anamdan:

– Ona nə verəcəksən? – deyə soruşdu. Anam:

– Bir xurma, – dedi. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

– Bunu bil ki, əgər ona bir şey verməsəydin, sənə bir yalan günahı yazılardı”[11].

Əbu Hüreyrə (r.a) Rəsulullahın (sallallahu aleyhi və səlləm) belə buyurduğunu nəql edir: “Kim bir uşağa “Buraya gəl, sənə bir şey verəcəyəm” – deyər, ancaq heç nə verməzsə, bir yalan günahı qazanmış olar”[12].

Müsəlmanın sözü kimi özü də, yəni zahiri də, batini də doğru olmalı, o, qəlbini pis duyğu və düşüncələrdən təmizləməlidir. Başqa sözlə, müsəlman düşündüyü kimi danışmalı, danışdığı kimi olmalıdır. Sözü ilə qəlbi arasında fərq olmamalıdır ki, imanda kamala çatsın və insanların etibarını qazansın.

Bəli, müsəlman özündə sözündə, işində, xülasə, həyatın hər sahəsində doğru olmalıdır. Bu da ancaq çox güclü imanla gerçəkləşə bilər.

[1]. “Əhzab” surəsi, 33/70.

[2]. Tirmizi, “Qiyamət”, 60.

[3]. Müslim, “Birr”, 105; Buxari, “Ədəb”, 69.

[4]. “Müsnəd”, 5/323.

[5]. “Məryəm” surəsi, 19/41.

[6]. “Hədid” surəsi, 57/19.

[7]. “Tövbə” surəsi, 9/119.

[8]. “Əhzab” surəsi, 33/24.

[9]. “Əhzab” surəsi, 33/35.

[10].  “Nisa” surəsi, 4/69.

[11]. Əbu Davud, “Ədəb”, 80; Əhməd ibn Hənbəl, “Müsnəd”, III, 447.

[12]. Əhməd ibn Hənbəl, “Müsnəd”, II, 452.




Bənzər məqalələr

Təvazö və ixlas

Təvazö öz üstünlüklərini, məziyyətlərini gözə çarpdırmağı, öz xidmətləri ilə qürrələnməyi sevməmək, şöhrətpərəstlikdən, lovğalıqdan uzaq olmaq və sadəlik deməkdir.

Sidq və ya doğruluq

Sidq və ya doğruluq peyğəmbərlərin beş əsas xüsusiyyətindən biridir. Uca Allah Quranda həzrət Musa və həzrət İbrahim haqda “O, büsbütün doğru danışan kimsə (siddiq) – bir peyğəmbər idi.”[1], həzrət İsmayıl haqda da: “O öz vədinə sadiq və bir elçi, bir peyğəmbər idi.”[2] – buyurmuşdur. Bu səbəbdən peyğəmbərlərin bütün hərəkət və ifadələrində doğruluq nəzərə çarpır. Peyğəmbərlər […]

İslamın əsası doğruluqdur

Rəsulullahın (s.a.s.) “Məni Hud və oxşar surələr qocaltdı” hədisini necə anlamaq lazımdır? 

İxlas nədir?

İxlas bütün növ şirkdən uzaq və tövhid üzrə Uca Allaha qulluq etmək, ibadətdə yalnız Allahın rizasını gözləmək deməkdir.

Xeyirli qonşu

“Qonşun səndən zərər görməyəcəyinə əmin deyilsə, cənnətə girə bilməzsən”


Şərh yaz