2. 850 dəfə oxunub ,   0 şərh   Çap et

Xüşu qorxu və sevgi ilə Allahın əmrlərinə itaət etməkdir, qəlbən sevgi və riayətdir. Hudu isə Allahın əzəməti qarşısında təvazö ilə ikiqat olmaqdır, səmimi təslimiyyətdir.  Xüşu və hudu – bir qulun Allah-Təalanın əzəmət və böyüklüyü qarşısında özünün acizliyini, fəqirliyini, ehtiyaclarını və kiçikliyini düşünməsi, bu düşüncə ilə ürəyinin daim sayğı və təzimlə döyünməsi, hal və bəyanlarının da bu halına tam tərcüman olmasıdır. Qurani-Kərim məhz bu abı-hava içində namazı iqamə edənlərə və ibadətləri yerinə yetirənlərə qurtuluş vəd edir.

….”Həqiqətən, möminlər nicat tapmışlar! O kəslər ki, namazlarını xüşu içində (hər şeyi unudaraq, ruhən və cismən yalnız Allaha yönəlib) qılıb (Ona) boyun əyərlər!“[1]

Namazda xüşu

Xüşu – Allah qorxusu və sevgisi ilə Ona təzim etmək və bu hislə təvazökarlıq göstərmək deməkdir.

Bəzi alimlərə görə, hudu zahiri təzim, xüşu isə ruhi və mənəvi təzimdir. Bəzi alimlər isə “xüşu üzvlərlə, hudu qəlblə, xüşu gözlə, hudu digər üzvlərlə olur” demişdir.

Namazda ayaq üstə dayanarkən səcdə yerinə, rükuda ikən ayaqlara, səcdədə ikən burun ucuna, oturarkən iki əlin arasına (qucağa) baxılmalıdır. Gözlər ətrafa sürüşmədən bu sadalanan yerlərə baxarsa, namazda xüşunun hasil olması, qəlbin dünya düşüncələrindən qurtulması mümkündür.

Həzrət Əli: “Xüşu qəlbdə yerləşən  bir şeydir. Namaz qılanda donmuş kimi heç bir tərəfə baxmamaq və heç nə ilə maraqlanmamaq xüşudandır,” – demişdir.

Qurani-Kərimin müxtəlif ayələrində və Rəsulullahın hədislərində xüşudan bəhs edilir. Bəzi İslam alimlərinə görə, xüşu qorxu kimi, yalnız qəlbə aid əməldir. Bəzilərinə görə isə, namazda sükunət və sağa-sola baxmamaq kimi üzv və orqanlarla bağlı əməllərdir. İlk dövrlərdə səhabələr namaz qılarkən bəzən göy üzünə baxarmışlar. “Muminun” surəsinin xüşu ilə əlaqədar ilk ayələri nazil olandan sonra səcdə yerinə baxmışlar.[2]

Namazda xüşu qəlbin bütün kənar şeylərdən arınıb Allaha bağlanması ilə hasil olur. Bu vaxt qəlb hüzuru hiss edir. Alimlər namazın xüşusunu belə izah edirlər: “Bütün cəhd və səyi namaz üçün toplamaq, namaza aid olmayan hər şeydən uzaqlaşmaq, gözləri səcdə yerindən ayırmamaq, sağa-sola baxmamaq, paltarla oynamamaq və barmaqları şaqqıldatmamaq.”[3]

Bəzi müctəhidlər xüşunu namazın şərtlərinə daxil etmişlər. Amma səhih görüşə görə, xüşu namazın bir şərti deyil, kamalındandır. Yəni məqbul və mükəmməl namaz xüşu ilə qılınan namazdır. Namazda qəlb qibləyə yönəlir. Qəlb və fikir başqa şeylərlə məşğul olarsa, namaz qəflət içində qılınmış sayılır. Belə namaz Haqqı xatırlatmaz. Halbuki namaz Allahı xatırlamaq üçündür. Allahu Təala buyurur: “Mənə ibadət et və Məni anmaq üçün namaz qıl!“[4] Bu da ancaq namazla mümkündür.[5]

Namazın şikayəti

Namazı üzrsüz yerə vaxtın sonuna saxlamaq ancaq tənbəllərin işidir. Bu gün namazı vaxtın sonuna saxlayanlar sabah “cəbrən lil-nöqsan” (çatışmazlıqları tamamlama, yaraları sarıma) sayılan sünnətləri də tərk edər, o biri gün də fərzin sağından-solundan budayıb qol qanadını qırarlar. Və beləcə bir qolu çolaq, bir ayağı axsaq, burnu qırıq, bir qulağı qopuq bir namaz qılarlar. Həmin namaz da bərzəx – qəbir həyatında sahibinə elə qüsurlu, axsaq halda yoldaşlıq edər və ondan şikayətçi olar. Necə ki, verilən xəbərlərə görə, insanın qiyamət günü ilk düşməni rüku və səcdəsini nöqsanlı qıldığı namazı olacaq və sahibinin yaxasından yapışıb “Məni hədər etdiyin kimi Allah da səni hədər etsin” deyəcək. Hədisi-şərif:

Xüşu ilə qılınmayan, rüku və səcdələri tam yerinə yetirilməyən namaz (axirətdə) qatı qaranlıq halında peyda olacaq və sahibinə “Məni hədər etdiyin kimi Allah da səni hədər etsin” deyəcək. Allahın dilədiyi vaxt gələndə bu cür qılınan namazlar köhnəlmiş paltarlar kimi bükülüb sahibinin üzünə çırpılacaq.[6]

Tələm-tələsik və sürətlə qılınan namaz ancaq şeytanı sevindirir. “Təənni (təmkin və aramla) hərəkət etmək Rəhmandan, tələsmək isə şeytandandır[7] hədisi bu həqiqəti əks etdirir. Belə ki, şeytan Həzrət Adəmə səcdə etməkdən boyun qaçırmaqla Allahın əmrinə itaət etmədiyi kimi, insanların da səcdə və namazdan uzaq olmasını istəyir. Hətta bütün gücünü sərf edib namazlı, niyazlı insanları ibadətdən uzaqlaşdırmağa, soyutmağa çalışır. Buna gücü çatmayanda da namazdakı xüşuya, hüzura, üsul və ərkana xətər yetirməyə cəhd göstərir. Allah Rəsulu (s.ə.s.) bir hədisdə xəbər verir:

“Şeytan azan və iqamə oxunarkən eşitmədiyi yerə qədər qaçıb uzaqlaşır. Sonra geri qayıdır və namaz qılanla qəlbi arasına girir. “Filan şeyi xatırla, filan şeyi düşün” deyərək onu əvvəllər ağlına gəlməyən şeylərlə vəsvəsəyə salır. İş o yerə çatır ki, şeytana uyan adam neçə rükət qıldığını (və ya nə oxuduğunu) belə unudur.[8]

Xülasə, namaz imanın əkiz qardaşıdır. İman dinin və diyanətin nəzəri tərəfini təşkil edir: bu nəzəri tərəfin qüvvətlənməsi və insan təbiətinin bir parçasına, dərinliyinə çevrilməsi isə başda namaz olmaqla digər ibadətlərlə xüşu ilə mümkündür. Buna əsasən namaz praktiki imandır, iman da nəzəri namazdır. Bəli, xüşu ilə qılınan namaz möminin imandan sonra ən mühüm qayəsi, saleh əməlin də ilk pilləsidir. Ona görə də namazı tez-tələsik qılmamalı, iqamə etməliyik.


[1] Muminun, 23/1-2.
[2] Vahidi, Əsbabül-nüzul, s. 313; Suyuti, Lübabun-nüqul, s. 151; İbn Kəsir, Muminun surəsi, 2-ci ayənin təfsiri.
[3] Elmamlılı Hamdi Yazır, Hak dini Kuran dili, Muminun surəsi 2-ci ayənin təfsiri.
[4] Ta-ha, 20/14.
[5] Şamil İslam ansiklopedisi, Huşu məqaləsi.
[6] Təbərani, əl-Mucəmül-övsat, VII, 183.
[7] Tirmizi, Birr, 66.
[8] Buxari, Səhv, 6; Müslim, Səlat, 19.

 




Bənzər məqalələr

Təravih namazı neçə rükətdir

Kim Ramazanda inanaraq və savabını Allahdan gözləyərək, Onun rizasını qazanmaq üçün qiyam edərsə (təravih namazı qılarsa), keçmiş günahları bağışlanar.

İmsak vaxtı nədir?

İmsak dan yeri ağarmağa başlayandan (imsak vaxtından), iftar (axşam namazı) vaxtına qədər ibadət niyyəti ilə yemək, içmək, cinsi əlaqə və digər orucu pozan şeylərdən uzaq durmaq deməkdir. İmsakın ziddi iftardır.

Sütrə

Namaz qılan şəxsin qabağından insanlar rahat keçsin deyə qoyuduğu maneəyə (kürsü, stul, çanta və s.) sütrə deyilir. Divar və ya sabit bir şey də (dirək, ağac, namaz qılan şəxs və s.) sütrə sayılır. Sütrəyə əməl etmək sünnədir.

Tilavət səcdəsi

Qurani-Kərimdə on dörd səcdə ayəsi var. Bu ayələrdən hər hansı birini oxuyan və ya dinləyən səcdə etməlidir. Həmin səcdəyə tilavət səcdəsi deyilir.

Duha namazı

Rəsulullah (s.ə.s) beş vaxt fərz namazdan əlavə nafilə namazlar qılaraq ibadət həyatını gözəlləşdirmişdir. Peyğəmbərimizin (s.ə.s) qıldığı nafilə namazlardan biri də duha namazıdır. Duha kəlməsi ərəb dilindən tərcümədə “səhər və ya quşluq vaxtı” deməkdir. Quranın 93-cü surəsi də “Duha” surəsidir. Duha namazına quşluq namazı da deyilir.


Şərh yaz