Aylıq namaz vaxtları
780 dəfə oxunub ,   0 şərh   Çap et

Süheyb ibn Sinan İraqın Mosul vilayətinə yaxın Dəclə çayı sahillərində yerləşən Übüllə liman şəhərində anadan olmuşdur. Ailəsi haqqında ətraflı məlumat yoxdur. Atası Sinan ibn Malikdir.

Süheybin öz həyatı haqqında nəql etdikləri bunlardır: Mən Mosul tərəfdə yerləşən Nəmr ibn Qasit xanədanına mənsubam. Atam İran Kisrasının şəhərdəki idarəçisi idi. Sonra Bizans ordusu şəhərə hücum etdi. Kiçik yaşlarımda əsir düşdüm və ailəmi itirdim. Daha sonra məkkəli İbn Cüdan məni satın aldı. Süheyb ibn Sinan bizanslılar tərəfindən satıldığı üçün Rumi ləqəbi ilə tanınmışdır.  

Allah İslamla şərəflənəcək bu şanlı səhabənin yolunu sahibi ilə birgə Məkkəyə salır. Sonsuz Nurun (s.ə.s) dünyanı şərəfləndirməsi ilə, o da vaxt itirmədən həmin nurdan istifadə edərək könlünü işıqlandırır. 

İlk müsəlmanlardan olan Ammar ibn Yasir bir gün Ərkamın evinin qarşısında Süheyb ibn Sinanı gördü. “Burada nə axtarırsan ey Süheyb?” ˗ deyə soruşdu. Süheyb də Ammara, “Bəs, sən nə üçün bura gəldin?”˗ deyə soruşduqda, Ammar, “Mən Muhammədin hüzuruna daxil olub söhbətini dinləmək istəyirəm.”˗ dedi. Sü­heyb də “Mən də bunun üçün gəlmişəm.” ˗ cavabını verdi. Beləcə Ammar ilə Süheyb birlikdə Peyğəmbərimizin hüzuruna daxil oldular. Uzun-uzadı nurlu söhbətdən feyz alan bu iki bəxtiyar, qaranlıq qarışana qədər orada qaldılar. Peyğəmbərimizin təklifi ilə müsəlman oldular. Artıq ürəkləri rahat idi və sanki sevincdən uçurdular. Ancaq bu sevincin özü ilə işgəncə, əzab-əziyyət gətəriyəcəyini də yaxşı bilirdilər. Süheyb müsəlman olduğu zaman müsəlmanların sayı 30-a çatmamışdı.[1] Süheybin Məkkədə himayədarı olmadığından bir çox təzyiqlərə məruz qaldı. Müşriklər onu Ammar ibn Yasir ilə birlikdə zirehli paltar geyindirilərək qızmar günəşin altında ac-susuz saxlayırdılar.

Bir gün bazarların birində Süheyb, Ammar və Habbabla birlikdə gəzəndə müşriklər onlara: “Baxın Muhmmədlə birgə olanlar bunlardır” ˗ deyib onları təhqir etməyə başladılar. Süheyb bu haqsızlıq qarşısında susmadı və:

“Bəli, biz Allahın peyğəmbəri Muhammədlə bərabərik. Onunla durub-otururuq. Biz Allahın Peyğəmbərinə iman etdik, siz inanmadınız. Biz onu təsdiq etdik, siz qəbul etmədiniz. Unutmayın! Biz müsəlman olduğumuz üçün dəyərsiz de­yilik, siz də müşrik olduğunuz üçün əsla bizdən üstün deyilsiniz.”

Hz. Süheybin bu mərdi-mərdanə cavabı qarşısında sakit dayana bilməyən müşriklər, “Al­lahın ara­mızdan nemət və rəhmətinə qərq etdiyi bunlardı?” ˗ deyərək Süheybin üstünə hücum etdilər. Onu döyməklə sakitləşdilər. Süheybi danışmağa taqəti qalmayacaq şəkildə döymüşdülər.[2]

Amma Süheyb bütün işgəncələrə tab gətirir, çəkdiyi iztirablar iman atəşini daha da alovlandırırdı.

Hicrətdə

Bu əziyyətli və iztirablı günlər sona doğru yaxınlaşırdı. Rəsulullaha (s.ə.s) hicrət üçün icazə verilmişdi. Əshabı-kiram Mədinəyə tərəf yola çıxmışdı. Süheyb ibn Sinan da hicrət etməyə qərar vermişdi. Beləcə Məkkəlilərin əza və cəfasından qurtulmuş olacaqdı. Fəqət hicrət etmək üçün fürsət tapa bilmirdi. Məkkəlilərin yaxasını elə asanlıqla buraxmayacğını anlamışdı. Hz. Əlinin də hicrət etdiyini görüncə hazırlaşaraq Mədinəyə tərəf yola çıxdı.

Hz. Süheybin hicrət etdiyini eşidən müşriklərdən bir dəstə onun izinə düşdü. Müşriklər ona mane olmaq istəyirdilər. Nəhayət ona çatdılar. Məkkədən çıxa bilməyəcəyini bildirdilər və ona: “Sən Məkkəyə gələndə bir kölə idin. Bizim sayəmizdə varlandın. Burada qazandıqlarını özünlə aparmaq istəyirsən. Buna heç vaxt icazə vermərik və səni burdan getməyə qoymarıq.”

Müşriklərin bu təhdidlərinə məhəl qoymayan Süheyb miniyindən aşağı enərək torbasından oxlarını çıxardı. Yolunu kəsən məkkəlilərə “Yaxşı bilirsiniz ki, mən ox atmaqda mahirəm. Gördüyünüz bu oxlarla özümü müdafiə edər, oxlarım qurtararsa qılıncımla özümü qoruyaram. Əlimdə oxlar və qılınc olduğu halda əsla mənə yaxınlaşa bilməzsiniz” – deyərək meydan oxudu.

Eşitdikləri düşmənlərini heyrətləndirdi. Deməyə bir söz tapmadılar. Çünki, Süheybin asanlıqla təslim olmayacağını yaxşı bilirdilər. Ancaq onu buraxmaq da istəmirdilər. Süheyb onlara belə bir təklif etdi:

“Siz mənim Məkkədəki sərvətimə göz dikmisiniz. Xəbəriniz olsun ki, nə qədər malım varsa hamısı sizin olsun. Yolumdan kənara çəkilin!”

Bu müşriklərin gözləmədiyi bir təklif idi. Süheyb özü ilə götürdüyü malları da verərək yoluna davam elədi. O, dini, imanı üçün bütün malını fəda etmişdi. Aləmlərə rəhmət olaraq göndərilən peyğəmbərə qovuşmağı hər şeydən üstün tuturdu.

Rəbiüləvvəl ayında Kubada Rəsullalaha (s.ə.s) yetişdi. Lakin günlərlə ac və susuz elədiyi yolçuluq onu yaxşıca yormuşdu. Ayaq üstə durmağa taqəti yox idi. Rəsulullahı (s.ə.s) görəndə bütün yorğunluğunu unutdu.

Hz. Əbu Bəkir və Hz. Ömər də Peyğəmbərimizin yanında idilər. Qabaqlarında yeni dərilən xurma vardı. Süheyb isə yaxşıca acmışdı. Üstəlik gözü də ağrıyırdı. Süheyb özünə verilən xurmalardan yeməyə başladı. Bunu görən Hz. Ömər “Ey Allahın Rəsulu! Süheybə bax gözü ağrıdığı halda yeni dərilən xurma yerir.” – dedi. Peyğəmbərimiz (s.ə.s) “Ey Süheyb! Gözün ağrıdığı halda niyə təzə xurma yeyirsən?” –deyə soruşdu. Peyğəmbərimizin bu xəbərdarlığını eşidən Süheyb “Ey Allahın Rəsulu! Mən xurmaları gözümün ağrımayan tərəfi ilə yeyirəm.” – dedi. Bu cavabı eşidən Rəsulallah (s.ə.s) gülümsədi.[3]

Bundan sonra yolda başına gələnləri danışmağa başladı. Rəsulullah (s.ə.s) da onu dinlədikdən sonra belə buyurdu, “Ey Əbu Yəhya! Sən qazandın. “İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq yolunda (Allah rizası üçün) öz canını fəda edər.” (Bəqərə, 2/207)”. Bu ayənin Hz. Süheyb Rumi haqqında nazil olduğu bildirilmişdir.

Hz. Süheyb Mədinədə Sad ibn Heysəmənin evində qonaq oldu. Bu evdə subay səhabələr qalırdılar. Rəsulullah (s.ə.s) mühacirlərlə ənsarı qardaş elan edərkən, Süheybin də Haris ibn Sammə ilə qardaş olduğunu bildirdi. “İlk müsəlman olanlar dörd nəfərdir. Mən ərəblərdən ilk müsəlman olanam. Süheyb ibn Sinan bizanslıların, Salman Farisi farsların, Bilal da həbəşlilərin ilk müsəlmanıdır.” Rəsulullah (s.ə.s) bu sözləri ilə Süheyb ibn Sinanın müsəlmanlar arasında xüsusi yeri olduğunu bildirmişdir.

Qəzvələr

Rəsulullahın (s.ə.s) Mədinəyə hicrətindən sonra müsəlmanlar üçün yeni mərhələ başlamışdı. İslamı insanlara çatdırmaq, onları haqq və həqiqətlərdən xəbərdar etmək asanlaşmışdı. Rəsulullah (s.ə.s) Mədinədəki qruplarla müqavilələr bağlamış, müsəlmanların təhlükəsizliyini təmin etmişdi. Lakin məkkəlilər İslamın yayılmasını istəmirdilər. Buna görə də Mədinədə belə müsəlmanlara mane olmaq üçün əllərindən gələni edirdilər. Müsəlmanların özlərini müdafiə etdikləri Bədir, Uhud və Təbuk qəzvələrində Süheyb də iştirak etmişdir. Ox atmaq məharətini iştirak elədiyi bütün döyüşlərdə göstərmiş və buna görə də Rəsulullah (s.ə.s) tərəfindən təriflənmişdir. Süheybin nəvələrindən biri babasından belə nəql edir: “Rəsulullahın olduğu hər yerdə mən də olmağa çalışırdım. Demək olar ki, bütün döyüşlərdə Rəsulullahla birgə olmağa çalışdım. Ordunun qabağında gedərək onu qorudum. Düşmənlər qaçarkən onları qovdum. Onu (s.ə.s) əsla düşmənlə baş-başa buraxmadım.”

Hz. Süheyb Hz. Ömərin vəfatından sonra vəfatından sonra onun yerinə imam olaraq təyin edilir. Yeni xəlifə seçilənə qədər üç gün xəlifəlik edir.

Süheyb çox comərd tacir idi. Gözəl əxlaq sahibi olmaqla yanaşı hazırcavablığı ilə də məşhur idi. İnsanlara yemək ikram etməkdən xoşu gələrdi. Nəvələrindən Həmzə ibn Süheyb nəql edir ki, bir gün Hz. Ömər soruşdu, “Ey Süheyb! Sən insanlara çox yemək paylayırsan. Bu israf sayılmırmı?” Süheyb belə cavab verdi, “Rəsulullahın “sizin ən xeyirliniz yemək yedirən və salamı alanlarınızdır” buyurduğunu eşitdim. Elə buna görə də yemək yedirməyi çox sevirəm.”

Vəfatı

Hicrətin 38-ci ili Mədinədəki evində 73 yaşında vəfat etmiş və Baqi qəbirstanlığında dəfn olunmuşdur.


[1] İbn Sad, Tabaqat, III, 227.
[2] İbn Həcər, İsabə, II, 195.
[3] İbn Əsir, Üsdül-Ğabə, III, 31.


Açar sözləri

ibn rumi səhabə sinan süheyb

Bənzər məqalələr

Adiyy ibn Hatəm

Dəlilsiz, araşdırmasız hər hansı bir ideyalogiyanı mənimsəyənlərin qarşılaşacaqları kiçik sarsıntılar nəticəsində tərəddüdə düşmələri, hətta o ideyalogiyadan imtina etmələri mümkündür.

Xalid ibn Vəlid

Sənə hidayət verən Allaha həmd olsun. Sən çox ağıllı bir insansan. Allahdan diləyirəm ki, sənə xeyirli xidmətlər gördürsün.

Abdullah bin Məsud (r.a.)

O, gənc bir çoban idi. Uqbə bin Əbu Muaytın qoyunlarını otarırdı. Bir gün yenə qoyun otaranda yanına iki nəfər yaxınlaşdı. Qonaqlar susadıqlarını deyib ondan süd istədilər. Gənc çoban onlara belə cavab verdi: “Var, amma verə bilmərəm! Bu qoyunlar mənə əmanət edilmişdir. Sahibinin icazəsini al­madan süd verə bilmərəm. Əks halda əmanətə xəyanət etmiş olaram”. Nəticədə, qonaqlar […]

Rəsulullaha (s.ə.s) katiblik edən səhabələr

Peyğəmbərimiz (s.ə.s) özü oxuma-yazma bilmədiyinə görə bu işi Onun (s.ə.s) yanındakı səhabələri görərdilər. Hz. Peyğəmbərin (s.ə.s) təqribən qırx nəfərə yaxın katibi olmuşdur.

Səhabələr dövrünün hadisələrinə bir baxış-3

Bu gün belə bir yanlış düşüncəyə malik insanlar, ola bilsin, İslam dünyasının ümumi vəziyyəti, ölkələrarası əlaqələr və mövcud şəraitə görə hər kəsin gördüyü və bildiyi yerlərdə bu çirkin fikirləri dilə gətirmirlər. Lakin müxtəlif hadisələrlə əlaqədar özlərini saxlaya bilməyib dilə gətirdikləri kin və nifrət dolu ifadələrə nəzər salanda onların bu çirkabdan təmizlənə bilmədiklərini və nəşət etdikləri […]


Şərh yaz

*