528 dəfə oxunub ,   0 şərh   Çap et

Həzrət Abdullah (r.a) İslamiyyətin ilk illərində müsəlman oldu. Müşriklərin ağır işgəncələrinə məruz qaldı. Peyğəmbərimizin icazəsi ilə Həbəşistana hicrət etdi. Bir müddət orada qaldı. Rahat idi. Kimsə ibadətinə mane olmu­rdu. Lakin bütün mühacirlər kimi o da Rəsulullahdan (s.ə.s) ayrı qalmağın iztirabını yaşayırdı. Artıq dözə bilmədi. Hər cür əziyyət və işgəncəni gözə alaraq Məkkəyə qayıtdı.

O əsnada müşrik olan atası Süheyl oğlunun müsəlman olmasına və hicrət etməsinə çox əsəbiləşmişdi. Oğlunun geri qayıtmasına çox sevindi. Artıq əlinə fürsət düşmüşdü. Abdullaha cəza verəcək, onu dinindən döndərməyə çalışacaqdı. Dərhal fəaliyyətə başladı. Əvvəl bərk döydü, sonra da dirəyə bağladı. İşgəncəni o dərəcə artırdı ki, sonda Həzrət Ab­dullah ürəkdən inandığı halda, müşrik kimi görünmək məcburiyyətində qaldı. Beləcə atasının zülmündən xilas oldu.

Süheyl oğul məsələsini həll etdi. Ona yaxşı hədiyyələr verdi. Onun yenidən “bütpərəst olmasına” çox sevinmişdi. Günlər beləcə keçdi. Məkkəlilər Bədir döyüşü üçün ordu hazırlayırdılar. Süheyl bu orduya qatıldığı kimi, oğlunu da özü ilə apardı. Artıq onun müsəlman ola biləcəyinə ehtimal etmirdi. Halbuki Həzrət Abdullah onsuz da müsəlman idi. Dinindən dönməmiş, müşrik olduğunu yalnız dili ilə söyləmişdi. Qəlbən güclü imana sahib idi.[1]

Hz. Abdullah o gündən bəri Peyğəmbərimizə qovuşmaq üçün fürsət axtarmış, lakin heç cür bu fürsəti tapa bilməmişdi. Bu döyüşü yaxşı bir fürsət kimi dəyərləndirdi. Bir tərəfdən də Allaha duada etdi, Ondan kömək istədi.

İki ordu Bədirdə qarşılaşdı. Həzrət Abdullah müşriklərin arasında olsa da, qəlbən Müsəlmanların yanında idi. O, öz-özündə Rəsulullaha (s.ə.s) qovuşmağın, müşriklərə qarşı qılınc çəkməyin tədbirlərini tökürdü. Müşriklərin sayı çox idi. Tezliklə müsəlmanların tərəfinə keçməyin vacib olduğunu düşündü. Nəhayət, bir fürsətini tapdı. Ani bir hücumla mücahidlərə qatıldı. Artıq aylardır, qurduğu xəyallar gerçəkləşmişdi.

Atası oğlunu müsəlmanların cərgəsində görüncə çox qəzəbləndi, ağır sözlər söylədi. Lakin Abdullahın (r.a.) bunlara əhəmiyyət verməyə vaxtı yox idi. Atasına: “Allah bunu mənim üçün xeyirli etdi”, – deyə cavab verdi. Sonra da var gücü ilə müş­riklərin üstünə hücum etdi. Onsuz da, həmişə bu anı gözləyirdi. Bu döyüşdə çox böyük qəhrəmanlıqlar göstərdi. Peyğəmbərimizin ehtiramını qazandı. O əsnada 27 yaşı vardı.

Hz. Abdullah Peyğəmbərimizlə birlikdə bütün döyüşlərə qatıldı. Ümrə səfərində iştirak etdi. Bu vaxt onu dərindən üzən bir hadisə ilə qarşılaşdı: müş­riklər Peyğəmbərimizi Məkkəyə girməsini istəmirdilər. Lakin sülhün də tərəfdarı idilər. Ona görə Süheyl bin Amrı vəzifələndirdilər. Süheyl razılaşmanın ba­şına “Bismillah” yazılmasına və bu razılaşmada Peyğəmbərimizin “Allahın Elçisi” kimi təqdim edilməsinə etiraz etdi. “Biz sənin Rəsulullah olduğuna iman etsəydik, səninlə döyüşməzdik!” – dedi. Peyğəmbərimiz bu razılaşmada Süheylin bütün şərtlərini qəbul etdi. Müsəlmanlardan bəzilərini də buna şahid göstərdi. Şahidlərdən biri də Abdullah idi. Atasının Rəsulullaha qarşı bu hörmətsizliyi Hz. Abdullahı çox kədərləndirdi. Xəcalətindən başını aşağı əydi. Lakin bir az sonra Hz. Abdullahı bundan daha çox kədərləndirən bir hadisə baş verdi. Hz. Abdullahın qardaşı Əbu Cəndəl müsəlman olduğu üçün zəncirə vurulmuşdu. Lakin bir fürsət tapıb qaçmış və Peyğəmbərimizə sığınmışdı. Süheyl bin Amr birdən-birə oğlunu qarşısında görüncə təəccübləndi. Əbu Cəndəlin boynundan tutdu. Əlindəki tikanlı ağacı üzünə vurdu. “Ey Məhəmməd! Razılaşmaya görə mənə geri çevirəcəyin ilk in­san budur”, – dedi. Peyğəmbərimiz əvvəllər bu təklifi qəbul etmək istəmədi. Lakin Süheyl: “Razılaşmanı imzalamaram!” – deyincə məcbur qaldı. Əbu Cəndəli (r.a.) atasına verdi. Bu vaxt Əbu Cəndələ (r.a.): “Bir az daha səbir et. Allahdan bunun mükafatını dilə. Şübhəsiz, Allah sə­nin üçün bir genişlik yaradar”, – buyurdu. Əbu Cəndəl Rəsulullahın əmrinə tabe oldu. Hər cür çətinliyi gözə alıb atası ilə birlikdə Məkkəyə qayıtdı. Bu hadisə orada olan bütün səhabələri dərindən kədərləndirmişdi. Lakin Hz. Abdullahı daha da çox qəmə qərq etmiş, hicrana boğmuşdu. Ancaq səbir edəcəkdi. Allah-Təalanın bir fürsət yaradacağına inanırdı.

Hz. Abdullah Məkkənin fəthində də iştirak etdi. Bəzi azğın müşriklər kimi atası Süheyl də tutulsa, öldürüləcəkdi. Peyğəmbərimizdən atasını bağışlamasını xahiş etdi. Rəsulullah da (s.ə.s.) Hz. Abdullahın və qardaşı Əbu Cəndəlin (r.a.) xətrinə Süheyli əfv etdi. Həzrət Abdullah buna çox sevindi. Dərhal atasını gizləndiyi yerə getdi və müjdə verdi. Süheyl bin Amr Müsəlmanlara etdiyi bu qədər düşmənçilikdən sonra bağışlanılacağına qətiyyən ehtimal etmirdi. Peyğəmbərimizin bu alicənablılığı qarşısında şəhadət gətirərək Müsəlman oldu. Bundan sonra canla-başla İslamiyyətə xidmət göstərdi. Süheyl bəzən əvvəlki həyatını xatırlayıb ağlayardı. (Süheyl bin Amr bölməsinə də baxın.)

Abdullah (r.a) Peyğəmbərimizin (s.ə.s) vəfatından sonra meydana gələn dindən dönmə hərəkatlarının qarşısını almaq üçün böyük səylər göstərdi. Qəhrəmancasına cihad etdi. Nəticədə, şəhidlik mərtəbəsinə çatdı. O əsnada 38 yaşı vardı.

Hz. Əbu Bəkir həcc əsnasında Hz. Abdullahın atası Süheyl bin Amra başsağlığı verdi. İllər əvvəl Müsəlman olduqları üçün övladlarına hər cür işgəncəni rəva görən Hz. Süheyl: “Kaş ki mən də şəhid olsaydım! – deyib, – Rəsulullah belə buyurmuşdu ki, “Qiyamət günü şəhid öz  ailəsindən 70 nəfərə şəfaət edəcək.” Mən oğ­lumun məndən əvvəl kiməsə şəfaət edəcəyinə inanmıram”, – deyə əlavə etdi.[2]

 

[1] Zatən, Uca Allah Quranda “Qəlbi imanla dolu olduğu halda (küfrə) məcbur edilən istisna olmaqla, kim iman etdikdən sonra Allahı inkar edər və qəlbini küfrə açarsa, onlara Allahdan bir qəzəb gələr.”(Nahl 16/106) ayəsi ilə təzyiq altında qaldıqda bu şəkildə rəftar etmək üçün izin vermişdir.

[2] İbn Sad, Təbəqat, III, 406; Üsdül-Ğabə, III, 180-181; İbn Hişam, Sirə, III, 331




Bənzər məqalələr

Peyğəmbərimiz və səhabələrin namazı

Möminin meracı sayılan namaz imanın əkiz qardaşı kimidir. Başqa sözlə, imanın əməli şəkli namaz, namazın da nəzəri şəkli imandır.

Rəsulullahın ramazan xütbəsi

Bu yazı Rəsulullahın (s.a.s.) Ramazan ayı ilə əlaqəli ümmətinə tövsiyələri haqdadır. Rəsulullah (s.a.s.) Şaban ayında oxuduğu bir xütbədə ümmətinə bunları tövsiyə etmişdir.

Abdullah ibn Səlam (r.a)

Abdullah bin Salam bu xəbəri eşidən kimi düz Rəsulullahın (s.ə.s) yanına yollanır. Mədinə qapılarının ağzında Rəsulullahı qarşılamaq üçün toplaşan izdihamın arasına girir. Rəsulullahı görüncə özünü saxlaya bilməyib: “Vallah, bu simada ya­lan olmaz!” – deyə qışqırır.

Səhabələri nümunə götürmək

Necə etmək olar ki, insanlar səhabələri nümunə götürsünlər?

Adiyy ibn Hatəm

Dəlilsiz, araşdırmasız hər hansı bir ideyalogiyanı mənimsəyənlərin qarşılaşacaqları kiçik sarsıntılar nəticəsində tərəddüdə düşmələri, hətta o ideyalogiyadan imtina etmələri mümkündür.


Şərh yaz