Aylıq namaz vaxtları
58. 783 dəfə oxunub ,   1 şərh   Çap et

Qüslun dəlilləri

Qüslun hikmət və faydaları

Qüsl nə vaxt alınmalıdır?

Heyz və zahı olan qadın natəmiz (murdar) sayılmır.

Qüslün fərzləri

Qüsl almağa necə niyyət edilməlidir?

Qüslun sünnə və ədəbləri

Cünüb olan şəxsə bunları edə bilər;

Sünnəyə uyğun qüsl necə alınır?

Qüslun növləri

Dəstəmaz almadan sadəcə qüsl alaraq namaz qılmaq olarmı?

Qüsl alarkən sidik, qan, yellənmə və s. kimi dəstəmaz pozan bir hal baş versə qüsl pozulurmu? 

Qüsl alandan sonra ağız və burnunu yumağı unudan və ya bədənindən hər hansı bir yerin quru qaldığını görən şəxs bunu xatırlayanda yenidən qüsl almalıdırmı?

Cünub olan şəxs qüsl almadan yeyib-içmək istəsə nə etməlidir? 

Cünub olan ana südəmər körpəsini əmizdirə bilərmi?

Cünub olduqdan sonra yuyunmadan yatmaq olarmı?

Cünub olduqdan sonra dəstəmaz almamaq olarmı?

Yeni müsəlman olan şəxs qüsl almalıdır?

Cümə günü qüsl almaq mütləq lazımdır?

Hamam və hovuz ədəbi

Cünub insan murdar sayılmır

Cənazəyə (meyyitə) qüsl aldırmaq

Cünub, heyzli və zahı olan şəxsə qadağan olan şeylər

Qadınların heyzli günlərdə dişlərinə dolğu (plomb) qoydurandan sonra qüsl ala bilərmi?

 Ölüyə toxunmaq qüslu pozurmu? 

Qüsl “bir şeyi su ilə yumaq” deməkdir. Fiqh termini olaraq isə, saçdan dırnağa qədər bütün bədəni təmiz su ilə yuyaraq təmizlənməyə qüsl deyilir. Qüsl almaq bəzən fərz, bəzən sünnə, bəzən də müstəhəbdir. Fiqh kitablarında dəstəmazın olmaması “hədəsi-əsğar”, qüslun olmaması isə “hədəsi-əkbər” adlandırılmışdır.

Qüslun dəlilləri

Qüslun dəlilləri Quran və Sünnəyə əsaslanır. Belə ki, Quranda buyrulur,“Əgər cünüb isəniz  yaxşıca təmizlənin (bədəninizi başdan ayağa yuyun )”[1]. Heyzli (aybaşı olan) qadınla cinsi əlaqəni qadağan edən ayədə isə belə buyrulur: “Heyz zamanı qadınlardan kənar olun, (heyzdən) təmizlənənə qədər onlarla yaxınlıq etməyin, təmizləndikdən sonra isə Allahın sizə əmr etdiyi yerdən (buyurduğu qayda üzrə) onlara yaxınlaşın!”[2]

Başqa bir ayədə isə, cünub ikən təmizlənmədikcə namaza yaxınlaşmamaq əmr edilir. “Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlayana qədər və cünüb olduğunuz zaman ˗ yolda olan müsafirlər istisna olmaqla ˗ qüsl edənədək namaza yaxınlaşmayın.”[3]

Yuxarıdakı ayələrlə yanaşı qüsl haqqında Rəsulullahın (s.ə.s) bir çox hədisləri var. Yeri gəldikcə həmin hədislər qeyd olunacaq.

Qüslun hikmət və faydaları

Qüsl bədənin müvazinətini bərpa edir. Qan dövranını tənzimləyir. İnsanı ibadətə hazırlayır. Qüslun bu kimi bir çox faydaları vardır. Qüslun insan sağlamlığına bir çox faydalarının olduğu elm adamları tərəfindən sübut olunmuşdur. Qüsl almaqla, cünubluq, heyz və nifasın insan bədənində meydana gətirdiyi maddi kirlər təmizlənir. Həmçinin qüsl alanda cünubdan dolayı bədəndə meydana gələn yorğunluq və zəiflik azalır. İnsan natəmizlikdən qurtararaq ibadətə hazırlanmış olur. Allahın hər əmrində olduğu kimi qüsldə də bizə məlum olmayan bir çox hikmət və faydalar var.

Qüsl nə vaxt alınmalıdır?

Qüslun alınmasını vacib edən əsas amil hökmü kirlilikdir. Hökmü kirlilik deyərkən cünubluq, heyz və nifas halı nəzərdə tutulur. Bu halların hər birində qüsl alaraq paklanmaq fərzdir. Hökmü kirlilik vəziyyətlərində mömin natəmiz (murdar) sayılmır, ancaq müəyyən ibadətləri yerinə yetirə bilmir. İbadətləri yerinə yetirə bilmək üçün qüsl almalıdır. Bundan əlavə özündən asılı olmayaraq yuxuda qüslu pozulanın orucu pozulmur, namaz qılacağı vaxtın sonuna qədər qüslü gecikdirə bilər.

Aşağıdakı hallarda qüsl almaq fərzdir:

Cünub olmaq. Cünubluq da iki şəkildə baş verir: Bədəndən hər hansı şəkildə – yuxuda və ya oyanıq halda şəhvətlə məninin (spermanın) xaric olması qüslu pozur. İkinci olaraq da,cinsi əlaqədə olarkən kişi cinsiyyət orqanının sünnət hissəsinin qadının cinsiyyət orqanına daxil olmasıdır. Bu təqdirdə məni gəlməsə belə hər iki tərəf qüsl almalıdır. Çünki, hədisdə belə buyrulur, “İki sünnət yeri qovuşduqda bo­şal­ma ol­ma­sa da qüsl almaq va­cibdir.[4]

Normal vəziyyətdə, yəni cinsi münasibətdə olmadan cünub sayılmaq üçün məninin şəhvətlə gəlməsi şərtdir. Ağırlıq qaldırma, yıxılma, xəstəlik kimi səbəblərlə məni gəldikdə cünubluğa səbəb olmur.

Cinsiyyət orqanında sidikdən başqa üç növ axıntı gəlir: məzi, vədi və məni (sperma).

Məzi, tənasül üzvü ilə oynama, nəyisə xəyal etmə, mazaqlaşma və ər və arvadın bir-birinə qarşı ehtirası nəticəsində cinsiyyət orqanından gələn şəffaf və yapışqan mayedir. Ola bilər ki, həmin maye bədəndən xairc olarkən insan nə isə hiss eləməsin. Məzi həm kişi, həm də qadından gələ bilər.

 Vədi, soyuq, ağır yük qaldırma və başqa səbəblərdən adətəm sidikdən sonra gələn tünd rəngli və qatı mayedir. Rənginə görə məniyə (spermaya) bənzəyir. Bəzən cinsi həzz səbəbi ilə də gələ bilər.

Bu iki maye – məzi və vədi şəhvətsiz olaraq öz-özünə gəlir. Məzi və vədi gələndə qüsl almağa ehtiyac yoxdur. Ancaq məni gəldikdə qüsl almaq fərzdir. Hz. Əli belə demişdir: “Mən məzisi tez-tez gələn bir adam idim. Hz. Peyğəmbərdən soruşdum, belə cavab verdi: “Məzidə dəstəmaz, mənidə qüsl vardır. (Məzi gələndə sadəcə dəstəmaz almaq, məni gələndə isə qüsl almaq lazımdır)”.[5]

Məzi və vədinin gəlməsi ilə yalnız dəstəmaz pozulur. Məzi və vədi gələn şəxs cinsiyyət orqanını yuduqdan sonra dəstəmaz almalıdır.[6] Rəsulullah (s.ə.s) bu haqda buyurmuşdur: “Hər kişidən məzi çıxır və bundan ötrü dəstəmaz almaq lazımdır.”[7] Məzi paltara bulaşdıqda həmin yeri yumaq lazımdır.[8]

  Məni , şəhvətlə və əksər hallarda bədəndən sürətlə xairc olan, spesifik qoxu və rəngə malik qatı mayedir. Həm qadından, həm də kişidən məni gəlir.

Ümmü Süleym (r.anha) Rəsulullahdan (s.ə.s) soruşdu, “Ey Allahın Elçisi! Allah haqqın deyilməsindən həya etməz (utanmaz). Qadın (cinsi əlaqədə olmadan) cünub olsa qüsl almalıdırmı?” Hz. Peyğəmbər, “Bəli, (paltarında) islaqlıq görərsə, almalıdır” – dedi. Orda olan və bu cavabı eşidən Ümmü Sələmə (r.anha): “Qadının da (cinsi əlaqədə olmadan) qüslu pozularmı?” – deyə soruşdu. Hz. Peyğəmbər (s.ə.s) belə buyurdu: “Allah sənin köməyin olsun! Bəs uşaq ona necə bənzəyir?”[9] Ənəs ibn Malikin (r.a) rəvayətinə görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur,Kişinin mənisi qatı və ağ rəngdədir, qadının mənisi isə duru və sarı rəngdədir. Hansı üstünlük təşkil edərsə uşaq ona bənzəyər.” [10]

Qadınlarda kişilərdə olduğu kimi məni gəlmir, gəlsə də çox bilinmir. Qadınlarda boşalma anında titrəmə, qasılma olur. Gələn axıntının məzi, yoxsa məni olduğunu ancaq belə anlamaq olar. Gələn axıntının məni yox, məzi olduğu qənaəti hasil olarsa qüsl almaq lazım gəlmir.

Yuxudan oyanan zaman cünub olduğunu xatırlamaqla yanaşı, alt paltarına məni bulaşdığını görən şəxs qüsl almalıdır. Yuxuda məni gəldiyini görən, lakin oyandıqda paltarında bir iz görməyən şəxsə qüsl almaq fərz deyil. Hz. Aişə (r.anha) nəql edir ki, Peyğəmbərimizdən (s.ə.s) yuxuda cünub olduğunu bu səbəbdən (paltarının) nəmləndiyini görən, lakin bunu xatırlamayan şəxs haqqında soruşdular. Rəsulullah (s.ə.s) belə cavab verdi: “Qüsl alsın!” Həmçinin Rəsulullahdan (s.ə.s) yuxuda cünub olduğunu gördüyü halda paltarında heç bir nəmlik (əlaməti) görməyən şəxs haqqqında soruşdular. O (s.ə.s) belə cavab verdi: “Ona qüsl fərz deyil.” Ümmü Süleym (r.anha): “Qadın da bu səbəbdən (yəni yuxudan oyananda paltarında islaqlıq görərsə) qüsl almalıdır?” ˗ deyə soruşduqda Rəsulullah (s.ə.s), “Bəli! Çünki, qadınlar kişilərin bənzəridir.”[11] – cavabını verdi. Kişilər kimi yuxuda cünub olan qadın haqqında Rəsulullaha (s.ə.s) soruşulduqda isə, “Əgər kişinin halına düşərsə qüsl etsin”.[12]

Huşunu itirən və ya sərxoş olan şəxs, özünə gəldikdən sonra paltarında islaqlıq görər və bunun məni olduğu zənninə qapılarsa ehtiyatən qüsl almalıdır.

İnsan məninin gəldiyini (cünub olduğunu) bilməz və sonradan bunu görərsə paltarındakı qurumuş yeri təmizləməli, qüsl almalı, axırıncı qıldığı namazı da qəza etməlidir.[13]

Əbu Hənifə ilə İmam Məhəmmədə görə şəhvətlə yerindən ayrılıb, şəhvət kəsildikdən sonra bədəndən xaric olan mənidən ötrü qüsl alınmalıdır. Əbu Yusifə görə isə, alınmamalıdır. Şəhvətlə məni xaric olduqdan sonra axıntının tam kəsilməsi üçün su yoluna getmək, bir az yatmaq və ya gəzmək lazımdır.

Bədənindən şəhvətlə məni xaric olan şəxs dərhal qüsl almalıdır. Sonradan şəhvətsiz olaraq məni gələrsə Əbu Hənifə və İmam Məhəmmədə görə yenidən qüsl almaq lazımdır. Əbu Yusifə görə isə, ehtiyac yoxdur. Əsas qəbul edilən görüş birincisidir.

Cünub olduqdan sonra axıtının tam kəsilməsi üçün ya bir az yatmalı, ya addımlamalı və ya az da olsa su yoluna çıxılmalıdır.

Qadının uşaqlığından şəhvətsiz olaraq axan mayedən ötrü qüsl almaq lazım deyil. Qüsl aldıqdan sonra qadından kişidə olduğu kimi məni gəlsə də qüsl almasına gərək yoxdur. Ancaq dəstəmazlıdırsa dəstəmazı pozulur.

Kişilərdə su yoluna çıxarkən boşalma olduğu təqdirdə, əgər ereksiya baş veribsə qüsl alınmalıdır. Əks halda qüsl alınmır. Çünki ereksiyanın baş verməsi şəhvətin varlığından xəbər verir.

İstimna (mastrubasiya) qüslu pozur.

Kişinin cinsiyyət orqanının sünnət olunan hissəsi qadının arxa tərəfindən (anus) daxil olarsa hər iki tərəfin qüslu pozulur. Ancaq bunu etmək haramdır, böyük günahdır.

Qadınlara məxsus hallar. Qadınlara məxsus hallardan sonra qüsl almaq fərzdir. Heyz (aybaşı) həddi-buluğa çatdıqdan sonra qadının uşaqlıq yolundan vaxtaşırı gələn axıntıdır. Şəxsə görə dəyişsə də ən az üç gün, ən çox da on gün davam edir. Heyz qanı kəsildikdən sonra qadınlar qüsl almalıdır.

Nifas (zahılıq), doğuşdan sonra qadının uşaqlıq yolundan gələn axıntıdır. Nifas (zahılıq) qanının kəsilməsi qüslu vacib edir. Cabir ibn Abdullah (r.a) rəvayət edir: Əsma binti Ümeys Zülhüleyfə deyilən yerdə nifas olduqda Rəsulullah (s.ə.s), Əbu Bəkrə: “Ona yuyunmasını və ehrama niyət etməsini tapşır.” ˗ buyurdu.[14]

Zahılığın ən az müddəti yoxdur. Şəxsə görə müxtəlif olduğu üçün, qan kəsildikdən sonra qüsl alınmalıdır. Ən uzun dövrü qırx gündür. Qırx gün tamamlandıqdan sonra axıntı gəlməyə davam edərsə qüsl alınmalı, ancaq üzrlü kimi ibadətə davam edilməlidir.

Cənabət halındakı qadağalar heyz və nifas halına da şamildir. (Daha ətraflı məlumat üçün qadınlara məxsus hallar bölümünə baxın.)

Heyz və nifas müddəti tamalanmadıqca qadınlarla cinsi münasibətdə olmaq haramdır.[15]

Heyz və nifas dövründə qadınlar ibadətlərdən azaddır. Həmin dövürdə namaz qılmaz və bu namazları təmizləndikdən sonra qəza etməzlər. Heyz olan Ramazan ayı ərzində tuta bilmədiyi orucları sonradan qəza etməlidir. Hz. Peyğəmbər (s.ə.s) Fatma binti Əbi Hübeyşə (r.anha) belə demişdir: “Heyz olanda namaz qılma. Kəsilən kimi də qüsl al və namaz qıl.[16]

Qadın doğum və ya uşaq düşürməsi halında, qan gəlməsə belə Hənəfilərdə qəbul edilən görüşə görə qüsl almalıdır.

Heyz və zahı olan qadın natəmiz (murdar) sayılmır

Heyz və nifas qadınlara məxsus fitri haldır. Belə olan qadın natəmiz və ya murdar sayılmır. Allah Rəsulu (s.ə.s) xanımları heyzli olanda onlarla bərabər olmuş, bişirdikləri yeməklərdən yemiş, eyni yorğan altında birlikdə yatmışdır.[17] Hz. Aişə (r.anha) nəql edir ki, “Mən heyzli olanda (bir şey) içər sonra da (qabı) Peyğəmbərə (s.ə.s) uzadardım. O da ağzı ilə mənim ağzımın dəydiyi yerdən içərdi. Yenə heyzli olduğum halda sümüklü soyutma ətdən dişləyər, sonra Rəsulullaha uzadardım. O da mənim ağzım dəyən yerdən dişləyərdi”.[18] Yenə başqa bir hədisdə isə, “Mən heyzli olanda Rəsulullah mənim qoynuma söykənib Quran oxuyradı.”[19]

Qüslün fərzləri

Qüslün üç fərzi var:

  1. Ağza su alaraq yaxşıca yaxalamaq.[20]
  2. Burunu ilə təmizləmək, yəni burunun yumşaq hissəsinə su çəkməkdir. 
  3. Bütün bədəni başdan-ayağa heç bir quru yer qalmayacaq şəkildə yumaq.

Dəstəmaz alarkən ağzı və burunu su ilə yaxşıca təmizləmək sünnət, qüsl alarkən yaxalayıb təmizləmək isə fərzdir.[21] Dəstəmaz alarkən üzün yuyulması fəzdir, ancaq ağız və burunu su ilə təmizləmək bura daxil deyil. Çünki, qüslun fərz olduğunu bildirən ayədə “fəttahəru”[22] feli mübaliğə formasında işlədilmişdir.  

Sünnədən dəlili isə “Sonra da bədəninə çoxlu su tökərsən”[23]  “Cünublu olana ağzını və burnunu su ilə yuması fərzdir.” hədisi və buna bənzər hədislərdir.[24] Alimlər bu ayə və hədislərdən hərəkətlə, əlavə olaraq ağız və burunun yuyulmasında bir çətinlik olmadığı üçün onların da yuyulmasının fərz olduğunu bildirmişlər. Hənəfi və hənbəli alimlərinə görə ağız və burunu yumağın hökmü fərz, şafei və maliki məzhəbinə görə isə sünnədir.

Kişilərin uzun hörülmüş saçları varsa hörüyü açılaraq yuyulmalıdır. Hədisdə, “Hər bir saç telinin dibində cünubluq var. Bu səbəbdən saçların dibini isladın və bədəni də yaxşıca təmizləyin.”[25]buyurulmuşdur. Qadınların hörüklərinin açılması şərt deyil. Təkcə diblərinə suyun çatması kifayətdir.[26] Çünki Rəsulullah (s.ə.s) saç hörüklərini açmadan qüsl ala biləcəyi haqqında Ümmü Sələməyə (r.anha) icazə vermişdir.[27] Bu, uzun və hörgülü saçlı qadınlar üçün asanlıqdır. Ancaq saçı hörgülü olmayan və nisbətən qısa olan qadınlar saçlarını bütövlükdə yumalıdırlar.

Hənbəli alimlərinə görə isə, aybaşı və zahılıq səbəbi ilə qüsl alan qadın hörgülərini açaraq saçlarını yumalıdır.  

Günümüzdə “saç əkdirmək” deyilən hüceyrə nəqli yolu ilə həyata keçirilən tibbi əməliyyatla əkilən saçlar da şəxsin öz saçı hökmündədir. Ancaq saçların nazik plastmas, süni dəri üzərinə əkilərək, saçsız başa yapışdırılması, başın dərisinə suyun keçməsinə mane olduğuna görə parik hökmündədir və qüslə manedir.

Bədəndə olan və suyun dəriyə təmasına mane olan krem, pudra, lak, boya və s. kimi şeylər mütləq təmizlənməlidir.

Boyaçının dərisinə bulaşan boya, təmirçi, çilingər, usta və kənd təsərrüfatında işləyən şəxslərin dırnaqları arasındakı qaralıq qüslə mane deyil.

Diş dolğusu və qaplama, bundan əlavə dəri üzərinə bulaşan və suyun dəriylə təmasına mane olan, təmizlənməsi çətin boya və bənzəri maddələr də qüslə mane deyil. Sabun və bənzəri maddələrdən istifadə etməklə bədəni yaxşıca yuduqdan sonra dəridə qalan, suyun dəriyə təmasına mane olan boya, slikon kimi maddələr qüslun səhihliyinə bir xələl gətirmir.

Sünnət olmamış kişilər sünnət yerini (qülfə) açaraq təmizləməlidir.

Göbək dəliyi su ilə yuyulmalıdır.

Sırğa dəliyini ovaraq yumaq lazımdır. Suyun sırğa dəliyinə daxil olması üçün çöp və s. şeydən istifadə etməyə gərək yoxdur.

Saqqalı sıx olan şəxslər ovxalayaraq saqqalın dibini yumalıdırlar.

Qadınlar cinsiyyət orqanlarının xaricini yumalıdırlar.

Bədənin hər hansı bir yerindən damlayan suyu ilə quru qalmış yeri nəmləndirmək olar. Həmin su təmiz sayılır. Qüsldə bədən bir bütöv olaraq qəbul edilir.

İslaq, yaş əsgi və süngərlə bədəni silməklə qüsl alınmış olmur.

Üzr səbəbi ilə bədəndə yuyulması mümkün olmayan yerlərin üzərinə məsh etmək lazımdır. Əgər məsh etmək də zərərlidirsə məsh edilmir. Xəstənin bədəninin yarısını yumaq mümkündürsə qüsl alınmalı, ancaq yarısından çoxunu yumaq mümkün deyilsə təyəmmüm edilməlidir.

Hənəfilərdən başqa əksər fəqihlərə görə, qüsl alarkən niyyət etmək fərzdir. Ayrıca maliki məzhəbinə görə  “bədəni ovmaq”  və “əzaları ardarda yumaq (müvalat) da fərzdir.[28]

Qüsl almağa necə niyyət edilməlidir?

Cünub, heyz və zahılıqdan ötrü qüsl alanlar əvvəlcə “Bismillah” dedikdən sonra “niyyət etdim qüsl almağa” şəklində niyyət edə bilərlər.

Qüslun sünnə və ədəbləri

Qüsl almağa “Bismillah” deyərək başlamaq. 

Əvvəlcə əlləri biləklərə qədər üç dəfə yumaq.

Əlləri yuduqdan sonra (çimmək üçün su qabından su götürən şəxslər üçün) su qabına əli salmaq olar bu hal suyu murdar etmir.[29] Cünüb olduğunu unudaraq suyun hərarətini yoxlamaq üçün barmağı suya soxduqda, əgər əldə kirlilik yoxdursa su kirlənmir.[30]

Bədənə bulaşan və bədənin təmizliyinə mane olan şeyləri təmizləmək. Övrət yerlərini yumaq.[31]

Qəlbən və dil ilə cünubluqdan qurtulmaq üçün niyyət etmək. Hənəfilərdən başqa əksər fəqihlərə görə niyyət etmək fərzdir.

Namaz dəstəmazı kimi dəstəmaz almaq.[32]

Bədənin hər tərəfini üç dəfə yumaq. Qüsl alarkən bədəni bir dəfə yumaq fərzdir.

Qulaq içi, göbək dəliyi, qoltuqaltı kimi suyun dəyməsi çətin olan, bədənin girintili yerlərini yaxşıca yumaq.

Bədəni yumağa başlarkən əvvəlcə başı üç dəfə yumaq. Sonra sağ çiyini, daha sonra isə sol çiyini üç dəfə yumaq. Duşla qüsl alarkən başı və çiyinləri üç dəfə su tökəcək miqdarda suyun altında saxlamaq və ovuşdurmaq kifayətdir.

Başqalarının görə biləcəyi bir yerdə örtük ilə yuyunmaq.[33]

Suyu israf etməmək.

Yuyarkən bədəni ovmaq. İmam Malik və İmam Əbu Yusufa görə qüsl alarkən bədəni ovmaq (dəlk) fərzdir.

Üzü qibləyə dayanmamaq. Çünki qüsl alarkən insan çılpaq olur.

Qüsl aldıqdan sonra dəsmalla qurulanmaq.

Çay, göl, dəniz və hovuz kimi bir yerdə qüsl alarkən ağız və burunu su ilə yaxalayıb yuduqdan sonra bütün bədəni suya salıb çıxardıqda qüsl alınmış sayılır. Suda bədəni ovmaqla həmin sünnət də yerinə yetirilmiş olur.[34]

Ləyən, vanna kimi su yığılan yerdə qüsl alandan sonra ayaqları təmiz su ilə yumaq.[35]

  • Qüsl alarkən danışmaq məkruhdur.
  • Qüsl alarkən dua oxumaq məkruhdur.

Cünüb olan şəxsə bunları edə bilər;

Cünub olan şəxs evdən çıxaraq alı-veriş edə bilər; qan aldıra, dırnaqlarını tuta/kəsə, başını qırxdıra bilər.[36] Qadınlar da heyz və nifas olduqları zaman bu işləri görə bilərlər.[37] Ancaq İmam Qəzali “İnsanın cünüb olaraq dırnaqlarını kəsməsi, övrət yerlərini təmizləməsi, üzünü qırxması, qan aldırması və vücudundan bir hissəsini ayırması uyğun deyildir.”- demişdir. Çünki axirətdə vücudunun digər hissələri ona qaytarılacağı vaxt hər bir tük nə üçün cünub qaldığını soruşar”. Dini həssas yaşamaq istəyən şəxslər bu xüsusa diqqət yetirməlidirlər.

Sünnəyə uyğun qüsl necə alınır?

Hz. Aişə (r.anha) Rəsulullahın (s.ə.s) qüsl alma şəkli haqqında bunları deyir: “Rəsulullah cünubluqdan ötrü qüsl alarkən, əvvəl əllərini, sonra ədəb yerlərini yuyar, sonra da namaz dəstəmazı kimi dəstəmaz alardı. Ondan sonra saçlarını yaxşıca yuyar, başına üç dəfə su tökər, ondan sonra da bədəninin digər yerlərinə su tökərək yuyardı. Arxasınca da ayaqlarını yuyardı.”[38]

   ˗ Əvvəlcə “Bismillah” deyilib qüsl almağa niyyət etmək lazımdır.

   ˗ Sonra əllər, ədəb yerləri (qurşaqdan aşağı nahiyə) və bədəndə başqa kirli yerlər varsa həmin yerlər yuyulmalıdır.

   ˗ Dəstəmaz alınmalıdır.

   ˗ Ağız və buruna üç dəfə su ilə yaxalanmalı və təmizlənməlidir.

   ˗ Başa üç dəfə su tökülməli və yuyulmalıdır. Sonra üç dəfə sağ, üç dəfə də sol çiyinə su tökülüb bədəndə quru yer qalmamaq şərti ilə bütün bədən yaxşı-yaxşı yuyulmalıdır.

   ˗ Çıxarkən ayaqları da su tökürək yumaq lazımdır.

Suyun azlığı, soyuqluğu, vaxtın məhdudluğu kimi hallarda, qüsl alarkən əvvəlcə ədəb yerlərindəki kirlər yuyularaq təmizlənməlidir. Sonra üç dəfə ağıza su alıb çalxalanmalı, üç dəfə də buruna su çəkilərək təmizlənməlidir. Daha sonra da başa, sağ və sol çiyinlərə su tökülərək və ya duşun altında duraraq bədənin hər tərəfi yuyulmalıdır. Bədəndə heç bir quru yer qalmadığı təqdirdə qüsl tamamlanmış sayılır. Ələlxüsus ailə fərdlərinin və ya otaq yoldaşlarımızın istifadəsi üçün zəruri hallarda bu şəkildə qüsl almaq məsləhətdir.

Qüslun növləri

Qüslun üç növü var: fərz, sünnət, məndub/müstəhəb.

Fərz olan qüsl

Cünubluqdan, heyz və nifas (zahılıq) halı qurtarandan sonra qüsl almaq fərzdir.

Sünnə olan qüsl

Cümə namazına getmək üçün qüsl almaq sünnədir.Cümə günü, həftənin günləri arasında ən fəzilətlisidir. Eyni zamanda möminlərin bayram günüdür. Rəsulullah (s.ə.s) bir çox hədislərində, ümmətinə, cümə günü çimərək təmizlənməyi, gözəl ətirlər sürtərək və təmiz paltarlar geyinərək məscidə gəlməyi xüsusi tövsiyə etmişdir. “Cümə günü dəstəmaz alan şəxs yaxşı iş görmüşdür. Qüsl alarsa bu daha da fəzilətlidir.[39] Yenə Abdullah ibn Ömərdən (r.a) gələn rəvayətdə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Hər kim Cümə namazına gələrsə mütləq qüsl alsın.”[40] Əbu Said əl-Xudri (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu bildirir: “Cümə günü qüsl etmək həddi-büluğa çatan olan hər kəsə lazımdır.”[41]  Cümə axşamı axşam namazı vaxtından sonra və ya cümə günü namaza getmədən yuyunmaqla həmin sünnət yerinə yetrilmiş olar. Cümə günü yuyunmaqla əlaqəli hədislərin çoxluğunu və xüsusi tövsiyələri əsas götürən alimlər cümə günü qüsl almağı müəkkəd sünnə saymışlar. Cüma günü saçın qırxılması, əl və ayaq dırnaqlarının da kəsilməsi tövsiyə olunur.[42]  

Bayram namazları üçün qüsl alamq sünnədir.[43]

Həcc və ümrə üçün ehrama girərkən yuyunmaq sünnədir. Buradakı yuyunma mənəvi təmizlikdən daha çox maddi təmizliklə bağlıdır. Ona görə də ehrama girəcək heyzli və nifaslı (zahı) qadınlar da qüsl ala bilərlər. Su olmadıqda təyəmmüm etmək mümkündür.

Hacıların Ərafat vəqfəsi üçün yuyunmaları da sünnədir.

Məndub və ya müstəhəb olan qüsl

Cünubluq və ya heyz, nifas halı olmadan qüsl almaq məndubdur.   

Müzdəlifə vəqfəsi üçün qüsl almaq,

Huşunu itirib özünə gəldikdən sonra,

Cənazə yuyandan sonra,

Qan aldırandan sonra,

Məkkə və Mədinəyə daxil olmaq,

Qədr gecələrini əhya etmək,

Bir toplantıda iştirak etmək,

Təzə paltar geyinmək üçün,

Səfərə çıxarkən və ya dönərkən,

Günəş və ya ay tutulanda,

Yağmur duasına çıxarkən

Bir günaha görə tövbə etmək kimi hallarda qüsl almaq məndubdur.

Cünub olan şəxsin bir an əvvəl qüsl alması da müstəhəb sayılmışdır.[44]

Cünubluqdan dərhal sonra ardından heyz olan qadın qüsl alıb-almamaqda sərbəstdir. Alsa daha yaxşıdır.

  • Bir şəxs xanımı ilə cinsi münasibətdə olduqdan sonra qüsl almadan, ikinci dəfə əlaqədə olmaq istəsə dəstəmaz alması məndubdur. Əbu Said əl-Xudri (r.a), Rəsulullahın (s.ə.s) belə buyurduğunu nəql edir: “Biriniz xanımıyla cinsi əlaqəni təkrarlamaq istədikdə dəstəmaz alsın.”[45]
  • Sünnə və məndub/müstəhəb olan qüsllərdə əsas məqsəd bədən təmizliyidir. Buna görə də sünnə və müstəhəb sayılan qüsl alarkən ağız və burunu yumaq fərz deyil.
  • Şafeilərə görə fərz olan olan qüsllər xaricində qalan və digər vaxtlarda alınan qüsllərin hamısı sünnədir.

Dəstəmaz almadan sadəcə qüsl alaraq namaz qılmaq olarmı?

Qüsl alarkən və aldıqdan sonra dəstəmazı pozan hallardan biri baş verməyibsə dəstəmazlı yerinə yetirdiyimiz namaz, Quran oxumaq, Kəbəni təvaf etmək kimi bütün ibadətləri edə bilərik. Ancaq dəstəmazı pozan bir hal baş veribsə dəstəmaz almaq gərəkir.

Qüsl alarkən sidik, qan, yellənmə və s. kimi dəstəmaz pozan bir hal baş versə qüsl pozulurmu? 

Qüsl alarkən dəstəmazı pozan hallar baş verdikdə qüsl pozulmaz, ancaq dəstəmaz pozulmuş sayılır. Bu təqdirdə cünuluqdan təmizlənsək də dəstəmazlı sayılmırıq və ibadətləri yerinə yetirmək üçün təkrar dəstəmaz almalıyıq. Qüslu pozan hər şey dəstəmazı da pozur, lakin dəstəmazı pozan hallar qüslu pozmur. Qüsl alarkən yellənmə, sidik, qanın çıxması qüslə mane deyil.

Qüsl alandan sonra ağız və burnunu yumağı unudan və ya bədənindən hər hansı bir yerin quru qaldığını görən şəxs bunu xatırlayanda yenidən qüsl almalıdırmı?

Xeyir, bu təqdirdə yenidən qüsl almağa ehtuyac yoxdur. Sadəcə ağzını-burnunu su ilə təmizləməli və ya quru qalan yeri yumalıdır.

Cünub olan şəxs qüsl almadan yeyib-içmək istəsə nə etməlidir? 

Qüsl etməsi üzərinə fərz olan şəxs, mümkünsə əvvəlcə qüsl almalıdır. Ancaq yemək yemək və ya bir şey içmək ehtiyacı olarsa öncə əllərini və üzünü yumalı, ağzını yaxalamalıdır. Daha sonra nə isə yeyib-içə bilər. Rəsulullah (s.ə.s) cünub ikən yatmaq istədikdə dəstəmaz alardı, yeyib-içmək istədikdə isə, əllərini yaxalayıb yeyər və içərdi.[46]

Sahura qalxdıqda yuyunma ehtiyacı olan şəxs əl-üzünü yuduqdan sonra, ağzını da yaxalayaraq yeyib-içə bilər. Vaxt varsa imsaqdan əvvəl, yoxdursa imsaqdan sonra qüsl almalıdır. Qüsl ala bilmədiyi üçün sahursuz qalmaq məcburiyyətində deyil.

Cünub olan ana südəmər körpəsini əmizdirə bilərmi?

Cünub olan ana südəmər körpəsinə süd əmizdirə bilər. Ancaq yaxşı olar ki, ana uşağa döş vermədən əvvəl döş gilələrini su ilə yusun.

Cünub olduqdan sonra yuyunmadan yatmaq olarmı?

Hz. Ömər (r.a) Rəsulullaha (s.ə.s), “Gecə cünub olduğundan bəhs etdi. Rəsulullahda (s.ə.s): “Tənasül üzvünü yu, dəstəmaz al və yat”˗ buyurdu.[47] İbn Ömər (r.a) “Mən Rəsulullaha (s.ə.s) “Ey Allahın Rəsulu! Bir kimsə cünub olduğu halda yata bilərmi?” ˗ deyə soruşdum. Nəbi (s.ə.s): “Bəli, dəstəmaz alarsa, yata bilər.” ˗  buyurdu.[48] Möminlərin anası Hz. Aişədən (r.anha) gələn rəvayət isə belədir: “Rəsulullah (s.ə.s) cünub ikən yatmaq istədikdə, yatmadan əvvəl namaz dəstəmazı kimi dəstəmaz alardı.”[49] Başqa hədisdə isə belə bildirilir: Rəsulullah (s.ə.s) cünub ikən yatmaq istədikdə dəstəmaz alardı, yeyib-içmək istədikdə isə əllərini yaxalayıb yeyər və içərdi.[50]

Cünub olduqdan sonra dəstəmaz almamaq olarmı?

Hz. Əlinin nəql etdiyi (r.a) bir hədisdə Peyğəmbərimiz (s.ə.s) belə buyurur: “İçərsində şəkil, heykəl, it və cünub şəxsin olduğu evə rəhmət mələkləri girməz.”[51]

Yuxarıda qeyd olunan hədislərdən hərəkətlə, cünub olduqdan sonra övrət yerlərini yumağa, sonra da dəstəmaz alaraq yatmağa və ya yeyib-içməyə çalışmalıyıq.

Yeni müsəlman olan şəxs qüsl almalıdır?                                

Yeni müsəlman olan şəxs cünubluq və ya heyz, nifas halı olmadan İslamı qəbul edibsə onun qüsl almağı müstəhəbdir. Qeys ibn Asimin (r.a) belə rəvayət edir: “Müsəlman olduğum zaman Rəsulullah (s.ə.s) mənə su və sidr (sabun) ilə qüsl etməyi əmr etdi.[52]

Cümə günü qüsl almaq mütləq lazımdır?

Hədislərdə bu haqda belə buyrulur, “Cümə günü dəstəmaz alan şəxs yaxşı iş görmüşdür. Qüsl alarsa bu daha da fəzilətlidir.[53] Yenə Abdullah ibn Ömərdən (r.a) gələn rəvayətdə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Hər kim Cümə namazına gələrsə mütləq qüsl alsın.”[54] Əbu Said əl-Xudri (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu nəql edir: “Həddi-büluğa çatan hər kəsə cümə günü qüsl etmək lazımdır.”[55] Cabir (r.a) rəvayətinə görə isə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Hər kəsin həftədə bir gün yuyunması gərəkir. O da Cümə günüdür.” [56]

Ancaq məsələnin hikmətini araşdırdıqda görürük ki, bu təşviqin müəyyən səbəbləri vardır. Tabeunun böyük imamlarından Qasım ibn Muhəmməd ibn Əbu Bəkir (r.a) xəbər verir ki, səhabələrdən bəziləri Hz. Aişənin (r.anha) yanında Cümə günü qüsl etmənin gərəkli olub-olmadığını müzakirə edirdilər. Hz. Aişə onlara bu hadisəni nəql etdi: “Bəzi insanlar hündür təpələrdə yaşayır və Cümə günü də bu məscidə gəlirdilər. Onların üst başları kirli idi. Külək əsdikdə xoşagəlməz qoxuları ətrafa yayılır və insanları narahat edirdi. Bu hal Rəsulullaha (s.ə.s) ərz edilincə: “Onlar yuyunmurlarmı?” ˗ buyurdu.[57] Mədinə əhalisinin çoxu tarlada işləyən insanlar idi. İstər-istəməz hava isti olduğuna və ağır işdə işlədiklərinə görə çox tərləyirdilər. Bundan əlavə onların yuyunması üçün yetərli sayda su quyusu yox idi, olsa belə öncəki vərdişlərindən yuyunmağa tənbəllik edirdilər.  Ona görə də, Allah Rəsulu (s.ə.s) məscidə gələrkən xoşagəlməz qoxuların azalması və camaatın narahat olmaması üçün səhabələrdən yuyunmalarını tələb etmişdir. Daha sonrakı dövrlərdə isə insanlar şəhər həyatına uyğunlaşdıqları üçün Cümə günü qüsl almaq Peyğəmbərimizin (s.ə.s) sünnəsi olaraq davam etmişdir.

Hamam və hovuz ədəbi

Müsəlman bir şəxs müalicəvi əhəmiyyətli və normal hamamlar, üzmə hovuzları kimi insanlar tərəfindən ümumi olaraq istifadə edilən yerlərdən istifadə edə bilər. Belə yerlərdən istifadə edərkən ədəb yerlərini dəsmalla və ya diz qapağıyla göbək arasını örtən bir geyim ilə örtməli, başqasının açılan ədəb yerlərindən gözünü qorumalıdır. Hz. Peyğəmbər (s.ə.s) (ümumi) hamam(lar)a bir örtüklə girməyi əmr etmiş, ədəb yerlərini açaraq və ya çılpaq olaraq yuyunan şəxslərə mələklərin lənət edəcəyini bildirmişdir.[58] Bəzi hədislərdə və fiqh kitablarında ümumi hamamlara getməyin xoş qarşılanmaması, bəzi ölkə və bölgələrdə müşahidə edilən açıq-saçıqlığın, müsəlmanlar arasında da yayılma qorxusuna qarşı tədbir almaq istəyindən qaynaqlanmışdır.

Cünub insan murdar sayılmır

Cünubluq, heyz və nifas halı insan murdar etmir. Hz. Peyğəmbər (s.ə.s) “Mömin nəcis olmaz.”[59] –  buyurmuşdur. Əbu Hüreyrə (r.a) nəql edir ki, “Cünublu halda Hz. Peyğəmbərlə qarşılaşdım. Görüşmək məqsədilə o mənə əlini uzatdı. Ancaq mən “cünubam” deyərək əlimi uzatmadım. O, da “Sübhanallah mömin əsla nəcis (murdar) olmaz”, – buyurdu. Buna bənzər bir hadisə Hüzeyfə (r.a) ilə də olmuş və Hz. Peyğəmbər ona da buna bənzər cavab vermişdir.[60] Hz.Aişə (r.anha) belə rəvayət etmişdir: “Rəsulullah (s.ə.s.) bəzən qüsl aldıqdan sonra yatağıma girər mənimlə isinərdi. Mən də cünub halda ona sarılardım.”[61] Allah Rəsulu (s.ə.s) xanımlarının adət dövrlərində onlarla birlikdə olmuş, bişirdiklərini yemiş, bir yorğan altında birlikdə yatmışdır.[62] Hz. Aişə (r.anha) rəvayət edir: “Mən heyzli olanda (bir şey) içər sonra da (qabı) Peyğəmbərə (s.ə.s) uzadardım. O da ağzı ilə mənim ağzımın dəydiyi yerdən içərdi. Yenə heyzli olduğum halda sümüklü soyutma ətdən dişləyər, sonra Rəsulullaha uzadardım. O da mənim ağzım dəyən yerdən dişləyərdi”[63] Yenə başqa bir rəvayətində isə: “Mən heyzli olanda Rəsulullah mənim qoynuma söykənib Quran oxuyradı.”[64]

Cənazəyə (meyyitə) qüsl aldırmaq

Vəfat edən müsəlmanın cənazəsini məqsədi ilə çimdirmək müsəlmanların üzərinə fərzi-kifayədir. Bu, insana göstərilən sevgi və hörmətin nəticəsidir. Miniyindən düşüb ölən şəxs haqqında Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Onu su və ya sidr ağacının yarpaqlarıyla yuyun və iki hissədən ibarət parça ilə kəfənləyin.”[65] Şəhid olan kimsəyə cənazə qüslu aldırılmır.

Cünub, heyzli və zahı olan şəxsə qadağan olan şeylər

Namaz qılmaq, oruc tutmaq. Cünub olan kişi və ya qadının fərz yaxud nafilə hər hansı namaz qılması, tilavət səcdəsi etməsi caiz deyil. Ancaq fərz, ya da nafilə oruc tuta bilər. Ancaq heyz və nifas halındakı qadınlar namaz qılmamaqla yanaşı, oruc da tutmazlar. Dəlili yuxarıda qeyd etdiyimiz: “Əgər cünub olmusunuzsa, qüsl edin (bədəninizi başdan ayağa qədər yuyub təmizləyin)”, “…qüsl edənədək namaza yaxınlaşmayın.” ayələri ilə, Allah Rəsulunun (s.ə.s) Fatma binti Əbi Hübeyşin (r.anha) verdiyi suala görə ona “Heyz olan günlərdə namazlarını qılma” – deməsidir.[66] Qadınlar özlərinə xas bəzi günlərdə qıla bilmədikləri namazları qəza etməz, ancaq tuta bilmədikləri fərz orucları qəza etməlidirlər. Hz. Aişə (r.anha), Muazənin (r.anha) soruşduğu bir sualına verdiyi cavabda, Rəsulullahın (s.ə.s) tətbiqinin bu şəkildə olduğunu bildirmişdir.[67]

Kəbəni nafilə belə olsa təvaf etmək. Çünki təvafın bir növ namaz olduğu hədislərdə xəbər verilmişdir.[68] Hz. Aişə (r.anha) Vida həccində heyz olmuş, Rəsulullah (s.ə.s) da ona, “Ey Aişə! Kəbəni təvaf xaricində, bütün həcc mənasikini (ibadətlərini) bizimlə birgə edə bilərsən.”[69] ˗ buyurmuşdur.

Müshəfi əlinə almaq. Müshəf deyərkən Qurani-kərim nəzərdə tutulur. Ayədə, “Ona yalnız pak olanlar toxuna bilər![70] buyurulmuşdur. Ayəni təfsir edən hədislərdə “tətahhur” (yaxşıca təmizlənmək) yerinə “tahir” (təmiz olan) ifadəsi keçir.[71] Buna görə də, Qurana ancaq cünub, heyz və nifas olmayanlar toxuna bilərlər. Ancaq Qurana bitişik olmayan üzlük, çanta, torba və ya sandığın içində olan Müshəfə toxunmaq caizdir.

Əbu Hənifənin bir görüşünə görə, Müshəfə dəstəmazsız toxunmaq olar. Ondan nəql edilən başqa bir fikrə görə isə, dəstəmazsız təkcə çöl tərəfdən qapağına toxunula bilər. Şafei və malikilərə görə, Müshəfə dəstəmazsız toxunmaq caiz deyildir.[72]

Quran oxumaq. Abdullah ibn Ömərdən (r.a.) nəql edir ki, Rəsulullah (s.ə.s.): “Cünub və heyzli olan şəxs Qurandan heç nə oxumasın”[73] ˗ buyurmuşdur. Başqa bir hədisdə isə bildirilir: “O (s.ə.s) cünub olmadığı müddətcə həmişə bizə Qurani-Kərim öyrədirdi.”[74] Hz. Əlinin (r.a) də belə dediyi nəql edilmişdir: “Rəsulullah (s.ə.s) dəstəmazını pozduqdan sonra gəlib, bizimlə çörək və ət yeyər, Quran oxuyardı. Onu, cünubluq xaricində heç bir şey Qurandan ayıra bilməzdi.”[75] Rəsulullahın (s.ə.s.) əshabı, tabeun və daha sonrakı alimlərin əksəriyyəti bu görüşdədir.

  • Cünublu olduğu halda dua və zikr məqsədi ilə Fatihə, İxlas, Ayətül-kürsü, Rəbbəna atinə… kimi surə və dua ayələri oxuna bilər. Zikr, təsbeh, salətu-səlam, kəlmeyi-şəhadət gətirmək də mümkün və caizdir. Aybaşı və ya zahılıq hallarında isə, öyrənmək və öyrətmək məqsədi ilə Qurani-Kərimi kəlmə-kəlmə təkrarlayaraq oxutmaq olar. “Cünub və heyzli olan Qurandan bir şey oxumamalıdır. Ancaq ayənin müəyyən bir qismini oxuya bilər. Həmçinin təsbeh (Sübhanallah) və təhlil (Lə iləhə ilallah) kimi zikirləri oxumaqda bir qəbahət yoxdur.”[76]
  • Cünub şəxsin, qüsl almadan dini kitab oxuması; əlini və ağzını yumadan yeyib-içməsi və əliylə tutmadığı bir kağıza Quran ayələrini yazması məkruhdur.
  • İmam Malikə görə cünub olan şəxs Quran oxuya bilməsə də, aybaşı və ya zahı olan qadın oxuya bilər. Çünki cünub olan şəxs dərhal yuyuna bilər, amma aybaşı və ya zahı olan qadın uzun müdddət yuyuna bilmir. Bu hökm istehsan dəlilinə əsaslanır.[77]
  • Şafei, Əhməd ibn Hənbəl, Süfyan əs-Səvri və İshaqa görə, bir şəxs dəstəmazsız Quran oxuya bilər, ancaq bu şəxs təmiz olmadığı müddətcə, yəni qüslu olmadan Müshəfdən oxuya bilməz.

Zərurət və ya ehtiyac olmadığı müddətcə bir məscidə girmək və ya içindən keçmək. İbn Abbas (r.a) “Cünub olduğunuz zaman -yol ötən müsafirlər müstəsnadır- qüsl edənədək namaza (namaz qılınan yerə) yaxınlaşmayın.”[78] ayəsini, “Cünub olarkən (məscidin içindən) bu başından o başına keçərək getməyin xaricində məscidə girməyin.” – şəklində təfsir etmişdir. Buna görə də cünublu olaraq məsciddən sadəcə keçərək getmək olar, ancaq orda oturmaq olmaz.[79] Çünki Ənsardan bəzi şəxslərin evlərinin qapısı məscidə tərəf açılırdı. Cünub olub su tapmadıqda məsciddən keçməli olurdular. Hz. Peyğəmbərin (s.ə.s) “Əbu Bəkrin xaricində, məscidə tərəf açılan hər bir qapını bağlayın.”[80]˗ deməsi də buna sübutdur.

Hz. Aişədən (r.anha) bildirir ki, Nəbi (s.ə.s) Məscidi-Nəbəviyə tərəf açılan səhabə evlərinin qapılarını başqa tərəfə qoymalarını istəmiş, ancaq ev sahiblərinin könülsüz olduqlarını görüncə də “şübhəsiz mən, aybaşı və cünub olanlar üçün məscidi halal görmürəm” ˗ buyurmuşdur. Möminlərin anası Ümmü Sələmə (r.anha) isə, Nəbi (s.ə.s) ucadan belə səsləndiyini deyir: “Həqiqətən məscid aybaşı və cünub olanlar üçün halal deyil.”[81] Digər tərəfdən Hz. Aişə (r.anha) Vida həccində aybaşı olanda Allahın Elçisi (s.ə.s) ona; “Ey Aişə! Kəbəni təvaf xaricində, bütün həcc mənasikini (ibadətlərini) bizimlə birgə edə bilərsən.”[82]˗ buyurmuşdur.

  • Cünub və ya aybaşı olanın ehtiyacdan ötrü ibadət məqsədi olmadan məscidə girməsi mümkün və caizdir. Hz. Aişədən (r.anha) nəql edir ki, “Bir gün Allahın Rəsulu mənə “Məsciddən o səccadəni gətir” – dedi. Mən “heyzliyəm” – deyəndə, “Sənin heyz olmağın, əlində olan bir şey deyil.” – buyurdu.[83] Buna əsasən yağışlı və soyuq havalrad, qorxu və təhlükə hallarında məscidə girilə bilər.

Qadınların heyzli günlərdə dişlərinə dolğu (plomb) qoydurandan sonra qüsl ala bilərmi?

Bəli. Hənəfi məzhəbinə görə, qüsldə ağzın içini yumaq (mazmaza) fərzdir. Yuyulması vacib olan “ağzın içi”dir. Yəni məhz ağızın içini yumaq fərzdir, dişin içini yox. Plomblu (diş oyuqlarının içinə doldurulan və bərkiyən xüsusi maddə) və ya qapaq qoyulan bir dişin xarici səthinə suyun təmas etməsi qüsl üçün fərzdir.

Nəticə etibarilə deyə bilərik ki, heyzli günlərdə qadınlar dişlərinə plobm qoydura bilər. Qüsldə əsl olan ağız içərisində, dişin səthinin yuyulmasıdır. Qüsl alarkən ağza su alıb çalxalamaq fərzin yerinə yetrilməsi üçün kifayətdir.

Xalq arasındakı batil inanclardan biri belədir ki: bir, evdə ölən olduqda, orada iştirak edənlər qüsl almadan namaz qıla bilməzlər. İkinci olaraq da, evdəki bütün əşyalar, hətta xalça-palaz yuyulmalıdır. Bu nə qədər doğrudur?

 Bir insanın ölməsi ilə həmin evdə yaşayanlar, yas üçün gələnlər və evdəki əşyalar murdar olmaz. Hətta ölünün yatdığı palaz-paltarda hər hansı murdarlıq görülmmədiyi təqdirdə onlar da təmiz sayılır. Ancaq şübhədən çıxmaq üçün mərhumun yataq örtüyü və s. yuyula bilər. Evdəki xalça-palaz təmiz sayıldığı kimi, cənazəni daşıyarkən istifadə edilən xalça da əgər nəcasət bulaşmayıbsa təmiz sayılır.

  Ölüyə toxunmaq qüslu pozurmu? 

  Bu haqda Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur: “Kim bir ölünü yusa qüsl alsın, kim də cənazəni daşısa dəstəmaz alsın”.[84]Kim cənazə yuyarsa qüsl alsın!“[85] Hədislərdəki bu əmr tövsiyə mahiyyətindədir. Çünki başqa rəvayətlərdə: “Sizin ölünüz təmizdir. Bundan ötrü əllərinizi yumaq kifayətdir.[86] İbn Ömərdən (r.a) gələn rəvayətdə isə: “Biz ölüyü yuyar, kimimiz qüsl alar, kimimiz də almazdı.[87] Hz Əbu Bəkir (r.a) vəfat edərkən xanımı Əsma binti Ümeysin (r.anha) özünü yumasını vəsiyyət etmişdi. Xanımı Əsma onu yuduqdan sonra bayıra çıxdı. Mühacirlərdən cənazədə iştirak etmək üçün gələnlərə soruşdu: “Bu gün hava çox soyuqdu, mən də orucluyam. Ərimi yuduğum üçün qüsl almalıyam?” Onlar da: “Xeyr…” ˗deyə cavab verirlər”.[88] “Ölü yumaqdan ötrü qüsl almaq gərəkmir, əllərinizi yumağınız kifayətdir”[89], “Ölülərinizə murdar deməyin, çünki mömin nə sağ ikən, nə də ölüncə murdar olar”.[90]

Ölüyü yuyan şəxsin qüsl etməsi Maliki[91], Şafei[92] və Hənbəlilərə görə müstəhəbdir. İmam Əbu Hanifə, İmam Leys, Abdullah ibn Mübarəkə görə isə ölünü yuyan şəxsin qüsl etməsi nə vacib, nə də müstəhəbdir.[93] Daha sonrakı dövrdə gələn Hənəfi alimləri ümumun görüşünə qarşı gəlməmək üçün məndubdur demişlər.

Cəfəri məzhəbinə görə isə bir şəxsin, ölmüş insanın soyumuş və yuyulmamış bədəninə dərisi, saçı, dırnağı təmas etdikdə həmin şəxsin ölüyə toxunma (məssi-meyit) qüslü almalıdır. Ancaq yeni vəfat etmiş, bədəni tam soyumamış ölünün gözünü, çənəsini bağlarkən, olduğu yeri dəyişərkən ona toxunmaq meyitə toxunma qüslünü vacib etmir. Üsuluna uyğun yuyulub kəfənlənən ölüyə toxunmaq isə toxunan şəxsin qüslunu pozmur. Meyitə toxunma ilə üzərinə vacib olan qüsl alması gərəkən şəxs ancaq vaxt namazlarını qıla bilməz. Bunun xaricində qüslu pozulmuş şəxslərə qadağan olan Quran oxuma, məscidə daxil olma kimi əməlləri yerinə yetirə bilər. Cəfəri məzhəbində cənazə namazı ölüyə dua məqsədli olduğu üçün qıla bilər.[94]


 [1] Maidə, 5/6 

[2] Bəqərə, 2/222.

[3] Nisa, 4/43. Yolçuluq əsnasında su tapılmaz və ya su olduğu haldada istifasi mümkün olmazsa edə qüsl əvəzinə təyəmmüm almaq olar.

[4] Buxari, Qüsl, 28; Müslim, Heyz, ;Tirmizi, Təharət, 80; İbn Macə, Təharət, 111; Malik, Muvatta, Təharət, 18

[5] Buxari, Qüsl, 13; Əbu Davud, Təharət, 73, Hədis:179; Şövqani, Neylul-əvtar, I, 218. 

[6] Buxari, ; Müslim, Heyz, 17

[7] Əbu Davud, Təharət, 73, Hədis:182

[8] Əbu Davud, Təharət, 73, Hədis:181

[9] Buxari, Qüsl, 22;Şövqani, Neylul-Əvtar., I, 219.

[10] İbn Macə, Təharət, 107; Müslim, Heyz: 7, Heyz, 34; Nəsəi, Təharət, 134

[11] Əbu Davud, Təharət, 83; Tirmizi, Təharət, 82

[12] Müslim, Heyz, 31, Əbu Davud, 84; Muvatta, Təharət, 21

[13] Malik, Muvatta, Təharət, 20, Hz . Ömərdən rəvayət etmişdir.

16 Müslim, Həcc, 15; İbn Macə, Mənasiq: 12; Nəsəi,  Təharət 138 

[15] Bəqərə, 2/222

[16].Buxari, Vüdu, 63, Heyz, 24; Müslim, Heyz, 62-63; Əbu Davud, Təharət, 107; Tirmizi, Təharət, 93, 95, 96.

[17] bax:Müslim, Heyz, 1,2,3

[18] Müslim, Heyz, 14; Əbu Davud, Təharət, 89, Hədis: 216-218

[19] Əbu Davud, Təharət, 89, hədis:218

[20] Ağızı yaxalamaq deyərkən mazmaza nəzərdə tutulur. Qarqara eləməyə ehtiyac yoxdur.

[21] İbn Abbasın (r.a) xalası Möminlərin anası Meymunə (r.anha) rəvayət edir: Hz. Peyğəmbər (s.ə.s) qüsl alsın deyə su hazırladım. O əllərini iki-üç dəfə yudu. Sonra sol əlinə su tökərək ədəb yerlərini yudu. Sonra əlini yerə sürtdü. Sonra ağzını yaxaladı, burnuna su çəkdi, üzünü və əllərini yudu. Daha sonra bədəninə su tökdü. Ən sonda da qüsl aldığı yerdən başqa bir yerə keçərək iki ayağını yudu. (Buxari, Qüsl, 5)

[22] Maidə, 5/6

[23] Müslim, Heyz, 58; Əbu Davud, Təharət, 120; Tirmizi, Təharət, 77; Nəsai, Təharət, 149; İbn Macə, Təharət, 108.

[24] Mövsili, Əlİxtiyar, I, Qüsl bəhsi.

[25] Tirmizi, Təharət, 77; Nəsai, Təharət, 149; İbn Macə, Təharət, 108.

[26] Müslüm, Heyz, 58; Əbu Davud, Təharət, 120.

[27] Buxari, Heyz, 16; Müslim, Heyz, 18.

[28] İbnul-Hümam, e.a.ə., I, 38 vd; İbn Abidin, Rəddul-muxtar, I, 140, 143; Şurunbulalı, Məraqul-fəllah, s. 17; Meydani, Lübab, I, 20; İbn Qüdamə, Əl-Muğni, I, 218-229; İbn Rüşd, Bidayətul-müctəhid., I, 42 vd.

[29] Buxari, ;Müslim, Heyz, 35-37

[30] Malik Muvatta, Təharət, 22

[31] Buxari, Qüsl, 1, hədis:249

[32] Buxari, Qüsl, 1, hədis:248

[33] Buxari, Qüsl, 21

[34] Bax. İbnul-Hümam, Fəthul-qədir, I, 39 və davamı.; İbn Abidin, Rəddul-muxtar, I, 140 və davamı; Meydani, Lübab, I, 21; İbn Qüdamə,Əl-Muğni., I, 217; Əbu İshaq əş-Şirazi, Əl-Mühəzzəb, I, 31.

[35] Buxari, Qüsl, 1 hədis:249

[36] Buxari, Qüsl, 24

[37] Zuhayli, İslam Fıkıh Ansklopedisi, 1/287

[38] Buxari, Qüsl, 1; Müslim, Heyz, 35; Nəsai, Qüsl, 15; Darimi, Vüdu, 40; Əhməd ibn Hənbəl, VI, 140, 173, 330, 336.

[39] Buxari, Vüdu, 46; Müslim, Təharət, 8, 12; Nəsai, Cümə, 9.

[40] Buxari, Cümə, 3; Əbu Davud, Təharət, 129

[41] Buxari, Cümə, 3; Əbu Davud, Təharət, 129

[42] Şövqani, Neylul-əvtar, I, 236.

[43] Şövqani, Neylul-əvtar, I, 236.

[44] İbnul-Hümam, Fəthul Qədir., I, 443 vd.; Əbdulğani əl-Meydani, Əl-Lübab fi şərhil-kitab, I, 23; İbn Abidin,Rəddul-muxtar., I, 156-158; Şürunbülalı, Məraqul-fəllah., s. 18; Züheyli, İslam fiqh ansk., I,386 və davamı; Bilmən, İslam Elmihalı, İstanbul, s. 126-127; Diyanət Elmihal, I, 206.

[45] Əbu Davud, Təharət. 86; İbn Macə, Təharət, 10

 [46] Əbu Davud, Təharət, 88; İbn Macə, Təharət, 104

[47] Əbu Davud, Təharət, 88; Darimi, Təharət, 73

[48] Darimi, Təharət, 73; Tirmizi, Təharət, 88

[49] Darimi, Təharət, 73; Tirmizi, Təharət, 88

[50] Əbu Davud, Təharət, 88; İbn Macə, Təharət, 104

[51] Əbu Davud, Təharət. 89; Müslim, Heyz, 6

[52] Əbu Davud, Təharət,131; Buxari, Salət,76

[53] Buxari, Vüdu, 46; Müslim, Təharət, 8, 12; Nəsai, Cümə, 9.

[54] Buxari, Cümə, 3; Əbu Davud, Təharət, 129

[55] Buxari, Cümə, 3; Əbu Davud, Təharət, 129

[56] Əhməd ibn Hənbəl, Müsnəd, hədis No:13747

[57] Buxari, Cümə,15; Müslim, Cümə, 1

[58].Əbu Davud, Hammam, 2, 3; Nəsai, Qüsl, 2.

[59] Darəqutni, Sünən, Cənaiz, 2-ci bab, hədis No:1810

[60].Buxari, Qüsl, 23, 24, Cənaiz, 8; Müslim, Heyz, 115, 116; Əbu Davud, Təharət, 91; Tirmizi, Təharət, 89; Nəsai, Təharət, 171; İbn Macə, Təharət, 80.

[61].Tirmizi, Təharət, 91; Buxari,Qüsl 26;  İbn Macə, Təharət, 97;

[62] bax:Müslim, Heyz, 1,2,3

[63] Müslim, Heyz, 14; Əbu Davud, Təharət, 89, Hədis: 216-218

[64] Əbu Davud, Təharət, 89, hədis:218

[65] Buxari, Cənaiz, 19, 20, 21, Səyd,  20, 21; Müslim, Həcc, 93, 94, 96, 98, 99;

[66] Buxari, Heyz, 19; Tirmizi, Təharət, 93.

[67] Buxari, Heyz, 20; Müslim, Heyz, 15; Tirmizi, Təharət, 97.

[68] Buxari, Heyz, 7, 8, İdeyn, 20, Həcc, 98; İbn Macə, Mənasik, 36; Şəvkani, e.a.ə., I, 207.

[69] Buxari, Heyz, 7-8, İdeyn, 20, Həcc, 98; İbn Macə, Mənasik, 36.

[70] Vaqiə, 56/59.

[71] Malik, Müvəttə, Quran, 1; Darimi, Talaq, 3; Zeyləi, Nəsbur -rayə, I, 196 199; Qurtubi, Cami, XVII, 146

[72] Qurtubi, Cami, XVII, 147.

[73] Malik, Muvatta, Quran, 15; Əbu Davud, Təharət, 90; Tirmizi, Təharət, 98; İbn Macə, Təharət, 105.

[74] Tirmizi, Təharət, 111. Bu hədis üçün Tirmizi “həsən-səhih”, Hakim səhih, Zəhəbi “uyğun/münasib”  demişdir.

[75] İbn Macə, Təharət, 105.

[76] Tirmizi, Təharət, 98

[77] Züheyli, İslam fıkhı ansiklopedisi,I, 380.

[78] Nisa, 4/43.

[79] İbn Kəsir, Müxtəsər, 7. Nəşr, Beyrut 1981, I, 394.

[80] Buxari, Fəzail, 3.

[81] Əbu Davud, Təharət, 92.

[82] Buxari, Heyz, 7-8, İdeyn, 20, Həcc, 98; İbn Macə, Mənasik, 36.

[83] İbn Macə, Təharət, 120.

[84] Əhməd ibn Hənbəl, Müsnəd, 11/454, H.no:9824; 11/272-273, H.no:7675; Əbu Davud, Cənaiz, 35, Tirmizi, Cenaiz, 17; İbn Macə, Cənaiz, 8;

[85] Əhməd ibn Hənbəl, Müsnəd, el-Fəthur-Rabbani tərtibi, Ənsar Mətbəəsi: III, 162.

[86] Beyhaqi, Sünən

[87] Darəqutni, Kitabul Cənaiz, Hədis, 1820

[88] Malik ibn Enes, Muvatta, Cənaiz 3.

[89] Hakim, Müstədrək, 1/537, H.no:1423

[90] Darəqutni, Sünən, Cənaiz, Hədis No:1810

[91] İbn Rüşd, Bidayətül müctəhid, Cənazələr bölümü.

[92] Böyük Şafei Fiqhi, Mustafa Əl-Hin və d.

[93] Bilmən Ö. Nasuhi, Büyük İslam İlmihali, 81; Zəki,Tirmizi Sünəni tərcüməsi, II/200-201

[94] Sistani, İzahlı şəriət məsələləri, 527-538 No-lu məsələlər, Lənkərani F., Tövzih, 125-ci bənd.




Bənzər məqalələr

Düşüncə təmizliyi

Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb-axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı? Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir.

Allahın varlığının dəlilləri 1

Məqalə Allahın varlığının kainat, iradə, hüdus, intizam, elm, sənət, hikmət, məqsəd, şəfqət, mərhəmət və ruzi, yardımlaşma, təmizlik, simalar, ilahi sövq, çoxçeşidlilik (tənəvvüat) dəlilləri haqdadır.

Dənizdə çimmək orucu pozurmu?

Dəniz, göl və ya çayda çimmək orucu pozmur. Lakin belə yerlərdə istəmədən də olsa ağız və burundan su girsə yəni su udulsa oruc pozulur.

Sahurdan sonra cünub olmaq

Yuxuda olarkən cünub olmaq insanın ixtiyarı xaricindədir. Bu gecə və ya gündüz yatarkən baş verə bilər. Sahurdan sonra yatan, oyananda cünub olduğunu görən şəxsin orucu pozulmur. Həmin şəxs oruca davam etməlidir.

Tualet ədəbləri

Tualetə girərkən barmaqda Allah və Hz Muhəmmədin (s.ə.s) adı yazılı üzük, ciblərdə Quran ayəsi yazılı səhifə və ya Quranın tamamı və bir hissəsi olan kitab varsa, bunlar bayırda bir yerə qoymalıdır.


1 şərh yazılıb
  1. Barat , 27/09/2015 tarixində, saat 05:09

    Hər şey var idi.. Əllərinizə sağlıq!

Şərh yaz

*