6. 166 dəfə oxunub ,   0 şərh   Çap et

Qurani-Kərimdə: “Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb-axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı? Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir“,[1]  – buyurulur.

Ayədə gördüyümüz kimi, üç əməl qadağan edilmişdir:

  1. Başqaları haqqında sui-zənn (bədgümanlıq) etmək, yəni pis fikirləşmək.
  2. Başqalarının gizli əməllərinin təcəssüs etmək, yəni araşdırmaq.
  3. Başqalarının arxasınca danışmaq, yəni qeybət etməkdir ki, bunun da meyarı haqqında danışılan şəxsin həmin sözləri eşitdiyi təqdirdə inciməsidir.

Sui-zənn etmək

Sui-zənn başqaları haqqında pis fikirləşmək demək olub insanı qeybətə sürükləyən başlıca mənəvi xəstəliklərdən biridir. Sui-zənn qəlbin qeybətidir və başqaları haqqında pis düşüncələrin qəlbdə özünə yer tapmasıdır. Sui-zənn qəlbi və ağılı xəstə, məzacı pozulmuş insanların mübtəla olduğu bir mərəzdir.

Zənnin iki növü var. Hüsni-zənn (yaxşı fikirləşmək) və sui-zənn (pis fikirləşmək, bədgümanlıq). Hüsni-zənn sui-zəndən fərqli olaraq məqbul sayılır və bir insan başda Allah olmaqla, Peyğəmbərimiz (s.a.s.) və ümumiyyətlə, mömin və hətta bütün insanlar haqqında gözəl düşünməlidir. İnsanlar haqqında nahaq yerə pis fikirləşmək, yəni sui-zənn edib onlar barəsində hər şeyi pis yönə yozmaq isə günahdır.

İslam əxlaqına görə, bir insan ilk növbədə digər insanların yaxşı olduğunu düşünməlidir. Bir insanın pisliyi isə təkzibedilməz dəlillərlə isbata möhtacdır. Bir insanın pis davranış və hərəkətləri sübuta yetirilmədikcə onunla yaxşı insan kimi rəftar edilməlidir. Hətta bu hal hüquqda “təqsirsizlik prezumpsiyası” adı altında əksini tapır ki, o da “Təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır” deməkdir. Buna görə də iddiaçı öz iddiasını sübut etməlidir. Sübut edilməsi mümkün olmayan məsələlər “zənn” olub Allahın yanında da, hüquqda da dəlil kimi qəbul edilmir. Peyğəmbərimiz (s.a.s.) də: “Zənn edirəm, (zənnimcə) deməkdən çəkinin. Çünki zənn ən yalan sözdür“,[2]  – deyərək möminlərə xəbərdarlıq etmişdir.

Təcəssüs etmək

Allah-Təala: “Bir-birinizin qüsurunu təcəssüs etməyin (araşdırmayın)“, – buyurmuşdur. Ayədə keçən “təcəssüs” sözü ərəbcə “cəssə” feilindəndir. Casusluq etmək, bir şeyi dərinliyinə qədər axtarmaq, pis niyyətlə işlərin iç üzünü öyrənməyə çalış­maq kimi mənalara gəlir.[3] Allah-Təala  “qüsurları araşdırmağı” qadağan etmişdir. Bu, həssas məsələdir. Belə ki, Peyğəmbərimiz (s.a.s.) “Ey dili ilə iman edib qəlbiylə təsdiq etməyənlər! Müsəlmanlara əziyyət etməyin, onların gizli tərəflərini araşdırmayın. Allah müsəlman qardaşlarının gizli tərəflərini araşdıranın gizli tərəflərini araşdırır. Allah kimin qüsurlarını ifşa etmək istəsə, ona evinin içində də olsa xəcalət çəkdirər[4] – deyərək qüsur araşdıranların aqibətini xəbər vermişdir. İnsanların gizli qüsurlarını ortaya çıxarıb elan etmək həya hissinə ağır zərbədir. Belə insanlar çox keçməz əvvəllər gizlətdiyi pis əməlləri – günahları açıq-aşkar etməyə başlayar. Bu, ictimai əxlaq baxımından da təhlükəlidir. Peyğəmbərimiz (s.a.s.): “Kim bir müsəlmanın qüsurunu örtərsə, Allah (cəllə cəlaluhu) da qiyamət günü onun qüsurlarını örtər.[5] Beləcə əsas məsələ qüsur axtarmaq deyil, qüsurları örtməkdir.

Qeybət etmək

Ayədə “Bir-birinizin arxasınca qeybət etməyin. Kimin ölmüş qardaşının ətini yeməkdən xoşu gələr? Ondan iyrənərsiniz” buyurulmuşdur. Qeybətin haram olması xüsusunda icma (fikir birliyi) vardır. Səhabələrimiz “qeybət”lə əlaqədar “Söylədiyimiz xüsusiyyət həqiqətən həmin şəxsdə varsa, nə olur?” deyə Allah Rəsulundan soruşmuşlar. Peygəmbərimiz (s.a.s.) cavabında: “Dediyiniz xüsusiyyət həmin şəxsdə həqiqətən varsa, “qeybət” etmiş, əgər yoxdursa, “iftira” atmış olursunuz” – buyurmuşdur.[6] Nəticə etibarilə, bir möminin arxasınca eşitdiyi təqdirdə xoşuna gəlmən şeyi danışmaq “qeybət”dir və haramdır. Əgər həmin qüsur onda yoxdursa, deyilənlər iftira sayılır ki, bu da daha böyük günahdır.

Birinin arxasınca danışmaq haram olduğu kimi, qeybəti dinləyən və bundan narahat olmayan kimsə də günah işləmiş olur. Çünki bir möminin haqqının tapdalandığını görə-görə susmaqda haqsızlığı təsdiq etmə ehtimalı var. Əsas çıxış yolu belə hallarda ya xəbərdarlıq etmək, ya da qeybətə qulaq asmamaqdır. Bu yerdə Peyğəmbərimizin (s.a.s.) “Allah-Təala arxasınca danışılan müsəlmanın namus və şərəfini qoruyan insanı Cəhənnəmdən azad edəcək”[7] müjdəsi əsla unudulmamalıdır.

Nəticə olaraq insanlar haqda sui-zənn etmək, başqalarının eyiblərini araşdırmaq (təcəssüs) və qeybət etmək Allahın sevmədiyi əməllərdəndir. Müsəlman bunlardan uzaq durmalı əvəzində Uca Allahın razı olacağı əməllərə yönəlməlidir.


[1] “Hucurat” surəsi, 49/12
[2] Buxari, Ədəb 57-58.
[3] İbni Mənzur, Lisanul-Ərəb. VI, 38.
[4] Tirmizi, Birr
[5] İbni Macə, II, hədis: 2547.
[6] Müslim, Birr 70; Tirmizi, Birr 23.
[7] Əhməd ibn Hənbəl, Müsnəd, VI, 461.



Bənzər məqalələr

Zənn

Ey iman gətirənlər! Zənnin çoxundan uzaq durun! Həqiqətən, zənnin bir qismi günahdır.

Dəstəmaz

Dəstəmaz nədir? Dəstəmazın növləri hansılardır? Dəstəmazın fərzləri və sünnələri, Dəstəmaz necə alınır? Dəstəmazı pozan hallar hansılardır? Üzrlü şəxs necə dəstəmaz almalıdır.

Rəsulullahın qərar vermə üslubu

Rəsulullahın (s.a.s.) qərar vermə üslubu necə idi? Qərar verərkən nələri nəzərə alırdı?

Mənəvi xəstəlik – sui-zənn

Sui-zənnin əsas səbəbləri hansılardır? Sui-zənndən necə qorunmaq olar?

İfk hadisəsindən alınacaq dərslər

Nur surəsindəki İfk hadisəsi ilə əlaqəli ayədən möminlər hansı dərsləri almalıdırlar?


Şərh yaz