Aylıq namaz vaxtları
5. 656 dəfə oxunub ,   1 şərh   Çap et

Namaz möminin ən vacib ibadət borcudur. Bu borcu yerinə yetirən hər möminin qəlbi hüzurla dolur. Bunu bir çox psixoloq və psixiatr da vurğulayır. Sözügedən mövzuda Qərbin tanınmış alimlərindən biri olan Aleksis Karrel (Alexis Carrel) namazın ruhi-mənəvi faydaları haqqında müxtəlif araşdırmalar aparmışdır. İndi sözü Karrelə verək:

“Deyə bilərəm ki, namaz bugünədək məlum olan ən böyük güc və hərəkət qaynağıdır. Şəxsən mən özüm bir həkim kimi bunun bir çox əyani nümunələrini müalicə etdiyim xəstələr üzərində müşahidə etmişəm. Elə xəstələr olub ki, mən onları müalicə edə bilməmişəm. Tibb aciz qalıb kənara çəkilincə namaz araya girib və qısa müddətdə həmin xəstələr şəfa tapıblar.

Namaz şüa saçan radium elementi kimi enerji və hərəkət mənbəyidir. İnsan namaz qılarkən kainata hakim olan böyük bir qüvvə ilə əlaqəyə girir. Ona yalvarıb-yaxarmaqla bir işıq və nur verməsini istəyir. Həyatın sıxıntılarına tab gətirməkçin Ondan yardım diləyir. Hətta deyə bilərəm ki, bu yalvarış belə öz-özlüyündə insanın güc və fəaliyyətini bərpa etməyə kifayətdir. Çünki Allaha yalvarıb-yaxaran elə bir insan yoxdur ki, o yalvarışları gözəl nəticə şəklində geri qayıtmasın”[1].

Bəndənin Allaha yönəlməsi namazın ən böyük meyvəsidir

İbadət etməkdə məqsəd Allahın razılığını qazanmaqdır. Bununla yanaşı, hər ibadətin özünəxas faydaları vardır. Oruc nəfsi, zəkat da malı təmizləyir. Həclə insanın bağışlanması vacib olur. Allahın Cənnətin müqabilində satın aldığı can cihadla Ona təslim olur. Namazın ən böyük meyvəsi isə bəndənin Allaha yönəlməsi, Allahın da bu yönəlişə yönəlişlə cavab verməsidir.

Bəndənin namazda Allaha yönəlişi, demək olar, bütün ibadətlərin nəticələrini də ehtiva edir. Bu səbəbdən Allah Rəsulu (sallallahu aleyhi və səlləm) başqa ibadəti deyil, məhz namazı “gözümün nuru” adlandırmışdır. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) sözləri ilə məhz namaza başlamaqla gözlərinin həqiqi aydınlığa qovuşduğunu dilə gətirmişdir.

Namazda insan təkcə vücudu ilə qibləyə tərəf dönmür, bütün varlığı, qəlbi və ruhu ilə Allaha yönəlir. Vücud və üzün qibləsi Kəbə, qəlbin və ruhun qibləsi isə Kəbənin Rəbbi Allahdır. Bəndə namazda Allahın hüzurunda olmaqdan feyz alır. Namaz insanı ibadət şüuruna aşılayan ən böyük əməldir. Bəndə Allaha nə qədər yönəlirsə, Allah da bəndəyə o qədər yönəlir.

Namazda Allaha yönəlişin üç mərtəbəsi var və bu mərtəbələrin şərtlərinə tam əməl edildikdə namaz layiqincə qılınmış olur:

1. Bəndənin öz qəlbinə yönələrək onu şəhvət xəstəliklərindən və vəsvəsələrdən, namazın savabını yox edən və ya azaldan təhlükələrdən qoruması.

2. Bəndənin Allahı görürmüş kimi ibadət etməsi.

3. Bəndənin Allah kəlamının mənalarına yönəlməsi, namaza bir ibadət yox, übudiyyət (bəndəlik, qulluq) kimi baxması, yəni namazın hər anını Onunla bərabər keçirməsi, namazı xüşu və itminan içində layiqincə qılması.

Namazın sirri qəlbin büsbütün Allaha yönəlməsi və insanın bütün varlığı ilə Allahın hüzuruna təslim olmasıdır. Namazda bəndənin fikri yalnız Allahın yanında olmalıdır. Qəlb bilməlidir ki, o, Allahın hüzurunda durub.

Bir qüdsi hədisdə Uca Allah buyurur: “Ey Adəm övladı! Səni özüm üçün yaratmışam. Bütün məxluqatı da sənin üçün yaratmışam. Üstündəki haqqım xatirinə səni ibadət üçün Yaradanı (yəni məni) qoyub sənin üçün yaratdığım şeylərlə məşğul olma!”[2] Bəli, namaz insanı Allaha yaxınlaşdıran, Onu sevməsinə və Onunla irtibat qurmasına vəsilə olan ən qısa yoldur[3].

Namazın ən önəmli faydalarından biri də bəndənin təriflənən bir məqama çatmasına vəsilə olmasıdır. Uca Allah buyurur: “(Ya Rəsulum!) Gecənin bir vaxtı durub ancaq sənə xas olan əlavə (təhəccüd) namazı qıl. Ola bilsin ki, Rəbbin səni (qiyamət günü hamı tərəfindən) bəyənilib təriflənən bir məqama çatdırsın!”[4]

Namaz tənhalıq hissinə məlhəmdir

Digər tərəfdən, namaz tənhalıq kimi psixoloji problemin də çarəsidir. İnsanların bir-birindən ixtiyari və ya qeyri-ixtiyari uzaqlaşdığı, fərdiyyətçiliyin getdikcə hakim olduğu müasir mədəniyyətin bir xəstəliyi də tənhalıq hissidir. Namazın tək, yaxud camaatla qılınmasından asılı olmayaraq, insanı gündə ən az beş dəfə tənhalıq hissindən uzaqlaşdırır[5].

Psixiatrlar da məsləhət görürlər ki, dərdimizi tanıyıb-bildiyimiz insana deyək. Hər adama dərdi açıb danışmaq olmaz. Bir də vacib deyil ki, dərdini bölüşdüyün insan mütləq ya həkim, ya hüquqşünas, ya da din adamı olsun. Əsas olan, bu adamın həssas, anlayışlı və yardımsevər bir insan olduğunu hiss etməkdir.

Belə vəziyyətdə eşidən, görən və hər şeyə hakim olan Allaha yalvarmaq necə?! İnsan namaz qılmaqla bütün xəstəliklərdən qurtulmurmu?

Tomas Arnold namaz haqqında belə deyir: “Allaha müntəzəm edilən ibadətlərdən biri olan namaz müsəlmanları dini həyatlarında digər dinlərin nümayəndələrindən fərqləndirən ən əsas əlamətdir. Səyyahlar və digər insanlar İslam ölkələrində qılınan namazın ruhlara göstərdiyi təsir haqda xeyli düşünmüşlər”[6].

Kolin adlı bir ingilis gəmi ilə Mərakeşin Tancer şəhərinə səfər edərkən böyük bir fırtına baş verir. Gəmidəkilər əşyalarını dənizə atır, ora-bura qaçmağa başlayır, nə edəcəklərini bilmədən vurnuxurlar. Məhz belə bir vaxtda müsəlmanlar bir cərgədə durub təkbir, kəlmeyi-şəhadət gəririr və Allahı təsbih edirlər.

Kolin onların birindən nə etdiklərini soruşur. Belə cavab verirlər: “Allah üçün namaz qılırıq…”. Yenə soruşur: “Gəminin batma təhlükəsi sizi heç qorxutmur?”

– Xeyr, biz elə bir Allah üçün namaz qılırıq ki, bütün işlər yalnız Onun qüdrəti ilə olur. İstəsə, dirildər, istəsə, öldürər.

 Bu cür təhlükəli anda belə müsəlmanların Allaha yönəlməsindən təsirlənən Kolin daha sonra İslamı araşdırır və müsəlman olur[7].

Namaz narahatlıq və stressi azaldır

Namaz narahatlıq və sıxıntıları aradan qaldırır. İnsan namazla əsl səadətə çatır, mütməin[8] qəlbə sahib olur və mənəvi rahatlıq tapır. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) bir çətinliklə üzləşəndə, və ya narahat olanda namaza sığınardı. Allah Rəsulu nədənsə sıxılanda namaza yönələr və azanı qəsd edərək müəzzini Bilala: “Bizi rahatlat, ey Bilal!” – deyərdi[9]. Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) bu sözləri namazın insanı rahatlatdığını, bəndənin sıxıntı və kədərini Allaha ərz edib yalvarmaqla rahatlıq tapacağını, bu gün geniş yayılmış stress və depressiv hallardan qurtulmaqda effektiv müalicə üsulu olduğunu göstərir.

Bəli, sıxıntı və kədər içində boğulan qəmli könüllərin məlhəmi namazdır. Qorxu bürümüş bir qəlb namazda rahatlıq tapır. Ürəyi qısılan və iztirab çəkən bir insanın dərmanı namazdadır.

Ulu Rəbbimiz necə gözəl buyurur: “(Ya Rəsulum!) Doğrusu, Biz onların (istehzalı) sözlərindən sənin ürəyinin qısıldığını bilirik! Sən isə Rəbbini tərifləyib şükür et, səcdə edənlərlə (namaz qılanlarla) birlikdə ol! Və sənə ölüm gələnədək Rəbbinə ibadət et!”[10]

Namaz kimi bir dostu olan tənhalıqdan necə şikayətlənə bilər?! Allah Onu (c.c.) zikr edən, dualarla yalvaran bəndənin ən böyük dostudur.

Məşhur amerikalı psixiatr Henri Link imansızlığın psixoloji xəstəliklərin əsas səbəbi olduğunu deyərək imana dönmüş və xəstələrini də imana çağırmışdır. Henri Link “Dinə qayıdış” adlı əsərində “Birinci dəfə məni dindən uzaqlaşdıran elm daha sonralar yenidən dinə yönəltdi”, – deyə bu məqama toxunmuş, xəstələrini ibadətgahlara getməyə təşviq etdiyini və onların məhz din sayəsində yaxşılaşdığını yazmışdır.

Link dinin insana psixoloji faydalarını bu cür izah edir: “Demək istəyirəm ki, əsas məsələ heç də mənim toplumun bir fərdi olaraq dinə qayıtmağım deyil. Əsas məsələ psixologiya elminin bu dönüşün səbəblərini kəşf etməsidir. Müxtəlif elmlərin cəmiyyətə bir çox faydaları ola bilər. Ancaq fərdə və topluma mənəvi rahatlıq gətirən, xəstəni sağalmağa ümidləndirib rahatladan, ailələrə xoşbəxtlik işığı bəxş edən yeganə amil imandır”[11].

Alman filosofu Leybnist də: “Ruhi-mənəvi sıxıntını və ya narahatçılığı aradan qaldırmaq üçün insan Allaha şüurlu şəkildə inanmalıdır. Çünki bu sıxıntı hər şeydən əvvəl şübhələrdən doğur, şübhə də qəlbin parça-parça olmasına gətirib çıxarır”[12], – deyir.

Aleksis Karrel də eyni mövzu ilə bağlı deyir: “Biz bu gün psixoloji gərginliklərin artmasının səbəbi kimi maddi dəyərlərin mənəvi dəyərlərdən üstün tutulmasını göstərə bilərik. Maddi həyata düşkünlük bəşəriyyətə xoşbəxtlik gətirməməklə yanaşı, insanın psixoloji gərginlik keçirməsinə də əngəl ola bilməmişdir. Çünki inancsızlıq insanı mənəvi uçuruma aparır”[13].

Gündəlik həyatda fərdlərlə, cəmiyyətlə bağlı problemlər və təbiət hadisələri insan psixologiyasına istər-istəməz təsir edir. Namaz isə qayğı və stressi azaldır. İnsanın hüzur və təslimiyyət hissi ilə Allahın (cəllə cəlaluhu) hüzurunda dayanması, yəni namaz qılması, dünyəvi sıxıntılardan tamamilə uzaqlaşması onun ruhuna sakitlik və hüzur gətirir.

Pensilvaniya Universitetinin (ABŞ) Tibb mərkəzinin mütəxəssisi professor Nevberqin (Newberg) namaz qılan və dua edən bir qrup müsəlman üzərində apardığı araşdırmanın nəticəsinə görə xüşu ilə edilən dua və təəmmül (yalvarış, düşüncə) əsnasında alının, yəni beyinin ön hissəsinin “Frontal lobe” adı verilən qərar qəbul etmə şöbəsində qanın miqdarı nəzərə çarpacaq dərəcədə artır. Hiss-həyəcan və reaksiya vermə ilə bağlı qərarlar beyinin bu şöbəsində verilir. İnsandakı hissi və davranış bacarıqları burada öyrənilir. Tədqiqatın nəticələri göstərmişdir ki, təfəkkür və Allaha yönəlmə anında insan özünü Allaha daha yaxın hiss edir, uca, ülvi duyğular keçirib qəlb rahatlığı və sakitlik tapır[14].

Namaz bir növ psixoteropiyadır

Namaz qılan insan Allahın hüzurunda oxuduğu “Fatihə” surəsində “Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!” ayəsi ilə verdiyi sözü şüuraltında tədricən möhkəmlədib əxlaqını bu ayəyə uyğunlaşdırmağa başlayır. Hiss eləməsə də, ayəni hər dəfə təkrarladıqca, mənası üzərində düşündükcə bu söz onun ruhuna işləyir.

Başlanğıcda bu, çətin gəlsə də, get-gedə insanın davranışlarına və təhtəlşüuruna işləyərək əxlaqi fəzilətlərə yiyələnməsinə səbəb olur. Fərdin bir şəxsiyyət kimi formalaşmasını tamamlayır, onun yetkin insan olduğunu və Rəbbi qarşısındakı məsuliyyətini hər zaman xatırladır.

Bəzi insanlar namazın ruh və mənasına enə bilməsələr də, səcdə onların təkəbbür və qürur hissini “rəndələyir”. Şəxsiyyətin inkişafında özünü göstərən ən təhlükəli xəstəlik qürurdur. Elə bütün çəkişmələrin, qovğaların və  nifrətin kökündə də təkəbbür dayanır.

Bu yerdə mühüm bir məqama toxunmaq istəyirik. Məsələn, bir insan kədərlidirsə, çiyinləri sallanmış, başı önünə əyilmiş olur. Səsi astadan çıxır, içini qəhər qovurur. Bu adamın əhvalını yaxşılaşdırmaq üçün “Şax dur, çiyinlərin dikəlt, başını qaldır və gülümsə” desək və ruhlandırsaq,  əvvəlki halından əsər-əlamət qalmaz.

Belə ki, namazı ciddiyyətlə qılan möminlərin ruhi-mənəvi halları və düşüncə tərzləri də hər dəfə səcdə edəndə yenilənir. Əlbəttə, insan bunun şüurunda olmalıdır, ancaq bu o demək deyil ki, namazın, xüsusilə də səcdənin bunun şüurunda olmayanlara heç bir faydası yoxdur. Qürurlu insan səcdə etməyi xoşlamır. Səcdə isə insanı təvazökarlığa öyrəşdirir.

Namaza durmazdan əvvəl ovqatı yaxşı olmayan bir mömin namazın hərəkətlərini lazımınca yerinə yetirərsə, sırf vücudunun vəziyyətini dəyişdirdiyinə görə sıxıntı və kədərdən xilas ola bilər. Daha sonra isə əllərini açıb dərdini, qüssəsini Rəbbinə (cəllə cəlaluhu) ərz elədiyi üçün (daha doğrusu, ürəyini boşaltdığı üçün) rahatlıq tapar.

Sırf bu baxımdan götürəndə, namaz bir növ psixoterapiyadır, insana psixoloji rahatlıq verir və ən əsası da Haqq qatındakı acizliyini hiss etdirib dünyaya göndəriliş qayəsini xatırladaraq “Madam ki, Allah var, o zaman qəm və kədərə nə hacət!” dedirir.

[1]Yusuf əl-Qardavi, İbadət, s. 314.

[2]Münavi, “Feyzül-qadir”, “Darül-kütubil-elmiyyə”, I nəşr, Beyrut 1994, II/387

[3]İbn Qayyim əl-Cövziyyə, “Əsrarüs-salət”,  nəşr: “Məktəbüs-şamilə”, s.7

[4] “İsra” surəsi, 17/79.

[5]Polad Has, “Sıkıntıların Giderilmesinde İbadet”, “Sızıntı” dergisi, 119, s. 172.

[6]Əbdürrəzzaq Nofəl, “İslam və müasir elm”, V/188.

[7]Əbdürrəzzaq Nofəl, e.a.ə., V, 190.

[8]Yəqinlik hasil etmiş, şübhə etməyən

[9]Əbu Davud, “Ədəb”, 86

[10]“Hicr” surəsi, 15/97-99

[11]Mikdat Yalçın, “İman ve Ahlakın Hayati Değerleri”, “İmanın  Lüzum ve Değeri” Örnek medeniyet Eğitim ve Kültür Araştırmaları Vakfı, İstanbul 1997, s. 33-34.

[12]Mikdat Yalçın, “İman ve Ahlakın Hayati Değerleri”,  s. 34.

[13]Aleksis Karrel, “Modern hayat ve Psikolojik Sıhhat”, s. 28.

[14]“Nevsveek” jurnalı, 7 may 2001. Religion and the brain.



Açar sözləri

ibadet namaz

Bənzər məqalələr

Təravih namazı 20 rükətdir

Kim Ramazanda inanaraq və savabını Allahdan gözləyərək, Onun rizasını qazanmaq üçün qiyam edərsə (təravih namazı qılarsa), keçmiş günahları bağışlanar.

İmsak vaxtı nədir?

İmsak dan yeri ağarmağa başlayandan (imsak vaxtından), iftar (axşam namazı) vaxtına qədər ibadət niyyəti ilə yemək, içmək, cinsi əlaqə və digər orucu pozan şeylərdən uzaq durmaq deməkdir. İmsakın ziddi iftardır.

Nə üçün namaz?

İnsan yaradılış baxımından çox zəifdir. Hər şey ona təsir edib əziyyət verir. İnsan həm də acizdir. Düşmənləri və bəlaları saysız-hesabsızdır. İnsan xəstəliklər, təbiətdəki fəlakətlər, ölüm qarşısında gücsüzdür.

Rəsmli paltarla namaz qılmaq

Sual: Üzərində insan və heyvan fiqurları, cizgi film qəhrəmanları olan paltarlarla namaz qılmaq olarmı?

Nə üçün zikr etməliyik?

Zikr Müqəddəs Kitabımızda 256 yerdə işlədilmişdir. Qurani-Kərimdə “zikr” sözü “Allahı anmaq”, “Allahı daima xatırlayaraq heç unutmamaq”, eyni zamanda, “namaz” və “Quran” mənalarında da işlənmişdir.


1 şərh yazılıb
  1. Alabina , 14/07/2014 tarixində, saat 10:07

    tesekkur edirem bu yazi cox faydali oldu ALLAH gencleri Qurani Kerim xatirine efv etsin!qelbimizi,beynimizi yalniz OZUNE zikrle meshgul etsin!inshALLAH

Şərh yaz