Aylıq namaz vaxtları
230 dəfə oxunub ,   0 şərh   Çap et

İxlas sözü lüğəvi mənasına görə “arınmaq”, “təmizlənmək”, “dupduru olmaq” deməkdir. Yəni ixlas bir şeyi ona qarışmış və bulaşmış şeylərdən arındırmaq, təmizləmək və saf hala gətirməkdir.[1]

İxlasın dini-terminoloji mənası isə gizli və açıq, bütün növ şirkdən uzaq və tövhid üzrə Uca Allaha qulluq etmək, ibadətdə yalnız Allahın rizasını gözləmək deməkdir.[2] Əksər alimlərə görə, ixlas tövhidlə eynimənalı, eyni dərəcəlidir.[3]

Quranda ixlas

İxlas kəlməsi Quranda “müxlis”, “müxləs”, “müxlisin”, “müxləsin”, “əd-dinul-xalis”, “müxlisan ləhud-din”, “əxləsu dinəhum” və “müxlisinə ləhud-din” qəlibləri ilə işlənir. Bu terminlərin bir qismi ayələrdə bəzi insanların xüsusiyyətini ifadə edir, digər qismi də həqiqi din və dindarlığın göstəricisi kimi işlədilir.

Peyğəmbərliyin ən birinci vəsfi sidq (doğru olmaq), onun ən nurani təzahürü isə ixlasdır. İxlas sidq və sədaqət məfhumları ilə yaxından bağlıdır. İxlas saflardan saf sadiq insanların ən bariz vəsflərindən biridir. Sadiq möminlər başqa insanların ömür boyu əldə etmək üçün çalışdığı ixlasa hər an nail olurlar.

Qurani-Kərim nəbilərin ixlasından bəhs edərkən: Ya Rəsulum!) Kitabda (Quranda) Musanı da yad et! Həqiqətən o, (öz ibadətində) çox səmimi idi. O (Bizim tərəfimizdən İsrail oğullarına göndərilmiş) bir elçi, bir peyğəmbər idi[4] fərmanı ilə bu mühüm xüsusiyyəti nəzərə çatdırır.

Təfsir alimi İbn Kəsir Həzrət Musanın “müxləs” kimi təsvir edilməsini “ibadətdə ixlaslı olmaq” şəklində şərh etdikdən sonra Əbu Lübabəyə istinadən yazır: “Bir dəfə həvarilər Həzrət İsadan “müxləs”in nə olduğunu soruşurlar. Buna cavab olaraq İsa (ə.s.): “Müxləs” elə bir adamdır ki, Allah rizası üçün əməl edər, ancaq insanların (onu) tərifini sevməz, arzulamaz,” – deyə cavab verir.”[5]

“Hicr” surəsində işlənən “Allahın müxləs qulları” ifadəsinin təfsiri də bu baxımından əhəmiyyətlidir:

“(İblis) dedi: “Ey Rəbbim! Məni azdırmağına (rəhmətindən kənar etməyinə) əvəz olaraq and içirəm ki, mən də (bunun müqabilində) onlara (pis əməllərini, günahlarını) yer üzündə yaxşı göstərib onların hamısını yoldan çıxaracağam! Yalnız Sənin sadiq bəndələrindən (müxləs qullarından) başqa!”[6]

Bu qissənin verildiyi bir başqa ayədə “müxləs qullar” belə təfsir edilir: “Həqiqətən, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində Şeytanın heç bir hökmü yoxdur! Şeytanın hökmü yalnız ona itaət edib Allaha şərik qoşanlar üzərindədir!”[7]

Göründüyü kimi, “müxləs” qullar iman edib Allaha güvənən və Onu vəkil olaraq tanıyanlardır. İblisin azdırdığı isə müşriklərdir. Doğrudan da, sədaqət və ixlas bir ucu insan qəlbində, digər ucu Haqqın inayət dərgahında olan elə bir dərinlikdir ki, indiyədək o dərinliklərdə yelkən açmış və o qanadla qanadlanmış heç bir iman qəhrəmanı yarı yolda qalmamışdır.

Qurani-Kərimdə ixlas ifadəsi “müxləsinə ləhud-din” şəklində on bir dəfə işlədilir ki, insanların gizli və açıq hər cür şirkdən arınmış bir imana sahib olması mənasını verir:[8] (Rəsulum!) Biz Kitabı sənə haqq olaraq nazil etdik. Buna görə sən də dini məhz Allaha aid edərək yalnız Ona ibadət et! (Bütpərəstlər kimi Ona şərik qoşma. Allaha ixlasla tapın!) Bil ki, xalis din (sırf ibadət, təmiz itaət) ancaq Allaha məxsusdur. Allahı qoyub (bütləri) özlərinə dost tutanlar: “Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!” (deyirlər). Şübhəsiz ki, Allah ixtilafda olduqları məsələlər barəsində (qiyamət günü) onların arasında hökm edəcəkdir. Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz!”[9]

Bu ayənin orijinalında işlədilən “müxlisən ləhud-din” ifadəsi ümumi olaraq Allaha ibadət və itaətdə şəkk etməmək kimi təfsir edilir, “əd-dinül-xalis” isə şəkdən arınmış, şəkk bulaşmamış din və dini həyat kimi izah olunur.[10] Birinci ayədə ixlasla ibadət əmr edildikdən və dinin mahiyyəti – İslam və ya Allaha qulluq izah olunduqdan sonra məsələ zidləri ilə müqayisə edilərək daha da aydınlaşdırılır.

Hədislərdə ixlas

Bir çox hədisdə ixlasın mahiyyəti və əhəmiyyəti qabarıq şəkildə nəzərə çatdırılır. Bir dəfə Allah Rəsulu: “Mənim şəfaətimə ixlası qazananlar və “lə ilahə illəllah” deyənlər nail olacaq. Çünki müxlis olanın qəlbi dilini, dili qəlbini təsdiq edər,”[11] – deyə buyurmuşdu.

İxlas iman qədər əməl üçün də bir məhək daşıdır. İxlas əməlin əsası deməkdir.

Bu səbəbdən də bir hədisdə Allah Rəsulu (s.ə.s.) ixlasın əhəmiyyətini belə ifadə edir: “Ey insanlar, bilin ki, (mömin) qəlblər bu üç şeydə xainlik etməz (onları tam olaraq yerinə yetirər).

– Bir işi sırf Allah rizası üçün görmək;

– İdarə edənlər üçün xeyirli nədirsə, onu istəmək;

– Müsəlmanlara bağlı qalmaq.

Çünki müsəlmanların duası qəbul olunur, amma bu dünyadan çox o biri aləm üçün olur.”[12]

İxlas olmadan ibadət və duanın heç bir faydası olmaz.

Bir dəfə: “Bir müsəlmanın cənazə namazını qılarkən onun üçün ixlasla dua edin,”[13] – deyə tövsiyə edən Rəsulullah (s.ə.s.) bir başqa hədisində də: “Daima əməllərinizdə ixlaslı olun, çünki Allah yalnız xalis əməli qəbul edər,[14] – buyuraraq əməllərdə ixlasın necə əhəmiyyətli olduğunu vurğulayır. Yenə: “Dini həyatında ixlaslı ol, ixlaslı əməl sənə kifayətdir,”[15] – deyə buyurur.

Həqiqətən də, əməl bir bədəndirsə, ixlas onda can, əməl bir qanaddırsa, ixlas digər qanaddır. Nə cəsəd cansız ola, nə də tək qanadla bir yerə çata bilər. Peyğəmbərimiz bir sıra hədislərində də birbaşa ixlas kəlməsini dilə gətirmədən onun mənasına diqqət çəkmişdir: “Şübhəsiz, Allah sizin surət və xarici görünüşlərinizə deyil, qəlblərinizə baxar.[16]

İxlas bir qəlb əməlidir və Allah da insana qəlblərin dəyişməsi və təmayüllərinə (haraya, nəyə meyil etməsinə) görə qiymət verir.

“Bir dəfə Rəsulullah səhabələrin yanına gələndə onlara:

– Sizə görə bir məsələdən Dəccalın şərindən daha çox narahatam, – deyir. Onlar da: “Hansı məsələdən, ey Allahın Rəsulu?” – deyə soruşurlar. Peyğəmbərimiz: “Bu şər gizli şirkdir, yəni bir adam namaz qılmağa hazırlaşanda ona baxan insanları nəzərə alıb namazını gözəl qılmağa çalışır,”[17] – deyə cavab verir.

Allah Rəsulunun riya ilə əlaqədar başqa bir hədisində isə:

– Sizin kiçik şirkə girməyinizdən narahatam,  buna görə də xəbərdar edirəm, – deyə buyurur.

– Kiçik şirk nədir? – deyə verilən suala isə:

– Riyadır, – deyə cavab verir və ardınca, – Uca Allah qullarına əməllərin əvəzi verilən gündə belə buyuracaq: “Dünyada xoş görünmək istədiyiniz kəslərin yanına gedin, baxın onlar bunun əvəzini sizə verəcəkmi?”[18] Bir başqa hədisdə isə: “Xardal dənəsi qədər riya qarışmış heç bir əməl qəbul edilməyəcək,”[19] – buyurur.

Nəticə

İbadətin ruhu səmimiyyətdir. İslamda buna ixlas deyilir. İxlasla edilən ibadət yalnız Allahın əmri olduğu üçün edilən ibadətdir. Əgər ibadətdə məqsəd başqa fayda olarsa, o ibadət faydasızdır, həm də mənəvi baxımdan zərərlidir.

İbadətlər Allahın rizasını qazanmaq üçün edilir. Zərrə qədər də başqa məqsəd qarışarsa, o ibadətlər Allaha qulluqdan nəfsə qulluğa çevrilər. Buna görə də İslamda ibadət məsələlərində niyyətin çox böyük yeri vardır. İnsan ibadət edərkən Rəbbi qarşısında vəzifəsini yerinə yetirdiyini düşünməsə, öz-özünə: “Bu işimdən, əməlimdən, görəsən, Allah razı qalar?”– sualını verməsə, o işdə mənəvi fayda olmaz. Buna görə də təkcə dini ibadətlərdə deyil, gördüyümüz hər işdə, ağzımızdan çıxan hər sözdə Allahın rizasını düşünməmişiksə, o zaman yalnız özümüzü düşünmüş sayılırıq. Yox, əgər Allahın əmr etdiyi ibadətləri yerinə yetirməklə yanaşı, hər işimizdə, əməlimizdə, söylədiyimiz sözlərdə, hətta düşüncələrimizdə belə niyyətimiz Allahın rizasını qazanmaqdırsa, onda bunların hamısı ibadətə çevrilir. Çünki bu zaman insan özünü deyil, Allahı düşündüyünə görə onun düşüncə, söz və əməlləri həm özünə, həm də başqalarına faydalı olur. İslam bununla insanı maddiyyatdan fədakarlığa alışdırır və onda ali xüsusiyyətləri inkişaf etdirir.


[1] İbn Mənzur, Lisanül-Ərəb, “hls” md.
[2] Əbul-Bəqa əl-Kəfəvi. Külliyyat, s. 64, 414, 434.
[3] İbn Mənzur, Lisanül-Ərəb, “hls” md.
[4] Məryəm, 19/51.
[5] İbn Kəsir, Təfsirul-Quranil-Azim, V, 232.
[6] Hicr, 15/39-40.
[7] Nəhl, 16/99-100.
[8] Təbəri, Camiul-bəyan, V, 455-456.
[9] Zümər, 39/2-3.
[10] Qurtubi, Cami, 15/208; İbnul-Cəvzi, Zadul-Məsir, 7/41.
[11] Əhməd ibn Hənbəl, Müsnəd, II, 307.
[12] Darimi, Müqəddimə, 24.
[13] Əbu Davud, Cənaiz, 60.
[14] Münavi, Feyzul-qadir, I, 216.
[15] Münavi, I, 217.
[16] Müslim, Birr, 33; İbn Macə, Zöhd, 9.
[17] İbn Macə, Zöhd, 21.
[18] Tirmizi, Nüzur, 3; İbn-Macə, Fitən, 19.
[19] Müslim, İman, 148-149; Əbu Davud, Libas,  26.



Bənzər məqalələr

Peyğəmbərimizin ailədaxili ünsiyyəti

Əsrlər əvvəl Peyğəmbərimiz (s.a.s.) həm gözəl ailə həyatı, həm də tövsiyələri ilə xoşbəxt ailənin sirlərini göstərmişdir. Rəsulullah (s.a.s.) ailədaxili ünsiyyətdə nələrə diqqət etmişdir?

İki yol

Cavanlar günlərin bir günü hökmdarın ordusuna qoşuldu. Hökmdarın əmri ilə uzaq bir şəhərə yola düşdülər. Bir müddət gedəndən sonra yolun ikiyə ayrıldığını gördülər, lakin hansı yolla gedəcəklərini qərarlaşdıra bilmədilər.

Rükuda oxunan dualar

Rüku lüğətdə “əyilmək” mənasını verir. Namazın əsas ünsürlərindən biri olan rüku əllər dizlərə çatacaq şəkildə önə doğru əyilmək deməkdir.

Xüşu nədir?

Xüşu qorxu və sevgi ilə Allahın əmrlərinə itaət etməkdir, qəlbən sevgi və riayətdir. Hudu isə Allahın əzəməti qarşısında təvazö ilə ikiqat olmaqdır, səmimi təslimiyyətdir.

Peyğəmbərimiz və səhabələrin namazı

Möminin meracı sayılan namaz imanın əkiz qardaşı kimidir. Başqa sözlə, imanın əməli şəkli namaz, namazın da nəzəri şəkli imandır.


Şərh yaz

*