Aylıq namaz vaxtları
36. 852 dəfə oxunub ,   4 şərh   Çap et

Dəstəmazı pozan hallar

Aşağıdakı hallar dəstəmazı pozur:

  1. Bədəndən sidik, nəcis, qan, məni, məzi, vədi kimi bir mayelərin xaric olması. Allah-Təala dəstəmaz alması lazım gələn şəxsdən bəhs edərkən; “Sizdən biriniz ayaqyolundan gəlmişsə…[1] deyə buyurmuşdur. Burada böyük və kiçik tualet ehtiyacı nəzərdə tutulmuşdur. Digər tərəfdən Allahın Rəsulu (s.ə.s) üzrlü (istihazəli) olan Fatma binti Əbu Hübeyşəyə (r.anha) belə buyurmuşdur: “Əgər bu ay başı qanıdırsa, bilinən qara qandır. Əgər belədirsə namaz qılma. Başqa cürdürsə o vaxt dəstəmaz al və namaz qıl. Bu, çatlaq damardan gələn qandır.”[2]
  2. Yel buraxmaq. Hz. Peyğəmbər (s.ə.s) yel buraxıb buraxmadığında şübhəyə düşən şəxsin səs və ya bir qoxu hiss etmədikcə dəstəmazı pozulmayacağını bildirmişdir.[3]
  3. Bədənin hər hansı bir yerindən qan, irin və ya başqa bir mayenin çıxması. Bədəndən çıxan qan, axmadığı və ya çıxdığı yerin ətrafına yayılmadığı müddətcə dəstəmazı pozmaz. Yaradan çıxan irin və ya sarı suyun hökmü də belədir. Bu mayelerin əl və ya bir əski ilə silinməsi dəstəmazı pozmaz.

Hənəfilərə görə bədəndən çıxan qanın dəstəmazı pozması aşağdakı hədislərə əsaslanır: “Hər axan qandan ötrü dəstəmaz almaq lazımdır.[4], “Hər hansı bir şəxs namazda ikən qusar və ya burnundan qan gələrsə, namazdan çıxsın və gedib dəstəmaz alsın. Ondan sonra danışmadığı müddətcə gəlib namazını yarımçıq qaldığı yerdən qılmağa başlasın.[5], “Qan çıxdıqdan sonra qurusa və ətrafa yayılmasa dəstəmaz almağa ehtiyac yoxdur.”[6]

  Ağızdan çıxan axıcı haldakı qan, tüpürcəkdən çox və ya ona bərabərdirsə dəstəmazı pozur.

  Hacamat etmək (qan aldırmaq) və zəli qoymaq da dəstəmazı pozur.

  Şafei və malikilərə görə, sidik və nəcis çıxan yerlərin xaricində bədəndən çıxan qan və bunun kimi mayelər dəstəmazı pozmur. İstinad etdikləri dəlil, Hz. Ənəs ibn Malikin (r.a) nəql etdiyi bu hədisdir: “Rəsulullah (s.ə.s) qan aldırdı və dəstəmaz almadan namaz qıldı. Qan aldıdığı yerləri yumaqdan başqa bir şey eləmədi.”[7] Bundan əlavə Rəsulullah (s.ə.s) Zatur-riqa qəzvəsində ikən, bir adama ox batmış, qan axarkən rüku və səcdələrə gedərək namazını tamalamışdı. Bunu görən Rəsulullah (s.ə.s) ona heç nə deməmişdir.”[8]

  1. Ağız dolusu qusmaq: Hz. Peyğəmbər (s.ə.s): “Qusmaq dəstəmazı pozar[9]˗ buyurmuşdur. Ağız dolusu yemək, su, laxtalanmış qan və ya öd kimi şeyləri qaytarmaq dəstəmazı pozar. Bəlğəm isə hardan gəlirsə gəlsin tüpürcək hökmündədir və dəstəmazı pozmur.

Şafei və malikilərə görə isə qusmaqla dəstəmaz pozulmaz.[10]

  1. Ağlın dərk etmə qabilyyətini itirdiyi hallarda dəstəmaz pozulur. Huşunu itirmək, ağlını itirmək, sərxoşluq və ya epilepsiya tutmaları bunlar arasında sayıla bilər.
  2. Yatmaq. İnsanın özünə hakim ola bilməyəcəyi şəkildə yatması dəstəmazı pozur. Yanı, axrxası və üzü üstə uzanaraq, bardaş quraraq, dirsəklərinə söykənərək, ayaqlarını yan tərəfə çıxarıb oturaraq, namaz xaricində səcdə halında yatan şəxsin dəstəmazı pozulmuş sayılır. Həmçinin oturmuş vəziyyətdə bir şeyə söykənən şəxs söykəndiyi əşya çəkiləndə yıxılcaq şəkildə yaslanaraq yatıbsa dəstəmazı pozulmuş sayılır. Sadalanan hallarda bədən boşalır və yuxu ilə birlikdə hiss etmə duyğusu da zəifləyir. Bədənin boşalmsı səbəbiylə yel çıxa bilər. Burada dəstəmazın əsl pozulma səbəbi qazın çıxmasıdır. Hz. Peyğəmbər (s.ə.s) belə buyurmuşdur: “Göz oturacağın bağıdır. Buna görə də yatan şəxs dəstəmaz alsın.”[11], “Göz oturacaq yerinin bağıdır. Gözlər yuxuya gedəndə bu bağ açılar.”[12]Ancaq yuxu ilə oyanıqlıq arasında, heç yerə söykənmədən, oturcağını/ombasını yerə tam oturdaraq yatan və ya mürgüləyən şəxsin dəstamazı pozulmur.[13]

Namaz qılarkən qiyamda, rüku və ya səcdədə yatan şəxsin dəstəmazı pozulmur.

Ayaq üstə yatan şəxsin dəstəmazı da pozulmur.

  1. Qadın və kişinin bir-birinə şəhvətlə toxunması və oynaşması. Cinsi münasibətin dəstəmazı pozduğuna dair şübhə yoxdur. Qadının bədəninin açıqda qalan bir yerinə toxunmaq dəstəmazı pozmur.

Kişi və qadının, arada heç bir vasitə olmadan və ya çox nazik paltardan məhrəm yerlərinin bir-birinə toxunması ilə hər ikisinin dəstəmazı pozulur. Bu halda məzinin çıxması da şərt deyil.

İmam Məhəmmədə görə isə, bu halda bir islaqlıq və ya məzi görülmədiyi müddətcə dəstəmaz pozulmur.

Qadına elə-belə toxunmağın dəstəmazı pozmadığı fikri bu dəlillərə əsaslanır:

Qurani-Kərimdə dəstəmaz və ya qüsl alması lazım gələn şəxslərdən bəhs edilərkən; “Və ya qadınlarla yaxınlıq etdiyiniz zaman… [14]”˗ buyurulur. Ayədəki toxunmaq/yaxınlıq (ləms-mülaməsə) İbn Abbasa (r.a) görə cinsi əlaqədə olmaq deməkdir. Bu məcazi mənadadır. Hənəfilər də bu mənanı əsas almışdır. Şafeilərə görə, kişinin evlənmələri qadağan olan şəxslərdən başqa, öz xanımı və ya bir başqa qadına aralarında hər hansı bir maneə olmadan toxunması hər ikisinin də dəstəmazını pozur. Ancaq qadının saçları, dişləri və ya dırnaqları bunun xaricindədir. Malikilər və hənbəlilər isə qadının bədəninə toxunmağı “ləzzət və şəhvət hiss etmək” şərti ilə məhdudlaşdırmışlar. Yəni onlara görə ləzzət və şəhvət olmadıqca dəstəmaz pozulmur.

Hənəfilər bu mövzuda aşağıdakı hədisləri əsas gətirirlər: Hz. Aişə (r.anha) belə demişdir: “Peyğəmbər (s.ə.s) xanımlarından birisini öpərdi və sonra da dəstəmaz almadan namaz qılardı.”[15], “Rəsulullah (s.ə.s) mən yatmış olduğum halda mənə doğru namaz qılardı. Vitr qılmaq istəyincə ayağıyla mənə toxunardı.”[16] Hz. Aişənin (r.anha) nəql etdiyi bu hədislərdən qadına normal toxunmaqla dəstəmazın pozulmadığını anlayırıq.

  1. Namaz qılarkən yaxındakı şəxslərin eşidə biləcəyi səslə, yəni qəhqəhə ilə gülmək. Hədisdə; “Sizdən biriniz namazda qəhqəhə ilə gülərsə yenidən dəstəmaz alsın və namaz qılsın.[17]˗ buyrulur. Bunun namazı pozması, namaz qılanı cəzalandıraraq belə bir halın təkrar meydana gəlməsinin qarşısını almaq üçündür. Namazın xaricində qəhqəhə ilə gülmək isə dəstəmazı pozmur.

Hənəfilərdən başqa digər məzhəblərə görə, bu halda təkcə namaz pozulur.

  1. Məstlər üzərinə məsh edildikdən sonra müqim üçün bir, yolçu üçün üç gün keçdikdən sonra və ya məstlərin bilinən müddət ərzində ayaqdan çıxması və ya çıxarılması dəstəmazı pozur.
  2. Üzrlü şəxsin dəstəmazı namaz vaxtının çıxması ilə pozulur.

11.Təyəmmümlü şəxsin su əldə etməsi. Bu axrıncı üç maddə haqqında ətraflı məlumat üçün fiqh kitablarındakı aidiyyatı yerlərə baxmaq olar.[18]

  1. Tənasül orqanına axıntının gəlməməsi üçün qoyulan tampon çıxarıldıqda və islandıqda dəstəmaz pozulur.

Hənəfilərin xaricindəki üç məzhəbə görə bir şəxsin öz cinsi orqanına toxunması dəstəmazı pozur.[19]

 

Dəstəmazı pozmayan hallar

Dəstəmaz alarakən yuyulması fərz olan üzvlərdən biri olmasa, yəni kəsilmişsə (amputasiya olmuşsa) həmin şəxs o üzvü yumaqdan məsul deyil. Ancaq tamamən kəsilməyib, bir miqdarı qalmışsa həmin hissə yuyulmalıdır. Əli kəsilmiş kimsə əlini yumaz, ancaq dirsəkdən aşağıda qalan hissə varsa həmin hissə yuyulmalıdır.

Ağlayanda, gözdən yaş axanda; bəlğəmi tüpürdükdə; yaranın qabığı qan çıxmadan düşəndə; tüpürcək və burun suyuna az miqdarda qan qarışanda; ağız dolusu olmayan qusma; dişlənilən alma və heyva kimi bərk meyvə və ya istifadə edilən misvak və diş fırçası üzərindəki axıcılığı olmayan qan gördükdə; milçək, bit kimi həşəratlar qan əmdikdə dəstəmaz pozulmur.

Namazda səssiz gülmək, təbəssüm etmək;

Namazda ikən mürgüləmək;

Dırnaq kəsmək və təraş olmaq dəstəmazı pozmur.

Namazda ikən qiyam, oturuş və səcdədə yuxulamaq dəstəmazı pozmur.

Övrət yerinə və cinsiyyət orqanına şəhvətsiz, əl ilə  toxunmaq dəstəmazı pozmur.

Dəstəmaz orqanlarından birini yuyub-yumadığında tərəddüd edən şəxs həmin üzvü təkrar yumalı və ya sulu əli ilə məsh etməlidir. Ancaq bu şübhə vəsvəsədən qaynaqlanır və bu hal onda tez-tez baş verirsə, qənaəti hansı yöndə çox olarsa ona görə hərəkət etməlidir.

Dəstəmazı olduğunu bildiyi halda şübhəyə düşən şəxs dəstəmazlı sayılır. Fiqh qaydası belədir: “Şəkk ilə yəqin zail olmaz, (ortdan qalxmaz)”. Dəstəmazın pozulub-pozulmadığıyla əlaqəli tərəddüd edildikdə ən gözəli təkrar dəstəmaz almaqdır. Xüsusilə imamlıq edən şəxslər digər məzhəblərin fərz və dəstəmaz pozan hallar haqqındakı görüşlərinə diqqət etməlidir.

Dəstəmaz alarkən yuyulacaq yerlərdə quru yer qalmamalıdır. Ustaların dırnaq araları, dərisi üzərinə yapışan və təmizlənməsi asan olmayan boya, silikon tərzi yapışqan maddələr təmizlənə bildiyi qədər təmizlənir, geri qalanı dəstəmaza mane deyil. Lakin gözəl görünmək üçün istifadə olunan lak, boya, pomada, dodaq boyası kimi suyun təmasına mane olan hallar dəstəmaz almadan aradan qaldırılmalıdır.

Dırnaqların və bədənin kirli olması xoş qarşılanmsa da dəstəmaz mane deyildir.


[1] Maidə, 5/6.
[2] Əbu Davud, Təharət, 109, 110; Nəsai, Təharət, 137, Heyz, 6.
[3] Buxari, Vüdu, 34.
[4] Zeyləi, Nəsbur-rayə, I, 37; İbnul-Hümam, e.a.ə., I, 39.
[5] Malik, Müvəttə, Təharət, 46, 47; Zeyləi,e.a.ə.,, I, 38; Şövkani, e.a.ə., I, 187.
[6] Zeyləi, e.a.ə., 44; Şövkani, e.a.ə., I, 189.
[7] Buxari, Elm, 5, Vüdu, 34; Müslim, Heyz, 18; Nəsai, Təharət, 111, Qüsl, 28; İbn Macə, Təharət, 64-70.
[8] Buxari, Vüdu, 34.
[9] Tirmizi, Təharət, 64.
[10] Züheyli, e.a.ə., I, 270.
[11] İbn Macə, Vüdu, 62; Əbu Davud, Təharət, 79; İbn Hənbəl, I, 111.
[12] Darimi, Vüdu, 48.
[13] Mövsili, əl-İxtiyar, I, 10
[14] Maidə, 5/6. 
[15] Əbu Davud, 68; Tirmizi, Təharət, 63; İbn Hənbəl, VI, 210.
[16] Şövkani, e.a.ə., I, 196.
[17] Zeyləi, e.a.ə.,I, 47 – 54.
[18] Dəstəmazı pozan hallar üçün bax. Kasani, Bədayius-sənai, I, 24-33; İbnul-Hümam, e.a.ə., I, 24-37; Meydani, Lübab, I, 17-24; İbn Abidin, e.a.ə., I, 124-138; Şurunbulalı, e.a.ə., s. 14 vd.; Zeylai, Təbyinul-həqaiq, I, 7 vd. Şirazi, Mühəzzəb, I, 22 vd.; İbn Rüşd, Bidayətul-müctəhid,I, 168 vd. 
[19] Buxari, Elm, 53, Səlat, 9, Həcc, 21; Əbu Davud, Təharət, 69; Tirmizi, Təharət, 61; İbn Hənbəl, Müsnəd, II, 223; Zeyləi, e.a.ə., I, 54, 60, 278; Şövkani, e.a.ə., I, 198.



Bənzər məqalələr

Nəcasət dəstəmazı pozur?

Uşağın bezini dəyişdirərkən əlimizə dəyən nəcasət dəstəmazı pozurmu? Dəstəmazı pozan hallar insanın şəxsiylə əlaqədar bir məsələdir. Kənardan bulaşan bir nəcasət həmin şəxsin dəstəmazına bir ziyan verməz.

Orucu pozan hallar

Orucu pozan hallar iki cürdür: Oruc pozularkən yalnız günə-gün qəza tələb edən hallar. Oruc pozularkən həm qəza, həm də kəffarə tələb edən hallar.

Dəstəmazın fərzləri

“Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə əllərinizi yuyun. (Yaş əlinizlə) başınızı başınızı məhs edin, ayaqlarınızı isə hər iki topuğa qədər yuyun…”

Dəstəmazın növləri

Su ilə üzü, qolları, ayaqları yumaq və başı məsh etməkdən ibarət olan xüsusi təmizliyə dəstəmaz deyilir. Dəstəmaz hökm və dərəcəsinə görə üç yerə ayrılır: fərz, vacib və məndub.

Dəstəmazın səhih olmasının şərtləri

Su ilə üzü, qolları, ayaqları yumaq və başı məsh etməkdən ibarət olan xüsusi təmizliyə dəstəmaz deyilir. Hz. Peyğəmbərin (s.ə.s) dəstəmaz almadan heç bir iş görmədiyi nəql edilir.


4 şərh yazılıb
  1. Vusalmehreliyev , 10/02/2016 tarixində, saat 15:02

    salam,size sualim,destamazli olarken yelin gelisi ve onu cixmadiqina emin olmaq destamazi pozurmu,2ci sualim,qezaya gedmis namazi namazdan qabaq qilmaq olar yoxsa,evvel namazi qil sonra qeza,

    • meneviyyat.az , 26/02/2016 tarixində, saat 07:02

      Əgər çıxmadığından tam əminsizinsə dəstəmazlı sayılırsınız. Qəzaya qalan namazların sayı 5-dən çox deyilsə və qılacağınız fərz namazın vaxtı çıxmayacaqsa əvvəlcə qəza namazını sonra fərzi qıla bilərsiniz. Ümumiyyətlə qəza namazı qılmaq istəyirsinizsə bunu vaxt namazını qılandan sonra etməyiniz daha yaxşıdır.

  2. aynur , 04/08/2018 tarixində, saat 19:08

    Bilmədən itə toxundunduqda və ya it özü toxunduqda dəstəmaz və qüsl pozulurmu?

    • meneviyyat.az , 04/08/2018 tarixində, saat 20:08

      İt əsasında təmiz sayılır. Sadəcə ağız suyu nəcisdir. İtə əl ilə toxunduqda və ya itin bədəni paltara toxunduqda heç bir şey etmək lazım deyil. Ancaq ağız suyu toxunsa paltarın və bədənin həmin hissəsi yuyulması kifayət edir.
      Ümumi prinsip belədir nəcis olan bir şey bədənə toxunduqda dəstəmaz pozulmur. Məsələn ana uşağın bezini dəyişdirərkən əlinə uşağın sidiyi və ya nəcisi dəyərsə dəstəmazı pozulmaz. Əlin yuyulması yetərlidir.

Şərh yaz

*