62 dəfə oxunub ,   0 şərh   Çap et

Əsrə and alsun

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

وَالْعَصْرِ إِنَّ الْإِنْسَانَ لَفِي خُسْرٍ إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ

وَتَوَاصَوْا بِالْحَقِّ وَتَوَاصَوْا بِالصَّبْرِ

“And olsun axşam çağına! Həqiqətən, insan ziyan içindədir. Ancaq iman gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı və səbri tövsiyə edənlər bundan istisnadır.”(Əsr surəsi, 103/1-3)

Sürət və Qeyri-müəyyənlik Çağı

Bu gün biz tarixin bəlkə də ən sürətli və mürəkkəb dövrlərindən birini yaşayırıq. Texnologiya, rəqəmsallaşma, süni intellekt və “metaverse” kimi anlayışlar həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bu sürət çox zaman bizdə bir narahatlıq, gələcəyə dair qorxu hissi yaradır. Övladlarımızın hansı istiqamətə sürükləndiyini anlamaqda çətinlik çəkirik. Lakin bir mömin olaraq ilk növbədə dərk etməliyik ki, bu çağın da, bu texnologiyanın da, bu axının da mütləq sahibi və idarəedicisi Uca Allahdır. Onun “Ol” demədiyi heç bir hadisə kainatın zərrəsində belə baş verə bilməz. إِنَّمَا أَمْرُهُ إِذَا أَرَادَ شَيْئًا أَنْ يَقُولَ لَهُ كُنْ فَيَكُونُ “O, bir şeyin olmasını istədiyi zaman ona yalnız: “Ol!” – deyə əmr edər. O da dərhal olar.” (Yasin surəsi, 82)

“Dəhr” Anlayışı və Zamana Söyməyin Qadağası

Bəzən çətinliklərlə qarşılaşdıqda “zəmanə pisləşib”, “dövran korlanıb” deyərək yaşadığımız vaxtı tənqid edirik. Halbuki, İslamın təməl prinsiplərinə görə, zamana söymək əslində zamanın yaradıcısına qarşı bir hörmətsizlikdir.

Peyğəmbərimiz (s.ə.s) hədisi-qüdsidə buyurur:

“Adəm övladı dəhrə (zamana) söyərək Mənə əziyyət verir. Halbuki Mən dəhrəm. Hər şey Mənim əlimdədir. Gecəni, gündüzü Mən idarə edirəm.” (Buxari, Təfsir 45)

“Dəhrə söyməyin, çünki Allah dəhirdir” (Müsnəd, 2:259)

Cahilliyə dövründə insanlar hadisələrin səbəbini Allaha deyil, zamanın özünə bağlayırdılar (Dəhrilər). Onlar elə hesab edirdilər ki, bizi öldürən və yaşadan sadəcə zamandır. İslam isə bizə öyrədir ki, zaman Allahın bir məmurudur. Əsr surəsində zamanın üzərinə and içilməsi onun müqəddəsliyinə və bir imtahan meydanı olduğuna işarədir. Zaman özlüyündə şər deyil; şər olan o zamanın içindəki insanların azğınlığı və iradələridir.

İnformasiya Kirliliyi və “Görmə” Qabiliyyəti

Müasir dövrün ən böyük problemlərindən biri informasiya bolluğudur. Beynimiz o qədər çox lazımsız məlumatla yüklənir ki, baxdığımız şeyi görə bilmirik, eşitdiyimizi idrak edə bilmirik. Bu mənəvi korluq bizi kainatdakı gözəllikləri təqdir etməkdən uzaqlaşdırır.Bizə “yavaşlamaq” və şüurlu bir müşahidəçi olmaq lazımdır.

إِنَّ فِي خَلْقِ السَّمَاوَاتِ وَالْأَرْضِ وَاخْتِلَافِ اللَّيْلِ وَالنَّهَارِ لَآيَاتٍ لِأُولِي الْأَلْبَا

“Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri üçün dəlillər vardır.” (Ali-İmran surəsi, 190)

Baxıb da Görmədiklərimiz.

Əziz dostlar, bayaq qeyd etdiyim o “yavaşlamaq” zərurəti sadəcə bir tövsiyə deyil, beynimizin yaradılış proqramından gələn bir ehtiyacdır. Elm sübut edir ki, biz hər saniyə duyğu orqanlarımızla 11 milyon bit (məlumat vahidi) həcmində bir selə məruz qalırıq. Reklamın da təsiri: Şəhərdə yaşayan insan, gündə ortalama 4.000 ilə 10.000 arası reklam mesajı və ya marka qarşılaşır. Lakin Uca Allahın beynimizə qoyduğu möhtəşəm bir “filtr” sayəsində biz bu dəhşətli informasiya okeanının cəmi 40-50 bitini, yəni milyonda birini dərk edə bilirik. Təsəvvür edin, qarşımızda nəhəng bir həqiqət var, amma biz onun yalnız 0,0004%-ni görürük!

Bəs beynimiz nəyi seçir? Nəyi görməyimizə kim qərar verir?

Burada RAS (Retikulyar Aktivasiya Sistemi) dediyimiz bir mexanizm işə düşür. O, bir “mühafizəçi” kimi qapıda dayanır və yalnız bizim üçün “vacib” bildiyi şeyləri içəri buraxır. Əgər bizim zehnimiz ancaq dünya malı, rəqəmsal reklamlar, sosial media çəkişmələri və gündəlik qayğılarla doludursa, o filtr gözümüzün önündəki ilahi nişanələri, bir uşağın təbəssümünü və ya bir ağacın yarpağındakı naxışı “lazımsız” hesab edib kənara atır.

وَلَقَدْ ذَرَأْنَا لِجَهَنَّمَ كَثِيرًا مِنَ الْجِنِّ وَالْإِنْسِ ۖ لَهُمْ قُلُوبٌ لَا يَفْقَهُونَ بِهَا وَلَهُمْ أَعْيُنٌ لَا يُبْصِرُونَ بِهَا وَلَهُمْ آذَانٌ لَا يَسْمَعُونَ بِهَا ۚ أُولَٰئِكَ كَالْأَنْعَامِ بَلْ هُمْ أَضَلُّ ۚ

أُولَٰئِكَ هُمُ الْغَافِلُونَ

“And olsun ki, cinlərdən və insanlardan bir çoxunu cəhənnəm üçün yaratdıq. Onların (haqqı) qavramayan qəlbləri, (haqqı) görməyən gözləri, (haqqı) eşitməyən qulaqları var. Onlar heyvanlar kimidirlər, hətta daha çox zəlalətdədirlər. Əsil qafillər onlardır.” (Əraf surəsi, 179) ayəsinin elmi izahı bəlkə də budur.

Biz “informasiya obezliyi” (həddindən artıq məlumat yüklənməsi) yaşayırıq. Hər gün təxminən 100.000 kəlməlik bir məlumat yükü altında əzilirik. Bu qədər səs-küyün içində Allahın səssiz ayələrini eşitmək mümkün deyil. Ona görə də bizə “rəqəmsal oruc” lazımdır. Bizə zehnimizi təmizləmək lazımdır ki, o filtr (RAS) artıq lazımsız reklamları deyil, “Sübhanallah” dedirdəcək gözəllikləri seçib şüurumuza ötürsün.

Unutmayın, gözəl görmək üçün əvvəlcə gözün önündəki o informasiya toz-torpağını silmək lazımdır. Bəzən filtrlərin üzərini toz, pas tutur. İnsan ancaq xoşagəlməz şeyləri görür, yenə zəmanədən şikayət edir.

وَعَسَىٰ أَنْ تَكْرَهُوا شَيْئًا وَهُوَ خَيْرٌ لَكُمْ ۖ وَعَسَىٰ أَنْ تُحِبُّوا شَيْئًا وَهُوَ شَرٌّ لَكُمْ ۗ وَاللَّهُ يَعْلَمُ وَأَنْتُمْ لَا تَعْلَمُونَ

“…Ola bilsin ki, xoşlamadığınız bir şey sizin üçün xeyirli, xoşladığınız bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bilmirsiniz.” (Bəqərə surəsi, 216) Zamanın gətirdiyi bəzi “şiddətli sellər” və ya çətinliklər zahirən pis görünsə də, Allahın elmində bir xeyrə xidmət edər. Allah üçün şər deyə bir şey yoxdur. Onun yaratdığı hər şey gözəldir. الَّذِي أَحْسَنَ كُلَّ شَيْءٍ خَلَقَهُ   (Səcdə, 32/7) Ya başlanğıcı, ya da sonu etibarı ilə.

Bu nöqtədə Mövlanənin anlatdığı hekayə yada düşür. Həzrəti İsa (ə) həvariləri ilə yol gedərkən ölü bir it leşi ilə qarşılaşırlar. Hamı pis qoxudan ağzını və burnunu tutur, deyinir. O isə hamının gördüyü pis qoxunu deyil, “nə gözəl ağ dişləri var” deyərək incəliyi görür. Bununla bizə əsl mömin dünyagörüşünü təqdim edir: Gözəl görən, gözəl düşünər; gözəl düşünən də həyatından ləzzət alar.

Mübarizə deyil, Adaptasiya və Təlim

Zaman bir sel kimidir. Gələn selin qarşısında durub ona qəzəblənmək enerji itkisidir. Ağıllı insan o selin enerjisindən necə istifadə edəcəyini, ondan necə qorunacağını və mənzil başına necə çatacağını düşünəndir.

Həzrəti Əlinin (ə) çox hikmətli bir nəsihəti var: “Övladlarınızı öz zamanınıza görə deyil, onların yaşayacağı dövrə görə yetişdirin.”

Bu o deməkdir ki, biz keçmişin xatirələri ilə deyil, gələcəyin reallıqlarına sahib olmalıyıq. Rəqəmsal dünyanı inkar etmək deyil, o dünyada mənəviyyatı necə qorumağı öyrənməli və öyrətməliyik.

Nəticə: Qaranlığa söyməkdənsə, bir şam yandır

Əziz dostlar, zəmanədən şikayət etmək bizi heç bir mənzilə çatdırmayacaq. Qaranlığı tənqid etmək otağı işıqlandırmaz. Hər kəs bir şam yandırsa ortalıq aydınlıq olar. Bizim vəzifəmiz yaşadığımız dövrü düzgün oxumaq, Allahın iradəsinə təslim olmaq və bu dəyişən şərtlər daxilində “insan kamil” olaraq qalmağı bacarmaqdır. Uca Allahdan bizlərə əfv, afiyət və zamanın fitnələrindən qorunmaq üçün bəsirət diləyirəm.

 




Bənzər məqalələr

Peyğəmbər metodu – fərdi tərbiyə

Hər insanın, mənəvi və zehni qabiliyyətləri bir-birindən fərqlidir. Bu baxımdan hər kəs fərdi xüsusiyyətlərə malikdir. Dolayısı ilə insanlara nəyisə öyrədərkən fərdi keyfiyyətlərini də nəzərə almalı və hər kəsin fərdi xüsusiyyətlərinə görə təlim metodları tərtib edilməlidir. Rəsulullah (s.a.s.) da insanların xarakter və qabiliyyətlərindəki bu fərqlilikləri üç ayrı bənzətmə ilə izah etmiş və insanlara nəyisə öyrədərkən hər […]

Nəfsin cilovu – oruc

Başqa canlılardan fərqli olaraq, insanların duyğularına məhdudiyyət qoyulmamışdır, yaxşılıq və pisliklərin sərhədi yoxdur. Çünki bu dünya insanlar üçün imtahan dünyasıdır.

Nəbəvi tərbiyənin əsasları – təmkin

Bu yazı Rəsulullahın insanlara nə isə öyrədərkən istifadə etdiyi metodlardan təmkinli davranmaq haqqındadır.

Orucun faydaları

Namaz dinin, oruc ruhun, zəkat da cəmiyyətin dirəyidir. Yəni namazsız dinin, orucsuz ruhun, zəkatsız cəmiyyətin var olması çox çətindir.

Uşaqlarımızı gələcəyə necə hazırlamalıyıq?

Övladlarımıza gözəl tərbiyə vermək üçün müəyyən xüsuslara diqqət etməliyik. Bütün sözlərimizin, davranışlarımızın, hətta həyat yoldaşımızla söhbətlərimizin və hər cür münasibətlərimizin əsas mövzusunu sonrakı dövrlərdə uşağın şüuraltına yerləşdirmək istədiyimiz məsələlər təşkil etməlidir.


Şərh yaz