Sual: Təhdid altında olan şəxs orucunu poza bilərmi?
Cavab: Əgər kimsə oruc tutan şəxsi “orucunu pozmazsan səni öldürərəm”, “sənə xəsarət yetirərəm” və s. deyərək təhdid edər, üstəlik dediyini etmək çalışarsa oruclu orucunu poza bilər. Əks halda canından ola bilər. Belə halda orucunu pozan şəxs həmin orucu qəza etməlidir. Ramazanda (əri tərəfindən) məcburi cinsi əlaqədə olmağa vadar edilən qadın da həmin orucunu yalnız qəza etməlidir. Təhdidlər uzun müddət davam edərsə həmin şəxslər orucunu pozmuş kimi göstərərək oruca davam edə bilər.
Sovet hakimiyyətinin amansız illərində Xalq Komissarları Soveti tərəfindən təhkim olunan şəxslər insanlara zorla orucu pozdurmaq üçün su içirirdilər. Həmin dövrün alimləri təhdid altında su içirilsə belə oruca davam ediləcəyi haqqında fətva vermişlər.
Fitrə, ramazan ayının sonunda nisab miqdarı mala malik müsəlmanların verməklə mükəlləf olduqları vacib sədəqədir.
Etikaf kişilərin əzan və iqamə oxunan, yəni camaatla beş vaxt namaz qılınan məsciddə, qadınların isə evin namaz otağında və ya otağın bir küncündə etikaf niyyəti ilə bir müddət gözləməsi, oturmasıdır.
Mədəyə su, qan və s. getməmək şərtilə dişə qoyulan plomb orucu pozmur. Maye getdiyi təqdirdə oruc pozulur və qəza edilməlidir.
Siqaret və qəlyan çəkmək orucu pozur. Həmin oruca qəza və kəffarə gərəkir. Başqasının çəkdiyi siqaret tüstüsünü bilərək ciyərlərinə çəkən şəxsin də orucu pozulur.
İslam oruc tuta bilməyəcək dərəcədə yaşlı olanları tuta bilmədikləri hər gün üçün bir kasıbı doyurmaq şərti ilə bu ibadətdən azad etmişdir.