Aylıq namaz vaxtları
4. 436 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Bəzi insanlar məscidin ortasında namaz qılırlar. İstər-istəməz digər insanlar onların önündən keçmək məcburiyyətində qalır. Namazda sütrə nədir və necə edilir?

Cavab: Namaz qılan bir şəxsin istər kiçik məscidlərdə, istər böyük camelərdə, istər evində, istərsə də boş ərazidə olsun özünə sütrə götürməsi sünnədir. Sütrə, namaz qılan şəxsin, qabağından başqasının keçməsinə mane olacaq şəkildə səcdə edəcəyi yerin qabağında və ya yaxınlığında qiblə tərəfdə olan dirək, divar, kürsü və başqa şeylərə deyilir. Namazda insan Allaha təzim, təsbeh, təkbir və şükür edir. Bu baxımdan namazdakı insanın önündən keçilməsi namazın ruhuna uyğun düşməz. Musa bin Talha (r.a) nəql edir: “Biz namaz qılarkən heyvanlar önümüzdən keçirdilər. Bunu Rəsulullaha (s.ə.s) dedik. Rəsulullah (s.ə.s): “Önünüzdə yəhərin arxa qaşı kimi bir şey olarsa, onun önündən keçənlər zərər verməz” buyurdu. (Müslim, Salat, 242; Tirmizi, Salət, 248.)

Əbu Cüheym əl-Ənsari (r.a) dedi ki: “Allah Rəsulu (s.ə.s) belə buyurdu:

“Namaz qılanın önündən keçən şəxs nə qədər günah işlədiyini bir bilsə, namaz qılanın qabağından keçməkdənsə, qırx gün yerində durmağı daha xeyirli hesab edərdi.” (Müslim, Salət, 261; Tirmizi, Salət, 249)

Üzrsüz olaraq başqalarının gəlib-keçdiyi yeri və ya yolu önünə alıb, sütrəsiz namaz qılmaq doğru deyil. Çünki, həmin şəxs bununla başqa insanların məcburən önündən keçməsinə zəmin hazırlayır. Üstəlik haqqında sui-zənnə səbəb olur. Həm sünnəni yerinə yetirmək, həm də savab qazanmaq üçün həmişə sütrəyə doğru namaz qılmaq lazımdır.

İzdiham səbəbi ilə və alternativ keçəcək yer yoxdursa böyük məscidlərdə (cümə və bayram namazları qılınan) namaz qılan şəxsin səcdə etdiyi yerdən aralı keçmək  caizdir. (Kasani, Bədai, I, 217).

Qeyd etmək lazımdır ki, imamla qılınan namazlarda imamın sütrəsi camaat üçün də etibarlıdır. Namaza gecikib imamın salamından sonra ayağa qalxıb namaz qılan şəxs, əgər önündən insanlar keçəcəksə (bir ayağını yerdən qaldırmadan) sütrəyə (insanların önündən keçməyəcəyi yerə) yaxınlaşar, yox əgər belə bir problem yoxdursa yerindəcə namazını tamamlayar.

Nəticə olaraq onu deyə bilərik ki, sütrəyə doğru namaz qılan adamın önündən keçmək caiz deyil. Ancaq məcburiyyət qarşısında qaldıqda insanların keçdiyi yerdə sütrəsiz namaz qılanın önündən keçmək olar.



Açar sözləri

sütrə

Bənzər məqalələr

Sütrə

Namaz qılan şəxsin qabağından insanlar rahat keçsin deyə qoyuduğu maneəyə (kürsü, stul, çanta və s.) sütrə deyilir. Divar və ya sabit bir şey də (dirək, ağac, namaz qılan şəxs və s.) sütrə sayılır. Sütrəyə əməl etmək sünnədir.


Şərh yaz