23. 974 dəfə oxunub ,   0 şərh   Çap et

Cavab: Riba lüğətdə, artma, çoxalma, böyümə kimi mənalara gəlir. Dilimizdə riba mənasına gələn sələm və faiz eynimənalıdır. Fiqh termini olaraq faiz, pul və hər hansı malın öz cinsi ilə mübadiləsində verən tərəfin təyin olunmuş müddətdə qarşı tərəfdən verilən şey qarşılığında əlavə dəyərin tələb edilməsinə deyilir. İslamın zühur etdiyi dövrdə borc verilən pula “rə’sul-mal” (əsas pul), qoyulan vədə sonunda verilən əlavəyə isə “riba” (sələm, faiz) deyilirdi.

İslam bütün növləri və miqdarları ilə faizi qadağan etmiş və haram qılmışdır. Əslində Tövrat[1]və İncil[2]də faizi qadağan etmişdir

Xeybərin qəzvəsi (7/629) sonrası nazil olan aşağıdakı ayələr də qəti şəkildə faizə (sələmə) qadağa qoyur.

Sələm (müamilə, faiz) yeyənlər (qiyamət günü) qəbirlərindən ancaq Şeytan toxunmuş (cin vurmuş dəli) kimi qalxarlar. Bunların belə olmaları: “Alış-veriş də sələm kimi bir şeydir!” – dedikləri üzündəndir. Halbuki, Allah alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağan) etmişdir. İndi hər kəs Rəbbi tərəfindən gələn nəsihəti qəbul etməklə (bu işə) son qoyarsa, keçmişdə aldığı (sələmlər) onundur (ona bağışlanar). Onun işi Allaha aiddir. Amma (yenidən sələmçiliyə) qayıdanlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar!”[3]

Allah sələmi (sələmlə qazanılan malın bərəkətini) məhv edər, sədəqələri (sədəqəsi verilmiş malın bərəkətini) isə artırar. Allah kafiri, günahkarı sevməz!”[4],Ey möminlər! Əgər, doğrudan da, iman gətirmişsinizsə, Allahdan qorxub sələmdən qalan məbləğdən (faizdən) vaz keçin! (Onu borclulardan almayın!) Əgər belə etməsəniz, o zaman Allaha və Onun peyğəmbərinə qarşı müharibəyə girişdiyinizi bilin! Yox, əgər tövbə etsəniz, sərmayəniz (mayanız) sizindir. Beləliklə, nə siz zülm edərsiniz, nə də sizə zülm olunar![5]

Quranda qeyd edilən riba o gün istifadə edilən qızıl və gümüş pul borclarından əmələ gələn və adına “cahiliyyə ribası” deyilən bir növdür. Hz. Peyğəmbərin aşağıdakı hədisi ilə bütün eyni cinsdən olan malların mübadiləsi də faizin əhatə dairəsinə daxil edilmişdir.

“Qızıl qızılla, gümüş gümüşlə, buğda buğda ilə, arpa arpa ilə, xurma xurma ilə və duz duzla misli mislinə, bərabər və nağd olaraq dəyişdirilə bilər. Fərqli növlər (cinslər) bir-biri ilə mübadilə edilərsə, nağd olmaq şərtilə istədiyiniz kimi satın (dəyişdirin).”[6] Bu hədisin Tirmizidəki rəvayətində belə bir əlavə vardır: “Hər kim bu kimi mübadilələrdə çox verər və ya alarsa şübhəsiz riba (sələm, faiz) etmiş olar.”[7]

Eyni cinsdən olan mallar arasındakı mübadilə mövzusunda Bilal əl-Həbəşidən (r.a) bu hadisə rəvayət edilir: Hz. Bilalın Allahın Elçisinə ikram etmək üzrə 2 kq xurmanı, 1 kq keyfiyyətli xurma ilə dəyişdirdiyini öyrənən Hz. Peyğəmbər: “Vay vay! Məhz elə riba budur. Bunu belə etmə və xurma satın almaq istədikdə, öz xurmanı sat və onun puluna istədiyin xurmanı satın al!”[8]buyurmuşdur.

Məşhur təfsirçi-alim Almalılı Həmdi Yazır Bəqərə surəsi 275-cı ayəni təfsir edərkən faiz/sələm verənin nəinki axirətdə, bu dünyada da rahat yata bilməzlər deyir. Çünki verən pulun geri alıb-alabilməyəcəyindən, alan tərəf də ödəyib-ödəyə bilməyəcəyindən narahat olar.[9]

Faizin qadağan edilməsinin səbəb və hikməti haqda bir çox fikirlər söylənmişdir. Bunlardan bəzilərini belə sıralamaq olar:

1. Faizli kreditdən istifadə edənlər faizi də qiymətə əlavə etdikləri üçün bu artıq sonunda istehlakçıdan (sərmayəsi olmayan, işçi, sənətkar, az gəlirli və kasıbın cibindən) çıxır. Beləcə zəngin daha zəngin, kasıb isə daha kasıb olur.

2. Faizli kapitalist sistemlərdə zəngin-kasıb arasındakı rifah fərqi getdikcə böyüdüyü üçün, nəhayət sosial böhranlara, anarxiya və üsyanlara səbəb olar.

3. Faizsiz kredit insanları bir-birinə yaxınlaşdırarkən, faiz uzaqlaşdırır, düşmənlik yaradır.

4. Faizçilik cəmiyyət içində faiz yeyib yatan, işsiz-gücsüz ömür sürən, cəmiyyətə xidmətdən uzaq yaşayan bir sinfin yaranmasına səbəb olur.

5. Faizli kredit ilə çalışan şəxs gecə-gündüz işləyər ruzi dalınca gedər, faiz verən isə həm zəhmətsizdir, həm də narahat deyil. Bu hal insanların ədalət duğusunu zədələməkdə, əxlaqa və insanlararası münasibətlərə ziddir.

6. Faiz qadağasının əhatəsi: Necə ki, içkinin günahı yalnız içənin üzərində qalmırsa, faizin vəbalı da təkcə onu yeyənə aid deyil. Faizi ödəyən, müqaviləni yazan və şahidlik edənlər də günah qazanırlar. Hədisdə: “Allah-Təalanın faizi yeyəni, yedirəni, şahidlərini və yazanı lənətlədiyi” bildirilmişdir[10].

Ayrıca faiz borcunu ödəyə bilmədiyi üçün dağılan ailələr, iflas edən şirkətlər, müflis olan insanlara baxdıqda Allah Təalanın qadağan etdiyi faizin cəmiyyəti necə parçaladığı, təbəqələşmə yaratdığı  açıqca müşahidə edilir.

Bütün bunları nəzərə alaraq deyə bilərik ki,

  1. Qurani-Kərimin və Rəsulullahın (s.ə.s) açıqca qadağan etdiyi faiz ictimai-sosial zərərlərinə görə haram edilmişdir.
  2. Şəxslər, ailələr, şirkətlər ehtiyacı olan bir şeyi alarkən mütləq öz büdcələrini nəzərə almalı maddi güclərinin əl-verdiyi nisbətdə xərcləmə etməli, sahib olduqları ilə qane olmalıdırlar. Lüks, bahalı, əlavə xüsusiyyətləri olan ancaq gəlirləri ilə uzlaşmayan, necə olsa kreditlə alar, hissə-hissə ödəyərəm deyərək faizə girməməlidirlər. 

[1]Çıxış, 24/22.

[2]Luka, 6/24-25.

[3]Bəqərə, 2/275.

[4]Bəqərə, 2/276.

[5]Bəqərə, 2/278, 279.

[6]Müslim, Müsaqat, 81; Əbu Davud, Büyu, 18; Əhməd İbn Hənbəl, V, 314, 320.

[7]Tirmizi, Büyu, 23.

[8]Buxari, Vəkalət, 11.

[9] Həmdi Yazır, Hak Dini Quran Dili, 2 cilt, 268

[10]Buxari, Büyu, 24, 113; Əbu Davud, Büyu, 4.



Açar sözləri

faiz riba sələm

Bənzər məqalələr

Merac zamanı Peyğəmbərimizə (s.ə.s) bəzi günahların cəzası olaraq nələr göstərilmişdir?

Allah-Təala Meracda Rəsuluna (s.ə.s) bəzi günahlara Cəhənnəmdə verilən cəzaları göstərmişdir. Bu haqda Peyğəmbərimiz (s.ə.s) buyurur:

Ticarət və faiz arasındakı fərq nədən ibarətdir?

Sual: Bəqərə surəsi 275-ci ayədəki: “Allah alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağan) etmişdir” ifadəsini necə anlamalıyıq?

Uzaq gələcəklə əlaqəli verdiyi qeybi xəbərlər

Peyğəmbərimiz (s.a.s.) bizim dövrümüzə çox yaxın hadisələrdən də xəbər vermişdir. Bunlardan biri: “Ümmətlər, millətlər insanların bir-birini süfrəyə dəvət etməsi kimi bir-birini sizin üzərinizə dəvət edəcək və üstünüzə tökülüşəcəklər”. Biri soruşdu: “Bizim azlığımıza görəmi?” Allah Rəsulu: “Xeyr, əksinə, siz o gün çox olacaqsınız. Lakin selin ora-bura sürüyüb apardığı çör-çöp kimi Allah düşmənlərinizin ürəyindən sizdən qorxu hissini götürəcək və sizin qəlbinizə də “vəhən” salacaq”, – dedi.


Şərh yaz