10. 655 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Salət və salam nə deməkdir? Peyğəmbərimizin adı çəkiləndə niyə salət və salam oxunur?

 Cavab: “Salət” sözü istiğfar, məğfirət, dua, bərəkət, mədh, namaz kimi mənalar verir. Allah-Təalanın “salət”i rəhmət, mərhəmət, mələklərin saləti Allahdan bağışlanma diləmək, möminlərin saləti  isə  “xeyir, dua etmək”  deməkdir.

 “Salam” sözü isə “salamat olasan”, “salamatlıq sənin üçündür” deməkdir. Allahın bir ismi olan “Salam” “qullarını hər cür təhlükədən salamat çıxaran (Allah)” deməkdir. Həmçinin itaət etmək və əmin-amanlıqda olmaq mənasında var. Bu məqamla bağlı ayədə buyurulur: “Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! Siz də ona salavat göndərib (onun üçün salavat deyib) layiqincə salamlayın![1].

Bu ayə Allah Rəsuluna (s.ə.s) salavat gətirməyin fərz olduğunu göstərir. Ayədə salavat gətirilməsinin geniş zaman forması ilə verilməsi onun daim yenilənməsinə və təkrar edilməsinə işarədir. Ayədəki “salavat göndərirlər” cümləsi mütəmadilik bildirir.

Bir çox hədisdə Allah Rəsuluna salət və salam gətirməyin əhəmiyyəti vurğulanmışdır. Rəsulullah: “Yanında adım çəkildiyi halda mənə salavat gətirməyənin burnu (yerlə) sürtülsün[2], – buyurmuşdur. “Qiyamət günü mənə ən yaxın insan ən çox salavat gətirəndir[3], “Əsl xəsis yanında adım çəkildiyi halda mənə salavat gətirməyəndir[4].

İslam alimlərinə görə, Rəsulullahın (s.ə.s) adı çəkiləndə bir dəfə salət və salam etmək vacib, ismi təkrar-təkrar deyildikcə salavat gətirmək müstəhəbdir. Buna görə də namazda təhiyyətdən sonra, Onun adı yazılan yerlərdə, əzan oxunanda, cümə günlərində, məscidə girəndə, cənazə namazı qılarkən, məzarı ziyarət ediləndə salət və salam oxumaq müstəhəb qəbul edilmişdir.

Rəsulullaha (s.ə.s) gətirilən salavat Allah qatında Onun dəyərini artıran dua mahiyyəti daşıyır. Rəsulullahın ehtiyacı var deyə salət və salam gətirilmir. Bu ancaq Ona duyulan ehtiramı ifadə etmək və Allah-Təalanın mükafatına, şəfqət və mərhəmətinə nail olmaq üçündür.

Təşəhhüddə bütün varlığın Rəsuli-Əkrəmə salavat və salam­larını Uca Rəbbimizə ərməğan kimi göndərməklə Ona bağlılığımızı təzələmiş və eyni zamanda onun əmrlərinə itaətimizi göstərmiş oluruq. Hətta Ona gətirilən hər bir salavat duasına bir “amin”dir. Ümmətin hər bir fərdinin namazlarda Ona salət və salam gətirməsi Onun əbədi səadət haqda duasına çox qüvvətli və ümumi bir “amin”dir.

Ümmətin  Peyğəmbərinə salət və salam gətirməsi həm də bir  təşəkkür borcudur. Ümmətini sevən və onlara dünya-axirət səadətinin yolunu göstərən bir Peyğəmbərə (s.ə.s) bir cümləlik salət və salam çox görülməməlidir.

Nəticə olaraq, salət və salam gətirmək möminlərin vacib vəzifələrindən biridir. Çünki ayənin ifadəsinə görə, həm Uca Allah, həm də mələklər Ona salət və salam göndərir. İnananların bu gözəl əməldən geri qalması doğru deyildir. Bu, həm Rəsulullaha sayğı və sevginin əlaməti, həm də Allaha və mələklərə itaətdir, onların etdiyini etməkdir.


[1] Əhzab, 33/56.

[2] Tirmizi, Dəavat, 110 .

[3] Tirmizi, Salət, 327.

[4] Tirmizi, Dəavat 110.




Bənzər məqalələr

Gənclərin yalnızlıq problemi

Bu gün gənclərin ən böyük problemlərindən biri özlərini tək hiss etmələridir. Yeniyetməlik dövrünə keçid, böyüdükcə ailənin diqqətinin azalması, sevgi, şəfqət və  qiymətləndirmənin əksikliyi, ailədaxili problemlər, münasibətlərin korlanması, şiddətə və təhqirlərə məruz qalmaq, həmçinin şəxsiyyətin alçaldılması tənhalıq hislərinin yaranmasına səbəb olur.

Peyğəmbərimizin sünnəsini necə anlamalıyıq?

İslam alimləri Rəsulullahdan (s.a.s.) nəql olunan bütün sünnələrə əməl etmək haqqında fərqli fikirlər irəli sürmüşlər. İlk əsrlərdən bəri alimlər hansı sünnələrə tabe olmaq lazım gəldiyini təsnif etməyə çalışmışlar.

Rəsulullahın evliliyə təşviqi

Sağlam cəmiyyətin əsasını sağlam ailələr təşkil edir. İslam dini ailəyə böyük əhəmiyyət vermiş və evliliyə təşviq etmişdir.

Rəsulullahı (s.ə.s) yuxuda görmək

Rəsulullahı (sallahu aleyhi va salləm) yuxuda görmək möminin görəcəyi ən sadiq röyaların birincisidir. Çünki, Onun (sallahu aleyhi va salləm) müsafiri olduğu yuxular (bəzilərinin izaha ehtiyacı olsa da) doğrudur. Rəsulullah (sallahu aleyhi va salləm) bir hədisində bu haqda belə buyurmuşdur: “Yuxusunda məni görən həqiqətən məni görmüşdür. Çünki, şeytan mənim surətimə girə bilməz.”

Peyğəmbərimiz kimi isə öldürmüşdür?

Sual: “Peyğəmbərimiz (s.ə.s) qılıncında qan olmayıb” deyirlər. Bu fikir nə dərəcədə doğrudur? Peyğəmbərimiz (s.ə.s) iştirak etdiyi müharibələrdə kimi isə öldürmüşdürmü? Allah Rəsulunun (s.ə.s) qılıncında qan olmamışdır fikri doğrudur. Həqiqətən şəfqət abidəsi olan Hz. Muhamməd (s.ə.s) heç kimsəni öldürməmişdir. Sadəcə yaraladığı bir düşməni var. O da yaraladığı yerdə ölməmişdir. Daha sonra qan axmadan ölmüşdür. Hadisə aşağıdakı […]


Şərh yaz