4. 597 dəfə oxunub ,   0 şərh   Çap et

Bu sualın cavabını tam anlamaq üçün Quranın nazil olma və yazıya alınma prosesindən bir az xəbərdar olmalıyıq. Bildiyimiz kimi, Quran ayələri Həzrət Məhəmmədə (sallallahu əleyhi və səlləm) dörd böyük mələkdən biri olan Cəbrail əleyhissalam vasitəsilə vəhy şəklində nazil edilmişdir. Qurani-Kərim bir dəfəyə deyil, Allah Rəsuluna (sallallahu əleyhi səlləm) peyğəmbərlik verilməsindən Onun vəfatına qədər keçən iyirmi iki illik müddət ərzində nazil olmuşdur. Cəbrail əleyhissalam Allahdan aldığı bəyanları Peyğəmbərimizə Quran vəhyinə xas şəkildə çatdırırdı. Vəhy tamamlandıqda isə ayələr Peyğəmbərimizin hafizəsinə dəqiq və aydın şəkildə həkk olunurdu.

 Cəbrail əleyhissalam hər dəfə gətirdiyi ayələrin hansı surədə və hansı sıra ilə veriləcəyini də bildirirdi.

 Peyğəmbərimiz nazil olan ayələri birdəfəlik əzbərləməklə yanaşı, vəhy katiblərinə dəri, yastı daşlar, taxta lövhələr üzərində yazdırırdı. Yazdırdığı ayələri təzədən vəhy katiblərinə oxutdurub­ yox­layırdı. Surələr tamamlandıqdan sonra da ayrı-ayrı material­larda olan ayələri o dövr üçün ən təkmil yazı ləvazimatına səhi­fələr şəklində köçürtdürürdü. Həm də nazil olan ayələri əs­habına oxuyurdu. Səhabələrimiz oxunan ayələri diqqətlə din­lə­yir, yazmağı bacaranların bir qismi (bunları) yazıya alır, bir çoxu da əzbərləyirdi. Bundan savayı, Peyğəmbərimiz bu ayələri həm namaz qıldırarkən, həm də vəz və söhbətlərində tez-tez oxuyurdu. Beləcə səhabələr də əzbərlədiklərini yoxlayır və xətaları varsa, düzəldirdilər.

Həmçinin hər il ramazan ayında o vaxta qədər nazil olan su­rə və ayələri Peyğəmbərimiz Cəbrail əleyhissalama, Cəbrail əley­hissalam da Peyğəmbərimizə oxuyaraq müqabilə (üz-üzə oturub Quran oxumaq) edirdilər. Müsəlmanlar arasında bu günədək davam edən müqabilə ənənəsi buradan başlayır. Peyğəmbərimiz vəfatından əvvəl son ramazan ayında Cəbrail əleyhissalamla Qurani-Kərimi əvvəldən axıracan iki dəfə müqabilə etmişdir. Bu müqabilələrdə Qurana dərindən bələd olan bəzi səhabələr də iştirak etmişdilər. Qısaca desək, Quran Peyğəmbərimizin sağlığında tam dəqiqliklə yazıya alınmışdır.

Sevgili Peyğəmbərimiz vəfatından bir müddət əvvəl Qura­nı seçkin əshabına əmanət etmişdir. Bəşəriyyət üçün sonsuz­ nur­ mənbəyi olan Quranı qoruyub saxlamaq məsələsində Peyğəm­bərimiz kimi səhabələr də fövqəladə həssaslıq göstərmişdir. Həzrəti Əbu Bəkrin xəlifəliyi dövründə – Quran bütün təravəti ilə hafizələrdə olduğu bir vaxtda Həzrəti Ömərin təklifi ilə bir heyət qurulur. Bu heyətin vəzifəsi ayrı-ayrı səhifələrdə dağınıq halda olan Quran mətnlərini kitab şəklinə salmaq idi. Həzrəti Əbu Bəkir bu heyətə yaxşı hafiz olan səhabə Zeyd bin Sabiti başçı təyin edir.

Zeyd bin Sabit çox həssaslıqla bütün Quran mətnlərini bir yerə toplayır. Beləcə Qurani-Kərim ilk dəfə kitab halına salınmış olur. Buna Müshəf adı verilir. Həzrəti Osmanın zamanında Zeyd bin Sabitin də iştirak etdiyi yeni heyət qurulur və bu heyətin həssas əməyi sayəsində Müshəf əsas götürülərək dörd və ya altı nüsxə çoxaldılır. Bu nüsxələr imla ilə bağlı kiçik düzəlişlər istisna, əsas Müshəflə eyni idi. Çoxaldılan nüsxələrdən biri Mədinədə saxlanılır, digərləri isə o dövrün mühüm İslam mərkəzlərinə gön­dərilir.

Bu işlər həyata keçiriləndə Quranı başdan-ayağa, ya da bir qismini əzbər bilən bir çox hafiz səhabə hələ sağ idi. Yazılan yeni Müshəflər məscidlərdə də oxunmuş və səhabələr tərəfindən təsdiq edilmişdi. Bu gün əlimizdə olan Qurani-Kərim o nüsxələr əsasında çoxaldılmışdır. Həm də Qurani-Kərim Səadət əsrindən bu günədək ən güclü hafizlər tərəfindən də müqəddəs bir əmanət olaraq çatdırılmışdır. Quranın heç bir dəyişikliyə məruz qalmadan bu günədək gəlib çatmasına və qiyamətədək bu şəkildə hifz ediləcəyinə ən böyük dəlil elə Quranın özüdür. Çünki Rəbbimiz “Hicr” surəsinin doqquzuncu ayəsində buyurur: “Şübhəsiz ki, Qu­ranı Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq!”

Allah-Təala Quranı möcüzəvi şəkildə qoruduğu kimi,  o mü­qəd­dəs və uca kitabla bizi yanlışlardan, xətalaradan, nəfsin və şeytanın hiylə və tələlərindən də hifz edir.  Allah Rəsulu (sallallahu əleyhi və səlləm) bir hədisi-şərifində bu həqiqəti belə ifadə edir: “Sizə iki şeyi əmanət qoyuram. Bunlara riayət etdiyiniz müddətdə əsla yolunuzdan azmayacaqsınız: Allahın kitabı və Rəsulunun sünnəti”. (Muvatta, Kader 3, (2,899)

Rəbbimiz bizi Quran və sünnət yolundan ayırmasın.



Açar sözləri

quran Quran təhrif olunub

Bənzər məqalələr

Müqabilə nədir?

Müqabilə, qarşılıqlı oxumaq, oxunan mətni izləmək mənasındadır. Termin olaraq isə, Ramazan ayında bir nəfərin səsli oxuması, digərlərinin də oxuyanı izləməsinə “müqabilə” deyilir.

Quran və Sünnənin həyatımızda yeri

Quran öz rəhbərliyini 23 ildə kamil mənada ortaya qoydu və cahalət toplumundan, səhrada yolunun itirənlərin öz yolunu tapdığı, ulduzlara bənzəyən bir səhəbə toplumu ortaya çıxardı. Rəhməti sonsuz Rəbbimizin insanlığa olan mərhəməti bir tək Quranla qurtarmamışdı. Onu həm bəyan edib, açıqlayan, həm də həyatı ilə təfsir edib təbliğ edən, aləmlərə rəhmət olaraq göndərdiyi bir Rəhbər daha seçmişdir. O rəhbər, Həzrət Muhəmməd (s.ə.s) idi.

Dua və Quran oxumaqla müalicə

Sual: Xəstəni dua və Quran oxumaqla müalicə etmək olarmı?
Cavab: Dua ilə müalicə olunmaq caizdir. Allah-Təala “Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik”, – buyuraraq Quranın şəfa olduğunu bəyan edir…

Quran oxumağın əhəmiyyəti

Quran kainat kitabının tərcümanıdır. Allahın həm kainatla, həm də qayda-qanunlarla bağlı ayələrinin aynasıdır.

Quran oxumağın fəziləti

Quran oxumağın fəziləti haqqında hədislər


Şərh yaz