2. 870 dəfə oxunub ,   0 şərh   Çap et

Qurandakı qədər məfhumu təkcə insanla deyil, mikro aləmdəki zərrələrdən tutmuş makro aləmlərə qədər bütün kainatla bağlıdır. Yəni səbəb və nəticə çərçivəsində varlıq səhnəsinə çıxan hər bir məxluq ilahi bir proqram (qədər) içərisində meydana gətirilir. Bunu ayələrdə açıq-aşkar görürük[1].

Quran qədərin bəzən Allahı, bəzən də insanların iradəsi ilə bağlı tərəflərinə toxunur. Məsələyə bir bütöv kimi baxmasaq, iki fərqli prizmadan diqqətə çatdırılan ayələr zahirən bir-birinə zidd görünər. Lakin bu, belə deyil. İndi bu ayələri sadalayaq.

İnsanın hərəkət və davranışlarında azad olduğunu göstərən ayələr

“Biz ona haqq yolu göstərdik. İstər (nemətlərimizə) minnətdar olsun, istər nankor (bu onun öz işidir)”[2].

“Və de: “(Sizə gələn) Haqq Rəbbinizdəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın”[3].

“Yaxşı iş görənin xeyri özünə, pislik edənin də zərəri özünə olar. Sənin Rəbbin (haqsız yerə) bəndələrə zülm edən deyildir!”[4]

“Hər kəs öz əməlinin girovudur! (Hərə öz əməlinin əvəzini alacaqdır!)”[5].

“De: “Ey insanlar! Artıq Rəbbinizdən sizə haqq (Quran və Peyğəmbər) gəlmişdir. Doğru yolu tutan özünə savab, doğru yoldan azan isə özünə günah qazanar!”[6]

Bu ayələr göstərir ki, insan hərəkət və davranışlarında azaddır. Bu səbəbdən də hərəkət və davranışlarına görə məsuliyyət daşıyır.

İlahi iradənin əsas olduğunu bildirən ayələr

“Allah istəməsə, siz (bunu) istəyə bilməzsiniz…”[7]

“Allah diləsəydi, onu edə bilməzdilər”[8] .

“…Allah istəmədikcə, onlar iman gətirməzdilər”.[9]

Göründüyü kimi, birinci qrup ayələrdə insanın azad bir varlıq olduğu, ikincisində isə, İlahi iradənin əsas və həlledici olduğu bildirilir. Bu ayələri belə izah edə bilərik:

İlahi iradə əsas olmaqla insan istədiyini etməyi bacaran varlıqdır. Yəni Allah-Təala külli iradəsinin həyata keçməsi üçün bizim iradəmizi şərt qoymuşdur. İnsanın istədiyi maddi və mənəvi hər hansı bir şeyin varlıq meydanına çıxması İlahi iradənin istəyinə bağlıdır.

İlahi adətə (adətullah) görə, insan istəyində azaddır, lakin onun dilədiyi şeyin gerçəkləşməsi yenə İlahi iradə və qüdrətdən asılıdır. Bəndənin dilədiyini Allah da diləmədikcə bu istək bir şey ifadə etmir. Başqa sözlə, bəndənin istəyi İlahi iradənin izni olmadan reallaşa bilməz. Hər şey onun izni və iradəsi daxilində olur. Onun iradəsinin əksinə heç bir şey baş vermir. Bir hədisi-şərifdə buyurulur: “Allah nə diləsə, o da olar. Onun diləmədiyi isə əsla olmaz”[10].


[1] Bax.: “Qamər” surəsi, 54/49; “Rad” surəsi, 13/8; “Yunus” surəsi, 10/44; “Nəml” surəsi, 27/75.

[2] “İnsan” surəsi, 76/3.

[3] “Kəhf” surəsi, 18/29.

[4] “Fussilət” surəsi, 41/46.

[5] “Muddəssir” surəsi, 74/38.

[6] “Yunus” surəsi, 10/108.

[7] “İnsan” surəsi, 76/30.

[8] “Ənam” surəsi, 6/137.

[9] “Ənam” surəsi, 6/111.

[10] Əbu Davud, “Ədəb”, 106.

 



Açar sözləri

iradə qədər qəza

Bənzər məqalələr

Şəvval yoxsa, qəza orucu?!

Kim Ramazan ayını oruclu keçirər və arxasınca şəvval ayından altı gün oruc tutarsa bütün ili oruc tutmuş kimi olar.

İradənin önündəki maneələr

İnsan iradəsinin önündəki maneələr nələrdir?

Orucun kəffarəsi

Kim Ramazan ayında üzrsüz səbəbdən və xəstə olmadığı təqdirdə tutduğu orucu pozarsa, ömür boyu oruc tutsa da həmin orucun yerinə keçməz.

Allahın varlığının dəlilləri 1

Məqalə Allahın varlığının kainat, iradə, hüdus, intizam, elm, sənət, hikmət, məqsəd, şəfqət, mərhəmət və ruzi, yardımlaşma, təmizlik, simalar, ilahi sövq, çoxçeşidlilik (tənəvvüat) dəlilləri haqdadır.

İzdivac/evlilik namaz və duası

Evlənmək istədiyimiz qadının haqqımızda xeyirli olub-olmamasını öyrənmək üçün iki rükət namaz qılınır və belə dua edilir.


Şərh yaz