Qulaqla boğaz arasında bir kanal mövcuddur. Qulaq pərdəsi bu kanalın önünü kəsdiyinə görə qulağa daxil olan su və ya damızdırılan dərman boğaza gedib-çatmır. Buna görə də, qulağa damızdırılan dərman və qulağın yuyulması nəticəsində oruc pozulmur.
Qulaq pərdəsi zədələnmiş olsa da qulağa damızdırılan dərman qulaq tərəfindən sovrulacağı üçün həmin dərmanın çox az hissəsi mədəyə çata bilər. Oruclunun əlində olmayan səbəb olduğuna görə, bu, üzr kimi qəbul edilmişdir. Qulaq pərdəsi zədələnmiş olduğu halda qulağın yuyulması zamanı isə, suyun mədəyə getmə ehtimalı var. Oruclu ikən buna diqqət eləmək lazımdır.
Fitrə, ramazan ayının sonunda nisab miqdarı mala malik müsəlmanların verməklə mükəlləf olduqları vacib sədəqədir.
Etikaf kişilərin əzan və iqamə oxunan, yəni camaatla beş vaxt namaz qılınan məsciddə, qadınların isə evin namaz otağında və ya otağın bir küncündə etikaf niyyəti ilə bir müddət gözləməsi, oturmasıdır.
Mədəyə su, qan və s. getməmək şərtilə dişə qoyulan plomb orucu pozmur. Maye getdiyi təqdirdə oruc pozulur və qəza edilməlidir.
Siqaret və qəlyan çəkmək orucu pozur. Həmin oruca qəza və kəffarə gərəkir. Başqasının çəkdiyi siqaret tüstüsünü bilərək ciyərlərinə çəkən şəxsin də orucu pozulur.
İslam oruc tuta bilməyəcək dərəcədə yaşlı olanları tuta bilmədikləri hər gün üçün bir kasıbı doyurmaq şərti ilə bu ibadətdən azad etmişdir.