Aylıq namaz vaxtları
893 dəfə oxunub ,   0 şərh   Çap et

Gəlişindən əvvəl hazırlanan şərait

Yaşadığı dövr cəhalətin ən geniş yayıldığı dövr idi. Gözün gördüyü hər yerdə ruh dünyasını sıxan bir çox mənfiliklər vardı. Ancaq bu, ətrafında xeyir və uğur naminə heç bir hərəkətin olmaması demək də deyildi. Digər tərəfdə nadir də olsa, yaxşılıq və fəzilətdən söz açan, küfrə və cəhalətə qarşı üsyan bayrağını qaldıranlar da vardı və bunlar Onun gəlişinə zəmin hazırlanması baxımından böyük bir missiyanı həyata keçirirdilər. Xüsusilə, Varaqa ibn Nəvfəl, Zeyd ibn Amr və Quss ibn Saidənin gözləri elə hey səmalara dikilir və üfüqlərdə bəşəriyyəti yenidən qurtuluşa dəvət edəcək Son Nəbini axtarır, ətraflarına toplaşan insanlarla gələcək Müqəddəs Qonağın gecikməsinə kədərlənir və bu hislərini onlarla bölüşürdülər. Onların bir neçəsi bir yerə toplaşınca əsas mövzu məhz bu olurdu. Şeir dili ilə Onu səsləndirir, rastlaşdıqları  hər topluluğa Onun vüslət şərqiləri ilə xitab edirdilər.

 Kəbədəki əks-səda və Varaqanın şərhi

Bir gün Məkkə Zeyd ibn Amrla[1] Ümeyyə ibnus-Saltın[2] söhbətinə şahid olmuşdu. Sözünü yenə Son Xilaskarın üstünə  gətirən Zeyd Ümeyyəyə bunları deyirdi:

− Allahın hökmündən və Həniflikdən başqa qiyamət günü bütün dinlər boş və faydasız olacaqdır.

Ardınca da bunları əlavə edəcək və soruşacaqdı:

− Diqqətli ol! Bu gözlənilən peyğəmbər bizdənmi, sizdənmi, yoxsa Fələstin əhlindənmi?[3]

Başqa bir dünyadan bəhs edirdilər və danışılanlar adi məsələlər deyildi. Danışanlar da Məkkənin ən müdrik adamları idi. Onların bu söhbətinə şahid olan bir başqa məkkəli Abdullah ibn Osman (Hz. Əbu Bəkir) işin əsl mahiyyətini öyrənmək üçün birbaşa Varaqa ibn Nəvfəlin yanına gedəcək və ondan bu sözlərin mənasını soruşacaqdı. Çünki onun da gözləri səmadan ayrılmır, ürəyi gözlədiyinin gələcəyi ümidi ilə çırpınırdı. Abdullah ibn Osman Varaqanın yanında oturur, Kəbənin həyətində eşitdiklərini  ona bir-bir danışır:

− Bəli, ey qardaşımın oğlu, − deyə sözə başlayır Varaqa.

Xitabındakı mülayimlik səs tonuna da sirayət etmiş, söz qədrini bilən insana dəyərli xəbərlər verməyin həssaslığına bürünmüşdü. Sözlərinə belə davam edir:

− Əhli-kitab və bütün alimlər bu gözlənilən Peyğəmbərin əsl-kökcə ərəblərin arasından çıxacağı məsələsində həmrəydirlər. Mən şəcərə elmini də yaxşı bilirəm. Sənin qövmün əsl-nəsəb etibarilə ərəblərin ortasındadır.

sBu sözləri ilə Varaqa ibn Nəvfəl Əbu Bəkrin diqqətini çəkir, ona ünvan göstərir və qəbiləsinə bu nəzərlə baxmağa istiqamətləndirirdi. Bundan sonra Əbu Bəkir:

−  Ey əmi! Bu Peyğəmbər nə ilə gələcək, nə söyləyəcək? − deyə soruşanda Varaqa:

− Ona deyilənləri söyləyəcək. Ancaq O gəlincə nə bir zülm, nə də zülm üçün əlverişli mühit qalacaq,[4]  − deyir.

Əbu Bəkir bir dəfə də Zeyd ibn Amrın belə səsləndiyini eşidəcəkdi:

− Ey Qureyş camaatı! Nəfsim qüdrəti əlində olana and olsun ki, aranızda məndən başqa İbrahimin ardınca gedən yoxdur. Şübhə yoxdur ki, mən İbrahimin və ondan sonra da İsmailin izi ilə gedirəm. Mən indi İsmailoğullarından gələcək bir Peyğəmbəri gözləyirəm, güman edirəm, Ona da yetişəcəyəm.

Onun bu sözlərini eşidən başqa bir qoca − Amir ibn Rəbia belə səslənir:

− Əgər Onu görsən, məndən də salam söyləməyi unutma![5]

Əgər bu dünyagörmüş qocaların dedikləri doğru idisə, deməli, dünya bir çox yeniliklər ərəfəsində idi. O qədər inamlı danışırdılar ki, inanmamaq mümkün deyildi. Eyni zamanda hər ikisi eyni məsələni vurğulayır və ən incə təfərrüatına qədər gələcək o Son Peyğəmbərdən bəhs edirdilər.

Artıq Əbu Bəkir hadisələrə fərqli  gözlə baxırdı. Tez-tez Kəbəyə gedir və insanların acınacaqlı hallarına qərib-qərib tamaşa edirdi. Müdrik qocalardan eşitdikləri ölümün əkiz qardaşı olan yuxularını əsir alır, artıq yuxularında da addım-addım gələcək Peyğəmbərin ardınca gedirdi. Necə getməsin ki, rast gəldiyi, üz tutduğu hər müdrik eyni nəğməni pıçıldayır, qarşısına çıxan hər ürək dostu da eyni nəqəratı təkrarlayırdı..

Bir tərəfdə bəşəriyyət mənəvi cəhətdən tənəzzül yaşayır, digər tərəfdə qurtuluş reseptləri yazan müdriklərlə insanlar gələcək Peyğəmbərin adından Onun vəsflərinə, insanlar arasında yad edilməsindən ətrafındakı insanların xüsusiyyətlərinə qədər neçə-neçə həqiqətdən bəhs edirdilər.

Şamdakı yuxu və rahibin xatırlatdıqları

Əbu Bəkir bir gün ticarət məqsədilə Şama getmişdi. Burada bir yuxu görür: gecə Ay bölünmüş və Məkkəyə enərək buradakı bütün evlərə girmişdi. Eyni Ay yenidən bədrləndikdən sonra bir bütün  halında  onun  evinə  gəlib orada qərar tutmuşdu.

Qışqıraraq yuxudan oyanır. Həzz verən bir yuxu idi və özünü saxlaya bilməyib inandığı bir əməlisaleh rahibin yanına gedir, yuxusunu  danışır.

Rahibin üzündə “güllər açılırdı”. Cümlələrini bitirən kimi:

− Şübhəsiz ki, artıq Onun günləri gəlib çatdı, − deyir.

Çaşıb qalmışdı. Yuxusunu  yozmaq üçün müraciət etdiyi adamın nədən danışdığını başa düşməmişdi. Buna görə də:

− Sən nə deyirsən? − deyə etiraz edir. Baxışlarındakı istilik hər şeyi ifadə edirdi. Buna görə Əbu Bəkir başa düşdüyünün həqiqət olub-olmadığını təsdiq etməsi üçün:

− Gözlədiyimiz Peyğəmbərmi? − deyə soruşur. Rahib əvvəlcə başını tərpədir və sonra da gözlənilən cavabı verir:

− Bəli. Sən də Onunla birlikdə iman gətirəcək və Ona ümməti arasından ən çox köməyi də sən edəcəksən![6]

Ticarət işlərini qurtarıb Şamla vidalaşarkən zehnində yenə O vardı. Bəzən də əllərini bayraq kimi qaldırıb şeir oxumağa başlayırdı. Bir dəfə də ətrafındakı adamlardan:

− Kim Ümeyyə ibn Əbis-Saltın şeirini oxuya bilər? − deyə soruşur. Bir nəfər irəli çıxıb:

− Ümeyyənin o qədər şeiri var ki, hansını oxumağımızı istəyirsən, ey “Nəssəbətəl-ərəb”?[7] − deyə suala sualla cavab verir.

− Diqqətli olun! Bizim Peyğəmbərimiz var, − deyə cavab verir. Bundan sonra karvan əhlindən biri bunları tərənnüm etməyə başlayır:

− Diqqətli olun! Bizim bizdən olan bir Peyğəmbərimiz var ki, O, bizə təməl qaynağımızdan sabahımızla bağlı xəbərlər gətirəcək!

Biz bilirik ki, əgər elm faydalı dəyər olmasaydı, hamımız qılıncdan keçirilərdik…

Ey Rəbbim! Nə olar, məni şirkə düşməkdən əbədi qoru və qəlbimi dünya var olduğu müddətcə imanla doldur.

Çünki mən bütün pisliklərdən hacıların Ona görə həcc etdiyi və dini dəyərləri Onun üçün bayraqlaşdırdığı Zata sığınıram![8]

Karvanın dönüş yolu rahib Bahiranın vətəni Busradan keçirdi. Bura qədər gəlmişkən məşhur rahibə baş çəkməmək olmazdı. Həmçinin gördüyü yuxunu bir də ona danışmaq istəyirdi və birbaşa rahibin tənha yaşadığı monastıra gedir.

Şamda gördüyü yuxunu ona da danışır. Rahibin gözləri heyrətdən böyüyür  və dərhal soruşur:

− Sən haralısan?

− Məkkəliyəm, − deyə sakitcə cavab verir Əbu Bəkir. Görünür, rahib daha dolğun cavab gözləyirdi və:

− Harasındansan, kimlərdənsən?, − deyə  onu sıxışdırır.

− Qureyşdən, − deyir Əbu Bəkir  çaşqın baxışlarla.

Bəlli ki, bu  cavab da rahibi qane etməmişdi. Yenidən soruşur:

− Sən nə işlə məşğulsan?

− Ticarətlə, − deyə cavab verir yenə eyni təmkinlə. Bundan sonra rahib Əbu Bəkirin də maraq dolu baxışları altında bu sözləri söyləyir:

− Şübhə yoxdur ki, Allah sənin yuxunu çin edəcəkdir. Çünki çox keçməmiş sənin qövmünün arasından bir Peyğəmbər gələcək. Sən də O yaşadığı müddətdə Onun vəziri, vəfatından sonra da xəlifəsi olacaqsan!

Əbu Bəkir heyrətindən nə deyəcəyini unutmuşdu. Bu qədər aydın göstərilən bir ünvan qarşısında Əbu Bəkir utandığından nə deyəcəyini bilmirdi. Dərin düşüncələrə  dalmışdı: görəsən, bu, kim idi? Əslində düşünməyə  ehtiyac da yox idi. Yaxın dostu Məhəmmədül-Əmin gözləri önündə canlanmışdı. Bəli, ancaq O ola bilərdi… Amma hələlik Ondan bunu təsdiqləyən bir cümlə belə eşitməmişdi. Bəli, O, bütlərə qarşı çıxır, insanlara əl uzadıb yoxsulları himayə edirdi, amma “Sizin gözlədiyiniz Peyğəmbər mənəm” mənasında bir kəlməsinə heç kəs  şahid olmamışdı. Ən yaxşısı, bir müddət də izləmək lazım idi.[9]

Gün keçdikcə Ona daha da yaxınlaşır və isti ünsiyyət qururdu. Özünü o qədər hiss etdirirdi ki, zülmət bir gecədə çıxan bədirlənmiş Ay kimi üzünə baxmaqdan doymaq olmurdu. Bunu məkkəlilər də dərk edirdilər.



[1]. Zeyd ibn Amr Peyğəmbərimizin gəlişindən əvvəl Onun gələcəyini müjdələyənlərdən biridir. Gəlişinin gecikdiyini görüb başqa yerdə ortaya çıxa biləcəyi ümidi ilə yollara düşmüş və bu səfərlərinin birində yolkəsən quldurlar tərəfindən öldürülmüşdür. Bax: İbn Hişam, Sire, 2/58-60

[2]. Ümeyyə çox yaxın vaxtlarda bir peyğəmbərin gələcəyinə hədsiz inanır və bunun da özü olacağını güman edirdi. Daha sonra məsələ aydınlaşıb peyğəmbərlik də ona verilməyincə qəbiləpərəstlik təəssübkeşliyinin qurbanı olmuş və gözlədiyi Şəxsə iman gətirməmişdir. Bir gün sözü Ümeyyəyə gətirən Allah Rəsulu (sallallahu əleyhi və səlləm): “Şeiri iman gətirdi, amma ürəyi kafir getdi”, – buyurmuşdur. Bax: İbn Hacer, İsabe, 1/251

[3]. Suyuti, Hasaisu’l-Kubra, 1/42

[4]. Suyuti, Hasaisu’l-Kubra, 1/42

[5]. İbn Sa’d, Tabakat, 1/16; İbn Kesir, el-Bidaye ve’n-Nihaye, 6/64

[6]. Muhibbuttaberi, er-Rıyadü’n-Nadıra, 1/413 (333)

[7]. Ərəblərin nəsil-nəcabətini ən yaxşı bilən, şəcərə elminə bələd olan adam deməkdir.

[8]. Ali Məhəmməd, el-İnşirahu ve Ref’u’d-dikı bi sireti Ebi Bekr es-Sıddik, s. 34

[9]. Muhibbuttaberi, er-Rıyadü’n-Nadıra, 1/413 (333)

 




Şərh yaz